"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 20-12-2021, 20:25
Heç demirsən Ələsgərim hardadır?!


Covid -19 deyilən bəla dünyanı bürüyəndən bəri ölüm çox adiləşib. İnsanlarımız ard-arda gələn qara xəbərləri soyuqqanlı, bəzən də laqeydcəsinə qarşılamağa alışıblar. Amma keçən il dekabrın 20-də İlham Məmmədlinin verdiyi xəbər alışdığımız xəbərlərə bənzəmirdi. Bu bir göy kişnərtisi, şimşək çaxışı idi. İldırım kimi başıma elə vurdu ki, bir ildir dostumun Ələsgər... deməsi qulaqlarımda əks-səda verir. Aylardı onun xəyalı ilə çarpışıram. Onun belə gedişi, son durumundan xəbərsizliyim mənə dinclik vermir. Fikirləşirəm ki, bəlkə nəsə yazsam yüngülləşərəm. Amma nə yazım, necə yazım?! Onu da bilmirəm.
Axı 2020-ci il martın 25-də yazmışdım. Yazmışdım ki, “Bu gün qardaşım Ələsgərin yaşının üstünə biri də gəlir, onu təbrik eləmək üçün ədəbiyyatda, şeirdə, sənətdə işlədilməmiş sözlər, ifadələr lazımdır. Təəssüf ki, o da yoxdur... Bu gün yenə yazmaq istəyirəm. Amma bu gün heç Ələsgərin özü də yoxdur. Qərib Durna qatarında əbədi bir yolçuluğa çıxıb. Bu elə bir yolçuluqdu ki, nə başlanğıcı var, nə sonu. Havalanmış bu qatarın dalınca hey qaçıram, nə əlim yetir, nə ünüm çatır. Taqətdən düşüncə qaçıb axırda yenə əlacsız-əlacsız xatirələrə sığınıram“.
Hər dəfə Ələsgər yadıma düşəndə ən birinci onun 1993-cü il yanvarın 1-də, Mehdiabad qəsəbəsində, “Vüsal” şadlıq evindəki qısa çıxışı gəlir gözlərimin önünə: “Dünyanın üzü qara olsun! Bu gün qara zurnanın səsi Zəngəzur dağlarında əks-səda verməliydi. Ətraf obalardakı Oğuz boylarının oğulları bu sədaya toplaşıb yallı getməli, elin igidləri cəngi çaldırıb qurşaq tutmalı, at üstündə çaparaq güləş yarışı keçirməli, güclərini göstərməliydilər. Amma biz Tamxil Ziyəddinoğluna od-ocağından uzaqda- bir balaca məkanda toy eləyirik”.

Ələsgərin toy təbrikindən doğan üsyankar səsi bir doğmalıq, bir can yanğısı, bir simsarlıq və bir Vətən sevgisi möhürü kimi ürəyimə vuruldu. Beləcə ailə, uşaq sahibi olduq. Qayğılarımız artmağa başladı. Qayğılar artdıqca yollar uzandı, yollar uzandıqca da yükümüz ağırlaşdı. Maddi sıxıntılar bizi əlavə qazanc yolları axtarmağa vadar etdi. Mən də maşın hissələri alqı-satqısı ilə məşğul olmaq həvəsinə düşdüm. Sumqayıtdakı maşın bazarına- Ələsgərin yanına getdim. Ondan ağıllı məsləhət, kömək umurdum. O, fikrimi biləndə çox məyus oldu. Qadan alım, sən bu fikirdən vaz keç,-dedi. Düzü pərt düşdüm. Məyus olduğumu görüb, israrla qurbanın olum, sən “Bazar adamı” olma, dedi və dərhal da, əlavə elədi. Əgər yanında zərrə qədər xətrim varsa, ümumiyyətlə bu fikri başından çıxart!
Xətir məsələsin araya gətirəndən sonra səssiz -səmirsizcə bazardan çıxıb getdim. Ələsgər bazarda qaldı. Dostuna rəva görmədiyini özünə gördü. Bazarda xırda-xuruş satmaqla ailəsinə gün-güzəran qurdu. Bakıda ev aldı. Çörəyini bazardan çıxartdı, amma “Bazar adamı” olmadı. Ləyaqətini qorudu. Şanını, şərəfini hər şeydən uca tutdu. O, çox həssas bir ruh adamı idi. Jurnalist olaraq cəmiyyətdə yaranmış eybəcərlikləri daha çox görürdü, müxtəlif üsullarla mətbuata doluşmuş qaragüruhların əməllərinə dözə bilməyib jurnalistikadan bazara keçdi. Amma ruhunu, jurnalist şərəfini, mətbuatımızın təəssübünü heç nəyə dəyişmədi. Məhz ona görə də 2016-cı ildə, iyulun 22-si Mətbuat günündə belə yazdım:
“Bu gün Ələsgər Qurbanovun bayramıdır. O Ələsgərin ki, deməyə sözü, yazmağa qələmi var. Amma nə danışır, nə də yazır. Sözünü urvatdan, qələmini hörmətdən salmaq istəmir. Bayramın mübarək qardaş! Bu gün yalnızca səni təbrik etmək istədim!”
Facebookdakı statusum onu çox duyğulandırmışdı. Zəng vurdu, bayramlaşdıq. Xeyli dərdləşdik. Dedi,-mənim jurnalistikadan getməyim səni yandırdığı kimi, sənin də jurnalistikadan qopacağın məni qorxudurdu. Ona görə, sənə yalvarırdım ki, bazara gəlmə. Neynəsən də bazarın səni mətbuatımızdan alacağını bilirdim. Sağol ki, sözümə baxdın.

