Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
22-12-2021, 22:01
İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırlatdı, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirdi.

Hüseyn Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirdi.

Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu.

Bütöv.az
21-12-2021, 20:36
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.

Nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, nazir Fatih Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirilib.

Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirilib.

Bütöv.az
21-12-2021, 14:59
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTO

Xəbər verdiyimiz kimi, dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəsmi teleqram kanalında həmin hərbçilərin fotoları paylaşılıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, görüşdə Ermənistan Silahlı Qüvvələrinin zabitləri, Azərbaycan nümayəndəsi, saxlanılan azərbaycanlı hərbçilər və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də məsələ barədə məlumat yayıb. Bildirilib ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-si geri qaytarılması təmin olunub.



Bütöv.az
21-12-2021, 12:27
Həbsdəki MTN generalının vəkili danışdı... - 15 min dollarlıq qızıl “Vertu” cinayəti üzə çıxdı

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində 2 aya yaxındır ki, davam edir.

Bütöv.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu müddət ərzində iş üzrə 5 nəfər zərərçəkən ifadə verib.


Məhkəmə açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir. Zərərçəkənlər prosesin bu şəkildə aparılmasına qəti şəkildə etiraz edirlər. Buna baxmayaraq, hakim Elbəy Allahverdiyev qanunsuz qərarını dəyişməyə tələsmir. Zərərçəkənlər istintaqda məhkəmə zalında deyə bilmədiklərini mətbuata açıqlayır, ibtidai istintaq zamanı qeydə alınmayan olduqca ciddi faktları ictimailəşdirməklə onlara qarşı baş verən cinayətlərə diqqət çəkməyə çalışırlar.

Bu müddət ərzində Mövlam Şıxəliyevin vəkilləri susub ittihamları cavablandırmaqdan yayınırdılar.

Onun vəkillərindən biri olan Ceyhun Yusifov, nəhayət ki, musavat.com-a danışıb. Deyib ki, müvəkkilinə qarşı ittihamlar tam əsassızdır.

“Mövlam Şıxəliyev heç kimdən pul almayıb, heç kimə hədə-qorxu gəlməyib, vəzifəsində, sui-istifadə etməyib. 32 zərərçəkəndən heç biri demir ki, Mövlam Şıxəliyevə pul vermişəm. İttihamlar tam əsassızdır” - deyə vəkil bildirib.

Vəkilin bu açıqlamasından sonra redaksiyamızla əlaqə saxlayan zərərçəkənlər - Hüseyn Səfərov, Əfsəl Həsənəliyev, Zaur Əliyev, Akif Qurbanov və Əhməd Mirzəyev Mövlam Şıxəliyevin şəxsən onları hədələdiyini, onlara qarşı cinayətlərin başında dayandığını bildiriblər.

Butun cinayətlər Movlam Şixaliyevin rəhbərliyi altında onun birbaşa tapşırıgı nəticəsinda baş verib və həyata kecirilib.

Sonuncu məhkəmə prosesində ifadə vermiş zərərçəkən Əhməd Mirzəyev deyib ki, Mövlam Şıxəliyevin vəkili yalan danışır.

“Vəkil nə desin? Desin ki, Mövlam Şıxəliyev MTN-də oturub quldurbaşılıq edirdi? MTN təcridxanasından şəxsi türmə kimi istifadə edirdilər? Şəxsən mənim heç bir günahım olmayıb. Dostum mənə hədiyyə göndərib, almışam. Məhkəmədə də dedim, hələ bir çox məsələlər var ki, onların üzərindən keçdim. Məni qanunsuz həbs ediblər. 500 min dollar pul aldılar və azad etdilər. Mənə qarşı bütün bu cinayətlərə Mövlam Şıxəliyev birbaşa rəhbərlik edib. Onun müavini vardı, Təhsin Ağayev. Bu gün yalandan özünü xəstəliyə vurub. Mövlam Şıxəliyevin sözlərini mənə o çatdırırdı. Məni Mövlam Şıxəliyevin kabinetinə o aparırdı. Mövlam Şıxəliyev mənə deyirdi ki, Təhsin dediyi məbləği düzəldib çatdırmalısan. Mən də məcbur olub qardaşıma ismarış yollayıb deyirdim ki, tələb etdikləri pulu düzəldin, verin. Obyektimi ”Azəriqazbank"a girov qoyub pul götürdük, əlimizdə olan pulları da qoyub verdik. Bundan sonra Mövlam Şıxəliyevin şəxsi tapşırığı ilə mənə saxta xəstəlik tarixi düzəltdilər və xəstə olduğumu əsas gətirib azad etdilər. Vəkil gedib iş materialları ilə tanış olsun, görəcək ki, yalan danışan da elə Mövlam Şıxəliyevdir".

