Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
16-03-2025, 21:16
Göyçədən gələn səsin əks sədası

(Məhərrəm Hüseynov -80)


Göyçədən gələn səsin əks sədası

Ən mükəmməl simfoniyalar doğum evlərində - dünyaya övlad gətirən ana səsi ilə mübarək qədəmli körpə çığırtılarının bir-birinə qovuşduğu məkanda yaranır. Bir körpə “qığıltısı” bir ocağın, bir nəslin xoşbəxtlik nəğməsinə çevrilir. Muştuluqlar paylanır, göz aydınlığı verilir, qurban kəsilir, bir ailənin sevincindən bir nəslə, bir mahala pay düşür. Göyçə mahalının Çəmbərək bölgəsinin Şorca kəndində yaşayan Hüseynovlar ailəsinə bu səadət 1945-ci ilin 18 fevralında, rus-alman müharibəsinin bitməsinə bir neçə ay qalmış nəsib olur və dilinə, dininə böyük rəğbət bəsləyən Abbasəli kişi məhərrəmlik ayında dünyaya gələn övladına da elə Məhərrəm adı qoyur.
Məhərrəm Abbasəli oğlu Hüseynov Şorca orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra (1964) Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə başa vuraraq (1969) Qərbi Azərbaycana – əcdadlarının uyuduğu torpağa qayıdır. 1969-1975-ci illərdə Şorca kəndində dil-ədəbiyyat müəllimi işləyən Məhərrəm Hüseynov 1975-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunda işə düzəlir və azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına qədər (1989) orada doğma dilinin təbliği və tədrisi ilə məşğul olur.
Burada da bir haşiyə çıxım ki, mən də 1986-cı ildə həmin instituta qəbul olunmuşdum. Məhərrəm müəllimin dərin məzmunlu mülahizələrini o zamanlar dinləmişəm. Məhərrəm müəllim auditoriyalarda yalnız elm öyrədən müəllim deyildi, o eyni zamanda Azərbaycan dilinə sevgi aşılayan bir natiq, millətçi vətənpərvər bir insan idi. Millətə, milli kökə bağlılığına görə də o, tələbələrin sevimlisi , dostu, munisi idi.
Məhz həmin dövrdə Məhərrəm müəllimin simasında bir şey də öyrəndim: müəlim həm də tələbənin dostu, arxası, güvəndiyi ünvan olmalıdır. Bu qənaətə gəlməyimə səbəb olan bir hadisə-xatirəni yada salmağı özümə borc bilirəm:
“Irəvanda təhsil aldığım illərin bir günü dəyərli müəllimlərmizdən olan Knyaz müəllim məni və Boris adlı tələbə yoldaşımı otağına dəvət etdi. Bildirdi ki, bir azdan maşın gələcək və Məhərrəm müəllimin atası üçün sifariş edilmiş məzar daşını birlikdə onun yaşadığı Sorça kəndinə aparmalıyıq. Təbii ki, müəllimimizin dərdinə şərik olmaq bizim içimizdən gələn bir istək idi və biz məmnuniyyətlə bu missiyanı boynumuza götürüb Məhərrəm müəllimin ata evi yerləşən Şorca kəndinə yollandıq.
Maşının sürücüsü də erməni idi. Kəndə çatıb, qəbir daşlarını boşaltdıqdan sonra tələbə etikasına uyğun olaraq başsağlığı verib, İrəvana qayıtmaq istədiymizi bildirdik. Məhərrəm müəllim təklif etdi ki, uzun yol gəlmişkən bir Göyçə gölünə də dəyək, gözəlliyi seyr edin, sonra gedərsiniz. Göyçəni seyr etdikdən sonra o “siz oyana, bəs bu erməni deməzmi, uzun yol gedib müsəlmanın bir tikə çörəyin görmədik”, deyərək bizi buraxmadı və evinə dəvət etdi. Bir tikə halal tikə kəsib xidahafizləşdik. Bu süfrədən başlanan münasibətlərimiz, şükürlər olsun ki, son günlərimizə qədər davam edir. Məhz həmin dövrdə də (1982) o, “Mirzə İbrahimovun romanlarının dili və üslubi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər namizədi adını qazanır.
