Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
12-11-2025, 15:28
Mətbuat katibinə yeni vəzifə verildi


Mətbuat katibinə yeni vəzifə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) mətbuat katibi Şahin Məmmədova yeni vəzifə verilib.
Bu barədə Ş.Məmmədovun özü bildirib. O, jurnalistlərə xitabında deyib:
“Bu gündən Dövlət Vergi Xidmətində yeni məsul bir vəzifədə işimi davam etdirirəm. Dövlət Vergi Xidmətinin media üzrə əlaqələrinə indi Gunel xanım (Günel Bəhramqızı-red.) baxacaq.
Uzaqda deyiləm, eyni strukturdayam. Hər hansı məsələ və ya sual yarandıqda mənimlə də rahatlıqla əlaqə saxlaya bilərsiniz.
İndiyədək göstərdiyiniz dəstəyə və əməkdaşlığa görə hər birinizə təşəkkür edirəm”.
Xatırladaq ki, telejurnalist Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin rəis müavini - şöbə rəisi vəzifəsinə təyin edilib.
12-11-2025, 15:17
Azərbaycanda bu şəxslərin hərbi xidmət müddəti 6 ay AZALDILIR


Azərbaycanda bu şəxslərin hərbi xidmət müddəti 6 ay AZALDILIR

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.
Bu qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilib.
Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədədir.
12-11-2025, 14:55
Fuad Nəcəflinin işdən çıxarılmasının 10 SƏBƏBİ


Fuad Nəcəflinin işdən çıxarılmasının 10 SƏBƏBİ

Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Digər sərəncamla bu vəzifəyə Ceyhun Cəlilov təyin edilib.
Naxçıvan Televiziyasının (NTV) sabiq sədri Sahil Tahirli Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin işdən çıxarılmasına rəy bildirib.
NTV-nin sabiq sədri Fuad Nəcəflinin işdən çıxarılmasının 10 səbəbini açıqlayıb.
O bildirib ki, Fuad Nəcəfli iş görmək əvəzinə şəkil çəkdirir, daim özünüreklamla məşğul olurdu.
“Nəcəflinin 3 illik fəaliyyəti və ya, fəaliyyətsizliyi ilə bağlı hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm:

1. İş görmək əvəzinə şəkil çəkdirdi, daim özünüreklamla məşğul oldu;

2. Sosial-iqtisadi nəticəyə gedə bilmədi, şişirdilmiş statistik rəqəmlərlə oynadı;

3. Üst orqan və rəhbərliyi yalan məruzə və məlumatlarla aldatmağa çalışdı (buna nail ola bilmədi);
Ətraflı

4. Öz məsuliyyətini, işlərin zəif gedişini nazir və komitə sədrlərinin adına yazıb onları gözdən salaraq özü həmişə məsuliyyətdən yayındı;

5. İllərdir Naxçıvanda dövlətin yetişdirdiyi peşəkar yerli kadrlar öncə vəzifədən, sonra Naxçıvandan uzaqlaşdırdı, beləcə, Gənclər-idman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Culfa icra hakimiyyəti, Naxçıvan dövlət televiziyası və digər mühüm qurumlar başsız buraxıldı. Bakıdan dəvət edilən bir çox qurum rəhbəri də eyni aqibəti yaşadı, bir il tamam olmamış şərlənib və ya təhqirlərə dözməyib vəzifələrindən uzaqlaşdırıldılar (bərbad kadr islahatları);

6. Kiçik və orta sahibkarlığın qarşısını öz maddi maraqları naminə aldı;

7. İdarəetmədə xaotik mühit yaradaraq dövləti insanların gözündən saldı;

8. Təmsil etdiyi orqanın güclənməsi və nüfuzunun artmasına çalışmadı;

9. Xüsusən, ən mühüm strateji sahələrin inkişafını blokladı;

10. Şəxsi nümunə göstərə bilmədi, əyyaşlıqdan, boş və mənasız iclaslar keçirməkdən başı ayırd olmadı".
12-11-2025, 14:44
Prezidentdən icra başçılarına tapşırıq: “Dərhal mənə məlumat verin”


Prezidentdən icra başçılarına tapşırıq: “Dərhal mənə məlumat verin”

