TƏBRİK EDİRİK! .....                        Papa sülh bəyannaməsini ALQIŞLADI .....                        Mahmud Abbas BMT-də Fələstin dövlətini elan etmək istəyir .....                        Qəzzada insanlıq dramı - 217 nəfər aclıqdan öldü .....                        İranda polis idarəsinə hücum: Ölən və yaralanan var .....                        Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir .....                        Rezidenturaya qəbul imtahanı keçirilib .....                        Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası .....                        Zibil yandırırdı - Yanğına səbəb oldu .....                       
Dünən, 14:27
Zelenski də Tramp-Putin görüşündə iştirak edə bilər


Zelenski də Tramp-Putin görüşündə iştirak edə bilər

Ukrayna prezidenti Volodimir Zelenski Donald Tramp və Vladimir Putin arasında danışıqlarda müəyyən formada iştirak edə bilər.
CBS telekanalı bu barədə Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Zelenskinin danışıqlarda hansı formatda iştirak edə biləcəyi açıqlanmır. Ukrayna hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri avqustun 15-də Alyaskada görüşəcək.
Görüşün əsas mövzusu Rusiyanın Ukrayna ərazilərini işğal etməsi olacaq.
"Wall Street Journal" yazıb ki, Putin Ukrayna qoşunlarının Donetskdən çıxarılması da daxil olmaqla, nizamlanma planını ABŞ-a təhvil verib. Rusiya prezidenti açıq şəkildə bildirib ki, Ukrayna prezidenti ilə görüşə qarşı heç bir şey yoxdur, lakin “bunun üçün müəyyən şərait yaradılmalıdır”.
Dünən, 14:20
Gürcüstan bu tarixi hadisəni alqışlayır


Gürcüstan bu tarixi hadisəni alqışlayır

Gürcüstan bu tarixi anı – Ermənistan və Azərbaycan, eləcə də region və bütün dünya üçün mühüm hadisəni – alqışlayır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, Donald Trampı, Prezident İlham Əliyevi və Nikol Paşinyanı bu uğur, əlamətdar sülh sazişinin imzalanması və regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edirib.
“Gürcüstan həmişə regional sülh və əməkdaşlıq tərəfdarı olub və bu yanaşmanı qətiyyətlə dəstəkləməyə davam edəcək”, - Baş nazir əlavə edib.
Dünən, 14:02
İlham Əliyev tarixi görüşdən sonra müsahibə verdi - TAM MƏTN


İlham Əliyev tarixi görüşdən sonra müsahibə verdi - TAM MƏTN

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
Butov.az müsahibəni təqdim edir:

Vüsal Mətləb, AzTV-nin müxbiri: Xoş gördük, cənab Prezident. Siz Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkədə səfərdəsiniz və bu gün Azərbaycanda hər kəs Vaşinqtondan xəbərlər gözləyir. Odur ki, bu müsahibəyə görə təşəkkür edirik. İcazənizlə, suallara keçək.

-Cənab Trampla görüşünüzü və Amerika Birləşmiş Ştatları-Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin əhəmiyyətini və ümumilikdə bu səfərin nəticələrini necə qiymətləndirərdiniz?

-Prezident İlham Əliyev: Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.
Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.
Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.

Oubai Shahbandar, AnewZ televiziyasının müxbiri: Cənab Prezident, bu gün kifayət qədər əlamətdar bir gün oldu. Tarix yazıldığı bir gündür, Siz və Baş nazir Paşinyan Nobel Mükafatı Komitəsinə birgə məktub göndərmək niyyətindəsiniz. Prezident Trampın Sizin strateji baxışınızı və liderliyinizi, eləcə də Sizin Prezident Trampın bu gün imzalanan Memoranduma gətirib çıxaran uzaqgörən liderliyini təriflədiyinizi eşitdik. Bildiyiniz kimi, Prezident Tramp üçün şəxsi münasibətlər çox önəmlidir. Siz öz liderliyinizlə Prezident Trampın liderliyi arasındakı münasibətləri, həmçinin şəxsi münasibətləri necə qiymətləndirərdiniz? Konqresin onillər əvvəl ABŞ-ın Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişin ləğv olunması, Prezident Trampı görmək Sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Bu, Azərbaycan və ABŞ üçün yeni bir mərhələdir?

Prezident İlham Əliyev: Tamamilə doğrudur, bu, bizim birinci görüşümüz idi. Çox xoş və nəticəyönümlü görüş idi. Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur. Bu baxımdan, mən onunla olan şəxsi münasibətlərimizi yüksək dəyərləndirirəm və ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir.
Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi. 1992-ci ilin oktyabr ayında biz ədalətsiz şəkildə Konqres tərəfindən sanksiyaya məruz qaldıq. Həmin dövrdə, əlbəttə ki, Konqres üzvləri - konqresmenlər Azərbaycandakı və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdən bixəbər idilər. Onlar Ermənistanın lobbi qruplarının təsiri altında idilər və bu ərəfədə Azərbaycan təcavüzkar kimi təqdim olunmuşdu, qələmə verilmişdi. Bu da bizi birbaşa ABŞ-ın dəstəyindən məhrum etdi və ona görə də keçmiş Sovet İttifaqından çıxmış respublika sanksiyalara məruz qaldı. Əlbəttə ki, mürəkkəb bir vəziyyət idi.
Sonralar bu düzəliş dayandırıldı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim edirdi. Bu, yüklərin şimal istiqamətində çatdırılmasını, eyni zamanda, nəqliyyat və hava məkanının verilməsi kimi məsələləri əhatə edirdi. 2023-cü ilə qədər hər il ABŞ prezidentləri bu düzəlişi müvəqqəti olaraq dayandırırdı. Ancaq 2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır.
Əlbəttə ki, Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu və bu gün onun ofisində bu sənədə imza atdıq.
Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupu yaradılır. Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günü tarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbət təsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün, rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır.

