Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!” .....                        Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov .....                        Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir... .....                        III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı .....                        Netanyahu Qətərə zəng edib üzr istədi .....                        Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək .....                        Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı .....                        Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir .....                        Qalib gələcəyimizə əminəm - Paşinyan .....                       
7-02-2025, 23:13
Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvərdir

Mehranə Vəliqızı yazır:


Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvərdir

Yeni yaranan uşaq ədəbiyyatı mənəvi, əxlaqi dəyərlərin daha çox təbliğ edilməsinə çalışmalıdır. Bütün tarixi təcrübə,xalqımızın mədəniyyətinin, mənəviyyatının əsas prinsipləri bunu tələb edir. Şərq mədəniyyəti, türk mədəniyyəti bunu tələb edir. Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvər, daha çalışqan, daha təəssübkeş, davranışlarında daha mədəni olurlar. Əksinə, bu dəyərlər arxa plana keçdikdə sadaladığımız keyfiyyətlər də zəifləmiş olur.
İndi yaranan uşaq ədəbiyyatı yeni nəslin estetik zövqünün, yüksək mədəniyyətinin formalaşmasına da kömək etməlidir. Çox təəssüf ki, indiki uşaqlar tez-tez zövqsüz, aşağı səviyyəli ədəbi nümunələrin təsiri altına düşür. Onların bir çoxu meyxana janrında uğursuz səviyyədə yazılmış, kobud şəkildə qafiyələnmiş şeirlərin, macəra xarakterli, kriminal aləmi təsvir edən hekayətlərin, mövhumat xarakterli, cəhalət aşılayan insanların əhatəsinə düşür. Bu mühit onlarda arzu edilməyən davranış formalaşdırır. İndi küçədə, avtobusda, digər ictimai yerlərdə öz xoşagəlməz davranışları ilə seçilməkdən zövq alan xeyli yeniyetməyə rast gəlirik. Əgər uşaq ədəbiyyatımız arzu olunan şəkildə yaransa, tədris edilsə, belə halların qarşısı xeyli dərəcədə alına bilər. Uşaq ədəbiyyatının yüksək səviyyədə yaranması, yüksək səviyyəli uşaq mahnılarının da yaranmasına kömək olar. Bu isə uşaqlarda musiqi zövqünün formalaşmasına xeyli kömək edər.
24-01-2025, 07:53
Aynur CƏFƏRQIZI Yazır:

Aynur CƏFƏRQIZI Yazır:

Müəllimə

(hekayə)

