"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-12-2023, 13:43
Xatirələrdə yaşayan el ağsaqqalı


Xatirələrdə yaşayan el ağsaqqalı

Elə insanlar var ki, özü həyatda olmayanda da sağlığında buraxdığı iz özündən sonra gələnləri doğru yolla doğru mənzilə aparır. Belələrindən biri noyabrda 100 illiyi qeyd olunan mərhum Mürsəl müəllimdir. Həyatı keşməkeşlərlə dolu olan Tağıyev Mürsəl Bayram oğlu 1923-cü ilin noyabr ayında Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Açağu kəndində anadan olub. Orta təhsilini elə öz yaşıdı olan məktəbdə-qonşu Şəhərcik kənd orta məktəbində alıb. 1940-cı ildə Orta məktəbi bitirib İrəvan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsinə daxil olub.
İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar ali təhsilini yarımçıq dayandıraraq cəbhəyə gedib. 1942-1944-cü illər ərzində bir sıra qanlı döyüşlərdə fəal iştirak edib. İlk sınaqları 77-ci atıcı diviziyanın tərkibində başlanıb. Çevikliyinə, vəziyyəti düzgün dəyərləndirərək operativ qərar qəbul etmək qabiliyyətinə görə taqım komandiri təyin olunub. Gənc komandir növbəti mühüm döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Müəyyən müddət müalicə olunduqdan sonra hərbi qulluğuna 416-cı Taqanroq diviziyasında davam edib. Bu əfsanəvi diviziyada şərəfli döyüş yolu keçən leytenant Mürsəl Tağıyev Taqanroq, Kerç, Mozdok, Xasavyurt Melitopol və digər şəhərlərin azad olunmasında qəhrəmanlıqla döyüşüb, fədakarlıq göstərib . Təəssüf ki, 1943-cü ildə yenidən və daha ağır yaralanıb. Hərbi həkimlərin yazdığı xəstəlik tarixindən çıxarışda göstərilib ki, onun təkcə ayaqlarında 53 qəlpə yarası olub. Qəlpələrdən 6-sının çıxarılmasında həyati təhlükə hiss edildiyindən cərrahlar həmin qəlpələri çıxarmaq fikrindən daşınıblar. Mümkün olan qədər müalicə aldıqdan sonra fəaliyyətini arxa cəbhədə davam etdirmək məcburiyyətində qalıb. Beləliklə 6 qəlpə ömrünün sonuna qədər Mürsəl Tağıyevin ayaqlarında qövr eləyə-eləyə onunla əbədi yol yoldaşı olub.
Əslində yaralı olsa da faşistlərin yağdırdığı od alovun içindən salamat çıxmaq, illərlə təlaş içində yol gözləyən el-obanı, qohum əqrabanı sevindirmək də böyük yaradanın bir lütfü idi.
Beləcə gənclik həyatına müharibənin acı gerçəklərilə sınanandan sonra başlayan Mürsəl Tağıyev vətənə qayıdaraq doğmalarına qovuşub. Dinc həyata qayıtsa da, müharibənin ailələrə gətirdiyi fəlakətlər və cəbhədə döyüş yoldaşlarının həlak olması ilə bağlı keçirdiyi sarsıntılarla uzun müddət yaşamalı olmuşdur.
Bəli, qanlı müharibə çox arzuları yarımçıq, çox anaları ağlar, çox uşaqları yetim qoyub. Nişanlı qızlar illərlə nişanlısının gələcəyi günü gözləyib. Kimisi sevdiyinə qovuşub, kimisinin gözləri ölüncə yollardan yığışmayıb, kimisinin də nəsibi “Qara kağız” olub.
