Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək .....                        Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ .....                        Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR .....                        Trampdan İrana hücum siqnalı .....                        Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA .....                        Azərbaycanda 900 kənddə qaz yoxdur .....                        Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                       
29-10-2022, 23:52

Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub

Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova iştirak ediblər.
“Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışan böyük bir ölkədir. Biz kənd təsərrüfatından tutmuş texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə etmişik”, - səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyaraq bildirib.
Daha sonra səfir qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada, xüsusilə Qarabağ məsələsində hər zaman bir-birini dəstəkləyir. O, bir daha qardaş Azərbaycanı işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə təbrik edib.

Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından qardaş Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə səmimi təbrik edib və xoş arzularını ifadə edib.
29-10-2022, 06:53
Rusiya Ermənistanda təlim keçirdi

Rusiya Ermənistanda təlim keçirdi

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının Mi-8 və Ka-52 helikopterlərinin pilotları Ermənistanda dağlarda, o cümlədən aşağı hündürlükdə uçuşlar həyata keçiriblər. Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin məlumatında deyilir.
“Mi-8 və Ka-52 ekipaj heyəti Ermənistanda yüksək dağlıq ərazilərdə uçuş icra ediblər. Ekipaj heyətləri müxtəlif hündürlüklərdə dağ keçidləri ərazisində manevr texnikası, o cümlədən gündüz və gecə mürəkkəb elementlər hazırlayaraq təlim uçuşları həyata keçiriblər”, -
Bildirilir ki, helikopterlərin ekipajları dağlıq ərazilərdə şərti yaralıların təxliyəsi rejimində axtarış-xilasetmə işlərini həyata keçirib.
Təlimlərə 120-dən çox hərbçi, 20 texnika cəlb olunub.
29-10-2022, 06:34
Türkiyənin Cümhuriyyət Günüdür

Türkiyənin Cümhuriyyət Günüdür - 99 il

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur.
1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib.
1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyəti yaradılması Birinci Dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Birinci Dünya müharibəsində Osmanlı Dövləti məğlubiyyətə uğradıqdan sonra ərazisi işğala məruz qalmışdı.

O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-i il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.
1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul idarəsinə keçib.
29-10-2022, 06:14
"Nur ocağı" Sevinc Azadlının şeirlərini təqdim edir

"Nur ocağı" Sevinc Azadlının şeirlərini təqdim edir

Eşq nə bilir
Niyə məni bağladın ki, özünə,
Daşürəklim, axı niyə beləsən?
Ümid verib, xilaf çıxdın sözünə.
Qəsdin nədir, bəlkə mənə deyəsən?!
Eşq nə bilir ağa nədir, kölə nə,
Qəlbim alıb, çevirmisən kölənə,
Bax, razıyam yanım, dönüm külünə,
Lap istəsən sovur məni göyə sən.
Mən bilmirdim nəzər nədir, nəhs nədir,
Yanaqlarım göz yaşıma təşnədir,
Bu etdiyin zülüm deyil, bəs nədir?
Kim öyrədib belə özün öyəsən?
Qurban oldum, bu sevgiyə tələsən,
Mən ov oldum, bu sevdada tələ sən,
Çox gözlədim sən insafa gələsən,
Demədim ki, parçalayıb, böləsən.

Bilirsənmi
Sən gedəndən viran olmuş hislərim də pərən -pərən,
Azıb qaldım lal duyğular arasında, bilirsənmi?
Rəhm etmədən aparmısan huzurumu, dincliyimi,
Buz bağlamış ürəyinin parasında, bilirsənmi?
Xatirəni əziz tutub, yaşatmışam yaddaşımda,
Çirklənməyib ürəyimin yarasında, bilirsənmi?
Sənə qədər hürr yaşadım, səndən sonra suç işlədim,
Əsir oldum gözlərinin qarasında, bilirsənmi?
Bilirsən ki, xəyalımın ən əl çatmaz yerindəsən,
Bəs mən sənin xatirənin harasında, bilirsənmi?

Uşaq illərim
Hardasan, ay mənim uşaq şağlarım,
Darıxdım bilirsən, yaman darıxdım.
Hər yaşım artdıqca bağrımın başın,
Əritdi illərim aman, darıxdım.
Ömrümə biçilən yaş hədlərimin,
Qayğısız, sevincli, qısası oldun.
Yük altda əzilən yorğun ruhumun,
Özləmi, həsrəti, tasası oldun.
Ay mənim ağlımda möhürlənənim,
Yerin zaman keçib, amma dolmayıb.
Nə qədər bəxtəvər həyat sürsəm də,
Sənintək qayğısız illər olmayıb.
Ağzımın dadı da, duzu da səndin,
Ləzzətin hələ də damağımdadır.
Nə qədər yaşamaq eşqim sönsə də,
Gülüşüm yenə də dodağımdadır.

Olmadı
Niyə məndən pərən düşdü xoş həyat,
Nə etdim ki, hər şey getdi tərsinə.
Çat veribdir isti ocaq, təndirim,
Badı qopub, lavaş gəlmir ərsinə.

Duz atsam da bişirdiyim aşa mən,
Əllərimin dadı, duzu olmadı.
Dilbilməzi salammadım başa mən,
Sözlərimin tək bir düzü olmadı?

Çox dolandım pir sandığım daşa mən,
Nəzir dedim, qurban kəsdim olmadı.
Düçar oldum haqsız yerə yaşa mən,
İncitməkçün bir gün qəsdim olmadı.

Gəlib çatdım əlli, altmış yaşıma,
Çətin oldu yolum, hamar olmadı.
Çox iş gəldi bu bəlalı başıma,
Bir əl gəlib mənə tumar olmadı.