“Yerlərdəki bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir”.
Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söyləyib.
Dövlət başçısı noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Prezident bildirib ki, vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi:
“Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.
12-11-2025, 14:42
İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ


İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ

«Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır — ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq».
Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.
«Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar.
Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir», — dövlət başçısı qeyd edib.
12-11-2025, 14:38
Yeni icra başçıları Prezidentin qəbulunda - Tapşırıqlar VERİLDİ


Yeni icra başçıları Prezidentin qəbulunda - Tapşırıqlar VERİLDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.
Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.
Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.
Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Yenə də deyirəm, biz bu məsələləri dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişik.
Qaldı ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək.
Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.
Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur. Vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir.
Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız. Sizə uğurlar arzulayıram. Sağ olun.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov: Möhtərəm cənab Prezident, ilk öncə bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan Respublikasının son illərdə bütün regionlarının, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının inkişafında xüsusi mərhələ var. Bu, Sizin xüsusi diqqət və qayğınızın nəticəsidir. Sizi əmin etmək istəyirik və söz veririk ki, bundan sonrakı fəaliyyətimizdə Sizin etimadı doğrultmaq məqsədilə verdiyiniz bütün tapşırıq və göstərişlərinizi vaxtında layiqincə yerinə yetirib bu tapşırıqların icrasını tam təmin edəcəyik.

Prezident İlham Əliyev: Sağ ol.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov: Möhtərəm cənab Prezident, yenidən etimad göstərərək bizi vəzifəyə təyin etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Tam suveren Azərbaycanımızın banisi olaraq Zati-alinizin bütün tapşırıqlarını təyin olunduğumuz vəzifələrimizdə vicdanla, tam məsuliyyətimizlə və ləyaqətlə qeyd-şərtsiz icra edəcəyik. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ ol.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov: Möhtərəm cənab Prezident, göstərdiyiniz böyük etimadı doğruldacağıq, müasir Azərbaycan Respublikasının banisi Ulu Öndərimiz Heydər Əliyevin ideyalarını yaşadacağıq, Sizə və Azərbaycan Respublikasına şərəflə xidmət edəcəyik.

Prezident İlham Əliyev: Sağ ol.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev: Möhtərəm cənab Prezident, əmin etmək istəyirəm ki, göstərdiyiniz böyük etimadı səylə, gücümüz, biliyimiz çərçivəsində tam şəkildə icra edəcəyik və işimizi ləyaqətlə, şərəflə davam etdirəcəyik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol.

Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov: Möhtərəm cənab Prezident, bizə belə yüksək etimad göstərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm və söz verirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə bir daha təşəkkür edirik. Qarşımıza qoyduğunuz bütün vəzifələri bilik və bacarıqlarımızla yerinə yetirəcəyimizə söz veririk.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli: Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz böyük etimada görə Sizə minnətdarlığımı bildirirəm. Verdiyiniz bu tapşırıqları və göstərdiyiniz böyük etimadı doğruldacağıma bütün varlığımla söz verirəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar.