Abbasəli Yadigarov, AZƏRTAC-ın müxbiri: Cənab Prezident, bu gün çox önəmli sənədlər imzalandı. Hamıya yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Bu baxımdan, bu gün imzalanan sənədlərin əhəmiyyətini necə şərh edərdiniz?

Prezident İlham Əliyev: Bəli, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq.
Bildiyiniz kimi, ondan sonra bizim təşəbbüsümüzlə danışıqlar prosesi başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi.
Yəqin ki, yadınızdadır ondan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilmişdir. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.
Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.

Vüsal Mətləb: Cənab Prezident, Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında bəzi şərtlər qoymuşdunuz. Onlardan birincisi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. İkinci şərt Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı idi. Bu, indiki halda nə qədər real görünür?

Prezident İlham Əliyev: Məncə, tam real görünür. Çünki birincisi onu deməliyəm ki, bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.
Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.

Oubai Şahbandar: Cənab Prezident, Sizin Vaşinqtona gəlişiniz, sülh sazişini imzalayıb Prezident Tramp ilə görüşməyiniz, Sizi və Azərbaycanı milyonlarla amerikalıya tanıtdı. Onlar bəlkə də ilk dəfədir Sizinlə və Azərbaycanla tanış olurlar. Ola bilsin ki, Azərbaycanın harada yerləşdiyini bilmirlər və ya müəyyən yanlış təsəvvürlərə malikdirlər. Amerika mediasında və beyin mərkəzlərində bəzilərinin irəli sürdüyü narahatedici fikirlərə necə cavab verərdiniz? Məsələn, Qarabağda xristianların qorunub-qorunmayacağı barədə narahatlıqlar var. Zəngəzur dəhlizinin əhəmiyyəti nə dərəcədədir – təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün, xüsusən də “Tramp ticarət marşrutu”nun qurulacağını nəzərə alsaq?

Prezident İlham Əliyev: Bilirsiniz, uzun illərdir Azərbaycan ABŞ mediasında demonlaşdırılıb, Prezident Trampın ədalətli şəkildə “saxta xəbər” adlandırdığı media orqanlarında. “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Bu gün baş verənlərə sevinmək əvəzinə tamamilə məyusdurlar, çünki onların gündəliyi tamamilə fərqlidir. Məhz onlar işğala görə məsuliyyət daşıyırlar. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar və onlara bənzər qruplar olmasaydı, Ermənistan daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı. Onlar isə sadəcə vaxt itirdilər. Vaxtlarını bizim torpaqlarımızın işğalına sərf etdilər, amma sonda bu işğalı əbədi saxlaya bilmədilər və inkişaflarında 30 il itirdilər.
Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatlar, ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli görünür. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Odur ki, bu gün baş verənlər ya hələ də reallığı bilməyənlərə, ya da bilərəkdən yanlış təsəvvür yaratmağa çalışanlara yaxşı bir cavab olacaq.
Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda.
Bu anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Biz bunu dəqiq bilirik, çünki avropalı tərəfdaşlarımızla apardığımız danışıqlarda onlar dəfələrlə deyirdilər ki, bu məlumat Baydenin komandasından gəlir. Onlar qəsdən Azərbaycanın guya aqressiv niyyətləri barədə şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk ayında belə bu tipli narrativlər var idi. Bunlar hələ də bəzi dövlət qurumlarında qalan köhnə komandanın nümayəndələrindən gəlirdi. Onların gündəliyinə isə ya “Human Rights Watch”, “Freedom House” kimi Azərbaycanı sevməyən QHT-lər, ya da USAID və Azadlıq Radiosu təsir edirdi. Prezident Tramp isə USAID-i uğurla aradan qaldıraraq dünyanı bu “fəlakətdən” xilas etdi.
Bu, sadəcə bizim haqqımızda səslənən fikirlərin yanlış olduğunu, belə niyyətimizin olmadığını izah etməkdən ötrü bizim üçün bir çağırış idi. Bu gün baş verənlər isə Ermənistanın Baş naziri və mənim imzaladığım, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə əks olunub. Orada məhz bizim mövqeyimizi göstərən müddəa var – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış. Bu, Ermənistanın suverenliyi çərçivəsində yazılıb. Bizim istədiyimiz sadəcə Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik.
Bizə bu dəmir yolunu Ermənistan sərhədinə qədər tam çatdırmaq üçün bəlkə də bir ildən az vaxt lazımdır, hətta çox çalışsaq, bəlkə altı ay kifayət edər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var. Təkcə dəmir yolu deyil, elektrik ötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tuturuq.
Bütün bunlar, ilk növbədə, Bayden administrasiyası və onların əlində olan siyasi infrastruktur – media, QHT-lər, USAID və Menendez kimi korrupsiyaya görə bu gün həbsdə olan bəzi rüşvətçi siyasətçilər tərəfindən illərlə yayılmış anti-Azərbaycan narrativlərini tamamilə iflasa uğradır. Buraya, həmçinin Adam Şiff də daxildir. Mən buraya gələndə öyrəndim ki, Merilend prokuroru ona ipoteka fırıldağına görə cinayət işi açıb.
Bu insanlar – Menendez, Şiff, Pelosi, Şerman, Markey, Kristofer Smit və başqaları Azərbaycana qarşı mütəmadi olaraq hücum edirdilər. Niyə etdiklərini bilmirəm, yəqin ki, erməni lobbisi onlara bunun üçün pul ödəyirdi. Onlar ciddi siyasi fiqurlar qrupunu təşkil edərək Azərbaycana qarşı mütəmadi işləyirdilər.
Bu gün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir: Biz sülh istəyirik, amma eyni zamanda əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz.
Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib.
Bu nəqliyyat marşrutu – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Amma dediyim kimi, vaxt itirməməliyik. Ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.