Payız
Yenə gəldi yetişdi saçları xəzan payız,
Neçə min arzuları gözlərdə qoyan payız.
Ümidləri devirən, pərgarı pozan payız,
Xəzəlinin üzəri qan ilə doyan payız.
Barlı -bəhərli idin fəsillərin içində,
Toy-büsatlar keçərdi sevinclərin içində.
Ayrıca yerin vardı nəsillərin içində,
Qırx dörd günə o nəsli özündə boğan payız.
Xəzəlində bərq vuran al qırmızı qanımdır,
Üzərini örtdüyün qardaş, ata, yarımdır,
Qayıdan torpaqlarım şəhid yadigarımdır,
Doğa bilməzsən birin, sancıdan doğran, payız.
Yağışında, qarında, çiskinin, sazağında,
İslanaraq yanmayan odunda, ocağında,
Yurd eşqiylə alışan, yanan ogullarımdı,
Qanlarıyla torpağı Vətən yoğuran, payız.

Vətən
Yenə ağır yollardan sayseçmə oğlun gəlir,
Dur qarşıla balanı, dur qarşıla, can vətən!
Payızına girməmiş, qışından çovğun gəlir.
Şəhid karvanlarından bağrınbaşı qan vətən.
Yenə səf-səf düzülüb köksündə məzarların,
Səninçün şəhid olub, dönüblər sənə vətən.
İgidliklə veriblər düşmənə cavabların,
Fəxarətlə geyiblər bayrağı kəfən vətən.
Buraxmayıb düşmənin tapdağında yurdunu,
Oğulların bu yolda keçdi, canından keçdi.
Dəmir yumruq elədi, bu yenilməz ordunu,
Hər döyüşə girəndə torpağına and içdi.
Bir ölər, min dirilər, yenə fəda olarıq,
Torpağından, ey məni oğul yoğuran vətən!
Daşıdı yurd sevgisin oğullar qucagında,
Anaları aslan tək oğul doğuran vətən!

OLUBDUR
Bu nə vaxtın gəlişidir gəlmisən,
Səni bura çağıranmı olubdur?!
Çoxdan tutub kor bayquşlar yerini,
Sən verdiyin ümid çoxdan solubdur.

Sən o sənsən, mən daha o deyiləm,
Kor-koranə bir sevdaya əyiləm,
Nə avara, nə sərgərdan, veyiləm,
Səbr kasam tükənibdir, dolubdur.

Lal dəryaydım, coşqun selə dönmüşəm,
Gur ocaqdım yanıb, yanıb sönmüşəm,
Sən gördüyün o qadını gömmüşəm,
Göməndə də saclarımı yolubdur.

Mən sevgimin odda yanmış əliyəm,
Sən istədin, səni məndən əliyəm,
Görən deyir divanəyəm, dəliyəm,
Nə vecinə, olan mənə olubdur.

Məktub yazmıram
Sənə məktub yazmıram,
Yazmıram ki bağışla.
Nə faydası yazmağın
aram da yox kağızla.
Sənə məktub yazmıram.
Yazmıram ki bağışla.
Səndən ayrılan gündən
səngimədi yağış da.
Gün doğmadı üzümə
gəl məni az qarğışla .
Getmə dediyin gündə
qalmışam hələ də mən.
Dünyanı dolaşsam da
veyil-veyil və sərsəm,
yenə həmin gündəyəm.
Ordan tərpənməmişəm.
Ruhum səndə qalıbdır,
onu götürməmişəm.
Yazım nə deyim axı?
İndi xoşbəxtdir çoxu,
səndən, məndən savayı.
Ömrüm bada gedibdir
günlərimsə havayı.
Sənsiz pəncərəmin də
pərdəsini çəkmirəm.
Özgə qadınlar kimi,
ildə bir ev tökmürəm.
Yuyub yığışdırmıram,
Ara bir əsəbləşib,
heç qabı da qırmıram.
Bişirmirəm ləzzətli
yeməkləri bayramlar.
Bəzəmirəm süfrəni,
axı mənim kimim var?
Yox, bezməyib təklikdən
o soyuyan yataq da.
Gecəm, gündüzüm keçir
İş odamda, qoltuqda.
Xiffətini çəkmirəm
Ilin, günün, ayın da.
Buz bağlayıb nə vaxtdan,
onsuz isinmir qəlbim
Allahın bir yayında.
Yazım nə deyim axı?
Deyim sənsiz bitmişəm?
Deyə bilmirəm axı.
Gör neçə illərdir ki
Içimdə saxlamışam.
Qorxmuşam , özümə
də etiraf etməmişəm.
Sənə məktub yazmıram.
Yazmıram ki, bağışla.
Səni xoşbəxt etmədim,
mən də xoşbəxt deyiləm,
gəl məni az qarğışla.
Boyüklük səndə qalsın,
Mən bizə rəhm etmədim,
Sən insaf et bağışla.

Açıq olsun
Varlığım yorubdur deyəsən səni,
Gedirsən, yolların qoy, açıq olsun.
Qorxutmur nə şaxta , nə boran məni,
Vurduğun yaranı oy, açıq olsun.

Deyirsən, dözmərəm hicran dəminə,
Mən ki alışmışam eşqin qəminə,
Get axtar ayrı bir liman, gəminə,
Altında süzdüyün göy, açıq olsun.

Gedib dönərsənsə, qapımı vurma,
Təsadüf çıxdığın yolumda durma,
Səni əhv edərəm xəyalın qurma,
Elə bir qapı döy, o açıq olsun.

Güya ki buraxmaq gəlir arına?
Bəs necə sığdırdın dağ vüqarına,
Gəl davran qoy necə gəlir karına,
İstərsən bəxtini söy, açıq olsun.

Yetər davrandığın bu qədər saxta,
Nə vermisən, ala bilmirsən baxta?
Tutduğun ürəkdə, qurduğun taxtda,
Boya vurarsansa, göy, açıq olsun.