Nur üzlü Ələsgərin mayası xeyirxahlıqdan, mərhəmətdən yoğrulmuşdu. İnsanlara yaxşılıq eləməkdən, ehtiyacı olana, imkanı daxilində, əl tutmaqdan zövq alırdı. Mətbuatdan uzaq düşsə də Media cameəsindən, tələbə yoldaşlarından ayrı qala bilmirdi. Uşaqların kiçik toyuna dəvət edəndə, dedi,-sən gəlmək istəyənlərə de ki, pul yazdırmaq-zad fikrinə düşməsinlər. Sadəcə bu xoş günümüzdə istəyirəm ki, ürəyim istəyən kəslər yanımızda ola.
2008-ci ildə məni təcili görüşə çağırdı, görüşdük. Hal-əhvaldan sonra dedi,- prokuror dostum var. Təklif edib ki, Maliyə Nazirliyinə mətbuat katibi gedim. Mən biznes işlərimi təzə-təzə yoluna qoyduğum üçün istəmədim. Sənin xahişini elədim. Get “filankəs”lə görüş. Onda AzTv-də “ Zireh” və ”Hünər meydanı” verilişlərini yaratmışdım. Aparıcısı da özüm idim. Amma maaş çox aşağı olduğu üçün razılaşdım. Nazirlikdə hörmət-izzətlə qarşılandım. Bir həftə ərzində hazırlanması tapşırılan yazını 3 gündən sonra təhvil verdim. Bəyənildi. Şərtlər və öhtəliyim açıqlandı: Xidməti maşın, 1000 manat maaş (o zaman 1700$), ayda bir dəfə “konvert” deyilən rüşvət paketinin qarşılığında nazirliyi jurnalist həmkarlarımdan qorumalı, mətbuatın qarşısına sədd çəkməli idim. Mən tələb-təklif barədə fikirləşməyə getdim, bir daha geri qayıtmadım.
Bu məsələyə bir də 10 ildən sonra- “Bütöv Azərbaycan” qəzetinin yubileyində qayıtdıq. Dost süfrəsinin başında əyləşmişdi. Ovqatı çox yaxşı idi. Üzündəki təbəssümdə bir ruh rahatlığı hiss olunurdu. Qürurlandığı oturuşundan, gəzişməsindən duyulurdu. Arada fürsət tapıb 10 illik sükutu pozdu:

“Sən gizləsən də sıxıntılarını səndən yaxşı hiss edirdim. Bəzən də qınayırdım ki, bu qədər ehtiyacın içində olduğun halda o cür şansı əldən verdin. Amma bu gün Allahıma şükür edirəm ki, səni var-dövlət dalınca qaçırmadı. Yoxsa bu müqəddəs missiyadan məhrum olacaqdın, biz də bu şərafətli anları yaşamayacaqdıq. Amma dostlarımıza onu da bildir ki, bu işdə mənim xidmətim səninkindən çoxdur. Əgər o vaxt səni bazara buraxsaydım bu gün “Bütöv Azərbaycan”ın təntənəsinə yığışmazdıq.”
Dostum zarafatla desə də sözündə böyük həqiqət vardı. O, təkcə dost kimi deyil, əmi, dayı, ata oğul, qardaş kimi də cəfakeş, istiqanlı, yanımcıl idi. Hər kəsin hayına qaçar, dara düşənə kömək əli uzadar, birinin canı yanardısa onun tüstüsü təpəsindən çıxardı. Bacısının oğlu rəhmətə gedəndə Ələsgər az qalırdı onun əvəzinə məzara girə. Özünə yer tapmırdı. Ovutmağa çalışırdıq, ovuna bilmirdi. Bir sözlə, bu adam sanki elə şələkeşlik, dərd çəkmək üçün yaranmışdı. Hərdən ürəyinin əməliyyat olunduğunu xatırladırdım ki, bu xəstə ürəyi o qədər yükləmək olmaz. Amma yükləməkdən yorulmurdu...

