Saxta içkiyə görə həyatını itirənlər artıb .....                        Rusiyada vurulan Azərbaycan təyyarəsi ilə bağlı ekspertiza təyin olundu .....                        Qəzaya düşən şəxs öldü: Fərhad Əhmədovun mühafizəçi olubmuş .....                        Razılıq əldə edildi: Qəzzada atəşkəs elan olunur .....                        İlon Mask məhkəməyə verildi .....                        Türkiyədə dəhşət: polis 5 ailə üzvünü öldürdü .....                        Çimnaz Sultanova vəfat etdi .....                        Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən görüntülər .....                        İstanbulda 19 nəfər saxta içkidən öldü .....                       
27-04-2022, 08:53
"Ürəyimin daman yeri..." şeirlər kitabının imza günü keçirildi.

"Ürəyimin daman yeri..." şeirlər kitabının imza günü keçirildi.
26 Aprel 2022-ci il saat 14:00 -da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə şair Aləmzər Sadıqqızının "Ürəyimin daman yeri..." şeirlər kitabının imza günü keçirildi. Tədbir giriş sözü ilə ədəbi tənqidçi Əsəd Cahangir açaraq sözü məclisin rəhbəri Güllü Eldar Tomarlıya verdi. Güllü xanım Aləmzər Sadiqızının həyat və yaradıcılığından , vətənpərvərlik mövzusunda yazdığı şeirlətdən danışdı. Sonra Milli məclisin deputatı Jalə Əliyeva, Əzizə Ağahüseynqızı, Narıngül Nadir və şairlər, poeziyasevərlər, oxucular çıxış etdilər. Tədbirin araya- ərsəyə gəlməsində təşkilatçılıq üçün Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna, çəkiliş üçün Mədəniyyət kanalına, operotor Asif bəyə, fotoqraflar Fərrux bəyə, Bayram bəyə məclisimiz adından təşəkkür edirik.






26-04-2022, 21:09
DOĞUŞ TÜRKÜSÜ


DOĞUŞ TÜRKÜSÜ

Bizlər Türkün küllüyündəm,
Ocaq-ocaq doğulmuşuq.
Dağlar aşıb atlı-yayaq,
Bayraq -bayraq doğulmuşuq.


Hər millətə qucaq açdıq,
Oda qaçddıq,oddan qaçdıq...
Saz göynətdik,sözlər qoşduq,
Dərdə ortaq doğulmuşuq...

Rüzgarlarla varaqlandıq,
Düşmən üstə odaqlandıq,
Bir nəfər tək yaraqlandıq,-
Yurda dayaq doğulmuşuq.

Allahın şah əsəriyik,
Peyqəmbbərin zəfəriyik,
Giziroğlu hünəriyik,
Quşdan oyaq doğulmuşuq...

Üç qitənin barı bizik,
Göz yaşından duru bizik,
İnsanlığın yarı bizik,-
Biz qurdsayaq doğulmuşuq...

Türküm,qardaş,türküm,türküm,
Dillər gəzir mənim türküm,
Əkim-biçim,biçim-əkim;
Çanaq- çanaq doğulmuşuq.

Turanımın haq-sayı var,
Millətimin göz oyu var...
Hər quşun da öz payı var,
Bizsə ortaq doğulmuşuq!..

Saraçlıyam,türk oğluyam,
Diş-dırnağı bərk oğluyam,
Mən dövrümün həng oğluyam,
Xəncər-bıçaq doğulmuşq...


Qazi N.P.S.MUTLUTÜRK
25-04-2022, 21:13
“Bitişik otağın pəncərəsi”

“Bitişik otağın pəncərəsi”
Bu günlərdə “Qanun” nəşriyyatında yazıçı-jurnalist Adil ZAMAN-ın “Başqa həyat” adlı kitabı işıq üzü görmüşdür.
Bu kitaba daxil edilmiş “Başqa həyat” romanı “Üçotaqlı mənzil” pyesinin məntiqi davamıdır. Pyes və roman Azərbaycan yenidən müstəqillik qazandığı vaxtdan keçən son 30 ildə respublikada baş verən hadisələri əhatə edir. Hər iki əsərdə əsas mövzu Qarabağ münaqişəsidir. Müəllif özünəməxsus şəkildə göstərir ki, hər bir münaqişənin həllində kompromisdən əlavə üçüncü variant da ola bilər. Həmin məqbul variant Qarabağ münaqişəsinin həlli üçün də tapılmalıdır və müəllif Larisa obrazının timsalında bunu qabarıq verməyə çalışmışdır. Oxuculara təlqin olunur ki, obrazlı şəkildə “Bitişik otağın pəncərəsi” adlanan bu metod Qarabağ probleminin dinc yolla və birdəfəlik həlli üçün də uğurla tətbiq oluna bilər.
P.S. Bu kitabı elektron formada pulsuz əldə etmək istəyənlər aşağıdakı WhatsApp və ya Telegram nömrəsinə yaza bilərlər:
+994 50 371 17 54
25-04-2022, 12:58
Südabə İrəvanlının 60 illik  “Kədərinin dili”


Südabə İrəvanlının 60 illik “Kədərinin dili”
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Südabə İrəvanlının 60 illik yubileyi və “Kədərin dili” kitabının təqdimatı keçirilib.
24 Aprel Lütfi Zadə Texnologiyalar Mərkəzində, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair Südabə İrəvanlının 60 illik yubileyi və “Kədərin dili” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə ictimai birliyin sədri şair-publisist Güllü Eldar Tomarlı açaraq bildirdi ki, Südabə İrəvanlı 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra", "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir.
"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli Südabə İrəvanlının yaradıcılığını qiymətləndirərək İctimai Birliyin ali mükafatı olan "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif etdi.