Qismətinə Ələsgər diyarından ayrılmaq, Göyçə həsrəti ilə yaşamaq yazılan M. Hüseynov ilk vaxtlar Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyətə başlasa da, sonralar (2001) Azərbaycan Dövlət Pedaqoji Universitetində işə düzəlir. Filologiya fakültəsində dekan müavini, “Azərbaycan dilçiliyi”, “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedralarında dosent, professor kimi çalışır. Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid mühazirələr oxumaqla tələbələrin sevimlisinə çevrilir. “Yazıçının dili və üslubu” (1981), “Romanın üslub zənginliyi” (1990), “Şeirşünaslıqda dil sənətkarlığı” (2007), “Dil və poeziya” (2008), “Poetik frazeologiya” (2013), “Aşıq Ələsgərin söz ümmanı” (2017), “Linqvistik təhlilin elmi-metodiki əsasları” (2017), “Estetik qayə və poetik təkamül” (2020) adlı monoqrafiya və dərs vəsaitlərinin, 100-dən artıq məqalənin müəllifi kimi tanınır. “Azərbaycan poeziyasının dili və üslubi problemləri (1960-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər doktoru adını qazanır.
Azərbaycan elmi ictimaiyyəti onu dilimizin fonetik, leksik, qrammatik və üslubi xüsusiyyətlərinə, poetik düşüncə tərzinə aid onlarla monoqrafiya həsr etmiş mükəmməl tədqiqatçı alim, tələbələri isə doğma dilin incəliklərini sevə-sevə tədris edən lektor-mühazirəçi, müəllim kimi tanıyır, dəyərləndirir.
Məhərrəm Hüseynov tədqiqatçı-filoloq, dil nəzəriyyəçisi olmaqla yanaşı, folkloru, Azərbaycan poeziyasının poetik qayda-qanunlarını dərindən bilən, Dədə Ələsgər sazına, sözünə ruhən bağlı olan, yeri gələndə öz fikirlərini poetik dildə təcəssüm etdirməyi bacaran istedadlı qələm adamı, söz sərrafı idi. O, şeir dilinin özəllik və şərtiliklərini, ritm və intonasiya qaynaqlarını, poeziyanın leksik xüsusiyyətlərini, frazeoloji vahidlərin şeir dilindəki aktuallığını çox dərindən bilir, demək olar ki, Azərbaycan poeziyasının üzdə olan nümayəndələrinin hər birini orijinal istiqamətdə təqdim edə bilirdi. Onun “Dil və poeziya” monoqrafiyası birbaşa şeir dilinin nəzəri və təcrübi məsələlərinə, şeirin başlıca atributlarının (məzmun, forma, obrazlılıq, bədiilik və s.) şərhinə həsr olunmuşdur.
M. Hüseynov “Estetik qayə və poetik təkamül” monoqrafiyasında şairə Mahirə Nağıqızı yaradıcılığında xüsusi yer tutan bayatıları müasir poetik əlamətlər, estetik məziyyətlər baxımından ədəbi tənqidin təhlil obyektinə cəlb edir. Klassik janra modern təhlil üsulları ilə yanaşır və bir müəllifin bayatıları əsasında hərtərəfli analizlə zəngin 300 səhifəlik bir monoqrafik mənbə ortaya qoya bilir.
O, başqalarının poetik dünyasını araşdırmaqla qalmır, Göyçə mahalında mənəvi dünyasına hakim kəsilən ruh, saz, söz sevgisi, el ədəbiyyatına dərin məhəbbət onun şəxsi bədii yaradıcılığına da təsir edir, yurd həsrəti, poetik nisgil dilçi alimi haqq aşığına, el sənətkarına çevirir. Müsahibələrinin birində dediyi kimi, o, hər bir şerində özünü, özünün iç dünyasının ağrılarını ifadə edir. Göyçə ağrısını, Şorca nisgilini, Zəngəzur dərdini oxucularına, cəmiyyətə, bir qədər də geniş mənada dünyaya öz poetik duyumu, öz ifadə vasitələri, öz yanğısı ilə çatdırır.
İstedadlı söz və fikir adamı “Göyçə gölü” poemasında (2015) Qərbi Azərbaycan torpaqlarında qalan hər bir “qərib” məzarı, kəndi, təbiət yadigarını böyük Vətən torpağının – Bütöv Azərbaycanın bir parçası kimi xatırlayır, tərənnüm edir. Poemadakı hər “qəmli notun” arxasında isə bir nikbin şair ruhu, vətəndaş ümidi, qayıdış istəyi duyulur. O, Qərbi Azərbaycan davasının müsbət sonucla bitəcəyinə şair kimi inanır. Hadisələrin bu günkü axarı da onun haqlı olduğunu təsdiqləyir:
Göyçə gölü, sənin baxışın gözəl,
Tanrının vurduğu naxışın gözəl,
Yatışın gözəldir, axışın gözəl,
Qənirsiz gözəlsən, başı bəlalım,

