"Əminəm ki, bu rejim devriləcəkdir".Ənuşirəvan İbrahimi 1926-cı ilin may ayının 12-də İran Astarasında dünyaya gəlmişdir.
Atası Qəni İbrahimi Türkmənistandan tutmuş Qafqazdakı şəhərlərə kimi İran malları göndərən və oradanda da İrana Rusiya mənşəli mallar gətirən təcrübəli tacirlərdən, eləcə də dövrünün tanınmış şəxsiyyətlərindən olan Mirzə Ağabalanın 5 övladından biri olmuşdur. Qəni İbrahimi öz ana dili olan Azərbaycan dilindən başqa fars, ərəb, rus və fransız dillərində sərbəst danışa, yaza və oxuya bilirdi. O, Astara kimi kiçik bir şəhərdə ən savadlı adamlardan biri olmaqla yanaşı müstəqil fikir sahibi və və eyni zamanda da dərin mütaliə qabiliyyətinə malik bir insan idi. Atası Mirzə Ağabala ilə birlikdə uzun müddətə Bakıda və Qafqazın bir çox şəhərlərində olmuş Qəni İbrahimi Bakıda Sosial-Demokrat partiyasının üzvləri, inqilabçı və mübariz insanlarla daha yaxından tanış olur, onların amal, hədəf və siyasi-ictimai platformalarını özününkü hesab edərək onlara qoşulur və Rusiyada baş verən Oktyabr inqilabından sonra Astara və onun ətrafındakı əhali arasında təbliğat və təşviqat işi ilə məşğul olur, İranda “Ədalət” partiyasının təşkilindən sonra ona qoşulur, 1920-ci ilin iyun ayında “Ədalət” partiyasının Ənzəli şəhərində keçirilən 1-ci qurultayında həmin partiyanın İran Kommunist partiyasına çevrildiyi elan olunduqdan sonra Qəni İbrahimi də bu partiyanın ən fəal üzvlərindən birinə çevrilir. Rza xan İranda hakimiyyəti ələ aldıqdan, istibdad rejimini bərqərar etdikdən sonra (1925-ci il) bütün ölkəni milli fəallara və kommunistlərə qarşı siyasi təzyiqlər dalğası bürüyür, onların kütləvi həbsləri başlayır və bu dalğa Qəni İbrahimidən də yan keçmir. O da digər həmməsləkləri sırasında həbs olunur, zindanda ağır işgəncələrə məruz qalır, sonunda uzun bir müddətə - ömrünün sonuna kimi Nəhavənd şəhərinə sürgün olunur.
Qəni İbrahiminin də ailəsində doğulub boya-başa çatan iki oğul və üç qız övladı onun milli-azadlıq və inqilabçı ruhu ilə qidalanmışdılar. Ailənin böyük oğlu Firudin İbrahimi yeniyetməlik illərində və Tehran Universitetinin hüquq fakültəsində oxuduğu dövrdə milli ruhlu bir Azərbaycan mübarizi kimi yetişdi, 21 Azər hərəkatının çox mətin və dönməz bir fədaisi oldu, Azərbaycan Demokrat Firqəsinin, Milli Məclisinin və Milli Hökumətinin qurulması və fəaliyyətində yaxından, bütün varlığı ilə iştirak etdi, bu yolda da canını fəda edərək şəhidlik zirvəsinə ucaldı, Azərbaycanın Milli Qrəmanı adına layiq görüldü.
Ailənin üçüncü övladı olan Ənuşirəvan da atası Qəni və böyük qardaşı Firudin kimi mübarizə meydanına gəldi, uzun illər vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizə apardı və sonunda da atası və qaraşı kimi bu yolda canını fəda etdi.
Ənuşirəvan İbrahimi ibtidai təhsilə doğulduğu Astara şəhərində başlmışdır, amma atası Nəhavənd şəhərinə sürgünə göndərildiyindən ibtidai təhsilini də orada davam etdirməli olur. Sürgün həyatı keçirən və tanınmış inqilabçı ailəsində böyüyüb cəsur və qorxmaz gənc kimi yetişən Ənuşirəvan tərəfindən buraxıla biləcək kiçik bir səhv nəticəsində onun da həyatının acı bir cəhənnəmə çevrilə biləcəyi qorxüsü atasını daima narahat edirdi və o üzdən də Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən, burada Milli Hökumət qurulduqdan (12 dekabr 1945) və Firudin İbrahimi də bu hökumətin Baş prokuroru təyin edildikdən sonra Ənuşirəvan atasının köməyi və məsləhəti ilə Təbrizə gəlir. Milli Hökumət qurulduqdan sonra Təbriz şəhərində təsis edilmiş polis məktəbində 21 Azərin nailiyyətlərini gələcəkdə qorumaq və xalqına xidmət etmək niyyəti ilə təhsil almağa başlayır.
Amma gənc Azərbaycan dövləti yarandığı ilk gündən qara qüvvələrin, böyük siyasi güclərin, Tehran mürtəcelərinin, daxili irticanın təzyiqləri qarşısında dayanmalı olur. Bir il fəaliyyət və mübarizədən sonra şah qoşunlarının hücumu ilə üz-üzə gələn Azərbaycan fədai dəstələri, polis qüvvələri və xalq qoşunları ağır döyüş və kifayət qədər taktiki silahlara, eyni zamanda da onları ala biləcəkləri bir mənbəyə malik olmadıqlarından böyük itki və məğlubiyyətlə qarşılaşmalı olurlar. Bu zaman Firudin və Ənuşirəvan İbrahimi qardaşları düşmən qüvvələri qarşısında dayanmaq, onlarla ölüm-dirim döyüşünə girmək, vətənin azadlıq və istiqlaliyyətini qorumaq məqsədilə gənc könüllülərdən ibarət “Babək” qrupunu təşkil edirlər.
Bütün bunlara baxmayaraq güclü arxaya malik düşmən 21 Azər hərəkatını məğlubiyyətə uğradır, Azərbaycanı qan dəryasına çevirir, minlərlə fədai və firqəçi (25-35 nəfər arasında) sorğu-sualsız gülələnir, 100 min nəfərə yaxın insan hərəkatın iştirakçısı, tərəfdarı və təəssübkeşi sifətilə İranın pis ab-havaya malik cənub rayonlarına sürgün olunurlar, yüzlərlə demokrat zindanlara salınır, firqəçi və demokratların bir hissəsi (16 min nəfərə yaxın) isə şimala, Sovet Azərbaycanına mühacirət etməli olurlar.
Amma Firudin İbrahimi Azərbaycanı və qərar tutduğu Təbrizi tərk etmir, vətəndə qalmağı, düşmənlə sona qədər mübarizə aparmağı üstün tutur və bu münasibətlə də deyir: “ Xalqı bu mübarizəyə biz cəlb etmişik və onları bu şəraitə biz salmışıq. Onları yalnız qoymağa haqqımız yoxdur. Onların yanında qalıb ölmək qaçmaqdan və vətəni tərk etməkdən daha yaxşıdır!”
