Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
29-04-2023, 19:33
O Dünyanın yolu


O Dünyanın yolu

Pakizə nənənin gözü məktəbin yolunda qalmışdı. Nəvəsi Əlinin dərs vaxtının qurtarmasına baxmayaraq hələ də evə gəlməmişdi. Onun səbri çatmayıb məktəbə yollandı. Əli orada da yox idi. Qonşulardan soraqlaşsa da onu gördüm deyən olmadı. Pakizə nənənin halı get-gedə pisləşirdi, urəyi tutdu, təcili yardım çağırmalı oldular. Bu əsnada, bir yaşlı kişi Əli ilə birlikdə həyətə daxil oldu. Maraqlandılar. Həmin adam bildirdi ki:
– Bu uşaq adamlara yaxınlaşıb, o dünyanın yolunu soruşurdu, heç kim onun sualına cavab verməmişdi. Ondan soruşdum:
– A bala, o dünyanın yolunu neyləyirsən?
– O cavab verdi:
– Baba, məkəbdə danışırdılar ki, mənim atam şəhiddir, o dünyadadır. Mən də istədim ki, o dünyaya gedib Atamı görüm. Sakitlik çökdü. Hamı susmuşdu. Heç kim danışmırdı. Əli də dinməz dayanmışdı. Özlərini vaxtında yetirən təcili yardımin həkimləri Pakizə nənəni ayıltmağa çalışırdılar. Onların səyi nəticəsində özünə gələn Pakizə nənə gözlərini açdı. Tibb bacısı dilləndi:
– O dündyadan qayıtdı.
Bunu eşidən Əli cəld nənəsinin yanına qaçıb onu qucaqlayaraq soruşdu: “Nənə,ay nənə, o dünyada atamı gördünmü? “

29-04-2023, 19:07
BİR  ÖMRƏ  SIĞMAYAN  ÖMÜR


FƏRİDƏ LƏMAN - 70

BİR ÖMRƏ SIĞMAYAN ÖMÜR
Bəzən təəccüb edirsən, hətta heyrətlənirsən ki, çoxdan və yaxşı tanıdığın insan ona verilən bir ömür payında bu qədər yaradıcılıq potensialını, xeyirxahlığı, insana qayğını, el, oba, torpaq, Vətən sevgisini bir ömrə necə sığışdıra bilir. Bəlkə yaradan ona iki ömür payı bəxş edibmiş? Belələri heç yorulmurmu? Doğmam bildiyim, həyatına, yaradıcılığına, mənəvi dünyasına bələd olduğum insanı doğrudanmı yaxşı tanımamışam?
Düşüncələrimin bir səbəbkarı var – şair, jurnalist, publisist, Vətənin qaynar ictimai mühitində öz yeri, mövqeyi ilə seçilən və sevilən Fəridə Ləman. 50 ildən çoxdur ki, sinəsində yanar ürək, əlində qələmlə Vətənin söz əsgəridir, elə söz generalı da desək, səhv eləmərik. Qəlbindəki Vətənə, elə, torpağa sevgi azalmır, əksinə, hər gün çoxalır, mərhəmət hissləri daha da artır, Vətənin ab-havası ilə nəfəs alır, Vətənə atılan daşlar onun ürəyinə dəyir. Möhsün Yazıçıoğlunun fikridir: “Qan tökməyi sevən millət deyilik, ancaq söhbət Vətəndən gedirsə, dünyanın şah damarını kəsərik.” Fəridə xanım bu millətin qızıdır, o da belə əqidə sahibidir.
Fəridə Ləman 70 illik ömür müddətinə nələri sığışdırıb, daha nələri sığışdırmaq niyyətindədir. 1996-cı ildə “Müasir Azərbaycan bədii əsərlərinin dilində epitetlər” mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisidir. AYB və AJB-nin üzvüdür. 60-a yaxın kitabın müəllifidir. 1997-ci ildə “Sevil” Qadınlar Məclisi Poeziya Klubunun, 1998-ci ildə “Xatun” ədəbi məclisinin rəhbəri olmuşdur. 2001-ci ildə “Məhsəti” Şairlər Məclisini yaradıb, 2003-cü ildə “Məhsəti” jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur. Müxtəlif vaxtlarda “Gənclik”, “Azərbaycan qadını”, “Xatun” jurnallarında, “Azad Azərbaycan”, “Azərbaycan”, “Respublika”, “Dəli Kür” qəzetlərində korrektorluqdan baş redaktor vəzifələrinə qədər uzun yol keçib.
1998-ci ildən 2013-cü ilə qədər keçirilən Müstəqil Azərbaycanın Qadınlar qurultaylarında, 1999-cu ildə Türk Dünyası Qadınlarının qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub. 2007-2017-ci illərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü və Qadınlar Şurasına sədr seçilib.
“Araz”, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Cəfər Cabbarlı” mükafatlarına, “General Həzi Aslanov”, “Xan qızı Natəvan”, “Əliağa Şıxlinski”, “Səməd Vurğun”, “Qopuz”, “Milli Heysiyyat” diplomlarına, “General Əliağa Şıxlinski” yubiley medalına, “Vətən naminə” medalına layiq görülüb.
Fəridə xanım Azərbaycanın diaspor himninin və “Türk marşı”nın və İctimai Televiziyanın himninin sözlərinin müəllifidir. Fəridə Ləmanın “Tale adlı yazı varmış” şeirlər kitabı Türkiyədə doğulan, müxtəlif universitetlərin professoru, Oğuz-Türk əsilli Ali Kafkasyalı tərəfindən Ərzurumda, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizim bir dünya” kitabı Türkiyədə professor Tamella Abbasxanlının maddi köməyi ilə, “Oxu, bülbül” kitabı Özbəkistanda Dilbar banu Heydərovanın dəstəyi iə nəşr edilib.
Heydər Əliyevə həsr olunan “Onu zaman seçib” poeması bir çox ali məktəblərdə və YAP-ın təşkilatlarında oxuculara təqdim edilib. Poema ingilis dilinə çevrilərək Kanadanın Toronto şəhərində büstün açılışına göndərilib.
Onun Qazax-Ağstafa şəhidlərinin döyüş yolundan yazdığı ”Qazax mahalının şəhidləri” kitabı nəhəng Vətən epopeyasıdır, ölkəmizin indiki və gələcək nəsillərinin vətənpərvərlik tərbiyəsi üçün qiymətli mənbədir. Fəridə Ləman haqqında “Çalı quşu” və “Bizim Fəridə” kitabları yazılıb, bir çox kitablarda yazıları verilib. 2010-cu ildə Türkiyədə, Osman Qazi Universitetində keçirilən 2-ci Ulusal simpoziumda və IV Uluslararasi Kıprız simpoziumunda iştirak edib.
2012-ci ildə Azərbaycanin Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətinə həsr olumuş “Mübariz Vətən” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub, teatrın özündə və müxtəlif bölgələrdə göstərilib. Azərbaycanın Mllli Qəhrəmanı Çingiz Mustafayev haqqında yazılan “Varis” kitabı da Fəridə xanımın ürəyinin və qələminin məhsuludur. O, yaradıcılıq xidmətlərinə görə, 2013-cü ildə, Azərbaycan Respublikası Prezidentinin mükafatını alıb. 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Bunlar Fəridə xanımın fəaliyyətinin, təltiflərinin bir hissəsidir. Fəridə xanımın poetik dünyası elə Azərbaycanın özü kimidir – çiçəkli-tikanlı, dağlı-dərəli, həsrətli-vüsallı, bayramlı-qanlı qadalı. Bu lirik duyğularda Qarabağ, ona söykənən, onunla həmdərd olan, əsir taleyi yaşamağa məhkum edilmiş vətən torpaqları bu günün reallıqlarıdır, bu poeziya bəzən sevincdən yazanda da Qarabağ və ətraf ərazilər yada düşür, notlar kədərə köklənir:

Gözümdə yaş Qarabağ,
Düşmənə daş Qarabağ,
Öz oğlun edər səni,
Əyilməz baş, Qarabağ.
Çanaqqala şəhidlərinə dərin ehtiramla yazdığı elegiyada da Qarabağ unudulmur:
Fəridə yurd qurbanı,
Qarabağtək dərdim var.
Vətən üçün canından,
Keçən igid, mərdim var!..

Söz ən etibarlı, kəsərli silahdı. Şairlərin üç silahi var – ürək, söz və sözü yaşadan qələm. Fəridə Ləman düşmənə tuşlanmış qələmi ilə düşmənin gözlərini oyur, sözü ilə onu qanına qəltan edir, dosta, doğmaya ünvanlanan sözü isə məlhəmdir, mərhəmətdir. O, yarım əsrdən çoxdur ki, bütün milli dəyərlərin – ruhumuzun, təfəkkürümüzün, soy-kökümüzün, qeyrətimizin, ismətimizin keşiyindədir. Döyüş meydanında xain düşmənə qan udduran qəhrəman oğullara, “hər qarışı tutya olan Vətənə canını qurban verməyə hazır” olan Fəridə xanım torpağın şirinliyinin dadını heç bir qidadan tapmayıb. Onun müqəddəs qidası, qüruru Vətəndi, eldi:
Bircə qarışına göz dikənlərin
Gözünü əbədi oymağa gəldim.
Türk oğlu Türk kimdir bilsinlər bir də,
Düşmənə car çəkib yaymağa gəldim.

Fəridə xanımın “Qaldı”, “İncəm” şeirləri böyük məqamlara işıq salır. Bu dastan qəhrəmanlıq dastanı deyil, utanc yerimizi unutmağa qoymayan qəmli hekayətdir. “Qaldı” şeirinin birinci misrası başlayınca şair xanım haray salır, həyəcan təbili çalır: “Aman Allahım, meşələrimiz, bulaqlarımız, palıd ağaclarımız, məzar yerlərimiz ermənilərə qaldı.”
Çox da uzaq olmayan tarixin bəzi səhifələrini varaqlayaq. 1984-cü ildə ermənilər Qazax rayonunun Kəmərli kəndi ilə Noemberyan rayonunun Dovex kəndi arasında yerləşən Kəmərli kəndinin ərazisindəki 1675 hektar sahəyə göz dikmişdilər. Məkrli planlarına Moskvadan dəstək də almışdılar. Həmin il oktyabrın 24-də Azərbaycan rəhbərliyinin yuxarı təbəqəsini təmsil edənlərdən bir neçə nəfər vəzifə düşgünü və Qazax rayonunun rəhbərləri Bataqlı bulaq deyilən əraziyə - meşə massivinə baxmağa gələndə Kəmərli əhalisi hiddətlənir, gələnləri daşa basır, Nazirlər Sovetinin sədr müavininin maşınını aşırırlar. Hətta sədr müavini etiraz edən əhalini “dikiy narod” adlandırır. Bu olaydan 15-20 gün keçməmiş MK-dakılar Moskvadan göstəriş verildiyini etiraf edirlər, Ermənistanın əsassız iddiasını təmin edirlər, əlavə ətraf kəndlərdən yüksək məhsuldarlıqlı münbit torpaqları da pay verirlər. Elə o vaxtdan Kəmərli camaatı Daş, Almalı, Fındıqlı, Hayvalı bulaqlarının suyundan, Tutlu dərədən, Qara qayadan, Xanım yurdundan məhrum olurlar. Buna etiraz edən kəndin məsul vəzifəliləri məsuliyyətə cəlb olunur. Hələ üstəlik Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazağa birləşdirən strateji yüksəkliklər də ermənilərə peşkəş edildi. 200 il əvvəldən başlamış ermənilərə torpaq bağışlamaq prosesi 1992-ci ildə də davam etdi. Qazax rayonunun 7 kəndi hələ də doğmalarının nəfəsinə, ayaq səsinə həsrət qalıb.
Fəridə Ləman “əyilib gözündən su içdiyi bulaqdan, Ay işıqlı xatirələrdən, qaynar uşaqlıq və gəncliyindən”, Qılnckəndi meşəsinin zümrüd gözəlliyindən, quşların cəhcəhindən, bulaqların zümzüməsindən ötrü bu gün də darıxır:
Halay qurduğumuz qızıl tonqallar,
O şaqraq gülüşlər, haylar, haraylar,
Hər gecə nənəmdən gələn nağıllar,
Həsrət torpağımtək uzaqda qaldı.
Hələ “neçə yelləncəklər ağacda qaldı, qaymaqlı nehrələr dirəkdə qaldı, dərdin şələsini qoya bilmədik, ömürlük ar oldu, kürəkdə qaldı”, Fəridə bacım. Mən də kövrəldim. İncə dərəsinin, Kəmərlinin qızı kimi yaddaşımdadır ki, o yaşıl ormanlarda şirin və kövrək xatirələr, utancaq baxışlar, saf sevgilər, çiyni səhəngli qızlardan su istəyib sevgi təşnəliyini sərinlədən oğulların əhdi, ilqarı qaldı:
Bir baxış sancıldı bulaq başında,
Ürəkdə od tutan atəşi qaldı.
Indi xatırlamaq nə qədər ağır,
Ürəyin yerində çay daşı qaldı.
“Incəm” şeiri də bir elin dərdini, sevincini, keçmişini,, indisini vəsf edən 16 bəndlik vətənsevərlik dastanıdır. İncə dərəsindəki qədim Türk elatlarının sinəsi 40 ildir ki, yaralıdı. Qılınckəndi meşəsi hələ də bizim ona sahib çıxmağımızı, hər ağacın qanamış, qaysaqlamamış yaralı köksünə sığal çəkməyimizi, bulaqların başında baş əyib, dizimizi torpağa dirəyib gözündən öpməyimizi, dədə palıdların kölgəsində dincəlməyimizi gözləyir. Bizsə hər gün bir az biganələşirik, düşmən caynağında olan sərvətlərimizin ah-naləsini eşitmək istəmirik.
Fəridə xanımı da o yerlərə ancaq xəyal qanadları aparır, başımıza gələn “oyunun, fəndin” burulğanında əl-qol atır, “ömrünü, gününü əsirgəmədən, öləm sənin üçün, öləm, ay İncəm!” fəryadı qoparır:
Yurd yeri satarmı, de kişi olan?!
Inamım töküldü, dinim töküldü.
Kəsildi şah damar, əyildi qəddim,
Dərdin şələsindən belim büküldü!
Uşaqlığını, gəncliyini, dincliyini, yurd yeri qürurunu Fəridə xanımın və onunla eyni taleyi yaşayanların əlindən alanlar – torpağı biznes obyekti bilənlər vicdanını satanlardır, əgər vicdanları varsa, varsa da, belə üfunətli vicdan heç kimə lazım deyil. Fəridə xanım kimilərin ümidi işıqlıdır:
...Qismət olsun mənə xalını salım,
Açıq bir ürəklə qoynuna gəlim,
Boylanım şahlığın taxtından, İncəm!
Şair xanımın “İncəm” şeirinə sözardı kimi verdiyi bir tarixi qeydinə biganə qala bilmədim: “Qılınckəndi meşəmiz lənətə gəlmiş ermənilərə bağışlananda (1984) Tomris qızı Şayəstə xala onların qarşısına çıxan ilk qadın qəhrəman idi. Allah rəhmət eləsin. Əfsuslar olsun. Erməni kimdir ki?! Əgər bir kənd qadını onların qarşısına çıxa bilirdisə?”
Yanıb, yaxılıram Şayəstə xala,
Insafmı dərdlərim qarıyıb qala?
Gözlərim yol çəkir, yol çəkir hələ,
Küsürəm yenə də bəxtimdən, İncəm!