Nəşəm, sevincimsən, dərdim, məlalım.
Bu misralarda sevinclə kədərin vəhdəti, vüsalla ayrılığın harmoniyası, dərdlə dərmanın uyarlılığı, bir də görünməyən göz yaşları var. Məhərrəm müəllimi tanıyanlar, həmkarları şahiddir ki, Qərbi Azərbaycan, Göycə, Aşıq Ələsgər adı gələndə onun gözləri dolur, səsi titrəyir, boğazı düyünlənirdi. Bu psixoloji ağrını qələmə sarılmaqla unutmaq, Göyçə gölü ilə dərdləşmək, ömrünün xoş illərinin ötdüyü torpaqlarda xəyalən gəzmək və bütün bunları şeirin dilinə gətirmək Məhərrəm müəllimə poetik zövq verirdi:
Cil, Babacan, Pəmbək tarixə tanış,
Ağkilsə, Şişqaya, Məzrədən danış,
Allah, Allah, bu yerlərdə ada bax!
Sözlərdəki doğmalığa, dada bax!

“Göyçə gölü” poemasından seçdiyimiz nümunədə işlədilmiş bu toponimlər təsadüfi deyildir. Bu misralarda min illik tarixin ifadəsi, qədim bir xalqın ayaq izlərinin səsi, faktlara bürünmüş mənəvi həsrət var. Onun sadaladığı adi yer adları deyil, itkinliyin, didərginliyin, qaçqınlığın gətirdiyi ağrıdır, iztirabdır.
Şeirin nəzəri mahiyyətini dərindən bilən M. Hüseynovun şeirlərində ruha bağlı təbiiliklə, istedadla alimlik, tədqiqatçılıq qovuşur. Onun şeirləri təbii olduğu qədər də elmlidir, əsaslıdır. Füzulinin təbirincə desək, M. Hüseynov şeirlərinin bünövrəsində də elmilik, əsaslandırma dayanır. Dədə Ələsgərin poetik bulağından su içən ədib böyük alimlərdən dərs almış, Ramiz Rövşən, Məmməd Elli, Vaqif Arzumanlı, Cəlil Nağıyev, Ağasən Bədəlzadə, Bəxtiyar Məmmədzadə kimi görkəmli alim və şairlərlə bir oxumuş, ədəbi-bədii müzakirələrin mərkəzində olmuşdur.
M. Hüseynovun yaradıcılığına müraciət etdiyi söz sənətkarlarını göz önündən keçirdikdə görürük ki, o, həqiqi poeziya örnəkləri yaratmış ədiblərin şeirlərinə, nəsr nümunələrinə müraciət edir, məhz onların yaradıcığını tədqiq edir. Aşıq Ələsgər, Ağasən Bədəlzadə, Mirzə İbrahimov, İsa Hüseynov yaradıcılığına istinad bunlara bariz nümunələrdir. Onun elmi üslubu da şeir kimi axıcı, rəvan, sadə və anlaşıqlıdır...
Söz ustadlarını öyrənmək, müstəqim mənada sözün bütün xüsusiyyətlərini tədqiq etmək bacarığı mütaliə əsasında əldə edilmiş bir istedad sayılırsa, sözdən poetik nümunələr yaratmaq artıq fitrətlə, Göyçə təbiətinin saf bulaqlarından süzülüb gələn ilahi verginin təzahürləri ilə bağlı məsələdir:
Göyçə gölü, çiskindirmi o dağlar?
Səndən olduq, sinəmizi o dağlar!
Söndürülmüş ocaq ağlar, od dağlar,
Diz çökdüyüm səcdəgahdan birisən!
İki qibləm – biri Kəbə, biri sən!
Müəllif bənzətmə, müqayisə, sərrastlıq və orijinallıqla oxucunu valeh edir. Göyçə gölündən dağları soruşan şair mükəmməl təcnis nümunəsi yaratmış, dilin estetik gözəlliyindən istifadə etməklə dərin bir mənanın ifadəsinə nail olmuşdur.
Aparıcı mövzusu Vətən olan şairin şeirlərində siyasi çalar da öz yerini tapır. Beynəlxalq güclərin Qarabağ hadisələrinə ikili münasibəti şairi bir vətəndaş kimi narahat edir və bu narahatlıq təbii poetik boyalarla öz əksini tapır. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı zəfər onu sevindirir. Onun şeirlərində bir nikbinlik, Qərbi Azərbaycana qayıdış ümidi yaranır. O, 2020-ci ilin aprelində yazır: :
“Nöqtə” deyən! “Nida”mızdan aşın, yan,
Zəfər çələngidir, “Nooldu, Paşinyan?!”
Timsah göz yaşıyla firəng arxalı
Dağlar sıfırdır, “nol”du Paşinyan.

Ali Baş Komandan Cənab İlham Əliyevin tarixi “Qarabağ Azərbaycandır! Nida!” frazası və ardından bu ifadənin reallığa çevrilməsi onu sevindirir, deyilmiş ifadə poetik aforizmə çevrilir. O, Azərbaycanın haqq işinin əleyhdarlarını, siyasi riyakarları poetik dillə hədəf mərkəzinə gətirir:
Müsyö Makron, vurğun olma şər işə,
Ermənilik bir ibrətdir gərdişə.
Bəs etmədi Kəlbəcərin qızılı,
Goreşənlər könül verdi gərdişə.

Azərbaycanın haqq səsinə qulaq tıxayanları, üz çevirənləri qamçılayır, sözü süngüyə çevirib düşmənin ürəyinə sancır.
Məhərrəm müəllim poetik yaradıcılıq süfrəsində də dostlarına, onu sevənlərə etibarlı idi. O, həmkarlarına akrostixlər, şeir nümunələri həsr etməkdən xüsusi zövq alırdı. Həm də bütün bunları səmimiyyətlə, təbii ovqatda həll edirdi. Professor Əzizxan Tanrıverdiyə həsr etdiyi “Dədə Əzizxan” poemasını kitab kimi dərc etdirəndə ağlına da gəlməzdi ki, Əzizxan müəllimin haqq dünyasına qovuşacağına bir ay, özünün dünyadan köçəcəyinə isə iki il zaman qalıb:
Yazdığın kitaba yazılır kitab,
Sənin nur selinə gətirərmi tab?
Qadir qələm həsədçini asan tap
Səngər qurub o kölgədə, Əzizxan!
Dədə Əzizxansan, Dədə Əzizxan!

“Leyli və Məcnun” poemasında böyük Füzuli Məcnunun dünyaya gəlişini belə təsvir edir:
Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü, qıldı fəryad.

Yəni, insan son gününü bildiyi üçün dünyaya gəlişində fəryad edib, göz yaşı tökür. Fərq ondadır ki, gəlişində özün, gedişində sənə doğmalar fəryad edir. Dünyaya gəlişimiz və gedişimiz özümüzün əlimizdə olmasa da, onların arasındakı ömrü necə yaşamağımız özümüzdən çox asılıdır. Ara məsafədəki ömür insanın öz əlində, işində, gücündə, əməlindədir. Kamil adamlar ölümdən qorxmur və onu gülə-gülə qarşılayırlar. Məhərrəm müəllim də belə kamil insanlardan idi və ölüm-həyat fəlsəfəsinin mahiyyətini dərk etdiyi üçün də yazır, yaradır, özündən sonra gələnlərə nəsə qoymaq istəyirdi. O, bilirdi ki, əsl ölüm unudulanda başlayır.
Göyçəli Abbasəli kişinin oğlu Məhərrəm yaşasa idi, indi səksən yaşı olacaqdı. O, yaşamasa da yazdıqları, yaratdıqları ilə neçə illər yüzlərlə tələbə-filoloqun ömür yoluna işıq salacaq, xoş durğularla xatırlanacaqdır. O, bunu yaşarkən hiss edir və “Ölüm hökmü” şeirində yazırdı:
Dünən qanmadım ki, bu gün yanam mən,
Qocaldım o günü gərək anam mən.
Tələsdik böyüyək uşaq olanda,
İndi o istəyə peşmanam mən.