Zərərçəkən deyir ki, azad ediləndən sonra da Mövlam Şıxəliyev hər dəfə ona zəng vurub, ən müxtəlif hədiyyələr, villaları, restoranları üçün bahalı tikinti materialları aldırıb: “Mövlam Şıxəliyev biləndən sonra ki, mənim ”Slavyanka"da payım var, bütün villalarına, iş yerinə, restoranlarına gündəlik “Slavyanka” suyu göndərməyimi tələb etdi. Mən də məcbur qalıb onun tələbini yerinə yetirdim. 2010-cu ildən düz 2015-ci ilə kimi hər gün onun villalarına, iş yerinə, restoranlarına “Slavyanka” suyu göndərmişəm. 1 qara qəpik belə verməyiblər. Heç suyu aparan maşının pulunu da vermirdilər. Mən ya Mövlam Şıxəliyevin qanunsuz tələbini yerinə yetirib onun dediyini etməli idi, ya da biznesimi qoyub ölkədən çıxmalı idim".

Zərərçəkən deyir ki, Mövlam Şıxəliyevin vəkili müdafiə etdiyi şəxsin cinayətlərindən xəbərsizdir: “Mənə Mövlam zəng elədi. Dedi ki, ad günümdür, mənə kostyum al. Mən də düşündüm ki, kostyumun qiyməti maksumum 4-5 min olar. Dedim ki, alıb gətirərəm. Mövlam Şıxəliyev isə dedi ki, kostyumu özüm alaram, pulunu isə sən verərsən. Razılaşdım. Yenə də deyirəm, başqa yol qoymamışdılar. Tutan da, aylarla təcridxanada saxlayan da, məhkəmədə iş verən də bunlar idi. Zərərçəkən Hüseyn Səfərova 2 ”Vertu" aldırıb. Mövlam Şıxəliyev mənə də “Vertu” aldırıb, qızıl suyuna çəkilmiş “Vertu”. Mövlam Şıxəliyev mənə zəng edib dedi ki, təzə “Vertu”lar çıxıb, qızıldan. Ondan al gətir. Başımı itirmişdim, nə edəcəyimi bilmirdim. Getdim maraqlandım, məlum oldu ki, onun istədiyi “Vertu”nun qiyməti 15 min dollardır. Əlacsız idim, kimə nə deyə bilərdim. Gedib aldım və MTN-ə getdim. Həmin “Vertu”nu Mövlam Şıxəliyevə kabinetində şəxsən özünə vermişəm. Vəkildən də xahiş edirəm, Mövlam Şıxəliyevdən həmin “Vertu”nu soruşsun. Biləcək ki, o “Vertu” mənim puluma alınıb. Mən bunun üstündən keçəcəkdim. Necə ki, məhkəmədə demədim. Amma belə həyasızlıq olmaz. Pulumuzu da alıblar, başımıza müsibət açıblar, qanunsuz həbs ediblər, məhkum ediblər, indi də çıxıb deyir ki, belə şey olmayıb. Məhkəmədə də arsız-arsız deyir ki, baş verənlərdən harasa şikayət etmisən? Dövlətdən dövlətə şikayət edəcəkdim? Oturmuşdular vəzifədə, biz onlara şikayət etməli idik. Açın ittiham aktını, oradakı sənəd-sübutlarla diqqətlə tanış olun.

Hələ mənə “Qaqarin” körpüsünün yanındakı restoranına da 50 min manatlıq İtalyan metlax-kafel də aldırıb. Özü şəxsən zəng edib deyib, mən də özümdə həmin material olmadığı səbəbdən cibimin pulu ilə ödəniş edib başqa yerdən alıb aparmışam.

Mövlam Şıxəliyev mənə tapşırmışdı ki, Novxanıdakı imarətinə bitişik bağın həyətinə beton tökdürüm, üstündən də tamet vurdurdum. Mən bu işləri də gördürmüşəm, 40 min manat pul xərcəmişəm. Bu illər ərzində Mövlam Şıxəliyevin sifarişlərinin yerinə yetirilməsinə xərclədiyim pulları vəkillərimlə birgə hesablayırıq. Bütün ziyanımı ondan tələb edəcəyəm. Mənə mənəvi baxımdan vurduğu ziyanın da qarşılığını alacağam".

Zərərçəkən Əhməd Mirzəyev baş prokuror Kamran Əliyev, dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevdən xahiş edir ki, müraciəti əsas götürülərək yenidən araşdırılsın və yeni epizodlar üzrə də Mövlam Şıxəliyevə ittihamlar verilsin, ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilsin.
20-12-2021, 20:25
Heç demirsən Ələsgərim hardadır?!