O illər bir-birindən ağır gəlsə də Mürsəl Tağıyev təhsilini davam etdirmək fikrindən daşınmayıb. Müharibə bitdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə qəbul olub. Ali təhsil almaqla bərabər, həm də əmək fəaliyyətini davam etdirib. Əvvəlcə Oxtar kolxozunda partkom işləyib. Qısa müddətdə etimadı doğrultduğundan Oxtar kənd məktəbinə direktor təyin edilib.
Gənc olmasına baxmayaraq yüksək təşkilatçılıq qabiliyyəti, istənilən sahədə tapşırılan işə məsuliyyətlə yanaşması sayəsində Mürsəl müəllim qısa müddətdə rayonda hörmət sahibi olub, şöhrət qazanıb. Tezliklə ona rayonun ən böyük qəsəbələrindən olan Şəhərcik qəsəbəsindəki axşam məktəbində direktor vəzifəsi verilib. Bir müddət orda işlədikdən sonra axşam məktəbi ləğv olunub. Mürsəl Tağıyevə daha çox etimad göstərərək onu Şəhərcik qəsəbə 8 nömrəli orta məktəbin direktoru vəzifəsinə təyin ediblər. Aylar, illər keçdikcə gənc pedaqoq həm peşə təcrübəsi, həm həyat təcrübəsi toplayıb. Ailə qurub, ev-eşik, oğul-uşaq sahibi olub. Ev, məktəb, el-oba qayğıları, hamısı bir-birinə qarışıb. Amma hamısına da təpərlə sinə gərib. Şagirdini övladından, müəllimlərini qohum-qardaşından ayırmayıb. Kənar kəndlərdən məktəbə müəllim təyin olunduqda onların qayğısına qalıb. Kənddəki boş evlərlə yeni gələnləri təmin edib. Bəzən boş ev olmayanda gəlmə müəllimlərə öz evində yer verib. Onları otaqlarından birində yerləşdirməklə, doğmalarından ayırmayıb. Beləliklə hər təzə gələn onun xeyirxahlığından nəsibini alıb, gedəndə də xoş əməllərinin sorağını aparıb.
Məsələ burasındadır ki, Mürsəl müəlim müəllimlərin özlərinə qarşı nə qədər qayğıkeş, diqqətcil olubsa, işlərinə, pedaqoji fəaliyyətlərinə qarşı bir o qədər tələbkar olub. Zaman-zaman müəllimlərin iş üslubun, pedaqoji metodikasın yoxlamaq üçün dərslərində oturub, qulaq asıb, məktəb metodikasının sirlərini təcrübəsiz müəllimlərə öyrətməyə çalışıb. Əgər hər hansı bir müəllim bildirilən iradlardan, verilən tövsiyələrdən nəticə çıxarmayıbsa, öz şəxsi nüfuzundan, qanunun yol verdiyi imkanlardan istifadə edərək həmin müəllimin yenisi ilə əvəzlənməsinə nail olub.
Mürsəl müəllim əmək fəaliyyətini Şəhərcik qəsəbə 8 nömrəli orta məktəbin direktoru vəzifəsində 1971-ci ilədək davam etdirib. Ondan sonra doğulduğu Açağu qəsəbindəki 14 nömrəli səkkizillik məktəbə direktor təyin olunub. Maraqlı orasıdır ki, onun doğma kənd məktəbində ilk diqqətini çəkən uşaqların yaxşı. xətt yaza bilməməsi olub. Açağu məktəbində şagirdlərin yazı xətlərinin yaxşı olmadığını müşahidə etdikdə 1-8-ci siniflərin hamısına əlavə hüsnüxətt dərsi keçirilməsini təşkil edib. Nəticədə şagirdlərin əksəriyyətinin yazı nümunələri yaxşılaşıb. Həmin dövrün şagirdləri o günləri şükranlıqla xatırlayırlar.