Gəl ey qadın
Gəl ey qadın, gəl ey başımın tacı,
Kimə ana, kimə yar, kimə bacı.
Dursun bəşər pişvazına dayansın,
Gəl, ey mələk, bəxti açıdan acı.
Gəl, ey ağır yüklər altda qalanım,
Sən olmasan bu yükləri kim çəkər?!
Hər bir dərdi ürəyinə salanım,
Tab gətirməz bu dərdlərə bir tək ər.
Zərif çiynin möhnətlərə alışıb,
Ağır-ağır zillətləri daşıyır.
Gülümsəyir, sezdirmirsən dərdini,
Görən deyir bəxtəvər də yaşayır.
Zamanından öncə saça dən düşüb,
Qara bəxtin altda bəyaz neynəsin.
Yersiz gələn şaxta vurub baxçasın,
Dondurubdur üstə qora meynəsin.
Danışmıram hələ qırışlarından ,
Söz düşəndə yaşını artırırsan.
Gözlərində gizlədiyin həsrətlə,
Dərdə salır, xəyala daldırırsan.
İncik düşən könlün səsdə titrəyir,
Çox ağrını səssiz, sözsüz udursan.
Gecələri acıların bitməyir,
Qəribədir, gündüzlər unudursan.
Sənin hansı cəhətindən danışım?
Qürurunun önündə mat qalmışam.
Çox çək-çevir eləmişəm özümü,
Mən deyəsən gücü səndən almışam.

Avara qalmışam, adam
Mən axı avara qalmışam, adam,
Bu yolda var ilə yox arasında.
Buz kimi baxışın, nifrətin, kinin,
Təklənib qalmışam çox arasında.
Üşüyüb vücudum sərt baxışından,
Təpədən dırnağa buz bağlamışam.
Dərd tapıb taleyin tərs axışından,
Qoymuşam yarama duz, bağlamışam.
Çox zaman gözlərim üzündə qalıb,
Ən adi dəyərə möhtac olmuşam.
Verdiyin vədlər də sözündə qalıb,
Acı kəlmələrdə hey boğulmuşam.
Yıxıb sürümüsən soyuqluğunla,
Alıb göydən -yerə vurduğun olub.
Mən həsrət qalmışam sədaqətinə,
Eşqi özgə taxtda qurduğun olub.
Nə səndə günah var, nə də ki məndə,
Talehi, qisməti yazan yazıbdır.
Dünyanın amansız məngənəsində,
Yolun tapan tapıb, azan azıbdır.

Boya rəssam
Al fırçanı boya, rəssam, bu dünyanı
Bütün körpə uşaqlarçün,
Boya onu yeddi rəngə
Ruhu uşaq olanlarçün.
Günəşi sarıya boya,
Səma yenə mavi qalsın.
Göyqurşagındakı rənglər
Həmən yenə yerin alsın.
Yaşıl boya meşələri
Qurumasın bir dənəsi.
Şəffaf rəngli sular axsın
Yaşıllaşsın hər dərəsi
Açsın əlvan çiçəkləri.
Boya rəssam çiçəkləri qırmızıya
Tökülməsin ləçəkləri.
Qoxsun bütün aləm çiçək
Üzərində börtü-böcək
Uçsun əlvan kəpənəklər
Gözəlliyi, zərifliyi sevgi saçsın.
Bütün doğulan körpələr
Belə dünyada göz açsın.
Boya uzun gecələri qara rəngə
Hüzurla girsin ahəngə
Ana ayla ulduzları
Qızılıya çalsın bari
Səpələnsin göy üzünə,
Zülməti dönsün gündüzə.
Yenə sabahlar açılsın
Günəşinin gün üzüynən
Aydınlansın bütün dünya
Əlvan rənglərin özüynən.
Mavi dəniz ləpələnsin,
Sevinc, gülüş səpələnsin
Yer üzünə.

Kəlağayım
Bir üzük içindən asanca keçən,
Mədəni irsimdə var kəlağayım.
Xalqımla bərabər əsrlər keçən,
Nənəmə, anama yar kəlağayım.

Təbiət örnəyi, ar nişanəsi,
Barama qurdunun bar nişanəsi,
Hər eldə, obada var nişanəsi,
Bəyazı başımda qar kəlağayım.

Rəngini sumaqdan, narıncdan alan,
Qarağat, zəfəran, zirincdən alan,
Heyrəti, soğanı, yeləni olan,
Adıyla dünyaya car kəlağayım.

Naxışı incədən, incə olanım,
Saya butasında, şah doğulanım,
İpək saplar ilə tül yoğrulanım,
Örtüm mən başımı, sar kəlağayım.
25-10-2022, 21:45
Yarımçıq albom


