Nur ocağı" ədəbi məclisi Sahibə Yusifin şeirlərini təqdim edir:"Şəhidim, salam!Sənə borclu qaldı bu yurd, bu vətən,
Torpaq sevdasıyla torpağın sevən,
Bir hilal uğruna canından keçən,
Şəhidim, salam!
Süngüylə düşmənin sinəsin dələn,
Üzü aydan gözəl, ruhu mələkdən,
Üç rəngli bayrağa bürünüb gələn,
Şəhidim, salam!
Özü də şahiddir tarixi-zaman,
Analar övlad yox, doğurmuş Aslan,
Ey gülab qoxulu, cənnəti Rıdvan,
Şəhidim, salam!
Mürəkkəb qadın.Sən mürəkkəb damcısından yaranan bir qadınsan!
Yandırardın lənətləri, əgər dönüb od olsan.
Göy üzündə günəşi də, qısqanardın cahanı,
Qəflətindən silkələyib oyadardın insanı.
Qanadının kölgəsiylə qoruyardın bəşəri,
Yer üzündən yox edərdin ölüm saçan o şəri.
Həqiqəti ovucunla içirərdin hər kəsə,
Ədalətin alovuyla dərs verərdin iblisə.
Mələk olsan şeytanların hücrəsini yıxardın,
Əngəlləri qaldırardın, azadlığa çıxardın.
Cahan sənin əllərinlə yaranardı yenidən,
Ədavəti, haqsızlığı silərdin yer üzündən.
Hər şey sənin gözlərinin süzgəcindən keçərdi,
Yaradılış ürəyindən bal şərbəti içərdi.
Xöşbəxtliyi libas edib geydirərdin insana,
Nur saçardın yer üzünə, göy üzünə, cahana.
Ölüm saçan əcəli də qorxudardı baxışın,
Əzrayılı mat qoyardı əzəmətli duruşun.
Amma, qadın,
Qadağalar içindədir ömürün,
Yazılmayan qanunlara boyun əyib, çürüdün.
Ən kiçik bir zərrə belə varlığınla var oldu,
Sən zərrəyə həyat verdin, zərrə səndən doğuldu.
Unutma sən! Həm həyatsan, həm ölüm,
Son çalan "sur" səsisən.
İki dünya yaraşığı, bəşərinsə özüsən.
Əlbətt bir gün əriyəcək daş qəlblərin buzu da,
Var olacaq qadın adın, Tanrı səni qorusa.
Qorxma, qadın! Vüqarını əzənləri əz getsin.
Səni əskik bilənləri, allah özü əskiltsin.
Hardasan?Sən ən uzaq bir adasan,
Əlim çatmır.
Gecə olsun istəyirəm,
Günəş batmır...
Bir də...bir də boğuluram,
Nəfəs çatmır.
Hardasan?
Daş deyilsə,
Sinəndəki ürəksə?
Gizlətmə gəl hisslərini ürəkdə.
Vallah, inan soruşuram ürəklə,
Hardasan?...
Sən özünsə, bir yana.Bilmirəm yaxınmısan,
Yoxsa ki çox-çox uzaq.
Xəyalına çatmağa,
Tələsirəm qaçaraq.
Şirin xəyalların da,
Şirindir özün qədər.
Sənsizliyin dərdinə,
Dözürəm də birtəhər.
Düzdür, bir az könülsüz,
Başlayıram hər işə.
Sonra yenə deyirəm,
Ümüd ki var, görüşə.
Keçirdiyim hissləri,
Gizlədirəm hər kəsdən.
Özüm də narahatam,
Qəlbimdəki bu hissdən.
Sənə olan həyəcan,
Çevrildikcə ümmana,
Aləm bir yana olur,
Sən özünsə, bir yana.
Yaman olur yetimlik.Anasız bir qızın ürəyinə qəm,
Buluddan üzünə nəm pərdə çəkər.
Heçnə soyuq deyil yaxşı bilirəm,
Ögey bir ananın baxışı qədər.
Başını qoymağa diz axtaranda,
Yalnız balışından umar mədəti.
Saçını oxşayan əl olmayanda,
Hər kəsdən gizlənib, ağlar xəlvəti.
Üşüyən əlləri sarar özünü,
Bükülən boynunda bənövşə solar.
Qəhər boğazında kəsər sözünü,
Yorğun baxışları qəm ilə dolar.
Hər kəlmə ox olub dələr qəlbini,
Hər kəsdən inciyər, hər sözdən küsər.
Gizlədər köksündə o, öz dərdini,
Dərin iz buraxar ömrünə illər..
Üzündə təbəssüm olmaz heç zaman,
Yaşayar həyatın qışın-payızın.
Qızlar anasını qucduğu o an,
Həsrəti çox olar anasız qızın.
Bəlkə bir qismətdir, bəlkə də günah,
Bütün xoşbəxtliyin itirib o qız.
Sən özün bir yol aç, kömək ol allah,
Qəlbində dərd -kədər bitirib o qız.
