Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
3-10-2024, 13:17
İsrail açıqladı: HƏMAS-ın hökumət başçısı və 2 vəzifəlisi öldürüldü


İsrail açıqladı: HƏMAS-ın hökumət başçısı və 2 vəzifəlisi öldürüldü

İsrail ordusu HƏMAS qruplaşmasının üç vəzifəli şəxsinin öldürüldüyünü açıqlayıb.
Bu barədə "Times of Israel" nəşri İsrail ordusuna istinadən məlumat yayıb.
Bildirilir ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi, Qəzza zolağının faktiki baş naziri Ravhi Muştaha İsrailin hücumu nəticəsində ölüb. Hücumun üç ay əvvəl baş verdiyi bildirilir. Onun ölümü barədə məlumat bu gün yayımlanıb.
Muştaha ilə yanaşı HƏMAS-ın siyasi bürosunda vəzifə tutan Sameh əs-Sirac, qrupun “ümumi təhlükəsizlik mexanizmi”nin rəhbəri Sami Odeh də öldürülüb.
Qeyd olunur ki, onlar Qəzza zolağının şimalında tuneldə gizlənərkən döyüş təyyarələri tərəfindən hədəfə alınıb.
HƏMAS yüksək vəzifəli şəxslərin ölümünü təsdiqləməyib. İsrail ordusu bildirir ki, HƏMAS itkilərini gizlədir.
Muştaha HƏMAS-ın hazırkı lideri Yəhya Sinvarın “sağ əli və ən yaxın silahdaşlarından biri” olub. Müştaha və Sinvar İsrail həbsxanasında birlikdə həbs cəzasını çəkiblər və daha sonra birlikdə HƏMAS-ın ümumi təhlükəsizlik mexanizmini yaradıblar.
“Müştəha Qəzza zolağında HƏMAS siyasi bürosunun ən yüksək vəzifəli şəxsi hesab olunurdu və müharibə zamanı HƏMASrejiminə vətəndaş nəzarətini saxlayıb, eyni zamanda İsrailə qarşı terror fəaliyyəti ilə məşğul olub”, - açıqlamada bildirilir.
3-10-2024, 13:13
Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu


Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.
“Azərsun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl dövlətimizin başçısına istehsal kompleksi haqqında məlumat verdi.
Bildirildi ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
3-10-2024, 12:59
İlham Əliyev və xanımı Cəbrayılda məktəbin açılışında


İlham Əliyev və xanımı Cəbrayılda məktəbin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.
Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
3-10-2024, 12:54
İrəvan Bakı ilə diplomatik münasibətlər qurmaq istəyir - AÇIQLAMA


İrəvan Bakı ilə diplomatik münasibətlər qurmaq istəyir - AÇIQLAMA

Ermənistan hesab edir ki, artıq sülh sazişi layihəsi
üzrə razılaşdırılmış bəndlər ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması və qalan məsələlərin müzakirəsinin davam etdirilməsi üçün kifayətdir.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
O, Ermənistan cəmiyyətini əmin edir ki, sülh müqaviləsinin məzmunu ictimaiyyətdən gizli deyil.
“Bu proses şəffafdır, biz proseslər barədə mütəmadi məlumat veririk, bütün görüşlər üçün müvafiq press-relizlər yayılır, məzmun barədə həm baş nazir, həm də xarici işlər naziri mütəmadi olaraq məlumatlandırılır”, - deyə o, jurnalistlərə bildirib.
“Azərbaycan niyə Ermənistanın bu təklifi ilə razılaşmır, bəlkə səbəb Ermənistan Respublikasının Konstitusiyasındadır” sualına xarici işlər nazirinin müavini cavab olaraq deyib ki, konstitusiya dəyişiklikləri onların daxili işidir:
“Rəsmi Bakının ifadə etdiyi narahatlıqlara artıq cavab verilib: demarkasiya komissiyalarının reqlamentinin təsdiqi prosesində Konstitusiya Məhkəməsi Bakının ifadə etdiyi narahatlığın reallıqla heç bir əlaqəsi olmadığını göstərən şərhlər verib”, - Kostanyan qeyd edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin 13 kilometrlik hissəsi (Qazax rayonu istiqamətində-red.) demarkasiya edilib (Azərbaycanın Ermənistanla 1000 kilometrlik sərhədi var).
Rəsmi Bakı bildirib ki, Azərbaycanla Ermənistan arasında s​​​​​Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh sazişinin imzlaanması üçün Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Çünki Ermənistan konstitusiyasındakı müstəqillik barədə müddəada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil.
3-10-2024, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
3-10-2024, 12:36
"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"