Tədbirdə çıxış edən şair-publisist, sosioloq Əhməd Qəşəmoğlu, şair Səadət Buta, şair Salman Qazi, Aşıq Pəri Məclisinin sədri, şair Pərvanə Zəngəzurlu və Aşıq Pəri qızları, şair-publisist Aqşin Ağkəmərli, şair Qəzənfər Məsimoğlu, şair-bəstəkar Aysel Kərim, QHT- rəhbərləri - qazi Taleh Əliyev, Dünyaxanım Əliyeva, Aynur Zülfüqarova və saz-söz adamları Südabə İrəvanlını 60 illik yubileyi və yeni "Kədərin dili" kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Tədbirdə Xətai rayon Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin təşkilatı işlər üzrə direktor mavini Fəxriyə Babayeva, 8 ci sinif şagirdi Təhminə Hüseynova, 5 ci sinif şagirdi Əsmər Aslanlı, 4 cü sinif şagirdi Ülkər Allahverdili, 8 ci sinif şagirdi Zemfira Ərəstünova da İştirak ediblər. Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin 6 ci sinif şagirdi Roman Kazımov, Xətai rayonu, Heydər Əliyev adına litseyin 6 cı sinif şagirdi Mətin Abbaslı, Qaradağ rayonu Əliheydər Kazımov adına tam orta məktəbin 4-cü sinif şagirdi Məryəm Əliyeva çıxış edib.
Aşıq Gözəl Kəlbəcərli, Dərya Mərdanzadə sazda Südabə İrəvanlının sözlərinə ifalar səsləndirdilər.









23-04-2022, 07:15
Müasir poeziyamızda "Qarabağ ağrıları”


QAÇQINLIQ, KÖÇKÜNLÜK TƏRK ETSİN BİZİ

(Müasir poeziyamızda "Qarabağ ağrıları” silsiləsindən)

Qənbər Şəmşiroğlunu ilk və son dəfə institutumuzun əməkdaşı fəls.ü.f.d. Rübabə Şirinovanın müdafiəsində görmüşəm. Şair olduğunu sonralar öyrəndim. Vəfat xəbərini də Rübabə xanımdan eşitdim. Mənə onun “Bir də görüşərik” adlı şeirlər kitabını bağışladı və “Mümkün olsa, haqqında yazarsan” dedi. Kitabı oxudum. Nikbin notlar içində ara-sıra Qarabağ ağrıları diqqətimi çəkdi. Yenicə başladığım silsiləyə uyğun bir yazı yazmaq keçdi içimdən. Saytlarda Qənbər müəllim haqqında olan məqalələri də nəzərdən keçirdim, Dədə Şəmşir ocağının yetirməsi olan ziyalımız haqqında yazılan dəyərli fikirləri də qeydə aldım. Gözəl şairimiz Adil Cəmil “Ədəbiyyat qəzeti”nin 2013-cü il 15 noyabr tarixli sayında dərc olun¬muş “Ləyaqətli varis” adlı məqaləsində günorta vaxtı əlində çıraq gəzən Diogenin “Adam¬lar için¬də insan axtarıram” sözünü xatırladaraq yazır: 1993-cü ilin gül nəfəsi yerinə güllə səsi gətirən müdhiş baharda-Kəlbəcərin işğal günlərində hamı Qənbər müəllimi axtarırdı. O yeganə insan idi ki, illərdən bəri yurddaşlarına yaxşı bəlli olan inamı, etibarı, kişilik əzmini saxlamışdı…
Yaxın tariximizin bu amansız dönəmində Dədə Şəmşir ocağının ləyaqətli varisi Qənbər müəllim müdrik ağsaqqal kimi bağrı didik-didik olan didərginləri bir araya gətirib onların Bakıda, Gəncəbasarda, eləcə də məmləkətimizin digər bölgələrində məskunlaşmağına maddi, mənəvi yardımını öyüd-nəsihəti ilə birgə əsirgəmədi. Mən göz açandan Qənbər müəllimi dövlət strukturlarında məsul vəzifələr daşıyan görmüşəm, onu da görmüşəm ki, bu sadə, təvazökar və səmimi insan sxematik məmurlardan olmayıb. Çünki qan yaddaşında mənsub olduğu qüdrətli şairlər, məhz bu irsi-genetik davamiyyətidir ki, Qənbər Şəmşiroğlunun son illərdə ardıcıl olaraq nəşr olunan müxtəlif janrlı, müxtəlif formatlı geniş oxucu auditoriyasının marağına və rəğbətinə səbəb olub”.
Qarabağ şikəstəsi” adlı şeirdə
İnciməsin xanəndələr,
Bu incini yaxşı bilən danəndələr.
Ötüb keçsə neçə illər,
Ötüb keçsə qərinələr
Təkrarlanmaz Xanın səsi,
Qarabağın şikəstəsi!