12-11-2025, 10:04
Afurcadan İrşadiyyəyə uzanan həyat yolu


Afurcadan İrşadiyyəyə uzanan həyat yolu

Esse

Uzaq Fransadan, Parisdən gələn zəng məni çox heyrətləndirdi. Zəng eyləyən Murad Esen idi. Murad Osmanlı türkcəsində danışmağa başladı: “Nömrəni Feysbukdan götürmüşəm. Səninlə tanış olmaq istəyirəm”. Sonra özü haqqında məlumat verdi: “Biologiya müəllimiyəm. Təqaüdə çıxmışam. İndi Parisdə yaşayıram. Babam molla İbrahim 1900-cü ildə Afurcadan Türkiyəyə, İrşadiyyə kəndinə köçmüşdür. Babam haqqında bir əsər yazmaq istəyirəm, lakin Afurca haqqında məlumatım azdır. Mənə kənd haqqında geniş məlumat yaz göndər”.
Onun xahişini yerinə yetirdim. O, isə əsərindən bir parçanı mənə göndərdi. Yazını Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Murad babasının Afurca kəndindən ayrılmasını belə təsvir edirdi:
“İbrahim baba doğma Afurca kəndindən ayrılırdı. O, heç vaxt geri qayıtmayacaqdı. Asta addımlarla addımlayır, dönüb geri baxır, hərdən üzünü kəndə tərəf çevirib dua oxuyur, sanki müqəddəs əjdadlarından icazə istəyirdi. O, birdən dayandı. Sonra göz yaşlarını axıda-axıda asta səslə dedi:
“Əlvida, Qilit dağı! Əlvida, Afurca şəlaləsi” Əlvida, Təngə dağı! Əlvida, taxta körpü! Mən gedirəm. Bir də qayıtmayacağam! Seyid babalarım! Mənə yolda kömək eyləyin. Mən Sizi heç vaxt unutmayacağam!”.
O, yerə əyildi, doğma torpağı qucaqladı. Müqəddəs torpaqdan bir ovuc götürdü. Torpağı öpdü. Gözlərinin üstünə, alnına sürtdü. Çib dəsmalını çıxarıb, torpağı dəsmalının arasına tökdü, onu düyünləyib ürəyinin üstünə, qoltuq cibinə qoydu. Sonra asta addımlarla yeriməyə başladı. Bir an ürəyi tələsdi, onu üşütmə götürdü, ağladı. Göz yaşlarını gizlədə bilmədi.
Onu fikir götürdü: “Görəsən, Vətən həsrətinə dözə biləcəyəmmi?”.
Mən bu yazı parçasını dönə-dönə oxudum, bir az kövrəldim, kədərləndim. Belə qərara gəldim ki, Vətən həsrətilə yaşayan, Vətəndən uzaq düşən həmkəndlilərim, qohum-qardaşım barədə bir yazı hazırlayım.
Sərhədlərin bağlı olduğu bir zamanda Türkiyəyə getmək, orada yaşayan insanlarla əlaqə saxlamaq çox çətin idi. Buna icazə verilmirdi. Oradan gələn hər məktub yoxlanıldıqdan sonra sahibinə çatdırılırdı.
Bakıda film festivalı keçirilirdi. Festivala bir türk filmi gətirmişdilər. Film dublyaj edilməmişdi, tərcümə olunmamışdı. Filmə baxdıq. Sevincimizin həddi-hüdudu yox idi. Onda başa düşdük ki, biz də türkük.
Həmin zamanlarda nənə, babalarımızdan eşidirdik ki, bizim Afurca kəndindən Türkiyəyə gedənlər çoxdur. Biz təəccüblənirdik. Görəsən, həmyerlilərimizlə haçansa görüşə biləcəyikmi?
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurcaya gəldilər. Dediklərinə görə, bunu babaları vəsiyyət edibmiş.
Səbri Özcan, Sami Esen adlı bu həmyerlilər kəndin hər tərəfini gəzib dolandılar, qohum-qardaşlarını tapdılar. Evlərinin olduğu yeri müəyyən etdilər. Seyid babalarımızın türbələrini ziyarət edib Türkiyəyə qayıtdılar.
Ondan conra neçə-neçə həmyerlilərimiz kəndi ziyarətə gəlmişlər. Onlar çox sevinirdilər ki, doğma torpağa qədəm başmışdılar, qohum-qardaşlarını tapmışdılar. Ən əsası isə Əhli-Beyt ailəsinə mənsub olan ulu babalarının qəbirlərini ziyarət etmişdilər.
Afurca kənd sakinlərinin nəyə görə qrup şəklində, həm də ailəliklə Türkiyəyə köçmələri məni çox maraqlandırırdı. Öyrəndim ki, 1828-ci ildə ruslar buraları işğal etdikdən sonra hər yerdə öz idarələrini – komendantlıqlarını qurmuşdular. Afurca kəndinin mərkəzində komendantlıq qurmuşdular. İşçilər də ruslar idi. Afurca kəndinin birinci komendantı Aleksandr Vidatyanov idi.
Əhli-Beyt ailəsinin nəslindən olan Afurca camaatı ruslarla düz gəlmirdilər. Gününü namaz qılmaqla, ibadətlə keçirən bu adamlar bu quruluşun içində sıxılırdılar. İkinci səbəb ruslarla vuruşan Şeyx Şamilin “naib”lərindən birinin Afurcalı olması idi.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Çoxlu insan tələfatına razı ola bilmirdi. Düşünürdü ki, bir az da güc toplayıb sonra vuruşmanı davam etdirər.

