Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 2-09-2013, 11:35
Azərbaycan ədəbi dili və qanunlarımız


Azərbaycan ədəbi dili və qanunlarımız


Azərbaycan dili xalqımızın milli sərvətidir. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 53-cü maddəsinin tələbinə əsasən normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilməlidir. Sözügedən qanunun normativ hüquqi aktın mətninə dair üslub tələblərini ehtiva edən 56.0.1-ci maddəsi Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv formalarını və loru dili istisna edir.
Azərbaycan Respublikasının yuxarıda istinad edilən konstitusion qanununda normativ hüquqi aktın mətnində eyni mənada müxtəlif anlayışları (terminləri), Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən alınma sözlərdən, anlaşılmaz söz birləşmələrindən, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii müqayisələr epitetlər, metaforalar və abrevraturalardan (məlum olanlar istisna olmaqla) istifadə edilməsi yolverilməz hesab olunur.
Qeyd edilən Qanunun 54-cü maddəsinə əsasən normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır.
Qanunvericiliyin dili ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir.
Avropa Məhkəməsinin təcrübəsinə görə qanun açıq-aşkar, sadə, aydın olmalı, qabaqcadan xəbər verilməklə son dərəcə dəqiq və dürüst ifadə edilməlidir.
Azərbaycan ədəbi dilinin birinci keyfiyyəti onun müəyyən normalara malik olmasıdır. Müasir Azərbaycan ədəbi dili mükəmməl və sabit normalara malik olmaqla, bu normalar müəyyən tarixi təkamülün məhsuludur. Azərbaycan ədəbi dili ədəbi, publisistik, elmi, rəsmi-işgüzar və məişət üslubu kimi funksional üslublar sisteminə malikdir. Rəsmi və işgüzar sənədlərin dili rəsmi –işgüzar üsluba daxildir. Hesab edirik ki, bu üslubun inkişafı digər funksional üslublardan geri qalmışdır. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə əlaqədardır. Azərbaycan dövlətçiliyinin meydana gəldiyi XVI əsrdə Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dövründə isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün Azərbaycan ədəbi dilinin rəsmi-işgüzar üslubu inkişafdan qalmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu üslubun sürətli inkişafına və möhkəmləndirilməsinə geniş şərait yarandı. Hətta, hazırda qanunvericiliyin qəbulu zamanı Azərbaycan ədəbi dilinin və hüquqi terminologiyasının rəsmi-işgüzar üslubuna əməl edilməklə tərtib edilməsi Konsitutusion qanunun tələbi kimi qanunvericilikdə təsbit olunmuşdur.
Lakin bir sıra qanunvericilik aktlarının qəbulu zamanı Azərbaycan ədəbi dilinin üslublarına və sözlərin leksik mənasına əməl edilməməsinə də təsadüf olunur.
Azərbaycan ədəbi dilinə, o cümlədən, ədəbi dilin (leksik və qrammatik normalarına) daha çox riayət edilmədiyi qanun 2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Məsələn, Məcəllənin 184.1-ci maddəsində deyilir: “Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir”.
Dilimizdə “mənimsəmək” sözü iki mənada işlədilir: 1-ci mənasına görə, fikrin, peşənin bilik və bacarıqların və s. mənimsənilməsi. Burada mənimsəmə bir mənəvi keyfiyyət əlaməti kimi çıxış edir. İkinci mənasına görə, başqasının əmlakına, puluna və s. qanunsuz yolla sahiblənmək kimi xarakterizə edilir.
Hətta, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən bu əməl hüquqi mənada cinayət əməli hesab edilir.
Hesab edirik ki, MM-nin 184.1-ci maddəsində işlədilən “mənimsəmə” - sözün leksik mənası baxımından yerində işlədilməmişdir. Mənimsəmə hüququ ola bilməz.
Digər bir maddəyə baxaq. Məsələn, Məcəllənin 164-cü maddəsində deyilir: “Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır”. Məgər qadağan edilməmiş özbaşınalıq da var?!
Mülki Məcəllə ədəbi dilin qrammatik normalarının pozuntuları ilə “zəngindir”. Belə ki, Məcəllənin təxminən 70-80%-də cümlələr aşağıdakı kimi verilmişdir.
MM-in aşadğıdakı müddəalarına diqqət yetirək:
23.1-ci maddə. “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.”
Maddə 178.6: “Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır”.
Maddə 439.3-də “Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır”.
Qeyd etdiyimiz kimi, Mülki Məcəllədə bu cür qrammatik qüsurlara yol verilən yüzlərlə müddəa, söz və ya sözbirləşməsi vardır.
