Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-11-2015, 17:52
Yazıçının üslubu onun ruhuyla bağlıdı


Bütün zamanlarda ədəbiyyat cəmiyyətin güzgüsü, barometri sayılıb. Bəzən bir hekayənin, şeir parçasının topluma göstərdiyi mənəvi-psixoloji təsir, cəmiyyətə verdiyi müsbət aura heç bir ölçüyə sığmayıb. Bu gün cəmiyyətimizdə bir çox mənəvi dəyərlərin erroziyaya uğradığı, milli gələnəklərin bayağılaşdığı bir zaman kəsiyində toplum yenə də böyük ədəbiyyatın sözünə möhtacdır. Yazıçı-dramaturq Ağarəhimlə filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin söhbəti də bu düşüncələr müstəvisindədir.
Ağarəhim müəllim, söhbətə başlamazdan öncə bəlkə də yerində olmayan bir sual vermək istərdim: «Sizin müsahibə verməkdən qaçmanız nəylə bağlıdı?»
- Əvvəla, mən kiməm? Adi adamlardan biri. Müsahibəni görkəmli yazarlardan, böyük dühalardan götürərlər. Mən nə qeyri-adi iş görmüşəm ki, böyük şəstlə də müsahibə verəm. Mən sıradan bir yazaram. Özümdə başqalarından fərqlənəcək bir cəhət görmürəm. İkincisi, «Adətən, bir sual yaradıcılığa ünvanlananda, digəri şəxsiyyəti tanımağa istiqamətlənir" (Folkner). Açığını deyim, özüm, ailəm barədə danışmaq mənim xarakterimə yaddı. Üçüncüsü də yazıçının şəxsiyyətini araşdırmaq, onun həyatından gizlinləri açıb-tökmək oxucuya (tamaşaçıya, dinləyiciyə) nə verəcək ki? Açıb tökmək dedikdə sizdə elə təsəvvür oyanmasın ki, nədənsə qorxub-çəkinəcək tərəflərim var. Əsla yox… Hamı bilir ki, mən açığam, nəyim varsa, göz qabağındadı… Tutaq ki, hər hansı bir televiziya repartyoru mikrafon götürüb müğənninin yaradıcılığıyla bağlı evinə çəkilişə gedir, müğənni isə yaradıcılığını kənara qoyub, özünün qardirobunu, yaxud evinin nə dərəcədə zənginliyini kamera vasitəsilə neçə milyonluq xalqa nümayiş elətdirməyə çalışır. Bu əllaməliyin yaradıcılığa nə dəxli var? Yazar da elə. Yaradıcılıq mətbəxti əvəzinə oğul-uşağından, şahidi olduğu hər hansı hadisələrdən uzun-uzadı söhbət açır. Yazarla müğənninin müqayiəsəsi nə dərəcədə uyarlı olduğunu deyəmmərəm. Fakt odur ki, şəxsi həyatın, yöndəmə uyuşmayan tanıtımın yaradıcılığa elə bir dəxli yoxdur. Bilmirəm, mənimlə nə dərəcədə razılaşarsız, o tanıtım olsa-olsa vaxt öldürməyə xidmət eləyən söz yığınıdı.
Doğrudur, böyük dühalardan, görkəmli yazarlardan «Yazıçının məqsədi nədir?» sualına çox fərqli və orijinal cavablar alınıb. Bu barədə siz nə düşünürsüz?

- Suala cavab adamın gözlərini qaraldır… Əslində dühaların cavablarından sonra heç nə… (gülümsünür) Niyə? Çünki onlar həmin suala formaca müxtəlif olsa da, siz deyən məzmunda eyni cavabları veriblər. Düşünürəm ki, yazarın məqsədi böyük ədəbiyyatın məqsədi olmalıdı. Başqa məqsəd güdürsə… Yazıçı nəhayətsiz mənəviyyat hüdudlarından boylanaraq ucsuz-bucaqsız insan qəlbinin dərinliyinə nüfuz eləmək, qaranlıqlarına işıq saçmaq, əxlaqi keyfiyyətlərinə, vətənə, xalqa, millətə fəda olmaq, yaranmışlara qayğı, bəşəriyyətə hörmət və ehtiram bəsləmək hissləri aşılamalıdı. Kimsə bu fikri bir qədər də genişləndirə bilər. Etiraz eləmirəm, genişləndirsin. Ancaq nə qədər genişləndirsə də, güman eləyirəm ki, mahiyyət dəyişməyəcək. Məncə böyük ədəbiyyatın da, əsl yazıçının da məqsədi budur. Onu da deyim ki, möhtəşəm ədəbiyyatın böyük vəzifələrini ləyaqətlə, vicdanla həyata keçirmək üçün yazara Azadlıq, azad söz demək imkanı gərəkdi. Azad yazıçı fövqəl yazıçıdı. Fövqəl yazıçının isə qarşısına sədd çəkmək düşüncəsi əbəsdi. O zindanda da sözünü deyəcək. Ədəbiyyatı sənətinin fövqünə qaldıracaq… Bu zirvəyə qalxanlarsa, ölməzlərdi.
Siz ölməzlər dediniz? Ölməzlik probleminə münasibətiniz?
