Möhtərəm Hakim, yanlış faktları dəqiqləşdirin!Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevə müraciət edib. Müraciətdə deyilir:“Möhtərəm hakim, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesini yaxından izləyirəm.
Fevralın 7-də keçirilən məhkəmə iclasında Xocalı rayonu ilə bağlı qeyd olunan rəqəmlər həqiqəti əks etdirmir.
Beləki Xocalı soyqırıma məruz qalanda əhalisi 7161 deyil, 2944 ailədən ibarət 10 302 nəfər olub. Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsubiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədi ilə Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıları baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməniəsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 deyil, ən azı 3813 şəxs qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.
Qeyd etdiyiniz 613 nəfər cəsədləri ələ gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib.
Bir daha təkrar edirəm, o zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10 302 nəfər Azərbaycan Türkü yaşayıb.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi:
”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki,
Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur… Qarabağ İşğaldan azad olunandan sonra Xocalı ətrafında və digər yerlərdə tapılan toplu məzarlıqlar qeydlərimizi bir daha sübut edir.
Möhtərəm Hakim, xahiş edirəm, bu fürsətdən yararlanaraq Xocalı həqiqətlərinin üzə çıxmasını təmin edin. Əgər bunu etsəniz, peşənizə və millətimizə sədaqətinizə görə, sizə minnətdar olaram…”
Şəhidlərimizə sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri.
8 fevral 2025-ci il