"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"

Əziz oxucular, ədəbi tənqidin ədəbi mədhiyyəyə çevrildiyi, hər yerindən duranın pul gücünə kitab çap elətdirib təqdimat keçirtdiyi, Yazıçılar Birliyinin (eyni dəstə) Üzvlərinin topa-topa həmin təqdimat mərasimlərində bir-birini təriflədiyi(daha doğrusu həriflədiyi) bir vaxtda Qocaman tənqidçi Qurban Bayramovun aşağıdakı qeydlərini sizlərlə bölüşmək istədim. Söz qədri bilənlərə sayğılarla: Tamxil Ziyəddinoğlu- “Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru.

Qurban Bayramov:
“Belə düşündüm ki, bir mətləbi Sizlərlə bölüşüm. Xəbər vermişdim ki, 20 il bundan əvvəl əvəzedilməz milli şairmiz Məmməd Arazın 60 illik yubileyi münasibətilə elmi sessiyada etdiyim "Vətən daşını vətəndaşa çevirən Məmməd Araz" adında məruzənin mətni hissə-hisə "Bütöv Azərbaycan" qəzetində dərc edilir. (Bax: "Bütöv Azərbaycan", 25-30 sentyabr, 02-08 oktyabr 2013-cü il 31, 32 saylı qəzet.) Qəzetin 32-ci sayının 10-cu səhifəsindəki mətnin bir hissəsinə yeni başlıq qoyub diqqətinizə çatdırıram:”
"Məmməd Arazın "Səməd Vurğunla söhbət"i"
“Səməd Vurğunla söhbət” şerində vaxtilə güclü mənəvi keyfiyyətlər qazanmış ədəbi mühitdə baş verən əxlaqi-mənəvi mürəkkəblik, ziddiyyət, deqredasiya, təbəddülat bütün reallığı ilə əksini tapır, təsirli və ibrətamiz mahiyyət kəsb edir:
Alqış, alqış! Az qaldı ki, tavan sına!
Sən gəlmədin bu axşama, səsin gəldi;
Səsin əvvəl qulağıma həzin gəldi.
Sonra bir az nəfəsinə qüvvət gəldi.
ÇOX XƏBİSLƏR elə bildi, Səməd gəldi:
ÖN SIRADA TİTRƏDİLƏR,
ÖN SIRADA BÜDRƏDİLƏR,
Lent qurtardı, nəfəs dərib, “ox” –
dedilər...
Çox vəfalı dostların da
O gecədə yoxdu ancaq;
Bilirdilər Səməd bir də
Məruzəçi olmayacaq...

...Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur...
Səndən sonra
...Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib...
...Cavanlara vədlər artıb;
Vədlərin iki misli sədlər artıb...