Belə bir şəraitdə Təbrizə xəbər gəlir ki, şah qoşunları Gilan istiqamətindən Astaraya doğru yürüşə başlamışdır. Firudin qardaşı Ənuşirəvanı yanına çağırır və ona təcili özünü Astaraya çatdırmasını, bacılarının və digər yaxınlarının sərhəddi keçərək Sovet İttifaqına mühacirət etmələrinin qarşısını almağı tapşırır. Ənuşirəvan qardaşının istəyini yerinə yetirmək üçün vaxtı itirmədən Astaraya doğru yola düşür. Sözsüz ki, bu onun üçün çox qorxulu bir tapşırıq idi. Belə ki, Azərbaycan başdan-başa geniş bir zindana çevrilmişdi. Hər yerdə, bütün yollar üzərində, yaşayış məntəqələrinə giriş-çıxışlarda yoxlama postları qoyulmuşdu. Xüsusilə də sərhəd zonasına yaxın ərazidə olan Ərdəbil şəhəri, Təbriz-Ərdəbil arasındakı gediş-gəliş çox ciddi və şiddətli bir şəkildə Tehran mərkəzi hökumətinin polis və hərbi qüvvəlri tərəfindən nəzarətə alınmışdı. Tehrandan bu qüvvələrə qəti şəkildə Azərbaycan Demokrat Firqəsi üzvlərinin, onların havadarlarının aradan çıxmasının qarşısını almaq, onları aşkarladıqda həbs etmək və ya güllələmək əmri verilmişdi.
19-20 yaşlı gənc Ənuşirəvanın belə bir şəraitdə Təbrizdən Astaraya səfəri onun həyatının ən ağır və bəlkə də gələcəyini həll edəcək ən mühüm anlarını təşkil edəcəkdir. Beləliklə, Ənuşirəvan Astaraya tərəf yola düşür və şəhərdən çıxar çıxmaz artıq Tehran məmurları tərəfindən qurulmuş yaxınlıqdakı yoxlama məntəqəsində saxlanılır və dindirilmə başlanır. Bu zaman o bildirir ki, Nəhavənd sakinidir və əslən Azərbaycan dilini də bilmir. Nəhavənddə olduğu müddətdə lor dilini mükəmməl öyrənmiş və bu dildə çox gözəl danışan Ənuşirəvan yoxlama aparan məmurlara bildirir ki, o Nəhavənddən yük gətirmiş sürücünün şagirdidir və mövcud vəziyyəti görən sürücü qorxusundan onu qoyub qaçıb və o da indi öz “doğma” şəhərinə qayıtmaq istəyir. Məmurlar ona inanır və dediklərini qəbul edirlər. Bundan sonra Ənuşirəvan Təbrizdən Ərdəbilə doğru hərəkət edən bir hərbi yük maşını ilə yoluna davam edir. Ərdəbil yaxınlığında yük maşını onu endirir. Qışın soyuğunda, qarın tüğyan etdiyi bu şəhərdə Ənuşirəvanın tanıdığı bir yer və ev olmadığından qapısı açıq olan bir qəhvəxanaya daxil olur, çay-çörək yeyib bir az dincini alır. Gecələmək barədə sual etdikdə, qəhvəxana sahibi bildirir ki, bütün yersiz qonaqlar kimi o da gecəni ümumi şəhər hamamında keçirə bilər, qəhvəxana isə nəzarət altında olduğundan orada qalmaq çox qorxuludur.
Səhəri gün Ərdəbil-Astara yolu üzərində yerləşən Nəmin qəsbəsindəki İsmayıl adlı mehmanxana sahibinin onların ailəsinə yaxın adam olduğunu yadına salır və yolüstü növbəti dayanacaq olaraq oranı seçir. İsmayıl onu dostcasına qarşılayır, ikinci mərtəbədə Ənuşirəvana otaq da verir. Bu otaqda o, 21 Azər hərəkatının qələbəsindən sonra Azərbaycan Milli Hökuməti tərfindən Astara şəhərinin polis rəisi təyin olunmuş Məhəmməd Həbibi ilə qalmalı olur. Həmin gecə oraya gecələmək üçün Ənuşirəvanın gələcək siyasi həyat və fəaliyyətində çox mühüm rol oynayacaq Əmirəli Lahrudi adlı bir gənc də gəlir. Onlar iki gecə burada birlikdə qaldıqdan sonra mehmanxana sahibi İsmayıl onlara yaxınlaşıb bildirir ki, bir neçə saat sonra Astaraya doğru bir neçə hərbi yük maşını hərəkət edəcəkdir və bu, onlara öz səfərlərini ən az risklə davam etdirmək üçün çox əlverişli bir fürsətdir. Hər bir nəfər Azərbaycan dilini əslən bilməyən hərbi yük maşınının sürücüsünə 2 tümən yol pulu verməklə Astaraya tərəf yollarına davam edərək müharibə vəziyətində olan, küçələri qalaq-qalaq meyidlərlə dolu olan Ərdəbili geridə buraxırlar və günəş qürub etməyə yaxın çovğun və güclü qar yağıntısı nəticəsində tamamilə bağlanmış Heyran gədiyinə çatırlar. Gecəni avtobus və hərbi maşınların sürücüsü ilə dolu olan bir qəhvəxanada keçirirlər, səhər tezdən isə bir çoxları kimi oradan çıxıb pay-piyada Heyran gədiyinə doğru hərəkət edirlər. Yolda Əmirəli Lahrudi və Məhəmməd Həbibi ondan ayrılırlar, Ənuşirəvan qarşıda bir neçə kilometrlik məsafədə olan Astaraya doğru yoluna tək olaraq davam etməli olur.
Qeyd etmək lazımdır ki, bu zamanlarda Heyran gədiyindən Astaraya kimi məkəzi hökumət tərəfindən sərhəddi keçərək Sovet İttifaqına mühacirət edə biləcək azadlıqsevərlərin və firqə üzvlərinin qarşısını almaq məqsədilə yol boyu bir-birinə çox yaxın məsafələrdə olan yoxlama məntəqələri qurulmuşdu.
Yolun ağırlığından, sərt soyuqdan və aclıqdan bərk yorulmuş Ənuşirəvan yolunun üstündəki ilk qəhvəxanaya daxil olur, sobanın kənarında oturub dincəlir, çay içib çörək yeyərkən uşaqlıqdan yaxşı tanıdığı astaralı bir tanışı ilə rastlaşır, görüşür, hal-əhval tutur. Ona çox inanan Ənuşirəvan onun müvafiq suallarının müqabilində atası və qardaşı Firudinin vəziyyəti, Astaraya səfərinin məqsədi haqqında ətraflı cavab verir və əvəzində isə o, Ənuşirəvana yalan danışaraq Astarada vəziyyətin yaxşı və sakit olduğunu bildirir. Buradakı fəaliyyətinə gəlincə isə bildirir ki, müəyyən məbləğ pul müqabilində bu yolla gedənlərə yoxlanılmadan keçib getmələrinə kömək edir. Onun cavabı Ənuşirəvanı şübhəyə salır və bu qənaətə gəlir ki, tanışı ona doğru olanı demir, yalan danışır, məqsədi də tamamilə başqadır.
