Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi
"Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb". Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb. O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb: "Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?". Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir: "Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib".
Nəsimidə 13 kq marixuana və həşiş aşkarlandı - VİDEO
Nəsimi rayonunda narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb. DİN-dən verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb. C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı araşdırmalar aparılır. Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, qəza səbəbilə həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.
Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir
Türkiyə dərsliklərində və tədris vasitələrində istifadə olunan altı xəritə yenilənib, 40 yeni xəritə hazırlanıb. Yenilənənlər arasında Türk dünyası, Türkiyənin inzibati ərazi bölgüsü və quru-dəniz sərhədləri, dünyanın siyasi, Türkiyənin, dünyanın və Kipr adasının fiziki xəritələri yer alır. Yenilənmiş kitabların 2025-2026-cı tədris ilindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Türkiyədə kənd təsərrüfatı inqilabının baş verdiyi bölgələr, İslamın yaranma və yayılma xəritələri, Osmanlı imperiyasının əhalisi və hakimiyyət sahələri, qədim Anadolu sivilizasiyalarının yerləşdiyi bölgələr, Türkiyə Səlcuqlu və Uyğur dövlətlərinin xəritələri başda olmaqla, 40 yeni xəritə hazırlanıb. Dərs vəsaitlərinin funksionallığının artırılması məqsədilə elmi əsaslarla tərtib edilən yeni bu xəritələr xüsusilə Türkiyənin geosiyasi mövqeyi, tarixi və regional inkişaf proseslərini əks etdirir. Layihə Türkiyənin Milli Təhsil Nazirliyi (MTN) ilə Milli Müdafiə Nazirliyinin (MSB) Təlim və Tərbiyə Baş İdarəsi arasında imzalanan protokol əsasında həyata keçiriləcək.
Ermənistan Azərbaycanla dialoqu davam etdirməyə hazırdır - Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh sazişinin imzalanması üçün Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğunu bildirib. Bu barədə A.Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə bildirib. A.Mirzoyan vurğulayıb ki, uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır. "Bunun alternativi sadəcə yoxdur", - XİN başçısı bildirib. O əlavə edib ki, İrəvan Bakı ilə sülh sazişini mümkün qədər tez imzalamağa hazırdır.
İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır. Bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, son aylarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi üçün intensiv danışıqlar aparılıb. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məqsədilə tərəflərin yaxından fikir mübadiləsi apardığını vurğulayıb. Abbas Araqçi qeyd edib ki, sözügedən müqavilənin tezliklə imzalanması regionda uzunmüddətli sabitliyə və sülhə töhfə verəcək. İranlı nazir Azərbaycan və Ermənistanı bu sazişi mümkün qədər tez imzalamağa çağırıb: “Biz hər iki tərəfi bu anlaşmanı mümkün qədər tez imzalamağa çağırırıq”. Abbas Araqçi, eyni zamanda, İranın Cənubi Qafqazda istənilən sərhəd dəyişikliyinin əleyhinə olduğunu vurğulayıb.
Elman Paşayevin istintaqı başa çatdı - Dostundan 47 milyon alıbmış
Rusiyada fəaliyyət göstərən azərbaycanlı keçmiş vəkil Elman Paşayevin dələduzluq ittihamı işi üzrə istintaq yekunlaşıb. Bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib. Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin hərbi-istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi ("Dələduzluq və xüsusilə dələduzluq cəhdi") ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur. İttihama görə, 2024-cü ilin yanvarında müttəhim dostu Aleksey Blinovskini böyük məbləğdə pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Paşayev Blinovskidən 47 milyon rubldan artıq pul alıb. Keçmiş vəkil 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər oxşar üsulla Aleksey Zaxarova qarşı 15 milyon rubldan çox dələduzluq etməkdə də ittiham olunur.
Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub. Polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb. Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Rusiya sərhədçilərindən biri Ermənistanda yol qəzasında öldü, digəri yaralandı
Ermənistanın cənubunda baş verən yol qəzasında Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, hadisə bu gün səhər Mehri-Nrnadzor yolunda "UAZ" markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib. Yaralının vəziyyəti ağır qiymətləndirilib.
“Euronews” Qlobal Bakı Forumundan xüsusi reportaj yayımladı - VİDEO
“Euronews” telekanalında “Focus” verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub. Forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib. "XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri bir araya gətirdi", - telekanal qeyd edib. Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib. "Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkanlarda sabitliyin vacibliyini diqqətə çatdırıblar", - “Euronews” qeyd edib. Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edir ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb. “Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq", - telekanal İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib. Həmçinin “Euronews” Albaniya Prezidenti Bayram Beqayla müsahibənin kadrlarını təqdim edib ki, burada həmin dəyərlərin qorunmasının vacibliyini bəyan edib: "Azadlıq, demokratiya, insan ləyaqəti, ədalət - bunlar qorumalı olduğumuz şeylərdir". Bununla yanaşı, telekanal Balkan yarımadasının təhlükəsizliyi məsələsinə diqqət ayırıb. Bu məsələ ilə bağlı telekanal Monteneqronun sabiq prezidenti Milo Cukanoviçlə müsahibədən bir parça təqdim edib ki, burada o, regionun Avropa ilə qarşılıqlı əlaqəsi və Aİ-yə üzvlük perspektivləri barədə danışıb. "Bu, Qərbi Balkanlarda siyasi qərarlar qəbul edənlər üçün bir çağırışdır. Amma mənim fikrimcə, söhbət yeni geosiyasi kontekstdə Avropanın gələcəyindən gedir", - Monteneqronun sabiq prezidenti bildirib. Reportajda həmçinin qeyd olunub ki, forumun iştirakçıları onun qlobal təhlükəsizlik və iqtisadi inkişaf məsələləri üzrə siyasi müzakirələrin formalaşmasındakı rolunu vurğulayıblar.