- Ölməzlik problemi varsa, təbii ki, onun digər qütbü də — ölüm də var. İndiyəcən bu problem haqqında çox deyilib, çox yazılıb. Əslində bunlar tək ədəbiyyatın yox, həm də fəlsəfənin problemləridi. İlahiyyat elmində göstərilir ki, insan cismən ölür, onun qəlbi, ruhu isə ölümsüzdü. Ancaq o həqiqətdi ki, adi insan dünyasını dəyişəndən sonra müəyyən dövrdə doğmalarının qəlbində yaşayır. Lakin zaman keçdikcə anbaan, günbəgün onun obrazı, qəlbi, ruhu unudulmağa doğru gedir. Getdikcə yaddaşlarda (yaxşıdı pisdi, fərq eləməz), düşüncələrin işığı öləziyir, əməllərinin üzərinə tozdan pərdə çəkilir, səsi, sözü özüylə birlikdə arzularını, amallarını da batırır. Mübarizəsinin üfüqləri görünməz, eşidilməz, duyulmaz olur. Başqa sözlə, həyatda onun izi tamam itir. Bundan fərqli olaraq, ölməz insan möhtəşəm əməllərinin, əzəmətli mübarizələrinin dərinliyinin dönməzliyini sezdirir. Bu o deməkdi ki, ölməz aramızdan cismən getsə də, onun səsinin batması, izinin silinməsi mümkün deyil. Onun yenilməzliyə qadir qəlbi, pak və ülvi ruhu daim qalır. O bütün dövrlər üçün həmişə yaşar olur.
Məncə yazıçının yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlamalıdı. Bu fikir özünü nə dərəcədə doğruldur?
- Yaradıcılığın şəxsiyyəti izləməsi və tamamlaması, yaxud əksinə, - o fikrə tam şərikəm. Yazıçının şəxsiyyət məsələsi etiraf eləyim ki, əsasən, müasirləri üçün çox önəmlidi. Şəxsiyyəti görünən yazarlar dünyalarını dəyişəndən, başqa sözlə, müasirlərindən zaman etibarı ilə xeyli uzaqlaşandan sonra onların yeganə görünən tərəfi yaradıcılıqlarıdı. Məsələn, Nizami, Şekspr, Şiller, Drayzer, Balzak, Homer, Dostayevski, Tolstoy, Nitşi və başqaları kimi. Onların yaratdıqları ölməz əsərlərin hər biri bu gün də əlimizdədi. Oxuyuruq, faydalanırıq, zənginləşirik. Zövqümüzü formalaşdırırıq… Şəxsiyyətləri barədə indiki nəsl heç düşünmür də.
«Zeynəb qarı» əsərinizi oxucular rəğbətlə qarşıladılar. Bu əsər hansı mənəvi ehtiyacdan doğdu?
- Zeynəb sıradan bir dünyagörmüş, milli ruhla, milli adət-ənənələrlə yaşayan qarıdı. O, xalqın tarixindən, əxlaqi-mənəvi dəyərlərindən xəbərdar dul qadındı. Onun əri və oğlu İkinci Dünya Savaşından qayıtmayıblar. Ancaq bu qadın ömrünün son anlarınacan ərinə, oğluna sadiqliyini qoruyaraq saxlaya bilib. O, sözün həqiqi mənasında hikmət xəzinəsidir. Zeynəb qarı daşıyıcısı olduğu böyük mədəniyyətin və zəngin mənəviyyatın deqradasiyaya uğramasına dözə bilmir. O, təkbaşına çox ağır bir zaman kəsiyində mübarizəyə atılır. Onun yeganə silahı isə yalnız sözdü. Əqidəsincə, istər kişi, ya qadın olsun, yolunu azana sözlə təsir eləmək mümkündür. Ona görə də qarı bütün şəxsi təcrübəsini, biliyini, bacarığını insanın tərbiyələndirilməsi kimi müqəddəs bir işə sərf edir. Əslində ömrünün qürub çağlarını yaşayan bu qadının əlindən başqa iş də gəlmir. Ona görə də Zeynəb qarı fiziki gücünü əqlinin qüdrətiylə birləşdirir, qarşısına qoyduğu məqsədə doğru irəliləyir. Tarixdə belə nümunələr də az deyil. Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım və başqaları. Onların silahı yalnız yaşadıqları cəmiyyətə qarşı acı gülüşdüsə, bu qadının silahı gülüşlə yanaşı atalar sözləri, zərb-məsələlər, xalq deyimləri, duyumları, ibrətamiz düşüncələri, qınaqları, qılıncdan iti məzəmmətləridi… Bu bacarığına görə hamı Zeynəb qarını sevir, ona hörmət eləyir… Heç kəs onun sözündən incimir. Əksinə, qarının adı çəkiləndə vəzifəli-vəzifəsiz, uşaq-böyük fərq eləməz, hamı onun sözündən çəkinir, özünü yığışdırır… Çünki Zeynəb qarının əxlaqi-mənəvi keyfiyyətləri yüksəkdi. O, el-obasına da həmin məziyyətləri aşılamağa çalışır… Qarı deyərdi: «Yalamaqla qarın doymaz». Gərək onu axıracan…
Bədii yaradıcılıqda fərdi üslub məsələsinə necə baxırsınız?
- Hər bir yazarın üslubu onun ruhuyla bağlıdır. Başqa sözlə, yazarın özünəməxsus ruhu olduğu kimi, özünəməxsus üslubu da var. «Hər bir fərd özü üslubdur» (Rendar). Hansı müdriksə, yaxşı deyib. «…İstedadlı yazıçının üslubu bütün üslubları yarıb keçir». Üslub yazıçının özünəməxsusluğunu diktə eləyir. Öz üslubu, öz ruhu olmayan yazıçının əsərini orjinal saymaq çətindir. Yaxud da, yazıçı kiminsə əsərini təqlid eləməklə məşğuldu. Kompyuter sistemi və informasiya texnologiyası hazırda elə bir inkişaf həddindədi ki, hər hansı əsəri, ortaya qoyulan məhsulu mütəxəssisin araşdırması ixtiyarına ötürsən, dərhal onun necəliyi üzə çıxacaq.
Yaşınızın müdriklik çağındasız. Hər biri beş-altı yüz səhifə civarında olan iyirmi cilddə bədii əsərləriniz oxucuların ixtiyarındadı. Deyə bilərsizmi ən kamil əsəriniz hansıdı?