Ənuşirəvan piyada yoluna davam edir və birdən hiss hedir ki, həmin tanışı və onunla gələn başqa bir nəfər onu təqib edirlər. Ənuşirəvan artıq bütün vücudu ilə qarşılaşdığı təhlükəni hiss edir və başa düşür ki, onların əlindən asanlıqla qurtara bilməyəcəkdir. O, özünü Astara çayı boyunca uzanan yolun kənarındakı sıldırımdan aşağı atır və fikirləşir ki, sağ qalsa, çay boyu hərəkət edib özünü doğma şəhəri Astaraya çatdıra biləcəkdir.
Qarlı sıldırımdan sürüşüb çayın kənarına düşən Ənuşirəvan burada iki Sovet sərhəd keşikçisi ilə qarşılaşır və Astaraya səfərinin məqsədini onlara olduğu kimi danışır. Əsgərlər ona bildirirlər ki, Astarada kimsə qalmayıb və şəhər tamamilə boşalıb. Ona məsləhət görürlər ki, öz yaxınlarını və qohumlarını sərhəddi keçib Sovet İttifaqına pənah gətirənlər arasında axtarsın. Eyni zamanda ona bildirirlər ki, məqsədləri ona kömək etməkdir, əgər qəbul etmək istəmirsə, geriyə qayıda bilər, çünki sərhəd hələ ki, bağlanmayıb, gediş-gəliş azaddır. Ənuşirəvanın sərhədiçəlirin təklifini qəbul etməkdən başqa bir çarəsi qalmır.
Ənuşirəvan bir az öncə tərk etdiyi məkana tərəf baxır, hər şey – bir az çay içib çörək yediyi qəhvəxana, onu saxlayıb yoxlayacaq və taleyinə hökm verəcək yoxlama məntəqəsi aydınca görünür. Onun bu məkana növbəti, ikinci baxışı düz 32 il sürəcəkdir!
Onu Sovet Azərbaycanı tərəfindəki Astara keçid məntəqəsinə gətirirlər. Orada Əmirəli Lahrudi və Məhəmməd Həbibi ilə bir otaqda yerləşdirilir. Səhəri gün onları Lənkərana sərhəd hərbi qərargahına gətirirlər. Qısa sorğu-sualdan sonra onları sərhəd həbsxanasına təhvil verirlər və bir həftə müddətində orada qalmalı olurlar. Ənuşirəvan burada bərk xəstələnir, qızdırması yüksəlir və onu xəstəxanaya aparmalı olurlar.
Sağaldıqdan sonra onu birbaşa bacılarının və qohumlarının yanına gətirilər. Ənuşirəvan qardaşı Firudinin ismarıcını çatdırır, bacısı İrəc qohumlarla məsləhətləşir və yekdilliklə qərara alınır ki, onlar geriyə öz evlərinə, İran Astarasına qayıtsınlar. Sovet Azərbaycanına keçmiş İbrahimilər ailəsi sərhəd keçid məntəqəsinə yaxınlaşdıqda onlara bildirilir ki, sərhəddi azad surətdə keçmək üçün təyin olunmuş vaxt artıq bitmişdir və sərhədlər tamamilə bağlanmışdır və onların geriyə dönməsi qeyri mümkündür, İran və Sovet İttifaqının müvafiq məqamları arasında onlar haqqında müvafiq qərar qəbul edilənədək gözləməlidirlər.
Bununla da İbrahimilr ailəsi iki yerə parçalanmış oldu. Ata Qəni İbrahimi, ana Fatimə Şirvani, Firudin və böyük bacı İqlimə Arazdan cənubda, Ənuşirəvan, İrəc və İrandoxt bacıları, onların həyat yoldaşları isə şimalda, Sovet Azərbaycanında yeni həyata başlamalı olurlar.
Azərbaycan Milli Hökumətinin Baş prokuroru olan Firudin İbrahimi son gülləsinə kimi düşmənlə üz-üzə dayandı, əsir düşdu, Təbriz və Tehran zindanlarında ona olmazın işgəncələr verildi və nəhayətdə bütün vücudu və varlığı ilə Azərbaycana və xalqına bağlı, onun azadlığı uğrunda amalına, hədəfinə, məsləkinə sadiq və dönməz olan 29 yaşlı vətənpərvər gənc mübariz dara çəkildi və şəhid oldu.
Müharibədən sonrakı ağır sosial-iqtisadi çətinliklərə baxmayaraq, Cənubdan Şimala mühacirət etmiş 21 Azər hərəkatı iştirakçıları, firqəçilr, fədailər və onların ailələri üçün münasib yaşayış şəraiti yaradıldı, onlar işlə təmin edildilər, orta və ali təhsil almaları üçün də hər cür şərait yaradıldı. Ənuşirəvan və bacıları da bu münasib şəraitdən istifadə etdilər, təhsil almaq üçün öncə yerləşdikləri Mərdəkandan Bakıya daşındılar.
Ənuşirəvan da təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada “İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə reaksiyaya qarşı mübarizəsi (İXP-nin (T) Məclisdə və hökumətin tərkibində fəaliyyəti timsalında)” adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır. Təəssüf ki, bu dissertasiya işi qapalı şurada müdafiə olunur və çapına da icazə verilmir. Bununla belə bu mövzu Cənubi Azərbaycanda xalqımızın azadlıq və milli-demokratik hüquqalar uğrunda mübarizəsinin ən aktual və mühüm problemlərindən birinə həsr olunmuşdur. Belə ki, Iranda XIV Məclisə seçkilər zamanı (seçkilər 1943-cü ilin iyun ayında başlamış və 1944-cü ilin 26 fevral günü Məclisin ilk açılış iclası olmuşdur) 15786 seçici səsi qazanan Azərbaycan nümayəndəsi S.C.Pişəvəri deputat kürsüsündə yer tutmasına baxmayaraq, onun mandatı Məclisin 13 iyul 1944-cü il tarixli iclasında onunla seçkilərdə deputat kürsüsü uğrunda mübarizə aparmış deputatların heç bir qanuni və hüquqi əsası olmayan səsverməsi yolu ləğv edilir (iclasda iştirak edən 99 deputatdan 48 nəfəri Pişəvərinin deputat mandatının ləğvinin lehinə, 48 nəfər əleyhinə səs verir və 3 nəfər isə bitərəf qalır). Bu hadisədən 10 gün öncə, yəni 3 iyul 1944-cü il tarixində eyni senari ilə Təbrizdən deputat seçilmiş Rəhim Xoinin də mandatı ləğv olunmuşdur. Bütün bunlar heç bir qanuni və məntiqi izahını tapmamışdır. Beləki, “əksəriyyət məclisdə iştirak edənlərin yarısından çoxunun səs verdiyi zaman əldə edilir” mövqeyini təsdiqləyən İran Konstitusiyasının 7-ci maddəsinə görə, Pişəvəri və Xoinin