Oubai Şahbandar: Enerji sahəsində də daha çox Amerika investisiyası görəcəyik, xüsusilə də, tarixi imzalanma mərasimində Kris Raytın iştirakını nəzərə alsaq. Əlbəttə ki, SOCAR ilə “Exxon” arasında imzalanan Anlaşma Memorandumu da bu istiqamətdə mühüm addımdır.

Prezident İlham Əliyev: Əlbəttə. Dünən “Exxon” və SOCAR arasında əməkdaşlıq haqqında imzalanmış bu Anlaşma Memorandumu əminəm ki, əhəmiyyətli bir layihə ilə nəticələnəcək.
İndidən nəsə demək istəmirəm, amma Azərbaycanda böyük neft yatağının kəşfi ilə bağlı yüksək ehtimal var. Bildiyiniz kimi, “Exxon” dünyanın aparıcı enerji şirkətidir, müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir və Azərbaycanda işləmək təcrübəsi də var. “Exxon” 1994-cü ildə bizim “Azəri-Çıraq-Günəşli” layihəmizə qoşuldu.
Dünən burada xüsusi nümayəndə cənab Vitkovun, ABŞ enerji nazirinin müavininin və mənim iştirakımla keçirilən imzalanma mərasimi əslində göstərir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, Anlaşma Memorandumunun imzalanmasında iştirak etməzdik. Mən nadir hallarda Anlaşma Memorandumunun imzalanmasında iştirak edirəm. Bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, amma bu sadəcə bir Anlaşma Memorandumudur. Lakin bizim ixtiyarımızda çoxlu texniki amillər var ki, bunlar böyük bir karbohidrogen yatağının kəşfinə işarə edir.
Prezident Trampın strateji baxışı və siyasəti sayəsində, uzun illər, - bəlkə də on ildən çox, - ədalətsiz şəkildə kənara atılmış fosil yanacaqlar bu gün yenidən diqqət mərkəzinə qayıdıb. Komandamız burada beynəlxalq maliyyə institutları ilə, ABŞ-ın Ex-Im Bankı ilə, həmçinin fosil yanacaq layihələrinin və karbohidrogen nəqli infrastrukturunun maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardı.
Enerji, şübhəsiz ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olaraq qalacaq. Prezident Tramp ilə imzaladığımız Anlaşma Memorandumunda enerji xüsusi yer tutur. Enerji dedikdə bu neftdir, qazdır, potensial olaraq bərpaolunan mənbələrdir.
Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik.
Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir. ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq.
Bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik.

Müxbir: Çox təsirlidir, çox sağ olun, cənab Prezident.

[media=https://www.youtube.com/live/9TlcyHXQuy4?si=bRqA0MvozxOMg2VS]
Dünən, 13:44
Bakıda it oğurlayan şəxs həbs edildi


Bakıda it oğurlayan şəxs həbs edildi

Oğurladığı iti Bakı Beynəlxalq Avtovağzal Kompleksində gəzintiyə aparan şəxs həbs edilib.
Saxlanılan 1988-ci il təvəllüdlü F.Q. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, 6 avqust 2025-ci il tarixdə zərərçəkmiş C.H. iti gəzdirmək üçün əraziyə çıxarıb və naməlum şəraitdə heyvan oğurlanıb. Təqsirləndirilən şəxs isə bildirib ki, gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun yanından keçərkən bir itin dəmir dirəyə bağlandığını görüb. Bazar dəyəri 450 manat olan "Malinka" cinsli iti götürərək yaşadığı evə aparıb.
Həmin günün səhəri itlə birlikdə Avtovağzal ərazisində yerləşən gül mağazasında olan zaman zərərçəkən ona yaxınlaşaraq, heyvanın ona məxsus olduğunu bildirib. F.Q. könüllü şəkildə iti sahibinə vermədiyi üçün hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları çağırılıb və təqsirləndirilən şəxs saxlanılıb.
Məhkəmənin hökmü ilə F.Q. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 25 gün həbs edilib.
Dünən, 13:42
Maya Sandudan sülh görüşünə reaksiya


Maya Sandudan sülh görüşünə reaksiya

Ermənistan və Azərbaycan arasında imzalanan saziş illərlə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində mühüm mərhələdir.
Bu barədə Moldova Prezidenti Maya Sandu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistanın Baş naziri Nikol Paşinyana, həmçinin ABŞ Prezidenti Donald Trampa regionda sülh, barışıq və daha çox rifaha gedən yolun açılmasına kömək etdiyinə görə təbriklərini çatdırıb.
Dünən, 13:18
Dünya mediası tarixi görüşdən yazır