Covid -19 deyilən bəla dünyanı bürüyəndən bəri ölüm çox adiləşib. İnsanlarımız ard-arda gələn qara xəbərləri soyuqqanlı, bəzən də laqeydcəsinə qarşılamağa alışıblar. Amma keçən il dekabrın 20-də İlham Məmmədlinin verdiyi xəbər alışdığımız xəbərlərə bənzəmirdi. Bu bir göy kişnərtisi, şimşək çaxışı idi. İldırım kimi başıma elə vurdu ki, bir ildir dostumun Ələsgər... deməsi qulaqlarımda əks-səda verir. Aylardı onun xəyalı ilə çarpışıram. Onun belə gedişi, son durumundan xəbərsizliyim mənə dinclik vermir. Fikirləşirəm ki, bəlkə nəsə yazsam yüngülləşərəm. Amma nə yazım, necə yazım?! Onu da bilmirəm.
Axı 2020-ci il martın 25-də yazmışdım. Yazmışdım ki, “Bu gün qardaşım Ələsgərin yaşının üstünə biri də gəlir, onu təbrik eləmək üçün ədəbiyyatda, şeirdə, sənətdə işlədilməmiş sözlər, ifadələr lazımdır. Təəssüf ki, o da yoxdur... Bu gün yenə yazmaq istəyirəm. Amma bu gün heç Ələsgərin özü də yoxdur. Qərib Durna qatarında əbədi bir yolçuluğa çıxıb. Bu elə bir yolçuluqdu ki, nə başlanğıcı var, nə sonu. Havalanmış bu qatarın dalınca hey qaçıram, nə əlim yetir, nə ünüm çatır. Taqətdən düşüncə qaçıb axırda yenə əlacsız-əlacsız xatirələrə sığınıram“.
Hər dəfə Ələsgər yadıma düşəndə ən birinci onun 1993-cü il yanvarın 1-də, Mehdiabad qəsəbəsində, “Vüsal” şadlıq evindəki qısa çıxışı gəlir gözlərimin önünə: “Dünyanın üzü qara olsun! Bu gün qara zurnanın səsi Zəngəzur dağlarında əks-səda verməliydi. Ətraf obalardakı Oğuz boylarının oğulları bu sədaya toplaşıb yallı getməli, elin igidləri cəngi çaldırıb qurşaq tutmalı, at üstündə çaparaq güləş yarışı keçirməli, güclərini göstərməliydilər. Amma biz Tamxil Ziyəddinoğluna od-ocağından uzaqda- bir balaca məkanda toy eləyirik”.

Ələsgərin toy təbrikindən doğan üsyankar səsi bir doğmalıq, bir can yanğısı, bir simsarlıq və bir Vətən sevgisi möhürü kimi ürəyimə vuruldu. Beləcə ailə, uşaq sahibi olduq. Qayğılarımız artmağa başladı. Qayğılar artdıqca yollar uzandı, yollar uzandıqca da yükümüz ağırlaşdı. Maddi sıxıntılar bizi əlavə qazanc yolları axtarmağa vadar etdi. Mən də maşın hissələri alqı-satqısı ilə məşğul olmaq həvəsinə düşdüm. Sumqayıtdakı maşın bazarına- Ələsgərin yanına getdim. Ondan ağıllı məsləhət, kömək umurdum. O, fikrimi biləndə çox məyus oldu. Qadan alım, sən bu fikirdən vaz keç,-dedi. Düzü pərt düşdüm. Məyus olduğumu görüb, israrla qurbanın olum, sən “Bazar adamı” olma, dedi və dərhal da, əlavə elədi. Əgər yanında zərrə qədər xətrim varsa, ümumiyyətlə bu fikri başından çıxart!
Xətir məsələsin araya gətirəndən sonra səssiz -səmirsizcə bazardan çıxıb getdim. Ələsgər bazarda qaldı. Dostuna rəva görmədiyini özünə gördü. Bazarda xırda-xuruş satmaqla ailəsinə gün-güzəran qurdu. Bakıda ev aldı. Çörəyini bazardan çıxartdı, amma “Bazar adamı” olmadı. Ləyaqətini qorudu. Şanını, şərəfini hər şeydən uca tutdu. O, çox həssas bir ruh adamı idi. Jurnalist olaraq cəmiyyətdə yaranmış eybəcərlikləri daha çox görürdü, müxtəlif üsullarla mətbuata doluşmuş qaragüruhların əməllərinə dözə bilməyib jurnalistikadan bazara keçdi. Amma ruhunu, jurnalist şərəfini, mətbuatımızın təəssübünü heç nəyə dəyişmədi. Məhz ona görə də 2016-cı ildə, iyulun 22-si Mətbuat günündə belə yazdım:
“Bu gün Ələsgər Qurbanovun bayramıdır. O Ələsgərin ki, deməyə sözü, yazmağa qələmi var. Amma nə danışır, nə də yazır. Sözünü urvatdan, qələmini hörmətdən salmaq istəmir. Bayramın mübarək qardaş! Bu gün yalnızca səni təbrik etmək istədim!”
Facebookdakı statusum onu çox duyğulandırmışdı. Zəng vurdu, bayramlaşdıq. Xeyli dərdləşdik. Dedi,-mənim jurnalistikadan getməyim səni yandırdığı kimi, sənin də jurnalistikadan qopacağın məni qorxudurdu. Ona görə, sənə yalvarırdım ki, bazara gəlmə. Neynəsən də bazarın səni mətbuatımızdan alacağını bilirdim. Sağol ki, sözümə baxdın.