Afurca sakininin bu müharibədə iştirak etməsini artıq ruslar bilirdilər. Buna görə, Afurca sakinlərinə qarşı inamsızlıq əmələ gəlmişdi. Onlar hər addımda qadağalarla üzləşirdilər. Bütün bunlara görə belə qərara gəldilər ki, burdan köçsünlər. Beləliklə Türkiyəyə köç başlayır. Bir qrup Niksarın Yarbaşı kəndinə, ikinci qrup Malatya Yazıhanın Hamidiyyə kəndinə, üçüncü qrup isə Samsuna yerləşir.
Sonradan Samsunda yaşayanları Sultan Yazıhanın Hamidiyyə kəndində yerləşdirmişdir. Niksarın Yarbaşı kəndində yerləşənlər oradan razı deyildilər. Yaşadıqları yerdə hər tərəf bataqlıq idi. Bataqlığa yığılan xəstəlik törədici həşəratlar insanları xəstəliyə düçar edirdilər. Beləliklə, on il burada yaşadılar. Xəstəlikdən çoxlu ölüm-itim oldu.
Afurcalılar bir yerdə yaşamaq istəyirdilər. Ona görə də Afurcadan köçüb gəlmiş Seyid Şeyx İsa əfəndi Sultan Əbüləzizin yanına gedir. Ondan xahiş edir ki, Afurca camaatının bir yerdə yaşamaları üçün torpaq ayırsın.
Sultana xəbər verirlər ki, bir Seyid sizi görmək istəyir. Sultan Əbdüləziz onun Seyid olmasını yəqinləşdirmək üçün yoxlamaq qərarına gəlir.
Sultan sarayının yanında aslanlar saxlatdırırdı. Aslanlara qulluq eləyən adama tapşırırlar ki, onun üzərinə bir aslan buraxsın. Aslanı buraxırlar. İsa əfəndi yerindən tərpənmir, qorxmur. Aslan ona yaxınlaşıb İsa əfəndinin ayaqlarını yalayır.
Sonra ikinci bir yoxlama aparırlar. Sarayın pilləkəni altında “Quran” kitabını gizlədirlər. İsa əfəndini saraya dəvət edirlər. O pilləkəni qalxmır, durub dayanır. Səbəbini soruşduqda deyir ki, pilləkənin altında sizdən də böyük “padşah” var. “Quran” kitabını götürürlər. O, yuxarı qalxır. Sultan Əbdüləziz daha bir yoxlama keçirir. Onun üçün 38 sual hazırlamışdılar. O, hər bir suala dəqiq cavab verir. Sultan Əbdüləziz çox razı qalır, ona sənəd verir. Bu sənədə görə Afurca seyidləri Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
Bu günkü İrşadiyyə kəndinin yerləşdiyi yerdə Şeyx İsa əfəndi əl ağacını torpağa sancır. Deyir ki, kəndi burada salacağıq. Həmin yer mərkəzinə görə Afurca kəndini xatırladır.
Kəndin əsası 1883-cü ildə qoyuldu. Kənd tikildi, böyüdü. Seyidlər öz aralarında kəndi əvvəlcə Afurca, Seyidlər sonda isə İrşadiyyə adlandırdılar.
Kənd böyüdü, əkin sahələrini genişləndirdilər. Orada da bir məhəllə salıb Keçiağılı adlandırdılar.
Sədrəzəm Ənvər Paşaya qədər seyidlərdən vergi yığmırdılar. Onları əsgərliyə aparmırdılar. Ənvər Paşa onlardan da vergi yığdırmağa başladı. Gəncləri əsgərliyə apardılar.
Bir qrup Afurcalı yığılıb Ənvər Paşanın yanına getdi. Dərdlərini ona söylədilər. Ənvər Paşa dedi: “Peyğəmbərimiz düşmən hücum etdiyi zaman nə edərdi? Əhalini öldürməyə gələn düşmənlə savaşmazdımı? İndi bizə də düşmən hücum etmişdir. Bizim varımız da, yoxumuz da düşməni məhv etmək üçün lazımdır”.
