Təranə Dəmir yazır: SÖZ  ÜSTƏGƏL  VİCDAN  BƏRABƏRDİ  ƏDALƏT.Hərdən  fikirləşirəm ki, zaman  niyə  bu  qədər  alt -üst olub?  Olmazdımı ki, üst  mərtəbədə  yaşayanlar  alt  mərtəbəyə  enməsinlər  və yaxud  əksinə. Hər  şey  öz yerində  qala  bilməzdimi? Çox vacib idimi  bu yerdəyişmə?  Sonra  dönüb  zamana  baxıram və vaxt düşüncələrimdən  keçənləri öz  mizan-tərəzisindən  keçirir. Bir  də fikirləşirəm ki,  əlindən  tutduğumuz  söz  bir vaxt  bizidəmi  yarı yolda  qoyacaq? Bizdəmi  itib  batacağıq  zamanın  burulğanında? Vaxtın qayçısı  bizim də  sözümüzü  kəsib  doğrayacaqmı? 
Bircə onu bilirəm ki, hər  şey  öz  ritmində  gedir. Heç  kimin  gücü  çatmaz  bu nizamı  pozmağa.  
Hər  zamanın   bir hökmü  var və biz  zamana  qalib  gələ bilmək  iqtidarında  deyilik. Dünən sitayiş  etdiyimiz  bütlər  bu gün  sınıb  tökülür və sabah  nə olacaq, bilmirik. 
Onu da  bilirəm ki, sözdən ehtiyatla  tutmaq  lazımdır ki, sonra  qırılıb üstünə tökülməsin. Keçmişlə  yaşamaq, həm də eyni zamanda  keçmişə daş atmaq da olmaz. Hər şey qədərində  və çəkisində  gözəldi. Kökə bağlılıq  da mütləqdi. Təəssüf  ki, indi  bizdə kökündən  baltalamaq  prinsipi  ilə yaşayanlar  çoxdu. Əsasən də bu gənclər arasında  çox yayılıb. Özü də bu özünü daha  çox   ədəbiyyat  sahəsində göstərir. 
Kökü  baltalamaqla  qolsuz, budaqsız, havadan asılı ədəbiyyat  yaranıb. Yox, qətiyyən   yeniliyin  əleyhinə deyiləm. Yetərincə  istedadlı  gənclərimiz  yetişir.  Bu  çox  sevindirici  haldl. Özü  də   bizdən  daha  üsyankar,  fikirlərini  səlist  ifadə etməyi bacaran, düşüncələrində azad, özünə inanan, sözünə  güvənən   gənclik. Bu çox  qürurvericidi. Amma  sələflərinə sadiq  qalmaq  da  mütləqdi. Poeziya  onsuz  da  dəryadı. Hər yazar  bu ümmandan  bir  damla  götürür. Kimi dərində üzməyi sevir, kimi dayazda. Axır  ki,  hərə  bir cür  yapışıb  gedir  sözün  əlindən. Hərənin  də  dünyaya  öz  baxış  bucağı  var. Heç kimi  məcbur  edə  bilmərik ki, bizim  pəncərəmizdən  baxsın. Birinə  xoş  gəlməyən  söz o birinin  ürəyincə  ola bilər,  ya da əksinə. Fərqli  düşüncələrdən   fərqli qənaətlər  doğur. Əsas  odu ki, ortalıqda  söz var  və onu  yaşatmağa  çalışırlar. Altını  üstünə  çevirsələr  də.  Bu  heç  olmamaqdan daha  gözəl deyilmi? Hər  kəs bacardığı  qədər  sözün  yanındadı. Hərə  öz gücü daxilində  sözün qulpundan yapışıb qaldırmağa çalışır. 
Klassiklərimizdən  üzübəri  bu  belə  davam  edir və  edəcək də. İnkişaf isə həmişə  var  və hamımız  bu inkişafla  razılaşmalıyıq.  Yerində  saymaqla olmaz. Əlbəttə  kortəbii axının arxasınca  getmək də ağılsızlıqdı. Bəzən   yaşlı nəslin  nümayəndələri  gənclərin emosional  çıxışlarından qıcıqlanırlar. Əsasən  köhnəlikdə  ilişib qalan orta  və  yaşlı  nəsildən gedir  söhbət ( İstisnalar   var). Axı  nimdaş  paltarda  ən  gözəl qadın da  öz  cazibəsini  itirir. Əksinə,  yeniliyə  can atan gənclərə dəstək  olmaq  lazımdı. Yetər ki, bu gənclərin ədəbiyyatda deməyə sözü  olsun. Heç bir janra, üsluba uyğun gəlməyən, fikirləri  qaranlıq, işıqdan qaçan, qupquru  pafosdan  başqa  heç bir  məna  kəsb  etməyən  və özünü  ədəbiyyata  sırımağa  çalışan    yalançı sözbazlardan danışmıram. Əsl, ciddi ədəbiyyatdan  gedir  söhbət. Sevindirici  haldı ki, ədəbiyyata  yeni  nəfəs  gətirən, təptəzə fikirlərilə  poeziyanı yerindən  oynadan gənclərimiz  yetişir. Bu  gənclər  tənqid  olunmaqdan  da  zərrəcə  qorxmur.  Kütləviləşmək  istəmir  bu gənclər. Əlbəttə  söz  bolluğunun içində  öz imzanı  bir ayrı  müstəvidə görmək  çox sevindiricidi. Bu bolluqda  özünü,  sözünü  təsdiq etmək  də  asan deyil. Özünütəsdiq  də bir uğurdu. Amma  bu uğuru  keçmişə daş atmaqla da  qazanmaq olmaz. Hər  şeyin  öz  qədəri   var. Sərhəddi  aşmaq   olmaz. 