mandatları ləğv edilmiş sayılmamalı idi. Bununla belə Pişəvəri və Xoinin mandatlarının qanuniliyi məsələsi açıq qaldı. Nəticədə üstünlük irtica nümayəndələri tərəfində olduğundan birincilərin mandatları əməldə ləğv edildi. Əslində nə baş vermişdi? Məclisin mütərəqqi və azadlıqsevər millət vəkilləri dəfələrlə Azərbaycan millət vəkillərinə qarşı irtica tərəfindən qəbul edilən bu düşmən mövqeyə və qəbul edilən qeyri-qanuni akta etirazlarını bildirsələr də, Tudə partiyasının məclisdəki nümayəndələri öz qəti mövqelərini ortaya qoymamışlar və hətta ola bilsin ki, gizli səsvermədə tərkibində erməni və farsların da olduğu “Tudə” farksiyasının nümayəndələri Pişəvəri və Xoinin mandatının müdafiəsi üçün səslərini əsirgəmişlər. Çünki kommunist əqidəsində olmayan, İran xalqlarını rejimin zülm siyasətinə qarşı və milli hüquqlarının əldə edilməsi uğrunda mübarizəyə səsləyən bu şəxslərin mövqeləri Tudə partiyasının proqram və məramnaməsinə uyğun gəlmirdi. Beləki, İran Xalq Partiyasının Məclisdəki deputatlarının “İnsanların xoşbəxtliyini və unudulmuş hüquqlarını təmin etmək barədə” proqramında, eləcə də 14-cü çağırış Məclisinə təqdim edəcəkləri minimum qanun layihələrində Rza şah rejimi tərəfindən milli zülm siyasəti yeridilmiş İran kimi çoxmillətli bir ölkədə milli məsələ barədə heç bir mövqe əks olunmurdu. Tudənin Azərbaycan nümayəndələri Pişəvəriyə və Xoiyə qarşı məlum mövqeyi sonuncuların mandatları ləğv edildikdən sonra verdikləri və rəsmi orqanlarında da dərc olunan bəyanatlarından açıq-aydın görünürdü. Həmin mövqe belə idi: “Əgər S.C.Pişəvəri “Tudə” fraksiyasına qoşulsaydı, irticanın İran Xalq Partiyasına (Tudəyə) qarşı düşmən münasibətinə baxmayaraq, onun üzvlərinin mandatlarını ləğv edə bilmədiyi kimi, onlarla eyni şəraitə malik Pişəvərinin də deputat mandatını ləğv edə bilməzdi”. Qeyd edilən bütün bu şəraiti və mövqeləri nəzərə almaqla Ənuşirəvan İbrahiminin Moskvada qapalı şurada müdafiə etdiyi dissertasiya işinin Azərbaycan dilinə tərcüməsi və nəşri sonrakı uzun illər (1952-1992) Tudə ilə ADF arasında yaşanmış və ört-basdır edilmiş gərgin münasibətlərə aydınlıq gətirməyə, bu məsələnin işıqlandırılmasına, doğru-düzgün məntiqi nəticələrin əldə olunmasına, müvafiq partiya və siyasi təşkilatların öz ideya-siyasi istiqamətlərini müəyyənləşdirmələrinə, İran xalqlarının milli-mədəni və milli-demokratik hüquqlar uğrunda mübarizəsində birgə mümkün hərəkət xəttini müəyyənəşdirmələrinə kömək etmiş olardı.
Bir neçə xarici dildə sərbəst danışa bilən Ənuşirəvan İbrahimi Bakıda ingilis dili üzrə də ali təhsil alır və bu zaman o, gələcək həyat yoldaşı Rəfiqə xanım Axundova ilə tanış olur, onunla ailə qurur və nəticədə Firudin, Fuad və Fəramərz adlarında üç oğul övladları dünyaya gəlir. Ənuşirəvan milli qəhrəman və şəhid olan böyük qardaşının xatirəsinə hörmətin ifadəsi olaraq öz böyük oğluna Firudin adı verirmişdir. Firudin də öz əmisinin yolunu davam etdirmək məqsədilə hüquq təhsili alır və 39 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında çalışır. Ənuşirəvanın digər övladları, Fuad tibb təhsili alaraq cərrah ixtisasını qazanır, Fəramərz isə iqtisadçı olur.
Ənuşirəvanın mühacirətdəki həyatının əsas hissəsini onun siyasi fəaliyyəti təşkil edir. O, Azərbaycan Demokrat Firqəsinin (ADF) fəal və nüvuzlu üvlərindən birinə çevrilir. Burada fəaliyyətinə cavanlar təşkilatından başlayır və firqənin mərkəzi komitəsinin üzvlüyünə qədər yüksəlir. O dəfələrlə ADF-nin cavanlar təşkilatı adından dünya demokrat cavanlarının beynəlxalq konfrans və seminarlarında iştirak edir, dünya ölkələrində fəaliyyət göstərən digər sol və demokrat partiyaların nümayəndələri ilə tanış olur, İtaliya, Kuba, İraq və bu kimi bir sıra ölkələrin azadlıq və demokratik hərəkatlarının təşkilatçıları ilə fəal ünsiyyətdə olur, onlarla yaxından əməkdaşlıq edir, fikir mübadiləsi aparır, faydalı təcrübələr qazanır.
Azərbaycan Demokrat Firqəsi (ADF) 21 Azər hərəkatından sonra Sovet Azərbaycanına mühacirət etmiş fədai və firqəçilərin məskunlaşdıqları bütün rayon, şəhər və qəsəbələrdə öz təşkilat və şöbələrini yaratmaqla öz fəaliyyətini yenidən təşkil edir.
İran neftinin milliləşdirilməsi uğrunda baş vermiş 1951-1953-cü illər antiimperialist və milli-azadlıq hərəkatının yatırılmasından, xüsusilə də 28 avqust 1953-cü il dövlət çevrilişindən sonra irtica rejiminin təhlükəzislik qüvvələri tərəfindən şiddətli basqılara məruz qalan İran Xalq Partiyası (Tudə) rəhbərləri və üzvləri də xaricə mühacirət edir və xüsusilə sosialist düşərgələri ölkələrinin Moskva, Sofiya, Praqa, Berlin (Şərqi Almaniya) kimi şəhərlərində məskunlaşırlar.
Bu dövrdən də başlayaraq ideoloji mübarizəyə daha çox fikir verən Tudə ADF-nin fəhlə partiyası olması mövqeyindən çıxış edərək özünün elə ilk mühacirət illərindən (1953) İranda vahid fəhlə partiyasının yaradılması mövqeyini ortaya qoymuş və göstərmişdir ki, bir ölkədə bir neçə müstəqil fəhlə partiyasının fəaliyyəti qələbəni təmin edə biləcək birliyi nəinki pozur, hətta onun parçalanması üçün şərait yaradır və mövqeləri zəiflədir.