- Müdriklik yaşla bağlı deyil. Qaldı kamilliyə. Kamillik ideallıqdı. Sənətkarın elə bir iddiaya düşməsi məncə onun ən böyük məğlubiyyətidi. Təvazökarlıqdan uzaqlığıdı. Təkəbbürlülüyüdü. Ən ağır, sağalmaz xəstəliyidi. Bunu heç kəsə arzu eləməzdim. Əsərlərin dəyərlərinə gəldikdə, deyim ki, o da nisbidi. O nisbiliyin dəyər dərəcəsini oxucu müəyyənləşdirə bilər. Dünyanın elə nəhəng yazıçıları var ki, onlar hazırladıqları məhsullarının (əsərlərinin) əzəmətini, möhtəşəmliyini bu əsərləri yazarkən özləri də dərk eləməyiblər. O dərinliyi əvvəl tənqidçilər, oxucular seziblər. Ən düzgün qiymət də onlarınkıdı. İnsan arzularla yaşayır. Arzular sönməyə doğru gedirsə, yaradıcılıq da səngiyir, öləziyir. Kamillik zirvəsini fəth eləmək iddiasında bulunan şəxsin, deməli, sonudu. Adam gücdən düşəndə iddiaları çoxalır. Təkrar eləyirəm, onu heç kəsə arzulamazdım. Qaldı mənim əsərlərimdən hansının kamil olmasına. Onu buraxaq ağlı iti, qəlbi həssas oxucuların ixtiyarına. Əsər yazılana qədər mənimiydi. İndi o mötərəm oxucularımındı. Ən etibarlı dəyəri də onlar verər.
Deyirlər, bəzi sənətkarlar müəyyən sxemlərlə, nələrlə… nələrlə işləyirlər. Siz necə?
- Maraqlıdı. Kimlərin sxemlərlə, diaqramlarla… hansısa vasitələrlə işlədikləri barədə heç nə deyə bilmərəm (gülümsünür). Məncə istedadın, müşahidənin və təcrübənin vəhdəti yoxdursa, yazıçılıq mümkün deyil. O «çuxa», var-dövlət deyil ki, əta yoluyla atadan-babadan övlada keçə. Məncə istedad, müşahidə və təcrübənin qarşısına bərabərlik işarəsi qoymaq olar. Əslində bu bölgü mənim kəşfim deyil. Mən sadəcə olaraq deyilənlərə istinad eləyirəm, şərik çıxıram. Mən «Yaddaşda yaşar xatirələr» romanından sonra «Canavar balası» hekayəsini bir gündə, özü də iş yerində yazdım. Sonralar həmin hekayə əsasında ssenari formalaşdırdım. «Qoşa qanad» romanının mövzusunu mən vaxtıyla Bakıdan Peterburqa uçarkən təyyarədə iki erməniylə mübahisədən əldə eləmişəm. "Girdab" romanını tələbəlikdə qarşılaşdığım kiçik və adi hadisədən götürmüşəm. «Səfalət» romanı sırf təsadüfdən yarandı. Bir gün biz görkəmli aktyor Yaşar Nuri, istedadlı rejissor Mərahim Fərzəlibəyovla birlikdə Bakı Qızlar Universitetindən çıxırdıq. Qapıdan bir qədər aralıda iki gözü dünya işığına həsrət qalan altmış yaşı olar-olamaz bir qadın dayanıb dilənirdi. Avqust ayında 40-42 dərəcə istidə qadın ayağına yun, uzunboğaz qış çəkməsi geymişdi. Bu vaxt otuz-otuz iki yaşlı bir kişi ona yaxınlaşdı. Qadın bütün günü diləndiyini səssiz-səmirsiz ona verdi. Kişi — Elə bu? - deyə çımxırdı. Qadın gileyləndi:
- Mən neyləyim, diləndiyim budu da.
- Ölüsən, ölü!.. Ölü kimi yer tutmusan! Səsini çıxarmırsan. Qiyamət qopar, gəlib-gedənə yalvarsana?! Gözlərinin liğabını axıtsana?..
Bu sözləri eşitcək üçümüz də qapı ağzındaca donub qaldıq. Kişi aldığı pullardan iki manat zavallı qadına qaytardı. Sonra üzünü çevirib harasa tələsirmiş kimi getdi. Biz qadına yaxınlaşdıq. Ondan pul alıb gedən oğlanın kimliyini soruşduq. Qadın ağlamsına-ağlamsına, hıçqıra-hıçqıra — Oğlumdu, — cavabını verdi. Hər üçümüz şahidi olduqlarımızdan dərin məyusluq hissi keçirtdik. Handan-hana Yaşar Nuri — Əla hekayə mövzusudu, — deyib üzümə baxdı. O hadisədən bir müddət sonra şahidi olduqlarımızdan hekayə yazmaq istədim. Ancaq o ağlagəlməz hadisə bir hekayəyə sığmadı, böyük bir romana çevrildi. Burda hansı sxemdən, düsturdan istifadə etmək olar? Düsturla, sxemlə, diaqramlarla… yazılan əsər kabinetdən çıxsa belə, ürəklərə yol tapammaz, müəllifinə şöhrət gətirə bilməz. Təkrar eləyirəm, əsər istedaddan, müşahidədən və təcrübədən yaranmalıdı. Əzab-iztirabdan, zəhmətdən doğulan əsər heç bir qəlibə sığmaz. Dəyərli bədii əsərin doğulması yazıçı imkanından yüksəkdə durmaqla şərtlənir. O əsər arzuların zirvəsində, özü də böyük ağrı-acılarla doğulmalıdı. Əsl yazıçı başqalarıyla rəqabət aparmamalıdı. Özü-özünü ötüb keçməyə can atmalıdı. O, yazmağın aludəçisidi. O heç nə — hətta, sağlamlığı haqqında belə düşünmür. Təhlükəsizliyini ağlına gətirmir. O, ancaq həqiqəti görür, həqiqəti duyur və həqiqəti yazır. Tarixə yaxşı nəzər salsanız, həqiqəti qələmə alan söz adamlarından çoxunun zindanlarda çürüdüyünün də, ev dustağı olmağının da şahidləri olarsız. Həqiqi yazarla hiyləgərlik, məddahlıq, yalançılıq, var-dövlət hərisliyi… bir araya sığmır. Onların öz amalları olur: eybəcərliklərə nifrət! Həqiqət və ədalət!