Yarımçıq albom
(Şəhid Orxan Rəhimlinin xatirəsinə)
Bir əli ilə tutduğu albomu bərk-bərk sinəsinə basan Könül digər əli ilə otağın qapısını açıb içəri daxil oldu. Küncdən qoyulmuş künclük divana doğru hərəkət edərək elə divanın küncündəcə əyləşdi. Sinəsinə basdığı albomu dizlərinin üzərinə qoyub, dərindən köks ötürdü. Sonra yavaş-yavaş albomu vərəqləməyə başladı.
28.08.2014-cü il. Avqustun qızmar günəşi kimi bu iki gəncin də qəlbi həmin gün sevgidən od tutub yanırdı. Bu gün bəy olan Orxanın da, elə gəlin olan Könülün də həyəcandan əli ayağına dolaşmışdı . Həmin günü yaşadıqları təlaşı, xoşbəxtliyi sözlərlə təsvir etmək mümkün deyildi. Bu gün iki ürək əbədi qovuşacaqdı. Bu gün bir ailənin təməli qoyulacaq, hər kəs onlara xeyir-dua verəcək, gələcək günlərinin xoşbəxt keçməsi üçün dualar edəcəkdilər. Səbirsizlilə oğlan evinin yolunu gözləyən qız evi daha da həyəcanlanırdı. Budur binanın qarşısında qırmızı lentlərlə bəzədilmiş maşınların karvanı da görsəndi. Gəlini aparmağa gələn oğlan evinin xanımları həyətdə bir oynamaq oynayırdı gəl görəsən. Bu sevincə bütün qohumlar qoşulub oğlan evini sevinclə qarşılayırlar. El adətiylə əlində gül dəstəsiylə sevgili cananını aparmağa gələn Orxan gülləri Könülə uzadarkən həyəcandan əlləri əsirdi. Baxışları bir-birinə möhürlənən gənclərin sanki gözləri danışırdı. "Nəhayət ki, qovuşuruq"-deyirdi ürəkləri. Gəlinin belinə qızmızı lenti bağlayıb, ata ocağında çırağın başına fırlatdıqdan sonra vağzalı sədaları altında oğlan evinə təhvil verirlər.
Budur bu şəkil də şadlıq sarayına daxil olarkən çəkilmişdi. Könül albomun digər vərəqlərini çevirərək, yenidən keçmişə səyahət edir. Bu dəfə xəyalları 2015-ci ilin iyul ayına aparır onu. İlk ana olduğu günə. Hüseynini ilk dəfə qucağına aldığı günə. Həmin gün Orxanın sevincinin həddi-hüdudu yox idi. Ata olmuşdu. Özü də oğul atası. Oğul arxadır-dayaqdır. Hər valideynin arzusudur oğul övladına sahib olmaq. Rəhmlilər ailəsində də ilk nəvənin gəlişi toy-bayrama səbəb olmuşdu. İlahi necə gözəl günlər idi. Hüseynin ilk dəfə gülümsəməsi, ilk dişini çıxarması, ilk dəfə yeriməsi, ilk sözləri hər biri o qədər gözəl günlər idi ki.... Hətta yuxusuz gecələri belə gözəl xatirələrə çevrilirdi ailənin yaddaşında.

Könül əlindəki albomun daha bir vərəqini çevirdi. Bu dəfə şəkillər qışda çəkilmişdi. Fevralın 19-u Orxan ikinci dəfə ata olmuşdu. 19 fevral 2017-ci ildə qız atası olan Orxan qızının adını da elə özü Pəri qoymuşdu. Qızlar şirin olur. Daha çox da ataya bağlı olurlar. Odur ki, ataların da qəlbində qızlarına olan sevgisi bambaşqa olur. Rəhimlə Pərinin sevgisi də baxanları qısqandırırdı. Pəri evin ərköyün balası idi. Hər kəs onu əzizləyər, heç kəs xətrinə dəyməzdi. İndi Orxan özünü dünyanın ən xoşbəxti sayırdı. O Könülünə qovuşmuşdu, Könülü isə ona həm oğlan həm də, qız övladı bəxş etmişdi. Bu sevgi evin balaca qəhrəmanları ilə günü-gündən daha da böyüyürdü. Ta ki...
Növbəti vərəqlər boş idi. Könül çevirdiyi boş vərəqlərə baxıb, başını qaldırdı. Qarşısında şəhid yoldaşının guşəsi vardı. Yarımçıq qalan xəyalları, yarımçıq arzuları gözlərindən süzülüb albomun boş vərəqlərinə tökülürdü. Gözləri ilə guşəni nəzərdən keçirən Könülün baxışları bir şəkilə ilişib dayandı. Orxanın məzarının yanında dayanmışdı bu şəkildə. Övladları da yanında idi. Atasının qoxusuna doymayan körpə balaları indi məzarını qucaqlayıb, "ata, gəl, darıxıram axı. Dur gedək evimizə." -deyib, ağlayırdı o gün.
Könül isə müharibənin gətirdiyi bu amansız talelə barışmasa da, onu yaşamağa məcbur idi.

Esmira Günəş
12.09.2022
25-10-2022, 21:08
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!


“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ...
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!

Cəbrayıl rayonunun Qumlaq icra nümayəndəliyinə daxil olan kəndləri bir araya gətirib mikroşəhər salmaq olar. Zəngəzura gedən dəmiryolu xətti üstündə Cəbrayıl rayonu ərazisindəki Qumlaq stansiyasının təməli qoyuldu. Hesab edirəm ki, Qumlaq icra nümayəndəliyinə daxil olan bütün kəndlərin bu əraziyə köçürülməsi və onların bazasında Qumlaq stansiyası əvəzinə XUDAFƏRİN adlı yeni mikroşəhər stansiyasının salınması çox düzgün olardı. Ermənilərin darmadağın etdikləri Xudafərin kəndinin xarabalıqlarını isə gələcək nəsl və turistlər üçün (burada yerləşən Xudafərin körpüləri də daxil) tarixi muzeyə çevirməliyik. Bunun üçün kifayət qədər əsaslar var. Belə ki, ərazi əhəmiyyətli turizm komplekslərinin yaradılmasından ötrü əla şəraitə malik olub, tarixi-mədəni və təbiət abidələri ilə zəngindir.