Səməd Vurğunun vəfatından sonrakı dövrdə Azərbaycan ədəbiyyatında yeri, zənginliyi, milli şöhrəti, qüvvətli humanizmi, fəlsəfi dərinliyi və yetkinliyi, intellektual dolğunluğu bu şeirdə bir daha təqdir və təsdiq olunurdu... Burada Səməd Vurğunun şəxsində poeziyamızın müqtədir, korifey bir sənətkarının lirik qəhrəmana çevrilmiş mübariz, aparıcı, öncül xarakteri boya-boy görsənir...
Məmməd Arazın “Şair vüqarı” şerində də bu motivi davam etdirmiş vüqarı, qüruru, əyilməzliyi (“Əyilməz vicdanın böyük heykəli” misrasını xatırla) şairə xas olan əsas və gözəl xüsusiyyətlərdən biri kimi qeyd etmişdir:
Vüqarla yaşamış söz babaları,
Onu yaşatmasın şerimiz niyə?
Əyilmək bilməyən şair vüqarı
Yalnız baş əyibdir əyilməzliyə.

Əyilə-əyilə yaşayanlar, “tabelər”, “müti məhəbbətlər”, “həlim təbiətlər” şair şəxsiyyətinə uyğun gəlmədiyindən Məmməd Arazın şair qəlbini yaralayır, onların hökmranlar qarşısında qatlanmış dizlərini, əyilmiş bellərini düzəltmək istəyi ilə yazır bu şeiri və kişi vüqarı ilə təmiz, məğrur yaşamaq, şair-insan ömrünün ən qiymətli tarixi və əzəli səhifələridir, - deyilir bu şeirdə...
“Söz babalarına” xas mənəvi keyfiyyətləri, prinsipiallığı və vüqarı qorumağı və inkişaf etdirməyi umur qələmdaşlardan Məmməd Araz və sənətkar şəxsiyyətinin bütövlüyünü də bunda görür, yazıda-pozuda bir cür, həyatda, məişətdə başqa cür olan “qələm tutanları” mənəvi bütövlüyə çağırır... Əslində, yaradıcı şəxsiyyət yaradıcılığındakı iddiyaya uyğun bir şəxsiyyət olmalıdır...
O, öz fikrini demək üçün “ Səməd Vurğunla söhbət”dən ədəbi priyom kimi istifadə etmişdir. Söhbət mahiyyət etibarilə Səməd Vurğundan getmir. Şair xəbisləri, paxılları, dili ilə ürəyi bir olmayan, dırnaqarası “vəfalı dostları”, cəsarətsizliyi, hərarətsizliyi, Səməd Vurğunu bədxah niyyətlə “silkələmək” təşəbbüsündə olanları tənqid etmişdir. Səməd Vurğun olmasın, qeyrisi olsun, şair, ümumiyyətlə, ədəbi mühitdə müşahidə etdiyi haqsızlığa qarşı çıxır. Xəbisləri, paxılları, öz şöhrəti üçün başqalarını ləkələməyə çalışanları tənqid etmək lazımdır ki, bu hal davam etməsin, ədəbi mühitdə daha sağlam, daha mehriban münasibətlər yaransın. Xəbislər bilsinlər ki, onların haqsızlığı çoxlarının etirazına səbəb olur və unudulmur...
Bu şeirin üzərində ona görə belə dayandıq ki, şeir vaxtilə ədəbi mühitdə də mübahisə və müzakirə doğurmuşdu... Beləliklə, Məmməd Araz lirikası ardıcıl bir şəkildə dövrün yaradıcı pafosunu, fəlsəfi axtarışlarını əks etdirdiyindən ürəklərə asanlıqla yol tapır, öz hərarəti ilə qəlbləri isindirir, orada özünə yuva salır. "
Mənə elə gəlir ki, bu ilin ortalarında Səməd Vurğun şəxsiyyəti və irsi ilə bağlı baş verən insidentə böyük Məmməd Araz ən tutarlı cavabını vermiş, mən də bunu görüb 20 il bundan qabaq təqdir etmişəm...
03.10.2013.
3-10-2024, 12:23
Prezidentlə xanımı Cəbrayıla getdi - FOTO


Prezidentlə xanımı Cəbrayıla getdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Diqqətə çatdırıldı ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə hazır evlərə baxdılar.
Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-ci il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.