2019-cu ildə “Bilgəh”də kardioloji müalicə alırdım. Ələsgərdən zəng gəldi. Xeyli söhbətləşdik. Dəniz kənarında olduğumdan dalğalar sahil daşlarını döyəclədikcə şappıltısı telefonun o başında aydınca eşidilirmiş. Birdən təəccüblə soruşdu: sən hardasan? Əziyyət çəkib yanıma gəlməsin,- deyə yerimi bildirmək istəmirdim. Amma diqqətini yayındıra bilmədim, yerimi öyrəndi. Aradan bir az keçmiş gördüm gəlib. Xeyli gəzişdik, dərdləşdik, zarafatlaşdıq. Hər ikimizin kefi duruldu. Qaş qaralana yaxın dedim ki, daha vaxt keçir, yavaş-yavaş getməyin məsləhətdir. Bir söz demədi. Yavaşca qoluma girib otağa tərəf getdi. İçəridə söhbətimiz daha çox uzandı. Arada mənim mobil telefonumu götürüb qurdaladı. Son danışdığım adamın adını ekranda görüb soruşdu- Qərib Dost kimdir? Dedim onu sən hamıdan yaxşı tanıyırsan, yığ danış, gör kimdir. Qərib Dostu yığanda öz telefonu zəng çaldı. Bir telefonlara baxdı, bir mənə baxdı, telefonların heç birini söndürmədi. Gözləri doldu. Zəng səsini bir xeyli dinlədikdən sonra dilləndi: “Deyirəm axı, niyə sənin səsin ürəyimə məlhəm kimi yayılır, səninlə danışanda elə bilirəm ruhuma sığal çəkirsən. Sən demə mənim bu qədər dostun, doğmanın arasında qəriblik çəkdiyimi duyurmuşsan. Ona görə adımı Qərib Dost qoymusan...”.
O gün söhbətimiz orda bitdi. Ayrılıncaya qədər yalnız duyğularımız, baxışlarımız danışdı. Ruhlarımız bir-birinə hakim kəsildi. Düşündüm ki, Ələsgər bu dünyanın adamı deyil. Qarın davası döyənlərin, mal-mülk üçün bir-birinə balta çəkənlərin, şan-şöhrət üçün mənliyindən keçənlərin, vəzifə xətrinə bir-birinin ayağının altını qazanların dünyası Ələsgərə yaraşan, onun yaşayacağı dünya deyil. Ələsgərin mənəvi ehtiyaclarını ödəyəcək şeylər dünyamızda əskikdi. İnsanların bir-birinə qarşı fitnəkarlığı, zənginlərin yoxsullara münasibəti, sərvət üstündə aparılan qanlı müharibələr planetimizi Ələsgərə çox yoxsul, iddialı insanları cılız və miskin göstərir. O, ilahi dəyərlərə bağlı, insanlığın fövqündə olan xilqətdir.
Qənaətimi bölüşmək üçün Ələsgər Qurbanovun professor Cahangir Məmmədlinin 2020-ci il martın 23-də pandemiya ilə bağlı yazısına bildirdiyi münasibəti oxumaq kifayətdir:

“Əziz müəllimim, neçə illərdir Yaxın Şərq ölkələrinin məktəbləri bağlı, viranə, insanları pərən-pərən, yenidən yığışmaq ümidləri də sıfıra bərabərdir. Deyəsən indi içi biz qarışıq bütün dünya oradakı müəllimləri başa düşmək istəyirik. Başa düşmək üçün Tanrı dünyaya belə bir dərd göndərməliymiş. Mən dünyanın belə günə düşməyində bir uşaqdan şübhələnirəm. O uşaq Suriyanın xarabalıqlarında üstü-başı cırıq, zavallı bir görkəmdə deyirdi ki, mən öləndə mütləq Allah baba ilə görüşüb bu dünyadan ona şikayət edəcəyəm. Zənnimcə o Uşaq Allah Babası ilə görüşüb”.
Ələsgər boynuma qoydurmuşdu ki, müalicə bitəndə gəlib məni evə aparsın. Elə də oldu. Bir stəkan çayımızı içdi. Gərayla tanış oldu, universitet təhsili ilə maraqlandı. Bir az da həyat təcrübəsindən, gördüklərindən, bildiklərindən gəldiyi qənaətləri bölüşdü. Öyüd-nəsihət elədi. Zənnimcə bu görüşdən hər ikisi məmnun qalmışdı. Sonralar hər zəngləşəndə Gərayı ayrıca soruşurdu. 2020-ci il iyulun 11-də Gəray hərbi xidmətə yola düşdü. 12-də Tovuz istiqamətindən hücum edən Ermənistan qüvvələrilə atışma başladı. Mən çox sevindim. Çünki yaxşı bilirdim ki, erməni-rus birliyi müharibəsiz torpaq qaytaran deyil. Oğlum şəhidmi olar, qazimi olar, o taleyin işidir. Mən ona sevinirdim ki, torpaq uğrunda müqəddəs savaşda bizim ailənin də iştirak payı olacaq...