Sözünüzdən belə çıxmırmı ki, iki cür yazar olur?
- Bəli! Düz tutmusuz… İki cür olur. Bunu da hamı görür, başa düşür. Birincilər xalqının dərdi-səriylə, bəşəri duyğularıyla yanıb-yaxılanlardır. Belələrinin adı şərti olaraq fədailərdi. Onların əksinə çıxış eləyənlərsə, məddahlar, …öz mənafelərini güdənlərdi. Bunların yeganə istəyi isə var-dövlət, vəzifə, bəxşiş, quru şan-şöhrətdi. Təmənnalı münasibətdi. Hər iki tipdən olan yazarların boy-buxunları da, yerişləri də, oturuş-duruşları da oxşar ola bilər. Onları görkəmcə ayırmaq, tanımaq çətindi. Fərqləri təkcə məqsədlərindədi. Hər iki qrupdan olan yazarların xislətləri, düşüncə tərzləri hamıya məlumdur. Burda başlıca məsələ yazarın özünə qarşı məsuliyyətidi. Oxucunun ona verəcəyi dəyərdi. Böyük və təmənnasız istəklə, hədsiz həvəs və yanğıyla görülən işlərin dəyəri həmişə göz qabağında olur.
Yazarın məsuliyyəti «öz sənəti üçündü» deyənlər məncə heç də səhv eləmirlər. Əsl yazarın yeganə ehtiyacı və istəyi şübhəsiz ki Azadlığıdı. Onu da bilirik, tam Azad insan yoxdu/
- Elə başa düşürəm ki, siz «azadlıq», «azad» deyəndə söz azadlığını, fikir plüralizmini nəzərdə tutursuz?
Bəli! Bəli!
- Dünya yaranandan insanlar üç şey axtarıblar: azadlıq, həqiqət və ədalət. Hamı eyni ölçüdə deyil ki, eyni qəlibə sığa. Yaxud, eyni qəlibə pərçimlənə. İnsanlar özlərinin də, sözlərinin də azadlıqlarını və məhdudluqlarını özləri qazanırlar. Birinci səbəbi nəfislərini cilovlayıb-cilovlayanmamalarıdı. İkincisi də cəsarət və qorxaqlıqlarıdı. Azadlıq cəsarət tələb eləyir. Ancaq o da nisbidi. Azadlıq, həqiqət və ədalət normal yaşamı şərtləndirir. Bunlardan asılı olaraq, hər kəs öz taleyini yaşayır. Kimisində cəsarət, kimisində qorxaqlıq, kimisində şan-şöhrət hərisiydi, kimisində də gözütoxluq. Həqiqət, ədalət uğrunda mübarizə azadlıqdı. Belə olanda insan azadlığını təmin eləyir. Gözüqıpıq olmur… Həqiqi yazarlar Allahın yaratdıqlarının əzizidirlər. Allahla «mən» arasındakı azadlıq müstəvisi onlar üçün daim açıqdı. Belələri daim müqəddəs müstəviyə can atırlar. Allah onları eşidir, onlarla ünsiyyətə qapı açır. Onda da yazıçı ruhu rahatlıq tapır, azadlığını əldə eləyir. Azad söz demək, fikir plüralizmi imkanı qazanır… Həqiqətdən ədalətdən yazır.
Siz səmavi kitabələri çox oxuyursuz. Bu, nəylə bağlıdı? Allaha inamınızlamı?
- Peterburqda olarkən «Zəburu» əldə eləsəm də, etiraf eləyim ki, qədim yazıyla çap olunduğundan təkcə şəklinə baxdım. Vərəqlədim. Heç nə başa düşmədim. Ancaq «Tövrat»ı, «İncil»i, «Qurani-Kərim»i, bunlarla yanaşı küllü miqdarda dini məxəzləri dönə-dönə oxumuşam, araşdırmışam… Zəki, əqidə sahiblərinin ideyalarını, mülahizələrini tutuşdurmuşam. Dünyanın yaranma tarixinə nəzər salmışam. Həqiqi gerçəkliyin əqli məhsulunu saf-çürük eləmişəm. Əxlaq və mənəviyyatla bağlı fikirləri öyrənmişəm. Bu cəhdlərim məndə belə bir qənaət oyatdı ki, müxtəlif dövrlərdə yazılsalar da insanlıq barədəki fikirlər, demək olar ki, eyni mənbədən süzülən şüalardı. Sonra cəsarətimə sığınaraq «Allahla ünsiyyət», «Ölüm və ölməzlik», «Zəka simfoniyası», «Qüdrətdən doğan nur» əsərlərini yazmışam. Bir sıra bədii əsərlərimdə də (onlara əsər demək mümkünsə) yeri gəldikcə müəyyən nüanslara toxunmuşam… Allaha olan etiqadımı, əxlaqi-mənəvi dəyərlər sistemi haqqındakı düşüncə və mülahizələrimi vermişəm. Bir sözlə, Allahla «mən» arasındakı münasibətləri şərh etmişəm. Mənim aləmimdə Allahsız nə əxlaq, nə mənəviyyat, nə də insanlıq var… Bəli, mənim Allaha inamım, etiqadım çox güclüdü. Bu ruhu məndən kimsə ala bilməz…
Sizin bədii əsərlərinizdə Allaha münasibətdə dualizm özünü göstərir. Açıq danışaq, bəzən sevimli Allahınızı inkar həddinə də gəlib çıxırsız. Bu dualizm nəylə bağlıdı?..
