Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralı .....                        II Qareginə qarşı əməliyyat başladı .....                        “Fənərbağça” “Beşiktaş”a qalib gəldi .....                        “Ded Xasan”ın bacısı oğlu həbs edildi .....                        Xəzər dənizində ZƏLZƏLƏ oldu .....                        Türkiyə tarixi sənədə imza atdı - DETALLAR .....                        Salyanda Çin maşını külə döndü .....                        Türkiyə Rusiya neftindən imtina edir .....                        Beşmərtəbəli binada yanğın .....                       
13-10-2025, 21:24
Əbədiyaşarları yaşadanlar

Vətən sözünün etimalogiyasını araşdıranda "batan" ifadəsinə də rast gəlirik. Yəni, bir yerdə qalmaq, məskunlaşmaq mənasında işlədilir, həmçinin qədim türk sözü olduğu diqqətə çatdırılır. Məsələn, türk qardaşlarımızın dilində "Vatan" ifadəsi vardır. "Vatan, insanın en kutsal mirasıdır" söyləyirlər... Həm də dədə-babalarımızın kök saldıqları, qohum-əqrəbalarımızın yaşadıqları, soykökü ilə bağlı olduqları emosional məfhumu dilə gətirdikdə gözlərimiz önündə şəkk-şübhəsiz torpaq canlanır. Məhmət Akif Ərsoyun "...Bastığın yerleri “toprak” diyerek geçme, tanı, / Düşün altındaki binlerce kefensiz yatanı..." söylədiyi həmin o topraklar!

Əbədiyaşarları yaşadanlar


Bu mənada dahi mütəfəkkir Əli bəy Hüseynzadənin "Həyat" qəzetində dərc etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir?" başlıqlı məqaləsində yer alan "Biz ki türk oğlu türkük, biz ki millətlərin ən qədimi və ulusuyuq" ifadəsi xalqla bərabər, onun coğrafiyasının da geniş və zənginliyinə işarə edirdi. Böyük yazıçımız Cəlil Məmmədquluzadə də mübarək qələmi ilə Vətənin sərhədlərini belə "çəkirdi": "Haradır Azərbaycan? Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun". Göründüyü kimi, Vətən mövzusuna toxunmaq cəsarət, ləyaqət, vətəndaşlıq mövqeyi tələb edir. Bu müqəddəs mövqeyə, amala sadiq qalan, klassiklərimizin mənəviyyat yolunu davam etdirən, onların milli ruhunu yaşadan xələflərindən biri də görkəmli ziyalı, dəyərli pedaqoq Emin Ədilovdur.
Emin Barat oğlu Ədilov 1948-ci ilin noyabr ayının 25-də Qutqaşın (Qəbələ) bölgəsinin Bum kəndində (qəsəbəsində) anadan olub. 1966-ci ildə orta təhsilə yiyələnib. 44 il T.Yaqubov adına Bum qəsəbə tam orta məktəbində gələcəyimiz olan balalarımızın təhsili ilə məşğul olub.1967-ci ildən qələmə sarılan Emin müəllim AYB-nin və AJB-nin üzvüdür. "Qızıl Qələm", "Məhsəti Gəncəvi", "Xarı bülbül", "İlin Vətənpərvər şairi" media mükafatlarına layiq görülüb. "Cəsarətli Qələm" medalı ilə təltif edilib. Prezident təqaüdçüsüdür. 25 kitabın müəllifidir. E.Baratoğlu 30-dan çox kitaba redaktorluq edib və onlara ön söz yazıb.

Bu kitablar içərisində "Vətən sevdalı qartallar", "Vasifsiz keçən günlər", "Könüllərdə qaldı İlqar" daha çox diqqətimizi çəkir. Hər üç kitab Azərbaycanın varlığı yolunda canlarını fəda edən igid Vətən oğullarından bəhs edir. Müəllif hər üç kitabın ilk səhifəsindəcə vaxtilə düşmən tapdağında olan rayonlarımızın azad olunma tarixləri ilə bərabər, həm də Vətən torpaqlarının işğal təqvimlərinə də yer ayıraraq oxucunu dünəni unutmamağa çağırır.

Bu məqamda Ömər Faiq Nemanzadənin fikirlərini xatırlayırıq: "Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış. Bu sadəliyimiz cümləmiz ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq".