Qeyd etmək lazımdır ki, Qumlaq icra nümayəndəliyinə daxil olan 5 kənd "Xudafərin" SES və "Qız Qalası" hidroqovşağının inşası səbəbi ilə əlaqədar Araz çayının altında qalacaq. Ona görə də həmin kəndlərin başqa əraziyə (təxminən Diridağ silsiləsinin arxa üzünə, Horadiz-Cəbrayıl-Ağalı dəmiryol xəttinin ətrafına) köçürülməsi zərurəti ortaya çıxır.
Fikrimizcə, ərazidə "XUDAFƏRİN" adlı şəhərin salınması, həm sosial-iqtisadi, həm də siyasi baxımdan faydalı ola bilər. Nəzərə alsaq ki, Qumlaq stansiyası həm tarixi Xudafərin körpülərinə yaxındır, həm də digər tərəfdən Şərqi Zəngəzurun (Azərbaycan Respublikasının ərazisi) Qərbi Zəngəzura (hazırda Ermənistan Respublikasının ərazisi) və Güney Azərbaycana (hazırda İran İslam Respublikasının ərazisi) çıxışı ilkin olaraq burdan başlanır. Şərqi Zəngəzurla Qarabağın orta xəttində belə bir şəhərin salınması iqtisadi cəhətdən də çox əlverişlidir. Bu təklif qəbul olunacağı təqdirdə işğaldan azad edilmiş yaxın bölgələrdə bərpa işləri ilə bağlı yeni yaradılacaq çoxsaylı infrastrukturların, sosial obyektlərin inşasında, enerji və kommunikasiya xətlərinin və kənd təsərrüfatı sahəsində aqrosənaye komplekslərinin yaradılması və inkişaf etdirilməsi üçün kifayət qədər məhsuldar qüvvələrə ehtiyac olacaq. Onların müxtəlif çeşidli əmək sahələrinə cəlb olunması, yaşayış yerləri ilə təmin edilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması yeni salınacaq "XUDAFƏRİN" Şəhər-Stansiyasının inkişafına zaman keçdikcə ciddi təsir göstərəcək.

Yuxarıda qeyd edtiyimiz kimi, biz bu inamdayıq ki, ərazinin ekoturizm potensialını da bura əlavə etsək, belə bir şəhərin tikintisi ölkəmizin gələcəyi üçün perspektiv imkanlara yol aça bilər.
Bütün hallarda dövlətimizə bu sahədə apardığı bərpa və quruculuq işlərində uğurlar arzulayırıq!

Sayğılarımla: Yusif DİRİLİ (Mahmudov)
Tarix üzrə fəlsəfə doktoru

24-10-2022, 07:56
Azərbaycan - Türkiyə qardaşlığının dünyaya növbəti ismarıcı

Azərbaycan - Türkiyə qardaşlığının dünyaya növbəti ismarıcı: Zəngilan Hava Limanının açılışı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi regionda yeni reallıqlar yaratdı. Müharibənin sonunda əldə etdiyimiz şanlı qələbə ilə 44 günlük vətən müharibəsi tariximizə "Zəfər Yürüşü" adı ilə daxil oldu.
8 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənatın qəbul edilməsindən sonra işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliklərinin şahidi olduq. Dini ibadətgahlarımız, mədəni və tarixi abidələrimiz, yaşayış obyektləri erməni vandalları tərəfindən tamamilə dağıdılmışdı. Ancaq Azərbaycan bu torpaqlara yeni həyat verdi. Yeni infrastruktur layihələr, yenidənqurma və bərpa işləri "Böyük Qayıdış"ı sürətləndirdi. Artıq Zəngilanın Ağalı kəndində bu torpağın əsl sakinləri yaşayırlar. Ağalıya qayıdış, "Böyük Qayıdış"ın başlanğıcı hesab olunur.
Zəngilan İran və Ermənistan Respublikaları ilə sərhəddə yerləşməklə həmdə mühüm strateji-coğrafi əhəmiyyətə malikdir. Zəngilanda hava limanın inşa edilməsi də məhz bu məqamlar nəzərə alınmaqla həyata keçirildi. Zəngilan hava limanı 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları Prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək.
Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və “Eurocontrol”un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Zəngilan hava limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən edilməsi bütün dünyaya Azərbaycan - Türkiyə qardaşlığının növbəti ismarıcıdır.
İlham Məmmədov
Milli Məclisin deputatı
23-10-2022, 12:40


Qəhrəmanlar unudulmur
Vətən uğurunda ölən varsa, vətəndir.
Məhəmməd Əmin Rəsulzadə

Qəhrəmanlar unudulmur

Lerik rayonunun inzibati ərazisi sayılan dəniz səviyyəsindən 827 metr yüksəklikdə yerləşən buz bulaqları, şırıl-şırıl axan nərə salan dağ çayları, sıx meşəlikləri, axarlı- baxarlı təbiəti olan dağlar qoynuna sığınan Əvilə kəndi. Ulu Tanrı bu yerlərə sığal çəkib, heç nəyi əsirgəməyib. Bu yerlərin adamları da dağ çayları kimi saf, təmiz olublar. Neçə-neçə minilliklərdən bu günümüzə çatan bir deyim də var: El igidlərinnən tanınar. Bu el də addı-sannı ağsaqqalları ilə mərd, igid oğulları ilə tanınıb və bu gün də tanınmaqdadır.
1994-cü ilin bir payız axşamında dünyaya göz açıb. Həmin il yağı düşmənlərimizin Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Kəlbəcərin işğalından bir ilə yaxın vaxt ötürdü. Kiçik Şəmistan Birinci Qarabağ Müharibəsində xüsusi igidlik göstərən həmkəndlisi, şəhid Şahin Sadıxovun adını daşıyan Əvilə kənd ümumi tam orta məktəbində oxuya-oxuya müharibənin nə olduğunu tarix dərslərindən, eləcə də atası Məşədi Əbdülağadan eşidərdi. Orta məktəbi bitirən kimi öz həyat yolunu müəyyənləşdirərək, ordu sıralarına yazılır.

Ömürnaməsinə bir nəzər:
2016-cı il Yevlax sərhəd qoşunları alayında;
2016-cı il Aprel döyüşlərində yağı düşmənlə vuruşur.
2019-cu ildə Qazaxa göndərilir,
2019-cu ildə Sülhməramlıların tərkibində Əfqanıs¬ta¬nın paytaxtı Kabil şəhərində altı ay hərbi təlimlərə qatılır.
2022-ci ilin payızında 44 günlük Vətən Müharibəsində şiddətli döyüşlərdə xüsusi fərqlənir.
Bir neçə medalla təltif olunur. Torpaqlarımızın bir qismi Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər 27 ildən sonra rəsmi rəqəmlərdə göstərildiyi kimi 7 itkin, 2907 şəhidin qanı bahasına, igid əsgər və zabitlərimizin amansız döyüşləri nəticəsində işğaldan azad olunur. Həmin ay atası Əbdülağanın fərəhlə yazdığı məktubdakı qoşqunu bir müəllif kimi bu yazıya düzməyi özümə borc bildim.