Tənqid  qərəzə  çevrilməməlidi. Təmiz,  azad, sağlam  rəqabətdən  ziyan gəlməz. Pis odu ki,  bu hal  xəstəliyə və mərəzə  çevrilə.  Bu ədəbiyyatı  faciəyə sürükləyər.    Hərdən  mənə sual verirlər ki,  bu qədər yazarın içində  niyə məhz Qulu Ağsəsdən  kitab yazdınız? Çünki Qulu  ən çox  sual  doğuran, dili  və  üslubu  ən gec  anlaşılan  şairlərdəndi. Onun  sözünü  hədəfə alanlar   məcbur  etdi  ki,   mən  yazım. Qulu  Ağsəsin  sözünü  güllənin  altından  çıxarmağa  çalışdım. Nə qədər  bacardımsa, onu da  Tanrı  bilir.  Mən  fərqli  düşünən, köçə qoşulmayan  insanlarla  yola  çıxmağı  sevirəm.    Qulu  da belələrindəndi.  Öz  sözüylə, öz fikirləriylə  yola çıxır. Nəyi   varsa  özünündü. Yaxşı, ya  pis.  Küləyi  də, yağışı da gözə alır. Tənqid  edilir, anlaşılmır, amma  öz  yolundan dönmür. Öz  cığırıyla  getməyi sevir. Onun dünyaya, Tanrıya, sevgiyə, Vətənə, torpağa, övlada  bir  ayrı  yanaşması  var  və  hər dəfə  Qulunun  fikirləri  sual  doğurduqca  məndə  qəribə  maraq oyanırdı. Onun  düşüncələrinin  alt  qatında  gizlənənləri  oxumağa  çalışırdım  və  hər  dəfə də  bir  ayrı  adamla  üzləşirdim. İxtisasca  jurnalist-publisist  olduğumçun  onun  fikirlərini  öz  düşüncələrimlə   qarşı qarşıya  qoyurdum. Onunla  belə yol  getmək daha asan olurdu. Gah  o qalib olurdu,  gah  mən. Ən sonda  qalibiyyəti  əlli əlliyə  bölüşürdük.  Əslində  fikrim  onu qaldırıb dağ  başına  da qoymaq  deyildi. Sadəcə  oxucuya  Qulu  Ağsəsi   olduğu kimi təqdim  etmək  istəyirdim.  Beləcə  göz açıb  yumunca  gördüm  ki,  bütün  bu maraqlardan  yeddi  məqalə ərsəyə gəlib. Bu məqalələrdə  son  qənaətim  bu oldu  ki, Qulu  kütləviləşmək  istəmir. Əl  çəkin ondan. Ona  bir  az da  bəs  edir.  

Mənə elə gəlir ki, əslində Qulu sual verir, şeir yazmır. Sonra  sualdan sual  doğur. Sonra  öz sualına  özü  cavab verir. Sonra  bir də, bir də.. AYB -nin  mətbu  orqanları  içərisində  adamı  incitməyən  də elə   onun rəhbərlik etdiyi "Ulduz" jurnalıdı. Burda da Qulu  bir addım  irəli  getməyə çalışır. Əlbəttə yenə kökə toxunmadan. Onun haqqında  yazdığım  fikirlərdə  heç nəyə və heç kimə istinad etməmişdim. Sırf  öz  düşüncələrim və qənaətlərim  idi. Təki bundan sonra da yanılmayım…
Sonra   Qəşəm Nəcəfzadənin  yaradıcılığı  ilə  xarakterini  qarşılaşdırdım . Hansı  tərəfə  çevirdimsə gördüm   eyni  adamdı. Onun haqqında  yazdığım  yazılar da tənqiddən doğdu. İnsanlar  onu anlamadıqca mən bir addım  da yaxınlaşdım ona. Nizamsız, pərakəndə şeirlərini bir yerə yığdım və  oxucunu  inandırdım ki, Qəşəm ruh  şairidi. Necə düşünürsə elə yazır. Ütünü  sevmir, qafiyə acı deyil. Hecadan  çıxmaq onunçun iki vur ikidi. Eyni  zamanda  söz  verib unudanlardandı  həm də.  Sevir ki, onu  qovsunlar,  tutsunlar, sonra  bir də  əlimizdən çıxıb qaçsın ...Sözü  pillə -pillə qalxır.  Bəzən  onun ağlaya-ağlaya  yazdığı  şeirlərə  gülürlər. Bəzənsə gülə -gülə yazdığı  şeirlərə  ağlayırlar. Demək  Qəşəm  də  dayazı  sevmir. Bacardığı qədər  dərində  üzmək  istəyir. Şübhəsiz   bacardığı  qədər. Şeirdə  obrazlılığı  sevmir. Amma  bilmir   ki, ( bəlkə  də bilir) poeziyanın   bəzəyi  obrazlılıqdı.  
