Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 30-09-2022, 07:42
“Nur ocağı” Arzu Tahirqızının şeirlərini təqdim edir:

“Nur ocağı” Arzu Tahirqızının şeirlərini təqdim edir:

SABAHINIZ XEYİR OLSUN.
Ey yurdumun insanları,
Sabahınız xeyir olsun.
Bu dünyanın mehmanları,
Sabahınız xeyir olsun.

Qoy cahana yayılsın səs,
Olmasın bu dünya qəfəs,
Ürəklərdə çoşsun həvəs,
Sabahınız xeyir olsun.

Baxışlardan silək qəmi,
Xoşbəxt olsun,gülsün hamı
Haqqdan alaq biz ilhamı,
Sabahınız xeyir olsun.
Dörd yanınız çəmən, çiçək,
Güllər açsın ləçək-ləçək,
Hər bir arzu olsun gerçək,
Sabahınız xeyir olsun.

Sağlam olsun qoy canımız,
Ağrımasın bir yanımız,
Gülsün Azərbaycanımız,
Sabahınız xeyir olsun.
MƏNİM ORDUM
Azərbaycan-- ANA yurdum çox tufana sinə gərdi,
Köksü üstdə sağalmayan neçə dərdi...
Vardı birdə, güclü ordum,
Hər bir əsgər igid, ərdi.
Dayanıb bu millətinin,
Azərbaycan adlı məğrur,
yenilməyən, əyilməyən, amma qəlbi yaralanmış, öz "yarı"ndan atalanmış,
əsrlərlə parçalanıb düşmənlərə yem olunmuş dövlətinin keşiyində.
Bu sevgini Anaları aşılayıb, doğulandan beşiyində...
Dur ey düşmən, bir dayan,
Nədir axı niyyətin?
Deyəsən, darıxmısan,
içmək üçün ölümün o "ləzzətli şərbət"in"?
Belə tez unutmusan Ordumun şücaətin?
Çalışdığın məqsədin yalnızca bir röyadır,
Hətta boş bir xülyadır.....
Çox nahaq can atırsan, göz dikirsən elimə,
Başdan-başa bir cənnət qoxuyan hər gülümə.
Sən ordumun önündə tab gətirə bilməzsən,
Bir də ayağa dursa,
Bir də tətiyi çəksə,
Sən bir daha bir ömür heç özünə gəlməzsən.
Mənim ordum qüvvətli,
Dağ vüqarlı, qeyrətli,
Şərəfi-şöhrətiylə,
yenilməz qüdrətiylə rəşadətli ordudur.
Yurdu "Odlar Yurdu"dur!
O qoymaz yağı düşmən parçalasın yurdunu,
Dağıdıb yelə versin ocağını, odunu.
Ayıq-sayıq dayanır ,o düşmənin önündə,
Canını qurban eylər Vətənin dar günündə.
Mətindir,qəhrəmandır, ayıqdır gündüz -gecə,
Sən ona xəyanəti necə düşündün, necə?
Onun əli tətikdə, gözü torpağındadır,
Xalqı üçün azadlıq, sülhün sorağındadır.
Tanıyır düşmənini,
bilir onun o mənfur, o xain niyyətini,
Hər gün, hər an hiss edir onun xəyanətini.
Aman verməz yağıya, gözlərini oyar o,
Torpağına göz dikən, murdar, yağı düşməni gözü yaşlı qoyar o.
Anasın ağlar qoyar,
Sinəsin dağlar qoyar...
O, daima sayıqdır -- yuxu, rahatlıq bilməz,
Vətən gözü yaşlısa, onun da qəlbi gülməz.
Qurban gedib Vətənə, ucalsa şəhadətə,
Bunu səadət bilər qovuşaraq Cənnətə.
Bir qarış belə verməz, torpağını, elini,
Düşməninə qoxlatmaz,
otuz il həsrət qalan "Xarıbülbül" gülünu.
Qarış-qarış alaraq,
tarixin zaman-zaman payladığı torpağın,
Kəsər mənfur düşmənin o bir daha qulağın.
Mənim ordum Şanlıdır...
İgiddir, müzəffərdir.
Tək amalı zəfərdir...
Onu tanıyır dünya,
Onun Vətən sevgisi, bir ümmandır, bir dərya...
O, yazdı tarixlərə igidlik salnaməsi,.
Bu vəhdəti,dözümü, birliyi, iradəsi,
Dolandı diyar-diyar dastanı, əfsanəsi...
Ordum sənə əmanət...
Onu qoru ,Allahım...
Nizamı pozularsa, heç açılmaz sabahım.
Qoru Şanlı Ordumu.. minlərlə Şəhidiylə yaralanmış yurdumu...
Qoru sən millətimi -- xalqımı, dövlətimi,
Bu AZƏRBAYCAN adlı dəyərli sərvətimi.
Sən qoru ki, ordum da güc toplasın özündə,
"Azərbaycan" nidası hər kəlmə, hər sözündə.
Vətən sevgisi qəlbdə, "Azadlıq" , "sülh" dilində,
Qorusun, bəxş etdiyin "Vətən" əmanətini...