3-10-2024, 12:11
Ruslan İzzətlinin həbs müddəti uzadıldı


Ruslan İzzətlinin həbs müddəti uzadıldı

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Ruslan İzzətli barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar.
3-10-2024, 11:57
Talış kəndinə köçürülənlər işlə təmin olunub


Talış kəndinə köçürülənlər işlə təmin olunub

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub.
Onlar özünüməşğulluq, vakansiyalara uyğun işlə təminat, haqqı ödənilən ictimai işlər proqramları çərçivəsində işlə təmin ediliblər.
Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
3-10-2024, 09:58
TÜRKMAN TƏK OĞULLAP OLMASA ƏGƏR…

TÜRKMAN TƏK OĞULLAP OLMASA ƏGƏR…

Qələm dostum, yazıçı Hüseyn İsaoğlu «Vətənin ölməz şəhidi» kitabını mənə sarı uzadıb kövrək və titrək səslə pıçıldadı: «Bacım oğlu Türkman haqqında xatirələr toplusudur. İkinci Qarabağ müharibəsində - 22 yaşında şəhid olub». - Dostum Hüseynin müəllifi olduğu «Vətənin ölməz şəhidi»ni müqəddəs «Qurani Kərim» kitabı kimi ürəyimin üstünə qoyub mən də kövrək səslə belə dedim: «Türkman təkcə sənin bacın oğlu deyil, o, həm də mənim bacım oğludur, hər bir azərbaycanlının bacısı oğludur. O qeyrətli Vətən oğlu doğma Qarabağın azadlığı uğrunda, həm də damarlarında türk qanı axan hər kəsin azad və xoşbəxt yaşamağı uğrunda, Azərbaycanın suverenliyi uğrunda şəhid olub, canını bu millətin yolunda qurban verib». - Susdum. Daha heç nə deyə bilmədim. Axı nə deyəyədim?
Və həmin günün axşamı «Vətənin ölməz şəhidi» kitabını oxumağa başladım. Qəhər məni boğurdu, göz yaşlarımı saxlaya bilmirdim. Kitabı oxuya-oxuya özümü Türkman balamızın yanında - döyüş cəbhəsində hiss eləyirdim, özümü onunla birlikdə döyuş meydanında - Füzuli-Cəbrayıl-Qubadlı istiqamətində gedən ölüm-dirim savaşında görürdüsm. Həm də görürdüm ki, o igid əsgərlə, Vətənin qəhrəman oğlu ilə çiyin-iyinə vuruşuram. Bir də baxıb gördüm ki, gecə yarıdan keçib, pəncərəmdən Ay işığı süzülür. Ay işığına baxdım. Birdən mənə elə gəldi ki, pəncərəyə düşən Ay işığı Türkmanın müqəddəs ruhudur. Elə bu zaman qeybdən bir səs gəldi:
- Oxuduğunuz nə kitabıdır?
- Şəhid Türkmanın ömür kitabıdır, - qürurla bildirdim.
- Türkmanın ömür kitabı hələ yazılıb qurtarmayıb.
- Türkman ömür kitabını özü yazıb, - dedim. - Onun yazdığı ömür kitabı bu günkü və gələcək nəsillər üçün bir vətənpərvərlik, yurdsevərlik nümunəsidir, düzlük, şərəf və ləyaqət, igidlik, cəsurluq, qorxmazlıq nümunəsidir, kişilik və qeyrət nümunəsidir.
- Düz deyirsiniz! Türkman kimi oğullar vətənin, millətin başucalığıdır, qeyrət simvoludur. Onlar Vətən üçün doğulub, Vətən üçün canlarından keçərək ölməzliyə qovuşurlar… Türkman indi Tanrı dərgahındadır! - Qeybdən gələn səs qəfil eşidildiyi kimi, qəfil də yox oldu. Ay işığı pəncərəmdən yavaş-yavaş çəkilirdi. Hiss etdim ki, dan yeri qızarır. Dan yerinin qızartısında Türkmanı gördüm. Onu səsləmək istədim. Elə bu zaman diksinib ayıldım və yuxu gördüyümü hiss elədim. Və mənə elə gəldi ki, şəhid Türkman Məmmədovun ruhu Ay işığına dönüb mənimlə «görüşə» gəlib. Doğrudan da «Vətənin ölməz şəhidi» kitabını oxumaq, elə şəhid Türkmanın ruhu ilə görüşmək deməkdi. Və mən də kitabı oxuyub vətənin qəhrəman oğlu ilə görüşdüyümü zənn edirəm.Kitabın hər səhifəsində Türkmanın özünü görürsən, onun vətənə, xalqa, millətə layiq bir oğul olduğunu hiss edirsən. Onun kimi oğullarla bir daha fəxr edirsən, öyünürsən. Öyünürsən ki,Azərbaycan Türkman kimi igid, mərd, cəsur oğullar yurdudur. Nə qədər ki, Türkman kimi oğullar var, Vətən də var! Məhz onun kimi igid oğulların sayəsində Azərbaycan öz suverenliyini bərpa elədi, üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində…dalğalanmağa başladı. Qarabağın hər yerində göylərə ucalan üç rəngli bayrağımız Türkman kimi ər oğulların canlarını qurban verməsi nəticəsində dalğalınır və həmişə də dalğalanacaq…«Vətənin ölməz şəhidi» adi kitab deyil, Hüseyn adlı dayının bacısı oğlu Türkmana ucaltdığı möhtəşəm bir abidədir. Bu abidə sözlə ucaldılıb. Sözlə ucaldılan abidə abidələrin ən möhtəşəmidir və həm də əbədidir.

