Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
23-02-2022, 12:07
Azərbaycan və Rusiya arasında Bəyannamə imzalandı;
Azərbaycan və Rusiya arasında Bəyannamə imzalandı;

Xəbər verildiyi kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Xarici İşlər Nazirliyinə istinadla Bəyannamənin mətnini təqdim edirik.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq,

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqaviləyə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Federasiyasının Prezidenti V.V.Putin və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslanaraq,

ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq,

iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyini dərk edərək,

iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək,

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək,

Tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı olduqlarını və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolunu nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konsensusla qəbul edilən digər sənədlərinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət edərək,

beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyini qeyd edərək,

aşağıdakıları bəyan edirlər:

1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

3. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.

4. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

5. Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.

6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

8. Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.

9. Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

10. Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.

11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

12. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.

13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

14. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.

15. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

16. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.

18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

19. Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirirlər.

20. Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.

21. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirirlər.

22. Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər.

23. Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 1 sentyabr 2018-ci il də imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilməsinə, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərəcəklər.

24. Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.

25. Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.

26. Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.

27. Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər.

28. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

29. Tərəflər intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə almışlar.

30. Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar.

31. Rusiya Federasiyası və Azərbaycan Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

32. Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

33. Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.

34. Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.

35. Tərəflər aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.

36. Rusiya Federasiyası və Azərbaycan Respublikası müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər.

37. Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər.

38. Rusiya Federasiyası və Azərbaycan Respublikası parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

39. Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.

40. Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.

41. Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər.

42. Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.

43. Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edəcəklər.

Bu Bəyannamə Moskva şəhərində 22 fevral 2022-ci ildə hər biri rus və Azərbaycan dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir.
21-02-2022, 12:41
İlham Əliyev polşalı həmkarına təbrik məktubu ünvanladı


Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost Polşa xalqını səmimiyyətlə təbrik edirəm.
Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.
Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.
Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik.
Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmaslar və ali səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan-Polşa əlaqələri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
18-02-2022, 10:00
XX ƏSRİN FACİƏSİ – XOCALI
Ağ qar qırmızı qana boyanmışdı

Ağ qar qırmızı qana boyanmışdı

Azərbaycan Şərqlə Qərbin qovuşduğu, müxtəlif geosiyası maraqların kəsişdiyi məkanda tarix boyu zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə malik olan yetkin bir millət kimi formalaşmışdır. Lakin Cənubi Qafqaz regionunda əsrlərlə gedən tarixi-siyasi proseslər, xüsusən erməni şovinizmi nəticəsində azərbaycanlılar hərbi münaqişələrə cəlb olunmuş, ərazisinin müəyyən hissəsi işğal edilmiş, həmvətənlərimizə qarşı soyqırımları törədilmişdir. Ermənilərin şovinist millətçi siyasəti XX əsrdə daha da şiddətlənmiş, son yüzillikdə xalqımız dəfələrlə kütləvi soyqırımlara, deportasiyalara məruz qalmışdır.
1992-ci il fevralın 25- dən 26-na keçən gecə xalqımıza qarşı daha bir soyqırımı törədildi. Təcəvüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi yazıldı. Ağzın erməni cəlladları Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum etdi. Şəhər dağıdıldı, yandırılaraq yerlə yeksan edildi. Xocalı əhalisinə tutulan qanlı divan nəticəsində 613 nəfər o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü. Xocalı əhalisindən 1275 nəfər qoca, uşaq və qadın girov götürüldü. Onlar amansız zülüm və məşəqqətlərə məruz qalmışlar. Xocalıda 487 nəfər ömürlük şikəst oldu, 150 nəfərin taleyi haqqında heç bir məlumat əldə olunmamış, onların haraya göndərilməsi, necə məhv edilməsi sirr olaraq qalmışdır.
57 nəfər xüsusi amansızlıqla öldürülmüş, onlardan bir qisminin başı kəsilmiş, gözləri çıxarılmış , dəriləri soyulmuş, odda yandırılmışdır. 200 nəfərdən artıq adam əlindən, ayağından və ya gözündən olmuşdur. Pərən-pərən salınmış Xocalı əhalisi indi 58 rayonda məskunlaşmışdır.

Sənin böyüklüyünə şükür, İlahi!