Nur üzlü Ələsgərin mayası xeyirxahlıqdan, mərhəmətdən yoğrulmuşdu. İnsanlara yaxşılıq eləməkdən, ehtiyacı olana, imkanı daxilində, əl tutmaqdan zövq alırdı. Mətbuatdan uzaq düşsə də Media cameəsindən, tələbə yoldaşlarından ayrı qala bilmirdi. Uşaqların kiçik toyuna dəvət edəndə, dedi,-sən gəlmək istəyənlərə de ki, pul yazdırmaq-zad fikrinə düşməsinlər. Sadəcə bu xoş günümüzdə istəyirəm ki, ürəyim istəyən kəslər yanımızda ola.
2008-ci ildə məni təcili görüşə çağırdı, görüşdük. Hal-əhvaldan sonra dedi,- prokuror dostum var. Təklif edib ki, Maliyə Nazirliyinə mətbuat katibi gedim. Mən biznes işlərimi təzə-təzə yoluna qoyduğum üçün istəmədim. Sənin xahişini elədim. Get “filankəs”lə görüş. Onda AzTv-də “ Zireh” və ”Hünər meydanı” verilişlərini yaratmışdım. Aparıcısı da özüm idim. Amma maaş çox aşağı olduğu üçün razılaşdım. Nazirlikdə hörmət-izzətlə qarşılandım. Bir həftə ərzində hazırlanması tapşırılan yazını 3 gündən sonra təhvil verdim. Bəyənildi. Şərtlər və öhtəliyim açıqlandı: Xidməti maşın, 1000 manat maaş (o zaman 1700$), ayda bir dəfə “konvert” deyilən rüşvət paketinin qarşılığında nazirliyi jurnalist həmkarlarımdan qorumalı, mətbuatın qarşısına sədd çəkməli idim. Mən tələb-təklif barədə fikirləşməyə getdim, bir daha geri qayıtmadım.
Bu məsələyə bir də 10 ildən sonra- “Bütöv Azərbaycan” qəzetinin yubileyində qayıtdıq. Dost süfrəsinin başında əyləşmişdi. Ovqatı çox yaxşı idi. Üzündəki təbəssümdə bir ruh rahatlığı hiss olunurdu. Qürurlandığı oturuşundan, gəzişməsindən duyulurdu. Arada fürsət tapıb 10 illik sükutu pozdu:

“Sən gizləsən də sıxıntılarını səndən yaxşı hiss edirdim. Bəzən də qınayırdım ki, bu qədər ehtiyacın içində olduğun halda o cür şansı əldən verdin. Amma bu gün Allahıma şükür edirəm ki, səni var-dövlət dalınca qaçırmadı. Yoxsa bu müqəddəs missiyadan məhrum olacaqdın, biz də bu şərafətli anları yaşamayacaqdıq. Amma dostlarımıza onu da bildir ki, bu işdə mənim xidmətim səninkindən çoxdur. Əgər o vaxt səni bazara buraxsaydım bu gün “Bütöv Azərbaycan”ın təntənəsinə yığışmazdıq.”
Dostum zarafatla desə də sözündə böyük həqiqət vardı. O, təkcə dost kimi deyil, əmi, dayı, ata oğul, qardaş kimi də cəfakeş, istiqanlı, yanımcıl idi. Hər kəsin hayına qaçar, dara düşənə kömək əli uzadar, birinin canı yanardısa onun tüstüsü təpəsindən çıxardı. Bacısının oğlu rəhmətə gedəndə Ələsgər az qalırdı onun əvəzinə məzara girə. Özünə yer tapmırdı. Ovutmağa çalışırdıq, ovuna bilmirdi. Bir sözlə, bu adam sanki elə şələkeşlik, dərd çəkmək üçün yaranmışdı. Hərdən ürəyinin əməliyyat olunduğunu xatırladırdım ki, bu xəstə ürəyi o qədər yükləmək olmaz. Amma yükləməkdən yorulmurdu...

2019-cu ildə “Bilgəh”də kardioloji müalicə alırdım. Ələsgərdən zəng gəldi. Xeyli söhbətləşdik. Dəniz kənarında olduğumdan dalğalar sahil daşlarını döyəclədikcə şappıltısı telefonun o başında aydınca eşidilirmiş. Birdən təəccüblə soruşdu: sən hardasan? Əziyyət çəkib yanıma gəlməsin,- deyə yerimi bildirmək istəmirdim. Amma diqqətini yayındıra bilmədim, yerimi öyrəndi. Aradan bir az keçmiş gördüm gəlib. Xeyli gəzişdik, dərdləşdik, zarafatlaşdıq. Hər ikimizin kefi duruldu. Qaş qaralana yaxın dedim ki, daha vaxt keçir, yavaş-yavaş getməyin məsləhətdir. Bir söz demədi. Yavaşca qoluma girib otağa tərəf getdi. İçəridə söhbətimiz daha çox uzandı. Arada mənim mobil telefonumu götürüb qurdaladı. Son danışdığım adamın adını ekranda görüb soruşdu- Qərib Dost kimdir? Dedim onu sən hamıdan yaxşı tanıyırsan, yığ danış, gör kimdir. Qərib Dostu yığanda öz telefonu zəng çaldı. Bir telefonlara baxdı, bir mənə baxdı, telefonların heç birini söndürmədi. Gözləri doldu. Zəng səsini bir xeyli dinlədikdən sonra dilləndi: “Deyirəm axı, niyə sənin səsin ürəyimə məlhəm kimi yayılır, səninlə danışanda elə bilirəm ruhuma sığal çəkirsən. Sən demə mənim bu qədər dostun, doğmanın arasında qəriblik çəkdiyimi duyurmuşsan. Ona görə adımı Qərib Dost qoymusan...”.
O gün söhbətimiz orda bitdi. Ayrılıncaya qədər yalnız duyğularımız, baxışlarımız danışdı. Ruhlarımız bir-birinə hakim kəsildi. Düşündüm ki, Ələsgər bu dünyanın adamı deyil. Qarın davası döyənlərin, mal-mülk üçün bir-birinə balta çəkənlərin, şan-şöhrət üçün mənliyindən keçənlərin, vəzifə xətrinə bir-birinin ayağının altını qazanların dünyası Ələsgərə yaraşan, onun yaşayacağı dünya deyil. Ələsgərin mənəvi ehtiyaclarını ödəyəcək şeylər dünyamızda əskikdi. İnsanların bir-birinə qarşı fitnəkarlığı, zənginlərin yoxsullara münasibəti, sərvət üstündə aparılan qanlı müharibələr planetimizi Ələsgərə çox yoxsul, iddialı insanları cılız və miskin göstərir. O, ilahi dəyərlərə bağlı, insanlığın fövqündə olan xilqətdir.
Qənaətimi bölüşmək üçün Ələsgər Qurbanovun professor Cahangir Məmmədlinin 2020-ci il martın 23-də pandemiya ilə bağlı yazısına bildirdiyi münasibəti oxumaq kifayətdir:

“Əziz müəllimim, neçə illərdir Yaxın Şərq ölkələrinin məktəbləri bağlı, viranə, insanları pərən-pərən, yenidən yığışmaq ümidləri də sıfıra bərabərdir. Deyəsən indi içi biz qarışıq bütün dünya oradakı müəllimləri başa düşmək istəyirik. Başa düşmək üçün Tanrı dünyaya belə bir dərd göndərməliymiş. Mən dünyanın belə günə düşməyində bir uşaqdan şübhələnirəm. O uşaq Suriyanın xarabalıqlarında üstü-başı cırıq, zavallı bir görkəmdə deyirdi ki, mən öləndə mütləq Allah baba ilə görüşüb bu dünyadan ona şikayət edəcəyəm. Zənnimcə o Uşaq Allah Babası ilə görüşüb”.
Ələsgər boynuma qoydurmuşdu ki, müalicə bitəndə gəlib məni evə aparsın. Elə də oldu. Bir stəkan çayımızı içdi. Gərayla tanış oldu, universitet təhsili ilə maraqlandı. Bir az da həyat təcrübəsindən, gördüklərindən, bildiklərindən gəldiyi qənaətləri bölüşdü. Öyüd-nəsihət elədi. Zənnimcə bu görüşdən hər ikisi məmnun qalmışdı. Sonralar hər zəngləşəndə Gərayı ayrıca soruşurdu. 2020-ci il iyulun 11-də Gəray hərbi xidmətə yola düşdü. 12-də Tovuz istiqamətindən hücum edən Ermənistan qüvvələrilə atışma başladı. Mən çox sevindim. Çünki yaxşı bilirdim ki, erməni-rus birliyi müharibəsiz torpaq qaytaran deyil. Oğlum şəhidmi olar, qazimi olar, o taleyin işidir. Mən ona sevinirdim ki, torpaq uğrunda müqəddəs savaşda bizim ailənin də iştirak payı olacaq...

Gəray Vətənə sədaqət andı içəndə Ələsgər də mənim qədər sevindi, əziz dost, gözlərin aydın dedi: “Əqli və fiziki sağlam övladı hərbi xidmətə göndərmək hər atanın qürurudur. Gün gəlsin, düşmən tapdağı altında qalan torpaqlarımızı azad edən şərəfli əsgərlərimizdən biri kimi Gəray da sağ-salamat qayıdan zaman yenə bütün dostlar, qohumlar sənə gözlərin aydın desinlər. Mən əmisi də ayaqları altında qurban kəssin, İnşallah!”.
Vətən Müharibəsi qələbə ilə bitdi, sevindik. Gəray da sağ-sağlam evə qayıtdı, amma şadyanalıq edə bilmədim. Qohum-qonşuların tənəsinə baxmayaraq məclis də qurmadım. Ələsgər əmisinin yolunu gözlədim. O, mütləq gələcəkdi, dediyi qurbanlığı da gətirəcəkdi...
Martın 25-də Əlisəfa Mehdiyevdən zəng gəldi. Cavab verdim. Dedi, bu gün Ələsgərin doğum günüdür. Bəlkə evinə gedək?! Bir az oturub qayıdarıq. Bu təklif məni yerdən-yerə çırpdı. Susdum, o da xeyli susaraq məndən cavab gözlədi, amma mən cavab verə bilmədim. Özümə verdiyim aramsız suallar da nəfəsimi tıncıxdırdı: “ Mən kiməm, nəçiyəm, Əlisəfa niyə mənimlə getmək istəyir, hara gedim, Ələsgərin olmadığı evə necə gedim, nəyə gedim, kimə nə deyim, mənim gəlişim nəyi dəyişəcək, kimə təskinlik olacaq?”
Bu suallar başımı gicəlləndirdikcə, 2019-cu il martın 25-də Ələsgərə yazdığım təbrik gözlərimdə sətirləndi: “Dost kimi dost, insan kimi insan, qardaş kimi qardaş, vətəndaş kimi Vətəndaş, jurnalist kimi gözəl qələm sahibi olub, mətbuata doluşan üzdəniraqların ucbatından sıralarımızı tərk edən dostum Ələsgər Qurbanovun doğum günüdür. Həyatda üzləşdiyi çətinliklərə, məruz qaldığı ağrı-acılara baxmayaraq ömrünü kişi kimi yaşamaqda davam edir. Ona sağlamlıq, uzun ömür, bir də elə özü kimi mərdanə yaşamağın davamını arzulayıram!”
Arzum çin olmadı. Daha 160 gün gözlədim. Qapımızda kəsiləcək qurbanlığı gətirən gəlmədi. Ondan sonra Ələsgərin yoxluğuna inanmağa başladım.
Bu aylar ərzində ən çox qorxduğum şey Natəvanla üz-üzə gəlmək, onun baxışlarından oxuyacağım “hamınız etibarsızsınız”- ifadələri idi. Xoş halıma ki, Allah üzümə baxdı. Həftədə, uzağı iki həftədə bir rastlaşdığım Natəvan xanım bu bir il ərzində qarşıma çıxmadı. Heç səsi, sorağı, giley-güzarı da gəlmədi. Sanki Ələsgərlə bərabər o da qeyb olmuşdu.