- Hə… İlk baxışda elə anlaşıla bilər. Mən bədii əsərdə yoxam. Ola bilər, bir yazar kimi münasibətim duyulsun. Bədii əsərdə personajlar var. Onların da hərəsinin özlərinə məxsus xarakteri, istəyi, düşüncə tərzi, həyata baxışları… var. Biri mömindi, Allah adamıdı, düz yolun yolçusudu. Digəri oğrudu, dələduzdu, qan içəndi, qatildi. Bir sözlə, cinayətkardı. Cinayətkarın nə Allahı? Belələri yeri gələndə doğma balalarını da, valideynlərini də ayaqlaya bilər. Hətta, Allahına da asi düşər… Məgər həyatda belələri azdı? Elələri də var ki, Allaha inamda tərəddüdlüdü. İki daşın arasındadı. Siz deyən dualizm işıqla qaranlığın qovşağında çabalayan, yolunu tapa bilməyən, mötədil obrazların hərəkətlərində, dilində və münasibətindədi. Onlar düşdükləri situasiyada gah Allaha yalvarır, ondan imdad diləyir, gah da Allahına qarşı çıxır. Ondan qaçır. Allahla şeytanın arasında dayanır. Yəqin ki, həyatda belə adamlarla siz də çox qarşılaşmısız. Bu mənim dualizmim deyil, bu müşahidə obyektinə düşən personajların yaramaz münasibətləridi. Axı müşahidə obyektində hər gün ən azından üç cür adam əks olunur: allahısevərlər; allahsızlar; mötədillər (tərəddüdlülər).
Ən çox kimləri oxuyursuz?
- Bu suala birmənalı cavab vermək çətindi. Mən orta və ali məktəbdə təhsil alarkən Azərbaycan yazıçı və şairlərinin əsərlərini çox oxumuşam. Xüsusilə Nizamini, Füzulini, Vaqifi, Seyid Əzimi, Sabiri, Cavidi, Cabbarlını, Müşfiqi, Vurğunu, Şəhriyarı… Aşıq yaradıcılığından: Qurbanini, Aşıq Alını, Abbas Tufarqanlını, Dədə Ələsgəri… Elmi fəaliyyətlə məşğul olduğum dövrdə Şekspri, Hüqonu, Balzakı, Dostoyevskini, Tolstoyu, Siseronu, Folkneri, Heminqueyi və başqalarını… İndi də ürəyimə yatan əsərləri…
Sizin yaradıcılığınızda dramatizmlə yanaşı komizm də güclüdü. O da var ki, siz gülüş yaratmaq xatirinə komik ifadələrə əl atmırsız. Sizin gülüşlər təsvir etdiyiniz hadisələrdən, situasiyalardan doğur. Demək olar ki, bu hal bütün əsərlərinizdə müşahidə olunur. Ona görə də əsərlərinizin adlarını sadalamaq istəmirəm. Bu məqamalar hansı ovqatdan doğur?
- Dramatik və komik hisslər hər bir insanda var. Ağlamaqla gülmək qoşadı. Adi halda o hissləri, duyğuları müntəzəm olaraq heç kəs özündə yarada bilməz. Onun üçün situasiya gərəkdi. Mənə elə gəlir ki, gülüşün yaradıcısı, mənbəyi dramaturgiyadır. Adam əsəbi hal keçirəndə, ağzından od püskürəndə çox şey deyir. Qəm, qüssə, kədərlə yanaşı ikibaşlı ibarələr də işlədir. Yaxud adamın kefi xoş olanda, ürəyi sarı simə köklənəndə gülüb güldürməyə ehtiyacı olur. Belə halda doğan gülüş qondarma olmur. Gülüş üçün əlverişli situasiya yaranmalıdı. Adamı ağlatmaq asandı, güldürmək çətin. Əslində bu söz mənim deyil. Böyük sənət sahiblərinindi. «Bazar həngaməsi»ndə Hikkəbaz Gülsənəm əvvəlcədən qarşısına necə məqsəd qoya bilər ki, heç bir səbəb, situasiya almadan gedib ərim Astabas Güləhmədi güldürəcəm… Məncə bu meymunluq olar. «Əsgər anası» pyesində Mələk böyük oğlunun itkin düşməsi, kiçik oğlunun həlak olmasıyla bağlı ağır sarsıntı keçirir, onun ortancıl oğlu narkoman Şəkərlə pozğun qadın Yetər eşq məcarası yaşayırlar. Şəkər Yetərdən öpüş istədikdə qadın «o səni xarab eləyər» deyir və qaçanda Şəkər dərhal qışqırır: «Kəndin yarısına olar, mənə yox!..» Bu cümlə sarsıntını tamamilə gülüşlə əvəzləyir. Tamaşaçı özünü saxlaya bilmir. Gülür. Yerində, məqamında deyilən söz «qızıldan» qiymətli olur. «Əl-əli yuyar…», «Fırıldaqçı Niftulla» və s. kimi komik əsərlərim çoxdu.
Sizin əsərlərinizdə oxşar obrazlar da özünü göstərir. «Səfalət»də Asiman, «Girdab»da Cəmalə oxşar görünmür ki?