Beləliklə, həmin vaxtdan hamı kimi Seyidlər də əsgərliyə getdilər, vergi verdilər. Mən Afurca kəndində yaşayan 3 nəsil: Ələddinlilər, Çanqardaşlılar və Qələmililər haqqında məlumatları yaşlı nəslin nümayəndələrindən öyrənmişəm.
Türkiyəyə mühacirət edənlər də bu nəsillərin nümayəndələridir.
İlk dəfə 1860-cı ildə Ələddinlilər nəslinin Həlimlilər qoluna aid üç nəfər Afurca sakini (Üç qardaş öz ailələri ilə, bacıları Əminə xanım da onlarla birlikdə) Türkiyəyə köçdü.
Öz zəmanəsinin görkəmli dini alimi Həlim kişi Afurca kəndinin hörmətli adamı idi. Onun altı oğlu, bir qızı var idi. O, uşaqlarına da dini təhsil vermişdi. Oğlanları: Əzim, Zəkəriyyə, Mirzə, Mustafa, Yəhya, Məmmədkərim və qızı Əminə Afurca kəndində öz ata-anaları ilə birlikdə xoşbəxt yaşayırdılar. Ölkədə baş verən siyasi hadisələr, rusların haqq-nahaq onların işlərinə müdaxiləsi bütün ruhları ilə Allaha bağlı, Əhli-Beyt ailəsinə mənsub olan bu insanlara pis təsir eləyirdi.
Buna görə də buradan köçmək istəyirdilər. Həlim kişi nə qədər çalışdısa, onları fikirlərindən döndərə bilmədi.
Üç oğul: Zəkəriyyə, Mirzə, Yəhya və bacıları Əminə xanım qəza mərkəzində sənədlərini düzəldib ailələri ilə birlikdə yola çıxdılar. Uzun müddət atlarla yol gedib Türkiyəyə çatdılar. Onlara Niksarın Yarbaşı kəndində yer verdilər. Sonradan İrşadiyyə kəndinin ilk sakinləri onlar oldular. Afurca kəndində Həlim ata və üç oğlu qaldı. Əzim, Mustafa və Məmmədkərim öz bacıları Əminənin və qardaşlarının fikrini çəkərək yaşadılar.
Bu gün Seyid Zəkəriyyənin bütün nəsli “Yıldırım” soyadını, Seyid Mirzənin nəsli “Yavuz” soyadını, Seyid Yəhyanın nəsli isə “Yaşar” soyadını daşıyırlar.
Həmin ili Afurca kəndinin ikinci bir ailəsi (Seyid Teyyub axund beş oğlu ilə birlikdə) Türkiyəyə köçür. Seyid Mahmud, Seyid Hüsaməddin, Seyid Hacı Əhməd, Seyid Hacı Camal və Seyid Məhəmməd Rəsul Niksarın Yarbaşı kəndində özlərinə məskən saldılar. İrşadiyyə kəndi salınandan sonra orada yaşayırlar. Bu gün Teyyub axundun nəsilləri “Esen” soyadı ilə tanınır.
Seyid Məhəmməd Turan 1879-cu ildə Afurcada anadan olmuşdur. Afurcada ailə qurmuşdur. Üç oğlu olmuşdur. Şükri, Şəmsi və Fəhri dövrünün savadlı, bilikli adamları idilər. Seyid Məhəmməd Turan ailəsi ilə birlikdə Türkiyəyə köçüb İrşadiyyə kəndində yaşamışdır. Onlar “Turan” soyadını daşımışlar. Məhəmməd Turan 1970-ci ildə Manyasda dünyasını dəyişmişdir.
Afurca kəndində 1880-ci ildə anadan olmuş Seyid Əbdül Məbud sonradan 3 qardaşı ilə Türkiyəyə köçmüşdür. Seyid Məhəmməd Fazil, Seyid Habil, Seyid Zəkəriyyə 1897-ci ildə əvvəlcə Anadoluya gəlirlər. Sonra Malatyada Hamidiyyə kəndində yaşayırlar. Daha sonra İrşadiyyə kəndinə köçüb gəlirlər.
