Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 14-08-2014, 17:48
Adam həqiqət bilib seçdiyi yolu danmaz, tövbə eləməz”

Əmirəli Lahrudi: “90 yaşım var, amma hər gün atamı xatırlayıram, onunla görüşmək istəyirəm” 

 Cavid Zeynallı

 Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi APA-ya müsahibə verib. Güneyli soydaşımızın 90 illiyi ərəfəsində alınan müsahibənin Butov. az-ın oxucuları üçün də maraqlı olacağını nəzərə alıb müsahibəni təqdim edirik: 

- Əmirəli müəllim, səhhətiniz, əhval-ruhiyyəniz necədir? 

- Yaşla əlaqədar əhval-ruhiyyəm çox vaxt yaxşı olmur, qocalıq özünü göstərir. Amma bilirsiniz ki, bizim hərəkatımız cavanların hərəkatı olub, gəncliyimiz həmin hərəkatın ən qızğın dövrünə təsadüf edib. Ona görə yaşıma baxmayaraq, cavanlıqda olduğu kimi inamım gün-gündən artır ki, 21 Azər Hərəkatının ideyası həmişə yaşayacaq, qəbul olunacaq, xatirələrdə var olacaq, Azərbaycan xalqı özünün demokratik hüquqlarına nail olacaq. 

- Bu ümidlə yaşayan silahdaşlarınızdan neçə nəfəri sağdır, onlarla əlaqələriniz varmı? 

- İndi dünya dəyişib, vaxt keçib, o dövrdən yadigar qalan adamlar çox az qalıb. Bakıda yaşayanlar 4-5 nəfərdən artıq olmazlar. Tədbirlərdə, yığıncaqlarda görüşürük,dərdləşirik. 

- Yaşın bu vədəsində o adamlarla görüşüb nədən danışırsınız, keçmiş günlərdən daha çox nəyi xatırlayırsınız? 

- İnsan xatirələrlə yaşayır. Şirin keçmişdən danışırıq, apardığımız mübarizə haqqında söhbət edirik, indi həyatda olmayan silahdaşlarımızı xatırlayırıq. Biz ömrümüzü yaşamışıq, mübarizəmizi aparmışıq, gərək bundan sonra bu yolu gələcək nəsillər davam etdirsin, biz də onlara şirin günlər arzulayaq. Amma əlbəttə, mənim keçmişimdə acı günlərim də çox olub. Cavan yaşımda ailəmdən, kəndimizdən uzaq düşmüşəm. Hər halda, 21 Azər Hərəkatı bizim üçün dərs və dadlı-tamlı keçmişdir. Bizim hərəkatımız az da olsa, öz istədiyinə nail oldu, şanlı tarix yazdı, bizə şirin xatirələr qoyub getdi. 

- Bəs acı xatirələr nə olub? O günləri bölüşmək istəyərsiniz? 

- Əlbəttə, acı günlərimiz daha çox olub. 22 yaşımdan atamdan uzaq düşmüşəm. İndi 90 yaşım var, amma hər gün atamı xatırlayıram, onunla görüşmək istəyirəm. Uşaqlıq illərim gözümün qabağına gəlir, kəndimiz yadıma düşür. Yaşın belə çağında bu hisslərdən danışmaq, onunla yaşamaq çox çətindir. Ürəyim ağrıyır ki, niyə kəndimizdən, evimizdən ayrıldım, niyə mənim yüzlərlə yoldaşımı öldürdülər. Son vaxtlar kəndimizi tez-tez yuxuda görürəm. Deyirlər, kəndimiz yaman dəyişib, şəhər olub. Mən atamın tək övladı olmuşam. Atam bağbanlıqla məşğul olurdu, evi-ailəni onunla dolandırırdı. Qonşularımız deyirdi, Əmirəli gedib işləsin, razı olmurdu. Deyirdi, Əmirəli oxuyacaq, iş-güc yiyəsi olacaq. Doğrudan da, rəhmətlik uzaqgörən adam idi, məni oxutdu və təhsil almağım həmişə köməyimə çatdı. 

