Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-04-2015, 16:04
Qaraçay ədəbiyyatının təşəkkülü

Nizami Tağısoy email:[email protected]
Şimali Qafqaz türkləri. Qaraçay ədəbiyyatının təşəkkülü
Qaraçay ədəbiyyatı özünün təşəkkülü dövründə insan taleyini özündə bədii şəkildə inandırıcı əks etdirən gərgin qəhrəman axtarışında idi. Əlbəttə, bu axtarışlar heç də hər bir konkret halda müvəffəqiyyətli olmamış, həm də uğursuzluqlarla müşayiət olunmuşdur. Xarakter-tipin yaradılması, bədii ustalıq, realist yazı mədəniyyətinin formalaşdırılması və s. kimi zəruri elementlər böyük güc və qüvvə tələb etməklə yanaşı, heç də bütün hallarda uğurla nəticələnmirdi. Belə bir şəraitdə nəinki istedad, həm də yüksək savadlılıq, mədəniyyət və digər mühüm amillər zəruri idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, ədəbi qəhrəman öz təsdiqini tapmalıydı. Belə ədəbi qəhrəman axtarışında gənc qüvvələr yaxın, yaxud uzaq tarixə müraciət etməni daha səmərəli hesab edirdilər. Tarixə müraciətin özü həm də xalqın tarixi varlığı haqqında söhbətə ehtiyacı şərtləndirir, onun tarixin müxtəlif mərhələlərində vəziyyəti, xalq kütlələrinin müxtəlif dövrlərdə məişət detalları, həyatında mütərəqqi məqamları nəzərdən keçirməyi gündəmə gətirirdi.
Problemin bədii həlli müxtəlif yönlərdə gedirdi. Qaraçay ədəbiyyatı kimi gənc ədəbiyyatların (malkar, noğay, qumux, çərkəz və s.) təşəkkülünün ilk dövründə qədim tarixi dövrə müraciət epik-milli ənənələrlə bağlı olmuşdur. XX əsrin 30-cu illərində xalq yaradıcılığına artan maraq onun müxtəlif çoxsaylı formalarından gənc ədəbiyyatçılar tərəfindən istifadəni aktuallaşdırırdı. Bununla belə əksər hallarda epik irsdən əsasən elə nümunələr seçilirdi ki, onlarda qəhrəmanlıq və sosial motivlər daha relyefli şəkildə öz əksini tapırdı. Bəzən elə olurdu ki, folklor nümunələri azacıq dəyişikliklərə uğradılaraq, onlarda sosial motivlər qabardılmaqla ortaya çıxırdı. Bu tipli əsərlər, onların müəlliflərinin fikrincə bədii əsərərin özünün yoxluğunu kompensasiya etməklə dövrün qəhrəmanlıq xarakterini əks etdirməyə xidmət etməli, sosial dəyişiklikləri diqqət mərkəzinə qoymalı idi. Gənc müəlliflər belə məqamlarda qəhrəmanlıq poemaları və dastanlarına (məsələn, “Nartlara”) rəvayət (xabar) lətifələrə, tarixi-qəhrəmanlıq nəğmələrinə müraciət etməni üstün tuturdular. Sonuncu iki janrda (rəvayət-lətifə kimi, sosial motivlər daha güclü şəkildə əks olunurdu. Dastan və epik nümunələrdə yazıçılar xalqın qəhrəmanlıq idealı olan bahadırları, igidləri diqqət mərkəzinə çəkir, qədim eposun mahiyyətinə həm də cəmiyyətin xüsusiyyətləri daxil edilirdi. Belə əsərlərdə pəhləvanlar, bahadırlar, igidlər vəhşi knyazlara, xanlara, şahlara və bəylərə qarşı qoyulurdu. Müxtəlif şifahi novellalara müraciət edən gənc yazarlar belə novellaları cüzi dəyişikliklərə uğradaraq qəhrəman şəxsiyyətinə böyük sosial müəyyənlik verməklə onu təbliğ etməyi üstün tuturdular.