…Yadımızdan çıxarmayaq,
Həm də insafsız olmayaq.
Qarabağda “Heyratı”nı usta Yaqub,
Şikəstəni Xan oxuyub.
Şikəstəni Xan oxuyub!

yazan Şəmşiroğlunun Aşıq Sakit Köçərliyə ünvanladığı “Bir “Yurd yeri” çal” adlı şeirinin ilk misraları
Aşıq qardaş, canım yaman haldadır,
Titrəyir əllərim, bir “Yurd yeri” çal!
Nə qohum var, nə qonşu var, nə qardaş,
Dağılıb ellərim, bir “Yurd yeri” çal!

“Çiçəkli bağlarım xarabalıqdır, Susub bülbüllərim…” harayı, “Bəd gəldi illərim” fəryadı içimdə bir yanğı yaratdı. O illərə döndüm. Güllə yağışı altında Füzulinin kəndlərini keçdiyimiz anlar, Ağdamın kəndində qazmada əsgərlərlə görüşümüz bir-bir gözüm önündən gəlib keçdi…
Mənfur düşmənin xarabalığa çevirdiyi yurd yerləri bir ağrı-acı olub ürəklərə köçdü..Sazda çalınan “Yurd yeri” ilə təsəlli tapan insanların Qarabağ ağrıları misralanıb şeirləşdi, bəstələnib mahnılaşdı.
Düşmən tapdağında, düşmən önündə
Gərək ki olasan hazır-yaraq, sən!
Təlaş edib həyəcan da keçirmə,
Səbirli ol, deyilsən ki uşaq, sən!

“Sən" adlı bu şeirdə Qənbər Şəmşiroğlu bu qədər ağrı-açı içində yenə nikbin notlara tutunmuş, insanlara düşmən önündə səbrlə, vüqarla dayanmağı, bəxtdən, taledən küsməməyi, şərin, böhtanın boğazından yapışıb boğmağı, qohuma, dosta arxalanmağı, eldən güc almağı tövsiyə edir.
“Görüşdük” adlı şeirdə də Qənbər Şəmşiroğlunun keçmişə qayıtdığının, Göyçədə dostlarla görüşünü xatırladığının, xoşbəxt günlərdə keçirdikləri məclisləri yada saldıqca alışıb yandığının şahidi oluruq. Həmin dünyadan uzaq olduğunu təəssüflə vurğulayan, yenə də o çağlara qayıtmaq ümidilə yaşayan və Allahdan “Ay Allah, rəhm eylə, bir də qayıdaq, Sevinək ki, pir ocaqda görüşdük” diləyini istəyən müəllif yazır:
Qaçqınlıq, köçkünlük tərk etsin bizi,
Dağlar əks eyləsin gur səsimizi.
Doldur sevinc ilə sən qəlbimizi,
Sevinək ki, o dağlarda görüşdük.
Yada salaq, qardaş, harda görüşdük!

“Aşıq Şəmşir Mədəniyyət Ocağı”İctimai Birliyinin sədr müavini Həbib Misirov “Səs” qə¬ze¬ti¬nin 2016-cı il 16 noyabr tarixli sayında çap olunmuş “Kəlbəcər üçün döyünən ürək - Qən¬bər Şəm¬şiroğlu” adlı məqaləsində Kəlbəcər torpağının yetişdirdiyi, vətənə, torpağa ürəkdən bağlı olan, xalqını, millətini sonsuz məhəbbətlə sevən ziyalılarımızdan Dədə Şəmşir ocağının varisi Qur¬banov Qənbər Şəmşir oğlu haqqında dəyərli fikirlərini oxucularla bölüşür, Qənbər müəllimin həm özünün, həm də iki oğlunun Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştrak etdiyini, ha¬zır¬da onların müharibə vetranı olduğunu xüsusi olaraq vurğulayır və yazır: “Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri: qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır”.
Kəlbəcərin havasını, suyunu qanına, canına çəkən, “Bizə şair deməsinlər, Kəlbəcər özü şairdir” deyən, sərt qayaları, uca dağları, bulaqları şair sayan, küləklərin səsini, suların şırıltısını, çiçəklərin pıçıltısını, quşların nəğməsini, ən gözəl şeir nümunəsi hesab edən müəllifin ürəyində qövr edən yaralar var. Düşmən tapdağı olan Ağdabanın xarabalığa çevrilməsini, insanların çəkdikləri zülmləri misralamaq belə bu qanayan yaralara məlhəm olmur:
Onlar niyə bilmirlər ki,
On bir yaşlı Ülviyyəni
Diri-diri basdırdılar
Ağdabanda.
Musanı da yandırdılar
Yanar odda.
Bəs hardaydı haqq-ədalət
O zamanda?
Köçəryanın fitvasilə
Qarət olub yandırıldı
Böyük bir kənd Ağdabanda.