- Aradan xeyli vaxt keçib, dövr dəyişib. Son illərdə kəndinizə baş çəkmək mümkün olmayıb? 

- Cavan vaxtı böyük siyasi xadimlərlə əlaqəm olub, siyasi işlərlə məşğul olmuşam. Getsəm, tutub öldürməsələr də, tövbə etdirəcəklər. Adam həqiqət bilib seçdiyi yolu danmaz, tövbə eləməz. İranda siyasi yumşalma heç vaxt olmayıb. O dövrdə fəaliyyət göstərən insanlar onların gözündə düşməndirlər. 

- Siyasi proseslərə qoşulmağınız necə olub? 

- 22 yaşımdan rəsmi şəkildə siyasətə qoşulmuşam. II Dünya Müharibəsindən sonra rusların İrana gəlməsi siyasətə qoşulmağımın əsas səbəbi olub. 38-ci ildə Bakıdan adamlar gəlmişdi, buranı o qədər tərifləyirdilər ki... Deyirdilər, Bakıda rahat həyat var, dolanışıq gözəldir, sahələrdə texnikalar işləyir, evlərə su çəkiblər. Biz də İranın geridə qalmış kəndində yaşayırdıq, qız-gəlinimiz bulaqdan su daşıyırdı. Bakıdan gələnlər danışanda ağzımızın suyu axırdı ki, ilahi, belə həyatı biz nə vaxt yaşaya biləcəyik? 

Bakıya gələndən sonra deyilənləri gördünüzmü? 

- Həqiqətən Bakıda İrandakının əksini gördük. Texnika işləyirdi, zavod-fabriklərdə camaat çörəkpulu qazanırdı. İranda bunların heç biri olmayıb. Gəncədə fabrikdə-zavodda işlədik, pul qazandıq. 

- Səhv etmirəmsə, sovet hökuməti sizə ev də verdi... 

- Sovet hökuməti bizə hər şey verdi. 

- Bu həmin evdir? 

- Bu, həmin evlərdən biridir. İnsanın yaşaması üçün nə lazımdırsa, sovet hökuməti bizə ondan artığını elədi. Bizi müsabiqəsiz məktəbə götürdülər, yaşlılara pensiya verdilər, hər cür güzəştlərdən istifadə elədik. Ölkənin rəhbərliyi bizim hamımıza ata qayğısı göstərdi. 

- Təqiblərdə dostlarınızı, silahdaşlarınızı itirmisiniz. Necə oldu sərhədi keçib İrandan qaça bildiniz? 

- Tam təsadüf nəticəsində. Təbrizdə kurs açılmışdı, mən ora gedirdim. Gecə yatıb səhər durduq ki, heç nə yoxdur, hər şey dağılıb. Məni Təbrizdə tanıyan yox idi. Mehmanxanadan küçəyə çıxanda gördüm, bir nəfər mənə baxır, kimdirsə, tanımışdı, ələ vermək istəyirdi. Dedi, ağa Əmirəli sənsən, Meşkinşəhərdə sədr müavini olmusan. Həmin adama 500 tümən pul verdim ki, sabah görüşüb danışaq. Ünvanı səhv verib, birtəhər canımı ondan qurtardım. Məsələni gəlib uşaqlara danışanda əl-ayağa düşdülər ki, sən tezliklə burdan uzaqlaşmasan, ələ keçəcəksən. Təbriz bələdiyyəsinin qabağından maşınlar keçirdi, onlardan birinə oturub, başqa mehmanxanaya gəldim. Bir nəfər mənə dedi, səni burda tanıyan var, çalış, gözə görünmə. Astaralı yoldaş tapdım, gördüm, yazıq qapqara qaralıb. Demə, o da mənim kimi gizlənibmiş. Səhəri posta əsgər gətirən maşınlardan birinə oturub, gəldik İran Astarasına. O tayda Şeytan körpüsü deyilən yer var, onun üstündə həmin yoldaşım özünü çaya atdı ki, getdim. Mən də özümü onun dalınca atdım, keçdik bu taya. Sərhədi keçəndə əsgərlər bizi qarşıladılar, pal-paltar verdilər. Qatarla Lənkərana gəldik, iki ay orda qaldıq, sonra hamımızı Gəncəyə göndərdilər. 