Həmişə qaynayan, səs-küyündən qulaq tutulan məktəbdə bir neçə gün idi ki, sakitlikdən adamın ürəyi sıxılırdı. Müəllimlər bir-bir, iki-bir gəlir, dərs ilini başa vurduqlarına görə bir-birini təbrik edir, yarım saat, bir saat oturub çıxıb gedirdilər. Belə bir vaxtda bu boyda məktəbdə tək bircə sinifdə, ikinci mərtəbədə dəhlizin lap o biri başındakı sonuncu sinifdə dərs gedirdi. Dördüncü sinif şagirdləri növbə ilə kitab oxuyur, qruplara bölünərək bir-birinə suallar təqdim edir, misal, məsələ yazır, yarışırdılar. Müəllim isə... müəllim əlini üzünə qoyub tərpənmədən onlara baxır, hey baxırdı. Onun geniş açılmış gözlərindən, baxışlarından süzülən mənanı uşaqlar da duymamış deyildilər. Bu, onları da mütəəssir edir, onlar işlərini yarımçıq qoyaraq sakit dayanır, hərdən müəllimə, hərdən də bir-birlərinə baxırdılar. Müəllimin gah dolub, gah boşalan, qəlbindəki üzüntünü, beynindən keçən min-bir fikri əks etdirən gözlərindəki ifadələr uşaqların da qəlbinə sirayət edir, onlar bu anların nə qədər həssas, kövrək dəqiqələr olduğunu dərk edirdilər. Bu gün onlara başqa vaxtlarda olduğu kimi hərdənbir müəllimin “bu nə səsdir, bir az sakit!” deməsinə ehtiyac yox idi. Lakin o, hərdən çox zəif və kövrək səslə nə isə deyir, göstəriş verirdi.
Uşaqlar, əslində, müəllimələrinin son aylarda tez-tez bu cür xəyala daldığını, həsrətlə onlara zilləndiyini, əlsiz, barmaqsız, eləcə ürək yandıran baxışlarla onların boylarını, yazı yazan balaca əllərini, üz-gözlərini necə oxşadığını, sığallayıb-əzizlədiyini hiss edirdilər.
Dərs ilinin son günləriydi və artıq heç bir sinifdə heç bir dərsin keçilməməsinə baxmayaraq, müəllimə təkidlə öz şagirdlərini məktəbə gəlməyə səsləyirdi. “Sabah ana dilindən yoxlama yazı işi yazacağıq, o biri gün riyaziyyatdan. Son zəng günü qiymət cədvəllərinizi götürmək üçün gələrsiniz”, − deyirdi... Bununla bu dörd ildə öyrəşdiyi, öz övladları qədər sevib-bağlandığı bu uşaqlardan doymaq, doymaq istəyirdi...
İndi məktəbin bu cansıxıcı sakitliyində bu sinifdə də qəribə bir sükut hökm sürürdü. Əlini yanağında öz stolunun arxasında quruyub qalmış, həsrət dolu həyəcanlı baxışları ilə şagirdlərini dönə-dönə boy-boy süzən müəllimənin könül evi də sanki divarları yazılmış, pəncərəsi, döşəməsi çirklənmiş, qapıları açıq, tərk edilmiş sinif otaqları kimi bomboş idi. O, sinəsinin altında bir göynərti, sızıltı hiss edirdi. Dörd ildə olub-bitənlər bir-bir gözünün önündən keçdikcə müəllimə ürəyində dünyanın vəfasızlığından, vaxtın etibarsızlığından giley edirdi.
...Elə bil dünəndi, parta arxasında naşı-naşı oturan, narahat-narahat qurcalanan, tez-tez analarını istəyib doluxsunan körpələrin kiçik əllərini əlinin içinə alıb, onlara qələm tutmağı, hərfləri, rəqəmləri yazmağı öyrətmişdi. Onlar kövrələndə müəllimənin də ürəyi atlanmış, körpə ürəklərin həyəcanlanmaması üçün özünün təskinverici səsi və şirin sözləri ilə onları ovutmuşdu.
Hər kiçik uğurlarına-bir hərfin düzgün yazılışına, bir doğru cavaba çiçəyi çırtlamışdı, ürəyi dağa dönmüşdü... o, bu uşaqların hər birinin xarakterinə beş barmağı kimi bələd idi, hər biri ilə necə lazım idisə, elə də rəftar edirdi. Bəzilərinin dəfələrlə evlərində olmuşdu. Aralarında valideyn diqqətindən, qayğısından məhrum olanları vardı, müəllimə onlara ikiqat, üçqat nəvaziş göstərmişdi. Belələrinin dərsdən yayınmaması üçün bütün qüvvəsi ilə çalışmışdı. Bu dörd ildə müəllimə tək bu uşaqların yox, onların ailələrinin də problemini, dərd-sərini öz içinə salmışdı, özü ilə bərabər evinə aparıb-gətirmişdi. O, bu uşaqların fiziki və mənəvi sağlamlığına mane olan bütün əngəllərin aradan qalxmasına səy göstərmişdi... Valideynlər arasında onu başa düşməyənlər, bəzən inciyənlər də olmuşdu. Amma o heç bir şeyə baxmayaraq, uşaqlar üçün sərfəli olan yolu seçmişdi həmişə. Sağ-salamat, ağıllı və tez böyümələrini arzulamışdı. Bəs indi nə olmuşdu - bilmirdi, sevinməkmi, kədərlənməkmi lazım olduğunu bir anlığa kəsdirə bilmədi...