Emin Ədilovun əbədiyaşar şəhidlərimizə həsr olunmuş kitablarını oxuduqca soyuq göz yaşlarımız yanaqlarımızı isladır. Qəlbimizdə yaranan kədər və fərəh hissini eyni anda yaşayırıq. Onların əziz xatirələri müəllifin qələm və qəlb mürəkkəbilə yad edilir, Vətən uğrunda göstərdikləri şücaətləri, şanlı döyüş yolları, qəhrəmanlıqları, xatirələri həm öyrənilir, həm də gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsinə çevrilir. "Könüllərdə qaldı İlqar" (Bakı, "Füyuzat", 2024, 100 səh.) adlı kitabın ön qapağında şəhidimizin nurlu siması canlanır. Kitabda müəllif şəhid İlqar Ramazanlı barədə oxucuya məlumat verir: "...Əslən Qərbi Azərbaycandan olan Ramazanlı İlqar 1994-cü ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub, 2001-ci ildə sözügedən rayonun 159 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2013-cü ildə həmin təhsil ocağında orta təhsilə yiyələnib. 2013-cü ilin iyun ayının 2-də həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ilin yanvar ayının 2-də ordudan tərxis olunub. O, hərbi xidmətini nümunəvi keçirib, fəxri fərmanlara layiq görülüb. 27 sentyabrda Vətən müharibəsi başlayanda İlqar könüllü olaraq orduya yazılıb. Sentyabr ayının 29-dan mənfur ermənilərə qarşı döyüşlərə qatılıb. Füzulinin azad olunmasında fəallıq göstərib, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin noyabr ayının 3-də, ad günündən bir gün sonra Xocavəndin Qırmızı-bazar qəsəbəsində şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb". Kitabda Əmirxan Burzuyevin "Könüllərdə yuva qurdun", Yusif Rzanın "Şəhidim", Mirhəsən Ağayevin "Şəhid - Ramazanlı İlqar Etibar oğlunun əziz xatirəsinə", Fəxrəddin Bababəylinin "Sənə belə bəxt yazılıb" və digər müəlliflərin də şeirləri yer alıb. Kitabın arxa qapağında diqqətimizi çəkən iki misralıq şeir qəlbimizi titrədir. Bu misrada şəhid adına ehtiramla yanaşı, həm də Emin müəllimin ziyalı həssaslığı, vətəndaşlıq ləyaqəti, pedaqoq vicdanı görünür:

Əsir dil -dodağım şəhid deyəndə,
Vallah, utanıram deyib-güləndə.

Emin Barat oğlu Ədilovun "Vətən sevdalı qartallar" (Bakı, "Füyuzat", 2024, 156 səh.) kitabında şairin Qarabağ uğrunda canlarını qurban vermiş, şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan igidlərinə həsr olunmuş şeirləri toplanmışdır. Kitabın "Ön söz" müəllifi yazıçı-publisist Bibixanım İsayevanın qələmindən oxuyuruq: "Yaşının hər dövründə xalqı, torpağı, Vətəni, öz tarixi üçün yaşayan, həmişə tarixinin acı səhifələrinə narahat olan və öz ürəyinin "çırpıntılarını" nəzmə, oxunaqlı yazılara çevirən Emin Baratoğlu vətənpərvər ruhlu kitabların müəllifidir. Hər kitabı, hər yazdığı şeir, məqalə və reportajlar xalqın həyatını, qəhrəmanlıq tarixini əks etdirir. Emin müəllimin qələmə aldığı hər qəhrəman sabahkı nəslə bir örnəkdir. Həmçinin gələcək nəsillərə tarixi sənəddir. Xalqın həyatını yazan, şəhidlərə göz yaşı, ürəyinin qəmli döyüntüləri ilə şeirlər ithaf edən Emin Baratoğlunun "Vətən sevdalı qartallar" kitabı Vətən tarixini yazan, mənəvi zəngin, vətənpərvər oğullarımıza həsr olunmuşdur. Kitabın hər səhifəsi igidlik qoxuludur. Hər bir yazısı - şeiri isə ürək döyüntüsü ilə oxunulur". Bibixanım İsayeva hamımızın ürəyindən keçənləri qələmə almışdır.

