Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, avqust ayının 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İİR istiqamətinə qaçıb. Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 (bir) ədəd bağlamada təxmini çəkisi 4 kq 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Azərbaycanla Özbəkistan arasında hərbi saziş təsdiqləndi
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
DSX Rusiya və İranla sərhədi pozmaq istəyən şəxsləri saxladı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib. Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İrana keçməyə cəhd etməsi müəyyənləşdirilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Türkiyədə meymunçiçəyi virusuna yoluxma sayı artaraq 11-ə yüksəlib. Bu barədə qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. "Bu, Türkiyə üçün qorxulu xəstəlik deyil. Nə pandemiya, nə də epidemik vəziyyət olacaq. Koronavirusa yoluxma sayı da son günlər azalmağa başlayıb", - deyə nazir əhalini təşvişə düşməməyə çağırıb.
11 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub. Butov.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Bakı metropoliteninin Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı daha 20 vaqondan ibarət 4 qatar bu il Bakıya gətiriləcək. Bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov deyib. Qurum rəsmisi bildirib ki, artıq adıçəkilən şirkət müqaviləyə uyğun olaraq qatarların istehsalına başlayıb. "Bu ilin sentyabr ayında Bakı metropoliteninin nümayəndə heyəti istehsal olunan qatarlara baxış keçirmək üçün Ruaiyaya yola düşəcək. Qatarlara baxış keçiriləndə sonra həmin vaqonlar razılaşmaya uyğun olaraq Bakıya gətiriləcək. İlin sonuna qədər 20 vaqonun hamısı Bakıya gətiriləcək", - F.Əhmədov qeyd edib.
Azərbaycanda avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 32-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 30-35 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-38° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir. Bu sözləri avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçının işğalı böyük faciə idi. Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tutub. Minsk qrupu çərçivəsində də Laçın məsələsi həmişə ayrı bir maddə kimi müzakirə olunub. Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.
Azərbaycan-Gürcüstan sərhədini pozan şəxs PUA ilə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib. Qeyd olunub ki, DSX tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Avqust ayının 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Respublikasından Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılmış və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb. Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilib və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27.03.1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf edib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!