Ürəyi sağlam saxlamağın sirriNiyə düzgün qidalanmırıq və necə dəyişə bilərik?
Son zamanlar ətrafımızda və sosial şəbəkələrdə tez-tez ürək çatışmazlığından dünyasını dəyişən insanlarla bağlı xəbərlər alırıq. Bu cür hadisələr bizi bir müddət özümüzə qarşı daha diqqətli olmağa vadar edir, amma bir az keçəndən sonra yenidən arxayınlaşır, hər şeyi unuduruq.
Niyə bu belə olur? Ümumiyyətlə, gəlin baxaq - ürəyi davamlı qorumaq üçün hansı addımları atmalıyıq?
Ürək sağlamlığı bizim üçün həyati əhəmiyyət daşıyır, amma çox zaman bu dəyəri yalnız nəsə baş verəndən sonra hiss edirik. Əslində isə sağlam qidalanma və düzgün həyat tərzi ilə ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını almaq mümkündür.
Gəlin baxaq, harada səhv edirik, niyə bunu edirik və necə düzəldə bilərik.
Harada səhv edirik?
Adətən səhər yeməyini ötürüb, günorta və axşam artıq yeyirik. Günün yorğunluğunu çıxarmaq üçün, xüsusilə axşam saatlarında, “yorğunluq mükafatı” kimi ağır yeməklərə yönəlirik.
Bədən gecə istirahət rejiminə keçəndə həzm sistemini yükləyirik, qaraciyər və ürək daha çox işləyir. Bu isə yuxunun keyfiyyətini pozur və ertəsi gün yenidən aclıq hissini artırır.
Gün ərzində tez hazırlanan qidaları seçirik, çünki “zamanımız yoxdur” deyirik. Bu da damarların daralmasına, xolesterinin yüksəlməsinə və qan təzyiqinin artmasına səbəb olur.
Qorxu hissi isə yalnız başqasına nəsə olanda və ya bizdə bir diaqnoz qoyulanda yarandığından “indi bir şey olmaz” deyirik. Halbuki bədənimiz səssiz-sədasız siqnallar verir — yüksək təzyiq, xolesterin, artıq çəki...
Bir müddətdən sonra isə işi yarımçıq qoyuruq.
Çünki:
Planlı şəkildə başlamırıq.
Qidalanmanı cəza kimi qəbul edirik, həyat tərzi kimi yox.
Sürətli nəticə gözləyirik, dözümsüzlük yaranır.
Bəs necə dəyişə bilərik?
Bunun üçün diyeti cəza yox, həyat tərzi kimi qəbul etməliyik. “Diyet” deyəndə məhdudiyyət yox, balanslı qidalanma anlamalıyıq.
Bilməliyik ki, səhər yeməyini ötürməmək ürəyi qoruyur, axşam isə yüngül qidalar seçmək rahat yuxu və normal təzyiq deməkdir.
Qeyd:
Ürək sağlamlığını qorumaq üçün varlı olmaq, çox vaxt ayırmaq və ya xüsusi dərmanlar qəbul etmək lazım deyil. Sadəcə öz bədənimizi dinləmək, balanslı qidalanmaq və hərəkətdə qalmaq kifayətdir.
Əsas özümüzü yeməklə yox, psixoloji rahatlıqla mükafatlandıraq - bir kitab, təbiət gəzintisi, sakit istirahət bədənə də, beyinə də xeyirdir.
Tədricən sağlam həyat tərzini vərdişə çevrirək və o zaman ürək-damar xəstəlikləri bizdən uzaq olar.
Tövsiyə:
Dəyişikliklər üçün heç də gec deyil. Gözləməyək ki, qorxu bizi hərəkətə keçirsin – bir hadisə, bir xəbərdarlıq bizi dəyişməyə vadar etsin.
Sağlam qidalanma məhdudiyyət deyil, əksinə, həyat keyfiyyətini artıran bir vərdişdir. Bu vərdişi formalaşdırmaq isə illərlə görə biləcəyimiz xoşbəxtliyin açarıdır.
Elnur Nemətov,
sağlam qidalanma mütəxəssisi