İsti və sorğu-suallı günün xatirəsi... Maraqlı, fərqli tərəfləri ilə ruhumu və qəlbimi fəth edən Jurnalistika ixtisasının, bəlkə də, ən çətin tərəflərindən biri əhali arasında sorğu keçirməkdir. Bəli, sorğu qismi mənim üçün insanları manipulyasiya etmək qabiliyyəti ilə şansın vəhdətidir. Bu məkan və zamandan asılı olaraq şans insanın üzünə günəbaxanın günəşə çevirildiyi kimi dönüb gülümsəyə bilər. Yayın son isti günlərini yaşayırıq. Günəşin od tutub yanması məsələsi məni sual atəşinə qərq edib. Görəsən, günəş insanları sevdiyindən ətrafı aydınlığa qərq etmək üçün bu qədər od yağdırır göydən yerə? Yoxsa insanlara nifrət etdiyi üçün qəzəblə bütün şüaları ilə yeri zəbt etməyə çalışır? Bu sualları düşünürdüm ki, hazırlamalı olduğum sujet ağlıma gəldi. Təbii ki, sujetim üçün əhali arasında sorğu keçirməli idim.
“Kameraya, çəkilişə qarşı kompleksli insanları yola gətirəcəmmi?”, “hamının qaçıb kölgə axtardığı bir vaxtda mənim sualıma cavab verəcəklərmi?” kimi düşüncələr beynimdə yallı gedirdi. Budur, əlimdə mikrofon “sorğuların beşiyi” adlandırdığım Elmlər Akademiyasının qol-qanadı olan Hüseyn Cavid parkında addımlayıram. Bir yerə toplasan, böyük bir roman çıxacaq hadisələr yaşayan müxtəlif insanlar parkda yanımdan keçirlər. Beynimi “kimə yaxınlaşım?” sualı işğal edib. Yanımdan keçən gənc qız mikrofon və kameranı görərək yolunu dəyişir. Bunun bir açıqlaması var: Ya o qız səbəbsiz olaraq çəkilişi sevmir, ya da hər hansı mövzuya fikir bildirməyə qarşı kompleksi var. Yəqin, kiçik yaşda özünü ifadə etməyə çalışaraq fikirlərini demək istədikdə “qız uşaqları çox danışmaz, onlar sadəcə deyilənə əməl edərlər” kimi sözlər eşidib. Bu isə onda psixoloji travma kimi qalıb. Digər insanlara yönəldikdə skamyada oturub bizə gülümsəyən bir baba görürəm. Babaya yaxınlaşdıqda sualımızı cavablandıracağını deyir.
Baba sualı cavablandırarkən gözləri və baxışlarından hiss olunur ki, oturacaqda əyləşərkən gözləri önündə canlanan 2024-cü ilin H.Cavid parkıdır. Amma izlədiyi isə gəncliyindən bu yana başına gəlmiş acı və şirini ilə ən gözəl xatirələridir. Baba öz dünyagörüşü çərçivəsində sualımızı cavablayandan sonra sorğuda iştirak etmək istəyən gənc bizə yaxınlaşdı. Əlindəki kitabdan, qeyd dəftərindən və danışıq tərzindən hiss edilirdi ki, gələcəyin savadlı kadrlarından biri olacaq. Həmin gəncə təşəkkür edib oradan uzaqlaşırıq. Üzü metroya tərəf addımlayırıq. Yolun solunda öz alıcısını gözləyən qəzet köşkünün yanından tələsik klassik geyimdə orta yaşlarda bir bəy üzü metroya tərəf addımlayır. Yaxınlaşıb “sorğumuzda iştirak etmək istəyərsizmi?” sualını ünvanlayıram. O isə tələsik “gecikirəm” deyib uzaqlaşır. İnsanlar fərqində deyillər ki, iş, fəaliyyət və problemlər hər zaman var. Onlar tələsərək bu günlərini unudub ömür qatarının yolunu daha çox qısaldırlar. Sorğu zamanı hər yerə tələsən saysız insanlar ilə qarşılaşıram. Görəsən onların tələsmədiyi yer varmı?!
Bəzən deyirəm ki, insanların tələsmədiyi yer yalnız son mənzildir. Çünki bəzi insanlar heç ölməyəcəklərmiş kimi yaşayırlar. Ömür “kassa”larını pisliklər ilə doldururlar. Artıq H.Cavid parkını bir neçə dəfə dolaşandan sonra gülən simalarla yanaşı, aqressiyalarını tökməyə yer axtaran insanlar da diqqətimdən yayınmır. İnsanların birinə hər zaman olduğu kimi gülərüzlə yaxınlaşıb sualımı ünvanlayarkən qarşımdakı şəxs cavab vermir. Məyusluğu içimdə dəf edərək digər şəxsə yaxınlaşıram. Bu zaman müəyyən səbəblərdən asosial, aqressiv birinə çevirilən dayı əsəbi halda “mən heç nə deyən deyiləm” deyir. Digər qadının biri isə qaça-qaça “yooxx, məni çəkməyin ha” kimi sözləri işlədir. Bu zaman hər zaman mövzu axtarışında olan mən “bir gün insanlarda bu komplekslərin səbəbini dərindən araşdıracam” deyərək isti Günəşin altında işimə əzmlə davam edirəm. Bu zaman operatorun da motivasiyası və “narahat olma insandan çox insan var” deməsi məni ruhlandırır.
Budur, gedib sual verək deyə kənardan bizi izləyən sağ əlində çanta, sol əli ilə isə balaca nəvəsini tutub saxlayan bir ortayaşlı qadın dayanıb. Qadına yaxınlaşdıqda adəti üzrə müasir gənclikdən şikayət edir. “Sovetin vaxtında indiki kimi şeylər yox idi” deyir. Söhbətdən anlayırıq ki, qadına on beş dəqiqə öncə metroda gəncin biri yer verməyib. Qadın sualımıza gəldikdə bizə istədiyimiz cavabı verir. Xüsusi təşəkkür edib, “hər şeyə görə əsəbiləşməyin” deyərək oradan uzaqlaşıram. Bu əsnada sorğumuzda iştirak etməsin deyə guya telefonla danışırmış kimi onu qulağında tutub saxlayan insanlara da rast gəlirəm.
Neynəyək, hər zaman deyirəm “hər insan ayrı dünyadır..." Sorğunu Hüseyn Cavid heykəlinin sağ tərəfində bir gəncdən müsahibə götürərək uğurla sonlandırıram. Nəticədə, “mən bunu bacardım” deyərək gülümsəyə-gülümsəyə həmin yeri tərk edirəm. Bu peşəsinə vurğun jurnalistin sorğu ilə keçən bir günüdür. İnsanları danışdırmaq, onlardan istədiyimiz cavabları almaq müşkül məsələ olsa da, gün ərzində fərqli insanlar ilə ünsiyyət qurmaq biz jurnalistlərə bəxş edilən fərqli bir fəaliyyətdir. Axı hər insan, hər baxış, hər cümlə, hər söz insanı olduğu yerdən daha da çox zirvələrə qaldırmaq, ya da tam əksi həmin zirvələrdən aşağı endirmək gücünə malikdir…
Çinarə MURADOVA, BDU Jurnalistika fakültəsinin tələbəsi