Kitabı yarpaq-yarpaq çevirib oxudum və hər səhifəsinə göz yaşlarımın damla-damla töküldüyünü görüb özümü ələ almağa çalışdım. Amma bacarmadım. 22 yaşlı gəncə - ürəyində sevgi tumurcuqları təzəcə göyərməyə başlayan bir cavana necə göz yaşları axıtmayasan? «Füzulinin azadlığı uğrunda», «Vətən uğrunda» medalları ilə təltif edilən, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan, adını İkinci Qarabağ müharibəsinin ən şanlı səhifələrinə qızıl hərflərlə yazdıran Türkman Yolçu oğlunun gənc yaşlarında həyatdan köç etməsinə kədərlənsək də, onun keçdiyi şərəfli, amma qısa ömür yoluyla fəxr edirsən, sevinirsən. Sevinirsən ki,onun kimi yurddaşımız, soydaşımız olub və onun kimi oğullar bu gün də var, sabah da olacaqdır.
«Vətənin ölməz şəhidi» kitabını oxuyub başa vurandan sonra istər-istəməz öz-özümə pıçıldadım: «Sağ ol, Yolçu kişi! Sağ ol, Rəhimə bacı! Sağ olun ki, Türkman kimi oğul böyütdünüz. Elə bir oğul ki, o, təkcə sizin deyil, bütün Azərbaycanın oğlu kimi tanındı. Onun kimi oğullarla, ancaq fəxr etmək olar!
Başını dik tut, Rəhimə ana!
Başını dik tut, Yolçu kişi! Türkman ölməyib, şəhid olub. Şəhid olmaq Tanrının bəxş etdiyi ən böyük xoşbəxtlikdi. Bu xoşbəxtlik sizin oğlunuza da qismət oldu. Bu, Allahın qismətdiir. Allahın qismətinə şükür!».
…Yazıçı Hüseyn Məmmədov «Vətənin ölməz şəhidi» kitabıyla, həm öz yazıçı missiyasını, həm də öz dayı borcunu ləyaqətlə yerinə yetirib. Qələmini ürəyinin qanına batırıb belə bir təsirli və sanballı kitabı oxuculara ünvanlayıb. Bu kitab həm də bir qəhrəmanlıq dastanıdır. Bu kitabı oxuyan hər bir gəncin qəlbində qəhrəmanlıq, vətənpərvərlik duyğuları baş qaldıracaq və onlar da Türkman kimi vətənə layiq bir övlad olmağa çalışacaq, Türkmanın keçdiyi həyat yolundan çox şey öyrənəcəklər…
«Vətənin ölməz şəhidi» (Bakı, 2021) xatirələr toplusunda Türkman Məmmədov haqqında geniş məldumat verilib, onun həyat yoluna bir nəzər salınıb. Bu xatirələri oxuduqca, onun ömür yolu ilə tanış olduqca gözlərimiz önündə ucaboy, enlikürək, cəsur və mərd bir oğul canlanır. Elə bir oğul ki, onun kəsilən dırnağını müharibə vaxtı dovşana, dinc vaxtı şirə dönən yüzlərlə harınlamış məmur balalarının həyatından daha qiymətlidir. Elə bir oğul ki, dünyaya kişi kimi gəldi, kişi kimi getdi. Və İkinci Qarabağ müharibəsindən yayınan, qaçıb gizlənən varlı balaları onun kimi oğulların əllərinə su tökməyə belə layiq deyillər.