Dünya mediası tarixi görüşdən yazır

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Vaşinqtonda keçirilən görüş, liderlərin imzaladığı Birgə Bəyannamə və onların bəyanatları dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
“Reuters” agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan cümə günü ABŞ prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişinin layihəsini imzalayıblar.
Cənubi Qafqazdakı rəqiblər arasında razılaşmanın Tramp administrasiyası üçün mühüm nailiyyət olduğunu qeyd edən agentlik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə keçirilən imzalanma mərasimində salamlayan Tramp deyib: “Uzun müddətdir, 35 ildir ki, onlar döyüşüblər, indi də dostdurlar və onlar uzun müddət dost olacaqlar”.
“Reuters” qeyd edir ki, razılaşmaya ABŞ-ın Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizinə eksklüziv inkişaf hüquqları daxildir ki, bu da Ağ evin qənaətinə görə, enerji və digər resursların ixracını asanlaşdıracaq. Tramp bildirib ki, ABŞ enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün hər bir ölkə ilə ayrı-ayrı müqavilələr imzalayıb. O, Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlərin də aradan qaldırıldığını deyib. Hər iki lider Trampı münaqişənin sona çatmasına kömək etdiyinə görə tərifləyib və onu Nobel Sülh mükafatına namizəd göstərəcəklərini bildirib.
“New York Post” qəzetinin dərc etdiyi “Ermənistan və Azərbaycan çoxdan gözlənilən sülhə imza atdı və Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürdülər” sərlövhəli məqaləsində qeyd olunur ki, Prezident Tramp regionda yeni dəmir yolu ətrafında tikilən sülh sazişini imzalamaq üçün cümə günü Ağ evdə çoxdandır ki, münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycanın liderlərini qəbul etdi, Görüş zamanı liderlər ABŞ Prezidentini Nobel Sülh mükafatına birgə tövsiyə etməyə söz verdilər.
Qəzet qeyd edib: “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlandırılan ABŞ-ın inkişaf etdirdiyi tranzit təşəbbüsü Ermənistanın seyrək məskunlaşmış cənubunu keçməklə yanaşı, Azərbaycanın paytaxtı Bakını Naxçıvan anklavı ilə Türkiyəyə birləşdirəcək. “Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev sənədləri imzaladıqları zaman rahat görünüblər, Tramp keçmiş sovet respublikaları arasında gələcək məsələlərdə vasitəçilik etmək üçün könüllü olduğunu bildirib və hər iki lideri tərifləyib”, -deyə məqalədə vurğulanıb.
“Euronews” telekanalının saytında dərc olunan “İnanılmaz sülh: Ermənistan və Azərbaycan onilliklər ərzində dvam edən münaqişədən sonra sülhə gəlir” sərlövhəli məqalədə qeyd olunur ki, təxminən dörd onillik davam edən və son vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra bu iki ölkə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzaladılar. İndi Cənubi Qafqazda mərkəzi rol oynamayan Rusiya bu tarixi məqamda nəzərə çarpmır.
Məqalədə deyilir: “Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev 40 ildir davam edən qanlı Qarabağ münaqişəsindən sonra cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişi imzalayıblar. “Biz bu gün Cənubi Qafqazda sülh bərqərar edirik”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki,, “bu gün biz böyük bir yeni tarix yazırıq”. Ermənistanın Baş naziri Paşinyan əlavə edib ki, bu razılaşma “sülh fəslinin açılmasını” təmsil edir. Tramp isə bildirib: “Ermənistan və Azərbaycan bütün döyüşləri əbədi olaraq bitirmək öhdəliyi götürür”.
Yazıda diqqətə çatdırılıb ki, Ermənistan və Azərbaycan “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlanan böyük tranzit dəhlizinin yaradılması barədə razılığa gəliblər. O, materik Azərbaycanı və onun müttəfiqi Türkiyə ilə həmsərhəd olan Naxçıvan bölgəsini Ermənistan ərazisi ilə birləşdirəcək. Ağ evin sözçüsü bildirib ki, yeni tranzit dəhlizi “Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xalqına hörmət etməklə iki ölkə arasında maneəsiz əlaqə yaratmağa imkan verəcək”. Bakı üçün bu dəhliz Naxçıvanla birbaşa quru əlaqəni təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı qazancları möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın qlobal miqyasda mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirir. İrəvan üçün nəqliyyat marşrutu daha geniş ticarət şəbəkələrinə daha da inteqrasiya etmək, onun çökmüş iqtisadiyyatını şaxələndirmək və xarici investisiyaları cəlb etmək imkanı verir. Bu, geosiyasi baxımdan da Ermənistana qonşuları ilə münasibətləri normallaşdırmağa kömək edərdi.
