Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir .....                        Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar .....                        HƏMAS bu şərtlə tərksilaha razıdır .....                        Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi .....                        Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək .....                        Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB .....                        Rusiya Ukraynaya hücum edib - ölənlər var .....                        Dünyada yeni müharibə ocağı – təhlükə artır .....                        İrandan ABŞ-yə ŞƏRTLƏR .....                       
18-11-2025, 23:47
Rusiyanın ən böyük neft zavodu bağlandı


Rusiyanın ən böyük neft zavodu bağlandı

Rusiyanın Ryazan Neftayırma Zavodu Ukraynanın dron hücumu səbəbilə xam neft emalını tam dayandırıb.
Bu barədə məlumatı "Reuters" sənaye mənbələrinə istinadla yayıb.
Mənbələr bildirir ki, zavod 15 noyabr gecəsi hücuma məruz qalıb və fəaliyyətini ayın sonunadək dayandıracağı gözlənilir.
“1 dekabradək neft məhsullarının göndərişi planlaşdırılmır”, – deyə agentliyin həmsöhbətlərindən biri bildirib.
Hücum nəticəsində illik 8 milyon ton gücə malik əsas emal qurğusu sıradan çıxıb. Bu, zavodun ümumi gücünün 48%-i deməkdir.
Bundan əvvəl 24 oktyabr tarixində dron zərbəsi zavodun gücünün dörddəbirini təmin edən digər böyük qurğunu da yararsız hala salmışdı. Onun təmiri hələ başa çatmayıb.
Hücumlardan sonra zavod bir neçə başqa qurğunu da dayandırıb, lakin bu dayanmanın birbaşa dron zərbəsi ilə bağlı olub-olmadığı dəqiq deyil.
Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatına görə, Ryazan zavodu 15 noyabrda birja üzərindən neft məhsullarının satışını da dayandırıb.
Ryazan zavodu ölkənin neft emal sistemində ən böyük paya malik müəssisələrdən sayılır: 2024-cü ildə zavod 13,1 milyon ton xam neft emal edib. Bu göstərici Rusiyanın ümumi neftayırma gücünün 4,9%-nə bərabərdir.
Agentlik qeyd edir ki, Ukrayna son aylarda Rusiyanın neft zavodlarını, bazalarını və boru kəmərlərini hədəfə alan hücumlarını artırıb.
2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin dronları ən azı 17 böyük neft zavoduna hücum edib.
18-11-2025, 23:30
Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ


Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ

Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə böyük qayıdış başlayır.
İlk köçlə bağlı sabah püşkatma olacaq.
Püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk qayıdacaq ailələr arasında keçiriləcək.
18-11-2025, 23:16
İranla razılaşmaya açığıq - TRAMP


İranla razılaşmaya açığıq - TRAMP

“Biz İranla razılaşmaya açığıq”.
Bu sözləri Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
"İranla razılaşma əldə etmək gözəl olardı və biz bunu müharibədən əvvəl edə bilərdik, amma, alınmadı. Fikrimcə, onlar başqa bir şey desələr də, razılaşma əldə etməkdən məmnun olarlar", - deyə Tramp bildirib.
Məhəmməd bin Salman İranın ABŞ ilə razılaşma əldə etmək istədiyinə inandığını deyib və ölkəsinin bu razılaşma üçün əlindən gələni edəcəyini vurğulayıb.
18-11-2025, 22:27
Ukrayna Rusiyanı bu raketlərlə vurdu


Ukrayna Rusiyanı bu raketlərlə vurdu

Ukrayna Rusiyadakı hərbi obyektləri vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib", - deyə Baş Qərargah bildirib.
Ukrayna müdafiəçilərinin hücum etdiyi konkret hədəflər hələ ki, məlum deyil. Hərbi komandanlıq hücumun əlamətdar hadisə olduğunu vurğulayıb.
Baş Qərargah əlavə edib ki, ukraynalılar ölkəyə qarşı davamlı hücumlara baxmayaraq, əzmkardırlar və qətiyyət nümayiş etdirirlər. "Uzaqmənzilli silahların, xüsusən də ATACMS-in istifadəsi davam edəcək", - deyə məlumatda qeyd edilib.
18-11-2025, 22:04
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU


Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU

İstanbulda qaldıqları oteldə zəhərlənərək həyatını itirən 4 nəfərlik Böcek ailəsi ilə bağlı ilkin ekspertiza rəyi açıqlanıb.
Ailənin ölümünə səbəb oteldə qaldıqları otaqda kimyəvi zəhərlənmə ola bilər.
Rapora görə, ailənin qaldığı otelin 201 nömrəli otağında havalandırma sistemi mövcud olmayıb. Bu şərait kimyəvi maddələrin otaqda yığılmasına və nəfəsalma yolu ilə zəhərlənmə riskinin artmasına səbəb ola bilər.
Bildirir ki, otelin dərmanlanmasında istifadə edilən kimyəvi maddələrdən nümunələr götürülüb və onların tərkibi laboratoriyada təhlil ediləcək. İlkin rəyə görə, zəhərlənmənin qida mənşəli olması aşağı ehtimal olunur.
Uşaqlar Kadir Muhammet Böcek və Masal Böcek ilə bağlı aparılan ekspertiza zamanı yalnız mədə divarında yüngül qanama və qızartı aşkar edilib. Bundan başqa, onların orqanizmində nəzərə çarpan başqa dəyişiklik qeydə alınmayıb..
Dəqiq ölüm səbəbi araşdırmalar tamamlandıqdan sonra məlum olacaq.
18-11-2025, 21:45
5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI


5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən Samir Nuriyev dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib. Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.
Qərargah rəhbəri deyib ki, həyata keçirilən genişmiqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.
Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real nəticələr verdiyi və artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”nın, 8 şəhərin Baş planının, 3 şəhərin isə Müfəssəl planının təsdiqləndiyi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planlarının işlənilmə mərhələsində olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib.
Bütün bunlar bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlətimizin başçısının ərazilərin bərpasına yönələn siyasətinin ardıcıllığını və bu istiqamətə olan yüksək diqqətini əks etdirir. Görülən işlərin nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.
Qərargah rəhbəri bölgənin münbit torpaq və əlverişli iqlim şəraiti ilə seçildiyini, bunun da ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar yaratdığını və bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlər barədə məlumatlar təqdim edilib. Bundan əlavə, ərazilərdə tikinti layihələrinin hazırlanmasına, tikinti-quraşdırma işlərinin aparılmasına dövlət nəzarətinin həyata keçirilməsi, fövqəladə hallara qarşı dayanıqlılığın, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili, mədəni, tarixi və dini abidələrin bərpası və qorunması istiqamətlərində görülən işlər barədə məruzələr dinlənilib.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək zəruri tədbirlərin görülməsi iclas iştirakçılarının diqqətinə çatdırılıb və müvafiq tapşırıqlar verilib. Bildirilib ki, Böyük Qayıdışın uğurla davam etdirilməsi üçün koordinasiya, innovasiya və şəffaflıq prinsipləri daim ön planda saxlanılmalıdır.
Səfər çərçivəsində Zəngilan şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə və məktəb binasına baxış keçirilib. Bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar.
Daha sonra “Dost Agro Park”a aid əkin sahələrindəki dairəvi (pivot) suvarma sistemlərinə, həmin parkın heyvandarlıq kompleksinə, Ağalı kəndinin sakinləri üçün parselləşmə aparılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və "Şirin Aqro" QSC bağçılıq ərazisinə baxış keçirilib.
Qərargahın üzvləri, həmçinin Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar. Onlara Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı, Araz çayı üzərində inşa edilən körpüdə və Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd avtomobil və dəmir yollarının inşası, eləcə də müvafiq buraxılış məntəqəsinin tikintisi ilə bağlı planlaşdırılan işlər, o cümlədən gömrük nəzarətinin təşkilinə və infrastrukturun yaradılmasına dair mövcud vəziyyət barədə məlumatlar təqdim olunub..
18-11-2025, 21:31
Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı?


Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Daha sonra qeyd olunub ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimova etiraz etmişdi. Qeyd edilib ki, İslam Ağakərimov bugünkü iclasa dəvət olunub və prosesdə iştirak edir.
Təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkili Emil Babışov da etirazın təmin olunmasını məhkəmədən xahiş ediblər.
İslam Ağakərimov məhkəmənin hazırlıq iclasının qərarının onun tərəfindən tərcümə edildiyini və həmin tərcümədə yalnız bir mexaniki səhvin olduğunu, həmin səhvin qərarın mahiyyətinə təsir etmədiyini və hər hansı dəyişiklik yaranmadığını, eləcə də məzmununa heç bir xələl gətirmədiyini qeyd edib.
Sədrlik edən Zeynal Ağayevin sualına cavabında İslam Ağakərimov bunun təsadüfən və mexaniki baş verdiyini, tərcümədə olan həmin bir səhvi bilə-bilə etmədiyini deyib.
Etiraza münasibət bildirən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov bildirib ki, müdafiə tərəfi bu vəsatəti məhkəmədə bir neçə dəfə səsləndirib. Tərcüməçi üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün onun qeyd edilənlərlə bağlı mövqeyini öyrənmək mümkün olmamışdı. Bugünkü iclasda isə tərcüməçi həmin səhvin mexaniki baş verdiyini və texniki məsələ olduğunu, habelə bu səhvi bilə-bilə etmədiyini bildirib.
Dövlət ittihamının müdafiə edən prokuror N.Bayramov diqqətə çatdırıb ki, tərcüməçiyə etiraz Cinayət-Prosessual qanunvericilikdə nəzərdə tutulan hallardan biri olduqda əsaslı sayıla və təmin edilə bilər. Tərcüməçiyə etirazın əsasları sırasında isə yol verilən mexaniki və ya texniki səhv göstərilmir. Odur ki, məhkəmədən müdafiə tərəfinin tərcüməçiyə etirazının təmin olunmamasını xahiş edib.
Məhkəmə tərəfləri dinlədikdən sonra qərar qəbul etmək üçün müşavirə otağına gedib.
Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən etiraz təmin olunmayıb.
Vurğulanıb ki, cinayət prosesində tərcüməçiyə etirazın əsasları cinayət prosessual qanunvericilikdə konkret müəyyən olunub və verilmiş etiraza baxan zaman İslam Ağakərimova münasibətdə həmin əsaslar müəyyən edilməyib.
Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Cəmil Əliyev bildirib ki, Ağdərə rayonunun Çərəkdar kəndində olarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin partlaması nəticəsində özü, eləcə də Bəhram Allahyarov və Murad Verdiyev müxtəlif xəsarətlər alıblar. Həmin vaxt yanlarında olan Şikar Hüseynov isə həlak olub.
Zərərçəkmiş İntiqam Rüstəmli qeyd edib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində özü və daha bir nəfər xəsarət alıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Etibar Əliyev bildirib ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərlə birgə hərəkət edərkən idarə etdiyi avtomobilin düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində partlayış baş verib və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, özü və daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş Allahverdi Məmmədli qeyd edib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı qumbaranın yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Nahid Əsədov bildirib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanıb.
Zərərçəkmiş Elşən Rüstəmov qeyd edib ki, Cəbrayıl rayonu ərazisində düşmənin basdırdığı minaları təmizləyərkən partlayış baş verib və nəticədə müxtəlif xəsarətlər alıb.
Zərərçəkmiş Şahmar Cəlilov bildirib ki, Ağdərə rayonu istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı raket atəşi nəticəsində içərisində olduqları avtomobil vurulub, özü xəsarət alıb, bir nəfər isə həlak olub.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Ümüd Şükürov qeyd edib ki, Kəlbəcərdə düşmənin təxribatı nəticəsində bir neçə nəfər həlak olub, özü və başqa bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.
Zərərçəkmiş Novruz Əliyev bildirib ki, Kəlbəcər rayonunun Yellicə kəndində düşmənin dronlardan istifadə etməklə törətdiyi təxribat nəticəsində yaralanıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Eynulla Nəsirli qeyd edib ki, Xocalı rayonu istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət alıb.
Digər zərərçəkmiş Yusif Yusifov isə bildirib ki, Ağdam rayonunun ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşləri nəticəsində İxtiyar Bayramov həlak olub, özü isə xəsarət alıb.
Ardınca məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
18-11-2025, 21:07
Səudiyyə şahzadəsi Trampla görüşdü


Səudiyyə şahzadəsi Trampla görüşdü

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb.
Bu, Səudiyyə Ərəbistanı Şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir. Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.
Tramp görüşdə Səudiyyə Ərəbistanının Abraham Sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə etmək niyyətindədir.
18-11-2025, 20:50
Qubada dəhşətli qəza - Ölən var


Qubada dəhşətli qəza - Ölən var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 31 yaşlı Elnur Mehdi oğlu Abbasov sürdüyü motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.
Nəticədə, E.Abbasov özünü xilas etmək məqsədilə minik vasitəsindən tullanıb. Bu zaman H.Osmanovun idarə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq həlak olub.
Faktla bağlı araşdırma aparılır.
18-11-2025, 20:18
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakı olacağını söyləyib. Qeyd edək ki, Dövlət başçısının dəvət aldığı ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, əslində mühüm birləşdirici amildir.
Azərbaycan Prezidentinin müsahibəsində vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Azərbaycanla Özbəkistan türkdilli ölkələr olmaqla bərabər qardaş ölkə və etibarlı müttəfiqdirlər. Hər iki ölkəni yalnız coğrafi deyil, həm də ortaq köklər, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr, zəngin tarixi-mədəni irs, eyni zamanda tarixi-mədəni əlaqələr birləşdirir. Əsrlərdən bəri hər iki xalq dostluq qardaşlıq münasibətində olub və biri-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Eləcə də dövlətlərarası münasibətlər də möhkəm təməl üzərində qurulub.
Qeyd edək ki, Azərbaycan yalnız Özbəkistanla deyil, regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bu gün də ən yüksək - müttəfiqlik səviyyəsindədir. Ölkələr arasında əməkdaşlıq beynəlxalq platformalarda da uğurla inkişaf edir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq daim dəstəkləyib. Eyni zamanda Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridirlər və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Eyni zamanda, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Onu da qeyd edək ki, dövlətlərarası münasibətlərin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir.
Azərbaycan Prezidenti İlham Əliyev: “Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd edim ki, son bir il yarım ərzində beş belə səfər olub.
Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”.
Prezident İlham Əliyev müsahibəsində 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şuranın da münasibətlərin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynadığını vurğulayıb. Şuranın artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirdiyini qeyd edib.
Hər iki dövlət arasında iqtisadi-ticari əməkdaşlıq da günü-gündən artır, genişlənir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.
Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.
2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır”.
Dövlət başçımız Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstərildiyini söyləyib.
2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub.
Qeyd olunub ki, Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.
Azərbaycan və Özbəkistanın birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.
Bütün bu və bu kimi bir sıra tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!