P.S Deyirlər ruhlar ölmür, amma bəzən sevdiklərindən küsürlər. Küsəndə isə heç yuxuya da gəlmirlər. Mən bu yazını yazmadan Ələsgəri düşünmədiyim gün olmadı. Amma yuxuma gəlmədi ki, gəlmədi. Yazını bu gecənin yarısında bitirdim. Son nöqtəsini qoyub yatan kimi yuxuma girdi. Həmin gecə üç dəfə oyandım. Üçündə də yuxuya gedən kimi Ələsgər gəldi. Nə bilmək olar, bəlkə də barışmağa, məni bağışlamağa gəlibmiş...

Tamxil Ziyəddinoğlu
"Bütöv Azərbaycan" qəzeti
17 mart 2021
20-12-2021, 15:34
Çavuşoğlu: “İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq”

“Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirə bilər”.

Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Münasibətlərin normallaşdırılması prosesinin başlanması üçün xüsusi nümayəndələr təyin etdik. Yaxın vaxtlarda onlar danışıqlar aparacaqlar”, - deyə türkiyəli nazir bildirib.

O, həmçinin qeyd edib ki, İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq.

“Şirkətlər müraciətlər göndəriblər. Biz onları nəzərdən keçiririk. Onlardan bəziləri yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları qəbul edərkən Azərbaycanla müzakirələri davam etdiririk”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Mənbə: TASS

Bütöv.az
20-12-2021, 15:21
Yubiley filmi: Dünya liderləri Prezident İlham Əliyev barədə danışdılar - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Prezident. Təkrarsız diplomatiya” adlanır.
Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alır. Onlar Azərbaycan prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.

Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.

R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişaf sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.

N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.

“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.

Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.

Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.

Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.

Film Prezident İlham Əliyevin doğum günü - 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.



Bütöv.az
20-12-2021, 13:15
Helikopterimiz 89 metr hündürlükdən yerə çırpılıb - Qəzayla bağlı YENİ AÇIQLAMA

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı yeni məlumat açıqlanıb.

Bütöv.az xəbər verir ki, məlumatda deyilir:

"Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Aparılan intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyən edilmişdir ki, uçuş-atış təlimlərinin həyata keçirilməsi ilə əlaqədar təsdiq edilmiş plana əsasən aparıcı müəyyən edilən, Dövlət Sərhəd Xidmətinin Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri 30 noyabr 2021-ci il tarixdə saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxmış, onun ardınca təlimdə iştirak edən digər eyni tipli, 20137 bort nömrəli helikopter havaya qalxaraq uçuşa başlamışlar. Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirmişlər. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğrayıb.

Aparıcı 20136 bort nömrəli helikopter enişə keçərkən həmin helikopterdə olan təlimatçı tərəfindən təlimə cəlb edilən digər eyni tipli helikopterin ekipaj heyətinə atış təliminin həyata keçiriləcəyi ərazidə heyvanların olub-olmamasının aydınlaşdırılması tapşırığı verilib. Həmin helikopter verilən tapşırıq üzrə istiqamətini dəyişmədən hərəkətini davam etdirərkən aparıcı helikopterin qəzaya uğramasını müşahidə etdikdən sonra saat 10:36-da eyni koordinat üzrə uğurlu eniş edib.

Qəzaya uğramış desant-nəqliyyat tipli helikopter 2012-ci ildə Rusiya Federasiyasının Kazan şəhərindəki zavodda istehsal olunub, müqavilə əsasında həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara buraxılıb. İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”) ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılıb. 2020-ci ilin sentyabr ayında müvafiq təlimata uyğun olaraq helikopter texniki baxış və təmir üçün bağlanan müqaviləyə əsasən, Rusiya Federasiyasının Saratov vilayətindəki zavoda göndərilib. 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilib. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkar edilməyib.

Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilib ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib.

Helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”) hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilmişdir.
Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Belə ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olmuşdur. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.

İstintaqla müəyyən edilib ki, helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib. Helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olmuşdur ki, bu nəticə etibarilə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan helikopterin quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olmuş, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş verib.

Aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olan şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.

Qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Kütləvi informasiya vasitələri, habelə sosial şəbəkə istifadəçilərinə helikopter qəzası ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi və bunun qanunvericiliklə nəzərdə tutulan məsuliyyət səbəb olacağı barədə xəbərdarlıq edilir".
20-12-2021, 10:58
Elmi dərəcəsi olan və işləməyən şəxslərin Prezident təqaüdü artırılır

“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manata qaldırılır.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bütöv.az
20-12-2021, 10:29
Azərbaycan mediasında yeni dalğa: Mətbuatımızı nə gözləyir?

“Media haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr səngimək bilmir. Bir qism bu layihənin mətbuatda yeni üfüqlərə yol açacağını desə də, digər tərəf məhdudlaşmadan başqa bir effekti olmayacağını deyir.

Bəs, görəsən, yeni qanun layihəsində prinsipial dəyişikliklər və müsbət məqamlar nələrdir?

News24.az bu sualla ekspertlərə üz tutub.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev media sektorunda yeni bir sistemin formalaşdırılmasının xaos kimi görünən müəyyən görüntülərin aradan qaldırılmasında mühüm rol oynayacağını bildirib. “Media haqqında” yeni qanun layihəsi əvvəlki ilə müqayisədə köklü sürətdə dəyişib. Bu qanun mediadakı prosesləri geniş miqyasda tənzimləyə bilir və konkretlik var. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən jurnalist vəsiqəsi veriləcək. Bu, olduqca əhəmiyyətli hadisədir. Çünki ölkədə media sektoruna aid daha dəqiq statistika və hesabatlılığın aparılması üçün lazımi addım idi. Media qurumlarının bu reyestirə daxil olması tam könüllü əsasda reallaşacaq. Burada hər hansı bir məcburiyyətdən söhbət gedə bilməz. Jurnalist eyni vaxtda həm dövlətin, həm də çalışdığı media qurumunun vəsiqəsini daşıya bilər. Yeni qanunda jurnalistin sosial portreti və hüquqi fəaliyyət sferasının dəqiq müəyyənləşdirilməsi önəmli məqamlardandır. Bu qanunda “media” anlayışının özünün hüquqi mahiyyətinin müəyyənləşdirilməsi və konkretlik daşımasının əhəmiyyəti qeyd edilməlidir. Media subyektlərinin təsnifatı dəqiq formada aparaılır. Qəzet, sayt, onlayn media detallı izah edilir. Təqdirəlayiq addımlardan biri də sosial şəbəkə aktivlərinin və blogerlərin bu qanunun təsir dairəsindən kənarda qalmasındadır. Gələcəkdə bu nüansla bağlı dünya praktikasına nəzərən tənzimləyici sənəd yarana bilər. Media orqanında çalışmayan “freelancer” (sərbəst çalışan ) jurnalistlərin bu qanunda təsdiq olunması üstünlük və yenilikdir. İnternet televiziyalarının platforma yayımçısına çevrilmə imkanları da yeni qanunda həllini tapıb. Bu qanun tam qüvvədə olduğu təqdirdə “reket mediaçılıq” üsuluna yer qalmayacaq.

Çap mediaya dəyər yoxdur

Gözəl bir nümunə var: “işləməyən yaxşı qanun işləyən yaxşı qanundan daha pisdir”. Əlbəttə ki, qanun layihəsi tam ideal deyil. Direktiv və normativ sənədlər sonsuzluğa qədər təkmilləşdirilə bilər. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib, 25 maddə isə tam ləğv edilib. Güman edirəm ki, zamanla bu qanunda da müəyyən təkmilləşdirmələr aparılacaq”.

Baş redaktor yeni qanun layihəsində narazı qaldığı məqamlardan da söz açıb: “Siyasi partiyaların çap mediadan başqa digər media orqanlarını təsis etmə imkanları məhdudlaşdırılır. Bunu düzgün hesab etmirəm. Çap medianın digər medialardan xarizmatik olaraq aşağı tutulması doğru deyil. Çap medianın operativlik imkanları məhdud olsa da, bir sıra üstünlükləri var. Çap medianın kommersiya strukturu sayılmasının özü qəti şəkildə yanlışdır. Dünyada elə bir çap media orqanı tanımıram ki, sırf kommersiya strukturu kimi fəaliyyət göstərib, özünü dolandırsın. Bütün dövlətlərdə çap medianın unikal sivilizasiya nailiyyəti hesab olunmaqla dövlətin dotasiyası altında yaşaması qəbul olunan bir reallıqdır. Əminəm ki, çap medianın kommersiya strukturu olması fikri qanundan çıxarılacaq”.