“USA Today” qəzetinin “Tramp Ermənistan və Azərbaycan liderləri ilə sülh yolunda mühüm addım atdı” sərlövhəli məqaləsində bildirilir ki, Prezident Donald Tramp Ermənistan və Azərbaycan liderləri ilə Ağ evdə iki keçmiş sovet respublikası arasında onilliklərlə davam edən müharibəyə son qoyan və regionda kritik nəqliyyat vasitələrini yenidən açan Birgə Bəyannamə imzalayıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki dəfə Respublikaçı prezident olan Prezidenti tərifləyiblər və bir məqamda Trampın səylərinə görə Nobel Sülh mükafatına layiq olduğunu bildiriblər. Onların Birgə Bəyannaməsi iki ölkəni birləşdirən Cənubi Qafqazdan keçən 20 millik multimodal tranzit dəhlizi olan “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu”nu müəyyən edir. Birləşmiş Ştatlar bununla bağlı müstəsna inkişaf hüquqlarına sahib olacaq.
Avropa Şurasının rəsmi xəbər saytında isə “Ermənistan-Azərbaycan: Möhkəm sülhə zəmin yaradan təməl daşı” sərlövhəli material dərc olunub. Diqqətə çatdırılıb ki, Avropa Şurasının Baş katibi Alen Berse aşağıdakı bəyanatla çıxış edib: “Mən 2001-ci ildən Şuranın hər iki üzvü olan ölkələr arasında uzun müddətdir davam edən münaqişənin yekun həllinə yol açan Ermənistan-Azərbaycan sülh sazişinin Vaşinqtonda bu gün paraflanmasını səmimiyyətlə alqışlayıram. Bu inkişaf Cənubi Qafqazda - bütün xalqların rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülh yolunda tarixi bir mərhələdir. Avropa Şurası Ermənistan və Azərbaycan öz ortaq tarixlərinin bu səhifəsini açarkən, onları dəstəkləməyə hazırdır. Mart ayında iki ölkə Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdığını elan edəndə, bu, məni xüsusilə ruhlandırdı. Sülh səyləri hər iki lider üçün daimi müzakirə mövzusu olaraq qalırdı. Mən bu məsələni ilk dəfə keçən il ÇOP münasibətilə Bakıda Prezident Əliyevə ünvanlamışdım və aprel ayında Antalyada keçirilən ikitərəfli görüşdə də davam etdirdim. Hər iki xalqın liderlərini və vətəndaşlarını ədalətli və davamlı sülh yolunda göstərdikləri siyasi iradə, əzm və cəsarətə görə alqışlayıram. Onilliklər boyu davam edən etimadsızlıq, ərazi mübahisələri və humanitar problemlərin aradan qaldırılması hər tərəfdən çətin, lakin zəruri kompromislər tələb edir. Biz hər iki ölkəni təkcə sülhə deyil, həm də etimadın bərpası istiqamətində əllərindən gələni etməyə çağırırıq”.
“Global News” nəşrində dərc olunan “Azərbaycan-Ermənistan sülh sazişi ABŞ-a nəqliyyat dəhlizi hüququ verir” sərlövhəli məqalədə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsinin liderləri Ağ evdə keçirilən sülh sammitində onilliklərlə davam edən münaqişəyə son qoymağa yönəlmiş saziş imzalamazdan əvvəl əl sıxıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bir araya gətirən ABŞ Prezidenti Donald Tramp, öz növbəsində, onların əllərini sıxıb.
Məqalədə diqqətə çatdırılır ki, Cənubi Qafqazın iki ölkəsi bir-biri ilə və ABŞ ilə əsas nəqliyyat marşrutlarını açacaq sənədlər imzalayıb. Razılaşmaya “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlandırılacaq böyük tranzit dəhlizi yaradacaq saziş də daxildir. Tramp cümə günü Ağ evdə deyib ki, marşruta onun adının verilməsi onun üçün böyük şərəfdir, lakin bunu onun özü istəməyib. Administrasiyanın yüksək rütbəli rəsmisi tədbirdən əvvəl jurnalistlərə zəng edərək deyib ki, bu adı ermənilər təklif ediblər.
“ABC News” telekanalının saytında dərc olunan məqalədə qeyd edilir ki, Ağ evdə Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin sülh barədə razılığa gəlməsi tarixi və böyük əhəmiyyət daşıyan hadisədir. ABŞ Prezidenti bildirib ki, liderlər Oval Ofisdə döyüşləri dayandırmaq, ticarəti açmaq və bir-birlərinin suverenliyinə hörmət etmək öhdəliyi götürən sənədlər imzalayıblar. O əlavə edib ki, ABŞ hər iki ölkə ilə enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün ikitərəfli saziş imzalayır.
Məqalədə Trampın sözləri sitat gətirilir: “Bu bəyannamədə mənim adıma tranzit marşrutunun verilməsi şəxsim üçün böyük şərəfdir, Mən bunu istəməmişəm - xüsusi tranzit zonası olan “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” Ermənistanın suverenliyinə tam hörmətlə yanaşaraq Azərbaycana özünün Naxçıvan ərazisinə tam giriş əldə etməyə imkan verəcək. Beləliklə, onlar həqiqətən birlikdə yaşaya və işləyə biləcəklər".
Yazıda vurğulanıb ki, hər iki lider Prezident Trampın Nobel Sülh mükafatına layiq olduğuna inandıqlarını bildiriblər.
“The Washington Post” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan rəsmilərinin Ağ evdə ABŞ-a strateji tranzit dəhlizinə müstəsna inkişaf hüququ verən sülh sazişi imzalaması mühüm qlobal hadisədir. “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlanan pakt Azərbaycanı Ermənistan vasitəsilə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək və ABŞ-a inkişaf hüququ verən sənəd olacaq. Eyni zamanda, Asiyadan Avropaya quru marşrutunu qısaldan dəhlizdə ABŞ həmin torpaqları infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək. Ümid edilir ki, bu tranzit dəhlizi gələcəkdə döyüşləri dayandıracaq və regionda kommunikasiyaları açacaq.
Dünən, 13:01
İlham Əliyev, Tramp və Paşinyanın bəyanatı - TAM MƏTN