Bayatılar
Açılan dandı, Allah,
Torpağım qandı, Allah,
Yurdum hey Şəhid verir,
Ürəyim yandı, Allah.

Qadadı, qandı ağrım,
Kül oldu , yandı bağrım,
Hər bir Şəhidim üçün,
Min kərə yandı bağrım.

Yurdum qana bələndi,
Başıma köz ələndi,
Yenə də payız gəldi,
Tarixim təzələndi.

Səbuhim, yetim balam,
Bülbültək ötüm, balam,
Bir qərənfilə dönüm,
Qəbrində bitim, balam.

Əzizim o tay, bu tay,
Vətən olub neçə pay,
Cəmi Şəhidlərimə,
Deyirəm elə laylay.

Həsrət ürək dağlayır,
Ürək qübar bağlayır.
Bu nakam balalara,
Ürəyim qan ağlayır.

Vətən göyü qaralı,
Ürək yardan aralı,
Coşqun, Vətəni seçdin,
Yarın qaldı yaralı.

ŞƏHİD XƏBƏRİ
Yenə qəlbim qan ağlayır,
Gələn Şəhid xəbərinə.
Bir də "Əhsən" söyləyirəm,
Əsgərimin zəfərinə.

Qürurlanıb sevinməyi,
Yasaq etdim mən özümə,
Həbs eylədim öyünməyi,
Leysan tökən bu gözümə.
Mən şadlanım, gülüm necə,
Vətənimin Şəhidi var.
Boyanıb al qana gecə,
Dünya olub başıma dar.

Neçə-neçə anaların,
Ürəyinə dağ çəkilib.
O vüqarlı ataların,
Beli vaxtslz, tez bükülüb.

Saçlarını yolur Ana,
Bacı nalə, ah qoparır,
Necə dözsün bu hicrana,
Canlarından can aparır.

Hələ qardaş, boynun büküb,
Qol-qanadı qırılıbdır.
Gözlərinə qüssə çöküb,
Bu həyatdan yorulubdur.

Tutulmamış neçə xonça,
Yol gözləyən yar qalıbdır.
Gözü yaşlı məsum körpə,
Dünyaları qaralıbdır.

Uzaq, yaxın, elim, obam,
Şəhidinə yas saxlayar,
Sönübdü gur yanan sobam,
Ürəyimi qəm dağlayar.

Ey Allahım, yetiş dada,
Qoru igid əsgərimi.
Torpağımı vermir yada,
Müzəffər et, ləşkərimi.

Kəlağayım
Allı-güllü, rəngarəngdi,
Gül butalı kəlağayım.
Naxış-naxış bir ipəkdi
Gül butalı kəlağayım.

Min rəng qatır işvə, naza,
Bənzəyir bir güllü yaza,
Yaraşır gəlinə, qıza,
Gül butalı kəlağayım.

Xalqımızın qismətidir,
Namusudur, ismətidir,
Haqdan gələn nemətidir,
Gül butalı kəlağayım.

Tariximi araşdırır,
Gözlərini qamaşdırır,
Dünya bizə yaraşdırır,
Gül butalı kəlağayım.

