Elnur İRƏVANLININ söz dünyası HAQQA ƏYİLƏNDƏ UCALIR İNSAN Özünə inanıb özün tapanda
Yaradıb qurmaqdan bac alır insan.
Yer üzü bir taxtdı, bəşər də ki şah,
Onu yaradandan tac alır insan.
Göz niyə yaranıb? – Baxmaqdan ötrü.
Çay niyə qıvrılır? – Axmaqdan ötrü.
Haqqın zirvəsinə çıxmaqdan ötrü
Haqqa əyiləndə ucalır insan.
Dünyanın hikməti çoxdu, dərindi,
Ömür sevincin yox, dərdi-sərindi.
Vaxtın gətirdiyi yuxu şirindi,
Ona aldananda qocalır insan.
05.09.2007 ƏVVƏLİM AXIRA GƏLİB ÇATDI Kİ... Bəxtimin üzünü ağartmaq üçün
Bir adam bir ovuc əhəngi verməz.
Rəssam dostlarımın getsəm üstünə,
Mənim axtardığım o rəngi verməz.
Bir yerdə yurd salıb qurmadım binə,
Öyrəşəm dumana, bağlanam çənə.
Bəxtimi çəkməyə bəxt yazan mənə
Nə fırçanı verməz, nə rəngi verməz.
Əvvəlim axıra gəlib çatdı ki,
Mürgü vuran günlər yatayatdı ki.
Sürdüyüm bu ömür elə atdı ki,
Ayağın qoymağa üzəngi verməz.
15.01.2008
YAŞAMADIM ÜRƏYİMCƏ Ümidimi bu ömür, gün
Puç elər, puç elər, gedər.
Qorğa dərdlər ürəyimi
Sac elər, sac elər, gedər.
Yaşamadım ürəyimcə,
Ərimişəm incə-incə.
Kədər gözümü sevincə
Ac elər, ac elər, gedər.
Bu nə qurğu, bu nə kələk,
Yarı iblis, yarı mələk.
Bir dərdimi zalım fələk
Üç elər, üç elər, gedər.
Ümidlər dönüb qılınca,
Kəsər səbrimi alınca.
Gələn gedənin dalınca
Köç elər, köç elər, gedər.
15.12.2008, Uşaq Nevroloji Xəstəxanası
ÜRƏK SÖZÜMÜZƏ BAXMIRGözümüzə dik baxanlar
İndi üzümüzə baxmır.
Düzlər əyriyə baxsa da,
Əyri düzümüzə baxmır.
Olmuşları ananlar var,
Olacağı sananlar var,
Odumuza yananlar var,
Amma közümüzə baxmır.
Çağlar ola o çağ kimi,
Dayanaq, duraq dağ kimi.
Nadinc, şıltaq uşaq kimi
Ürək sözümüzə baxmır.
19.12.2008, Uşaq Nevroloji Xəstəxanası
SƏN DÜNYANI BİZDƏN OXUÜrəyin aynası gözdür,
Ürəkləri gözdən oxu.
Dərinləri dərində gəz,
Dayazları üzdən oxu.
Çağlar özgə çağlar olub,
“Var”lar olub, “yox”lar olub.
Dağlar niyə dağlar olub?
Get, yamacdan, düzdən oxu.
Qorun kölə, müti hisdən,
Qaç dumandan, gizlən sisdən.
Ayırıb yaxşını pisdən,
Bacar, sözü sözdən oxu.
Bu nə rəngdir, nə boyadır,
Günəş gündüzə ziyadır.
Hər bir insan bir dünyadır,
Sən dünyanı bizdən oxu.
09.05.2009, Oğuz rayonu
BƏXTƏVƏR BAŞINA Ucalmısan ərşi-əlaya,
Ey dağ, bəxtəvər başına.
Gətirmisən göydən yerə
Soraq, bəxtəvər başına.
Şam alışıb getdi bada,
Zülmət alov tuta-tuta.
Pərvanələr yandı oda,
Çıraq, bəxtəvər başına.
Köz olmuşuq ocağında,
Səsimiz var sorağında.
Çürüyürük qucağında,
Torpaq, bəxtəvər başına.
08.06.2009, “Bilgəh” Kardioloji SanatoriyasıYÜZ YAŞ NƏDİR KİGörkəmli oftalmoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Averbax mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətiləTez-tez şəkillərin çıxar qarşıma,
Onda baxışlarım ayaq saxlayar.
Səni hamıdan çox neçə bəbəkdə
Nurunu itirmiş göz soraqlayar.
Bu gün uzaqları yaxın eləyən
Qoyduğun o yoldur, saldığın izdir.
Bəlkə, ona görə xalqa əzizsən,
Canparçan atanın adı Əzizdir.
Qəlbin güzgüsüdür, deyirlər ki üz,
Nura bələnibdir üzündə şəfqət.
Sanki yaranmışdın yaxşılıq üçün,
Amalın olmuşdu düzlük, sədaqət.
Yaşadığın ömür olsa da qısa,
Qaldı xoş əməllər səndən yadigar.
Qəlblərdə taxt quran, unudulmayan
İşıqlı xatirən, təmiz adın var.
Allahın sevdiyi yurd adamıydın,
İtmir el verdiyi qiymət, qədir ki...
Gələr əsrlərdən səsin, sorağın,
Ölümsüz adama yüz yaş nədir ki!28.04.2023"Bütöv azərbaycan" qəzeti
28 aprel 2023