Yaddaşına heyrət elədi birdən. Dörd ildə bu uşaqların necə boy atdığını, şəkildən-şəklə, dondan-dona düşdüklərini, süd dişləri töküldükdə kimin necə danışdığını belə xatırlayırdı. Cürbəcürdülər, kimisi çoxdanışan idi, kimisini danışdırana qədər hövsələdən çıxırdı. Bəzisinin birinci sinfə gələndə bir aya qədər qapı ağzında ayaqqabılarını çıxarmaq istədiyini, bəzisinin uzun müddət dəftəri tərsinə yazdığını, kimi çox alqışladığını, kimi nə zaman tənbeh etdiyini, hamısını, hamısını bir-bir xatırlayırdı...
Çalışqan idi, tənbəllik nədir, bilməzdi müəllimə. Bu uşaqlarla nə qədər yerlərə ekskursiyalar etmişdi, ilin əziz günlərinə maraqlı tədbirlər hazırlamışdı. Dörd ildə cəmi iki gün işə gələ bilməmişdi. Bu, yadına düşəndə o iki gün nəzərində böyüyüb, böyüyüb iki aya bərabər bir vaxt oldu, qınadı özünü qəlbində...
Kövrək idi, ayrılıqlara elə uşaqlıqdan dözə bilmirdi. Bir dəfə xalasının qızı onlarda bir ay qonaq qalmışdı. O qızın çıxıb gedəndə onun ürəyini də çəkib özü ilə apardığını, sinəsində ürək boyda bir göynərti qaldığını hiss etmiş, başını anasının sinəsinə sıxıb hönkür-hönkür ağladıqdan sonra sakitləşmişdi...
Tələbə yoldaşlarından ayrılanda da hamıdan çox o kövrəlmişdi. Sonra ata-anasından, bacı-qardaşlarından ayrılmışdı, uzaq ellərə gəlin gəlmişdi...
Xatirələrdən ayrıldı, uşaqlardan kimsə “müəllimə, sabah da dərsə gələcəyikmi?” deyə soruşmuşdu.
-Hə,- dedi, -sabah birinci sinifdən bu vaxta qədər çəkdirdiyimiz şəkilləri də gətirin.
O şəkillərə baxmaq istəyirdi... Birinci sinfə gəldikləri ilk gün hərəyə bir fiqurşəkilli rəngli kağız və bir qələm vermişdi, “kim nə bacarır, onu da çəksin” demişdi. Uşaqların həmin rəngli kağız üzərində çəkdikləri şəkilləri bu günə qədər saxlamışdı: başı böyük, bədəni üç-dörd cızıqdan ibarət adam, bir saplağı, üç ləçəyi olan gül, bir-birinin üstündə əyri-əyri çəkilmiş üçbucaq və kvadratdan ibarət ev şəkillərini sabah gətirib onlara göstərəcəkdi. Sabah hamını burda görməsəydi, doyunca onlara baxıb söhbət etməsəydi, son dəfə öyüd-nəsihət verməsəydi, dörd illik gərgin əməyini yarımçıq hesab edəcəkdi və bu yarımçıqlıq onun bütün həyatında bir iz buraxacaq, onu həmişə incidəcəkdi.
Doyunca darıxmaq, doyunca kövrəlmək istəyirdi. Yalnız ondan sonra rahatlanacaq və yeni dərs ilində yeni şagirdlərini – ürkək-ürkək, doluxsuna-doluxsuna gələn birinciləri yeni bir şövqlə qarşılayacaq, qəlbinin tükənmək bilməyən məhəbbətindən onlara da pay ayıracaq, onlar üçün də ömrünü şam kimi əridəcəkdi...
Məğrur idi, nə qədər yumşaq qəlbli olsa da, şagird qarşısında həmişə özünü ötkəm aparırdı, hər şeydən təsirləndiyini büruzə verməyi qətiyyən xoşlamazdı. Onun aləmində müəllimlə şagird arasında qalın pərdə heç vaxt yırtılmamalı idi. O, şagirdlərinin qarşısında sabit müəllim xarakterini qoruyub saxlayırdı. Onun fikrincə, müəllim şagird üçün qüsursuz-nöqsansız adam, ən ali şəxsiyyət, ən ali varlıq olmalıydı. Amma uşaqlardan biri “müəllimə, gələn il biz bu sinifdə oxumayacağıq?” -deyə soruşanda özünü saxlaya bilmədi, səsi titrəyə-titrəyə:
−Yox, beşinci sinifdə siz yeni fənlər keçəcəksiniz və ayrı-ayrı müəllimləriniz olacaq... Ancaq siz hamınız mənim balalarımsınız, -nə zaman istəsəniz, bu otağa gələ bilərsiniz,-dedi.
Göz yaşları yanağına süzüldü. Uşaqlar görməsin deyə əlini üzünə tutdu.
17-01-2025, 11:35
Azadə NOVRUZOVA yazır: "Şəhidlər Xiyabanında"