20-40-cı illərdə, demək olar ki, bütün Şimali Qafqaz ədəbiyyatlarında folklor süjetləri əsasında çoxsaylı əsərlər ortaya çıxır. Onların sırasında abaza ədəbiyyatında T.Tabulovun “Psıj”, “Elburqan”, “Oxşamaxo” poemalarını, “Zərilə” pyesini, “Dadıra”, “Qoca-sehrbaz”, “Calduz” hekayələrini, adıgey ədəbiyyatında Tsuq Teuçejin “Bleduqlar üsyanı”, “Mafoko Urusbiy” poemalarını, kabardin ədəbiyyatında A.Şogensukovun “Kambot və lyasa” nəzmlə yazılmış romanı, qaraçay ədəbiyyatında İ.Qaragetovun “Bəy və nökər” poemasını, H.Urtenovun “Safiyət” poemasını, noğay ədəbiyyatın da A.Canıbəyovun “Karaydar və Qızıl gül” poemasını və digərlərini qeyd etmək olar. Əgər bəzi əsərlərdə folklor mənbəyinin süjet karkası toxunulmamış qalırdısa, digərlərində onlara yeni yanaşma tərzi əks olunur, üçüncü tip əsərlərdə isə şifahi xalq yaradıcılığı motivləri əsasında yeni bir orijinal əsər yaradılırdı. Üçüncü tipə aid əsərlər sırasında milli ədəbiyyatların zirvə hadisəsi hesab edilən H.Urtenovun “Safiyət”, A.Şogensukovun “Kambat və lyasa”, T.Tabulovun “Zərilə” əsəri qeyd edilməlidir.
XX əsrin 30-cu illərində milli ədəbiyyatların son dərəcə güclü inkişafı müşahidə olunur: gənc ədəbiyyatlarda, xüsusən qaraçay, malkar, noğay, qumux və s. inkişaf etmiş realist sənətin, demək olar ki, bütün janrları ortaya çıxır. Oçerkdən romana, şeirdən nəzmdə qələmə alınmış roman qədər. Bu baxımdan Qaraçay-Çərkəz ədəbiyyatının yaranma və inkişaf tarixinə nəzər salmaq daha səciyyəvidir. Bir daha qeyd edək ki, qaraçay-çərkəzlərin yazısı 1924-cü ildə hazırlanırsa, noğaylar üçün bu iş 1928-ci ildə, abazalar üçün isə 1932-ci ildən aparılır. XX əsrin 20-30-cu illərində H.Urtenovun, İ.Qaragetovun, D.Bayqulovun şeirləri və poemaları, H.Appayevin “Qara sandıq” romanı, T.Tabulovun “Zuli” pyesi, H.Abukovun “Zelençuk sahillərində” və M.Dışekovun “Dan yeri” romanları, X.Bulatukovun “Fatimat” pyesi, S.Temirovun “Xoşbəxt həyat” povesti, çoxsaylı hekayələr, oçerklər və s. işıq üzü görür. Eyni vəziyyət kabardin, adıgey, malkar, çeçen, inquş, osetin və digər ədəbiyyatlarda da müşahidə olunur.
Bu illərdə nəşr olunmuş əsərlərin bir qismi tarixi, digər bir qismi müasir mövzuya həsr olunmuşdur. Bununla belə qaraçay ədəbiyyatının təşəkkülü dövründə ədəbi qəhrəman axtarışı və onun təsdiqi aparılırdı. Maraqlıdır ki,estetik xüsusiyyətləri və milli tipi müxtəlif səpkili bu əsərlər daxilən bir-biri ilə gözlə görünməyən tellərlə bağlı idi. Bu əsərlərdə sadədən tutmuş daha mürəkkəb və bölünməz keyfiyyətə doğru yüksəlişdə xarakter təkamülü əks olunur. Bu tipli əsərlərin əksəriyyətində dövrün bütün kolliziyaları baş qəhrəmanın ətrafında konsentrasiya olunmaqla, zamanın xüsusiyyətlərini özündə cəmləşdirir, bütün bunlar qəhrəman şəxsiyyətində folklor priyomlarından istifadədən irəli gəlirdi.
Bu dövr romanlarında realist tipikləşdirmə sənətkarlığının əldə olunması müxtəlif yollarla gedirdi. Bir qism yazıçılar buna böyük sürətlə nail olurdusa, digərlərində bu tədricən baş verirdi. Əlbəttə, bu ilk növbədə yazarların istedadı və savad səviyyəsindən asılı olurdu. Qaraçay yazıçıları xalq taleyini tarixi planda nəzərdən keçirməyə üstünlük verir, ictimai inkişafın qanunauyğunluqlarını açmağa can atırdılar. Qeyd etdiyimiz kimi, qaraçay ədəbiyyatı təşəkkül mərhələsində gerçəkliyin tipikləşdirilməsində və personajların təsvirində folklor ənənələrinə daha dərindən söykənir, digər tərəfdən isə xalqların təcrübəsində olan realist romanlarda istifadə olunmuş priyomlara üz tutur və onlardan həyatın konkret-tarixi təhlili və xarakter-tiplərin yaranmasını doğma xalqa xidmət etməsinə istiqamətləndirirdi. Lakin bu dövr romanları səthilikdən, sxematiklikdən də yaxa qurtara bilmirdi. Əlbəttə, tarixi mərhələ baxımından bu başa düşüləndir.
