İlham Əliyev Salyanda “ASAN Xidmət”in açılışında iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN Xidmət” Mərkəzinin açılışını edib. Sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibə verib.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
Türkiyədən gələn tələbələrimiz üçün quru sərhədləri açıldı
Azərbaycanın Türkiyədəki Səfirliyi bu ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib. Səfirlikdən daxil olan müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.
İsrailin XİN rəhbərindən Azərbaycan dəyərləndirməsi
Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi aramızdakı əlaqələrin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen bildirib. “Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, - XİN rəhbəri qeyd edib. O, bugünkü səfərdə İsrailin vacib şirkətlərindən ibarət iqtisadi nümayəndə heyətinin olduğunu vurğulayıb. Bundan əlavə, Eli Koen İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılmasının zəruriliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
Aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb. O, rəsmi Dəməşqin Ankara ilə yaxşı münasibətlərə malik olmaq istədiyini bəyan edib. "Türkiyə bizim qonşumuzdur. Bu ölkə ilə yaxşı münasibətlərin tərəfdarıyıq. Xalqlarımız arasında qarşılıqlı maraqların və əlaqələrimizin çətinə düşməsini istəmərik", - deyə o qeyd edib.
G7 ölkələri müharibə bitənə qədər Rusiyanı bloklayacaq
G7 ölkələri Ukraynada müharibə bitənə qədər Rusiyanın aktivlərini bloklayacaq. Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin ümumi bəyanatında qeyd olunub. Belə ki, nazirlər Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər və müharibədə Rusiyaya dəstəyin baha başa gələcəyini vurğulayıblar. G7 həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları daha da gücləndirməyə hazır olduğunu bildirib. "Ukraynanın bərpası üçün Rusiya aktivlərinin bloklanması və ötürülməsi - bu, Rusiya terroru ilə mübarizənin reseptidir. Bu ölkədə hər kəs cinayətin qiymətini hiss etməlidir. Sadəcə bir nümunədir", - Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bəyanatı şərh edib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQ-42 əl qumbarası və partladıcısı, 1 ədəd PQ-7 70mm-lik qumbaratan mərmisinin partladıcısı, 10 ədəd 12mm-lik tüfəng mərmisi, 15 ədəd 9x18mm-lik, 12 ədəd 9x19mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45mm-lik avtomat mərmisi olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkar edilmiş 1 ədəd 85mm-lik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.
Əsir düşən hərbiçilərimizlə bağlı Britaniya XİN-ə məktub yazıldı
Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib. Məktubda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib. Bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: “Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik”.