Azadə NOVRUZOVA


Şəhidlər Xiyabanında

34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram...
Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı... Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına - Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı!
Poçt yolumuzdan poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Bir Allah bilir ki, poçtalyon Savalan dayıya, Gülqala, Nazgül xalaya neçə dəfə - Bizə Bakıdan məktub var? Bizə Bakıdan bağlama var?- suallarını vermişdik. Cavabında mehriban - mehriban bağlamaları hələ açmamışıq. Nə olsa, axşamüstü poçt paylananda gətirəcəm deyərdilər...
Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik... Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaqda, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib, gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi... İlk nənəmə oxuyardım, həyəcanlı-həyəcanlı... Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar... Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən xoş olmayan acı xəbərlər gətirsələr də ...
"Sizə Bakıdan məktub gəlib"- sevinci ayrı idi...
Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır! Gecələri ecazlı, gündüzləri füsunkar Bakı... Bir ucqar dağ kəndindən necə möhtəşəm görünürdün, Doğma Bakı, Əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, Gözəl Bakım, Mehriban Bakım!
Adətən belə başlayardı məktublar... Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?....
Burda, bizdə...
Orda, sizdə...

Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram... Poçt maşını yalnız xəyalımda kəndimizə burulur...
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında qaçqın uşaq statusunda olub...O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam.
O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanındakı mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. Lenin baba deyə-deyə böyüyən biz sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük...
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm... O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim... Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz”un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar Şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhali amansızlıqla qətlə yetirilmişdir.
Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç. 43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri... Eyvanlardan 40 gün asılan qara bayraqlar... Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi... Dağüstü parka doğru irəliləyən insan seli...
Şərəfinə indi Bakının 20 Yanvar Meydanı adlandırılan o vaxtkı XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də ...
Heç bu zorla dirənib Sovetlər Birliyini yaradanların özlərinində inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar... Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı... Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdilər. Müharibə, qan-qada, ölüm, itim...
Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı... Dağıdılan varımızı-halımızı demirəm... Bircə ümidimizi itirmədik! Ümid ölmədi! Bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı! Zəfər çalındı!
2024-cü il 20 yanvar tarixində Bakıdan - Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər...
34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür... Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, al qərənfillər.
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə... Onlar birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün biz ziyarətçilərə...
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz can fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxdatdı. Ülvini və azadlığımız uğrunda can qurban verən bütün şəhidlərimizi qoynuna alan, Vətən sağ olsun! Allah hər birinin əziz ruhlarını şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən! O Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizlin-gizlin əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad!
Bakı, xoş vaxtın xeyir!
20 Yanvar, 2024-cü il
12-01-2025, 18:52
Uçuruma sürükləyən çarəsizlik...


Müjgan ƏHMƏDOVA


BDU Jurnalistika fakultəsinin
III kurs tələbəsi


Uçuruma sürükləyən çarəsizlik...

Daşlaşmış qəlbimin altında o qədər kədər və hüzn yatır ki... Vecsizlik personajımın altında o qədər duyarlılıq var ki...Zamanında duyğularımı o qədər mərkəzə qoymuşam ki... İndi duyğuların yavaş-yavaş azaldığını hiss etmək o qədər əzab verir ki... Bu əzabın qarşısında hiss etdiyim çarəsizlik məni uçuruma sürükləyir. Amma uçurumdan məni atacaq qədər, məni əbədiyyətə, sonsuzluğa bəlkə də heçliyə qovuşduracaq qədər hökmlü deyil.
Xoşbəxt olmalı idim, yoxsa özümü şanslı hiss etməliydim? Nələrimi qurban vermək üçün hazır olmalı idim? Bəs, qurban vermək özü də bədbəxtliyimə düçar olmağıma səbəb olacaqsa? Elə əsl bədbəxtlik buradan başlayırdı...
Fədakarlıqlarım nəticəsində ağlımın məni qaranlıq aləm adlandırdığım zindanla üzləşdirməsinə necə, hazır idim? Doğru yolu necə tapmalı idim? Bunun üçün ilk növbədə doğrunun sənin üçün nə ifadə etdiyi, "doğruluq" aspektinin, "doğru" fəlsəfəsinin məğzini dərk etməli idim. Mənim doğrum sənin yanlışın, sənin yanlışın mənim doğrum ola bilərdi əslində. Bəs bu doğrunun ağlımda şübhə yaratması nə dərəcədə doğru idi?
Suallar "quyusuna" düşmək məni doğrudan qaçındırmağa səbəb olurdu. Bu səbəb isə, mənə susmağı öyrədirdi. Beləcə, həyat mənə susmağı bacarmağı, doğrunu hiss etməkdən daha yaxşı anladırdı. Həyat bundan ibarət olmalı deyildi. Susduqlarımız, susmağa məcbur edildiyimiz, susarkən qışqırdıqlarımızla kifayət olmamalı idi həyat. Layiq görülən bu olmalı idi? Bəs, layiqlik anlayışını yox etməyə dəyərdimi? Layiqlik, məsuliyyətin ən böyüyünü çiyinlərində hiss etmək idi. Hansı ki, bu məsuliyyət səni xoşbəxtlik anlayışından məhrum edir. Çünki, üzərindəki yük sənə vaxt məhdudiyyəti verir. Və bu məhdudiyyət içərisində iradəli olmaq məcburiyyətindəsən. Əks təqdirdə sənə cəmiyyət tərəfindən zəif xarakterli və qətiyyətsiz damğası vurulacaq.
Sənə bəxş edilən bu ömürdə nə zaman "sən" olduğun üçün sevildin? Hansı "sən"i insanlar özlərinə layiq bildilər? Hansı "sən"i özlərindən bir parça hiss etdikləri üçün səndən istifadə etdilər? Bəzən düşünürəm: nə yaxşı ki, bu təzadlar mövcuddur. Bəs, təzadlı, dustaq düşüncələrin qurbanı olmaqmı problem idi, yoxsa təzadlarla dolu həyata malik olmaqmı daha betər idi? Təzadlı ifratların arasında yaşamalı olduğumuz bütün illəri keçirməsək, zaman-zaman vərdişlərin sərhədlərini aşmasaq, yaşamaq necə yox olmaqdan çox yenilik ola bilərmi?..