İlham Əliyev, Tramp və Paşinyanın bəyanatı - TAM MƏTN

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər.
Əvvəlcə ABŞ Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Donald Trampın bəyanatı

-Təşəkkür edirəm, böyük şərəfdir, minnətdaram.

Otuz beş il idi ki, müharibə idi, indi isə onlar dostdurlar və onlar uzunmüddətli perspektivdə dost qalacaqlar. Böyük şərəflə sizi burada - Ağ Evdə salamlayıram. Azərbaycan və Ermənistan arasında tarixi xarakter daşıyan sülh sammitinə xoş gəlmisiniz. Əlbəttə ki, bu sözləri böyük məmnuniyyət hissi ilə söyləyirəm. Bu insanlar - iki böyük lider - Baş nazir Paşinyan və Prezident Əliyev burada bərabər iştirak edirlər. Hər ikisinə təşəkkürümü bildirirəm ki, onlar bu Bəyannaməni - həqiqətən də çox önəmli bir sənədi burada - Vaşinqtonda imzalayacaqlar. Onlar hər zaman fikirləşirdilər ki, bu, mümkün deyil, amma bu gün mümkündür. Eyni zamanda, Dövlət katibi Marko Rubioya minnətdarlığımı bildirirəm. Həmçinin xüsusi nümayəndə Stiv Uitkoffa və Dövlət Departamentinin bütün digər komanda üzvlərinə minnətdaram. Çox sağ olun. Eyni zamanda, sizin ölkələrinizin nümayəndə heyətləri də bu gün burada iştirak edirlər. Ciddi şəkildə diplomatik səylər nümayiş etdirərək böyük nailiyyətlərə imza atmışıq.
Bəli, 35 il idi ki, Ermənistan və Azərbaycan müharibə şəraitində və böyük bir münaqişə içində idilər. Bu münaqişə hər iki dövlətə illər ərzində böyük ziyan vurmuşdur və onlar çıxış yolu axtarırdılar. Eyni zamanda, Avropa İttifaqı, ruslar da bu istiqamətdə ciddi şəkildə iş görüblər. Amma alınmadı. Bütün günü yuxulu olan Co Bayden də cəhd elədi, ancaq o da bunu bacarmadı, alınmadı. Digər komandalar, digər dövlətlər də buna cəhd etdilər. Amma alınmadı. Bu dəfə isə biz ABŞ olaraq çox böyük sənədlər silsiləsinə imza atdıq və onlar da həmin sazişin tərkib hissəsi olacaq.
Ermənistan və Azərbaycan ticarətə başlamaq, diplomatik münasibətləri bərpa etmək, suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq şərti ilə fəaliyyət göstərəcəklər. Hər iki rəhbər, əslində, tez-tez görüşmürdü. Amma məncə, siz hər ikiniz bu görüşdə yaxşı münasibətlər qurdunuz, eyni zamanda, danışıqlarda. Bəyannamədə də qeyd olunur ki, - əslində, bu, mənim üçün böyük şərəfdir, - məhz Tramp marşrutu - sülh və rifah marşrutu Ermənistanın suverenliyinə hörmətlə yanaşaraq Azərbaycanın, eyni zamanda, Naxçıvan ərazisinə tam çıxışını təmin edəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” vasitəsilə buna nail olacaqlar. Hər iki dövlət bunun üzərində çalışacaq. Çox önəmli bir ərazidir, xüsusilə hər ikiniz üçün mühüm bir ərazidir. Eyni zamanda, Ermənistan da bu dəhlizi inkişaf etdirmək üçün ABŞ ilə müstəsna əməkdaşlığa imza atır. Onlar söz verirlər ki, 99 il ərzində və 99 ildən sonra da bu əməkdaşlığın müddətini uzadacaqlar. Biz də - Amerika şirkətləri də həmin əraziyə gedib orada böyük infrastruktur işləri görmək niyyətindədirlər. Onlar orada böyük pullar xərcləyəcəklər. Bu pullar, əlbəttə ki, bizim üç dövlətə fayda verəcək. Bu, bütün bölgə, region, eyni zamanda, bütün dünya üçün son dərəcə önəmli və faydalı xəbərlərdir.
ABŞ, eyni zamanda, hər iki ölkə ilə energetika, texnologiya, süni intellekt istiqamətində ikitərəfli münasibətlər quracaq və sazişlər imzalayacaq. Kris də burada bizim ölkəmizi təmsil edəcək. Bu işi Krisdən daha yaxşı görən adam yoxdur. Kris dediyi kimi, bu ərazilər çox məhsuldardır və bizə böyük uğur qazandıracaq.
Beləliklə, bu yeni istiqamətdə böyük nailiyyətlərə imza atıldı. Biz əvvəlki illərə nəzər yetirdiyimiz zaman görürük ki, yeni neft-qaz sahəsində böyük işlər görmüşük. Eyni zamanda, Azərbaycan və ABŞ arasında da böyük işlər görülüb. Xüsusən müdafiə istiqamətində böyük nailiyyətlər var. Onlar bu istiqamətdə çox məmnundurlar. Prezident olaraq mənim istəyim də bölgə və bütövlükdə dünya üçün sülhün və rifahın təmin olunmasıdır.
Ümid edirəm ki, bundan sonra da uğurlara nail olacağıq. Bu kontekstdə nailiyyətlərimiz çox olacaq.

x x x

Sonra Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Təşəkkür edirəm, cənab Prezident. Eyni zamanda, ilk növbədə, dəvətə görə minnətdaram. ABŞ Prezidentinin dəvətini qəbul edərək burada iştirak etmək böyük şərəfdir. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.
Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.
Cənab Prezident, Sizə təşəkkür edirəm ki, 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub.
Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı.
Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır.
Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.
Beləliklə, mən çox sevinirəm. Əlbəttə ki, biz böyük bir tarixə imza atırıq. Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm. Bizim üçün, bölgəmiz üçün və bütün dünya üçün etdiklərinizə görə minnətdaram.

ABŞ Prezidenti Donald Tramp: Çox sağ olun. Neçə ildir prezidentsiniz?

Azərbaycan Prezidenti İlham Əliyev: 22 ildir ki, prezident vəzifəsini icra edirəm.

ABŞ Prezidenti Donald Tramp: Əlbəttə ki, böyük işlərdir, böyük nailiyyətlərdir və bu işdə əməyiniz təqdirəlayiqdir. Təşəkkür edirəm. Buyurun.

X X X

Daha sonra Ermənistanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Nikol Paşinyanın bəyanatı

- Təşəkkür edirəm, cənab Prezident.

Xanımlar və cənablar.