Qənbər Şəmşiroğlunun “Sübut eylə hünərinlə Soyqırımı nə deməkdir”, “Düşmən tapdağında qalanlarım var”, “İndi çoxdur erməniyə züy tutanlar”, “Onlar baxsa da görməzlər Xocalı faciəsini”, “Ağdabanda neçə ana Oğul deyib mələyirdi, Dağlar-daşlar Bu dəhşətli faciədən inləyirdi” kimi ağrı-acılı, ürək yandıran misraları çoxdur. Onun Qarabağ ağrıları ilə parçalanan, Kəlbəcər dərdilə yanan qəlbi misralara köçsə də yaraları köz tutmadı.
Qənbər Şəmşiroğlunun “Nə haldayıq” adlı şeirində Qarabağın düşmən tapdağında olan yurd yerlərinin halı təsvir olunur. Müəllif itirdiklərimizdən, gözü yolda qalanlardan bəhs edərək yazır:
Nə dərə var, nə alaçıq,
Qıraqda toz, yağsa palçıq.
Qovruluruq açıq-saçıq,
Od içində ocaqdayıq,
Sizlərdıən çox uzaqdayıq.

“Soruş” adlı şeirində “Yol gözləyir Göyçə yalı, gedib ondan olun halı”, “Dumanlıdırmı Keyti dağ, Bax dumana, çəndən soruş”, “Orda cövlan edir yağı, Nələr çəkir-eldən soruş” deyən Qənbər Şəmşiroğlunun yurd həsrəti, el dərdi obrazlı ifadələrlə oxucuya çatdırılmışdır. Kəlbəcərin qaçqınlığını ürək ağrısı ilə misralayan müəllif şeiri belə yekunlaşdırır:
Sözlərimi sayma əbəs,
Ürəyimdə arzu, həvəs.
Qulağına gələcək səs:
Olubmu Qənbər adlı kəs?
Hər igiddən, ərdən soruş.
Üz tut bütün elən soruş,
Qaçqın Kəlbəcərdən soruş.

Qaçqınlığın, köçkünlüyün fəsadlarını daim təəssüflə xatırlayan şair “Kəpəz” adlı şeirində də bu ağrı-acını misralamışdır. O, dostları ilə Kəpəzə qalxıb Kəpəzi elə əvvəlki kimi vüqarlı, əzəmətli, şax görür. Ona elə gəlir ki, Kəpəz onlara tərəf boylanıb, əl edib nəyisə soruşmaq istəyir. “Düşmənin boynuna endiriləcək Misri qılınc kimi sovlanır Kəpəz” deyən müəllif keçmişləri, həyatdan köçənləri xatırlayır, “hardadırlar” deyə sual edir və şeiri Kəpəzə müraciətlə belə yekunlaşdırır:
Bilsən başımıza gəlibdir nələr,
Əgər eşitdiyin deyərdi Qənbər.
Köçkün oldu, qaçqın oldu Kəlbəcər,
Soyadımız “Qaçqın!” söylənir, Kəpəz!

Dərdini dağlara söyləyir şair. Bu dərd çəkiləsi mümkün olmayan dərddir. Lakin Qənbər Şəmşiroğlunun Qarabağ ağrı-acılarını əks etdirən şeirlərində nə qədər dərd, ələm, həsrət, möhnət olsa da, hardasa bir ümid də, təsəlli də var. Bərdəli Hüseyn Aslanova ünvanlanmış şeirlərdə “Gözləyir, ümidlə gözləyir Qənbər, Bir gün olsun belə desin bu ellər: O dağlara yollar təzə açıqdır”, “Darıxma, ay lələ, səbrli ol sən, Gələr, Ağdabana yenə yaz gələr”, “Bizi məst eyləyər kəkliyin səsi, Çoban tütəyindən xoş avaz gələr” deyən müəllifin şeirlərində bir gün o yerlərə qayıdağımıza böyük inam, düşmənin məhv olacağına, torpaqlarımızın geri alınacağına, Qarabağın yenidən abad olacağına böyük ümid görürük. Müəllif şeiri belə bitirir:
Yəqin abadlaşar o yerlər yenə,
Yayılar dağlara şirin təranə.
Qohum görüşünə, dost görüşünə
Şəmşir övladları əldə saz gələr.

Bu ümid bir gün doğruldu. Lakin Zəfər gününü görsə də, Kəlbəcərin abad günlərini görmədi Qənbər Şəmşiroğlu...
Allah rəhmət eləsin. Ruhu şad olsun.

Sona Xəyal
16-04-2022, 13:29
Səxavət Ənvəroğlunun  şeirlərini təqdim edirik:


Bu dəfə oxucularımıza Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin fəallarından Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səxavət Ənvəroğlunun şeirlərini təqdim edirik:
Qarabağ Azərbaycandır!