Gənc, hələ də təcrübə toplamamış romançılar üçün xarakter-tiplərin yaradılmasında xeyli çətinliklər özünü büruzə verirdi. Bununla belə daha səmərəli yolun tapılmasını biz qaraçay yazıçısı H.Appayevin “Qara sandıq” romanında görürük.
Romanın obrazlar sistemi istismarçılarla istismar olunan xalq kütlələri arasında baş vermiş konfliktlə müəyyənləşir. Konfliktə uyğun olaraq əsərdəki personajlar iki bir-birinə qarşı dayanmış düşərgədə qərar tutmuşlar. Birinci qrupda Qiyamət bəy, Mühəmməd-Əmin əfəndi, Bəymirzə yüzbaşı, pristav Apanas və onların tərəfdarları Toquzak müdir, Taşaldar müəllim, dələduz Abdul-Qədir, digərində isə kasıblar və nökərlər Teymurka, Candəmir, Şamail, Həmid, Qənimət, Biyneger, Aslan, İbrahim və rus inqilabçısı Semyon durur. Onlar arasında ortaya çıxan sosial mübarizədə kasıbların şüuru günü gündən inkişaf edir, müxtəlif xalqları birləşdirən mübarizədə kasıbların həmrəyliyi möhkəmlənir, siyasi fəallıq inkişaf edir, dünənki və bugünkü batrakların və nökərlərin mənəvi aləmi zənginləşir. Xalq kütlələrinin sosial fəallığının dirçəlişini yazıçı Rusiyada gedən siyasi proseslərlə əlaqələndirir. Yazıçı xalq kütlələrinin aşağı təbəqəsindən çıxmışları demokratik ideyalara, sinfi mübarizənin nəzəriyyə və təcrübəsinə necə yiyələndiyini yaxşı göstərir. H.Appayevi Rusiyanın ucqarlarında yaşayan kiçik, azyaşlı xalqların nümayəndələrinin sosial psixologiyasında gedən dəyişikliklərin onlara necə təsir etdiyi daha dərindən özünə cəlb edir.
Qaraçay-Çərkəz xalqları ədəbiyyatında dağlı qızı obrazı T.Tabulovun “Zuli” və “Zərilə”; H.Urtenovun “Safiyət”; X.Bulatukovun “Fatimat” kimi əsərlərində və digər çoxsaylı oçerk, hekayə, povest və poemalarda başlıca obyektə çevrilir. Bəs 20-30-cu illər ədəbiyyatında yazarlar hansı dağlı qızı obrazını görmək istəmiş, hansı qadın idealını təsdiq etməyə çalışmışlar, yeni tarixi və sosial şəraitdə onun xarakteri hansı yeni xüsusiyyətlərlə zənginləşmişdir?