Tarixin bu rüsvayçı olaylarını əks etdirən “Torpağın yaddaşı” kitabını Fəridə Ləman 1995-ci ildə yazdı, 2011-ci ildə “Torpağın yaddaşı”nı əlavə rəy və mənbələrlə genişləndirib “Qılınckəndi dastanı”na çevirdi. Bu kitabdakı tarixi sənədlər Vətən tarixinin qara səhifəsi kimi yadda qalacaq. “İsti yuvasından perik düşən quşlara dönən” İncə dərəsinin sakinləri indi “xatirələrə borcludurlar – dünən odunda-ocağında hənirləndiyimiz, yaylaqlarında gəzdiyimiz, buz bulaqlarından su içdiyimiz, xəzəzini, qulançarını yediyimiz dədə-baba yurdumuz Qılınckəndinə.”
Ilk qadın Xalq şairimiz Mirvarid Dilbazi 1998-ci ildə “Torpağın yaddaşı” kitabının dəyərindən yazırdı: “O zamankı üzdəniraq rəhbərlərimizin dəyanətsizliyi, vəzifəpərəstlikləri üzündən Kəmərli torpaqlarını asan alan ermənilərin dişləri qana batdığı üçün, sonrakı yürüşlərə başladılar.” Mirvarid xanım əlavə edir ki, Kəmərlinin 22 meşə zolağı, gil, gəc, kobalt, mis və qızılla zəngin 14 dağı, 28 adda suyu loğman bulaqları, 5 qədim qalası və daha nələri... təmənnasız ermənilərə verildi.
Mirvarid xanım 29 mart 1998-ci ildə “Azərbaycan” qəzetində yazırdı: “Od var onu su söndürür, od da var onu heç nə söndürə bilmir. Bu fikir publisist, filologiya elmləri namizədi Fəridə Ləmanın “Torpağın yaddaşı” kitabını oxuyarkən gəldiyim qənaətdir. Bu torpaq yangısı, qeyrət yangısıdır.”
Mirvarid Dilbazi Fəridə Ləmana ana-bala münasibəti bəsləyib, gediş-gəlişləri olub. Fəridə xanım onun haqqında neçə-neçə yazı yazıb, səs yazıları var. Mirvarid xanım Fəridə Ləmandan söhbət düşəndə deyirdi:
“Mənim ruhuma yaxın olan dağlar qızıdı, Qazağın Kəmərlisindəndi. Fəridə Ləmanı ilk dəfə görəndə, qara, işıqlı gözlərinə baxanda bir el aşığının İncə dərəsi haqqında yazdığı bu misralar yadıma düşür:
O yanı çiçək Kəmərli,
Bu yanı çiçək Kəmərli,
Qızları göyçək Kəmərli.”
Mərhum şair Davud Nəsib “Torpağın yaddaşı” kitabı haqqındakı düşüncələrində Fəridə xanımın cəsarətini, zəhmətini önə çəkirdi: “Bu kitabı əslində kişilər yazmalı idi, bu zəhmətə, bu əziyyətə kişilər qatlaşmalıydı, amma Fəridə xanım da kişilərdən geri qalan deyil.”
Fəridə xanımın şeirləri sevilir, yadda qalır, düşündürür, geniş yaradıcılıq diapozonu və zəngin təxəyyülü onu müxtəlif mövzularda uğurlu şeir və publisistika nümunələri yazmağına dəstək olur. “Ey Türküm”, “Birliyin mübarək olsun, Türküm!”, “Türkün daşı ağır”, “Türkün ürəyi”, “Qarsın dağları qardır” (Sarıqamış şəhidlərinin xatirəsinə), “Türkiyə, Azərbaycan”, “Gəl, Vətən torpağı”, “Çanaqqala”, “Türk anası ağlayırsa...”, “Birliyin mübarək olsun”, “Təbrizim”, “Vətəni zəfərə harayla”, “Sevdiyim Vətən”, “Bu torpağın türküləri”, “Vətən haqqı”, “Dalğalan, bayrağım” və bu səpkidə digər şeirlər az qala dünyanın yarısını Vətən edən böyük və ulu Türkün qəhrəmanlığını özündə yaşadan salnamələrdir. Bu salnamələrdə ağrı-acı da var, qürurverici anlar da.
Turan ellərinin ucsuz-bucaqsız torpaqlarından bütöv Vətənin sinəsini parçalayan günahsız “Arazlar axan” gündən Türkün torpaqlarını bölə bilsələr də, ruhunu, cəngavərliyini öldürə bilmədilər. Nə yaxşı ki, Türkün ruhu daim onunladır. Türk titrəyib özünə gələndə düşmən onun qarşısında heç vaxt dayana bilməyib. Bu gün Türkün birlıyinin sarsılmazlığı öz bəhrəsini verməkdədir. Artıq Turan ellərinin bir millət, yeddi dövlət formulu Türkü sevməyənlərin kabusuna çevrilib.
Fəridə xanımın “Türkiyə, Azərbaycan” şeiri bir millət , iki dövlətin qardaşlıq himnidir:
Küləklərin səsi də ,
Oxuyur nəğməsini –
Var ol, Türkiyəm, yaşa,
Canımız fəda olan
Azərbaycanımla qoşa!
Fəridə xanım Sarıqamış şəhidlərinin əziz xatirəsinə yazdığı “Qarsın dağları qardır...” şeirlər silsiləsindəki bəzi şeirlərdən əvvəl tarixi sənədlərə istinad etməsi uğurlu ədəbi priyomdur. 1915-ci ilin yanvarının qandonduran qışında 90 min Vətən sevdalısı düşmənə təslim olmaqdansa, 60 min nəfəri döyüş meydanında şərəfli ölümü seçdi. Sarıqamış dağlarında “soyuqdan bir-birinə sarılan, şaxtalı çöllərdə buz adamlara çevrilən 30 min Türk əsgəri isə elə bu vəziyyətdə də ölmüşdülər. Şərəfli ölümdür! Onların içərisində yüzlərlə könüllü həmvətənlərimiz də olub. Qanı bir, canı bir qardaşlarına köməyə gəlmişdilər:

Azərbaycan elindən Turan deyib gəlmişik,
Zəfər üçün canları qurban deyib gəlmişik.
Kəfənləri öncədən geyinərək əyninə,
Vətən üçün canları urvan deyib gəlmişik.

Fəridə xanım vurğulayır ki, tarixi sənədlərə görə, Sarıqamışdakı rus ordusunun generalı Petroviç Moskvaya göndərdiyi teleqramda yazıb: “Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular.”
Fəridə Ləmanın Sarıqamış dastanını vərəqləyəndə elə müdhiş anlara rast gəlmək olur ki, qanımız bəzən damarlarda donur, bəzən də qisas hissi ilə qaynayır. Onun Sarıqamış şəhidlərinə sayğısında bir duyğulu Tük qızının kövrəkliyi də var, sərtliyi də,fəryadı da. Bununla belə Fəridə xanım mübarizdir, ancaq ilahi ölümə baş əyə bilər:
Siz ey şəhidlərim, siz ey Ölməzlər,
Mən qurban demərəm, qurbanam Özüm!..
Fəridə xanım, yazırsınız ki, ölümüzün, dirimizin yiyəsi bu torpaqdır, hələ ki, bu torpaq qəhrəmanlardan xali deyil. Bəli, əziz el qızım, bunu Vətən müharibəsinndə igidlərimiz qanı, canı, Vətən sevgisi ilə sübut etdilər.
“Hər qapı üstündə şəkli asılan, hər qapı adına geniş açılan, hər açıq qapıya nuru saçılan” Mübarizləri - Azərbaycan analarının, atalarının igid oğlunu, ər oğullarının, qızlarının cəsarətli qardaşını “Vətən bayraq kimi göylərə qaldırdı.” Bir cümlədəki qürurun ölçüsü misilsizdir.
Yurdumu yaşadır səntək oğullar,
Ölə biliriksə bu torpaq üçün.
O bizi hər zaman göyərdəcəkdir,
Düşmən önümüzdə baş əyəcəkdir!
Mübariz ruhuyla Vətənin zəfərinə stimul olan mübariz oğullar 2016-cı il apel döyüşlərində və 44 günlük Vətən müharibəsində Mübarizin cəsarətini ürəyində təpər, əllərində üçrəngli bayraq kimi tutaraq “dəmir yumruq”la bədxah düşmənin başını əzdilər. Mübariz oğulların cəsarəti, düşmənə nifrəti gələcək nəsillərin hünər salnaməsinə yeni çalarlar əlavə edəcək. Zəfər bayrağımız etibarlı əllərdədir.
Fəridə Ləmanın “Cəbhədən cəbhəyə” döyüş bölgəsindən reportajlar kitabı qarış-qarış gəzdiyi ön cəbhə yollarında gördükləri, duyduqlarıdır. Fəridə xanım səngər həyatı görmüş azsaylı xanım jurnalistlərdəndir. Ona görə də səngərdən, ölümlü-itimli savaş meydanından yazdığı reportajlarda sünilik, pafos yoxdur.
2016-cı il aprel döyüşlərində şəhid olmuş Elvin Namazovun döyüş yolunu işıqlandıran “Donmuş təbəsüm” poemasında Fəridə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulan, “nişanı bəysiz keçən” igidə həzin-həzin laylay deyir:

Laylay Vətən keşiyim,
Laylay evim-eşiyim.
Qazaxda doğulmusan,
Qarabağdı beşiyin!

Gözlərim tordu sənsiz,
Ürəyim qordu sənsiz.
Dərdim bir qara zəli,
Qanımı sordu sənsiz.


Şair xanım şəhid atasının dərdini, qürurunu ürəyindən, üzündən, gözündən oxuyub göz yaşları ilə islatdığı ağ vərəqə köçürür:
Ölüm, sən heç sevinmə,
Bax şəhidin adına.
Ucalardan ucadı!
Səninsə adın üstə,
Hey bayquşlar uladı!..
O, həm də aprel şəhidləri Mühüd Orucovun döyüş yolunu əks etdirən “Mühüdüm – şəhidim”, Orxan Əliyev igidliyindən yazılan “Cənnətdən məktublar” kitablarının müəllifidir.
Fəridə Ləman insanların uğurlarını dəyərləndirən, lazım gələndə məsləhət verməyi bacaran, yol göstərən mənəviyyat sahibidir. Bunu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda hiss elədim, gördüm. Məclisin yaranmasına xeyir-dua verənlərin birincilərindəndir el qızımız. İlk dəfədən tədbirlərdə iştirak edib, dəstəkləyib. Eləcə də “Kələğayı Muzeyi”ni yaradanda. Uğurlarımı izləyən, sevinən, yeni-yeni uğurlara ruhlandıran Fəridə xanım mənə ünvanladığı “Borçalıda bitən İncə çiçəyi” epitetini ən qiymətli mükafat hesab edirəm. Fəridə xanım yazır:
“...Bu bədii yolların cığırında, izində qarşı gəldiyim Günəş üzlü, əlində qələmi və söz çələngi olan bir xanımla qarşılaşmışam. Bu qələm adamı İncə dərəmizin incə çiçəyi Güllü xanım Tomarlıdı. Güllü əslən İncə dərəsindən olsa da, Borçalı mahalında boya-başa çatıb. Əlinə qələm götürüb. Sözün sehri onu çox insanlarla görüşdürüb.”
“Mən kökü İncədə, budaqları Borçalıda olan Vətən qızıyam”, - deyəndə Fəridə xanım lirik diliylə məni daha mükəmməl təqdim edir:
Bu Güllünün ətridi,
Incədən gətiribdi.
Ruhundakı gülləri,
Incəçay bitiribdi.