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuzun hər gün yeni zəfərlərini səbirsizliklə gözlədiyimiz 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı yazılan şeirlərdən

İlhamla irəli gedək hər zaman,
İlhamdır müzəffər, Ali komandan.
Qələbə bizimdir, duysun bu cahan,
Son nida “Qarabağ Azərbaycandır!”

Yaşadaq ürəkdə inam, etibar,
Qarşıda sevincli günlərimiz var.
Qoruyaq vətənin məğrur adını,
Duysun hər eşidən, hünərimiz var.

İrəli gedirik zəfərə doğru,
Hər kənddə, obada bayraq ucalsın.
İllərin həsrəti yetişsin sona,
Ordumuz şərəfli qələbə çalsın.

Bürünüb hər tərəf gülə, çiçəyə,
Cənnətə dönəcək gözəl yurdumuz.
İllərlə yolunu həsrət bağlayan,
Şuşanı qaytarar şanlı ordumuz.

Arzular can verir, gözü yoldadır,
Ruh uçub bədəndən, üzülən candır.
Ey, Laçın, Kəlbəcər dik tut başını,
Son nida “Qarabağ Azərbaycandır!”

Yenilməyən Şanlı Milli Ordumuz,
İnşallah savaşdan çıxar üzü ağ.
Yenə gülüstana dönər yurdumuz,
Tamam azad olar doğma Qarabağ

İlhamla irəli gedək hər zaman,
İlhamdır müzəffər, Ali komandan.
Qələbə bizimdir, duysun bu cahan,
Son nida “Qarabağ Azərbaycandır!”
Quba, 10.10.2020




Dastan olan oğullar

Hər birisi bir ərəndir, bir ərdir,
Qırx dörd gündə göstərdiyi hünərdir.
İgidlikdə, şücaətdə bir nərdir,
Dastan olan oğulları bu elin.

Hər igidi Mübarizdir, Poladdır,
Xudayarın səsi ruha qanaddır.
Vətənə arxadır, atəşdir, oddur,
Dastan olan oğulları bu elin.

Aman verməz yağılara göz aça,
Ölüm güllələri od, alov saça.
Vətəni hər şeydən tutdular uca,
Dastan olan oğulları bu elin.

Birləşərək yumruq kimi yığıldı,
Onu görən düşmən səfi dağıldı.
Hərbin tarixinə bir örnək oldu,
Dastan olan oğulları bu elin.

Hər bir əsgər sinə gərdi hünərlə,
Qaziləri dözdü əzmi, səbirlə.
Kimi şəhid, kimi döndü zəfərlə,
Dastan olan oğulları bu elin.


Ağlama şəhid anası, ağlama

Hər şəhid daşına pir deyəcəyəm,
Axan göz yaşına dürr deyəcəyəm.
Zamana müəmma, sirr deyəcəyəm,
Ağlama şəhid anası, ağlama.

Bu dünya Adəmdən qalan dünyadır,
Min üzlü, saxtakar, yalan dünyadır.
Adamı pis kökə salan dünyadır,
Ağlama şəhid anası, ağlama.

Dünya haqlıların üzünə gülmür,
Savaşın bitəcək günü bilinmir.
Torpağı uğrunda ölənlər ölmür,
Ağlama şəhid anası, ağlama.

Vətən müqəddəsdir, qorunsun gərək,
Vətən sevgisiylə döyünsün ürək.
Dar gündə yolunda can qurban verək,
Ağlama şəhid anası, ağlama.

Ağlayan gözünün yaşına qurban,
Saçları ağaran başına qurban.
Şəhidimin məzar daşına qurban,
Ağlama şəhid anası, ağlama.

Azərbaycanım

Şairlər məskəni mənim diyarım,
Bakıdır qüdrətim, Xəzərdir canım.
Azadlıq amalım, İslam vüqarım,
Döyünən ürəkdir Azərbaycanım.

Əbədi sevgimdir getsəm hayana,
Qəlbimi vermişəm məni duyana.
Sevincim sığmazdır geniş cahana,
Sonsuz bir diləkdir Azərbaycanım.

Çələnglər toxuyub həvəslə ona,
Hərarət verərəm nəfəslə ona.
Mahnılar oxuyub zil səslə ona,
Deyərəm, ləçəkdir Azərbaycanım.

Sevdalı həyatdır vuran ürəkdə,
Arzudur, ümiddir sonsuz diləkdə.
Tükənməz gücümdür qolda, biləkdə,
Ətirli çicəkdir Azərbaycanım.
20.06.1981



Səsi könlümün

Səyyahtək gəzdikcə geniş cahanı,
Həsrət acısında illər yaşadım.
Toxunub qəlbimin qəm yarasına,
Kədərə bürünmüş niskil daşıdım,
Qalmadı əl tutan kəsi könlümün.

Mən nələr görmədim, nələr duymadım,
Sibirdən dönməyən qatardır dərdim.
Ağrıya, acıya məhəl qoymadım,
Ömür ağacında nübardır dərdim,
Enibdir aşağı pəsi könlümün.

