Bu gün Azərbaycanın iki Milli Qəhrəmanının şəhadət günüdür.Butov.az Azvision.az-a istinadən xəbər verir ki, Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.
1988-ci illərdə Xalq Hərəkatına qoşulub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ailəli idi, bir övladı var.
Sədiyev Vəzir İsa oğlu 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində dünyaya gəlib. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. V.Sədiyev Əfqanıstan müharibəsində iştirak edib. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də alıb.
Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alıb. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olub. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir qəhrəmancasına şəhid olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.