Fəridə də çox sevir,
Bu allı, güllü qızı.
Gözləri işıq selli,
Qızılı telli qızı.

Mən də qürurlu, saf ürəkli, saf diləkli bacıma – “soyu-kökü İncədən boy verən kökü dərində İncəli qızı”na söz verirəm: “nə qədər varamsa, səninlə varam, əhdinə, vəfana sadiq yaşaram.”
Həm alimsən, həm şairsən, həm insan,
Sevənlər içində ən şirin bir can.
Adın qürurumdur, Fəridə Ləman,
Dadın nurundadı, İncəli qızı.

Fəridə xanımda o qədər enerji, yaşam gücü, pozitivlik var ki, Vətən, torpaq, el-oba qayğıları, ağrı-acıları ilə yüklənəndə bir hovur dincini almaq üçün yenidən qələmə sarılır. Həmkarları – şair xanımlardan üzr istəyərək özünü yazmaq istəyir. O, təkcə özünü yox, mənim ürəyimdən gələnləri oxuyub Vətən oğullarını xəbərdar edir: “Şair qadın almayın!” Ancaq özünü də sığortalayır - “Zarafat sayağı” ayaması qoyur “ciddi” şeirinə. Onun “gözü buludda qalıb, şeh görüb şehdən, meh görüb mehdən yazan, qarla, yağışla danışan, gah küsüb, gah barışan, Günəşlə qurulanan, gah zildə, gah bəmdə, gah kədərdə, gah qəmdə, halı dəmbədəmdə, qazanı odda yanan, daşın, yaşın dilini bilən, sözlə gözünü silən “şair qadın almayın” məsləhətində zarafat da var, gerçəklik də. Axı şair özünəməxsus Allah bəndəsidi, yaradan ona sözə aşıqlik istedadı verib. Ona görə də “şair qadınlar sözün gəlinidi.”

Baxışının yükü söz,
Libası söz, kürkü söz.
Heç nəyi yox, mülkü söz,
Şair qadın almayın!

Gecə ulduz, Ay olur,
Oxu uçan yay olur.
Mələklərə tay olur,
Şair qadın almayın!

Bir azca zarafatla nəfəs dərib özünün və bizim könlümüzü güldürəndən, içindəki gərginliyi sözlə oxşayıb özündən aralayandan sonra Fəridə xanım, teatrşünaslar demişkən, öz ampluasına qayıdır: “şair evin yox, elin yaraşığıdır.”
Axtarmaz dünya varı,
Dünyadır onun varı.
Şairin dövlətidir,
Yazıb yaratdıqları.

Hər kəs özünün ləyaqətini, nüfuzunu, fiziki və mənəvi varlığını qoruyub saxlamaq üçün milli mənəvi dəyərlərə həssas yanaşmalıdır. Əxlaq normaları, dünyagörüş, inanclar, məqsəd və s. Türkün ali milli dəyərlərindəndir. Fəridə xanım milli dəyərlərin daşıyıcısı və qoruyuçusudur. Onun şeirlərinin, publisistik yazılarının təməlində milli dəyərlər durur. Xanım-xatın qadınlarımızın nənələrin yadigarı qədim baş örtüyü kələğayıya Fəridə xanımın xüsusi önəm verməsi bunu təsdiqləyir:
Fəridənin gül çələngi,
Başında qeyrət tacısan.
Min illərin sirri səndə,
Zamanın heyrət tacısan –
Xal örpəyim, kələğayım!

Fəridə Ləmanın şəxsiyyətinə, Vətən sevgisinə, zəkasına, mənəvi dünyasına, yaratmaq eşqinə, sözünə, qələminə bələd olan tanınmışların baxış bucağından Fəridə xanım daha aydın görünür:
Davud Nəsib: “Torpaq sığındığımız yerdir, hər şey gəldi-gedərdi, qalan isə torpaqdır, xalqdır, torpağını, xalqını acı həqiqətlərdə, heç olmasa bir kəlmə sözündə yaşadanlardı. Fəridə Ləman bu savabı artıq qazanıb.”
Sabir Rüstəmxanlı: “İnsan dünyaya hansı işıqla gəlirsə, o işıqla da gedir. Fəridə xanım işıqlı qadındır. O, epitetlər haqqında bir kitab yazmışdı. Orada mənim də şeirlərimdə ən çox işlənən rəng haqqında yazmışdı. Bu, ağ rəng idi. Fəridə xanımın həyat yolu ağ rəng kimi təmiz və ləkəsizdir. O, yaradıcılığı ilə qadın poeziyasına öz möhürünü vurmuşdur. Fəridə xanım xoşbəxtdir ki, insanların sevgisini qazana bilib.”
Nizami Cəfərov: “Fəridə xanım həm də insan kimi istedadlıdır. O, Türk dünyası miqyasında düşünən insandır.”
Eldar İsmayıl:
Gəncəyə, Təbrizə gülüstan deyər,
Gah bayatı deyər, gah dastan deyər.
O, Qazax deyəndə Türküstan deyər...
Soyuna həmdəmdi Fəridə Ləman.
Dürlü bir aləmdi Fəridə Ləman.