Bu dövrdə Şimali Qafqazda azsaylı xalqların yazıçılarının hərəsi bu problemi öz baxış və yaradıcılıq bucağından həll etməyə səy göstərmişdir. Məsələn, T.Tabulov “Zuli” (1929) pyesində dövr üçün son dərəcə aktual olan dağlı qadının şəriətin yabançı qayda və adətlərdən azad olmasını ortaya atır. Qadının hüquqsuzluğunu göstərmək üçün müəllif bütün nəzər-diqqətini dağlı ailəsinin məişətinin əksinə həsr edir. Zuli “allah” sözünü hər şeydən müqəddəs hesab edən kasıb qızdır. “On yeddi yaşında onu tanımadığı bir kişiyə vermişlər. Şəhərdən varlı bir kişi gəlir və ondan başlıq alıb qızı ona verirlər. Qız heç buna qarşı çıxmağı yadına belə gətirmir. Taleyinə baş əymə nəinki Zuli, həm də digərləri üçün öyrəşdikləri vəziyyət idi. Təkcə ailə yaşasın deyə, o, hər çətinliyə dözməyə razıdır. Zülidə demək olar ki, insana xas olan nə varsa, hamısı boğulmuşdur, çünki o, lap əvvəllərdən insan ləyaqəti ilə bağlı heç nəyə malik deyildi . Onun xarakteri feodal- patriarxal cəmiyyətinin törəməsidir ki, bu cəmiyyətdə insan alqı-satqı predmerinə, mala çevrilir.” Zuli şəxsiyyətinin təşəkkülü tədricən itaətkarlıqdan üsyankarlığa doğru və daha qətiyyətlisinə istiqamətlənir. Zulinin baxışlarının dəyişməsində tarixi şərait rol oynayır. Bu o dövrdür ki, Rusiyanın nəinki mərkəzində, həm də onun əyalətlərində qadın azadlığı uğrunda qətiyyətli mübarizə gedirdi və belə bir şəraitdə qadının sosial azadlıq əldə etmə imkanları daha da artırdı. Zulinin fəallığı əri evə ikinci arvadı gətirəndə daha da güclənir. Zulini əri evdən qovur, onu ikinci dəfə ərə verirlər, daha doğrusu, satırlar. İkinci ər də onu evdən qovur və yalnız komsomolçu Cambota ona kömək əlini uzadır. Cambota deyir: “Zuli, qadın şöbəsinə gedək. Orada kasıbları, onların hüquqlarını müdafiə edirlər. Gedək, Zuli. Orada köməklik göstərərlər. Gedək, bu yolda səni yeni həyat və xoşbəxtlik gözləyir” . Doğrudanda taleyi sındırılmış gənc qadınların qarşısında o dövrdə məhz belə geniş prespektivlər açılırdı.
Zuli hələ mübariz-insana çevrilməmişdir. O, heç bir qəhrəmanlıq da etmir, folklor qəhrəman-bahadır türk qızları (məsələn, qaraqalpaq qızı Gülayim) kimi zəngin təfəkkürə də malik deyildir. Lakin yazıçı öz qəhrəmanının daxili həyatının dərin və adekvat mənzərəsini yaradır və onun obrazını inandırıcı ştrixlərlə zənginləşdirir.
“Zuli” pyesi ilə tipoloji cəhətdən X.Bulatukonun “Fatimat” (1932) pyesi və H.Urtenovun “Safiyət” (1934) poeması arasında xeyli ümumi, oxşar məqamlar göstərmək mümkündür. Əgər X.Bulatukovun “Fatimat” pyesində noğay qadınının azadlıq, mənəvi müstəqillik mübarizəsi təsvir olunursa, H.Urtenovun “Safiyət” poemasında dağlı-qadının faciəvi taleyi haqqında danışılır. Bütün bu əsərlərin hamısında maraqlı insan xarakrerləri təsvir olunur. Onların bir qismi tarixin qurbanı olmuşdursa, digərləri yeni azad insan kimi həyat talelərini müəyyənləşdirmişlər. Qadının sosial, mənəvi inkişafı, hər şeydən öncə, onun öz taleyi uğrunda mübarizə aparması, qətiyyətlə məqsədə doğru irəliləməsidir. X.Bulatukovun pyesinin qəhrəmanı Fatimatın keçmiş mürtəce adətlərə qarşı dönmədən çıxış etməsi, sevdiyi kişiyə ərə getməsi onun taleyini Zulinin taleyindən fərqləndirir. X.Bulatukov tərəfindən qadın obrazının bu şəkildə traktovkası o dövr üçün mühüm əhəmiyyətə malik idi. Çünki bu tipli əsərlər məhz bu cəhətinə görə böyük ictimai təsir gücünü əks etdirirdi.