Arzu, götür sal başına,
Nur çiləsin göz qaşına,
Ucalıqdır bu yaşına,
Gül butalı kəlağayım.

ÜSTÜNƏ
Hər kəlməsi bir dürr, inci, cəvahir,
Söz deyilməz sözlərinin üstünə.
Yaradan öz sevgisiylə yaradıb,
Sürmə çəkib gözlərinin üstünə.
Səndən ayrı buz bağlayıb bənizim,
Çoşmur çayım, dalğalanmır dənizim,
Çox aradım yollarında ,əzizim,
Düşmür izim, izlərinin üstünə.

Ayrı düşüb ürək, könül sirdaşım,
Həsrətindən selə dönüb göz yaşım,
İnsafa gəl, ağrıyanda bu başım,
Al körpətək dizlərinin üstünə.

Həmdəmimsən, uca tutdum xətrini,
Verdiyin gül itirməyib ətrini,
Təkrar oxu hər şe(i)rimin sətrini,
Su çiləsin közlərinin üstünə.

Uçurma gəl sevgi adlı qalanı,
Tapılmaz heç nə döngəsi, dalanı,
Arzu duysa saxtalığı, yalanı,
Xətti çəkər düzlərinin üstünə.

" MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN YAZIM"
Bu həyat üzümə çox az-az gülüb,
Bilmirəm düzündən, əyridən yazım.
"İnsanlar yaşayır, insanlıq ölüb"
"Mən belə dünyanın nəyindən yazım".

Namərdə qul edir o bəzən mərdi,
Çəkdirir yetimə əzabı, dərdi,
Yazdırır kasıbçün qanunu, şərti,
Mən belə dünyanın nəyindən yazım.

Başlar dumanlıdı, ürəklər yara,
Haqqdan danışanlar çəkilir dara,
Günüm də qaradır, bəxtim də qara,
"Mən belə dünyanın nəyindən yazım?"

Qəlbim qan ağlayır, gözlərim dolur,
Açmır ümidlərim, saralır, solur,
Gündüzüm gecəmtək qaranlıq olur,
"Mən belə dünyanın nəyindən yazım?"

Etibar, həm inam, düz ilqar itib,
Ədalət ləkində nadanlıq bitib.
"Qardaşıma dəysin, ox məndən ötüb",
"Mən belə dünyanın nəyindən yazım?"
Çoxdur oğru görüb qolun bükməyən,
Vicdan tarlasında haqqı əkməyən,
Yetimin başına sığal çəkməyən,
"Mən belə dünyanın nəyindən yazım?"

Varsa Yaradana asi düşənlər,
Özgə gözündəki çöpü eşənlər,
İncidib, qəlb qırıb, yara deşənlər,
"Mən belə dünyanın nəyindən yazım?"

Vicdan kölgəsində çoxdur yatanlar,
Namusu, isməti, arı satanlar,
Sərvəti, kürsünü yüksək tutanlar,
"Mən belə dünyanın nəyindən yazım?"
Məhəl qoyan yoxdir artıq mizana,
Ümidlər bağlanır bürclər yozana,
Pozulur qanunlar, düşmür nizama,
"Mən belə dünyanın nəyindən yazım?"

Çoxalıb doğrunu, haqqı görməyən,
Xalqın dərdlərinə qulaq verməyən,
Bircə gün Vətənçün , ömür sürməyən,
"Mən belə dünyanın nəyindən yazım?"

Arzu təngə gəlib bu halətindən,
Qurtara bilməyir əsarətindən,
Bir zərrə tapmırsa , ədalətindən,
"Mən belə dünyanın nəyindən yazım?"

YUXUMA GƏL
Yuxuma gəl görüm səni,
Saçlarımı oxşa, gülüm.
İntizarın üzür məni,
Gəl, ürəkdən qəmi silim.
Yuxularda qarşıma çıx,
Gözümə bax, gülsün gözüm,
Titrəyərək əlimi sıx,
Dodağımda donsun sözüm.

Yığım yoldan baxışları,
Səni kimdən xəbər alım?
Yuxularda yağışlarıı,
Tez-tez yağdır,qurban olum.

Düşüb sevgi yağışına,
Damlasında rəqs eləyək.
Məftun olub naxışına,
Sevgimizə nur çiləyək.