Emin Ədilov (Baratoğlu) və Eldar Quliyevin həmmüəllifi olduqları "Vasifsiz keçən günlər" (Bakı, "Füyuzat", 2024, 192 səh.) kitabının redaktoru AYB-nin üzvü Cəlil Xeyirbəydir. Müəlliflər qeyd edirlər ki, "...2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi 44 gündə başa çatdı. Qəbələmizin fədakar oğulları bu döyüşlərdə öndə gedərək, düşmənə qan uddurdular. Onların başları ilan başı kimi əzildi. Düzdür, Qəbələmiz bu döyüşlərdə 37 nəfər nər oğlunu şəhid verdi. Şəhidlər ən yüksək hörmət və ehtirama layiqdirlər. Şəhidlərimiz bizim fəxrimiz, vüqarımız, baş tacımızdır. Onlar ən uca, əlçatmaz bir zirvədədirlər. Onlar bizim ziyarət yerimiz, qürur yerimizdir..."

Kitabda şəhid Vasif haqqında hər kəs qürurla söz açır. Habil Məmmədxanov dünəni belə xatırlayır: "Yaxın qonşum, Şəhid — Vasif haqqında qürurla danışa bilərəm. Vasif gözümüzün qabağında böyüyüb, çox zəhmətlə ərsəyə gəlib. Bunun bariz nümunəsidir ki, Vasif canlara dəyən oğlan kimi yetişmişdi, onunla fəxr edirdik, indi də edirik.
Səmimi davranışı, böyük-kiçik tanımağı ilə seçilirdi". Şəhid Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbin direktor əvəzi Ramil Məmmədovun fikirlərini oxuyuruq: "İlk şəhidimiz olan Vasif Süleymanov müharibə başlayanda əsgərlikdə idi. Xidməti dövründə komandanlığın hörmət və rəğbətini qazanan Vasif təlimlərdə fəal iştirak edib, Xüsusi təyinatlılar bölməsində düşmənə qarşı mübarizəyə qalxdı. İlk döyüşü Murov yüksəkliyində oldu. Vasif qorxmazlığı, şücaəti ilə döyüşlərdə fərqləndi. Cəbrayılın azad olunmasında da mərdliklə vuruşub. Lakin son döyüşü Füzuli istiqamətində olub. Vasif oktyabrın 6-da yüksək bir məqama ucalır". Həqiqətən də Vasifin timsalında bütün şəhidlərimizin məqamları ucadır. Onlar nəhəng bir prosesin — zamanın içərisində əbədiyaşardılar. Bütün zamanların qəhrəmanlarıdırlar. Bir də bu qəhrəmanları yaşadan, torpağın sinəsinə tökülən qanların istisini soyumağa qoymayan fikir və düşüncə adamlarının qələm mürəkkəbləridir.


Qərənfil Dünyaminqızı, BDU Milli Mətbuat tarixi kafedrasının professoru

Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin məzunu
13-10-2025, 17:59
Bakıda yanıq xəsarətləri alan qadın öldü


Bakıda yanıq xəsarətləri alan qadın öldü

Bakıda qadın yanaraq ölüb.
Hadisə Xəzər rayonunda baş verib.
Oktyabrın 6-da 1973-cü il təvəllüdlü Yelena Aleksandrovna Qurbanova yaşadığı Qala qəsəbəsindəki evində termiki yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən qadın oktyabrın 12-si orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır. Y.Qurbanovanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
13-10-2025, 17:54
Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir


Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir

Paytaxt ərazisində sərnişinlərə xidmət göstərən daha bir marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.
14 oktyabr tarixindən 93 saylı (Sabunçu qəsəbəsi – Dərnəgül NMM) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti xidmət göstərəcək və avtobuslar yenilənəcək.
Gündəlik 12 min nəfərədək sərnişinin istifadə etdiyi marşrut üzrə xidmətə veriləcək CNG yanacaq növlü “King Long” markalı avtobuslar son texnoloji yeniliklərlə təchiz edilib və xətt üzrə xidmət keyfiyyətini artıracaq.
Qeyd edək ki, avtobusların yenilənməsi ilə 93 saylı marşrutda da gedişhaqqı tarifi 60 qəpik olacaq.
13-10-2025, 17:41
Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı


Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı

İsrail tərəfindən azad edilən fələstinli məhbuslar Qəzzaya və Ramallaha aparılıb.
Fələstinlilər məhbusları qarşılamaq üçün Qəzzadakı Nasser xəstəxanasının qarşısında toplaşıblar.
Məhbsular tibbi yoxlanışdan keçirlər.
Qeyd edək ki, azad olunan fələstinlilərdən 154 nəfər deportasiya olunmaq üçün Misirə göndərilib.
Ümumilikdə isə, 1900-dan çox fələstinli məhbusun İsrail tərəfindən sərbəst buraxılması nəzərdə tutulub.
13-10-2025, 17:40
Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər?


Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər?

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi keçirilib.
Mərasimdə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq görüşü açaraq, Azərbaycan və Türkiyə parlament sədrlərini salamlayıb.
O, parlament platformasının ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.
Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır.
O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışında görüşün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Pakistan tərəfinə təşəkkürünü bildirib.
Parlamentlərimizin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər. Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Qeyd edilib ki, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib. Cari ilin may ayında Pakistan və Hindistan arasında gərginlik zamanı Azərbaycan ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə edib. Ölkəmiz Kəşmir məsələsinin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini hər zaman dəstəkləyib və bunu bütün beynəlxalq platformalarda səsləndirib.
Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə keçirilmiş Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşündən artıq 4 il ötdüyünü, 2021-ci ildə Bakıda parlamentlərimiz arasında bu üçtərəfli əməkdaşlıq mexanizminin yaradıldığını xatırladan Sahibə Qafarova vurğulayıb ki, həmin Görüş yalnız bu yeni mexanizmi təsbit edən Bakı Bəyannaməsinin qəbulu ilə deyil, həm də Azərbaycanın mədəniyyət paytaxtı - işğaldan azad edilmiş Şuşa şəhərinə səfərlə də əlamətdar olmuşdur.
O, 2022-ci ildə Türkiyə Böyük Millət Məclisinin evsahibliyi ilə İstanbul şəhərində İkinci Üçtərəfli Görüşün də əhəmiyyətli müzakirələrlə və İstanbul Bəyannaməsinin qəbulu ilə yadda qaldığını qeyd edərək, bu gün isə İslamabad şəhərində Üçüncü Üçtərəfli Görüşün keçirildiyini, artıq bu platformanın parlamentlərimiz arasında uğurlu və davamlı əməkdaşlıq platforması kimi formalaşdığını, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə verdiyini söyləyib.
Onun sözlərinə görə, qanunvericilik orqanlarımızın Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı, Asiya Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatları çərçivəsində davamlı təması, qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətimiz və bir-birimizə dəstəyimiz də məmnunluq doğurur. Spiker deyib ki, vacib platformalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. Sahibə Qafarova, Pakistan Milli Assambleyası və Senatının Şəbəkənin üzvü, Türkiyə Böyük Millət Məclisinin isə xüsusi qonaq qismində təşkilatın işini fəal şəkildə dəstəklədiklərinə görə onlara təşəkkür edib.
Spiker qeyd edib ki, bu gün ölkələrimizin beynəlxalq səviyyədə nümayiş etdirdikləri güclü birlik və həmrəylik yalnız onların qardaşlığının, ortaq maraqlarının ifadəsi deyil. Bu, eyni zamanda, beynəlxalq hüququn, haqq və ədalət prinsiplərinin mütləqliyinə əsaslanan yanaşmadır. Onun sözlərinə görə, bu, əslində, beynəlxalq aləmə də bir çağırışdır. Məhz belə yanaşma beynəlxalq ictimaiyyəti sülh, təhlükəsizlik və tərəqqi üzərində qurulacaq daha parlaq gələcək naminə qarşılıqlı hörmət əsasında birgə fəaliyyətin gücləndirilməsinə səsləyir.
Çıxışında spiker Sahibə Qafarova vurğulayıb ki, sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir. 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir.
O xatırladıb ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən iyirmi faizi otuz il ərzində Ermənistanın işğalı altında idi. Bu otuz il ərzində yüzlərlə şəhər və kəndlərimiz, tarixi, dini və mədəni abidələrimiz darmadağın edildi, bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı. ATƏT-in Minsk Qrupu adlandırılan vasitəçilər isə beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edə bilmədilər.
Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin layihəsini irəli sürdü.
Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edildi.
Spiker Sahibə Qafarovanın sözlərinə görə, Vaşinqton görüşünün əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək. Milli Məclisin sədri, bütün bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.
Spikerin bildirdiyinə görə, qeyd edilən proseslər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığı müşahidə olunur. Ötən dövr ərzində Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində ardıcıl şəkildə inkişafının şahidi olduq.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan və Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin 2024-cü ilin iyulunda Astanadakı üçtərəfli görüşü və xüsusən bu ilin mayında Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərindəki Üçtərəfli Zirvə Görüşü isə bu mexanizmi daha da zənginləşdirdi və keyfiyyətcə yeni bir mərhələyə qaldırdı. Həmin görüşlərdə qardaş ölkələrimiz arasındakı birlik və həmrəyliyin daha da gücləndirilməsi, üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi iradəsi ortaya qoyuldu. Sahibə Qafarova qeyd edib ki, liderlərimizin bu iradəsindən irəli gələrək, Parlament Sədrləri səviyyəsində bu gün keçirilən Üçtərəfli Görüş də ölkələrimizin işbirliyinə parlament dəstəyini gücləndirmək qətiyyətimizin bir ifadəsidir. O, belə bir inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu məqsədə nail olacaqlar.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş tədbir iştirakçılarını salamlayaraq görüşün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
O, beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Numan Kurtulmuş qeyd edib ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qeyd edilib ki, qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.
Çıxışında terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunan Numan Kurtulmuş deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.
O, öz çıxışında Azərbaycan və Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunan nailiyyətlər münasibətilə ölkəmizi və xalqımızı təbrik edib.
Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq, müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.





