23-04-2023, 18:00
Rusiyalı jurnalistlərə ABŞ vizası verilməyib - Zaxarova"Rusiyalı jurnalistlərə XİN başçısı Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasının toplantısında iştirak üçün ABŞ vizası verilməyib". Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. "Lakin nümayəndə heyəti ABŞ-a gedir", - o əlavə edib.
23-04-2023, 17:00
Sərhəd buraxılış məntəqəsiylə bağlı bəyanat yayıldıAzərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bu barədə XİN-dən bildirilib. Məlum olduğu kimi, Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar. Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub. Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra, Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib. Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir.
23-04-2023, 16:30
Ukrayna başlamaq üçün havanın yaxşılaşmasını gözləyir - Pevkur"Ukraynanın əks-hücumu 1, hətta 2 aydan sonra başlayacaq. Çünki yağışlı hava böyük maneə olaraq qalır". Bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur Almaniyadakı Ramşteyn hərbi bazasında Ukraynaya Dəstək Qrupunun iclasından sonra ERR-ə müsahibəsində deyib. "Əsl əks-hücum haqqında danışmaq üçün daha bir ay çəkə bilər. Hava dəyişərsə, bu, daha tez baş verə bilər. Əks halda, bir ay, bəlkə də iki ay çəkəcək", - Pevkur bildirib. Onun sözlərinə görə, hazırda maneə lazımi texnikanın olmaması deyil, Ukraynadakı hava şəraitidir. "Hava kifayət qədər yağışlıdır və bu, ağır texnikanın hərəkətini çətinləşdirir. Ukrayna başlamaq üçün havanın yaxşılaşmasını gözləyir”, - deyə Pevkur əlavə edib.
23-04-2023, 15:00
Ən həssas kateqoriyalara aid olan malların idxalı dayanacaq - MedvedevRusiyanın Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev G7 ölkələrinin Rusiyaya ixracına tam qadağa qoyacağı barədə məlumatları şərh edib. O, bunun Qərb üçün daha ziyanlı olacağını vurğulayıb. "Belə olsa, Rusiya Federasiyasından Qərb üçün ən həssas kateqoriyalara aid olan malların idxalı dayanacaq. Taxıl sövdələşməsi və onlara lazım olan bir çox başqa şeylər onlar üçün bitəcək", - deyə Medvedev əlavə edib.
23-04-2023, 14:30
Sabahdan mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaqAprelin 23-dən 24-nə keçən gecə Bakı Şəhər Halqasının əhatəsi boyunca tamamlanma işləri başlayacaq. Bununla əlaqədar aprelin 24-ü gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Həyətlərdən çıxışların qapanmasını nəzərə alaraq avtomobil idarə edən sakinlərdən xahiş olunur ki, qeyd edilmiş vaxtdan əvvəl avtomobillərini həyətlərdən çıxarsınlar. Bu yollarda nəqliyyatın hərəkəti mayın 2-si saat 08:00-dan etibarən bərpa olunacaq. BŞH göstərdikləri anlayışa görə vətəndaşlara təşəkkür edir.
23-04-2023, 14:00
Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurulduLaçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
23-04-2023, 13:30
Lerikdə dəhşətli hadisə - ailənin 4 üzvü də elektrik cərəyanından öldüLerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
23-04-2023, 13:00
Ukrayna hakimiyyəti sülh təşəbbüsünə mənfi reaksiya verdiUkrayna hakimiyyətinin nümayəndələri Qərbdən səslənən növbəti sülh təşəbbüslərinə reaksiya verərək, Rusiya qoşunlarının çıxarılmasından əvvəl Rusiya Federasiyası ilə istənilən sülh danışıqlarına yenidən qəti şəkildə qarşı çıxıblar. Bu barədə "Strana" nəşri yazıb. "Rusiyanın məqsədi dəyişməz qalarkən - Ukraynanın dağıdılması - son vaxtlar səslənən sülh yolu ilə nizamlanma təşəbbüsləri rusiyayönümlü sülhməramlılıqdan başqa bir şey deyil. Bizi daim danışıqlar masasına oturtmayın, silah verin. Silah ən yaxşı vasitəçidir və Rusiya üçün başa düşdüyü yeganə ünsiyyət üçün arqumentdir", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov yazıb. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak da sülh təşəbbüslərini tənqid edib. “Kimsə sülh yolu ilə nizamlanma haqqında danışanda, Ukrayna yalnız bir şeyi eşidir – “təslim ol, təslim ol, Rusiya Federasiyasının ultimatumuna əməl et”, - Podolyak yazıb. Qeyd edək ki, bundan əvvəl İtaliyanın müdafiə naziri Pekinin vasitəçiliyi ilə Moskva və Kiyevi danışıqlar masasına oturmağa çağırıb. Bundan başqa, bir gün əvvəl Braziliya prezidenti Lula da Silva yenidən danışıqlara çağırıb.
23-04-2023, 12:30
Ermənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsi komitəyə verildiErmənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinin ərazisi Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib. Proses martın sonunda başa çatıb və idarə artıq Kadastr Komitəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamələr alıb. Keçid məntəqəsinin nə vaxt istismara hazır olacağı ilə bağlı suala Komitədən cavabda bildirilib ki, işlər ilkin mərhələdədir. Şirak bölgəsindəki keçid məntəqəsi ilə də analoji prosesin nəzərdə tutulub-tutulmamasına gəlincə, bu keçid məntəqəsinin Komitənin yurisdiksiyasına verilmədiyi məlum olub. Aprelin 21-də Ermənistan hökuməti gömrük-keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb. Tikinti layihəsinin ümumi dəyəri, avadanlıqların alınması, layihənin ekspertizası və s. təxminən 1.9 milyon dollardır.
23-04-2023, 12:00
Sabahın hava proqnozuAprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22°, bəzi yerlərdə 25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütuna enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.