Fəxr edir səninlə bu ana vətən
Vətən məhəbbətli qəhrəman oğlum
Zəfərlə tarixə yazıldı adın
Vətən məhəbbətli qəhrəman oğlum.

Göylərə sovurdun namərd daşını
Zəhərə döndərdin yağlı aşını
Dəmir yumruğunla əzdin başını
Vətən məhəbbətli qəhrəman oğlum.

Dünya danışacaq şöhrət şanından
Sən vətən uğurunda keçdin canından
Qorxmadın düşmənin axan qanından
Vətən məhəbbətli qəhrəman oğlum.

Kərpic-kərpic hördün zəfər tağını
Qovdun bu torpaqdan namərd yağını
Ürəklərdən sildin həsrət dağını
Vətən məhəbbətli qəhrəman oğlim.

Nərən ilə düşmən səfi dağıldı
Bütün ellər zəfər xəbərin aldı
MƏŞƏDİNİN xəstə canı sağaldı
Vətən məhəbbətli qəhrəman oğlum.


UNUTMA Kİ, UNUDULMAYASAN!
2022-ci il 12-13 sentyabr
Artıq bir neçə gün idi ki, Qubadlı-Zəngilan istiqamətində erməni cəlladları hücuma başladılar. Şiddətli döyüşlər ara vermirdi. Kəşfiyyatçılarımız əks hücum yolunu müəyyənləşdirdikdən sonra baş çavuş Şəmistan Sadıxov, leytenant Anar Rüstəmov, gizir Elməddin Quliyev yolu minalardan təmizləyib arxa cəbhəyə yol açarkən, pusquda gizlənmiş əlliyə yaxın düşmən ard-arda atəş açır, qumbaralardan istifadə edirlər. Mina təmizləyənlərimiz 15-20 metrlikdə yağı düşmənlə üz-üzə qalırlar. Amansız döyüş ara vermir. Mina təmizləyənlər ölümün gözünə dik baxaraq hərəsi bir istiqamətdən pusquda gizlənmiş namərd düşmən üzərinə əks hücuma keçirlər. Zabit Anar Rüstəmov ağır yaralanır. Az keçmir ki, baş çavuş Şəmistan Sadıxov da yaralanır və son nəfəsinə kimi vuruşaraq neçə-neçə azğınlaşmış düşmənin leşini yerə sərirlər. Arxadan gələn əsgərlərimiz düşmənə aman vermir. Oddan-alovdan çıxmış Şəmistan Sadıxov həmin gecə qanlı döyüşlərdə son nəfəsinə kimi vuruşaraq sentyabrın12-dən 13-nə keçən gecə saat 1 radələrində düşmən gülləsinə tuş gəlir. Döyüşçülərimiz murdar düşməni geri çəkilməyə məcbur edir və strateji yüksəkliyi ələ keçirirlər. Həmin günlər ərzində rəsmi məlumatlarda 81 nəfər şəhidin adı çəkilir. O gecə Şəmistanın yağılara qarşı son döyüşü olur. Onun qara xəbəri ildırım kimi hər tərəfə yayılır. Əvilə kəndi həmin gecəni səhərə kimi ayaqda olur. Atası Əbdülağanın doğma xalaoğlusu hal-hazırda Bakı Dövlət Universi¬tetində çalışan Şəmistanı ayaqlarıyla yola salan Ulduz Əhmədov bu dəfə isə yaxınları ilə birgə çiynində şəhidin nəşini götürərək Əvilə kəndinə üz tuturlar. Günortaya yaxın bütün el-oba Lənkaranın “Nar bağı” deyilən ərazisindən ta Lerikin Əvilə kəndinə kimi yolun sağ-solunda Azərbaycan bayraqları ilə düzülmüş çoxlu insan axınının şahidi oluruq. 5-6 km uzunluqda maşın karvanı şəhidin doğulduğu Əvilə kəndinə yaxınlaşır. Yer-göy sanki qan ağlayır, adam əlindən iynə atsan yerə düşməzdi. Dəfn mərasimində kənd camaatı, yaxın-uzaq ellərdən gələnlər, Lerik rayonunun eləcə də Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəmistan Sadıxovu torpağa tapşırırlar. Müdafiə Nazirliyi, eləcə də dəfn mərasimində iştirak edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid Şəmistan Sadıxovun göstərdiyi qəhrəmanlığa görə onun layiqli qiymətini vermələrini diqqətlə izləyirik. Sinəsi dağlı qalan, gözü yaşlı qalan ata-ana üçün bu yeganə təsəlli ola bilər.
Övlad itkisi olduqca ağır bir taledir. Atanın qəmlə, kədərlə yazdığı bu qoşquda yanğını hiss etməyə bilmirsən. Bu yanğı onun misralarına hopub, özü də birdəfəlik. Bu yanğı hər birimizi göyüm-göyüm göynədir.

Dikmə yola gözlərini
Gəlməz daha Şəmistanın!
Bax ağla bəy otağına
Gəlməz daha Şəmistanın!
Namərd fələk vurdu beldən
Yox əlamət qara teldən
Vaxtsız getdi evdən eldən
Gəlməz daha Şəmistanın!

Ay Məşədi dərdin bəlli
Neylər sənə de təsəlli
Döy başına iki əlli
Gəlməz daha Şəmistanın!