- Oxşarlığı nədə görürsüz, deyəmmərəm. Sizin düşüncənizə də hörmətlə yanaşıram. Əvvəla, Asimanla Cəmalə hər ikisi qadın, ziyalı və professordu. Tələbələrinə qayğıyla yanaşırlar. Dünyagörüşləri də təqribən yaxındı. Xalqını, millətini sevəndilər. Bütün bunlar onların formal tərəfləridi və oxşarlıqlarına heç cür əsas vermir. Ancaq hər iki alim qadının fərqləri onların gördükləri işlərin xarakterindədi. Məzmunundadı. Haqqa, həqiqətə ədalətə, əxlaqi-mənəvi dəyərlərə yanaşma tərzindədi. İdeyalarına çatmaq üçün istifadə elədikləri metod və texnologiyaların necə tətbiqindədi. Asiman romanın əvvəlindən axırınadək hadisələrin mərkəzindədi. Bir sözlə, roman onunla başlanır, onunla sona yetir. Cəmaləsə epizodik obrazdı. Altı-yeddi səhifədə sözünü deyir, sonra hadisələrin burulğanından kənarda qalır. Kiçik epizodik fiqurla roman boyu aparıcı fəaliyyət göstərən obrazda necə oxşarlıq tapmaq olar? Əlbəttə ki, ancaq formada. Siz onların gördükləri işlərin mənzərəsini gözləriniz önünə gətirin. Onda görərsiz oxşardılar, ya yox. Mənim əsərlərimdə professor qadın obrazları çoxdu. Hər biri də əxlaq-mənəviyyat qoruyucusudu… Elə götürək «Mürdəşirlər adası» romanında professorlar Dilrubəylə Qətibə obrazlarını. Bu xanımların hər ikisi Avropada təhsil alıblar. Dövranın gərdişindən, dünya çapında baş verən iqtisadi, mədəni, sosial və siyasi mənzərədən xəbərdardılar. Ancaq hər ikisi əsərin ümumi ideyasına xidmət eləyən hadisələr, detallar, faktlar əsasında heç kimdən qorxmadan, çəkinmədən fəaliyyət göstərir, mülahizələrini verirlər. Hər kəsin əsərdə öz mövqeyi, öz baxış bucağı var. «Məhəbbət və cinayət» əsərində Şəlalə xanım kimi.
Siz «Qoşa qanad», «Gəlinqayada qoşa məzar» və digər əsərlərinizdə qadın obrazlara xüsusi rəğbət bəsləyirsiz. Bu nəylə bağlıdı?
- Mən Bakı Qızlar Universitetinin rektoruyam. Buranın tələbə kontingenti qızlardı. Bunun təsiri də şübhəsizdi. İkincisi, mən digər əsərlərimdə yolunuazanlara da açıq münasibət bəsləyirəm. Ərinə, ailəsinə sədaqəti, ləyaqəti, abırı, isməti özündə olan, cəmiyyət üçün əqidəsi sağlam uşaq boya-başa çatdıran, ədəb-ərkanlı bütün qadınlara rəğbət bəsləyirəm.
Universitetdən söz düşmüşkən… Sizin təsisçisi və rektoru olduğunuz Bakı Qızlar Universiteti hazırda cəmiyyətdə çox böyük imic qazanıb. Buna necə nail oldunuz?
- Bu suala uzun-uzadı cavab da vermək olar. Bir neçə kəlməylə də. Şəffaflığına inamla. Ciddi nizam-intizamla. Tələbə-müəllim münasibətlərindəki şəffaflıqla. Qarşılıqlı hörmətlə… Bunları xeyli uzatmaq da olar. Bir qədər ümumi səslənsə də, qadının intellektual səviyyəsinin qaldırılması qurulan ailənin, gələcək nəslin, ən başlıcası, cəmiyyətin formalaşdırılmasının təməlidi. Keyfiyyətli qadın təhsili gələcək nəslin xoşbəxtliyidi. Millətin, xalqın mənəvi gücüdü. Bu təhsil müəssisəsinin özünəməxsus spesifik cəhətləri vardır. Ona qayğı göstərmək xalqın da, dövlətin də, hər bir fərdin də mənəvi borcu kimi dəyərləndirilməlidir.
Dedektiv əsərlərə münasibətiniz?
- Dedektiv əsər müəllifləri inciməsinlər. Əvvəla, mən elə əsərləri oxuya bilmirəm. İkincisi də, dedektiv əsərləri əsasən polislər və digər hüquq-mühafizə orqanı işçiləri yazırlar. Onun da öz məntiqi, öz xüsusiyyətləri və öz texnologiyası var…
Axı dedektiv süjetlər sizin də bir çox əsərlərinizdə var.
- Bəli var. Doğrudur… Unutmayaq ki, dedektiv süjetlər də həyatdan götürülür, göydən düşmə olmur. Biz də bu həyatı yaşayırıq. Görürük. Şahidi oluruq. Gündəlik məişətdə də bir çox belə hadisələr baş verir. Yazarın müşahidəsi dərin, hissiyyatı güclü olduğundan onları da qələmə alır. Məsələn, elə götürək mənim laboratoriyamı (gülür). Mən laboratoriya deyirəm, siz onu mətbəx də adlandıra bilərsiz… «Qoşa qanad», «Girdab», Təxribat» və başqa əsərlərimi. Həmin əsərlərin adını heç vaxt dedektiv qoyammaram. «Qoşa qanad»da Azər İlhamoğluyla erməni quldurlarının döyüşü, «Girdab»da Sarıcayla Ağca vuruşu, «Təxribat»da Qaçay Qılınclıyla ona zidd, əks olan bir qrup personaj arasındakı toqquşmalar… Belə hallar bir çox janrda yazılan əsərlərində var və olacaq da.
Onları konkret dedektiv janra aid eləmək məncə düz sayılmaz. Dedektiv fraqmentlər, kiçik epizodlar hadisələrin gedişində ortaya çıxır. Onlar bir növ sakit təsvir olunan hadisələrə rəng qatır, hisslərin, duyğuların toqquşmasına, psixologizmə xidmət eləyir.
Sizin iki ssenariniz əsasında «Canavar balası» və «Qırmızı qar» filmləri çəkilib. «Məhəbbət və cinayət», «Pul hərisləri», «Əsgər anası» pyesləriniz səhnə həllini tapıb. Tamaşaçılar da rəğbətlə qarşılayıblar. Barələrində mətbuatda və televiziyada xeyli yüksək fikirlər söylənilib. Siz kinoyla teatr arasında nə kimi fərq görürsünüz?