Şeirin  bədii gücü  zəif  olduqda  kütləviləşir.   Şeirlərimizi  aylarla sandığında  saxlamaqdan da xüsusi  zövq  alır. Amma  Qəşəmi  olduğu  kimi  qəbul  və  təqdim  edirəm.  Ən az üç ildi  deyir ki, sənin yaradıcılığından  məqalə yazacam. Mən  onu  olduğu  kimi    təsvir  etmişəm  zənnimcə. Maraqlıdı  ki, o məni  necə  görür? Ürəyimdən  və duyğularımdan  keçənləri  duya bilirmi? Ümumiyyıtlə  məni  tanıyırmı  Qəşəm  Nəcəfzadə? Maraqlıdı.  Qismət. Dedim axı Qəşəm  Nəcəfzadə gizlənpaç  oynamağı  sevir. 
Daha sonra dedilər ki, Fəxrəddin Teyyubun  şeirləri  kiflənib, naftalin  iyi verir,  nəyini  tərifləmisiz? Oturub  öz yazımı  dönə -dönə oxudum.  Axı  tərif  etməmişəm. Demişəm ki, Fəxrəddin Teyyub sözün əlindən tutub yeriyən şairdi. Burda  nə var  axı? Bu adam poeziya  vurğunudu, sözü qarabaqara  izləyir. Bunun nəyi pisdi ki?   Hecaya qaçır, kökünə bağlıdı, qafiyə sevdalısıdı.  Bu ondan  irəli  gəlir ki,  vaxtilə qanunlarımızın  keşiyində  dayanıb... Öz yolu var. Özünə  qoyduğu  qadağalardan kənara  çıxmır. Sərhəddi  sevir. Əsas  odu  ki, hər  şeirdə  özüdü. Lap  keçmişdə  qalsa da,  sözü  köhnə  paltardan çıxarmaq  istəməsə də, bu adam  hər   sözündə  özüdü.   Onun haqqında yazdığım yazı da  tərif yox,  təqdimatdı. 
Fəxrəddin Teyyub öz məhkumiyyətinə vurğundusa, onu kim yolundan döndərə bilər? Bu adam doğrularına sadiqdisə  bunu  sadəcə  təqdir  etmək lazımdı.
Xalq yazıçısı Anardan yazanda da narazı qalanlar  çox oldu. Axı  mən yazıçının şəxsi  keyfiyyətlərindən  yox, yaradıcılığından söz açmışdım. Özü də  sevgiylə, pafossuz, heç  bir  fəxri ad güdmədən, məqsədsiz. Mən cismən Anarın yanında deyiləm, əlindən, ətəyindən də yapışmıram. Cəmi  bircə dəfə görüşmüşük  onunla . AYB -nin üzvlük vəsiqəsini  təqdim edəndə. Onu  uşaqlıqdan tanımışam  və əsərləriylə böyümüşəm. Bütün səhviylə və düzüylə Anar  yaxşı  yazıçıdı mənim  gözümdə.  Təkrar  edirəm ki, mən heç bir yazıçını, şairi  tərif  etməmişəm. Əksinə yumşaq -yumşaq  tənqid  etmişəm. Sadəcə içində qərəz  olmadığı üçün tərif kimi qəbul ediblər. Ədəbi  tənqid  də belə olmalıdı. 
Sonra da yenə gəlirəm əvvəlki fikirlərimə. Nizami də, Füzuli də, Xaqani də, Sabir də, Vurğun da, Əhməd də-hamısı bizimdi. Elə Qulu da, Qəşəm də, Fəxrəddin də , Anar da, Təranə də…
 Nə kiçiklər  böyükləri ələ salsın, nə də böyüklər  kiçikləri  topa tutsun. Yazarları  təbəqələşdirməyək, şəhərləşdirməyək. Küçələrə , ölkələrə , qütblərə , qitələrə  bölməyək. Azərbaycan, həqiqət  və ədalət  naminə..