- Ailə üzvlərinizin, qohumlarınızın aqibəti necə oldu? 

- Vallah, atam siyasətlə məşğul deyildi, amma yəqin ki, mənə görə onu incidiblər. Atam məni tam azad buraxmışdı ki, nə istəyirsən, onu elə. Siyasi fəaliyyətimə görə mənə nə “hə” deyirdi, nə də “yox”. 

- İndi gedib kəndinizi görsəniz, nə hisslər keçirirsiniz? 

- Dərindən bir ah çəkərəm... Deyirəm, kəndim, səndən uzaq düşdüm, normal həyat keçirməyə müvəffəq olmadım. Bilirsən, adamın öz el-obasından uzaq düşüb mühacir ömrü yaşaması çətin şeydir. 

- Ailə üzvlərinizdən, qohumlarınızdan kiminsə şəklini var sizdə? 

- Yox, heç kimin. Anam tez ölüb, onun şəkli ümumiyyətlə, olmayıb. Atam sənəd üçün bir şəkil çəkdirmişdi, olanı o idi. 

- Seyid Cəfər Pişəvəri ilə görüşünüzü necə xatırlayırsınız?   

- Pişəvərini Təbrizdə iki dəfə görmüşəm. O vaxt Təbrizə iclasa getmişdik. Firdovsi Xiyabanının qurtaracağında bir mehmanxana var idi, Pişəvəri orada bir otaq götürmüşdü, həm yaşayır, həm işləyirdi. Orada görüşdük, söhbət elədik. İkinci dəfə yenə Təbrizdə görüşümüz oldu. Pişəvəri küçənin tinində dayanmışdı. Ərdəbil komitəsinin sədri Məmi ilə getdik onunla görüşməyə. Əlimdə «Azərbaycan» qəzetinin birinci sayı var idi. Ordan-burdan, təşkilatdakı vəziyyətdən danışdıq. O vaxtlar əsasən Tudənin (İranın Xalq Partiyası nəzərdə tutulur– C. Zeynallı) qəzetləri çıxırdı və bizə Tehrandan gəlirdi. Dedim ki, bundan sonra qəzet yenə İran ünvanına gələcək? Dedi, yox, Azərbaycan Demokrat Firqəsinin Meşkindəki ünvanına göndəriləcək. 

Növbəti görüşümüz 1947-ci ilin əvvəllərində oldu. Biz Gəncənin yaxınlığında mədəndə işləyirdik, ora fəhlələrlə görüşməyə gəlmişdi. Maşına oturanda getdim yanına. Dedim, ağayi Pişəvəri, oxumaq istəyirəm. Cavab verdi ki, narahat olma, sentyabrda sizi çağıracağıq oxumağa. Getdi, sonra onun avtomobil qəzasında həlak olduğunu eşitdik. 

Pişəvərinin ölümünün səbəbləri haqqında nə düşünürsünüz? 

- Bu hadisəni bizdən uzun illər gizli saxladılar. İnanmıram, Pişəvərini qəsdən öldürsünlər. Çünki mühacirət illərində onun hörməti vardı, fəaliyyəti böyük idi. 

- İndi necə yaşayışınız, güzəranınız necədir? 

- Normaldır. Hamı necə yaşayırsa, mən də elə yaşayıram. İki qızım var, biri mənimlə qalır. Gələndən sonra 20 ildən çox gözlədim ki, bu il qayıdarıq, gələn il gedərik, olmadı! Ona görə 46 yaşımda məcbur olub ailə qurdum. Yoldaşım 30 ildən çoxdur dünyasını dəyişib. 

- “Xatirələr” kitabınız fars dilində nəşr olunub. Azərbaycan dilində niyə çap etdirməmisiniz? 

- İmkanım yoxdur. Bundan sonra onu özüm tərcümə edə bilmərəm. Kiminsə tərcümə etməsi də çətin olar, elə imkanımız yoxdur.  

 

 



Paylaş



Bölmə: Müsahibə / Bütöv Azərbaycançılar
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!