Qələm əlimdədir, qəlbim pərişan,
Ömrüm də az qala yarıya çatıb.
Qalıb deyilməmiş sözüm ərmağan,
Səbrlə dilimin ucunda yatıb,
Deməyin: “Kor qalıb gözü könlümün”.

Boğulmaz içimdə hayım, harayım,
İnləsə cismimdə damarım, qanım.
Qüssəli ürəkdə qəm daşıdıqca,
Ruhuma yük olur könül həyanım,
Dərdə ocaq çatır közü könlümün.

Gözümdə həsrətim yuva salıbdır,
Yolumun üstünə qəm ələnibdir.
Hər sözüm günəşin zərrin şəfəqi,
Deməyin qəlbimdə söz tükənibdir,
Dindirmə, tutular səsi könlümün.

Citta /S.Ərəbistanı


Çatasan qızım

Gördüyün hər işin yetsin uğura,
Mənalı gözlərin bürünsün nura.
Zərif əllərinlə telini dara,
Arzular qoynunda yatasan, qızım.

Yazılan şeirimin mənası sənsən,
Ülvi duyğuların səması sənsən.
Sevinən qəlbimin siması sənsən,
Sevgi dənizində batasan, qızım.

Taleyin baharı üzünə gülsün,
Xoş səsli soraqlar qapına gəlsin.
Xoşbəxt olduğunu el, aləm bilsin,
Kədərin yükünü atasan, qızım.

Yuvanı əziz tut qanad açanda,
Qismətin önünə işıq saçanda.
Büdrəyən arzular səndən qaçanda,
Gümanın telindən tutasan, qızım.

“Tək əldən səs çıxmaz”, budur son sözüm,
İnsana zinətdir dəyanət, dözüm.
Mən getsəm, arxamca qalmasın gözün,
Ülvi arzulara çatasan, qızım.

Camnaqar/ Hindistan,
27.11.2010




15-04-2022, 21:58
SİNƏSİ XATİRƏLƏRLƏ DOLU İNSAN


SİNƏSİ XATİRƏLƏRLƏ DOLU İNSAN

Çoxdan idi düşünürdüm ki, Vərqa müəllim haqqında bir yazı ilə mətbuatda çıxış edim. Xüsusən də onun bu il tamam olacaq 90 illik yubileyi ilə bağlı. Bu yaxınlarda onun vəfat etməsi yazının zamanına və məzmununa az da olsa təsir etdi.
Vərqa Kərimov 1 iyul 1932-ci ildə Göyçə mahalının Daşkənd kəndində Rəsullular nəslində doğulub. Vərqa müəllimə maraqlı və həm də az-az rast gəlinən adı haqqında sual edəndə belə deyərdi: “Mən dünyaya gələndə atam Hüseynlə anam Güldəstə düz 300 il əvvəl Azərbaycan şairi Məsihi tərəfindən Azərbaycan dilində yazılmış “Vərqa və Gülşa” adlı məsnəvinin baş qəhrəmanı Vərqanın adını mənə qoyublar. Deyilənlərə görə, Vərqa adı hələ ondan da qabaq xalq arasında məşhur olan qədim bir əfsanədə də çəkilirmiş. O rəvayəti Göyçədə yaşlılar nağıl kimi danışardılar. Sonralar bu əfsanə unuduldu”.