“Ömrüm torpaq ömrüdü” inamına söykənən Fəridə Ləman ömrünün zaman-zaman göyərəcəyinə, Vətən öz sevimli qızını unutmayacağına inanır. Bu inamdır onu yaşadan, axı ömrünü şam kimi yandıranların zəkasının işığı neçə-neçə əsrlər Vətənin övladlarının yollarını nurlandırır. Ömrünün yeddi onilliyini üzüağ yola salmağa hazırlaşan Fəridə xanım şərəfli işlə məşğuldur. Sözünə sadiq qalıb, sevimli peşəsinə, sözə, Vətənin bütövlüyünə, azadlığına könül verənlər üçün yaşamaq, yaratmaq ilahi işdir. “Yazmaq istədiyin ümidlərə qovuşmaqdır, ruhun boşalmasıdır.” Budur, onin həyat manifesti! Fəridə Ləman üçün “yorulmaq rahat olmaqdır”. İnanmıram ki, o, yorulur, çünki hər an narahatdı, nigarandı – Vətəndən, Vətənin torpağından, göylərindən, şəhid ruhlarından, qazi oğullarından vətəndaşlarından. Axı Vətənin başının üstündə dolaşan qara buludları tamamilə dağıtmamışıq...
Vətəni canından çox sevənlər ömrün 70-dən sonrakı fəsillərində də sağlam, uzun və mənalı ömür yaşasın ki, Vətən yaşasın. Vətən Vətəni sevərlərindir, göz bəbəyi kimi qoruyanlarındır.
Fəridə xanım kimlərəsə - bədəməllilərə, tamah və nəfs qullarına, Vətənin hər qarış torpağına alver gözüylə baxanlara məğlub olan, döyüş meydanından çəkilən el qızı deyil. İnanır ki, söz ömrü qədər yaşayacaq, el, torpaq yolunda elədikləri, yazdıqları qədirbilənlərin yaddaşında qalacaq, onu da yaşadacaqlar. Bunu Fəridə xanımın təsəllisi kimi qəbul etməyin, inancıdır - “Vətən haqqı, torpaq haqqı!”
Vətən yanğılı Fəridə xanımın elə, obaya, yurda Vətənə bağlılığı bir örnəkdir. Hara getsə də, hara dönəcəyi yeri dəqiq bilir – “göbəyinin kəsildiyi yeri. Orada onu gözləyən ruhlar və ana torpaq var.”
70 yaşınızı təbrik edirəm İncənin incə Fəridə Ləmanı. “Nəğmələrinizlə həmişə Vətən olun”. Siz öz borcunuzu yaxşı anlayırsınız – Vətənə azadlıq, bütövlük borcunuzu. Bu borc elinə, obasına, torpağına bağlı olanların alnına yazılıb.
Gününüz ağ olsun, Fəridə Ləman! Qazax mahalımızda qızlarımıza edilən bu dua- alqışın ən mötəbəri Sizə düşür...

GÜLLÜ ELDAR TOMARLI
"Bütöv Azərbaycan" qəzeti
28 aprel 2023
29-04-2023, 18:58
Elnur İRƏVANLININ söz dünyası


Elnur İRƏVANLININ söz dünyası

HAQQA ƏYİLƏNDƏ UCALIR İNSAN

Özünə inanıb özün tapanda
Yaradıb qurmaqdan bac alır insan.
Yer üzü bir taxtdı, bəşər də ki şah,
Onu yaradandan tac alır insan.

Göz niyə yaranıb? – Baxmaqdan ötrü.
Çay niyə qıvrılır? – Axmaqdan ötrü.
Haqqın zirvəsinə çıxmaqdan ötrü
Haqqa əyiləndə ucalır insan.

Dünyanın hikməti çoxdu, dərindi,
Ömür sevincin yox, dərdi-sərindi.
Vaxtın gətirdiyi yuxu şirindi,
Ona aldananda qocalır insan.

05.09.2007


ƏVVƏLİM AXIRA GƏLİB ÇATDI Kİ...

Bəxtimin üzünü ağartmaq üçün
Bir adam bir ovuc əhəngi verməz.
Rəssam dostlarımın getsəm üstünə,
Mənim axtardığım o rəngi verməz.

Bir yerdə yurd salıb qurmadım binə,
Öyrəşəm dumana, bağlanam çənə.
Bəxtimi çəkməyə bəxt yazan mənə
Nə fırçanı verməz, nə rəngi verməz.

Əvvəlim axıra gəlib çatdı ki,
Mürgü vuran günlər yatayatdı ki.
Sürdüyüm bu ömür elə atdı ki,
Ayağın qoymağa üzəngi verməz.

15.01.2008

YAŞAMADIM ÜRƏYİMCƏ

Ümidimi bu ömür, gün
Puç elər, puç elər, gedər.
Qorğa dərdlər ürəyimi
Sac elər, sac elər, gedər.

Yaşamadım ürəyimcə,
Ərimişəm incə-incə.
Kədər gözümü sevincə
Ac elər, ac elər, gedər.

Bu nə qurğu, bu nə kələk,
Yarı iblis, yarı mələk.
Bir dərdimi zalım fələk
Üç elər, üç elər, gedər.

Ümidlər dönüb qılınca,
Kəsər səbrimi alınca.
Gələn gedənin dalınca
Köç elər, köç elər, gedər.

15.12.2008, Uşaq Nevroloji Xəstəxanası

ÜRƏK SÖZÜMÜZƏ BAXMIR

Gözümüzə dik baxanlar
İndi üzümüzə baxmır.
Düzlər əyriyə baxsa da,
Əyri düzümüzə baxmır.

Olmuşları ananlar var,
Olacağı sananlar var,
Odumuza yananlar var,
Amma közümüzə baxmır.

Çağlar ola o çağ kimi,
Dayanaq, duraq dağ kimi.
Nadinc, şıltaq uşaq kimi
Ürək sözümüzə baxmır.

19.12.2008, Uşaq Nevroloji Xəstəxanası

SƏN DÜNYANI BİZDƏN OXU

Ürəyin aynası gözdür,
Ürəkləri gözdən oxu.
Dərinləri dərində gəz,
Dayazları üzdən oxu.

Çağlar özgə çağlar olub,
“Var”lar olub, “yox”lar olub.
Dağlar niyə dağlar olub?
Get, yamacdan, düzdən oxu.

Qorun kölə, müti hisdən,
Qaç dumandan, gizlən sisdən.
Ayırıb yaxşını pisdən,
Bacar, sözü sözdən oxu.

Bu nə rəngdir, nə boyadır,
Günəş gündüzə ziyadır.
Hər bir insan bir dünyadır,
Sən dünyanı bizdən oxu.
09.05.2009, Oğuz rayonu

BƏXTƏVƏR BAŞINA


Ucalmısan ərşi-əlaya,
Ey dağ, bəxtəvər başına.
Gətirmisən göydən yerə
Soraq, bəxtəvər başına.

Şam alışıb getdi bada,
Zülmət alov tuta-tuta.
Pərvanələr yandı oda,
Çıraq, bəxtəvər başına.

Köz olmuşuq ocağında,
Səsimiz var sorağında.
Çürüyürük qucağında,
Torpaq, bəxtəvər başına.
08.06.2009, “Bilgəh” Kardioloji Sanatoriyası


YÜZ YAŞ NƏDİR Kİ

Görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Averbax mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə

Tez-tez şəkillərin çıxar qarşıma,
Onda baxışlarım ayaq saxlayar.
Səni hamıdan çox neçə bəbəkdə
Nurunu itirmiş göz soraqlayar.

Bu gün uzaqları yaxın eləyən
Qoyduğun o yoldur, saldığın izdir.
Bəlkə, ona görə xalqa əzizsən,
Canparçan atanın adı Əzizdir.

Qəlbin güzgüsüdür, deyirlər ki üz,
Nura bələnibdir üzündə şəfqət.
Sanki yaranmışdın yaxşılıq üçün,
Amalın olmuşdu düzlük, sədaqət.

Yaşadığın ömür olsa da qısa,
Qaldı xoş əməllər səndən yadigar.
Qəlblərdə taxt quran, unudulmayan
İşıqlı xatirən, təmiz adın var.