13-10-2025, 17:23
Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı


Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı

Azərbaycanın bəzi yerlərində oktyabrın 13-ü saat 17:00-a olan küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Lerik, Culfada 21, Mingəçevirdə 18, Kəlbəcərdə 17, Balakən, Şəmkir, Gəncədə 16 m/s-yə çatır.
Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Quba, Şahdağ, Balakən, Şəki, Zaqatala, Xaçmaz, Qusar (Laza), Qax (Sarıbaş), Beyləqan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Sabirabadda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Şəki, Balakən, Qax (Sarıbaş), Göygöl, Lerikdə duman müşahidə olunur. Görünüş məsafasi 500 metrədək məhdudlaşır.
13-10-2025, 17:14
Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi


Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə sülh sammitində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə səfər edib.
Onu hava limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Lakin səfər zamanı diqqətçəkən hadisə yaşanıb.
Belə ki, Ərdoğanın təyyarəsi ilk cəhddə eniş edə bilməyib. Qeyd edilir ki, Türkiyə liderini daşıyan təyyarə əvvəlcə hava limanının uçuş-enmə zolağından kənara çıxıb, qısa müddət ərzində Qırmızı dənizin üzərində havada qalıb, sonra isə təhlükəsiz yerə enib. Əlavə təfərrüatlar açıqlanmayıb.
Hadisənin səbəbi barədə rəsmi məlumat verilməsə də, “Ülke TV” kanalının baş redaktoru Həsən Öztürkün iddiasına görə, Türkiyə lideri uçuş zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun sammitdə iştirak edə biləcəyi barədə məlumat alıb. Öztürkün sözlərinə görə, Ərdoğan bu xəbər təsdiqlənsəydi, səfəri dərhal dayandıraraq Türkiyəyə qayıtmaq niyyətində idi. Hətta təyyarə artıq eniş üçün hazırlaşarkən şassilər açılıb, lakin məlumatın dəqiqləşdirilməsi üçün təyyarə yenidən yüksəklik qazanıb.
Daha sonra Misir tərəfi Türkiyə Prezidentinə Netanyahunun sammitdə iştirak etməyəcəyini təsdiqləyib. Bunun ardınca Ərdoğanın təyyarəsi kursunu dəyişərək Şarm əl-Şeyx hava limanına enib. Hadisə ilə bağlı rəsmi Ankara hələlik açıqlama yaymayıb.
Məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Netanyahunun sammitə dəvət olunması üçün cəhd göstərsə də, bir sıra ölkə rəhbərlərinin, o cümlədən İraq Baş nazirinin bu halda toplantını tərk edəcəklərini bildirməsi nəticəsində plan baş tutmayıb. Sammitdə Qəzzada atəşkəs razılaşmasının icrası və bölgədə sabitliyin təmin olunması məsələləri müzakirə olunur.
13-10-2025, 17:02
Əhali içki və siqaretə 2 milyard manat xərcləyib


Əhali içki və siqaretə 2 milyard manat xərcləyib

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 940.4 milyon manat xərclənib.
Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.
Qeyd edək ki, cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 202.4 milyon manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.
13-10-2025, 16:45
Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq


Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq

Bu gün Misirin Şarm Əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilir. Tədbirdə 20-dən çox ölkənin lideri iştirak edir.
Görüşdə İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin davamlılığının təmin olunması, eləcə də Qəzza zolağında yaranmış humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində növbəti addımlar müzakirə ediləcək. Azərbaycanın yenidənqurma və bərpa işlərində böyük təcrübəyə malik olduğu artıq təkzibedilməz faktdır. Ölkəmiz işğaldan azad etdiyi ərazilərində böyük bərpa-quruculuq işləri görür. Təkcə beş ildə beynəlxalq aeroportlar, yollar tikilib və lazimi infrasturukturlar qurulub.
Bu baxımdan Azərbaycanın da Qəzzanın yenidənqurulmasında iştirakı məsələsi istisa edilmir.
Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan Prezidentinin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması çox böyük məna kəsb edir:
“Yaxın Şərq dünya tarixində həmişə qaynar nöqtələrdən biri olub. On illərlə uzanan münaqişələrin artıq həll edilməsi, bundan sonrakı proseslərin daha çox sülh quruculuğu ilə bağlı olması, Qəzzada böyük bərpa-quruculuq işlərinin aparılması sammitin gündəmidir. Azərbaycan Prezidentinin tədbirə dəvət olunması bir sıra mətləblərdən xəbər verir. Əvvəla, Azərbaycanın sülh müqaviləsindəki rolu kifayət qədər aktiv olub. Ölkəmiz bu sahədə təcrübəyə malikdir. Vasitəçilik və digər sahələrdə də Azərbaycanın hər zaman aktiv olduğunu nəzərə almaq lazımdır. Bu təcrübə və bacarıqdan istifadə etmək və yararlanmaqla Yaxın Şərqdə sülh prosesinə töhfə vermək olar. Digər tərəfdən, bərpa-quruculuq işlərində də Azərbaycanın rolu kifayət qədərdir. Torpaqlarımızın vaxtilə beşdə biri işğal altında olub. Ərazilərimizi işğaldan azad etdikdən sonra orada böyük bərpa-quruculuq işlərinin uğurlu şəkildə həyata keçirilməsi, Azərbaycanın bu sahədə də böyük təcrübəyə malik olduğunu göstərən haldır.
Eyni zamanda, Suriyada uzun çəkən müharibədən sonra artıq sülh dövrünün başladığını və orada da bərpa-quruculuq işlərində Azərbaycan şirkətlərinin iştirakının nəzərdə tutulduğunu yaddan çıxarmayaq.
Ölkəmizin bu təcrübəsindən və bacarığından məhz Qəzzanın da bərpa-quruculuq işlərində istifadə etmək ümumi prosesə töhfə verə bilər”.
Deputat vurğulayıb ki, böyük ehtimalla Azərbaycanın da hansısa formada Qəzzaya cəlb olunması gözlənilir:
“İstər həmin ərazilərin təbii qazla təchiz olunması, eyni zamanda humanitar xarakterli missiyaların da həyata keçirilməsi Azərbaycanın bilavasitə artıq bu gün Suriya timsalında icra etdiyi prioritetlərdəndir. Düşünürəm ki, Qəzzada da gələcəkdə böyük bir ərazidə bərpa-quruculuq işləri, eyni zamanda digər humanitar xarakterli missiyaların həyata keçirilməsi sammitin gündəliyini ehtiva edəcək. Ola bilər ki, bu prosesdə də Azərbaycanın iştirakı nəzərdə tutulsun. Xüsuilə də Azərbaycan-Fələstin münasibətləri nöqteyi-nəzərdən məsələyə yanaşdıqda görə bilərik ki, burada da yenə dövlətimizin dost ölkə kimi iştirakı üçün böyük imkanları var. Ehtimal oluna bilər ki, sammitdə elə bu iki element- bərpa-quruculuq işləri, humanitar xarakterli addımlar gündəmdə olacaq. Digər sahələrdə də hansısa formada Azərbaycanın iştirakını görə bilərik. Amma hər şey artıq Qəzzada baş verən sülh prosesinin gedişatından asılıdır”.
13-10-2025, 16:38
Azərbaycanda vəzifəli şəxsin oğlu oteldə öldü


Azərbaycanda vəzifəli şəxsin oğlu oteldə öldü

Mingəçevir şəhərində 49 yaşlı kişi hoteldə ölüb.
Hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.
Xatırladaq ki, C.Rəhimov Mingəçevir "Avtovağzal" MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!