Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-09-2022, 09:13
"Nur Ocağı" Arzu Tahirqızının şeirlərini təqdim edir:

"Nur Ocağı" Arzu Tahirqızının şeirlərini təqdim edir:

Köçə bilsən
Bu dünyanın yaxşı tanı rəngini,
Ağını qaradan seç, seçə bilsən!
Unutma çalınan ömür zəngini,
Haqqın körpüsündən keç, keçə bilsən.

Anlasan hikmətin sən Yaradanın,
Doğru olar yolun, sağ olar canın.
Uca olar el içində məqamın,
Əkdiyindən xeyir biç, biçə bilsən.

Xalqın arasında qazan hörməti,
Qoru ləyaqəti, yox et nifrəti!
Bilsən ki, öldürər eşqin şərbəti,
Onu da şövq ilə iç, içə bilsən.

Oynama həyatda şeş-qoşa, dü-bir,
Tələsmə, hər işdə eylə gəl, səbir.
Cismin son məkanı kiçicik qəbir!
Ruhun qapısını aç, aça bilsən!

Arzu, bu dünyanın ədaləti yox,
Dərdləri calayıb, yük eyləmə çox.
Qarın ac olsa da, gözün olsun tox,
Köçəndə vicdanla köç, köçə bilsən.

Ürəyim
Mən bilmirəm, əzəl gündən beləsən?
Baş aparma, az-az deyin, ürəyim.
Nə yaşadıb, nə vermisən sən mənə?
Bir az asta, aram döyün, ürəyim.

Hər arzuma, istəyimə çəkib sədd,
Yerli-yersiz söz-söhbəti etmə dərd.
Mərd gəlmisən bu dünyaya, yaşa mərd,
Arzulara vurma düyün, ürəyim.

Ümidləri gerçəklərlə qovuşdur,
Məni üzən qəm-qüssəni sovuşdur.
Vüsalınla vüsalımı qarışdır,
Məhəbbət düz löyün-löyün, ürəyim.

Sevgi adlı bir dəryadan keçmisən,
Min xəyaldan bir ürəyə köçmüsən.
Sən bəxtimə çox gözəl yar seçmisən,
Alqışladım, bir az sevin, ürəyim.

Gəncliyimdən dərd-qəm ilə yükləndin,
Ömür boyu hey həsrətə kökləndin.
Daha bəsdi sən bu qədər təkləndin,
Səadətdən libas geyin, ürəyim.

Dağ vüqarlı, xoş amallı olmusan,
Hər bir kəsin dərdi ilə dolmusan.
El dərdinə yanıb, saçın yolmusan,
Dilə düşüb səsin-küyün, ürəyim.

Dünya boyda bir dünya var içində,
Fəryadın da bəzən ayrı biçimdə.
Doğmaları incidəcək köçün də,
Varlığınla sən az öyün, ürəyim.

Gecələr
Elə ki, hər yanı zülmət bürüyər,
Bu tənha könlümü sıxar gecələr.
Çarəsiz qəlbimin hər çeşməsindən,
Qaynayıb min bulaq çıxar gecələr.

Alar ürəyimi bir qərib qorxu,
Deşər neştər kimi intizar oxu.
Vüsalının acı, həsrətin toxu,
Künclərdən üzümə baxar gecələr.

Bir ümid gözlərəm gələn sabahdan,
Qurtarmaq istərəm fəryaddan, ahdan!
Məni qorumaqçun sənli günahdan,
Könlümü odlara yaxar gecələr.

A zalım
Fələk saldı min oyuna, min felə,
Bəsdi, sən də yaralama , a zalım.
Dən-dən düzüb ağ telləri saçıma,
Ömrümü də qaralama, a zalım.

Kül ələdi bu başıma bax fələk,
Mən aldanıb, sandım iblis bir mələk.
Saflığıma sən də qurub min kələk,
Yalanları sıralama, a zalım.

Yüklənibdi, ömür karvanım qəmlə,
Könül simim yenə dillənir bəmlə,
Dağılıb tökülən ruhumu cəmlə,
Acı sözlə paralama, a zalım.

Yanmır
Göz yaşlarım selə dönüb hey axır,
Ürəyimin başı yanır, dayanmır.
Cənnətinə qonaq gedən oğullar,
Fəryad edib çağırsaq da oyanmır.

Tox bilməz ki, ac olanın halını,
Varlı yeyir kasıb-yetim malını,
Şəhid, qazi, Vətən qeylü-qalını,
Qudurğanlar, vicdansızlar duyammır.

Ey Allahım, nədən qıydın ölümü?
Gələn acı fəlakətmi, ya selmi?
Ancaq kasıb çəkəcəkmi bu zülmü?
Haqq yeyənlər nə alışmır, nə yanmır.

Gözlərindən qəm yağışı süzülür,
Qəlbindəki acıları yuyur, o.
Aram-aram, sıralanıb düzülür,
Səni üzən duyğuları duyur o.

Qəm sıxmasın incə, kövrək qəlbini,
İçindəki arzuların darıxar,
Cuşa gətir ürəyinin təbini,
Bu sevgidən qüssə, kədər karıxar.

Gözlərində gilələnən yaşların,
Hər birində gizlənən bir ümid var,
Kədərlənmə, çatılmasın qaşların,
Arzuların qəlbdə yeri dar olar.

Rahatlığı səndən alan dərdləri,
Göz yaşınla yuyulacaq sanarsan,
Çox başqadı bu həyatın şərtləri,
Gülümsəyib, həqiqəti danarsan.