Bu gün biz, həqiqətən də Ermənistan-Azərbaycan ikitərəfli münasibətləri baxımından fundamental bir mərhələyə qədəm qoyuruq və keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsən cəlb edilməsi və bu prosesdə iştirakı olmadan mümkün olmazdı. Beləliklə, sülh sazişinin hazırlanması və imzalanması nəticə etibarilə iki ölkə arasında yeni bir mərhələnin açılması və ölkələrimiz arasında suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının bir başlanğıcıdır. Prezident Tramp da şəxsən bugünkü Bəyannaməyə imza atacaq. Əlbəttə ki, bu sözlərlə və bu iştirakla biz tariximizin yeni fəslinə başlayırıq. Cənubi Qafqazda sülh, əmin-amanlıq, iqtisadi əməkdaşlıq və inkişaf baş verəcəkdir.
Beləliklə, eyni zamanda, bu sənəd kommunikasiya və nəqliyyat kontekstində bizim bölgəmizdə məhz suverenlik, ərazi bütövlüyü və hüquqi səlahiyyət baxımından da önəmli təşəbbüsdür. ABŞ və Ermənistan bu kontekstdə “Beynəlxalq Sülh və Rifah naminə Trampın Marşrutu”nun tamamlanması və icra olunması kontekstində bir yerdə bərabər çalışacaq. İqtisadi imkanların artırılmasında, eyni zamanda, infrastruktura sərmayələrin qoyulmasında, regional əlaqələrin qurulmasında, həmçinin münaqişələrin həllində iştirak edən bir ölkə olaraq ABŞ rəhbərliyinin liderliyi bu kontekstdə onun önəmini daha da artıracaq.
Prezident Trampa təşəkkür edirəm, Azərbaycan ilə Ermənistan arasındakı münaqişəyə son qoyulması kontekstində Sizə minnətdaram. Bu, həqiqətən də tarixi bir gündür. Bu, bizim ölkələrimiz arasında və bizim üçün bir uğurdur, regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq. Çünki sülh içində yaşayan bir region və dünya daha rifahlı və bərabər bir dünya deməkdir.
Cənab Prezident, bugünkü böyük nailiyyətlər Sizin qlobal liderliyinizin əyani təzahürüdür və onun bariz nümunəsidir. Sülh qurucusu olaraq rolunuz danılmazdır. Beləliklə, sülhün bərqərar olunması üçün siyasi iradə, öhdəlik və cəsurluq lazımdır. Burada ən önəmli məqam odur ki, həqiqətən də məhz bu məqsədə inanmaq lazımdır. Müqəddəs “İncil”də qeyd olunan kimi, Tanrı sülh yaradan insanları müqəddəs eləsin və biz həm Sizə cənab Prezident Əliyev, həm cənab Trampa, həm də digər həmkarlara - Ermənistandan, Azərbaycandan, ABŞ-dan olan bütün həmkarlara və bizim bölgəmizin bütün xalqlarına, bizim ölkələrimizin xalqlarına, əhalimizə təşəkkürümüzü bildirirəm və təbrik edirəm. Öncə də qeyd etdiyim kimi, bu, həqiqi mənada dünyanı daha yaxşı bir məkana çevirəcəkdir.

x x x

ABŞ Prezidenti Donald Tramp: Bir daha təşəkkür edirəm. Həqiqətən də bizim hər birimiz üçün çox əlamətdar gündür. Yəni, ağrı-acıları, fəlakətləri geridə qoyaraq bu gün uğuru qeyd edirik. Bu, böyük nailiyyətdir, hər iki liderin nailiyyətidir. Ötən 35 ildə nə qədər insan qətlə yetirilib, indi isə bizi böyük sülh gözləyir. Mən, əlbəttə ki, bu sülhü səbirsizliklə gözləyirəm. Bu, hər birimiz üçün böyük nailiyyətdir. Mən sizi səmimi-qəlbdən təbrik edirəm. Siz həqiqətən inanılmaz liderlərsiniz və adlarınız tarixə bu şəkildə həkk olunacaq. Uzun müddətdir siz düşünürdünüz ki, artıq sülhə çatdınız, amma sonra alınmadı. Sonra digər məsələlər ortaya çıxdı və nəticə etibarilə bu, həqiqətən çox xüsusi bir gündür.

x x x

Sonra suallar cavablandırıldı.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Məncə, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir və biz bu təklifi təşviq edəcəyik. Məncə, bu, açıq-aydındır. Bu gün burada olmağımız həmin nailiyyətin bariz nümunəsidir. Ümid edirəm ki, Siz bizi də həmin mərasimə dəvət edəcəksiniz.

ABŞ Prezidenti Donald Tramp: Hə, birinci sıralarda olacaqsınız. Narahat olmayın.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Biz onun tərəfdarıyıq.

Azərbaycan Prezidenti İlham Əliyev: Mən təklif etmək istəyirəm. Bəlkə biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək, Nobel Sülh Mükafatını Sülh Komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Burada bir çox prezident olub. 1990-cı illərdən fəaliyyət göstərən fərqli prezidentlər olub və faktiki olaraq mənim erməni həmkarım ilə 1992-ci ildən başlayan Minsk prosesinə son qoyduq. ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi. Bəs, indi Prezident Tramp deyilsə, bu sülh mükafatına kim layiqdir? Mən tarixə, çox qəribə qərarlara varmaq istəmirəm. Sülh Komitəsi bəzilərinə, ümumiyyətlə, həyatda bir iş görməyən adamlara bu mükafatı verib. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı və əminəm ki, mənim Ermənistandan olan həmkarım bu təşəbbüsü dəstəkləyəcəkdir. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm.

ABŞ Prezidenti Donald Tramp: Təşəkkür edirəm. Çox sağ olun.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Əgər bir qaralama versiya varsa, ona birbaşa imza ataq, bitsin bu məsələ.

Azərbaycan Prezidenti İlham Əliyev: Yəni, biz artıq lazım olan sənədləri imzaladıq.

ABŞ Prezidenti Donald Tramp: Bu yoldaşların nailiyyətləri çox önəmli və çox yüksəkdir, onlar böyük liderlərdir və mən bu iki şəxsi bir araya gətirdim. Azərbaycan və Ermənistan gözəl ölkələrdir. Düşünmürəm ki, bundan sonra bu ölkələr geriyə addım atacaqlar. Böyük problemlər artıq həll olundu.

Azərbaycan Prezidenti İlham Əliyev: İcazənizlə, mən söyləmək istəyirəm ki, bu gün biz sülh sazişinə start veririk. Artıq bu proses çoxdan gedirdi. Nəyə görə bunun paraflanması burada – bir nömrəli paytaxtda, dünyada bir nömrəli ofisdə və möhtəşəm Prezidentin iştirakı ilə baş verir? Bu o deməkdir ki, burada nə şübhələr, nə başqa bir məsələlər olmamalıdır. Əgər ya Baş nazir Paşinyanın, yaxud da mənim ağlımızda geriyə addım atmaq fikirləri olsaydı, buraya gəlməzdik. Tam əmin ola bilərsiniz. Burada baş verən hadisələr sülhə, uzunmüddətli, əbədi sülhə gətirib çıxaracaqdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Üzr istəyirəm, tam razıyam, heç bir əlavəm yoxdur.