Yetişməyib hələ əcəl,
Qoyma bulud kimi dolum.
Heç olmasa yuxuma gəl,
Yuxularda xoşbəxt olum.

SƏNİ SƏNSİZ SEVƏCƏYƏM.
Gözlərimdə həyat eşqi,
Görüşünə gələcəyəm.
Sən sevsən də,sevməsən də,
Səni sənsiz sevəcəyəm.

İnləyəcək könül sazım,
Açılacaq güllü yazım,
Sənsən eşqim, xoş avazım,
Səni sənsiz sevəcəyəm.

Sən dilimin təranəsi,
Gülüşümün pərvanəsi,
Saf duyğumun nişanəsi,
Səni sənsiz sevəcəyəm.

Sən günəşim, parlaq ayım,
Allah yazan sevgi payım,
Son ümidim, son harayım,
Səni sənsiz sevəcəyəm.

Ümidlərim pərən-pərən,
Yoxdu gedən, yoxdu gələn,
Sən ey gözlərindən gülən,
Səni sənsiz sevəcəyəm.

Sənsiz solar bağda gülüm,
Sənsən günüm, ayım, ilim,
Söyləyirəm, eşit, gülüm,
Səni sənsiz sevəcəyəm.
Dost kimdir
Dostluğun tərifin istəsən əgər,
Onu dost qədrini biləndən soruş.
Dostunun dərdini öz dərdi bilib,
Onunla ağlayıb, güləndən soruş.

Kəsdiyi çörəyi müqəddəs tutan,
Ən ağır günündə hayına çatan,
Yanıb acısına dərd-qəmə batan,
Gözündən yaşları siləndən soruş.

Həyat girdabında sınaqdan keçən,
Dostluq şərbətini sevgiylə içən,
Qeyrətlə, ismətlə qəlbinə köçən,
Hər hissi səninlə böləndən soruş.

Arzu, sən dostluğu ucuz sanmadın,
Mənasız odlara düşüb yanmadın,
Özün də dostluqda az sınanmadın,
Dostluğu yaşadıb öləndən soruş..

Nəyi var ki, bu dünyanın.
Qamaşdırıb gözümüzü,
Camalı fani dünyanın,
Yaşamağa dəymir düzü,
Nəyi var ki, bu dünyanın?

Günü əzab, gecəsi dərd,
İnsanların çoxu namərd,
Silləsi də dəyir çox sərt,
Nəyi var ki, bu dünyanın?

Başları edir dumanlı,
Ürəklər ümid, gümanlı,
Çoxları saxta imanlı,
Nəyi var ki, bu dünyanın?

Yox ədalət, yoxdu vəfa,
Çoxdü zülüm, zillət, cəfa,
Sürmədik heç zövqü səfa,
Nəyi var ki, bu dünyanın?

Qurbanam.
Vətən, burdan Göyçəyədək sancılan,
Dalğalanan bayrağına qurbanam,
Addım-addım caynaqlardan sıyrılan,
Qan qoxulu torpağına qurbanam,

Köksüm üstə sanki xəncər saplanıb,
Qəlbdə nifrət, düşmənə kin toplanıb,
Mərd oğullar xilasına yollanıb,
Cənnət olan qucağına qurbanam.

Yer tapmıram ürəyimi ovudum,
Yağış olum bu yanğını soyudum,
Şəhid, bu ağrını necə unudum,
Vətən qoynu - yatağına qurbanam.

Tor toxuyur zaman-zaman qəm mənə,
Şəhid adlı dağ çəkilir sinəmə,
"Ana, dik dur, qəddin əymə, göynəmə"
Son yazdığın varağına qurbanam.

Yadın, doğman həsrətinə dözməyir,
Gəlişini göz yaşıyla izləyir,
Nazlı yarın vüsalını gözləyir,
Bəzəkli bəy otağına qurbanam.

Vətən dərdi ürəyində göynəyən,
Düşmənini nifrətilə çeynəyən,
"Vətən, sənə canım fəda" söyləyən,
Bayraq öpən dodağına qurbanam.