Belə bir deyim var ki, insana qoyulan ad onun taleyində mühüm rol oynayır. Vərqa müəllimin dediyi əsərin süjet xəttini əmioğlu və əmiqızının məhəbbəti təşkil edir. Elə o da 1957-ci ildə əmisi qızı Xuraman xanımla ailə həyatı qurmuşdur. Bir az da dəqiq desək, Vərqa müəllimin atası Hüseyn ilə Xuraman xalanın atası Fəzi kişi doğmaca əmioğludurlar. Vərqa müəllimlə Xuraman xala sevə-sevə, əzizləyə-əzizləyə iki oğlan, beş qız (Sərdar, Validə, Nəcibə, Aybəniz, Mehman, Gülbəniz, Sima) böyüdüb, boya-başa çatdırıblar. Onların hər birinə təhsil verib, ev-eşik sahibi ediblər. Bu ailə cütlüyü 56 illik şad-xürrəm bir ömür sürdülər. Hər ikisi də Daşkəndlilər üçün, doğmaları üçün çox əziz, doğru yol göstərən insanlar idi. Еlin-obanın hörmət bəslədiyi ağsaqqal-ağbirçək kimi hamı onlardan məsləhət alar, tövsiyələrini qanun hesab edərdilər. 7 avqust 2013-cü ildə Xuraman Fəzi qızının 78 yaşında vəfatı Vərqa müəllimi tənha buraxsa da, övladları və nəvələri onu darıxmağa, sıxıntı çəkməyə qoymadılar. O, nəvə-nəticələrinin əhatəsində ahıllıq dövrünü də gözəl keçirdi. 15 mart 2022-ci ildə Vərqa müəllim 90 yaşında yaşadığı Yeni Daşkənd kəndində vəfat etdi. Uzunömürlülüyün ilk yaşında bu dünyadan köçməyin kədərinin içində bir sevinc də var. Bu yaş az-az adama qismət olur. Bu baxımdan Allahdan onun doğmalarına, övladlarına, nəvələrinə və nəticələrinə belə bir yaş arzulayıram. İnanıram ki, iyirmi beş nəvə-nəticəsi olan baba və nənə daim xoş xatirələrlə anılacaq, yaddaşlardan silinməyəcəklər.
Vərqa müəllimlə Xuraman xala bu sətirlərin müəllifinin qayınatası və qayınanası idi. Hər ikisi Göyçə ilə, Daşkəndlə, nəsil-nəcabətləriylə bağlı maraqlı və zəngin xatirələrə, məlumatlara malik idilər. Topladığım məlumatların deyərdim ki, çox hissəsini Vərqa müəllimin söyləmələrindən qələmə almışam. Bir dəfə adətim üzrə Vərqa müəllimdən Məşədi Qasımla bağlı nəsə soruşdum. O, söhbətə başlar-başlamaz Xuraman xala qayıtdı ki, “A kişi, qoy onu mən danışım”. O da yarı zarafat, yarı ciddi dedi ki, “yaxşı danış, Məşədi Qasım sənin babandı”.
Vərqa müəllimin sinəsi xatirələrlə dolu idi. Nəsə soruşanda saatlara, həm də çox dəqiq danışar, hətta hadisələrin baş verdiyi illəri də müqayisəli şəkildə söyləyər, yorulmaq bilməzdi. Xuraman xala da ondan geri qalmazdı. Çox kiçik yaşlarından gördüyü, böyüklərdən eşitdiyi sözləri, hadisələri hafizəsində cəm etmişdi. O, Aşıq Ələsgərin, Aşıq Nəcəfin, Həsən Xəyallının, Xasay Zeynalovun, atası, el şairi Qəmgin Fəzinin şeirlərini sinədəftər etmiş, yeri gələndə həmin şeirləri xüsusi şövqlə deyərdi. Xuraman Fəzi qızı çox nəcib, xoşxasiyyət, qonaqpərvər, yanımcıl, qohumcanlı bir qadın idi. Evimizdə hərdən ondan söz düşəndə rəhmətlik Pürüzə nənəm deyərdi ki, “Heç bir bacı, heç bir övlad Xuraman ola bilməz”. Çünki Xuraman xala doqquz nəfərlik ailəsiylə yanaşı, xəstə anası Savatın, uzun illər əlil yaşamış qardaşı Qiyasın xidmətində durmuşdu. Belə xeyirxah nəcib işlərdə Vərqa müəllim də həyat yoldaşından geri qalmaz, hətta qaynı Qiyasın həyətyanı sahəsində gözəl bir bağ da salmışdı. O bağ bütün Yeni Daşkəndlilərin şəkil çəkdirmələri üçün gözəl, mənzərəli bir məkan idi. Bu gün hamımızın əlimizdə olan tarixi fotoşəkillər rəhmətlik Qiyas Fəzi oğlunun əl işləridi.

Vərqa Kərimov 1940-cı ildə Daşkənd kənd orta məktəbində ibtidai təhsil almağa başlamışdır. Təhsil müddəti müharibə və ondan sonrakı çətin illərə düşdüyündən, bir neçə il təhsilinə ara verməli olmuşdur. 1952-ci ildə, 9-cu sinifdə oхuyarkən Basarkеçər RHK-dan həqiqi hərbi хidmətə çağırılmışdır. Ukrayna, Moskva və Lеninqradda üç il hərbi хidmət kеçdikdən sonra 1955-ci ildə Bərdə rayonunun Yеni Daşkənd kəndinə gəlmiş və orta məktəbdə təhsilini davam еtdirərək 1957-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbi qurtaran ildən 1961-ci ilə kimi Yеni Daşkənd kənd orta məktəbində təsərrüfat müdiri işləmişdir.
Vərqa müəllim Böyük Vətən müharibəsindən sonrakı ağrılı-acılı, əzablı illərlə bağlı belə danışardı: “Göyçədən piyada arana – Şəmkir rayonunun Keçili kəndinə gələr, orada işləyər, əmək haqqımıza düşən taxılı belimizdə Daşkəndə aparardıq. Çox çətin, qıtlıq, aclıq olan illər idi. Bir neçə ailə ilə birlikdə gəlib gedərdik. Bizimlə Hacıyev Xasay və bacıları, Ocaqverdi oğlu Məhərrəm və qardaşı uşaqları, və başqaları gedərdilər. İçimizdə bircə Ocaqverdi oğlu Məhərrəm kişinin atı vardı. Qalan hamımız piyada, özü də yüklə Göyçəyə qayıdardıq”.
Vərqa müəllimin söylədiyi bu kiçik xatirəyə əlavə olaraq onu da deyim ki, Şəmkir rayonunun Keçili kəndində olarkən nənəm Pürüzənin (Ocaqverdi oğlu Məhərrəmin qardaşı qızı) iki-üç yaşlı qızı orada vəfat etmişdir. İndi biz Daşkəndlə Şəmkir rayonu arasındakı məsafəni göz önümüzə gətirsək və o yerlərin relyefini də nəzərə alsaq onların nə qədər zəhmətə qatlaşdıqlarının şahidi olarıq.
Zəhmətdən heç vaxt usanmayan Vərqa Kərimov 14 aprеl 1962-ci ildə işləmək üçün Sumqayıt şəhərinə gedir. O, 1966-cı ilə qədər Sumqayıt Supеrfosfat Zavodunda işləyir. İşlədiyi müddətdə, yəni 1964-cü ildə Sovеt İttifaqı Komunist Partiyasının üzvü olmuş və 1965-ci ilin yanvarında Sumqayıt şəhərində üç otaqlı mənzillə təmin olunmuşdur. Həmin illərdə Bakı və Sumqayıtda Daşkəndlilərdən yeganə Vərqa müəllimin şəxsi mənzili olub. Bu ev kəndçilərimizdən çoxunun isti yuvası, ali məktəblərə imtahan verməyə gələn abituryentlərin hamısının mənzili olmuşdur. Hətta həmkəndlimiz məşhur riyaziyyatçı Tanrıverdi Hacıyev hər yay bu evdə onlarla uşağı imtahanöncəsi qəbula hazırlayar, həm də bu evdə qalarmışlar. Vərqa müəllimin bu xeyirxahlığından bu gün də həmkəndliləri dönə-dönə ürək dolusu danışırlar.