Ölümündən dörd ay əvvəl 2020-ci ilin avqust ayının 11-də yazdığı bu şeir isə onun həyat kredosu, özündən sonrakılara nəsihəti kimi qəbul oluna bilər:
Həyat təliminə gözünü yumma,
Alın tərin yoxsa, süfrəyə cumma.
Vurul bu dünyaya, qurğu qur, yarat,
Həyata verməsən, həyatdan umma.

Məhərrəm müəllimin ömür yolunu göz önündən keçirdikdə görürük ki, o həyata, insanlığa, elmə, təhsilə böyük töhfə vermiş ziyalıdır. Onun elmi əsərləri, poeziya nümunələri, pedaqoji fəaliyyəti ilə bağlı xatirələr gənclərə qalmış ən gözəl mirasdır.
Məhərrəm müəllimin ölümündən sonra birbaşa Mahirə xanım Hüseynovanın təşəbbüsü və maddi dəstəyi ilə hazırlanan “Göyçə gölü üzərində xəfif duman” adlı kitab ömrünün 50 ildən artıq müddətini elmə, pedaqoji fəaliyyətə həsr etmiş bir insana ən böyük hədiyyədir. Bu kitabda Məhərrəm müəllim bir alim, müəllim, şair və ən ümdəsi öz həyat fəlsəfəsi olan kamil insan kimi görünür. Bu kitabdakı sətirləri oxuduqca hər birimiz düşünürük “Göyçədən gələn səsin əks sədası yenə auditoriyalarda, universitetin oxu zallarında dolaşır. Yaşasaydı, dostlarının 80 illik yubiley təbriklərini qəbul edəcəkdi”
Mövludun mübarək ustad, mövludun mübarək, Məhərrəm müəllim!..
Həmzə ƏLİYEV,
ADPU Azərbaycan dili və onun tədrisi texnologiyası
kafedrasının müdiri, dosent
16-03-2025, 19:13
Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan Respublikasının “Konstitusiya və Suverenlik İli

Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan Respublikasının “Konstitusiya və Suverenlik İli

Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zərurəti ilə şərtlənən 44 günlük Vətən Müharibəsi praktiki olaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ilk addımlar atıldı. Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması naminə dövlət sərhədlərinin qarşılıqlı tanınması haqqında müvafiq sülh sazişinin imzalanması ilə bu proses başa çatdırılmalı idi.
2023-cü ilin sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycanda konstitusiya quruluşunun bərpası məqsədilə bu ərazilərdə 24 saatdan az davam edən antiterror əməliyyatına başlanıldı. Əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyini tam bərpa etdi. Erməni silahlı birləşmələri və qanunsuz silahlı birləşmələr Qarabağ bölgəsində silahı yerə qoyub, döyüş mövqelərini və hərbi postlarını tərk etdilər.
Bu, təkcə Cənubi Qafqaz və milli təhlükəsizlik kontekstində deyil, həm də Azərbaycanın iqtisadiyyatının gələcəyini və xalqının rifahını müəyyən edən infrastrukturun, energetikanın, nəqliyyat kommunikasiyalarının, ticarətin gələcək inkişafı üçün həyati əhəmiyyət kəsb edirdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasında mühüm nailiyyətlərdən iri infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq forumlarda nüfuzlu iştiraka və onların işinə töhfə verməyə qədər uzun bir yol keçmişdir.
Azərbaycanın suverenliyi konsepsiyası ədalətli, müasir, güclü, sabit hökuməti nəzərdə tutur ki, onun formalaşmasında ilk tədbirlərdən biri “sosial müqavilə”nin yaradılmasıdır. Liberal nəzəriyyənin tərəfdarları “ictimai müqavilə” anlayışı dedikdə Konstitusiyanı nəzərdə tuturlar. Müstəqil siyasət yeritmək bacarığının əsasında məhz bu dayanır və ona əməl olunması, həyata keçirilməsi dövlətin uğurunu təmin etməyə hesablanmış hüquqi alətdir.
1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması üzrə Komissiyanın tərkibi təsdiq edildi. Onun tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, hüquqşünaslar daxil idi. Ümumimilli lider Heydər Əliyev komissiyanın sədri seçildi. Çox qısa müddət ərzində inkişaf etmiş ölkələrdə konstitusiya quruculuğu təcrübəsi öyrənilmiş və təhlil edilmişdir. Sonra hazır layihə ictimai müzakirəyə təqdim olunmuşdur. Konstitusiya 1995-ci il noyabrın 12-də referendumda qəbul edilmişdir. 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də ölkənin Əsas Qanununa əlavə və dəyişikliklər olunmuşdur .
Müstəqillik əldə etdiyi dövrdə Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Ölkənin 20 faizdən çoxu - Qarabağın dağlıq hissəsi və ona bitişik yeddi rayon işğal edilmişdir. 30 il ərzində bu ərazilərin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində konstitusiya quruluşu və qanunauyğunluq təmin edilə bilməmişdir.
2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra dövlətin bütün ərazisində Konstitusiyası təmin olunub və Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü təsis edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilər üzərində qanuni suverenliyini tanıyan müasir dünya beynəlxalq hüququn təntənəsi mümkünlüyünü dərk etdi və Cənubi Qafqazda yeni reallıqları qəbul etdi. Bütün bunlar regionun geosiyasi mənzərəsini dəyişdi, Azərbaycanı liderliyə gətirdi. Azərbaycan ilə Türkiyə, Rusiya və regionun digər ölkələri arasında güclü ikitərəfli münasibətlərin inkişafı üçün yeni ilkin şərtlər yaranmışdır. Regiondankənar, qlobal oyunçular anladılar ki, Cənubi Qafqazla əlaqələri Azərbaycanla inkişaf etdirmədən qurmaq mümkün deyil.
Dünyanın 120-yə yaxın ölkəsini birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi bu təşkilatı canlandırdı və bu, ölkənin əksər dövlətlər arasında nüfuzunu kəskin şəkildə artırdı.
Azərbaycanın uğurları və artan nüfuzu ölkənin “İslam səkkizliyi”nə – D-8-ə qoşulma ehtimalına gətirib çıxarıb ki, bu da indi D-9 adlandırılacaq. Bu, həm İslam dünyasında, həm də Türk Dövlətləri Təşkilatında dövlətin əhəmiyyətinin artmasının müəyyənedici məqamlarından biridir. Xatırladaq ki, D-9 dünya müsəlmanlarının 60 faizini təmsil edən böyük və təmsilçi təşkilat kimi mövqedədir.
İlin ən böyük və ən mühüm hadisəsi 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirilməsi oldu.
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın irimiqyaslı nailiyyətlərinin inkişaf etdirilməsi, regional liderliyinin və dünya siyasətində nüfuzunun gücləndirilməsi ili kimi nəzərdə tutulub.
Qarayeva Çiçək Əhməd qızı
ADPU-nun nəzdində
Azərbaycan Dövlət Pedoqoji
Kollecinin müəllimi


