Fətullah Gülənin varisi kim olacaq? - Şəbəkə Azərbaycanda da örgütlənmişdiUzun illərdir ABŞ-ın Pensilvaniya şatatında yaşayan türkiyəli ilahiyyatçı, FETÖ terror təşkilatının 83 yaşlı başçısı Fətullah Gülən ölüb. Gülənə yaxın mənbələr xarici KİV-ə onun Pensilvaniya ştatında dəfn olunacağını bildirib.
Bu arada xarici media Gülənin yerinə kimin keçəcəyindən də bəhs etməkdədir. Bu da səbəbsiz deyil: “Gülən şəbəkəsi” milyardlarla dollar gəlirə sahibdir və təşkilat bu vəsaiti idarə edəcək şəxsi mütləq müəyənləşdirməlidir.
Məlumatlara görə, “Gülən şəbəkəsi” təkcə Afrikadakı məktəblərdən ildə 250 milyon dollar gəlir əldə edir.
CNNtürk xəbər verir ki, FETÖ təşkilatının ümumi büdcəsi 200 milyard dollara bərabərdir. Adı çəkilən media qurumu hesab edir ki, təşkilat ABŞ qanadı tərəfindən idarə olunacaq.
"Əgər parçalanma olmasa, öz aralarında barışsalar, 200 milyard dollara sahib olan strukturun rəhbəri Mustafa Özcan və ya Cevdet Türkyolu olacaq”, - CNNtürk yazıb.
Fətullah Gülənin ölümündən sonra onun yerinə gətiriləcək şəxslər sırasında örgüt başçısına daha yaxın olan Cevdet Türkyolu (Gülənin katibi), Mustafa Özcan (örgütün "pul kassası"), Osman Şimşek (Gülənin sosial media məsulu), Ekrem Dumanlının (şəbəkənin media məsulu) kimi şəxslərin adı çəkilir.
Fətullah Gülən 2016-cı ildə Türkiyədəki dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunduqdan sonra onun rəhbərlik etdiyi FETÖ örgütü rəsmi Ankara tərəfindən terror təşkilatı elan edilib.
Fətullah Gülənin himayəsilə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd iki gün davam etmiş və həmin qarşıdurma nəticəsində 250-dən çox insan həlak olmuş, 2,2 min nəfər yaralanmışdı.
Ankara dəfələrlə ABŞ-dan Gülənin təhvil verilməsini tələb edib, həmçinin FETÖ tərəfdarlarının sonuncusu məhkəmə qarşısına çıxarılana qədər təqib edəcəyini bəyan edib.
Türkiyədə mütəmadi olaraq Gülən tərəfdarlarına qarşı əməliyyatlar keçirilir.
Hazırda dünyanın müxtəlif ölkələrində “Gülən şəbəkəsi”nin himayəsi altında çalışan məktəblər, universitetlər, media orqanları və digər qurumlar fəaliyyət göstərir.
Xarici mətbuat yazır ki, bu gün 150-dən çox ölkədə Gülən tərəfdarları tərəfindən açılan təxminən 1400 məktəb fəaliyyət göstərir.
Siyasi ekspert Elxan Şahinoğlu Fətullah Gülənin ölüm hadisəsini şərh edib.
Onun sözlərinə görə, bu olay yeni mövzular gündəmə gətirəcək.
“Aydındır ki, örgütün liderinin Türkiyədə dəfn olunması mümkün deyil. Böyük ehtimalla onu yaşadığı ABŞ-ın Pensilvaniya ştatının və ya başqa ştatın müsəlman qəbiristanlığında basdıracaqlar”.
E.Şahinoğlu bildirib ki, ikinci məsələ örgütün fəaliyyətini hansı şəkildə davam etdirəcəyidir:
“Fətullah Gülən ağır xəstəliyi səbəbilə varisini əvvəlcədən seçməmiş deyil. Həmin varis ya onun qohumlarından, ya da Pensilvaniyadakı yaxın ətrafından biri olacaq. Həmin varis şəbəkəni ayaqda saxlamağa və topladıqları milyardlarla dolları idarə etməyə çalışacaq. O, FETÖ içində Gülən qədər populyar olmacayağından örgütdə fikir ixtilafının dərinləşməsi istisna deyil”.
Ekspert düşünür ki, Türkiyənin müvafiq strukturları Gülənin ölümündən istifadə etməklə örgütü ümumiyyətlə çökdürməyə çalışacaqlar:
“Asan olmayacaq. Çünki örgütün ABŞ, Avropa, hətta Afrikada müxtəlif mərkəzləri fəaliyyət göstərir ki, hamısı gəlir gətirir. Vaxtilə Azərbaycanda da örgütlənmişdilər, indinin özündə də Fətullah Güləni “hocamız” deyə qiymətləndirənlər var. Onlarla çox mübahisəm olub, hər dəfəsində də “hoca”nın hərbi çevrilişə cəhddə və nəticədə yüzlərlə insanın həlak olmasında heç bir rolunun olmadığını vurğulamağa çalışıblar. Sanki yadplanetlilər hərbi çevrilişə cəhd edib və insanlara atəş açıblar...”.