Halbuki ADF yaranarkən onun ictimai tərkibinin 8 faizini fəhlə və sənətkarlar, 69,5 faizini kəndlilər (varlı, orta və kasıb təbəqələr birlikdə), 4,5 faizini ziyalılar, 6 faizini mülkədarlar, 13 faizini isə cəmiyyətin başqa təbəqələri təşkil etmişlər. Bu o deməkdir ki, firqə kommunist ideologiyasının daşıyıcısı ola bilməzdi. ADF yarandığı gündən keçən qısa zaman kəsiyində onun sıralarında cəmiyyətin müxtəlif təbəqələrindən olan 200 min nəfərdən çox firqəçi birləşmişdi. Tudə rəhbərləri özlərini müstəqil və azad, ADF-ni isə Sovet İttifaqı Kommunist partiyasının göstərişi və təşəbbüsü ilə yaradılan bir partiya kimi qələmə verməyə çalışmışlar. Hətta, Cənubi Azərbaycanda demokratik hərəkatın məğlubiyyətindən keçən iki il ərzində belə Tudə leqal şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, İranda qalmış ADF üzvlərini birləşdirmək üçün heç bir təşəbbüs göstərməmişdir. Bu hal isə öz növbəsində ADF yerli təşkilatlarını çaşdırmış və irticaçı ünsürlərin təxribatçı fəaliyyəti üçün imkan yaratmışdır.
1960-cı ilə kimi ADF və İran Xalq Partiyası (İXP) rəhbərləri arasında ideoloji mübarizə davam etmiş, hər tərəf öz mövqeyinin düzgünlüyünü müdafiə etməyə çalışmış və nəticədə o dövrkü Sov.İKP rəhbərliyinin məsləhət və göstərişlərini (Sov.İKP MK Siaysi Bürosunun üzvü Suslovun 11 yanvar 1957-ci il tarixli məsləhətini) əldə rəhbər tutan “demokratlar” və “tudəçilər” İXP-nin qələbəsini təmin etmişlər.
1960-cı il avqust ayının 1-2-də ADF və İXP MK üzvlərinin iştirakı ilə “Vəhdət konfransı” keçirilir və nəticədə müxtəlif sosial bazaya və hədəflərə malik bu iki siyasi təşkilatın “fəhlə sinfinin vahid təşkilatı” ünvanında birləşdirilməsi gerçəkləşir. Konfransda demokratlara təsəlli və ümid verən yeganə məsələ bu oldu ki, ADF öz adını və MK-sını saxlamaq şərtilə İXP-nin Azərbaycan Əyalət komitəsi kimi təsdiq olundu. Beləliklə, ADF-nin müstəqil partiya kimi fəaliyyətinə yekun vurulmuş oldu.
Ənuşirəvan İbrahimi də 1960-cı il “Vəhdət konfransı”nda Azərbaycan Demokrat Firqəsinin nümayəndələri sırasında fəal iştirak edənlərdən biri olmuşdur. O da öz xatirələrində təsdiqləyir ki, həqiqətdə bu konfransın qərarı ilə ADF zorla Tudə içərisinə yerləşdirildi.
Sözügedən konfransın digər müvafiq qərarları ilə ADF sədri Daneşian Qulam Yəhya İXP İcraiyyə Heyətinin üzvü, Əmirəli Lahrudi isə İcraiyyə Heyətinin müşavir üzvü seçilirlər. Bir müddət Şərqi Almaniyada siyasi fəaliyyətlə məşğul olan Ə.Lahrudi İXP İcraiyyə Heyətinin qərarı ilə Sovet Azərbaycanına qayıdır və onun yerinə Berlinə Ənuşirəvan İbrahimi göndərilir. O, 1978-1979-cu illər inqilabı baş verənə kimi İXP İcraiyyə Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiyə, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlarının işlərinə rəhbərlik edir.
İrana dönüş. 1978-1979-cu illər inqilabı nəticəsində şahlıq rejimi devrildikdən sonra Ənuşirəvan İbrahimi də İXP rəhbərləri sırasında Şərqi Almaniyadan birbaşa İrana gəlib yerləşir. İXP-nin şəhər, vilayət və əyalət təşkilatları bütün ölk üzrə fəaliyyətini bərpa edərək işə başlayır.
Ənuşirəvan İbrahimi də Təbriz şəhərində İXP-nin Azərbaycan əyalət təşkilatının (Azərbaycan Demokrat Firqəsinin) katibi ünvanında fəaliyyətə başlayır.
32 il ayrılıqdan sonra vətənə dönən Ənuşirəvan Qaimşəhərdə bacısı İqlimənin nəvəsi Firəngizin yanında yaşayan ağbirçək anası Fatimə xanımın görüşünə gedir. Qarşıdakı bu görüşdən xəbərdar olan İqlimə xanım da oraya yollanır. Burada ana-oğul, bacı-qardaş, nəvələr, nəticələr görüşür, Ənuşirəvan anasının qarşısında diz çökür, ona çəkdirdiyi iztirablara və verdiyi əzablara görə dönə-dönə üzr istəyir. Ənuşirəvan bacısı İqlimənin həyat yoldaşı və uşaqları ilə tanış olarkən bacısı özünün dörd oğlunu ona təqdim edərək deyir: “Bunlar sənin fədailərindirlər!” Onlar da dayılarına sarılır, üz-gözündən, əllərindən öpürlər.
Bu görüşdən bir neçə gün sonra Ənuşirəvan 2 günlüyünə Nəhavənd şəhərinə gedir, atası Qəni İbrahiminin qəbrini ziyarət edir, önündə baş əyir. Uşaqlığını keçirdiyi və təhsil aldığı bu kiçik şəhəri bir daha dolanır, dostları-tanışları xatırlayır.
Nəhavəndə səfərindən iki sonra Ənuşirəvan Tehrana, oradan da Təbrizə gəlir. Burada ilk öncə 21 Azər yadigarı, Azərbaycan millətinin qəhrəman oğlu, Milli Hökumətin Baş prokuroru və xalqının azadlığı yolunda şəhid olmuş böyük qardaşı Firudin İbrahiminin məzarını ziyarət etmək üçün “Ağalı” (bugünkü “İmamiyyə”) qəbirstanlığına baş çəkir. Firudinin məzarı önündə dayanaraq astaca ona bunları söyləyir: “Əziz qardaşım! Böyük ustadım! Mən çox istədim ki, son ana qədər sənin yanında olum. Amma sənin tapşırığına əməl etmək məni səndən ayırdı. Mən bütün bu illər boyu səninlə birlikdə yaşamışam və mənə öyrətdiyin hər şeyə əməl etmişəm. Sənə qovuşmaq üçün də yolunu davam etdirirəm.”
Azərbaycan Demokrat Firqəsi (Tudənin əyalət komitəsi) 32 ildən sonra Ənuşirəvan İbrahiminin rəhbərliyi altında yenidən özünün açıq və qanuni fəaliyyətinə başladı. ADF-nin orqanı “Azərbaycan” qəzeti yenidən ana dilində öz nəşrini bərpa etdi. Bu dəfə Ənuşirəvan özü şəhid qardaşı Firudinin yolunu davam etdirərək qəzetdə məqalələr dərc və hər sayda gedən məqalələri redaktə edir. “Azərbaycan” qəzeti ətrafında Ənuşirəvan İbrahimi ilə yanaşı ADF-nin mühacirətdə olan Mərkəzi Komitəsinin üzvlərindən Seyidağa Onullahi, Məhəmməd Hüseyn Xoşginabi, Tağı Musəvi, Mirvahab Əfxəmi, Məhəmməd Əli Fərid, Məhəmmədəli Müciri, Fəqih, İrandoxt İbrahimi, Firidun Kazimi, Abdulla Əmir Haşimi (Cavanşir) və başqaları birləşdilər, Azərbaycan xalqının milli-demokratik və mədəni hüquqlarının əldə edilməsi uğrunda birlikdə, çiyin-çiyinə mübarizəni davam etdirdilər.