Yağıların istehkamın sökmüsən,
Belin qırıb, qollarını bükmüsən,
Göyçəyədək zəfər yolu çəkmisən,
Dastan yazan sorağına qurbanam.

Anam
Dilimin ən şirin sözü, nəğməsi,
Ömrümün sönməyən çırağı Anam.
Ağarıb saçları, gülmür çöhrəsi,
Mən oldum ömrünün sınağı Anam.

Baxıb qovruluram gendən, uzaqdan,
Yorulub baxışlar, çökübdür , niyə?
Həyatın ən çətin sınaqlarından,
Mərdliklə keçmisən, Anasan deyə.

Görünür əlinin qabarlarında,
Sayı bilinməyən zəhmət, kədər var.
Üzündə göyərən damarlarında,
Köksünə yük olan qüssə, qəhər var.

Alnında iz açan dərin qırışlar,
Keşməkeşli ömrün xatirəsidir.
Gözümdə toqquşan kövrək baxışlar,
Ağır günlərinin nişanəsidir.

Gülüşü gizlənib küncdə, bucaqda,
Arayıb axtarsan görünmür izi.
Beş arzu boy atıb isti qucaqda,
Şirin layla olub, dilinin sözü.

Ana, istəmirəm üzündə kədər,
Unut acıları, dərd-qəmi unut.
Qoy qalan ömrün də keçməsin hədər,
Xoşbəxt gülüşünlə qəlbimi ovut.

Arzu heç düşünmür sənsiz bir həyat,
Bu ömrü səninlə istəyir qoşa.
O dərdli könlündə quraq toy-büsat,
Gələcək illəri kədərsiz yaşa.


AZƏRBAYCAN
Azərbaycan- qarış-qarış ürəyimə yığdığım,
Yağış olub damla-damla sinəsinə yağdığım,
"Oxxayyy", deyib, havasını ciyərimə aldığım,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Hər daşını, qayasını doğma VƏTƏN saydığım,
Torpağına, millətinə sonsuz sevgi duyduğum,
Yaralanmış sinəsinə, sığınıb baş qoyduğum,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Tarixinə boylanaraq, od-alovsuz yandığım,
Ağrısını-acısını ürəyimdə sandığım.
Bir yaralı bülbül olub köksü üstə qonduğum,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Caynaqlarda param- parça qızıl qana bürünən,
Ərdəbildən Göyçəyədək yaraları görünən,
O tay, bu tay insanları "ANAM" deyib, öyünən,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Azərbaycan! Qurban olum "Odlar yurdu" adına,
Ta Təbrizdən Dərbəndəcən tüstüləyən oduna,
Gələr bir gün-- millətimiz çatar sənin dadına,
Bir Vətənsən- parçalanmaz, bölünməz.
GENERALIM
Polad kimi iradəylə düşmənlərin bağrın yaran,
Milyonların ürəyində sevgisinə bir taxt quran,
Millətinə, ordusuna, əsgərinə arxa duran,
Amalıyla el yolunda mətin duran generalım!

Sən oyatdın içimizdə buxovlanmış qeyrəti, sən,
Dünya agah oldu xalqın, yenilməyən qüdrətindən!
Şəhidlərin, igidlərin qoruduğu dövlətindən,
Yaşı cavan, qəlbi talan, ömrü viran generalım.

Sevdin doğma vətəninin hər dağını, dərəsini,
Tutdun müqəddəs yolunu, qurdun səngərdə yerini.
Kabinetə sığınmadın, tək qoymadın əsgərini,
Cürətilə düşmənlərin əzmin qıran generalım!

Sən xalqının vüqarını oz adında daşıyırsan!
Ucalsan da zirvələrə ürəklərdə yaşayırsan,
Bu zəfəri, qələbəni sən də bizlə yaşayırsan!
Parçalanmış Vətənimi bütöv quran generalım!

Arzun idi azad olsun, bütövləşsin Azərbaycan,
Zəfər yolu, qalibiyyət yolun seçsin Azərbaycan!
Şəhid olan hər igidin yerinə doğular min can!
Qanıyla yeni tarixin möhrün vuran generalım!