-Mən kino, teatr mütəxəssisi deyiləm. Aktyor da həmçinin. Bu suala sahənin mütəxəssisləri dəqiq və elmi əsaslandırmalarla cavab verə bilərlər. Ancaq mən bir ssenarist kimi öz müşahidələrimi sizə çatdıra bilərəm. Ona da inanıram ki, dediklərim səthi, bəzən də qeyri-dəqiq olacaq. Uzağa getməsəm yaxşıdı. Kino da, səhnə də kollektiv işdi. Ancaq onların da öz spesifikası, orijinal tərəfləri var. Xüsusilə personajların dilində. Kinoda dialoqlar adi danışıq tərzində, mümkün qədər yığcam, lakonik ifadə edilirsə, səhnədə bəzən pafoslu sözlərə, obrazlı ifadələrə, gurultulu nitq konstruksiyalarına ehtiyac duyulur. Niyə? Çünki kino bir növ - tam olmasa da həyat, səhnə isə oyundu. Kino və səhnədə oxşarlıq, bəzən də eynilik odur ki, tamaşaçı hissiylə, duyğusuyla aktyoru dinləyir, ağzından çıxardığı hər kəlməni başa düşməyə çalışır. Kinoda hərəkətlər imkanı səhnədən genişdir.
Əsər kinoya çəkilərkən, yaxud səhnəyə qoyularkən yazara rejissorun, aktyorun təsiri ola bilərmi?
- Onlar tamam fərqli iş prosesləridi. Əgər hər hansı işdə əməkdaşlıq varsa, deməli, orda bir-birlərinə güzəşt də labüddü. Bəzən təkliflə razılaşılır, bəzən ondan imtina olunur. Aydındır ki, güzəştdə iki hal baş verir: əsər ya qazanır, ya da itirir.
Sizin yaradıcılığınızda pedaqoji yönüm, psixologizm, fəlsəfi düşüncə güclüdü. Bunları nəylə izah eləyə bilərsiz?
- Bədii əsərlərimdəki pedaqoji yanaşma heç şübhəsiz ki, mənim pedaqoq olmağımla bağlıdır. Mən peşəmlə fəxr eləyirəm. Unutmayaq ki, yuxarıda dediyim kimi bədii əsərin başlıca qayəsi insan qəlbinin qaranlıqlarına işıq salmaqdan, onun əxlaqi-mənəvi dəyərlərini zənginləşdirməkdən ibarətdir. Əxlaqi keyfiyyətlər formalaşdırmayan, tərbiyə eləməyən, insanda mənəvi cövhərlər aşılamayan… bədii əsər heç kəsə gərək deyil. Kim iddia eləsə ki, pedaqoji yönüm bədii əsərin keyfiyyətini azaldır, pedaqoji yönümə yer vermək bədii əsərin qayəsinə aid deyil, ən azından mənim o adama gülməyim tutar. Əslində tərbiyə təlqin eləməyən bədii əsəri zəhmət çəkib yaratmağa da ehtiyac yoxdu. Əlbəttə, bu mənim subyektiv fikrimdi. Tarixdə «ziyanlı», «pozucu» əsərlərin yandırılmasını, qadağan olunmasını çox görmüşük, çox eşitmişik. Bu baxımdan əsərlərimdə pedaqoji yönüm güclüdürsə, açığını deyim o məni sevindirir. Bir növ bu mənim qələbəmdi. Qaldı əsərlərimdəki psixologizmə. Bədii əsərlər konfliktlər, çarpışmalar, tutuşdurmalar, bənzətmələr… əsasında cərəyan etmirsə, yaranmış situasiyada insanların xarakter cizgiləri gərginliklə açılmırsa, istər ağır olsun, istər yüngül keçirilən hisslər, duyğular üzə çıxarılmırsa, oxucunun gözləri yaşarmırsa, ürəyinin yağı ərimirsə, başqa sözlə, cızdığı çıxmırsa, qəm, qüssə, kədər, nifrət, şadyanalıq, sevinc, sevgi… ən kəsərli, dəqiq söz və ifadələrlə, cümlələrlə, intonasiyalarla… nələrlə, nələrlə… ifadə olunmursa, o əsərin ideyası nə qədər yetkin olsa da, həyəcanı, hissi bilinməz. Ağacın, qayanın, neft daşlarının, bağ-bağçanın, əmək cəbhəsinin… təsviri öz ahəngdarlığıyla, ritimləriylə nə qədər zövq oxşasa da, psixoloji duyğuları o qədər də oyada bilməz.
Mənə görə əsərdə psixologizm, psixoloji yanaşma nə qədər güclüdürsə, yerbəyersə o qədər də keyfiyyət göstəricisi yüksəkdir, məziyyəti düşündürücüdür.
Qaldı fəlsəfi düşüncələrə. Dahi yazıçı F.Dostayevski deyir: «Fəlsəfə həyatın sözlə olduğu kimi ifadəsidir». Bədii əsər də eynən həyatın inikasıdır. Bədii əsərdə qaynayan həyatın, ictimai-siyasi hadisələrin məntiqi, gerçəkliyə uyğunluğu, barışmaz ziddiyyətlərin… mahiyyəti açılır, obrazlar detallaşdırılır, faktlar ümumiləşdirilir, konsepsiya müəyyənləşdirilir, konkret nəticələrə gəlinir. Bunsuz bədii əsərin gücü də, ömrü də olmaz.
Yaratdığınız obrazlardan ən çox hansını sevirsiniz?