15-03-2025, 20:16
Gözümüzdəki möcüzə


Milyonlarla rəng yalnız üç rəngdən yaranır: Gözümüzdəki möcüzə

Gündəlik həyatda rastlaşdığımız rənglər bizə adi görünə bilər. Qırmızı gül, yaşıl yarpaq, mavi səma – hamısı təbiətin bizə təqdim etdiyi rəng palitrasının bir hissəsidir. Amma maraqlıdır ki, əslində insan gözü milyonlarla rəngi görsə də, onların hamısı cəmi üç əsas rəngin – qırmızı, yaşıl və mavi işığın kombinasiyasından yaranır.
Bu fenomen həm insan görmə sisteminin, həm də müasir texnologiyaların əsas prinsipidir. Televizor, telefon, kompüter ekranlarında gördüyümüz bütün rənglər də eyni qaydada – bu üç rəngin müxtəlif intensivliklərdə qarışması ilə əldə olunur. Yəni, biz ətrafımızı tam rəngarəng görsək də, bu rənglərin hamısı sadəcə üç rəngin birləşməsindən ibarətdir.
İnsan gözü işığı qəbul edən xüsusi hüceyrələr – konus hüceyrələri vasitəsilə rəngləri ayırd edir. Bu hüceyrələr əsasən üç növdür və onların hər biri müəyyən dalğa uzunluğundakı işığa həssasdır: biri qırmızı, biri yaşıl, digəri isə mavi dalğaları qəbul edir. Gördüyümüz bütün digər rənglər məhz bu üç hüceyrənin eyni anda fərqli nisbətlərdə aktivləşməsi nəticəsində yaranır. Məsələn, gözümüz eyni anda həm qırmızı, həm də yaşıl dalğaları qəbul edərsə, biz sarı rəng görürük. Əgər üçü də eyni dərəcədə aktivləşərsə, ağ rəng alınır.
Bəzi insanlar üçün bu mexanizm tam işləməyə bilər. Dünyada təxminən 8% kişi və 0.5% qadın rəng korluğundan (daltonizm) əziyyət çəkir. Bu, əsasən qırmızı və yaşıl rənglərin fərqləndirilməsində çətinlik yaradır. Rəng korluğu olan insanlar üçün xüsusi eynəklər hazırlanıb ki, bu da onların rəngləri daha dəqiq görməsinə kömək edir.
İnsan gözü əsas üç rəng reseptoruna sahib olsa da, bəzi heyvanlar fərqli sayda reseptorlara malikdir. Məsələn, itlər və pişiklər iki əsas rəng reseptoruna sahibdir və əsasən mavi və sarı tonları ayırd edə bilirlər. Onlar insanlarla müqayisədə daha solğun bir dünya görürlər. Quşlar və kəpənəklər isə dörd reseptor sisteminə malikdir və hətta ultrabənövşəyi (UV) işığı belə görə bilirlər.
Müasir texnologiyada rənglərin yaradılması iki əsas prinsipə əsaslanır. Rənglərin əlavə edilməsi prinsipi (RGB – Red, Green, Blue) televizor, telefon və kompüter ekranlarında istifadə olunur və rənglər işıq mənbələri vasitəsilə üst-üstə düşərək yeni rənglər yaradır. Rənglərin çıxarılması prinsipi (CMY – Cyan, Magenta, Yellow) isə çap və boyalarda tətbiq edilir və burada rənglər bir-birinin üzərinə düşdükdə müəyyən dalğaları udaraq yeni rənglər formalaşdırır.
Rənglər sadəcə vizual element deyil, onlar insan psixologiyasına və davranışına da ciddi təsir göstərir. İsti rənglər (qırmızı, narıncı, sarı) enerji və həyəcan hissi yaradır, market və restoranlarda diqqəti cəlb etmək üçün istifadə olunur. Soyuq rənglər (mavi, yaşıl, bənövşəyi) isə sakitlik və rahatlıq hissi oyadır və xəstəxana, ofis kimi yerlərdə üstünlük verilir. Mavi etibarlılıq və sakitlik hissi yaradır, buna görə də banklar və sosial şəbəkələr bu rəngi seçir. Qırmızı isə diqqət cəlb edir və iştahanı artırır, bu səbəbdən fast-food restoranlarında daha çox istifadə olunur.
Qədim dövrlərdə bəzi rənglər çox nadir və bahalı idi. Məsələn, purpur (bənövşəyi) rəngi almaq üçün dəniz molyusklarından xüsusi boya əldə edilirdi və bu, yalnız aristokratlar və krallar üçün əlçatan idi. Çində sarı rəng imperatorlara aid idi və adi insanlar onu geyinə bilmirdi. Orta əsrlərdə bəzi rənglər mistik və dini mənalar daşıyırdı. Məsələn, qara yas və kədər rəmzi idi, ağ isə saflıq və paklıq mənasını ifadə edirdi.
Xəstəxana interyerlərində açıq yaşıl və mavi rənglərdən istifadə edilir, çünki bu rənglər insanı sakitləşdirir və stres səviyyəsini azaldır. Müasir ekran texnologiyalarında insan gözünün təbii rəng qavrayışına uyğun görüntü yaratmaq üçün RGB sistemi tətbiq olunur.
Texnologiya nə qədər inkişaf etsə də, insan gözü hələ də ən müasir ekranlardan daha geniş rəng spektrini ayırd edə bilir. Buna görə də yeni ekran texnologiyaları – HDR (High Dynamic Range), geniş rəng diapazonu və digər innovativ həllər – məhz insan gözünün gördüyü rəng zənginliyini tam imitasiya etmək üçün yaradılır.
İnsan gözünün bu üstünlüyü həm də onun adaptasiya qabiliyyətindən irəli gəlir. Məsələn, qaranlıqdan işıqlı mühitə keçəndə gözlərimiz bir müddət alışmalı olur, çünki konus hüceyrələri fərqli işıq səviyyələrinə uyğunlaşır. Bu xüsusiyyət hələ ki, heç bir texnologiyada tam şəkildə tətbiq oluna bilmir.
Rənglər həyatımızın ayrılmaz hissəsidir, amma onların yaranma mexanizmi çox sadə prinsiplərə əsaslanır. Biz ətrafımızı milyonlarla rəngdə görsək də, bu rənglərin hamısı yalnız üç əsas rəngin – qırmızı, yaşıl və mavinin müxtəlif kombinasiyalarından ibarətdir. Bu prinsip həm insan görmə sistemində, həm də müasir texnologiyalarda tətbiq edilir.
Növbəti dəfə telefon ekranına baxanda və ya göy qurşağını izləyəndə düşün – gördüyün bütün rənglər sadəcə üç əsas rəngin birləşməsindən yaranır!