Bu kimi səhvlərə yol verilən qanunlarımızdan biri də 30 iyun 2009-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsidir. Məsələn, Məcəllənin 3-cü fəslinin adı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” kimi ifadə olunmuşdur. Hesab edirik ki, burada keçirilmə sözü “təyinatın dəyişdirilməsi” kimi ifadə edilsəydi, daha münasib olardı. Çünki bu kimi ifadə, yəni “keçirilmə” Məcəllənin 21.2-ci maddəsini daha bərbad vəziyyətə salmışdır. Maddə 21.2. “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir.” Göründüyü kimi eyni sözlərin təkrarlanması (keçirməni həyata keçirən) maddənin məzmununu və ifadə formasını gülünc vəziyyətə salmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu maddə yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə, qeyri-yaşayış sahəsinin təyinatının isə yaşayış sahəsinə dəyişdirilməsini ehtiva edir. “Keçirməni həyata keçirən” sözlərini “dəyişməni həyata keçirən” kimi ifadə etmək Azərbaycan ədəbi dilinin leksik və qrammatik normalarına daha uyğun olardı. Daha sonra, bu Məcəllənin bir sıra maddələrində (məsələn: 53, 54, 55 və s) “uçota alınmaq”, “uçota durmaq”, “uçotdan çıxarılma” sözündən istifadə edilmişdir. Məgər bu maddədə ifadə edilən rus sözü “uçota alma” və s. sözünü qeydə almaq, qeydiyyatdan çıxarmaq və s. kimi ifadə etmək olmaz? Axı “uçot” sözünün Azərbaycan dilinə tərcüməsi (qarşılığı) var.
Digər bir iradımız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Sözgedən maddədə deyilir: “Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.”
Hesab edirik ki, burada işlənən “vicdansızcasına” sözü hüquq terminologiyası baxımından düzgün seçilməmişdir. Vicdan hər bir şəxsin mənəvi sərvəti, dəyəridir, etik normadır. Burada əsassız iddiadan söhbət gedə bilər, “vicdansızcasına” əsassız verilən iddiadan yox.
Eyni zamanda, hesab edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1139-1143-cü maddələrində ifadə edilən «ləyaqətsiz vərəsə» sözündəki “ləyaqətsiz” sözü hüquq terminologiyasına uyğun olaraq başqa sözlə əvəz edilməlidir. Çünki qanunla kiməsə ləyaqətsiz, vicdansız demək yolverilməzdir. Belə ki, bu sözlərlə şəxsiyyətin ləyaqəti alçaldılır ki, Azərbaycan Respublikası Konstitusiyası da (maddə 46) buna imkan vermir.
Mövzu ilə bağlı digər bir misalı Azərbaycan Respublikası Ailə Məcəlləsindən çəkmək istərdik. Ailə Məcəlləsinin 142.1-ci maddəsində deyilir: “Himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır”. Maddənin məzmunundakı “vermə” sözü uyğun seçilməməklə heç də ayrılıqda işləndikdə Məcəllədə ehtiva olunan müqavilənin mahiyyətini əks etdirmir.
Bu misalları uzatmaq da olar, lakin hesab edirik ki, çəkilən misallarla bəzi qanunvericilik aktlarındakı ədəbi dilin “mənzərəsini” yarada bildik. Odur ki, misalları dayandırmaq istərdik.
Onu da xüsusilə qeyd etmək istərdik ki, qanunvericilik aktlarında ədəbi dilin normalarının pozulması həm də bu qanunların tətbiqi zamanı da çətinliklər, qeyri-müəyyənliklər yaradır.
Heç təsadüfi deyildir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövründə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətlərində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsinin tələb etdiyini nəzərə alan dövlət başçısı cənab İlham Əliyev 9 aprel 2013-cu il tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.
Sözügedən dövlət proqramının əsas məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməyə yönəldilmişdir.
Qeyd edilən Dövlət proqramının icrası ilə bağlı işçi qrup tərəfindən keçirilən iclaslarda konkret təkliflər müzakirə edilmişdir. Təkliflər sırasına Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda struktur dəyişikliklərinin aparılması və sair daxildir.
Doğrudur, qanunvericilik aktlarında Azərbaycan ədəbi dilinin yol verilən leksik və qrammatik, eləcə də ədəbi dilin digər normalarının tələblərinə əməl olunmamasına nəzarət işçi qrupun səlahiyyətlərinə aid edilməmişdir. Lakin hesab edirik ki, işçi qrup Azərbaycan Respublikasının Prezidentinin dövlət dilinə dair siyasi iradəsini, eləcə də Dövlət Proqramının qəbul edilməsinin ideya və prinsiplərini rəhbər tutaraq, bu barədə Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyələr verə bilər. Çünki, ilk növbədə qanunvericilik aktlarında Azərbaycan ədəbi dilinin norma və qaydalarına riayət edilməsi zəruridir. Digər tərəfdən, təklif edərdik ki, Azərbaycan ədəbi dilinin funksional üslub sisteminə daxil olan rəsmi-işgüzar üslubun inkişafdan geri qalması nəzərə alınaraq Dilçilik İnstitutunun strukturlarında rəsmi-işgüzar və hüquq terminologiyası şöbəsinin yaradılması məsələsinə işçi qrup tərəfindən baxılsın və bu üslubun inkişafı üçün zəruri tədbirlər görülsün.


Natiq Abdullayev,

"Hüquqi İslahatlara Yardım Mərkəzi" İctimai Birliyinin sədri, Arbitraj və Mediasiya Mərkəzinin Direktoru, AMEA-nın dissertantı


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!