26-12-2024, 16:05
İlahə HƏBİB Yazır: Camaat nə deyər?!


İlahə HƏBİB Yazır: Camaat nə deyər?!

Bu camaat çox dəyərlidir bilirsiniz niyə? Çünki lazımlı yerlərdə elə müdaxilə edirlər ki, sən onlara lap sətirbəsətir anlat onların izahı qədər əhəmiyyətli olmaz. Bax bu qara camaat dünyanın hər yerini əhatə edir. Əhatəliklə də kifayət etmir birbaşa həyatımızda təzyiq və təsir buraxır, məndən soruşsan onlar qədər bizim yaxşılığımızı istəyən yoxdu. Təzyiqlərin və təsirlərin nümunəvi tərəfidir camaat nə deyər?
Dünyaya uşaq göz açır müzakirələr gedir, uşaq məktəbə gedir, baxçaya gedir, sonra ali məktəbə qəbul olur. Uşaq ali məktəbə seçim edəndə qıza müəllim, ya həkim ol deyirlər imtahandan aşağı bal yığanda canım camaat da deyir ki, nə qədər pul tökmüşdün elə bu? Bilirsən bunlar bəlkə də, mühasibat ya da bank işçiləridir, yoxsa belə dəyərli hesablamalarla niyə beyinlərini yorsunlar? Hesabatlarını aparırlar sonra karyera peşəmiz üzrə işlər görürük bu “əzizimiz camaat” da tələbəlik illərimizdən bunu etdiyimizi gördükdə biz indidən çətinlik, əziyyət görməyək yorulmayaq deyə universiteti bitir, işləyərsən, karyera qurarsan deyirlər. Necə də incə düşüncəlidirlər. Qonşuluğumuzda bir qız var, tələbədir, 18 yaşı var. Qız 550 balla Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyur. Qıza təlqin etdikləri, onun timsalında bir çox qıza deyilən söz və davranışları izah edəcəm.
Beləliklə, karyeramızı qurmaq yolunda cəhdlər etdiyimizdə də ortaya evlilik məsələsini gətirərək əsas bəxti gözəl olsun deyib bizə gözəl bəxt arzulayırlar. Lakin hər şeyin öz zamanı və yeri var. Mənim fikrimcə karyera qura bilmədən ailə qurmaq önəmsizdir. Bir insanın məqsədi hərəkəti və qurduğu bir iş həyatı olmalıdır. Sonra bu evlilik məsələsində qarşımıza çıxan elçilərə qızın buna getsin bunun elə imkanı var belə heç işləməyinə də ehtiyac qalmaz, amma unudurlar ki, insanlıq hər zaman ən böyük qalibiyyətdir. Hər mövzuda belədir. İçi boş, dolu stəkana bənzəyən fiqurlar çoxdur, onu həndəsəyə elm kimi gətirib bəzəyən gözəl edən camaatımızdır. Bununla da bitmir ailə həyatından sonra maddi qayğılarımızla, mənəvi ruh halımızla, həyatımızla o qədər yaxından maraqlanırlar ki, hətta bu bir ömür bəs edir. Görün bizi necə də önəmsəyirlər?!
Yekun olaraq öz qərarlarınızı seçimlərinizi, sevdiyiniz işi, uğuru camaat nə deyərə qurban verməyin!
İlahə HƏBİB,
Bakı Slavyan Universitetinin III kurs tələbəsi
23-12-2024, 22:47
Azər Zahid və digər "TikToker"lər tutuldu