Gültac Mehdizadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi
14-03-2025, 14:24
Ballıcaya  köç edən ailələrə mənzillərin açarı təqdim edilib

Ballıcaya köç edən ailələrə mənzillərin açarı təqdim edilib- FOTO

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı rayonunun Ballıca kəndinə 98 nəfərdən ibarət 24 ailənin növbəti köçü baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.Bununla da bugünədək Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 136 ailə, 660 nəfər köçürülüb.









13-03-2025, 21:20
Təbrik edirik!

Təbrik edirik!


Azərbaycanın qələbələr dövrünü yaşadığı bir zamanda dünyaya göz açan qızım Əsma doğum günün mübarək! 18 mart Türk dünyası üçün müstəsna hadisə olan Çanaqqala zəfəri günü doğulan Əsma Vəkiloğlu bizə həmişə qələbə sevinci yaşatsın! 2 yaşın mübarək Qızım!

Atan Səməd Vəkilov
“Bütöv Azərbaycan” qəzetinin kollektivi də təbriklərə qoşulur. Səməd müəllimin övladına ən xoş arzularını bildirir. Arzu edir ki, Əsma bala dinc dünyada, əmin-amanlıq şəraitində böyüsün! Açıq səma altında arzularına doğru gülərüzlə boy atsın!
12-03-2025, 11:23
Sumqayıt təxribatının günahsız qurbanı


Sumqayıt təxribatının günahsız qurbanı

XX əsrin 80-90-cı illərində əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağın Ermənistana verilməsi kimi bir bədnam planının mövcudluğu artıq hər kəsə məlum idi. Bu bədnam planın həyata keçirilməsində mühüm başlanğıc nöqtələrindən biri 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələri oldu. SSRİ-nin xüsusi xidmət orqanlarının planlaşdırdığı və təxribatçı erməni qrupları tərəfindən icra edilən bu hadisələr etnik münaqişənin qızışdırılmasına xidmət edirdi. Məqsəd Azərbaycan və erməni xalqlarının birgə yaşayışının qeyri-mümkünlüyünü “sübut” edərək, Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyasına və eyni zamanda Qarabağın Ermənistana birləşdirilməsinə zəmin yaratmaq idi. Keçmiş SSRİ rəhbərliyinin, özəlliklə Mixail Qorbaçovun bu planın içində və başında olduğu inkarolunmazdır. Sumqayıt hadisələrinin təşkilində məqsədlərdən biri də azərbaycanlıların zorakı və qəddar obrazını formalaşdıraraq, dünya ictimaiyyətində Ermənistanın iddialarına haqq qazandırmaq idi. Lakin təxribat nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşları uzun müddət diqqətdən kənarda saxlanıldı və hadisələrin mahiyyəti qəsdən təhrif edildi. Bu hadisələr zamanı günahsız qurbanlardan biri də Əhməd Əhmədov idi. Onun ailəsi qonşuluqda yaşayan erməni qadınını üç gün evlərində qoruyaraq təxribata düşməməsi üçün sığınacaq vermişdi. Lakin nəticədə, məhz bu ailə təxribatın qurbanına çevrildi.