Xalqımız 30 il bundan əvvəl törədilmiş Xocalı faciəsini dərin kədər hissi, düşmənə nifrətlə qeyd edir.
...Dünyaya göz açdığımız andan ilk sədamız, dünyadan köçdüyümüz anda son nidamız sənin böyüklüyünə şükür etməyimizdir, Ulu Tanrı!
“ Allahdan başqa Allah yoxdur “- kəlamı dilimizdə bəndələrinə məsləhət gördüklərini həmişə uca tutmuşuq, onun arxasınca getmişik. Bir olan Allahın mərhəmət və səyi nəticəsində həyatda düz və pak olmağa, özgə malına, yad torpaqlarına göz dikməyə, insanlara xəyanət və yamanlıq etməyə, özümüzə bir pay, qonşuya iki istəməyə həmişə əməl etmişik. Ancaq xain və acgöz erməni qonşularımız tarixin müxtəlif dönəmlərində yaranmış vəziyyətlərdən istifadə edərək azərbaycanlıları əzəli torpaqlarından qovmuş, yaxud soyqırımı törədərək oralarda məksunlaşmağa başlamışlar. Onlar çar Rusiyası və SSRİ-nin yetmiş ili ərzində ərazilərimizin xeyli hissəsini müxtəlif hiylələrlə ələ keçirərək bu gün Ermənistan adlanan respublikanın yaranmasına nail olmuşlar.

Bəs bizim günahımız nədir ki...

Həmişə düşmən əsarətində olmuşuq, Ulu Tanrı! Dağ vüqarlı, el qeyrətli, torpaqcanlı igidlərimiz sinələrini düşmən gülləsinə sipər edib, Vətən yolunda şəhid olublar! Elimiz-obamız yad ayaqları altında tapdağa dönüb, viranə qalıbdır.
Misilsiz sərvətlərimiz yad ellərə daşınıb, torpaqlarımıza Dədə Qorqud verdiyi adlar dəyişib, özgələşibdir. Bütün bu əzablar , dərdlər, işgəncələr azmış kimi Xocalı dağı çəkildi sinəmizə, Xocalı faciəsi yazıldı taleyimizə! Əsrin Xatın faciəsindən, Xatın harayından dəhşətli olan Xocalı soyqırımı törətdi insan cildinə girmiş canavarlar! Xocalı faciəsindən sonra başımızı qaldırıb vətən göylərinə baxmağa, Ulu Tanrıya dualar etməyə utanırıq.....Özü də Xocalıdakı qırğını planlı şəkildə etdilər. Türkləri başa salmaq istədilər ki, ermənilərlə oynamaq olmaz:


Üzlərə baxmağa gözüm utanır,
Təsəlli verməyə sözüm utanır,
Halına yanmağa üzüm utanır,
Namərdlər əlində qalan torpağım-
Xocalım hey, Xocalım...


Düşmən həmişə düşməndir.....

Unutma bunu, oğul! Özü də erməni kimi düşməni! Zənciri özgə əllərdədir. Həmişə qabına yal töküb, qabağına küt atıb “huy” verənləri var. Belə qansız düşmənin beş addımlığında yaşayırdı Xocalı! Yalqız qalsa da öz vüqarını, qeyrətini, namusunu, dilini, dinini qoruyub saxlayırdı Xocalı! Nə halına yanan, nə dərdinə qalan oldu. Düşmən düşmənliyini etdi, sinəsində od qaladı, odlara çatdı Xocalını....



Yetişən olmadı o gün dadına ,
Axan qanlar hopdu yeddi qatına.
Səni tay tutdular yaslı Xatına,
Dilimi yandıran yanıqlı ağım-
Xocalım hey, Xocalım...

Qırmızı qar...