Afurcalı Seyid Hacı Əhməd və həyat yoldaşı Seyid Cəmilə ailəliklə Türkiyəyə köçmüş, İrşadiyyədə yaşamışlar. Hər ikisi elm sahibi idilər. Hacı Əhmədin ərəb dilində yazdığı elmi əsərləri var idi. Qara mürəkkəblə “Quran”ın əlyazmalarını hazırlayırdılar. İndi onun nəvəsi Naim Gündüz Balıkesir Universitetinin professorudur. Seyid Habil Birinci Dünya Müharibəsində şəhid olmuşdur. Bu nəsil “Gündüz” soyadını daşıyır.
Seyid Əbdülvahab 1877-ci ildə Afurcada anadan olmuşdur. Anasının adı Həlimə, atasının adı Mahmuddur. Üç qardaş idilər: Əbdülvahab, Seyidağa və Ridvan. Üç qardaş anaları Həlimə xanımla birlikdə 1897-ci ildə Afurcadan Niksara, oradan Malatyaya və 1902-ci ildə İrşadiyyə kəndinə qohum-qardaşlarının yanına gəlir və orada yerləşirlər. Seyidağa sonradan Afurcaya qayıdır.
Seyid Əbdülvahab Birinci Dünya müharibəsində iştirak edir. Ön cəbhədə vuruşur. Çanaqqala döyüşlərində igidliklə vuruşur, lakin ruslara əsir düşür. Əsirləri vaqonlara mindirib Sibirə aparmaq istəyirlər. O, Bakı yaxınlığında vaqondan tullanıb qaçır, otların arasında gizlənir. Axır ki, qurtula bilir. Buradan doğma Afurcaya gəlir. Yeddi il burada yaşayır. Sonra yenidən Türkiyəyə, İrşadiyyə kəndinə qayıdır. Ömrünün axırına kimi burada yaşayır. 1957-ci ildə dünyasını dəyişir.
Seyid Əbdülvahab və Seyid Ridvan qardaşlarının nəsilləri “Caksu” soyadını daşıyırlar.
Seyid İsmayıl Afurcada anadan olmuşdur. Üç oğlu: Səid, Mahir və İbrahim İrşadiyyədə anadan olmuşlar. Səid Seyid İsmayılın birinci xanımından olan oğlu idi. O, Çanaqqala döyüşlərində şəhid olmuşdur.
Seyid İsmayılın 3 oğlunun nəsilləri “Uzgor” soyadını daşıyırlar.
Mən bu ailələrdən ancaq bur neçəsi haqqında danışdım. Çalışdım ki, oxucular öz qohum-qardaşlarını bu yazı vasitəsilə tapa bilsinlər. Qəriblikdə yaşayan həmyerlilərimiz bu nəsillər haqqında kitablar yazmış, qəzet və jurnallarda məqalələr dərc etmişlər. Bizdə isə bu iş çox zəifdir. Bu vaxta kimi bu haqda heç bir yazılı məlumat verilməmişdir.
İrşadiyyədə yaşayan Maruf Caksu “İrşadiyyə Seyidləri” adlı kitab yazmışdır. (Maruf Caksu “İrşadiyyə Seyidləri”, Liva nəşriyyatı, Balıkesir, 2008).
Bu gün Türkiyədə 150 Afurcalı ailəsi yaşayır. Bunların içərisində alimlər, müəllimlər, mühəndislər, dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslər də var.
Onlar həmişə vətən həsrətilə yaşayırlar. Afurca sözü dillərindən düşmür. Eynilə bizdə olan xörəkləri bişirirlər. Alkoqollu işkilərdən istifadə etmirlər. Sahib olduqları nəslin adını həmişə uca tuturlar.
Bu gün İrşadiyyə kəndi Balıkesir bölgəsinin tabeliyindədi.
Bu yazı üzərində işləyərkən yadıma bir Azərbaycan bayatısı düşdü:
“Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı”.