Ənuşirəvan İbrahimi öz işinin vurğunu idi. Gecə-gündüz çalışırdı, təşkilat işləri ilə məşğul olurdu. Azərbaycanın şəhər və qəsəbələrində ADF-nin şöbələrinin yaradılması və açılışında şəxsən özü iştirak edirdi, həmin şöbələrə rəhbərlərin təyin olunması işinə də çox ciddi, ehtiyatlı, diqqətli və həssaslıqla yanaşırdı, hətta ən kiçik detalları belə nəzərdən qaçırmırdı. İşlərin təşkilində tələbkar olduğu qədər də insanlarla münasibətində çox sadə və təvazökar bir xarakterə malik idi. Ona görə də firqəçilər, dostlar və xalq arasında qısa bir müddətdə böyük nüfuz sahibi olmaqla yanaşı Firqənin statusunu da çox yüksəklərə qaldıra bildi.
“Azərbaycan” qəzeti öz səhifələrində sadə ana dilində cəmiyyətdəki müxtəlif təbəqələrin sosial-iqtisadi durmunu şərh edir, onların yaxşılaşdırılması üçün bu vasitə ilə inqilab komitələri qarşısında məsələ qaldırırdı. Qəzet “Kargərlər (fəhlələr - S.B.) qələbə çaldı” başlıqlı məqaləsində yazırdı ki, 1979-cu ilin dekabr ayının 13-də səhər çağı Təbriz kərpic zavodunun fəhlələri və yükdaşıyan maşınların sürücülərindən 2500 nəfəri tətil etmişlər. Tətil edənlər mənzil haqqı, uşaq pulu, ərzaq haqqı, cümə və rəsmi tətil günlərində zəhmət haqqı, ildə iki dəst iş paltarı verilməsini tələb etmişlər.
Qəzet eyni zamanda da uzun illərdən bəri sıxıntı, ehtiyac içərisində yaşayan və onlardan alınan müxtəlif növ vergilərin ağırlığından əziyyət çəkən kəndlilərin tələblərini öz səhifələrində əks etdirərək yazırdı ki, “Azərbaycan kəndlərinin də hamısında acınacaqlı vəziyyət hökm sürür, 80 ailə yaşayan Çarvarud kəndi Azərşəhrin (Tufarqan) ətrafında yerləşir. Bu kəndin əkinçiləri hələ də ibtidai vəsaitələrlə əkin əkirlər. Kəndin maldarları heyvanlar üçün yem azlığından korluq çəkirlər. Əkinçilər dörddə bir bəhrə hesabı ilə malikə rəiyyətlik edirlər. Azyaşlı uşaqların çoxu qali (xalça – S.B.) toxumaqla məşğuldur. Qali toxuyanların 60%-i 15 yaşdan aşağı uşaqlardır. Kəndin caddəsi (yolu- S.B.) xarab haldadır. Fəqət bir bulaqdan içməli su üçün istifadə edilir....” .
Azərbaycanın şəhər və kəndlərində belə bir vəziyyətin hökm sürdüyü vaxtda onların öz ana dillərində qəzet, jurnal əldə etmələri, oxumaları, savadlanmaları, hər şeyi yerində dərk etmələri, düzgün başa düşmələri, necə hərəkət etmək lazım gəldiyini bilmələri olduqca vacib idi. Bununla belə inqilabdan sonra da ana dilində dövri mətbuatın yayılmasına mane olanlar çox idi.
ADF-nin adıgedən məsullarının və firqə təəssübkeşlərinin dəstəyi ilə "Yoldaş” və “Dədə qorqud” jurnalları işıq üzü gördü, 300-dən artıq üzvü olan Azərbaycan Şair və Yazıçılar Cəmiyyəti yaradıldı.
Mövcud vəziyyət barədə “Yoldaş” jurnalına göndərilən məktubların birində yazırdılar ki, Azərbaycan dilində çap olan qəzet və dərgilər ... bu günlərdə ən böyük çətinliklərlə üzləşiblər. Gündə bir bucaqdan xəbər verirlər ki, filan kənddə və ya şəhərdə filan jurnal və ya qəzeti yığışdırıblar, onların bəzilərini od vurmaqla hədələyirlər. “Yoldaş” və başqa qəzet və dərgilər Ərdəbildə, Təbrizdə, Urmiyada yayıla bilmir və ya yayılandan sonra inqilab komitələri tərəfindən yığılırlar .
Tudənin təkibində ADF-yə müxalif olan bir sıra rəhbər məqamlar, o cümlədən ona rəhbərlik edən Kiyanuri özü də “Azərbaycan” qəzetinin nəşri dayandırıldıqdan sonra əslində bir rahatlıq tapdılar. Tudənin belə bir mövqe tutması, İrandakı digər siyasi təşkilat və partiyaların milli-demokratik hüquqların əldə edilməsi uğrundakı mübarizələrini dəstəkləməməsi aşağıdakı şərh olunan iki başlıca məsələ, daha doğrusu inqilabın xarakteri və inkişaf istiqamətləri ilə bağlı idi.
1978-1979-cu illər İran inqilabının iki və eyni zamanda da bir-birinə bağlı cəhətləri vardı: biri demokratik, digəri isə antiimperialist. Hələ İran Fevral inqilabından əvvəl onun astanasında baş verən ilk çıxışlarda, eləcə də sonrakı şəhər həyəcanlarında şəhərin orta təbəqələri (xırda burjuaziya), onlara bağlı olan fəhlələrin bir hissəsi iştirak edirdi. Hərəkatda iştirak edən əsas qüvvələrin tərkibi İran inqilabının birinci mərhələsinin əsas xarakterini və siyasi istiqamətini müəyyənləşdirirdi. Birinci mərhələnin əsas xüsusiyyəti ondan ibarət idi ki, ona müxalifətdə üstünlük təşkil edən iri şiə üləmaları rəhbərlik edirdilər. Birinci mərhələnin digər xüsusiyyətlərindən biri də o idi ki, mahiyyətcə bir-birindən çox uzaq olan, ideya-siyasi münasibətlərində bir-birindən fərqlənən qüvvələr arasında təbii olaraq həmrəylik yaranmışdı. Bu da ondan irəli gəlirdi ki, hərəkatın ümumi məqsədi şah rejimini devirmək idi.
Demokratik qüvvələrin də siyasi mübarizəyə qoşulmaları siyasi qüvvələrin vəziyyətini müxalifətin xeyrinə dəyişdi və bundan sonra antişah hərəkatda demokratik meyl və cərəyanların rolu əhəmiyyətli dərəcədə artdı. Bundan sonra inqilab mahiyyətcə ümumxalq xarakteri aldı. Elə bu vaxtdan etibarən müxalifətçi hərəkata sənaye proletariatı, qulluqçular, tələbələr, ziyalılar və yuxarı sinif şagirdləri də qoşuldular.