ABŞ Prezidenti Donald Tramp: Təşəkkür edirəm. Məncə, gözəl sözlərdir, gözəl bəyanatdır. Azərbaycan və Ermənistanla əməkdaşlıq son dərəcə önəmlidir. Mən tarixi bilirəm, materialları oxuyuram və onların həqiqətən də son illər ərzində böyük problemləri var idi. Yəni, müharibə içində yaşayırdılar. Əksər vaxtlar müharibə içində idilər. Əlbəttə, hər iki ölkənin insanları ilə tanışam. Onlar möhtəşəm insanlardır. Bu, baş verməməli idi. Düşünürəm ki, biz bu nailiyyətə daha tez imza ata bilərdik. Burada seçkiləri saxtalaşdırdılar və s. o məsələyə toxunmaq istəmirəm. Amma bəli, həqiqət odur. Əgər saxtalaşdırılmasaydı, mən burada dörd il bundan öncə olardım və dörd il bundan öncə bu sazişlər imzalana bilərdi. Amma olmadı. Bayden administrasiyası bu kontekstdə demək olar ki, heç nə, sıfır, heç bir şey etmədi. Onlar, ümumiyyətlə, heç bir iş görmürdülər. Baxın, solumda və sağımda əyləşən bu yoldaşlar çox ağıllıdırlar, çox müdrikdirlər. Düşünürəm ki, onlar, sadəcə olaraq, heç mənə zəng etməyəcəklər, özləri öz aralarında həll edəcəklər. Biz artıq sülh sazişinə çox yaxınıq. Bu, müvəqqəti bir şey deyil. Onlar ticarət edəcəklər, ABŞ ilə əlaqələr quracaqlar. Mən həmişə onların ağıllı, müdrik və peşəkar olduqlarını xatırlayacağam. Biz də 100 faiz tam şəkildə özümüzü buna həsr edəcəyik ki, bu, alınsın. Onlar həqiqətən də böyük iş gördülər, böyük cəsarətlə və ürəklə davrandılar. Çox mürəkkəb, çox qəliz bir bölgədən gəliblər. Onlar çox ağıllı, çox güclü və böyük enerjili liderlərdir.
Beləliklə, mən həyatları xilas etməyi xoşlayıram. Həyatları xilas edəndə, əlbəttə ki, sən daha sülh içində yaşayan bir dünyaya malik olursan. Bax, bu iki liderə təşəkkür edirəm. Onların cəsarəti və adları tarixə həkk olunacaq və bu istiqamətdə iş görmək, əlbəttə ki, böyük şərəfdir. Təşəkkür edirəm.
Dünən, 12:51
Zəlzələ ilə bağlı FHN-dən rəsmi açıqlama


Zəlzələ ilə bağlı FHN-dən rəsmi açıqlama

İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Göyçayda qeydə alınan zəzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.
Dünən, 12:47
Azərbaycan milli məqsədlərinin hamısına nail oldu!


Azərbaycan milli məqsədlərinin hamısına nail oldu!

Dünən bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin böyük və tarixi diplomatik qələbəsi ilə yekunlaşdı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq.

Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı.

Gəlin əldə olunan əsas nəticələrə diqqət yetirək.

Birgə Bəyannamədə Azərbaycanın qazandığı əsas uğurlar:

1. ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvi – uzun illər nəticəsiz qalan və heç bir faydası olmayan format rəsmi şəkildə tarixə qovuşdu.

2. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində razılaşma – Bəyannamədə “Sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi” barədə razılaşma qeyd olundu. Bu, yəni konstitusiyanın dəyişdirilməsinin açıq yazılmaması Ermənistan daxilindəki radikal qüvvələrin Paşinyan hökumətinə qarşı Rusiyadan dəstəklənən etiraz dalğasını minimuma endirmək üçün diplomatik cəhətdən ağıllı yanaşma idi.

3. Zəngəzur dəhlizinin açılması haqqında razılıq əldə olundu. Bu, Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəliş təmin eədək, Türk dünyasını bir-birinə quru yolla birləşdirəcək. Ermənistan ərazisindən keçən hissə ABŞ-ın 99 illik nəzarətinə veriləcək ki, bu da Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Dəhlizə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı verilməsi isə bu uğurun siyasi rəmzinə çevrildi.

4. Orta dəhlizin mövqeyinin möhkəmlənməsi – Zəngəzur dəhlizinin bu formada açılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

5. Revanşizmin qarşısının alınması – ABŞ zəmanəti ilə Ermənistan hökuməti və xalqı Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı gələcək təcavüz və qisas cəhdlərindən imtina edəcək. Bu, uzunmüddətli sülhün təminatı baxımından tarixi əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsini təmin etmiş oldu.

Azərbaycan–ABŞ münasibətlərində tarixi dönüş

Vaşinqton görüşü iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcını qoydu.

1. Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq oluna sanksiya, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi dayandırıldı. Prezident Donald Trampın bu qərarı məhz cənab İlham Əliyevin iştirakı ilə imzalaması dövlət başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsidir.

2. Strateji Tərəfdaşlıq Xartiyasına doğru ilk addım atıldı. “Azərbaycan Respublikası və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı.

3. Memorandum əsasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində hazırlanması qərara alındı ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir.

Prezident İlham Əliyevin diplomatik ustalığı

Görüşlərdə cənab İlham Əliyevin Paşinyandan fərqli olaraq ingilis dilində, kağıza baxmadan, səlis və məzmunlu çıxış etməsi onun yüksək intellektini, siyasi hazırlığını və peşəkarlığını bir daha ortaya qoydu.
Vaşinqton görüşü Azərbaycanın diplomatiya tarixində möhtəşəm bir zəfər kimi qalacaq. Bu tarixi hadisə münasibətilə cənab Prezident başda olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm.

Azay Quliyev

Milli Məclisin deputatı
Dünən, 12:31
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!