XOCALI
O gecə Xocalı yuxu yatmadı,
O gün cərxi-fələk tərsinə döndü.
Onun köməyinə kimsə çatmadı,
Xocalıda həyat o gecə söndü.
Qocaya,cavana,qıza, qadına,
Xəstəyə qıydılar,qətl elədilər.
Baxmayıb günahsız insan ahına,
Zəmi kimi biçib, məhv elədilər
Fəryadlar, nalələr ucaldı göyə,
Günahsız körpələr qana boyandı,
Gəlməzdi kimsənin heç gümanına,
Xocalı o gecə ,vaxtsız oyandı.
Yerlə yeksan oldu gör neçə ailə,
Fəlakət toxumu səpildi yerə,
Bu necə dəhşətdi, necə faciə,
Şər qalib gəlmişdi o gecə xeyrə.
Ana, bacıları aldılar əsir.
Qaçanlar yollarda güllələndilər.
Bu dəhşət insanın nəfəsin kəsir,
Xocalı məhv oldu, "dillənmədilər".
Bu qanlı faciə, bu fəryad, ölüm,
Titrətdi yer-göyü, qopdu qiyamət,
Bu necə qırğındı, bu necə zülüm,
Qurdu qaniçənlər qanlı cinayət.
Tariximiz boyu bu faciələr,
Millətimin əzmin qırıb, əymədi,
İnsanlığa doğru yağan güllələr,
Dünyanın bağrına nədən dəymədi?
Xalqın qan yaddaşı--bir tarix daha,
Unutmaq olarmı yaşananları?
Əmanət eyləyək uca Allaha,
Bu dərdi qəlbində daşıyanları.
Dualar ucalsın ərşin yanına,
Məhv olsun dünyada sülhü sevməyən.
Haqq versin cəzasın, batsın qanına,
Sülhə səs verməyib, boyun əyməyən.

VƏTƏN EŞQİM

İncitməyin, toxunmayın qəlbimə,
Qollarıma, qanadıma qıymayın.
Ürəyimdə "Vətən" eşqi kök salıb,
Məni mənsiz, qibləgahsız qoymayın.

Vətən mənim mənliyimdir, adımdır,
Bu məhəbbət dünya boyda bir dəniz,
Vətən məni isidəcək odumdur,
Hər qarışı həm müqəddəs, həm əziz.

Məmləkətim bölünübdü:-- dərdləri,
Qəlbimdə bir yara açıb, göynəyir.
Aradakı məftilləri, bəndləri,
Nifrətim də ,həsrətim də çeynəyir.

Qan ağlayır, köksüm altda ürəyim,
Gecə- gündüz qəlb evimi didir qəm.
Doğru yolda Allah olsun köməyim,
Hicranımı, həsrətimi atım mən.

O tay, bu tay bir bayrağa sığınaq,
Bütöv olsun Azərbaycan elimiz.
Bir ocağın istisinə yığılaq,
Ayrılmasın bir-birindən əlimiz.


AĞLAMA
Xoşbəxt sandığımız o günlər bitdi,
Arxamca ağlama...ağlama gülüm.
Həsrət kölgə saldı üstünə, getdi,
Arxamca ağlama...ağlama gülüm.

Məhəbbət dediyin adi bir yalan,
Ummuram mən səndən təsəlli, filan.
Etmisən onsuzda ömrümü talan,
Arxamca ağlama...ağlama gülüm.

Qoşa gəzdiyimiz yerləri unut,
Bir təsəlli axtar, qəlbini ovut,
Gözündən sellənən yaşları qurut,
Arxamca ağlama...ağlama gülüm.

Yollara, izlərə baxıb ağlama,
Duyğuya sarılıb könül dağlama,
Ümidini artıq mənə bağlama,
Arxamca ağlama...ağlama gülüm.

Arzunu incitdin sən bilə-bilə,
Adımı bir daha gətirmə dilə,
Səndən ayrılıram mən gülə-gülə,
Arxamca ağlama...ağlama gülüm.

