Azərbaycanda aprelin 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 16-20° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-6° isti olacağı bildirilir.
Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskvada keçirilməsi planlaşdırılan görüşü ertələnib. Görüş sabah keçirilməli imiş. Lakin açıqlanmayan səbəblərdən tədbir may ayına təxirə salınıb.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. AzTV bununla bağlı reportaj hazırlayıb. Məlumat üçün bildirək ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu mürəkkəb relyefli, seysmik baxımdan aktiv ərazidən keçir. Yolun 40 km-lik hissəsində, Ağsu aşırımında torpaq sürüşmələri hələ də davam edir. Nəticədə nəqliyyatın hərəkəti üçün təhlükə yaranır. Bu səbəbdən yol yenidən qurulur. Daha ətraflı videoreportajda:
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tehran rejiminə xidmət edən daha bir nəfər tutulub. Məlumata görə, saxlanılan şəxslərdən biri əhli-beyt şairi, məddah Kamran Fəratdır.
İran hicab taxmayan qadınlara qarşı bu tədbirə əl atdı
İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır. Bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb. İran polisinin yaydığı məlumatda bildirilib ki, küçədə başıaçıq gəzən qadınlar ilk mərhələdə xəbərdarlıq məktubları alacaqlar. Bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı diqqətə çatdırılıb. Qeyd edək ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iranlı qadınların bir çoxu çadradan imtina edib.
Suriya ərazisindən İsrailə 3 raket atılıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, raketlərdən biri Qolan təpələrinə düşb, digərləri İsrail ərazisindən yan keçib. "Sky News Arabia" kanalı qeyd edir ki, İsrail ordusunun tankları cavab olaraq Suriya ərazisini atəşə tutub. Xatırladaq ki, bir neçə gün əvvəl Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu Livan və Qəzzaya cavab zərbələri endirib.
Ərdoğan israilli həmkarı ilə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsxaq Herzoq ilə telefon danışığı aparıb. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Telefon danışığı zamanı əl-Əqsa məscidi ətrafında baş verən hadisələr müzakirə olunub.
Müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır - XİN başçısı
Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında bildirib. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı aparıb
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.