Elm və təhsil almağa böyük maraq göstərən, heç vaxt təhsilə laqeyd qalmayan Vərqa Kərimov öz təhsilini də davam еtdirmək məqsədi ilə 1966-cı ildə V.İ.Lеnin adına Azərbaycan Pеdaqoji İnstitutunun “Ümumi tехniki fənlər və fizika” fakültəsinə qəbul olmuş, institutu 1972-ci ildə bitirmişdir. Bundan sonra təyinatla 1972–1973-cü illərdə Sumqayıtın Corat qəsəbəsində müəllim işləmişdir. Ailəsi və uşaqları şəhər həyatına alışa bilmədiyindən Vərqa müəllim daimi olaraq Yeni Daşkəndə qayıtmalı olur. Yuxarıda qeyd etmişdik ki, Vərqa müəllim Sumqayıt Supеrfosfat Zavodunda işləmişdir. Elə bu səbəbdən də sonralar bronxial astma xəstəliyinə tutulur. Həkim məsləhət bilir ki, ona dağ havası müsbət təsir edər, uzun müddət yaşamasına səbəb olar. Ona görə də Vərqa müəllim 1976-cı ildə Sumqayıtdakı mənzilini Şuşa şəhərindəki eynisahəli bir mənzillə dəyişir. Hər yay üç ay tətil günlərini səfalı və cənnətməkan Şuşa şəhərində istirahət edir. Cıdır düzündə gəzib, İsa bulağının billur kimi saf suyundan içir. Bu mənzil də eyni ilə Sumqayıtdakı kimi çox qohumların, doğmaların istirahət yeri olur. Bu evdə qalıb istirahət edənlər də həmin günləri ömrün xoş və unudulmaz illəri kimi xatırlayırlar. Vərqa müəllimin övladlarından Sərdar Sumqayıtda, Mehmanla Gülbəniz isə Şuşada bir müddət orta təhsil alıblar.
Vərqa Kərimov 1973-cü ildən 2011-ci ilə qədər Bərdə rayonunun Yеni Daşkənd kənd orta məktəbində müəllim işləmiş, yaşa görə tədrisdən ayrılmışdır.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist


6-04-2022, 20:41
QHT-nin 30 illiyi qeyd edilib
QHT-nin 30 illiyi qeyd edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı Rayon Mərkəzi Kitabxanasında (MKS) “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Mərkəzi Kitabxana Sisteminin direktoru Müşgünaz Muradova, Mədəniyyət işçiləri həmkarlar ittifaqı Qubadlı rayon təşkilatının sədri Yaqub Vəliyev və başqalarının çıxışlarında ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yaradılan münbit şəraitdən bəhs edilib, ölkəmizin ilk QHT-dən olan İctimai Birliyin qurucusu və ilk sədri Kamran Hüseynovun xatirəsi anılıb.
Qeyd olunub ki, son illər Birlik Azərbaycan, Çexiya və Türkiyədə 11 layihə icra edib, Fəxri fərmanlara layiq görülüb, 15 adda kitab buraxdırıb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Meğri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl rayon və Türkiyə nümayəndəliyi var. Birlik hazırda icra etdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində 3 adda - “Şərqi Zəngəzur”, ”Qardaşlığın zəfəri” və “Şəhidlər” kitablarını nəşr edib respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına, QHT və KİV-ə paylayıb.
Sonda İctimai Birliyin nəşr etdirdiyi və MKS-a hədiyyə edilən kitabların sərgisi və təqdimatı olub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!