Beləliklə, mühüm tarixi meylləri ifadə edən sosial-fəal qəhrəman obrazının yaradılması gənc türk və Şimali Qafqaz ədəbiyyatlarının mühüm vəzifələrindən idi. Qəhrəmanın taleyi burada xalqın gələcəyə yolu ilə qırılmaz əlaqədə olduğu kimi nəzərdən keçirilir. Yeri gəlmişkən qeyd edək ki, belə yanaşma nəinki Şimali Qafqaz, həm də Orta Asiya və Qazaxstan yazıçılarının yaradıcılığında özünü büruzə verirdi. Dağlı qadının taleyi üzərində düşüncələr müxtəlif istiqamətlərdə gedirdi. Əgər D.Bayqulov “Məryəm və əfəndi” (1932) poemasında avamlığı və dini məhdudiyyəti ifşa edirdisə, o, “Zülihət” (1935) poemasında köhnə əxlaqi-mənəvi dəyərlərlə mübarizəni ön plana çıxarırdı. T.Tabulov isə bir qədər başqa yolla getməyə üstünlük verirdi. Dağ aulundakı yüzbaşını, taciri, knyazı tənqid atəşinə tutmaqla, yazıçı bu satirik komediyasında aul hakimiyyətindəki mənəvi şikəstliyi qamçılayırdı. Kəndli qızı Zərilənin timsalında yazıçı əmək adının mənəvi təmizliyini tərənnüm edir. Komediyanın maraqlı məqamı ondan ibarətdir ki, müəllif əsəri folklor süjeti əsasında qurmaqla, qadın obrazını folklor motivləri əsasında əsərlərini yazan digər sənətkarlardan fərqli olaraq tamamilə yeni şəkildə qururdu. Əgər H.Urtenov D.Bayqulov, A.Şogensukov və başqaları əsərlərində tamamilə zəif, geridə qalmış qadın obrazları yaratmışlarsa, T.Tabulov fəal, təşəbbüskar, azad dağlı qadını obrazı ortaya qoymuşdur. Müəllif Zərilə obrazını yaradarkən qadın-anaya sevgi və məhəbbət ifadə edən məqamlarda xalq-poetik ənənələrindən çıxış edirdi. Lakin real həyatda isə hər şey tamamilə mürəkkəb idi. Folklor süjeti əsasında əsərini quran T.Tabulov onu yeni realist məzmunla doldururdu. Zərilənin iyirmi yaşı var. O, ərdədir və ərini sevir. Lakin bu gənc qadının gözəlliyi knyazın, yüzbaşının və tacirin də diqqətini cəlb edir. Onlardan hər biri gizli olaraq Zəriləyə yaxınlaşmaq istəyirlər. Zərilə isə məsələ barədə ərinə bildirir. Ərlə arvad aul başçılarının əsil simasını açmaqla xalqın gözü qarşısında onları ifşa etmək istəyirlər. Və bunu böyük ustalıqla həyata keçirirlər. Abazalarda mövcüd olan ənənəvi folklor süjeti yazıçının belə traktovkasında mühüm sosial əks-sədaya malik olur. Əgər T.Tabulovun pyeslərində biz Zuli və Zərilə obrazlarını bir-biri ilə müqayisə etsək, belə olduğu halda yazıçının insan konsepsiyasında müəyyən uğursuzluqların nəzərə çarpdığını görərik. Zuli tamamilə hüquqsuz olmaqla, əvvəllər öz alçaldılmış vəziyyəti ilə bağlı üsyankarlıq etmirdi. Zərilə isə tamamilə fərqli obrazdır, o, azaddır. Zərilə əsərdə sanki folklorda yaradılmış xalq qəhrəmanlarının qalereyasını davam etdirir. “Zuli” pyesi realist üslubda qələmə alınmışdırsa, “Zərilə fərqli olaraq folklor-romantik dəst-xətlə yazılmış əsərdir. Məhz buna görə də bu əsərdə qrotesk-ironik təsvir mənfi personajların və romantik- müsbət qəhrəmanların fəallığını göstərir.
T.Tabulov insanların çoxcəhətli xüsusiyyətlərini xarakterizə etməklə ədəbiyyatda sosial-əhəmiyyətli şəxsiyyəti təsdiq etməyə can atmışdır.
Yeni dövr yeni qəhrəmanın ədəbiyyata gəlişini müəyyənləşdirir. Belə vəziyyət həm təbii, həm də qanunauyğundur. 30-40-cı illər ədəbiyyatında yeni cəmiyyətin qurulmasında yaxından iştirak edən əməkçi obrazı ön plana çıxırdı.
A.Qorxmazovun “Qırmızı komandir kadet əsrində” və A.Batçayevin “Əhməd batır” pyeslərində, O.Xubiyevin “Abrek” povestində, F.Abdulcəlilovun “Günün günorta çağı” hekayəsində, X.Abukovun “Zelençuk sahillərində” romanında və digərlərində Qaraçay-Çərkəz yazıçıları Qızıl Ordu döyüşçüləri ilə ağqvardiyaçılar arasındakı mübarizəni əks etdirmişlər.