- Hamısını. Ən çox rəğbət bəslədiyim «Canavar balası»nda Yusif kişini, «Ulu kəndim»də Yaqubu, «Qoşa qanad»da İlham Elvüsalı, «Səfalət»də Asimanı, «Girdab»da Şəfəqi, «Cinayət və etiraf»da İqrarı, «Kabus»da Ayazı, «Əsgər anası»nda Mələyi, «Meteor parçası»nda Mürsəli, «İkili dünyam»da Valeri Yuriyeviçi… Digər əsərlərimin hər birində də belə rəğbət bəslədiyim obrazlar var. Bu o demək deyil ki, mənfi xarakterli obrazlarımdan imtina eləyirəm. Əsla yox… Valideynlər düşüncələrində daim xəstə övladı dolandırar, öz canına onun ağrı-acısını çökdürər… Yəqin ki, nə demək istədiyim aydındı?..
Bəzi bədii əsərlərinizdə soyuq, süst, sehirçi obrazlara da təsadüf olunur.
- Sizin konkret hansı əsərləri nəzərdə tutduğunuzu bilmirəm. Əsərdə iki cür personajlar olur: fəal və qeyri-fəal. Qeyri-fəalları da mən soyuq, donuq, sehirçi sanmıram. O hər şeydən qabaq süjetlərin məzmunu və xarakteriylə bağlıdır. Sonrası da yazar onu hadisənin açılmasında elə görüb və gördüyü kimi də verib. Onlar unudulan, yaxud sehirçi obrazlar deyillər. Məncə oxucuya süst, soyuq görünən, elə obrazlarda psixoloji yanaşma, hisslər, duyğular daha çox cəmləşir. Məncə ilk baxışdan, sizin təbirinizcə desəm, «soyuq, süst, sehirçi» personajlar əsərdə öz yüklərini büruzə verməsələr də, funksiyalarını lazımınca daşıyırlar. Hər halda personajlar arasındakı ölçünü yazıçıdan yaxşı kimsənin görməsi çətindi.
Siz əsərlərinizdə hadisələri bəzən çox tündləşdirmirsiniz ki?
- Adi hadisəni qələmə alarkən tündləşdirmək olar. Bu məsələdə mən sizinlə qismən razı. Əgər «İmtina»da ana öz ekiz qızlarından xəstəxanada imtina edirsə, «Qasırğa»da hərbiçi Rəşidlə həkim Elxan Azərinin nəsli erməni faşistləri tərəfindən soyqırıma məruz qalırsa, «Nişan üzüyü»ndə Saleh oğlunun meyidini hərraca qoyursa, «Qisas» da Şərqiyə «əl-qolunu açmaq» naminə ərini zəhərləyirsə… və mən də onu psixoloji duyumlarla verməyə çalışıramsa, orda nə tündləşdirmədən söhbət gedə bilər? Məncə hər hansı süjet mahiyyətinə uyğun boya tələb eləyir… Təbii ki, hər kəsin əsərə öz baxış bucağı var.
Tənqidçi yazar münasibətlərinə sizin mövqeyiniz necədir?
- Ortada yazıçının əsəri yoxsa, tənqidçi nəyi tənqid edəcək? Yazıçı heç kimə gəyişmədən, kimsədən məsləhət almadan yazı masasına əyləşib öz aləminə çəkilir, əqli məhsulunu ortaya qoyur. Sonra tənqidçi əsəri oxuyur, düşünür, nəyə rəğbət bəslədiyini, nədən xoşu gəlmədiyini bildirir. Nə gizlədək bəzən tənqidçi
yazıçının ağlına gəlməyən yozumlar da eləyir. Təcrübə göstərir ki, bədii əsərdəki çatışmazlıqları yazardan yaxşı, düzgün və dəqiq heç kəs bilmir. Bu onu göstərir ki, tənqidçi yazıçının ardınca gedir. Yazıçıdan bir addım geridə qalır. Təəssüf ki, adını unutmuşam. Müdrik yazarlardan hansısa yaxşı deyib: «Yazıçı məncə tənqidçini, tənqidçi də oxucunu həyəcanlandıra bilər. Nə oxucunun, nə də tənqidçinin yazıçını həyəcanlandırmaq gücü olur». Özgə təşəbbüs burun-qulaqsız doğulan uşağa cərrahiyyə yoluyla burun, qulaq qoymağa bənzər. Tənqidə və nəzəriyyəyə söykənən əsər yazılmasını şəxsən mən ağlıma gətirə bilmirəm. Hazır əsəri müzakirədən sonra təkrarən yazmaq yazıçını gülünc vəziyyətə düşməyə aparıb çıxara bilər. Əvvəlki ruhdan, hissdən, duyğudan, təbii yanaşmalardan onda heç bir əsər-əlamət qalmaz. Bu nəyə bənzər? Düz əmməlli üzməyi bacarmayan şəxsin özgə sözüylə dərinliyinə bələd olmadığı dəryaya atılmasına… Müxtəlif zamanlarda təkrar yaşama... Axar çayın eyni yerində, eyni suyunda iki dəfə çimməyə…
Bütün bu dediklərimdən o nəticəyə gəlmək düzgün olmazdı ki, tənqidçi lazım deyil. Əksinə ədəbiyyata, yazara obyektiv tənqidçi də, sağlam tənqid də gərəkdi, özü də hava, su kimi. Sağlam tənqid yazara növbəti əsərlərində təkrar qüsurlara yol verməməyə yönəldir. Eyni zamanda yeni qələmə alınacaq əsərə zəruri qida verir.
Daha bir sual: «Bu qədər yaradıcılıq mövzusunu hardan tapırsınız?»
- Həyatdan və təxəyyüldən. Ədəbiyyat böyük məbəd, qənirsiz sənətdi. O, neçə min illərdi yol gəlir. Deyə bilərsinizmi bu yolla addımlamaqda sizin məqsədiniz nədi? Özümü tapmaq.
Tapmağa ümidlisinizmi?
- Arzusundayam… Tapacam, tapmayacam o Allahın qismətidi.
Maraqlı söhbətə görə sağ olun.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!