Lakin afurcalılar Türkiyəni qərib ölkə hesab etmirlər. İrşadiyyə onlar üçün Afurca qədər doğmadır. Türkiyəyə gedən adamlarla rastlaşdıqda sevinclə deyirlər ki, biz Afurcalıyıq. Onlarla bizə salam göndərirlər. Onlar Afurcalı olmaqları ilə fəxr edirlər.
Dili bir, canı bir, qanı bir qardaşlarımızla bir yerdə yaşamaq nə qədər xoşdur!
Afurcalılar bu qardaşlıq münasibətlərini daha da inkişaf etdirirlər. Qardaşlığımız, dostluğumuz əbədidir!

Abid ŞAMİLOĞLU,
Müəllim, Quba, Afurca kəndi

12-11-2025, 09:48
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı


12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” - bu sözlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. Məhz onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğumuzun möhkəm hüquqi bünövrəsini formalaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Azərbaycanın konstitusiya quruluşu tarixən mürəkkəb və çoxşaxəli inkişaf yolu keçib. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti özünün Əsas Qanununu qəbul etməyə macal tapmamışdı. İlk Konstitusiya sənədi 1921-ci ildə Sovet Azərbaycanı dövründə qəbul edilmiş, sonrakı 1925, 1927 və 1937-ci illərdə müxtəlif redaksiyalarla yenilənmişdir. 1978-ci il Konstitusiyası isə tarixi bir hadisə ilə yadda qaldı - Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi sənədə daxil edildi. Bu dəyişiklik təkcə bir hüquqi düzəliş deyil, milli özünüdərkin və gələcək müstəqilliyin ideoloji başlanğıcı idi.
1991-ci ildə dövlət müstəqilliyi bərpa olunsa da, yeni Konstitusiyanın qəbuluna qədər olan dövrdə siyasi sabitlik və hüquqi idarəetmə böhranı ölkəni ciddi sınaqlarla üz-üzə qoydu. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı kimi ölkədə sabitlik yaratdı, hüquqi dövlətin əsaslarını müəyyənləşdirdi və Əsas Qanunun hazırlanması prosesinə rəhbərlik etdi.
1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin tarixdən etibarən Azərbaycanın dövlətçiliyində yeni mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan olundu və bu tarix hər il dövlətçilik bayramı kimi qeyd edilir.
Konstitusiyanın qəbulu Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri oldu. Bu sənəd ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafını hüquqi əsaslarla tənzimləyən, insan hüquq və azadlıqlarını ali dəyər kimi müəyyən edən mükəmməl hüquqi sistemin əsasını qoydu. Konstitusiyanın 48 maddəsi birbaşa insan və vətəndaş hüquqlarının müdafiəsinə həsr olunub, burada dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquqlara malik olduğu təsbit edilib.
Hüquqi dövlət quruculuğunun davamı kimi, 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması bu sahədə mühüm dönüş nöqtəsinə çevrildi. Konstitusiya Məhkəməsi qanunların Əsas Qanuna uyğunluğunu təmin etməklə hüquqi sabitliyin, ədalətin və qanunçuluğun keşiyində dayanır.
Zamanın çağırışları və inkişaf tələbləri nəzərə alınaraq Konstitusiyaya bir neçə dəfə referendum yolu ilə dəyişikliklər edilib. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar idarəetmənin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə və yeni təsisatların, o cümlədən Birinci vitse-prezidentlik institutunun yaradılmasına xidmət edib. Bu dəyişikliklər dövlətin sabitliyinə və vətəndaş rifahına yönəlmiş strateji addımlar kimi dəyərləndirilir.
2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə, 2023-cü ilin antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu hadisələr Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə təmin olunması ilə nəticələndi. Məhz bu reallıqları və Əsas Qanunumuzun qəbulunun 30 illiyini nəzərə alaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı isə bu sahəyə mühüm töhfə verən, hüquqi dövlətin inkişafında xüsusi xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymətdir. Bu, dövlətimizin Konstitusiya dəyərlərinə, qanunun aliliyinə və insan hüquqlarına verdiyi önəmin bariz göstəricisidir.
Bu gün Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin sütunu, milli birliyimizin və suverenliyimizin rəmzidir. O, həm tarixi irsimizi, həm də gələcəyə yönəlmiş inkişaf strategiyamızı özündə birləşdirir. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan bu Əsas Qanun bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün reallıqlarına uyğun olaraq yaşayır, yenilənir və Azərbaycanın qüdrətinə xidmət edir.
Konstitusiya Günü - dövlətimizin hüquqi möhkəmliyinin, vətəndaş həmrəyliyinin və müstəqil Azərbaycanın sarsılmaz gələcəyinin bayramıdır.