Müddətindən artıq oldu xamlığım. Öz-özümdən uzaq gəzən səyyah tək,
Qərib-qərib xəyallara yol oldum.
Qəribliyə öyrəşdikcə bu ürək,
Yanımdakı adamlardan yoruldum.
Qatmaqarış hislərimlə yaşadım,
Bu hislər də heç olmadı xeyrimə.
Yükü ağır çox sirləri daşıdım,
Düşünmədim bircə dəfə xeyrim nə?
Müddətindən artıq oldu xamlığım,
Sadəliyim avamlığa oxşadı.
Ətrafıma yayıldıqca saflığım,
Özlüyümdə qalanlarsa axsadı.
İçirəm qurtum-qurtum.Qabaqdakı ömrümün sağlığına,
içirəm qurtum-qurtum.
Baxıb dünənki saflığıma,
Köks ötürürəm udum-udum.
Darayır saçlarımı təkliklərin əli,
Xəyalımsa pərvazlanıb uzaqdakı sənə.
Fikrimdə əsdikcə sevgi yelləri,
Xəfifcə toxunur barmaqların üzümə.
Yerdə itirdiyim səadətimi,
Dırmanıb, göylərdə axtarıram.
Düşünüb yaşaya bilmədiklərimi,
nəhayət göylərdə tapıram.
Bütün sənsizlikləri bir-bir,
atıram göyün yeddinci qatından.
Qurtarmağa çalışıram canımı,
Boyumdan böyük günahımdan.
Savablarımı cəmləyib üst-üstə,
Ovuc-ovuc səni istəyəcəm....yəqin.
Duama qarşılıq verir içimdəki səs
Amin! Amin! Amin!
Mən dərd körpüsüyəm.Mən dərd körpüsüyəm, mən dərd limanı,
Sənə dərd olaram, yolun dəyişər.
Kəsər nəfəsini dərdin dumanı,
Eşqim, məhəbbətim gözümdən düşər.
Dolub gözlərinə bir bulud olum,
Qoşul xəyalıma, ağla mənimlə.
Qoy səndən bir köynək aralı durum,
Sən də gəl məsafə saxla mənimlə.
Açsam qollarımı ağuşumdasan,
Qaçarsan yanıma bir uşaq kimi.
Sən özün ömürlük yaddaşımdasan,
Ürəyim eşqinə sığınaq kimi.
Mənim ürəyimsə qaranlıq bir yer,
Çətin bu ürəyə işıq salasan.
Bu könül, bu ürək heç sənlik deyil,
Sən layiq deyilsən orda qalasan.
Eləcə uzaq dur, yaxına gəlmə,
Gizlən hayandasa görməyim səni.
Göz yaşı axıdıb susuz qəlbimə,
Söndürə bilməzsən yanan təşnəni.
Sən mənim boğazdan keçməyən tikəm,
Bilirəm əbədi qalacaq izin.
Mən səni qəlbimə möhürləmişəm,
Sən məni qəlbindən çıxart, əzizim.
Dünyanın rəngi.Birdən bu dünyanın rəngi boz olar
Mənim gözlərimdə görünür rəngli
İçimdə qurduğum dünya toz olar,
Dəyişər ruhumun rəngi,ahəngi.
Birdən bu dünyanın rəngi boz olar,
Tanıya bilmərəm rəngləri birdən.
Mənə yalan deyin kiçik bir yalan,
Bezmişəm dünyanın həqiqətindən.
Mənə yalan deyin, kiçik bir yalan
Üzümdən itməsin uşaq saflığım.
Siz mənə elə bir yalan deyin ki,
Getməsin əlimdən bu rahatlığım.
Siz mənə deyin ki dünya gözəldir,
Deyin ki dünyanın min- bir rəngi var.
Deyin ki bu aləm elə aləmdir,
Orda gerçək olur bütün yalanlar.
Danışın nə olar yalan danışın,
Yalan mənim olsun həqiqət sizin.
Siz məndən dünyanın rəngin soruşun!
Mən də bu dünyanı rənglidir deyim.
Qayıtma.
Yandırdığın ocaqda hələ də qalıb közün,
Xatirən yatmış vulkan, onu bir də oyatma.
Daha yoxluğuna da öyrəşmişəm əzizim,
Əyər dönmək istəsən, qurban olum qayıtma.
Sənin açdığın cığır cəhənnəmə yol imiş,
Bilməyib səhv getmişəm, dönəcəyəm birtəhər.
Demə ki, azad eşqin günahlarla bol imiş,
Dərd verib ürəyimə dözəcəyəm birtəhər.
Yetər ki, sən qayıtma tök ətəyindən daşı,
Tapacağam vurduğun bu düyünə çözümü.
Sən ki yaxşı bilirsən, məndən də daha yaxşı,
Sənin baxışlarında itirirəm özümü.
Dönüb baxmağın belə ümid verir qəlbimə,
O eşq dolu baxışna dözmür axı bu ürək.
Mənim soyuqluğumdan sən nə olar incimə,
Təzədən sevmək üçün, özümdən keçəm gərək.