Gəray Vətənə sədaqət andı içəndə Ələsgər də mənim qədər sevindi, əziz dost, gözlərin aydın dedi: “Əqli və fiziki sağlam övladı hərbi xidmətə göndərmək hər atanın qürurudur. Gün gəlsin, düşmən tapdağı altında qalan torpaqlarımızı azad edən şərəfli əsgərlərimizdən biri kimi Gəray da sağ-salamat qayıdan zaman yenə bütün dostlar, qohumlar sənə gözlərin aydın desinlər. Mən əmisi də ayaqları altında qurban kəssin, İnşallah!”.
Vətən Müharibəsi qələbə ilə bitdi, sevindik. Gəray da sağ-sağlam evə qayıtdı, amma şadyanalıq edə bilmədim. Qohum-qonşuların tənəsinə baxmayaraq məclis də qurmadım. Ələsgər əmisinin yolunu gözlədim. O, mütləq gələcəkdi, dediyi qurbanlığı da gətirəcəkdi...
Martın 25-də Əlisəfa Mehdiyevdən zəng gəldi. Cavab verdim. Dedi, bu gün Ələsgərin doğum günüdür. Bəlkə evinə gedək?! Bir az oturub qayıdarıq. Bu təklif məni yerdən-yerə çırpdı. Susdum, o da xeyli susaraq məndən cavab gözlədi, amma mən cavab verə bilmədim. Özümə verdiyim aramsız suallar da nəfəsimi tıncıxdırdı: “ Mən kiməm, nəçiyəm, Əlisəfa niyə mənimlə getmək istəyir, hara gedim, Ələsgərin olmadığı evə necə gedim, nəyə gedim, kimə nə deyim, mənim gəlişim nəyi dəyişəcək, kimə təskinlik olacaq?”
Bu suallar başımı gicəlləndirdikcə, 2019-cu il martın 25-də Ələsgərə yazdığım təbrik gözlərimdə sətirləndi: “Dost kimi dost, insan kimi insan, qardaş kimi qardaş, vətəndaş kimi Vətəndaş, jurnalist kimi gözəl qələm sahibi olub, mətbuata doluşan üzdəniraqların ucbatından sıralarımızı tərk edən dostum Ələsgər Qurbanovun doğum günüdür. Həyatda üzləşdiyi çətinliklərə, məruz qaldığı ağrı-acılara baxmayaraq ömrünü kişi kimi yaşamaqda davam edir. Ona sağlamlıq, uzun ömür, bir də elə özü kimi mərdanə yaşamağın davamını arzulayıram!”
Arzum çin olmadı. Daha 160 gün gözlədim. Qapımızda kəsiləcək qurbanlığı gətirən gəlmədi. Ondan sonra Ələsgərin yoxluğuna inanmağa başladım.
Bu aylar ərzində ən çox qorxduğum şey Natəvanla üz-üzə gəlmək, onun baxışlarından oxuyacağım “hamınız etibarsızsınız”- ifadələri idi. Xoş halıma ki, Allah üzümə baxdı. Həftədə, uzağı iki həftədə bir rastlaşdığım Natəvan xanım bu bir il ərzində qarşıma çıxmadı. Heç səsi, sorağı, giley-güzarı da gəlmədi. Sanki Ələsgərlə bərabər o da qeyb olmuşdu.

P.S Deyirlər ruhlar ölmür, amma bəzən sevdiklərindən küsürlər. Küsəndə isə heç yuxuya da gəlmirlər. Mən bu yazını yazmadan Ələsgəri düşünmədiyim gün olmadı. Amma yuxuma gəlmədi ki, gəlmədi. Yazını bu gecənin yarısında bitirdim. Son nöqtəsini qoyub yatan kimi yuxuma girdi. Həmin gecə üç dəfə oyandım. Üçündə də yuxuya gedən kimi Ələsgər gəldi. Nə bilmək olar, bəlkə də barışmağa, məni bağışlamağa gəlibmiş...

Tamxil Ziyəddinoğlu
"Bütöv Azərbaycan" qəzeti
17 mart 2021


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!