“Xocalını gözlərimlə gördüm. Hər yerdən qan iyi gəlirdi. Qar üstündəki kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Sabah biz tənha qala bilərik”, bunlar bir erməni yazıçısının dedikləri və bəşəriyyətə çatdırdığıdır.
...İsti yuvalarından perikən quşlar, haraya uçursunuz?! Başınız üzərində hərlənən caynaqlı düşmənlərinizi görmürsünüzmü ?...
Görmürsünüzmü bu vəhşilər qana susayıblar? Sizi məhv etmək üçün alçaqlığa əl atırlar. Haraya qaçırsan körpə balam, dörd yanın düşməndir, düşmən də həmin düşməndir- sənə də qıyar!
...Qar yağanda sevinmisən, baharda torpağımız bərəkətli, düzlərimiz laləli olacaq, -demisən, Xocalının ağsaqqalı. Qarın ağlığı xəyalını ağ günlərə aparıb, sevinmisən. Bəs qırmızı qarı görəndə hansı hissləri keçirirdin?
Qırmızı qarı- oğlunun , qızının, nəvənin qanına boyanmış qarı deyirəm! Düşmənə nifrətin güclü idi, yoxsa şan- şöhrət axtaran, vəzifə davası aparan biqeyrət vətən oğullarına? Ağ qar qırmızı qana boyandı, o qan Xocalı torpağına hopdu...

Günəş üzərinə qəm saçacaqdır,
Otlar göz yaşıyla boy atacaqdır,
Lalələr rənginə qan qatacaqdır...
Baharda saralan yaşıl yarpağım-
Xocalım hey, Xocalım...



O gün gəlibdir...


Sinəmizə çəkilən Xocalı dağının 30 ili tamam olur. Hələ ki, Xocalı düşmən əlindədir, hələ ki, Xocalıdan sağ qalanlar köçkün adı ilə yaşayırlar. Hələ ki, Xocalısız Xocalı dərdi ilə yaşayırıq. Yaşayırıq- sabaha ümidlə... Yaşayırıq- Xocalıya qayıtmaq, bu torpağa diz çöküb səcdə etmək üçün. Bu torpağın murdarlanmış sinəsini göz yaşımızla yumaq üçün.....
“Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır... Mövcud status-kvo qəbul edilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır”.
Otuz il müddətində “Dərdinə” əlac tapa bilmədiyimiz işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mübariz və yenilməz ordumuz tərəfindən 44 gün ərzində eməni quldurlarından geri alındı.
Gün gəlibdir...XX əsrdə törədilmiş Xirosima, Naqasaki, Xatun faciələrindən də dəhşətli olan Xocalı soyqırımı beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini alacaq, faciənin səbəbkarları və iştirakçıları törətdikləri əməllərə görə cavab verəcəklər.

Qoynundakı yadlar qovulacaqdır,
Şişmiş burunları ovulacaqdır ,
Bu dərd içimizdə qovrulacaqdır,
Sinəmə çəkilən sağalmaz dağım-
Xocalım hey, Xocalım!


İbrahim Yusifoğlu
AMEA-nın N. Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşı

15.02.2022

Redaksiyadan: “Xocalıda azı 3813 nəfər qətlə yetirilib
Onlardan 613 nəfəri ictimaiyyətə məlumdur, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
...Martın 2-də “Qaflan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. Düşmənin informasiya təxribatı burda da işləyib.
16-02-2022, 15:15
Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı


Erməni hərbi güvvələri humanitar yüklə dolu maşınları geri qaytardı.
Kərbəcərə gedən yük maşınları geri qaytarılıb.
Turkustan.az bildirir ki, bu barədə Qazet.az-a ekskülüziv daxili qaynaqdan məlumat verilib:
“İşğaldan azad olunan Kəlbəcər rayonuna Rus sülhməramlıların müşayiəti ilə yük aparan sürücüləri erməni silahliları geri qaytarıb. 40 nəfərdən ibarət olan dəstə sülhməramlıların sözünə belə əhəmiyyət verməyib.”
Hansı hadisənin baş verdiyi hələlik məlum deyil. Dəfələrlə Kəlbəcər rayonuna yük aparılsa da əvvəllər belə insident baş verməmişdir.

16-02-2022, 13:25
Baş nazir karantin qaydalarını YUMŞALTDI


Hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Yeni qərarla Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədi- pasportu olan şəxslərin Azərbaycana giriş-çıxışına icazə veriləcək.
Qeyd edək ki, indiyə qədər Azərbaycanın vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilirdi.
15-02-2022, 13:50
NATO-nun Baş katibi İlham Əliyevə zəng edib

NATO-nun Baş katibi İlham Əliyevə zəng edib
Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlətimizin başçısı da dəvətə və göstərilən qonaqpərvəliyə görə təşəkkürünü bildirib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!