1978-ci ilin noyabr ayının sonundan inqilabın ikinci mərhələsi başladı və bu mərhələ imperialist dairələrin İrana güclü təzyiqi ilə bağlı oldu. Beləki, ABŞ bir sıra Qərb dövlətlərini də İranda şah rejiminə kömək etməyə təhrik edirdi. Bütün bunlar da ABŞ və Qərb dövlətlərinə münasibətdə İran ictimaiyyətində daha böyük hiddətə səbəb oldu .
Belə bir şəraitdə Tudə rəhbərliyi milli qüvvələrin, o sırada ADF-nin, onun ətrafında birləşən və ona dəstək verən milli fəalların muxtariyyət, iş, torpaq, mütərəqqi milli mətbuat istəklərini lazım olan səviyyədə dəstəkləmədi, bunun müqabilində özünü hətta fəhlə sinfinə deyil, inqilabın əsas sosial bazasını təşkil edən orta təbəqəyə (xırda burjuaziyaya) yaxın gördü, onların dəstəyindən istifadə etmək qərarına gəldi.
İran Xalq Partiyası özünün bütün üzvlərini və tərəfdarlarını, bütün İran xalqını imperializm əleyhinə, ABŞ-a qarşı mübarizədə bütün xalq qüvvələrinin birliyinin mökəmlənməsi, eyni zamanda antiimperialist və xalq ruhlu İmam Xomeyni hakimiyyətini dəstəkləmək xatirinə, mümkün olduğu qədər, tez bir zamanda Əsas Qanunla bağlı referendumda (səsvermədə) iştiraka və bu sənədə müsbət rəy verməyə dəvət etdi.
Tudə rəhbərləri Təbrizdə və Azərbaycanın bir sıra şəhər, rayon və qəsəbələrində İran Xalq partiyasının Azərbaycan əyalət təşkilatı (ADF) adından “Hezb-e Tude-ye İranın Azərbaycan təşkilatı olan ADF Əsas Qanuna müsbət rəy verir!”, “Əsas Qanuna müsbət rəy vermək Amerika imperializminə dişsındırıcı cavabdır!”, “Əsas Qanuna müsbət rəy verməklə zidd imperialist və inqilabi qüvvələrin vahid cəbhədə birləşməsinə təsirli kömək edək!” kimi şüarların yayılmasını təşkil etdi.
Ənuşirəvan İbrahimi Tudə partiyasının namizədi kimi İran İslam Respublikasının ilk parlament seçkilərinə də qatıldı və Tudənin digər namizədi olan Cövdət ilə birlikdə dəfələrlə seçki öncəsi televiziya debatlarında iştirak etdi. Bu televiziya debatlarında Tudə və ADF-nin mövqeyi ilə müxalif olanlarla eyni mövqedə dayanan veriliş aparıcıları özləri Azərbaycan Demokrat Firqəsinin tarixini saxtalaşdırmağa cəhd göstərəndə belə 21 Azər hadisələrinin, Azərbaycan Milli Hökumətinin bir illik hakimiyyəti dövründə firqənin fəaliyyətinin canlı şahidi olmuş Ənuşirəvan İbrahimi aydın, məntiqi, inkaredilməz dəlillərlə onların bütün suallarına və onların yalan böhtanlarına əsaslı və inandırıcı cavablar verirdi. Onun bu televiziya debatlarındakı deyimləri və mövqeyi ailələrdə, cavanlar, yaşlılar və cəmiyyətin müxtəlif təbəqələri arasında geniş müzakirələrə səbəb olmuşdu, firqəyə, onun fəaliyyətinə, keçdiyi tarixi yola, gördüyü işlərə maraq çox artmışdı. Yeni yaranmış islam rejimi bu debatları və orada müzakirə olunan məsələləri öz ziyanına bilib həmin verilişlərin yayımlanmasını tamamilə dayandırır. Ənuşirəvan İbrahiminin Azərbaycan Demokrat Firqəsinin, onun fəaliyyəti ilə bağlı siyasi dairələrdə ortaya qoyduğu mövqeyi İslam hökuməti və onun rəhbərliyi tərəfindən təqsdiq edilmir, hətta Tudə partiyasının əksər rəhbərləri də onun bu mövqeyini dəstəkləmirlər. Nəticədə, bu ideloji qarşıdurmalar yeni yaradılan təşkilatlarda intizamın zəifləməsinə səbəb olur. Bu isə düşmən tərəfin xeyrinə işləyirdi.
1981-ci ilin mart ayında Tehranda Tudə partiyasının geniş plenumu təşkil olunur. Bu, İran xalqının qələbəsindən sonra Tudənin ölkə daxilində təşkil edilən son və eyni zamanda ən qısa müddətli plenumlarından biri olur. Bir gün ərzində öz işini başa vuran Tudənin 17-ci plenumunda 9 nəfər partiyanın ən ali orqanı hesab olunan idarə heyətinə seçilirlər. Ənuşirəvan İbrahimi də bu 9 nəfərin arasında idi. Tudənin tərkibində Azərbaycan Demokrat Firqəsinə müxalif olanlar, xüsusilə də Tudənin birinci katibi Kiyanuri üçün bu plenum firqə ilə haqq-hesab çəkmək, firqəçilərə təsirli bir zərbə vurmaq üçün ən gözəl fürsət oldu. Belə ki, Kiyanurinin təzyiqi nəticəsində İran inqilabının qəlbəsindən sonra vətənə qayıtmayan (əslində gələ bilməyən) Tudə partiyasının, eləcə də onun əyalət təşkilatı hesab olunan ADF-nin bir sıra üzvləri partiya sıralarından çıxarılmış hesab edildilər. Kiyanuri də bu plenumda rəsmi olaraq elan etdi ki, onların İrandan kənarda təşkilatları yoxdur. Əslində onun bu sözləri firqənin Qulam Yəhya, Əmirəli Lahrudi və Həmid Səfəri kimi üzvlərinə aid idi. Plenum Ənuşirəvan İbrahimidən başqa heç kimi, hətta Qulam Yəhyanı və Əmirəli Lahrudini Tudənin Mərkəzi Komitəsi üzvlüyünə seçmədi.
Yaranmış şəraitdən çox məharətlə istifadə edən İslam hakimiyyəti qeyri dini və laik partiyaların, təşkilatların, xüsusilə də sol qüvvələrin və həmin sırada Tudənin taleyini müəyyən etdi. İnqilab rəhbəri də artıq öz çıxışlarında onlarla həmrəy olmayanlara, demokratiya tərəfdarlarına qarşı çıxışlar etməyə başladı, onları inqilabın düşmənləri sırasında olanlar kimi qələmə verdi. Nəticədə, 1982-ci ilin qışında (əvvəllərində) Tudənin birinci katibi Kiyanuri və bir sıra rəhbərləri həbs edildilər. 1983-cü ilin aprelində İran Xalq Partiyasının fəaliyyəti qeyri qanuni elan edildi.