XX əsrin 20-40-cı illərində Qaraçay-Çərkəz ədəbiyyatında, xüsusən poeziyada yaradıcı pafos, romantik vüsət üstünlük təşkil edirdi. Nəzərdən keçirdiyimiz dövrdə yeni insan ortaya çıxır, humanizm probleminin məzmunu dəyişir, xəlqilik, haqqa, ədalətə inam möhkəmlənir. Qəhrəmanlar ədəbiyyata öz fərdi real bioqrafiyaları ilə gəlirdi. Şimali Qafqaz yazıçılarının əsərlərində azad əməyə, fabrik və zavod işçilərinə, yeni həyat mövzularına , yeni məişət qayğılarına yer verilirdi. Bu kontekstdə İ.Tabulovun “Cərəyanda”, P.Tsekovun ”Azad olmuşlar nəğməsi”, M.Malxozovun” Xoşbəxtliyin doğulması ”, İ.Qaragetovun “Kolxoz nəğməsi”, “Neftanası- Qaraçay”, “Həzrətdən nümunə götürün”, “Kolxoz kollektivinə” , “Tereza aulunda kolxoz”, X.Karasovun “Taxıl uğrunda mübarizə”, A.Kazakovun “Zərbəçi və onun manqası” və s. kimi şeir və poemalar səciyyəvidir.
Təhlilə cəlb etdiyimiz dövrdə müsbət idealların təsdiqi baxımından Kasıb-Xalid təxəllüsü ilə yazan X.Abukovun felyetonları maraq doğurur. Yeni dövrün “dastancı” sı rolunda çıxış edən Kasıb-Xalid obrazı sonrakı dövrdə folklor janrı kimi ortaya çıxmış taurıx və xəbər janrının təhkiyəçi ənənələrini davam etdirmişdir. Dastançı funksiyası həm orada, həm də burada uyğun olsa da, danışılanın mənası, məzmunu və pafosu Kasıb-Xalid və köhnə aşığın yaşayıb, fəaliyyət dövrü zaman və ictimai şərait kimi müxtəlif idi. Kasıb-Xalidin siyasi və sosial təfəkkürü digər dastançıların təfəkküründən daha dərindir. Onun obrazı sosial-tarixi baxımından müəyyəndir. Abukov əsərlərində yeni dövrdə yeni dağlı obrazını əks etdirir, əsərlərində köhnə dünya ilə yeni dövr arasındakı fərqlər, xalq və dövlət qarşısından borcun düzgün dərk olunmasını göstərir.
Beləliklə, 20-40-cı illərdə Qaraçay-Çərkəz xalqları ədəbiyyatlarında yeni dövrün dağlı tipini təcəssüm etdirən müsbət qəhrəman təsvirinin prinsiplərini formalaşdırır və həyatın bütün sferalarında yeni həyata mane olan məqamları ortaya çəkirdi.
Əlbəttə, zəif yazıçılar, məlum olduğu kimi, bütün ədəbiyyatlarda olmuşlar. Şimali Qafqazda yaşayan türk xalqlarının, ilk növbədə qaraçay ədəbiyyatında zəif yazıçıların mövcudluğu onların ümumi ədəbi prosesdən kənarda qalması və ona lazımınca diqqət yetirməməsi, böyük ədəbiyyatların təcrübəsindən yetərincə yararlanmamaları ilə əlaqələndirilməlidir. Belə ki, xeyli sayda gənc qaraçay şairlərinin yaradıcılığı bir sıra cəhətləri ilə Həzrət Urtenov və İssa Qaragetovun yaradıcılığına bənzəyirdi. Maraqlısı isə o idi ki, belə yaradıcılıq yaxınlığını gənc yazıçılar müvəffəqiyyət hesab edirdilər. Çünki Həzrət Urtenov və İssa Qaragetov adı xalq arasında daha populyar və daha çox sevilən idi. Həqiqət naminə qeyd edək ki, onlar doğrudanda istedadlı sənətkarlar idi. H.Urtenov və İ.Qaragetov qaraçay ədəbiyyatının baniləri olduğundan üzərlərinə daha böyük məsuliyyət düşdüyünü yaxşı dərk edirdilər. Lakin ədəbi-bədii “cəbhə”də hələ də yetərincə bərkiməmiş H.Urtenov İkinci Dünya Müharibəsindən qabaq, İ.Qaragetov isə müharibəsinin birinci ilində dünyalarını dəyişdilər. Onlar hələ də bədii yaradıcılığın “sirlərinə” yetərincə bələd olmamışdılar. Qabaqcıl ədəbiyyatların təcrübəsindən də hələ ki uzaq idilər.Onların qələmə aldıqları yalnız yaşadıqları dövrün tələbləri səviyyəsində idi.Buna görə də onlardan çox-çox sonra yazıb-yaradan sənətkarların onların səviyyəsində əsər ortaya qoyması heç də sonrakı dövr qaraçay ədəbiyyatının uğuru hesab edilə bilməzdi. Qaraçay gənc ədəbi qüvvələri hesab edirdi ki, H.Urtenov, İ.Qaragetov, M.Urusov sonrakı dövrlərdə də çoxcildli şeir və poemalar yazmış olsaydılar, onların yazı manerası və üslubu da elə əvvəlki kimi olardı. Bunun isə gənc yazarların estetik korluğu ilə əlaqələndirilməsi daha məqsədə uyğundur.