Azər Zahid və digər "TikToker"lər tutuldu

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
15-12-2024, 08:42
“Estetik Təzyiq: Gözəllik Standartlarının Səhnəarxası”


“Estetik Təzyiq: Gözəllik Standartlarının Səhnəarxası”

Həmişə ki, kimi dərsdən çıxıb, evə getmək üçün avtobus dayanacağına yollandım, sərnişinlər çox olsa da oturmaq üçün yer tapdım. Yenicə əyləşmişdim ki, qarşımda yanaşı oturan xanımların maraqlı söhbətinə şahid oldum. İstərdim ki, sizlərlə bu eşitdiyim söhbəti müzakirə edim. Doğrudu, deyəcəksiz ki, başqasının söhbətini dinləmək heç də etik davranış deyil. Lakin əhalimiz ictimai nəqliyyatda yüksək səslə söhbətləşməyi “hobbi” halına gətiriblər. Əslində bunun özü də bir mövzudu, amma biz bu haqda gələn səfər danışarıq. Hər nə isə necə deyərlər “məndə xanımların söhbətinə qulaq misafiri oldum”.
Söhbət o qədər “qızğın gedirdi ki”, bir ara bazar qiymətlərindən danışan xanımlar “siyasətçi”oldular. Mən məəttəl qalarkən, onlar müharibəni həll edib, Amerikaya səyahət etdilər. Onlar səyahətdə ikən, mənim diqqətim yanaşı oturan xanımlardan birinin digərini gözucu seyr etdiyinə sataşdı. Artıq bəlli idi ki, növbəti sual hansıdır. Və təxmin etdiyim sual gəldi.
“Sənin üzündə estetik var?”. Digəri gərilmiş üzünü rəfiqəsi tərəfə çevirərək süni təbəssüm edib, dedi: “Hə, hiss olunur ki, bəyəm? ” Söhbətin gedişatında qiymətdən, həkimdən, həkimin bir-birinə oxşar sonsuz saylı “əkizlərindən” danışıldı. Öz-özümə düşündüm, keçmişdən gələcəyə gələn şair indiki gözəlləri görsə idi “Şair olardımı”?
Müasir dövrdə estetik gözəllik standartları həm cəmiyyətdə, həm də sosial mediada böyük təsir yaradır. Qüsursuz görünüş arzusu qadınlar arasında özünütənqid və narazılıq hallarını artırır. Bunun nəticəsi olaraq, bəzən sağlamlıq, mənəvi təsir və hətta həyat tərzini gözəllik uğrunda fəda edirlər.
Yuxarıda qeyd etdiyim kimi, sosial medianın təsiri ilə cəmiyyət ideal bədən, üz və stil standartları formalaşdırır. Bu standartlara uyğunlaşmaq istəyən bir çox qadın, öz görünüşlərindən narazı qalaraq estetik prosedurlara müraciət edir. Həkimlər bildirirlər ki, estetik prosedur edənlərin əksəriyyəti psixoloji təsirlər altında və tez-tez başqalarının düşüncələri ilə bu qərarı verir. Estetik cərrahiyyə və prosedurlar heç də həmişə uğurlu nəticə ilə bitmir. Silikon implantlar, liposaksiya, burun əməliyyatları və botoks kimi prosedurlar yanlış icra olunduqda ciddi fəsadlara səbəb ola bilər.
“Bəs bu fəsadlar hansılardır?” Gəlin bu haqda danışaq.
Beləki, qanaxmalar, infeksiyalar, allergik reaksiyalar, toxuma zədələnməsi və emosional olaraq depressiya, stress, aqressiya və digər problemlərə yol açır. Təəssüf ki, bəzi klinikalar və ya qeyri-peşəkar mütəxəssislər reklam vasitəsilə qadınlara yanlış məlumat verir və onların gözləntilərini manipulyasiya edirlər. Hətta yeri gəlmişkən bu günlər də, Səhiyyə naziri Teymur Musayev də bu mövzuda xanımlara müraciət edərək, saxtakarların “tələsinə” düşməməsini və ziyanlı prosedurlardan uzaq olmağı məsləhət görür. Yaxşı bəs nələr məsləhət görülür?
Düzgün qidanlanma, idmanla məşğul olmaq xanımların həyat tərzinə çevrilməli, eyni zamanda üz yoqası, psixoloji olaraq özünə inamı artırmaq üçün terapiya və mütəxəssis dəstəyi almaq və digər yolları məsləhət görmək olar.
Gözəllik, yalnız xarici görünüşdə deyil, daxili harmoniya və özünüdərkin gücündə gizlidir. Qadınlar gözəllik standartlarına uyğunlaşmağa çalışarkən sağlamlıqlarını psixoloji təsirlə təhlükə altına qoymamalıdırlar. Hər kəsin özünəməxsus gözəllik hekayəsi var və bu hekayə cəmiyyətin təzyiqi ilə deyil, insanın öz seçimləri və dəyərləri ilə yazılmalıdır.
Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin
Sosial elmlər fakültəsinin tələbəsi