Arzu bilir, həyat qəmdir, kədərdir,
Bu dərdlərin köç edəcək dəmi var.
Axıtdığın göz yaşların hədərdir,
Yaşamağın, gözəlliyin çəmi var.


Çoxdursa
Ağlama, heyfdir göz yaşlarına,
Onun dəyərini bilən yoxdursa,
Kədəri bəzəmə baxışlarına,
Yaşamaq həvəsin, sevgin çoxdursa.

Yük etmə qəlbinə, dərdi, gümanı,
Dağıt başındakı çəni, dumanı,
Qoyma qəhər dolsun eşqin ümmanı,
Fikirdən uzaq dur, qəlbi sıxdısa.

Çox dərindir sözün gücü, qüdrəti
Dünyada çəkirik hər bir möhnəti,
Kəlmələrin nəyə yarar hikməti,
Qəlb evimi viran edib, yıxdısa.

Səni üzən qayğıları, unut, sil,
Dərdlərinə inad, fərəhlən, de, gül,
Danışdığın sənin deyil, artıq bil,
Gecdi, söz ağızdan daha çıxdısa.

Arzunun xəyalı çin-çin qalanar,
Söz misraya, misra bəndə calanar,
Şeirləri pərvaz edib dolanar,
Ürəkdə məhəbbət odu çaxdısa.

Şəhid adına qurban
Vətən çağırdı səni, bağrı qan ağlayırdı,
Həsrəti, ah naləsi ürəklər dağlayırdı,
Damarında azadlıq, yurd eşqi çağlayırdı.
Vətən bağışlamazdı, yetişməsən dadına,
Qurban olum ey igid, sənin Şəhid adına.

Dalğalanır bayrağım, yurdumun hər yerində,
Gəzir ruhun, bu azad Vətənin göylərində,
Qürurla baş əyirəm, mən də ruhun önündə,
İçin-için alışıb, lap yansam da oduna,
Qurban olsun bu canım, sənin Şəhid adına.

Səni tərənnüm etmək, fəxrdi, iftixardı,
Mərdliyin, şücayətin dünyaya aşikardı,
Anan, bacın, övladın bizlərə yadigardı,
Məlhəm ola biləydim, qırılmış qanadına,
Qurban olsun bu canım, sənin Şəhid adına.

Özünə kəfən seçdin, üç rəngli al bayrağı,
Qanınla pak eylədin, murdarlanmış torpağı,
Yenə dönər elimin əvvəlki, xoş növrağı,
Xatirələr oyanar, bir-bir düşər yadına,
Qurban olsun bu canım, sənin Şəhid adına.

Dedilər
Həyatdan gileyli olduğum zaman,
"Həyat mənalıdır, bezmə"- dedilər.
"Sən duy gözəlliyi, ruhunu dindir,
Dərdin ümmanında üzmə"- dedilər.

Neynim, həyat mənim durdu qəsdimə,
Acılar sel kimi gəldi üstümə,
Yanıb kor olduqca mən öz tüstümə,
"Məğrur ol, həyatdan küsmə"- dedilər.

Tutsam da haqq yolu, doğru imanı,
Min bir səmtə getdi ömrün gümanı.
Hərdən qamçıladım vaxtı, zamanı,
"Zamana bir cəza kəsmə"- dedilər.

Az qaldı çevriləm kükrəyən selə,
Çağlayan bulağa, dənizə, gölə,
Dönərkən tufanlı, dumanlı yelə,
"Arzu, fırtınatək əsmə"- dedilər.

Cəbrayıl
Hər bir qarış torpağına qurbanam,
Doğma elim, ata yurdum Cəbrayıl.
Səndən ayrı yaşadığım illəri,
Min həsrətlə başa vurdum, Cəbrayıl.

Torpağın quruyub, susuz qalıbdır,
Kənd-kəsəkdə həsrət yuva salıbdır.
Baş daşında baxışlar da donubdur,
Danışmadı, kimə sordum, Cəbrayıl.

Dağıdaraq hər tərəfdən bəndləri,
Qırıb tökdü düşmən quran sədləri,
Yerlə yeksan olan viran kəndləri,
Xilas etdi şanlı ordum, Cəbrayıl.

Daim sənə açılmış idi əlim,
Dualardan usanmayırdı dilim
Allah, şükür, azad olundu elim!
Tilsimləri sonda qırdım, Cəbrayıl!

Çox qorxurdum, həsrətinlə öləcəm,
Görüşünə dizin-dizin gələcəm!
Göz yaşımı torpağınla siləcəm!
Xəyalımda qala qurdum, Cəbrayıl.

Sabahınız xeyir
Ey yurdumun insanları,
Sabahınız xeyir olsun.
Bu dünyanın mehmanları,
Sabahınız xeyir olsun.

Bu cahana yayılsın səs,
Olmasın bu dünya qəfəs,
Hər ürəkdə çoşsun həvəs,
Sabahınız xeyir olsun.

Bu dünyadan alıb kamı,
Xoşbəxt olsun, gülsün hamı
Sülhdən alaq biz ilhamı,
Sabahınız xeyir olsun.

Günəş gülsün göy sularda,
Sevgi dolu duyğularda,
Səhər şirin yuxularda,
Sabahınız xeyir olsun.

Dörd yanınız çəmən, çiçək,
Güllər açsın ləçək-ləçək,
Hər bir arzu olsun gerçək,
Sabahınız xeyir olsun.

Arzu Tahirqızı (Xasayeva)


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!