Mehparə Əhmədova

Masazır kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
11-11-2025, 23:17
Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi


Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi

Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev vəfat edib.
61 yaşında ürək tutmasından dünyasını dəyişib.
Mərhumla vida mərasimi sabah saat 13:00-da "Heydər" məscidində keçiriləcək, daha sonra "Qurd Qapısı" qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət etsin!
11-11-2025, 23:12
Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər


Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər

Rusiya Ukraynanın yeni ərazilərinə nəzarəti genişləndirmək niyyətindən əl çəkməyib və Donbasdan sonra növbəti hədəfi Xarkov ola bilər.
Bu barədə Amerikanın nüfuzlu "Foreign Affairs" nəşri yazır.
Məqalədə qeyd olunur ki, Rusiya ordusu hələ 2024-cü ilin noyabrında Pokrovsk şəhərini ələ keçirməyə çalışsa da, Ukrayna qüvvələrinin müqaviməti nəticəsində plan uğursuz olub. Hazırda Moskva “plan cədvəlindən bir il geridə qalmasına” baxmayaraq, döyüşlər davam edir və rus dronları Ukrayna ordusunun logistik imkanlarını çətinləşdirir.
Nəşr bildirir ki, Pokrovsk döyüşü genişmiqyaslı hücumun yalnız bir hissəsidir. Rusiya qoşunları Ukrayna mövqelərini əhatəyə almağa çalışır, Dnepr boyunca irəliləmə isə Zaporojye şəhərinə birbaşa təhlükə yaradır.
Ekspertlərin fikrincə, əgər Rusiya Donbasda uğur qazansa, növbəti mərhələdə Xarkovu hədəf seçəcək. Bu şəhərin ələ keçirilməsi Moskvanın Ukraynanın şərq hissəsinə tam nəzarət planlarını gücləndirəcək.
Nəşr yazır ki, son doqquz ayın “faciəvi ironiyası” ondan ibarətdir ki, beynəlxalq səviyyədə atəşkəs və danışıqlar barədə müzakirələr gedərkən, Rusiya döyüşlərin intensivliyini artırıb: “Kreml həm cəbhədə, həm də şəhərlərə zərbələrlə Ukraynanın müqavimət ruhunu qırmağa çalışır.”
Nə Rusiya, nə də Ukrayna hələ sülhə hazır deyil. ABŞ-ın diplomatik səylərinə baxmayaraq, Putin “maksimalist tələblərindən” geri çəkilməyib və müharibəni yalnız Ukraynanın suverenliyi bahasına dayandırmağa hazırdır.
Nəşr iddia edir ki, Rusiya üç mərhələli plan üzrə hərəkət edir. Əvvəlcə işğal etdiyi əraziləri möhkəmləndirib yeni bölgələri, o cümlədən Xarkov, Nikolayev və Odessa vilayətlərini ələ keçirmək istəyir. Daha sonra Ukraynaya atəşkəsi qəbul etdirməyə və iqtisadi təzyiq, siyasi qarışıqlıq yolu ilə Kiyevdə nəzarət yaratmağa çalışacaq. Uzunmüddətli perspektivdə isə Ukraynanı Rusiyadan asılı dövlətə çevirmək.
Ekspertlər xəbərdarlıq edir ki, qarşıdakı qış Ukrayna üçün həlledici ola bilər: “Rusiya indiyədək görünməmiş miqdarda raket istehsal edir, Ukraynanın enerji sistemi isə artıq ölkənin bütün ərazilərini işıqla təmin edə bilmir. Əgər Rusiya bu üstünlüyü artırsa, 2026-cı ildə Ukraynanı itaətə məcbur etməyə cəhd göstərə bilər.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!