Allahın sevdiyi yurd adamıydın,
İtmir el verdiyi qiymət, qədir ki...
Gələr əsrlərdən səsin, sorağın,
Ölümsüz adama yüz yaş nədir ki!


28.04.2023
"Bütöv azərbaycan" qəzeti
28 aprel 2023





29-04-2023, 17:01
Mənalı yaşanmış ömür


Mənalı yaşanmış ömür

İnsan var qələmi ilə, insan var əməli ilə xalqına xidmət göstərir. Hər insan ömrü bir nağıla bənzəyir. Nağıllar məna və məzmunca fərqli olduğu kimi, insan ömrü də fərqli olur. Elə insan var ki, sağ ikən ömrü əbədiyyətə unvanlanır və qəlblərdə özünə bir ümid ocağı yandırır ki, o, dünyada olmayanda da nağıla çevrilmiş həyatı onu yaşatsın. Axı bu dünyada heç kim təkcə özü üçün yaşamır.
Mən sizə 87 illik həyatında insanlara sağlıqlı ömür bəxş edən, öz işindən zövq alan bir zəka, şəfa sahibindən- həkimdən söhbət açacağam. O, mənalı ömrünün günlərini bir qığılcım kimi közərdən Səfixan Gəncəliyevdir. Qafan rayonunun Gığı kəndində dünyaya göz açan həkim orta təhsilini də öz kəndlərində almış, orta məktəbi əla qiymətlərlə bitirib hərbi xidmətə yollanmışdır. Əsgəri xidmətini Rusiyanın Omsk vilayətində başa vurub vətənə dönəndən sonra təhsil almaq üçün Qafan şəhərində fəaliyyət göstərən tibb texnikumuna daxil olur. Tədris erməni dilində olsa da, o, yaxşı oxuyur, ictimai işlərdə fəallıq göstərirdi. Oxuduğu müddətdə Rayon Komsomol Təşkilatının katibi işləməklə yanaşı, rayonda yaradılmış sanitar- maarif şöbəsində təlimatçı da işləmişdir. Bir azərbaycanlı gəncinə olan bu yanaşma onun gələcək uğurlarının başlanğıcı idi. Axı insan dünyaya göz açdığı gündən görə-görə kamilləşir, əxlaqi-mənəvi keyfiyyətləri ilə də dəyişir. Texnikumu bitirən həyatsevər gəncin arzuları onu 1963-cü ildə Azərbaycan Tibb İnstitutuna gətirir. O, zəhmətsevərliyi, intizamlı və bilikli olması ilə bu təhsil ocağında da nümunəviliyi ilə seçilir. 1970-ci ildə institutu bitirən gənc təyinatını öz kəndlərinə alır. Rayon mərkəzindən uzaq olan, 24 kəndə xidmət göstərən 30 çarpayılıq bir xəstəxanaya baş həkim təyin olunur və işlədiyi müddətdə neçə-neçə insan həyatını ölümün caynağından qurtarır. Bəşər övladının ən gözəl xüsusiyyətlərindən biri onun insansevərliyidir ki, bu xüsusiyyət də Səfixan həkimin adını neçə-neçə ailənin qəlb ünvanına həkk edib.

Həkimlik peşəsi çox riskli sənətdir. Burada həyata qayıdış da var, ölüm də var.Amma bacarıqlı, savadlı, öz peşəsini sevən şəfalı əllərdən həyata qayıdış daha gözəldir. Bu cəsarətlilik öz ömründən başqalarının ömrünə ömür calamaq deməkdir. Niyə? Çünki hər ağır itkini yenidən həyata qaytarmaq çox çətindir, qurumuş ağacı göyərtməyin çətinliyi kimidir. Burada yuxusuz gecələr, təhlükə həyəcanı, qorxu qarışıq ümid hissi var. Ümid çırağını sönməyə qoymayan həkim ölümə qalib gəlir.
Haqqında söhbət açdığım aydın zəka sahibinin ömür kitabının bir neçə vərəqini sizinlə paylaşmaq istəyirəm. Bir gün Keypəşin kəndindən Səlim adlı bir gənci yüksək gərginlikli elektrik cərəyanı vurur. Rayon mərkəzindən gələn həkimlər, hətta ekspert-həkim də onun ölüm vəziyyətindən qurtulmağının mümkün olmadığını israrla söyləyirlər. Xəstəxananın baş həkimi Səfixan Gəncəliyev orada çalışan həkimlərlə: Quluev Vaqif və Babayev Məcnunla gecə-gündüz çalışaraq onu həyata qaytarırlar. Neçə bacının bir qardaşının ölümdən qurtulması həkimin nüfuzunu daha da artırır. Deyilənə görə, Səlimin anası oğlu xəstəxanadan çıxan gün xəstəxananın həyətində qurban kəsdirir.

Səfixan həkim mənim anamın da bu gün həyatda qalmasına səbəbkardır. Bakıda təhsil aldığım illər idi. Anamın çox ağır xəstə olduğunu, heç bir həkimin dərdinə əlac edə bilmədiyini eşitdim. Onu Bakıya gətirmək qərarına gəlsək də, atam razı olmadı və Səfixan həkimə göstərəcəyini bildirdi. Həkim 15 gün ərzində anamı sağaltdı.(Qızılyel deyilən xəstəlik anamın bütün üz-baş nahiyyəsinə yayılaraq iltihab vəziyyətinə salmışdı.)Xəstəxada çalışan tibb bacısı Rəfiqə xanımın da bu işdə böyük zəhməti danılmazdır. Belə nümunələri saydıqca qurtarmaz. Hər sənətin öz sehri, öz dünyası var, həkimlik sənəti isə insan ömrünə bir yaşamaq stimulu verir. İnsan ömrünün bu dolama yollarının əlacı yalnız həkimdədir. Xəstə həkimi görən kimi ağrılarını unudur, taleyini həkimin ixtiyarına buraxır.