10-12-2024, 21:50
“Bəzən güclü qızlar da məğlub olur…”


“Bəzən güclü qızlar da məğlub olur…”

REKVİEM

Həsənli Təhminə Vəkil qızı 26 yaşında, ömrünün gənclik illərində bizimlə vidalaşdı. İxtisasca tərcüməçi olan Təhminə 620 balla qəbul olunduğu Qafqaz Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirib. Aspiranturada təhsili üçün Moskvaya yollanır, amma gözlənilməz qan xərçəngi onun arzusunu yarımçıq qoyur. Maariflənmək həvəsi yolunu bu dəfə Bakı Slavyan Universitetində magistratura pilləsinə salır.
İlk dəfə 2021-ci ildə, hələ 23 yaşında yaşıdlarından seçilən, şən, savadlı, qayğıkeş Təhminəyə “kəskin leykoz xəstəliyi” diaqnozu qoyulur. Gənc qız bu xəbər qarşısında o qədər güclü dayanır ki, sadəcə özünü yox, bütün sevənlərini sağalacağına inandırır. Müalicələr alır, vəziyyəti nisbətən yaxşılaşanda sevib-seçdiyi ilə 2023-cü ildə ailə həyatı qurur. Həyatının növbəti xoşbəxt illərinin başlanğıcına hazırlaşdığı zamanda 2024-cü ilin may ayı Təhminə üçün yeni çətinliklər gətirir. Xəstəlik yenidən baş qaldırır, ailəsi onun üçün ümid qapısı taparaq Türkiyənin Ankara şəhərinə üz tutur.Təhminə ailənin ilk övladı və yeganə qızıdır. Böyük qardaşı Təbriz, daha sonra kiçik qardaşı Təhmasib sevimli bacıları üçün donor olurlar. Təhminə üçün xeyli mübarizə aparılır, müxtəlif müalicə üsullarına cəhd edilir. Onu həyatda tutmağı özünə borc bilən ailə mübarizədə tək deyildi, hamının sevimlisi olan Təhminənin qohumları, yoldaşları, onu yaxından tanımasa da öz köməyini, qayğısını əsirgəməyən Azərbaycan xalqı həm maddi, həm mənəvi dəstəyini əsirgəməyib. Amma bütün səylərə baxmayaraq, dekabrın altısında Təhminəmizin bədəni ağır müalicəyə tab gətirə bilmir, o bizimlə vidalaşır…
Ailəsi, onu tanıyanların hamısı Təhminəni çox mehriban, pozitiv, səmimi, hamının könlündə özünə əziz yer tapan biri kimi qiymətləndirir. Getdiyi hər yerdə, hər işdə seçilib. Həyat eşqi ilə yaşayan qız uşaq yaşlarından kitab sevgisi ilə tanınıb. O, maariflənməyi hamıya məsləhət görüb, öz bildiklərini, oxuduqlarını ətrafı, tələbələri ilə həvəslə paylaşıb, kitablarını dəfələrlə xeyriyyə cəmiyyətlərinə bağışlayıb, son gününə qədər özünü yaxşı hiss etdiyi hər an yenə yazıb, oxuyub. Bir an belə başının üstündən ayrılmayan valideynlərinə bildirib ki, həkimlərin dediklərinə baxmasınlar, o sağalacaq, yazdığı kitabı tamamlayacaq, qarşıda onu çox gözəl günlər gözləyir. Qalib olacağından tərəddüd etdiyi heç vaxt hiss olunmayıb. Ondan sevgisini əsirgəməyən ailəsinə, qohumlarına, yoldaşlarına həmişə minnətdar olub, çox şanslı olduğunu dilə gətirib. Sağalacağını, bütün xəstələrə motivasiya mənbəyi olacağını xəyal edib.
Qeyd edək ki, vaxtilə Təhminə rəfiqəsi Gülnurəyə eyni xəstəliklə mübarizədə dəstək olub, amansız xəstəlik o gənc qıza da qıyıb. Güclü mübarizəsində məğlub olan Təhminənin gedişi bütün sevənləri üçün sarsıdıcıdır. Gənc qızımız doğmaların, tanıyanların qəlbində həmişə yaşayacaq. Ailəsinə, sevənlərinə səbir diləyirik…