Türkman kimi oğullar, əslində harın məmur balalarına, varlı balalarına bir kişilik dərsi keçdilər. Amma onlar kişilik dərsinə yiyələnə bilmədilər. Kişilik kişinin qanında olar. Var-dövlət, sərvət içində xumarlanan, yaşadıqları qəsrləri vətən bilən «kişilərdən» kişilik gözləmək də əbəsdir.
Türkman ərz elədiyim kimi dünyaya kişi kimi gəlmişdi… İlk kişilik dərsini dünyaya göz açdığı Gədəbəy elinin Hacılar kəndində almışdı. Hacılar kəndinin dağ havası, bulaq suyu onu mərd, cəsur böyütmüşdü. Eləcə də atası Yolçu kişinin haqqsevərliyindən, halallığından, zəhmətsevərliyindən… onun damarlarında axan qana, sinəsində döyünən ürəyə bir vətənpərvərlik toxumu, qeyrət toxumu səpilmişdi. Bu qeyrət, vətənpərvərlik «toxumu» onun polad sinəsində yavaş-yavaş cücərib boy atmışdı. Məhz buna görə də, Türkman qəhrəman oğul olmaldıydı, oldu da.
Qəhrəmanlıq süddən, sümükdən gəlir. Türkman onun taleyinə yazılan qəhrəmanlıq missiyasını şərəflə yerinə yetirdi. Oktyabrın 2-də cəbhəyə yola düşdü. 25 gündən sonra qanıyla bir qəhrəmanlıq, igidlik dastanı yazaraq haqq dünyasına qovuşdu. Onun yazdığı qəhrəmanlıq dastanı «Vətənin ölməz şəhidi» kitabında əks olunub. Ona görə də Türkmanın qəhrəmanlığından, şərəfli ömür yolundan söz açmadım, sadəcə olaraq qəhrəman bir oğuldan bir neçə söz deməklə kifayətlənməli oldum.

Və ən nəhayət, sözümü üç yarpaq şeirlə tamamlamaq istəyirəm:

Sonalar uçuşub hər göldən gedər,
Ən şirin arzular könüldən gedər.
Vətən əldən gedər, yurd əldən gedər,
Türkman tək oğullar olmasa əgər!

İndi nə Kəlbəcər, nə Şuşa vardı,
Doğma türk elləri yada qalardı.
Axan göz yaşımız daşı oyardı,
Türkman tək oğullar olmasa əgər!

Bilməzdik payızdı, bilməzdik yazdı,
Şəhidlər olmasa, Vətən olmazdı.
Düşmən daş üstündə bir daş qoymazdı,
Türkman tək oğullar olmasa əgər!


Vaqif İSAQOĞLU
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!