1975-ci ildə Bakıya gələn həkimi Azərbaycan Rüspublikası Səhiyyə Nazirliyi Zabrat qəsəbəsindəki 21 nömrəli şəhər poliklinikasına terapevt-həkim təyin edir. Allahın insana bəxş etdiyi ömrü hər kəs bir cür yaşayır. Milyonların sevgisini qazanmış Səfixan Gəvcəliyev də öz peşəsinin vurğunu olduğu üçün tezliklə burada hörmət və nüfuz qazanır. Ona bu nüfuzu qazandıran eyni zamanda, savadlı və xeyirxah olmasıdır. 1 ildən sonra qüsursuz xidməti sayəsində baş həkimin müavini işləyən həkimin şöhrəti daha da artır. Doğulduğu ocaqda hər zaman dürüstlük görən həkim xırda cığırlara düşmür, geniş yolların sağlam duyğusu ilə yaşayır. 1986-cı ildə baş həkim təyin edilir və 2012-ci ilədək bu vəzifədə ləyaqətlə çalışır. 26 il bir müəssisəyə rəhbərlik etmək o qədər də asan iş deyildi. Onu bu vəzifədə uzun müddətli edən kiçik ürəyinin böyük duyğuları idi. Axı geniş ürəklərin duyğusu xəstə ürəklərin astanasında məskən salır. 76 yaşında təqaüdə könüllü çıxan həkim ”gənc nəslə də imkan yaratmalıyıq” deyə vəzifəsindən uzaqlaşsa da, öz peşəsinin mahir ustadı kimi qapısını ümidlə döyənlər bu gün də az deyil. O, ömrünün ixtiyar çağında da ümid qapısını bağlamır, ondan dərdinə əlac istəyənlərə kömək əlini əsirgəmir, mətbuatla maraqlanır, peşəsinə aid yeniliklərlə tanış olur, tibbə dair kitablar əlindən düşmür. Nəvələrinin “ bildiklərin bəsdir, nə üçün özünə əziyyət verirsən,ay baba?”sualına “zaman dəyişdiyi kimi təbiət də, təbabət də dəyişir, bala, insan həmişə oxumalıdır”-deyə elmə sevgi ilə yanaşma mesajını verir.

Səfixan Gəncəliyev istər sovet dönəmində, istərsə də Azərbaycan müstəqillik qazanandan sonra qüsursuz xidmətlərinə görə dövlət tərəfindən orden və medallarla, diplom, fəxri fərmanlarla təltif olunmuşdur. Haqqında 1973-cü ildə Qafan rayonunda çıxan “Mis uğrunda” (“Pğndzi hamar”) , 1998-ci və 2006-cı illərdə “Şəfqət”, 2011-ci ildə “Xalq Qəzeti”ndə məqalələr dərc olunmuş, özü “Nur” jurnalında Ulu Öndərə dair “Xilaskarlıq missiyası” adlı məqalə ilə çıxış edərək onu ”Əsrin böyük adamı, nadir siyasi xadimi “ deyə qiymətləndirmişdir. Dövlətini sevən bu böyük ürək sahibi Ulu Öndərin Lissabon sammitindən qayıdandan sonra Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına mədəniyyət sarayında (indi bu saray yoxdur) insanlarla görüşə gəldiyini belə xatırlayır:

“Yaxınlaşıb H,Əliyevlə görüşmək istədim, polislər buraxmadı. Bu, Heydər Əliyevin gözündən yayınmadı, özü mənə doğru yaxınlaşıb əl verdi və polisə “mən xalqımın hər bir nəfərini sevirəm, onları məndən uzaq tutmayın” deyərkən mən də onun siyasətini bəyəndiyimizi söylədim. O, bir daha isti münasibətlə mənimlə görüşüb ayrıldı. Mən bu gün də onun bu insani münasibətini unutmuram.”
Səfixan Gəncəliyev bu gün də gənc nəslə Ulu Öndərin xalqına sədaqətindən danışır, onun qurduğu dövlətin daha qüdrətli olmasına nail olmuş prezident İlham Əliyevlə fəxr etdiyini və onun milli müstəqilliyimizin tarix kitabına “Dəmir yumruq”la zəfər imzasını qoyduğunu söyləyir. O, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, Zabrat qəsəbə Ağsaqqallar Şurasının sədridir. O, həyat yoldaşı Şərqiyyə müəllimlə birlikdə övladlarına ali təhsil vermiş, onları vətənə, yurda sevgi ruhunda böyütmüşlər. Elə övladlar ki, ata ocağının yanan işığını sönməyə qoymayan, valideyn arzusunu zamanın nurlu günəşinə doğru aparan, ailə mənəviyyatına təmizlik, saflıq, ülvilik gətirən.

Həyat bizim ən uzun yolumuz və ən etibarlı yol yoldaşımızdır. Biz təbiətcə yaxşı olmaq və yaxşı insanları, yaxşı əməlləri görmək üçün yaranmış xalqıq. Son ucu qəm karvanı olan bu dünyada insan ömrü vətən sevgisi ilə yoğrulursa, demək, bu ömür bitmir, hətta Adəm övladı özü bu həyatda olmayanda da. Mənə elə gəlir ki, həyat keçmişdən bu günə boylandığı kimi, bu gündən də gələcəyə əl edir.

Qələmə aldı:
Məryəm QABİLQIZI

"Bütöv Azərbaycan" qəzeti
28 aprel 2023
29-04-2023, 15:37
“Formula 1”in Azərbaycanla müqavilə müddəti uzadıldı


“Formula 1”in Azərbaycanla müqavilə müddəti uzadıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddəti uzadılıb. Bu barədə "Formula 1" məlumat yayıb. Yarış 2026-cı ilədək davam edəcək.
29-04-2023, 15:30
Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək


Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək

Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-də çıxışı zamanı məlumat verib. Ərdoğan bildirilib ki, artıq layihənin təməli atılıb və bir il ərzində təhvil veriləcək. Qeyd olunub ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.
29-04-2023, 14:30
Türkiyənin müdafiə sənayesi dünya tərəfindən qəbul edilir - Prezident


Türkiyənin müdafiə sənayesi dünya tərəfindən qəbul edilir - Prezident

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Prezident vurğulayıb ki, Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. “Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”, - deyə Azərbaycan lideri vurğulayıb.
29-04-2023, 14:00
Formula 1-in sprint yürüşünün təsnifat turuna yekun vuruldu


Formula 1-in sprint yürüşünün təsnifat turuna yekun vuruldu

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün təsnifat turuna yekun vurulub. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. Təsnifat turu üç sessiyadan ibarət olub və yürüşün ümumi nəticəsinə görə, sprint yarışının start düzülüşü müəyyənləşib. “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.
29-04-2023, 13:30
İlham Əliyev türkiyəli həmkarıyla festivalda iştirak etdi


İlham Əliyev türkiyəli həmkarıyla festivalda iştirak etdi

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər. Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar. Sonra xatirə şəkli çəkdirilib. Əvvəlcə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybenin çıxışı olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısının çıxışından sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim edib. Daha sonra Türkiyə Prezidenti çıxış edib. Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub. Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirilib. “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənilib. “Baykar” şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim edib.

29-04-2023, 13:00
Mina partlayışı xəbəri bizi dərindən kədərləndirdi - BMT nümayəndəsi


Mina partlayışı xəbəri bizi dərindən kədərləndirdi - BMT nümayəndəsi

Tərtərdə 3 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim onların ailələri və doğmalarının yanındadır. Bunu BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsi Vladanka Andreeva twitterdə paylaşıb. "Tərtərdə 3 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim onların ailələri və doğmalarının yanındadır. BMT-nin Azərbaycandakı Nümayəndəliyi gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!