Yox, yox, Şəmistan ölümü ilə ölümsüzlüyə, şəhidlik zirvəsinə qalxaraq şəhadətə qovuşdu. O bir tarix yazdı, bir uz qoydu. Erməniyə qan udduran, şir biləkli Şəmistan təkcə eldən yox, Azərbaycandan getdi. Cəmi 28 il qısa bir ömür yaşadı, örnək bir iz qoydu. Qəhrəmanlıq tarixinə elə qəhrəman kimi düşdü. Onun toy günü ilə son günü cəmi 84 gün çəkdi. Onun haqqında bu nə ilk yazımızdı, nə son. Zaman və tarix öz qiymətini verəcək.
Onu da qeyd edim ki, qanunlarımızdakı bu boşluq, həyatı yarımçıq qalmış bir gəlinin, gözü yaşlı üç bacının bir tək qardaşın, sinəsinə çalın-çarpaz dağ çəkilmiş, bir gecə¬də saçlarına dən düşən ata-ananın, bir sözlə Sadıxov¬lar ailəsinin çırağını söndürdü. İnanıram ki, qəlbdəki nurlu ışıqların köməyi ilə tarix dərsliklərinə bir cığır açılacaq gün bu sönmüş ocaq yenidən közərəcək. Bu borc sizlərin, bizlərin, tarixçilərin boynuna düşür.
Yeri gəlmişkən onu da deyim ki, xvııı əsrin əvvəllərindən I-ci Pyoturun vəsiy-yətnaməsini həyata keçirən rus şovinistləri əzəli dədə-baba torpaqlarımız olan İrəvan, Göyçə, Basarkeçər, Zəngəzur, Mehri bir sözlə bütün əzəli torpaqlarımızda Ermənistan adlı bir qurum yaradan rus millətçilərinin köməyi ilə torpaqlarımız işğal olunub. Dünyada müalicəsi olmayan hayların öz erməni xəstəliyinə düçar olmuş hiyləgər, məkrli, mənfur, özlərini dünyaya məzlum kimi hay-həşir salan erməni dığaları hər 25-30 ildən bir ərazi iddiaları qaldıraraq qırğınlar törədərək torpaqlarımızı işğal ediblər. Bu gün hər birimiz silaha sarılıb, düşmənin almını vermək, torpaqlarımızı azğınlaşmış yağı düşməndən azad etmək bizlərin boynuna düşür.
İndi yerin-göyün yeddi qatında dolaşan qürur mənbəyimiz, and yerimiz minlərlə şəhid ruhları o vaxt şad olacaq ki, 1992-ci ildə Xocalı soyqrımını törədən hələ də düşmən tapdağında olan Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd yağı düşməndən birdəfəlik təmizlənəcək. Bu bizim MİLLİ BİRLİYİMİZDƏN bir də DƏMİR YUMRUQDAN keçir. Bu istəklə, bu yazını qələmə alan;

Zahid Hüseynli
Bakı Dövlət Universitetinin əməkdaşı,
Azəbaycan Jurnalistlər Birliyinin üzvü

21-10-2022, 00:18
Respublikanın Xalq Artisti, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Əmək” ordenli, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fərdi təqaüdçüsü Canəli Əkbərovun vəfatından 1 il ötdü.
Bizimlə həmişəlik qalacaq Canəli Əkbərov

Bizimlə həmişəlik qalacaq Canəli Əkbərov

Ötən əsrin 70-ci illərinin ortalarından əsirinə çevrildiyim (sözün həqiqi mənasında) Azərbaycan radiosunun “Axşam görüşləri” ruhumuzu bu gün də kövrək duyğularla xoş ovqata kökləyir. O zaman tələbə, bu günsə akademik olan Rafael Hüseynovun söz duyumuyla süslənən “Axşam görüşləri” bu gün də yol gələn bənzərsiz verilişlərimizdəndir.
“Axşam görüşləri”nin növbəti sayı (yanvar, 2022) Xalq artisti Canəli Əkbərova həsr olunmuşdu. Müxtəlif vaxtlarda – 1978-ci ildən başlayaraq dəfələrlə bu verilişin qonağı olan xalq artisti Canəli Əkbərov artıq özü də xatirədir. Onu bizdən ayıran zaman məsafəsi 3 ay 20 gündür. Yazıya aldığım xatirələri dilə gətirəndə isə ölüm ondan çox uzaqda idi.
O xatirələri elə şövqlə dilə gətirir, sanki həmin anlarda o zamanın içindədir. Bu verilişdə Azərbaycan tarına yeni nəfəs gətirən Hacı Məmmədovu və xanəndəlik sənətinin bayraqdarı adlandırdığı Seyid Şuşinskini xatırlayır. Özü də necə?! Həmin sənət nəhənglərinin yoxluğunu elə təəssüflə anır, adam yanıb-yaxılır: “İlahi, onları bizdən niyə aldın axı? Onlar bizə lazım idilər”.
Nə etməli?! Allahın qanunları qaçılmazdır…
Bu gün dünyada olmadığı anlarda bu sözlər sanki onun öz boyuna biçilib. “Dünyasını dəyişdi” xəbərini eşidənlərin, onu tanıyanların çoxu yəqin mənim kimi təəssüfləndilər: “Heyf o səsdən, heyf o bilgidən özüylə torpağa tapşırıldı”. Hər dəfə dediyim kimi, insan ömründən daha uzun və daha etibarlı səs yadigarları, lent yazıları…
Nə xoş ki, zamanında xatirələr lentə alınıb. Bu dəfə Azərbaycan tarına yeniliklər gətirən Hacı Məmmədov, xanəndəlik sənətinin bayraqdarı Seyid Şuinski xatırlanacaq. Zəngin yaddaşından dolğun xatirələr süzüləcək. Seyidin şirin səsinə özünün hal avazını qatıb, onun kimi oxuyacaq. Hacının ecazkar barmaqlarından süzülən ahəngi səsinin rəngilə bizə çatdıracaq. Unudulmaz xatirələri özünəməxsus danışıq tərzilə müqəddəs saydığı mikrofona söyləyəcək…
Mikrofon önündə “Axşam görüşləri”nin yaradanı və yaşadanı akademik Rafael Hüseynovdur.
Əvvəl Canəli Əkbərov haqqında xatirələr söyləyir.
Sonra sözü Canəli Əkbərova verəcək.
Əziz oxucular, sizi “Axşam görüşləri”nin həmin buraxılışını artıq dinləməyə deyil, oxumağa dəvət edirik.
Sevda Əlibəyli