Əlbəttə, qaraçay ədəbiyyatının təşəkkülü və inkişafı heç də bütün hallarda zəif olmamışdır. Osman Xubiyevin yaradıcılığında qaraçay bədii nəsri xüsusilə maraqlıdır. İctimai həyatın bütün dərinliyi ilə təsviri, problematika zənginliyi, gerçəkliyin realistcəsinə yenidən canlandırılması, dövrün ruhunun açılması və xaqın xarakterini əks etdirmə, bədii sintez və ümumiləşdirmə baxımından onun yaradıcılığının qaraçay nəsrində misli bərabəri olmamışdır. Doğma folklorun mütərəqqi ənənələrini mənimsəyib inkişaf etdirərək və qaraçay ədəbiyyatının mühüm ənənələrini kamilləşdirərək, Osman Xubiyev nəsri nəinki doğma, həm də rus və sovet ədəbiyyatının və ictimai-siyasi fikrinin ən qabaqcıl nailiyyətlərini əxz edə bilmişdir. Onun əsərləri qabaqcıl müasirlik ideyaları ilə bərabər, həm də milli və ümumbəşəri dəyərləri özündə əks etdirməkdədir. O.Xubiyev nəsrinin səciyyəvi xüsusiyyəti doğma xalqa, vətənə xidmət, insan şəxsiyyətinin inkişafını əks etdirmək və s.ibarət idi. Elə buna görə də onun yaradıcılığı bütün qraçay ədəbiyyatının inkişafı tarixində yeni mərhələ kimi nəzərdən keçirilməlidir. Yeni həyat gerçəkliyindən zənginləşərək xüsusi bir zirvə fəth etmiş O.Xubiyev nəsri nəinki qaraçay, həm də o dövrdə sovet cəmiyyətində qabaqcıl və mütərəqqi olan hər bir şeyi özündə əks etdirmişdir. Gələcəyə ümidlə baxan O.Xubiyev hər şeydən öncə torpağın ətrini, yeni insan münasibətləri və yeni insanı diqqət mərkəzinə çəkməyi əsərlərinin mahiyyətinə hopdurur. Səətkarın fikrincə hər şeydən öndə Vətən və onu taleyi məsələsidir:
Vətən dara düşsə olmaram rahat,
Vətənsiz nəyimə gərəkdir həyat,-


deyə təsdiqləyən O.Xubiyevin bu deyimini onun bütün yaradıcılığına aid etmək olar.Lakin sənətkarın Vətənə olan bu məhəbbəti tamamilə yeni bir emosional qüvvə ilə onun oçerk və hekayələrində, “Amanat” trilogiyasında, “Yuxusuz gecələr” və “Qisas” romanlarında, “Adamlar” povestində daha inamlı eşidilir. O.Xubiyev nəsrində qaraçay ədəbiyyatı, bir tərəfdən, 30-40-cı illərdə yeni müsbət qəhrəman obrazlar qalereyasını, digər tərəfdən, xalqın mənəvi ruhunun rəngarəngliyi, yeni həyatın iştirakçısı və yaradıcısı olan insanın təqdimatı diqqət çəkirdi. Məhz ictimai hadisələrin belə geniş əhatələnməsi, müasir həyatın bədii və fəlsəfi dərki Xubiyev əsərlərinin novatorluğunu əks etdirirdi.