Mürsəl müəllim bütün müsbət keyfiyyətlərilə bərabər, həm də ensiklopedik biliyə malik olub. Onu yaxından-uzaqdan tanıyanlar, hətta sevimli şagirdləri belə müəllimlərinin ixtisasca riyaziyyatçı, fizik, coğrafiya sahəsinin mütəxəssisi, yoxsa tarixçi, ədəbiyyatçı, ya filosof olduğunu ayırd etməkdə çətinlik çəkiblər. O, vaxtlar yuxarı siniflərdə İctimaiyyət fənni tədris olunurdu. Mürsəl müəllim bu fənni bir il tədris edəndən sonra, demək olar ki, təxminən 300 səhifəlik kitabı əzbər bilirdi. Onun o qədər fenomenal yaddaşı vardı.
O zaman ermənilər azərbaycan məktəblərində tədris olunan Azərbaycan tarixi və Azərbaycan SSR coğrafiyası fənlərinin erməni tarixi, Ermənistan coğrafiyası ilə əvəz olunmasını tələb kimi qarşıya qoyublar və bunu məktəblərdə həmin fənlərə aid kitabların azlığı ilə əlaqələndiriblər. Mürsəl Tağıyev müəllimlərin avqust konfransında çıxış edərək dəyişikliklərin qarşısını alıb. Beləki rayondakı bütün Azərbaycan məktəblərinin həmin kitablarla təmin olunmasını təşkil edə biləcəyini söyləyərək şovinistlərə fürsət verməyib.
Mürsəl müəllimin fəaliyyəti təkcə məktəblə, tədrislə məhdudlaşmayıb. O, eyni zamanda, ictimai əsaslarla Açağu qəsəbə sovetinin sədri vəzifəsini icra edib, həm Açağu, həm də qonşu kənd və qəsəbələrdə yaşayan azərbaycanlıların problemlərinin həllində fəal rol oynayıb, camaatın məsləhət yeri, sözün əsil mənasında elinin ağsaqqalı olub. Əslində təkcə öz kəndlərinin deyil ümumiyyətlə rayonda yaşayan bütün soydaşlarının probleminə şəxsi problemi kimi yanaşıb. Çəkinmədən milli ayrıseçkilik aparanlarla kəllə kəlləyə gəlib. Azərbaycanlılar yaşayan kəndlərə gedən yolların dağıdılmasına, onların təmir edilməməsinə qarşı çıxıb. Bu tipli digər fərqləndirmələri, ikili münasibətləri aradan qaldırmaq üçün dəfələrlə rayon rəhbərliyi ilə sərt danışıqlar aparıb. Həm müharibə iştirakçısı olmağı, həm ürəyindəki təpər, həm də qanunları yaxşı bilməsi belə söhbətlərdə həmişə ona üstünlük qazandırıb. Dəfələrlə Açağu kənd camaatının köçürülməsi və ərazisinin Kacaran Mis-Molibden Kombinatına verilməsi məsələsi qaldırılsa da, kənd əhalisinin yerli suya və mühitə öyrəşdiyindən, başqa yerlərdə tələf olma ehtimallarının yüksək olduğunu əsaslandıra bilib. Bu məqsədlə kənddəki suyun laborator nümunələrinin hazırlanmasını təşkil etməklə fitnənin qarşısını alıb.
Bir sözlə Qafan rayonunda işlədiyi müddətdə azərbaycanlıların haqlarının qorunmasında olduqca fəal iştirak edib, dəfələrlə çəkinmədən öz həyatını təhlükəyə ataraq millətçi erməni vəzifəlilərini yerlərində oturtmağı bacarıb. Eyni zamanda milli-mənəvi dəyərlərimizə daha çox tapınıb. Adət-ənənələrimizin
qorunub saxlanılması yolunda da öz təşkilatçılıq qabiliyyətini nümayiş etdirib, ilaxır çərşənbənin, Novruz bayramlarının hər dəfə bir birindən təntənəli keçirilməsində fəal iştirak edib, nəsə bir ehtiyacı olanlara köməyini əsirgəməyib.
Təəssüf ki, ötən əsrin sonlarında növrağımız pozuldu. Quduzlaşmış erməni faşistləri, rus-sovet imperiyasının zəncirini çeynəyə-çeynəyə soydaşlarımızı min illərlə yaşadıqları Oğuz yurdundan, Qərbi Azərbaycandan didərgin saldılar. Bakıya pənah gətirən Mürsəl müəllim o ağır günlərində də el-obasını diqqətdən qaçırmayıb. Qacqınlıq vaxtlarında pərən-pərənə düşən kənd əhalisinin bir-biri ilə əlaqəsinin itməməsi üçün övladlarına tanış bilişlərin, qonum –qonşu ailələrinin hamısının ünvanlarını, telefon nömrələrini tapmalarını tapşırıb. Bir biri ilə telefonla əlaqə saxlamaq, yaxud görüşmək üçün ev ünvanları və telefon nömrələri yazılmış broşürlər hazırladıb. Həmin broşürlərə metrolardan və ya digər mərkəzlərdən gedən avtobus marşrutlarının siyahısını da əlavə edib. Kənd camaatına yazdığı müraciətlə birlikdə broşürlərin hər bir ailəyə paylanmasını təmin edib.
O, xeyirxah, humanist, qayğıkeş olduğu qədər də cəsur, qorxubilməz olub. El-obası Zəngəzurdan qovulandan sonra belə, 1989-cu ildə ölümü gözə alaraq kəndə gedib, hətta bir gecəni tək, tənha öz evində qalıb. Erməni dilini mükəmməl bildiyinə görə, o vaxtlar Xəzər rayon notariusu Qərbi Azərbaycandan qaçqın düşmüş əhalinin sənədlərinin tərcümə olunaraq təsdiqlənməsi zamanı həmin sənədlərin düzgünlüyünü təsdiq etmək səlahiyyətini ona verib.
Mürsəl müəllim o illərdən ömrünün sonunadək Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə tarix və coğrafiya müəllimi işləyib. Burada da qısa müddətdə yerli əhalinin dərin hörmətini qazanıb. Qayğıkeşliyi, biliyi, ətrafındakı hər kəsə doğru yol göstərməyi sayəsində yerli camaatla tez qaynayıb qarışıb. El ağsaqqalı statusunu burda da qoruyu, saxlayıb.
Mürsəl Tağıyev 1995-ci ilin baharında - aprelin 6-da vəfat edib. Mərhumun əziz xatirəsi onu tanıyanların qəlbində daimi yaşayacaq.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun!

Mürsəl müəllimin ruhuna ehtiramla:
Nailə İBRAHİMOVA


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!