Belə günahsız qurbanlardan biri də 21 yaşlı Taleh İsmayılov oldu. Sumqayıt məhkəməsinin hökmü ilə heç bir əsas olmadan 15 il azadlıqdan məhrum edilən bu gənc, totalitar bir rejimin qərəzli və siyasi motivli qərarlarının qurbanı idi. Taleh İsmayılov kim idi? Taleh Saleh oğlu İsmayılov 14 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Saleh Şəkər oğlu İsmayılov və anası Çimnaz Miri qızı Abbasova əslən Lerik rayonunun Çayrut kəndindəndirlər. Ailə 1955-ci ildə Sumqayıta köçmüş və burada məskunlaşmışdır. Onların bu evlilikdən 8 övladı dünyaya gəlib. Taleh İsmayılov Sumqayıtda 14 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 49 saylı Texniki Peşə Məktəbində təmirçi-çilingər ixtisası üzrə təhsil alıb. Daha sonra SSRİ Silahlı Qüvvələrində hərbi xidmətini başa vuraraq Sumqayıta qayıdıb və uşaq yaşlarından məşğul olduğu cüdo idman növü ilə yenidən məşğul olmağa başlayıb. Hadisələrə Taleh İsmayılovun qardaşı İsrafil İsmayılov işıq salır: “1988-ci il fevral-mart ayları həm xalqımız, həm də bizim ailəmiz üçün çox ağır dövr idi. O vaxt Sumqayıtda mitinqlər keçirilirdi. Taleh də bu mitinqlərdə iştirak edirdi, lakin bu, onun Sumqayıt hadisələri ilə əlaqəli olması demək deyildi.

Fevralın sonlarında baş verən təxribatdan bir neçə gün sonra, 8 martda Taleh həbs edildi. 11 mart tarixinə qədər onun harada saxlandığı barədə heç bir məlumat ala bilmədik. 3 gündən sonra evimizə zəng vurub dedilər ki, Taleh Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təcridxanasındadır. Bu üç gün ərzində qardaşıma o qədər işgəncə vermişdilər ki, o, etmədiyi cinayəti boynuna almağa məcbur olmuşdu. Lakin məhkəmədə Taleh açıq şəkildə bildirdi ki, onun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.” Məhkəmə zamanı, öncədən hazırlanmış bir erməni qadın Talehin üzünə duraraq, guya onun ərini öldürdüyünü iddia etdi. Lakin Talehin sadə sualı qarşısında qadın tərəddüd etdi: “Mənim sənin ərini öldürdüyümü harada görmüsən?” Qadın isə sövq-təbii cavab verdi: “Xeyr, görməmişəm.” Bütün bu ziddiyyətlərə və iddiaların sübutsuzluğuna baxmayaraq, məhkəmə Taleh İsmayılovu 15 il müddətinə azadlıqdan məhrum etdi. Öncə cəzasının beş ilini Şuşa həbsxanasında, 10 ilini isə Bakıda çəkməsi nəzərdə tutulsa da, sonradan o, Gürcüstana göndərildi. Atası Saleh İsmayılov SSRİ və Azərbaycan rəhbərliyinə, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edərək oğlunun Azərbaycana ekstradisiya olunmasına çalışsa da, bu tələblər nəticəsiz qaldı. Taleh İsmayılov Gürcüstanda iki il həbs həyatı yaşadı. Həbs zamanı aldığı ağır xəsarətlərin nəticəsində, 9 sentyabr 1990-cı ildə Tiflis şəhərində yerləşən cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi. Onun nəşi Azərbaycana gətirildi və Sumqayıtda, Corat qəbiristanlığında dəfn edildi.

Azərbaycan dövləti Sumqayıt hadisələrinin obyektiv araşdırılması və bu təxribatın əsl mahiyyətinin ortaya çıxarılması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda Sumqayıt təxribatı ilə bağlı başlanmış cinayət işinin istintaqı yenidən aparılır və hazırda istintaq davam edir.

Səməd VƏKİLOV
Araşdırmaçı-hüquqşünas
11-03-2025, 21:19
Xankəndidə bayram tonqalları yandırıldı


Xankəndidə bayram tonqalları yandırıldı- FOTO

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb. Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.
[/center]
Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.




7-03-2025, 20:44
QHT Şəhid anaları və xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi

QHT Şəhid anaları və xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi

Bu gün “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Yasamal, Xəzər və Binəqədi rayonlarında yaşayan şəhid anaları və xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Qadınlar Günü, qadınların cəmiyyətdəki yerini və əhəmiyyətini qeyd etməklə yanaşı, həyatın müxtəlif sahələrindəki fədakarlıq və qəhrəmanlıqlarını da vurğulamaq üçün böyük bir əhəmiyyətə malikdir. İctimai birliyin sədri Könül Quliyeva QHT.AZ- a verdiyi açıqlamada bildirib ki, təşkilatın sədr müavini və Sosial İnteqrasiya Departamentinin rəhbəri Zeynəb Dilbazinin təşkilatçılığı ilə şəhid anaları və xanımlarına bayram münasibətilə hədiyyələr təqdim olunub. Zeynəb xanımın hazırda Hollandiyada olması səbəbi ilə onun adından təqdim olunan hədiyyələr könüllülər tərəfindən şəhid ailələrinə çatdırılıb.
Təşkilatın sədri Könül Quliyeva vurğulayıb ki, şəhid ailələrindəki qadınlar, bir ana, bacı və həyat yoldaşı olaraq cəmiyyətin ən dəyərli varlıqlarıdır. Onlar, təkcə öz övladlarını böyütməkdə deyil, həm də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin yoldaşları və anaları olaraq mübarizə aparan, fədakar qadınlardır. Bu qadınlar, hər gün böyütdükləri övladlarına Vətən sevgisini, vətənpərvərlik hissini aşılayır və onlara öz əzmi ilə güc verir. Şəhid analarının fədakarlığı və qəhrəmanlığı, hər zaman gələcək nəsillərə örnək olacaq. Onların böyütdüyü övladlar Vətən uğrunda canlarını fəda edərək, əsl vətənpərvərlik nümunəsi göstərdilər və göstərməyə davam edirlər:
"Şəhid ailələrinin qadınları yalnız öz ailələrinə deyil, bütün cəmiyyətə örnək olurlar. Onların həyatdakı mübarizliyi, özlərinə olan inamları, əzmləri və qəhrəmanlıqları, xalqımızın azadlığına verdikləri töhfələr heç zaman unudulmayacaq. Hər bir şəhidin ailəsindəki qadın, təkcə şəhidin anası və ya həyat yoldaşı deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran bir rəhbərdir".
“Biz fəaliyyətimiz boyunca hər zaman şəhid ailələrinin yanında olmağa çalışmışıq”
Təşkilatın sədri fəaliyyətləri boyunca həmişə şəhid ailələrinin yanında olduqlarını və bu dəfə də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrindəki xanımları diqqətdə saxlamağı özlərinə borc bildiklərini bildirib:

“Bu qadınların göstərdikləri zəhmət və fədakarlıq, yalnız şəxsi həyatlarına deyil, bütövlükdə millətimizin inkişafına və tərəqqisinə töhfə verir. Bizim üçün şəhid ailələrinə dəstək olmaq, onlara qayğı göstərmək və bu qadınların hər zaman yanında olmaq çox vacibdir. “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi hər zaman şəhid ailələrinin həyatlarını asanlaşdırmağa və onlara dəstək verməyə davam edəcək. Bayramlar, xüsusilə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi xüsusi günlər, bu qadınların dəyərini anlamaq, onlara təşəkkür etmək və əhəmiyyətlərini qeyd etmək üçün əvəzsiz fürsətlərdir. Bu gün, həmin qadınların fədakarlığına, əzmkarlığına və cəmiyyətə verdikləri töhfələrə hörmət etmək və onlara minnətdarlığımızı bildirmək zamanıdır” – deyə Könül Quliyeva qeyd edib.

Pərvanə Fərhadqızı
4-03-2025, 21:34
Xankəndidə bayram ab-havası:

Xankəndidə bayram ab-havası: Tonqal yandırılıb- FOTO

İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər. Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.
4-03-2025, 12:35
Xalqına Vurğun Səməd...

Xalqına Vurğun Səməd...

Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub. Səməd Vurğunun Sovet dövründə yazılmış elmi araşdırmalarda qeyd edildiyi kimi “marksizm-leninizm estetikasına söykənən”, “sovet həqiqətini əks etdirən” ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ edən əsər təsiri bağışlayan “Komsomol” poemasının belə alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona qarşı bu gün bu qədər neqativ yanaşma sərgilənməsi rəvadırmı?
İncələyək görək, ilk baxışda ən qatı sovet ideoloji əsəri kimi görünən "Komsomol" poeması “kommunizm” mifinin minlərlə variasiyalarından biridirmi, yoxsa özünəməxsus, unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında millilik, fərdilik kimi keyfiyyətlər inkar edilir, beynəlmiləlçilik, ümumilik, kütləvilik təbliğ olunurdu. 30-cu illərdə milli-dini dəyərlərdən imtina edilir, türkçülük, islamçılıq ideyalarının cüzi təsirinin hiss olunduğu əsərlər qadağan edilir, onların müəllifləri isə repressiya edilirdi. “Türk” sözünün tabuya çevrildiyi, rus dilinin geniş təbliğ edildiyi zaman Səməd Vurğun “Komsomol” (poemanın adının sovet dövründə, xüsusilə 30-cu illərdə daşıdığı məna çalarlarına xüsusi diqqət!) poemasında yazırdı:
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə.....
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!

Qeyd etdiyimiz dövrdə bu misraları yazmaq sənətkardan böyük cəsarət tələb edirdi. Yenə həmin əsərdə şair Humaydan bəhs edərkən maraqlı milli-etnoqrafik məqamlara toxunur. Belə ki, əsərdə Sovet dönəmində qadağan edilmiş “Novruz” bayramı ilə əlaqəli inanclar, mərasimlər təsvir edilmişdir.
Səməd Vurğunun böyüklüyü məhz bu cür məqamlarda, ölüm qorxusu ehtimalı altında sətiraltı da belə olsa öz fikrini gələcək nəsillərə çatdırmaq cəsarətində zühur edir. Ədəbiyyatda, tarixdə, istənilən kontekstdə müəyyən açıqlamalarla gündəmə gəlmək, "ulduz" olmaq olar. Lakin unutmayaq ki, bu gün alqışlanan "ulduz" u sabah həmin alqış sahibləri etirazla kürsüdən salacaqlar. Lakin Səməd Vurğun kimi bu gün də öz fəth etdiyi zirvədə olan şəxsiyyət və yazar "ulduz" yox, əfsanədir... Əfsanəni isə istənilən kontekstdən şərh etmək olar, amma danmaq və o zirvədən endirmək olmaz...

Elnarə Qaragözova,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!