Hələ “Abrek” povestində olduqca inandırıcı bədii həqiqətlərin köməyi ilə yazıçı Rusiyada yaşayan azsaylı xalqların həyatını, taleyini maraqlı bədii boyalarla oxucunun gözü qrşısında canlandıra bilmişdi. “Abrek” povesti sanki romanın geniş epik mənzərəsi üşün etüd rolunu oynamışdır. O.Xubiyev əsərdə Vətəndaş müharibəsi və İkinci Dünya Müharibəsinin qanlı-qadalı və qəhrəmanlıq hadisələrini heç nəyi bəzəmədən verə bilmişdi. Yeri gəlmişkən belə relyefli təsvir nəinki O.Xubiyev yaradıcılığı, həm də digər xalqların yazıçıları üçün xarakterik idi. Belə ki,müharibənin lap ilk günlərindən cəbhə mətbuatında Aleksey Tolstoy, İlya Erenburq, Mixail Şoloxov, Səməd Vurğun, Rəsul Rza, Nikolay Tixonov, Konstantin Simonov, Olqa Berqqolts, Vera İnber, Arkadi Qaydar, Əfəndi Kapiyev və b. əsgər və zabitlər arasında geniş miqyaslı siyasi və təbliğat işi aparırdılar. Bu tipli işin aparılması ilə bağlı O.Xubiyev yaradıcılığının tanınmış tədqiqatçısı N.M.Kaqiyeva yazırdı: “Yazıçıların böyük vətənpərvərlik əhəmiyyətli sözünü aşağıdakı fakt sübut edir: Azərbaycan şairi Səməd Vurğunun radio ilə çıxışına qulaq asmış 16 əsgər ona aşağıdakı məzmunda bir məktubla müraciət etmişlər: “Hörmətli və əziz Səməd Vurğun! Siz şeirlərinizi oxuyanda biz xəndəkdə idik. Biz Sizin səsinizi və alovlu sətirlərinizi eşidəndə bizə elə gəldi ki, gözlərimiz parpar parladı. Bizim cəbhə yoldaşlarımız- azərbaycanlılar, ruslar, gürcülər, ləzgilər eyni ruh yüksəkliyi ilə sizi salamlayırdı. Biz Sizi inandırırıq ki, çox tez bir zamanda doğma sovet torpağını düşməndən təmizləyəcəyik. Biz dərindən inanırıq ki, tezliklə sizinlə qalib- ordu döyüşçüləri kimi görüşəcəyik”.
Vətən uğrunda döyüşlərdə qaraçay yazıçılarının da payı az olmamışdır. Müharibənin ilk günlərindən qaraçay poeziyasının bünövrəsini qoyanlardan İssa Qaragetovla yanaşı Məhəmməd Urusov, Davud Bayqulov, Toxtar Borlakov, Həsən Bostanov, A-K.Bayqulov və b.da ön cəbhəyə yollanmışdılar. Yazıçı Osman Xubiyev müharibəyə zabit kimi yollanmışdı. Vətən qarşısında borcunu verməklə yanaşı O.Xubiyev həm də yüksək ideyalı dövrün fakt və hadisələrini gerçəkliyə söykənməklə uyğun əks etdirən əsərlər yaradırdı. O.Xubiyevin “Amanat” trilogiyası öz monumentallığı və hadisələri daha geniş və epik planda əks etdirmək baxımından qaraçay ədəbiyyatı tarixində və onun inkişafında yeni mərhələnin əsasını qoymuşdur. “Amanat” romanını qələmə alma haqqında fikir O.Xubiyevdə müharibənin lap əvvəllərində ortaya çıxmışdır. Müəllif qeyd edirdi ki, 1941-ci ildə Dubno şəhəri ətraflnda ağır müdafiə döyüşləri gedirdi. Faşistlərlə bir neçə qızğın döyüşdə bizə ərazini tərk etmə əmri verildi. Döyüşçülər isə geri çəkilmək istəmirdilər. Bu tipli döyüşlərin az iştirakçısı olmamışdım. Bizim belə vəziyyətimiz məni bütün bunları bədii şəkildə qələmə almağa vadar etdi və mən müharibənin məşəqqətlərini əks etdirən bir əsəri qələmə almağa başladım. O.Xubiyevin trilogiyası qaraçay ədəbiyyatında monumental roman janrının əsasını qoydu.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!