Aysu Həsənli,
BDU Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi,
Təhminənin doğmalarından biri
6-12-2024, 17:47
Nigar harda olsa Azərbaycan üçün yaşayacaq

Nigar harda olsa Azərbaycan üçün yaşayacaq

Nigar xanımı Şuşada- Şəhid ailələrini bağrına basanda, onların başına Pərvanə şama dolanan kimi dolananda tanıdım. Sonra eşitdim ki, ailə qurması ilə bağlı okeanın o tayına Amerikaya köçüb. Budur indicə bir xoş xəbər aldım. Nigar Şıxsəfiyeva Azərbaycan uğrunda fəaliyyətini Kolorado ştatında davam etdirməyə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kolorado ştatında yaşayan soydaşlarımız yeni diaspor təşkilatı yaradıblar. Nigar xanımı bu münasibətlə təbrik edərək, yeni fəaliyyətində uğurlar arzulayır, həmin xəbəri ozucularımıza təqdim edirik:Vətənsevərlərə sayğılarla: Tamxil Ziyəddinoğlu, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru, Hərbi Jurnalistlər Birliyinin sədri


ABŞ-ın Kolorado ştatında yaşayan soydaşlarımız Azərbaycan İcmasının “Koloradoda Azərbaycan Diasporu” adlanan ilk diaspor təşkilatını yaradıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təşkilatın məqsədi yerli Azərbaycan İcmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrinin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-da tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
3-12-2024, 10:54
Səma İSMAYILOVA yazır: "Şəhidlər ölməz…


Səma İSMAYILOVA yazır: "Şəhidlər ölməz…"

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzə ağlamazlar!


Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlar şəhidlərdir. Şəhidlər vətənimizin qüruru, ucalıq rəmzi, onun mənliyini qoruyanlardır. Şəhidlik zirvəsi, dünyadakı zirvələrin
ən ucasıdır. Bu zirvəyə yüksəlmək hər insana nəsib olmur. Qəlbində sonsuz vətən sevgisi olan, cəsarətli, vətən uğrunda bir an belə olsun canından keçməyə tərəddüd etməyən mərd oğullarımız bu zirvəyə ucalır. Vətəni üçün, xalqı üçün ölümü gözə alan müqəddəs şəhidlərimizi sonsuza qədər qəlbimizdə saxlayıb onları unutmamaq hər bir Azərbaycan vətəndaşının borcudur. Şəhidlər xalqımızın qan yaddaşıdır. Şəhidlərimizin qisasını almaq uğrunda bu yola çıxan, bu yolun sonunda müqəddəs şəhidlik zirvəsinə yüksələnqəhrəmanımız Fərid Vahid oğlu Quliyevdir. Uşaq ikən də vətənə, bayrağına bağlı olan bu gənc qəhrəmanımız vətən uğrunda gözünü qırpmadan canını fəda etdi.
Bakı şəhərində yaşamış qəhrəmanımız 166 nömrəli məktəb-liseyin məzunudur. O, ailənin tək oğul övladıdır. Ailəsinin, yaxınlarının, dostlarının sevgisini qazanmış qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlməklə onları kədərləndirsə də, eyni zamanda qürurlandırmışdır. Keçməkeşli
yollardan keçən, minbir əziyyətlərlə övladını böyüdən ata, məğrur bir şəkildə oğlunu əbədiyyətə yola salmışdır. Gənc övladını torpağa tapşıran heç bir təsəllisi olmayan şəhid anası Vüsalə Quliyeva "Mənim balam ölməyib, mənim balam şəhiddir, şəhidlər ölmür"- demışdır.
Biz səninlə fəxr edirik Azərbaycan əsgəri, sən öz vətənini şərəflə qorudun!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!