Şair Sakit Məmmədovun gözəl şerinə yazdığım nəzirə.
Bir sevgi ağlayır
Bir səhər ömrünə həsrət yol alır,
O odlu məhəbbət qəlbində qalır,
Ürəyi qırılır, gözləri dolur,
Qalmayır bir əsər dözüm,təpərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Vağzalı çalınır....qəlbi göynəyir..
El-oba yığışıb şadlıq eyləyir,
Hamı tərif deyir, sağlıq söyləyir,
Onun qəlbi isə yanır kədərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Ömrünü əridər bu həsrət, kədər,
Keçəcək bu ömür birtəhər, hədər,
Varmı bu acıdan daha da betər,
Boğazı göynəyir tez-tez qəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Nə gözəl təsadüf...qonşu olublar,
Bəzən seviniblər, bəzən dolublar,
Çöbanyastığını birgə yolublar,
Bir nübar ediblər bağda bəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Toy-düyün olanda qəlbi döyünmüş,
"Bir gün bizə qismət", deyə söyünmüş
Dostlar arasında hətta öyünmüş,
Ağ atıyla gəlir tutmuş yəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Bu necə qismətdi, bu necə dərddi,
Ayrılıq nə yaman ağırdı, sərtdi,
Həyatmı, yoxsa ki, insan namərddi?
Yeməyi olacaq ağu-zəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Hər gün dikiləcək gözləri yola,
Gözlərdə bir həsrət, yaş dola-dola,
Elə xəyalında girib qol-qola,
Kəndə gələcəklər birgə şəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Daha tükənəcək dilində sözlər,
Yaddaşından getməz o qara gözlər,
Yandırar ayağın getdiyi izlər,
Bir ümid gözləyər gələn səhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən"..

Şəhidlərimin sözü
Gör nə qədər yurduma, elimə şəhid gəlib,
Neçə ana naləsi göyə, ərşə yüksəlib,
Ürəklər sızıldayıb,, fəryad qəlbimi dəlib, ,
Kül olub ümidləri, yanmır ocağı, közü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Mən də yandım, alışdım, ahım ucaldı göyə,
Mənimdir bütün Şəhid, mənimdir bu faciyə,
Xalqı xoşbəxt yaşasın, yurd azad olsun deyə,
Könüllü yollandılar, düşünüb oğul-qızı,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Ehtiramla yad edib, hər gün sizi anırıq,
Doğma balamız kimi yandırırsız, yanırıq,
Sizi qiblə yerimiz, and yerimiz sanırıq,
Ürəkdən gülməz daha biz Anaların üzü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Siz ən böyük ürəyə, qeyrətə sahibsiniz,
Dünyanın nəzərində, ən böyük qalibsiniz,
Siz sorğusuz, sualsız cənnətə layiqsiniz,
Silinməz cığırlardan ayaqlarının İzi,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Bu torpağın ən böyük xilaskarı sizsiniz,
Azadlıq tarixində çox müqəddəs izsiniz,
Siz bu xalqın bu günü, ən yeni tarixsiniz,
Vüqarla demək gərək, yalnız doğrunu, düzü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Arzu hər gün yaş tökür, baş əyir ruhunuza,
Param-parça bölünən, əliniz-qolunuza,
Özünü qurban deyib, gəlsəniz, yolunuza,
Qalıbdır bu yollarda qanlı yaş axan gözü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

QADIN
Solğun baxışında kədər kölgəsi,
Dərdi gözlərindən oxunan qadın.
Halını soruşsan, titrəyər səsi,
Sualın qəlbinə toxunan qadın.

Yazılmış bəxtinə qayğılı günlər,
Ömrünün baharı payıza dönmüş.
Səni xoşbəxtliyə aparan yerdə,
Həyat yollarının işığı sönmüş.

Bütün qəm - kədəri bir yerə yığıb,
Sən şələ tutmusan incə çiyninə.
O kiçik köksünə de necə sığıb,
Geydin libasın tək yoxsa əyninə?

Boğubsan ürəkdə həsrət çənini,
Amma gözlərinə gücün çatmayıb
Sussan da içinə atıb qəmini,
Gözlərin öz kədər yükün atmayıb.

Sevinci çox qısa, gülüşü qırıq,
Taleyi uzaqdan oxunan qadın.
Qəlbi param-parça,hey sarıq-sarıq,
Baxışlar ruhuna toxunan qadın.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!