Sərhədə daha yaxın Təbriz şəhərində yaşayan və mühacirət imkanları daha çox olan Ənuşirəvan İbrahimi İranı tərk etmir. O siyasi fəaliyyətin artıq mümkün olmadığı belə bir ağır şəraitdə də israrla bu sözləri təkrarlayır: “Mən öz həmməsləklərimdən 30 il artıq ömür sürmüşəm. Mən demokrat firqəsinin məğlub olduğu və Milli Hökumətin yıxıldığı günlərdə mühacirətə getmək istəmədim, qardaşım kimi xalqımın yanında olmağı üstün tutdum. Amma şərait məni mühacirət etməyə məcbur etdi. Mən qardaşımın vəsiyyətinə vəfadar qalacağam, bu dəfə şüarım “öldü var, döndü yoxdur!” olacaqdır”. Bununla belə Ənuşirəvan İbrahimi Azərbaycanda, xüsusilə Təbrizdə firqə kadrlarının təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbirlərini həyata keçirir, onların məxfi iş fəaliyyıtinə keçmələrini təşkil edir. O üzdən də pasdarların (“inqilab keşikçiləri”nin) basqınları zamanı onlardan ələ keçəni olmur. Ənuşirəvan özü isə Tehrana getdiyindən mərkəzi komitənin digər üzvləri ilə birlikdə həbs olunur.
Zindanlardakı məhbuslara verilən işkəncələr elə bir həddə çatdırılırdı ki, onlar ya tələf olmalı, ya da xarici bir dövlətin casusu olduqlarını, islam respublikasına qarşı çevriliş hazırladıqlarını etiraf etməli idilər. Ənuşirəvan da bu cür işgəncələrə məruz qalırdı. O, bacısı İqlimə ilə zindandakı son görüşündə ona vəsiyyət olaraq bunları söyləyir: “Bunlar məni edama məhkum etmişlər. Yəqin bilirəm ki, hamımızı öldürəcəklər. Əgər bacarsan, cənazəmi onlardan alıb Astaraya apar və anamın ayaqları altında dəfn elə. Əgər verməsələr və digər mübarizə yoldaşlarımla birgə öldürsələr, mənim dəfn olunduğum yeri yadında saxla. Əgər övladlarım bu istibdad rejimi devrildikdən sonra gəlsələr və məni tapmaq istəsələr, qoy, çətinlik çəkməsinlər. Əminəm ki, bu rejim devriləcəkdir. Mənim ölüm xəbərimi heç kimdən, hətta övladlarımdan belə gizləmə. Dözümlü, səbirli ol və özünü qoru. Əgər bir gün nəvələrimi görmək üçün bir şərait yaranarsa, mənim tərəfimdən onların üzündən öpərsən. Hamıya mənim salamımı yetir. Mənə görə narahat olma. Mən gərək qardaşım Firudin və Azərbaycan Demokrat Firqəsinin şəhidləri ilə birlikdə öləydim. Mən həmin gündən indiyə kimi artıq ömür sürmüşəm”.
Ənuşirəvan Qəni oğlu İbrahimi son nəfəsinə kimi öz etiqadını və inamını ani də olsa, dəyişmədi, rəşadətli və şəhid qardaşı Firudinin ideyalarına sadiq qaldı, onlardan ilham aldı, uzun illər siyasi mübarizə yollarında bişdi, möhkəmləndi. 7 aydan artıq bir müddətdə Ənuşirəvan İbrahimi ilə zindanda bir otaqda olmuş məşhur yazıçı və tərcüməçi M.Ə.Behazin özünün zindan xatirəlrində onun haqqında yazır: “Üç gün sonra məni 209-cu sırada 23 saylı kameraya apardılar... Gözümü açdıqda kameranın küncündə arxası divara tərəf tanımadığım bir adam oturmuşdu. Məni görən kimi qalxdı, qucaqladı və üzümdən öpdü. Qısa saqqalına çal düşmüşdü, şirin Azərbaycan dilində özünü təqdim etdi. Ənuşirəvan İbrahimi. Düz altı il öncə bir dəfə Berlində görüşmüşdük. Yadıma 1946-cı ildə şah qoşunları Təbrizə girdikdən sonra Azərbaycanın Baş prokuroru ünvanında həbs edilən və sonra dar ağacından asılan cavan dostum Firudin İbrahimi düşdü. Allah ona rəhmət eləsin!
Ənuşirəvan ilə 7 aydan çox bir kamerada olduq. O, çox müdrik, şirin sözlü, zövqlü və imanlı, dostluqda güzəştə getməyi bacaran, dözümlü, ürəyi-qəlbi düz bir adam idi... Astarada doğulmuşdu, Rza xan vaxtı atası Qəni ilə Nəhavənddə sürgün həyatı yaşamışdı, 1945-1946-cı illərdə Təbrizdə, sonra isə Sovet İttifaqında, Lənkəranda, Bakıda, Moskva və Almaniyanın Leypsik şəhərlərində mühacirətdə olmuşdu. Nəhayət, Tehrana və yenidən Təbrizə dönmüşdü... İnqilabdan sonra Təbrizdə Azərbaycan Demokrat Firqəsinə, onun yerli təşkilatlarına rəhbərliyi öhdəsinə götürmüşdü... Anasını öz əlilə Astaradakı ailə qəbristanlığında dəfn etmişdi, onunla görüşə gələn qohumlarına da demişdi ki, ölümündən sonra onu da orada anasının yanında dəfn etsinlər... Ənuşirəvan bilirdi ki, məhkəməsi qapalı olacaq, onun müdafiəsi üçün vəkil təyin edilmıyəcək və ona görə də müdafiə nitqini özü yazıb hazırladı... Məntiqi çox ölçülü-biçili, özü də qürurlu və mövqeyində güzəştsiz idi... İran inqilabını da antimperialist və xalq inqilabı kimi tanıdı...”
Ənuşirəvan İbrahimi və onun rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsi və üzvlərinin fəaliyyəti 4 ildən artıq çəkmədi. 3000-dən çox firqə üzvü həbs olundu. Ənuşirəvan İbrahimi 13 sentyabr 1987-ci il tarixində Tehrandakı “Evin” zindanında edam edildi.
O, Tehranın şərq hissəsində bu gün "Xavəran" adlanan keçmiş Misgərabad qəbristanlığında azad həyat uğrunda canlarını qurban vermiş minlərlə dostları və həmfikirləri arasında uyumaqdadır.
Ənuşirəvan Qəni oğlu İbrahimi də keçdiyi mənalı ömür yolundakı xidmətləri ilə əbədi olaraq Azərbaycanın şəhidləri sırasına daxil oldu. İdeyalarını, məsləkini, düşüncələrini, azadlıq uğrunda mübarizəsindəki qətiyyətini və dönməzliyini, Vətənə sədaqətini və sevgisini gələcək nəsillər üçün nümunə olaraq qoyub getdi. Son nəfəsinə qədər bütün mübarizə yoldaşları kimi Azərbaycana azadlıq istəyi ilə yaşadı.
Səməd Bayramzadə,
dosent, tarix üzrə fəlsəfə doktoru,
AMEA akademik Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
Cənubi Azərbaycan şöbəsinin müdiri.