Media üzrə ekspert Elçin Şıxlı vurğulayıb ki, qanun layihəsi ilə bağlı ziddiyətli məqamlar var: “Görünən odur ki, bu layihənin üzərində uzun müddətdir ki, iş gedir. 80 maddədən ibarət bir qanun layihəsidir. İki qanunu bir qanun layihəsində birləşdiriblər. İlk baxışda normal görünür. Ancaq sonradan hər maddəsini analiz edəndə aydın olur ki, bu layihədə təkmilləşdirmələr lazımdır. Jurnalist kimdir, radio nədir, hamısı haqqında məlumatlar yeni qanun layihəsində öz əksini tapıb. Bəli, jurnalistin müqaviləsi olmalıdır. Onlar qazanc əldə etmək üçün çalışan şəxslərdir. Bəs, “freelancer” jurnalistlərin aqibəti necə olacaq? Onların müqaviləsi yoxdur və qazanc əldə etmirlər. Yaxud da çalışdığı qurumdan ayrılan jurnalistlər işsiz qaldığı dönəmlərdə nə etməlidir? Bu müddət ərzində jurnalist kimi fəaliyyət göstərə bilməyəcəklər.

Tələsən təndirə düşər...

Media Reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi pis ideya deyil. Yəni artıq biləcəyik ki, meydanda kimlər var. Ancaq şərtlər elə cümlələrlə qeyd edilib ki, sabah Media Agentliyinin rəhbəri Əhməd müəllim vəzifədən getsə və yerinə xarakter olaraq pis biri gəlsə, o, bu qanunları bizim əleyhimizə istifadə edəcək. Belə olan halda biz peşman olacağıq”.

Ekspert bildirib ki, boşluqlardan biri də məhkəmə ilə bağlı qanundur: “Hər hansı bir vəkilin açıqlamasını işıqlandırmaq mümkün olmayacaq. Bunun üçün əvvəlcə müstəntiq icazə verməlidir. Bu, çox absurddur.

Biz Avropa Şurasının üzvüyük və öhdəliklərimiz var. Bu qanun layihəsini Avropa Şurasına göndərib, ekspertizadan keçirməliyik. Bu qurumun bizim qanundan xəbəri yoxdur. Əks halda Azərbaycandan ora şikayət gedəndə onlar da haqlı olaraq deyəcəklər ki, Azərbaycanda söz azadlığını boğurlar. Bütün bu proseslərin baş verməməsi üçün bu qanunun üzərində işləməliyik.

Mənim üçün əsas olan jurnalistika prinsipləri və etik kodeksidir. Bu prinsiplərə istinad edərək öz fəaliyyətimi necə həyata keçirmişəmsə, elə də davam etdirəcəyəm. Ölkənin informasiya azadlığı haqqında qanunları var. Jurnalistikanın da öz qaydaları mövcuddur, o qaydalar da aradan çıxmamalıdır.

“Media subyektləri” deyilən bir anlayış var. Bu, nə deməkdir? Məsələn, mənim Yutub kanalım var. Sabah hansısa məmurun xoşuna gəlməyən bir söz desəm, yaxud da tənqid etsəm, o, şuraya müraciət edəcək və nəticədə kanalım blok olunacaq. Bu, artıq işimizə əngəldir”.

E.Şıxlı qanun layihəsi ilə bağlı tələsməyə ehtiyac olmadığını deyib: “Bizdə istifadə edilməyən, amma yaxşı bir qanun var: “informasiya əldə etmək haqqında” qanun. Amerikada 1966-cı il 4 iyulda prezident Lindon Conson tərəfindən qəbul edilən “informasiya azadlığı haqqında” qanun mövcuddur. Amerikada media haqqında qanun yoxdur. Ancaq bununla belə ABŞ jurnalistika üzrə öndə gedən ölkələrdən biridir. Təbii ki, orada da müəyyən çatışmazlıqlar var. Amma çalışmalıyıq ki, onlardan yaxşı örnəklər götürək.

Bu qanun layihəsi ilə bağlı tələsmək lazım deyil. Ekspertlər qrupunu buraya cəlb edib, layihəni daha dərindən analiz etməliyik”.

Mediamızda yeni işıq

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli vurğulayıb ki, “Media haqqında” qanun layihəsi yeniliklərlə zəngindir: “Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, mövcud olsa da hüquqi statusu yox idi. Artıq onlayn media da KİV qurumu kimi tanınır, statusları bilinir və geniş imkanlar açılır.

Digər önəmli yenilik “freelancer” jurnalistlərin tanınmasıdır. Milli seqmentdə “sərbəst çalışan” və ya “müstəqil jurnalist” adlandırdığımız frilanslar kəmiyyətcə çoxalır, yeni imkanlar əldə edirlər. Amma yolları rahat, hüquqi statusları bəlli deyil. Frilanslar de-fakto mövcuddurlar, sayları artıb. Amma de-yure tanınmırlar. Yeni media mühiti onlar üçün əlverişlidir və bu qanun layihəsində onların da hüquqları tanınacaq.

Platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməklə lisenziya üçün müraciət edə biləcəklər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.

“Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur”.

Ekspert qeyd edib ki, yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır: “Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!