Rafael Hüseynov,
akademik

Ömür bitər, yol bitməz deyiblər. Bu bir həqiqətdir ki, hamımız onunla lap çoxdan barışmışıq. İnsan ömrün sonlu olduğunu bilsə də, ilahi bir hikmətlə labüd sonun bir gün gələcəyinə sanki inanmır. Həyat boyu çalışır, çarpışır, elə bil dünyada əbədi yaşayacaqmış kimi görünür. Ancaq mütləq gəlməli olan “son” bir gün yetişir.
Dünya gərdişində davam edir və atalar bitməyən yol deyəndə məhz bunu – çərxi-fələyin əbədi fırlanışını nəzərdə tutublar. Lakin hər ömrün özü də bir yoldur axı…
Elə insanlar var ki, yaşayırlar, həm də irs yaradırlar. Elə irs ki, özləri dünyadan köçüb gedəndən sonra da həmin miras yüzillərlə yaşaya bilir. Elə ömürlərə necə deyəsən ki, bitdi?!
Elə yollara necə deyəsən ki, tamamland?!
Yaratdıqları yaşadıqca əslində onlar özləri də diri olurlar.
İnsanlarla birgə qalmaqda davam edirlər.
Xanəndə Canəli Əkbərov böyük sənətkar idi. Bu mənim yalnız indi onunla əbədi ayrılıqdan sonra gəldiyim qənaət deyil.
Mən onun sağlığında da, həm də ömrün ahıl çağlarına yetişdiyi dövrdə yox, lap əvvəldən bu inamda olmuşam.
XXI əsrin ilk onilliklərində o vaxt yetişmişdi ki, Canəli Əkbərov mükəmməl məktəb görmüş, klassik xanəndəlik dəsti-xəttini bütün gözəlliyi ilə hifz edib saxlayan və o köhnə nəsillərlə yeni muğamçılar arasında layiqli körpü olan sonuncu nəhənglərdən idi. Atası Xanəli kişi də xanəndə olmuşdu. Canəli uşaqlıq, yeniyetməlik illərindən məşhur xanəndələri, sazəndələri görmüşdü. Hərəsindən bir gözəllik əxz eləmişdi.

Sonra tale üzünə güldü ki, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alanda müəllimi Seyid Şuşinski, Filarmoniyanın nəzdindəki muğam studiyasında Xan Şuşinski oldu.
Canəli Əkbərovun bir üstünlüyü də fitrətən ona nəsib olmuş yorulmazlıq, sənət cazibəsindən doymazlıq, muğamı, el musiqimizi məcnuncasına sevmək idi. Yəqin elə bu məziyyətlər peşəsinə məcnunca bağlılıq idi ki, nəhayətdə onu operaya da gətirib çıxardı, sənət tariximizdə həmişə ən seçilənlərdən biri kimi qalan Məcnuna da çevirdi. Onun sənətinin gücünü mən hələ 1970-ci illərin sonlarında ustad Bəhram Mansurovla birgə Səmərqənd Muğam Simpoziumunda göstərdiyi hünərdən duymuşdum. Elə həmin vaxtlardan da daimi təmaslarımız, dostluğumuz başlanmışdı. Və o şövq ki, Canəli Əkbərovda onun 30-unda, 40-ında var idi, elə axıracan onunla qaldı.

Canəli Əkbərov 81 illik bir ömür yaşadı. Ancaq Azərbaycan xalqına elə səs inciləri yadigar qoyub getdi ki, yolunun ömrün bitməsi ilə tamamlanmasını istisna eləyir.
Bu səs saxlancları var olduqca, ruh oxşadıqca Canəli Əkbərov da yaşayacaq, bizimlə, bizdən sonrakı yeni nəsillərlə birgə qalacaq.
Canəli Əkbərovu başqa bir çox xanəndələrdən fərqləndirən əsas keyfiyyətlərdən biri də bu idi ki, o, yaxşı hekayətçi idi.
Həm yaddaşı iti idi, həm də ömrü boyu sərrast müşahidəçi olmuşdu və sənət tariximizdə qalan çox ifaçılarla bağlı dəyərli xatirələri vardı. Mən də onun bu məziyyətini bildiyimdən illər boyu çox söhbətlərini lentə alırdım. Bəziləri verilişlərimizdə səslənərdi, bəzilərinin kiçik bir parçasından istifadə edilərdi, qalanları qalardı. Bəzilərini isə ehtiyat üçün yazmışdım, indiyədək səslənmədən qalır. İnşallah, onların hamısı gec-tez mütləq “Axşam görüşləri”nin səhifələrində yer alacaq. Bu gün istəyirəm ki, bir zamanlar Canəli Əkbərovun vaxtaşırı qonaq olduğu “Axşam görüşləri”ndə onun unudulmaz tarzənimiz Hacı Məmmədovla bağlı bir saata yaxın söhbətini təqdim edim.
Başqaları haqqında etdiyi bu söhbəti dinləyin. Həmin söhbətin içərisində elə onun özünün də sənətkar varlığını bir daha yaxından seyr edə biləcəksiniz.
Canəli Əkbərov uzun illər boyu Hacı Məmmədovla sənət yoldaşlığı edib, müxtəlif məclislərdə bir yerdə olublar və təbii ki, içərisi Hacı Məmmədovla bağlı xatirələrlə dolu idi.
Və bu axşam qayıdıram dünənlərə, Canəli müəllimlə üz-üzə əyləşərək Hacı Məmmədovu andığımız günə.
Lent fırlanır, sanki zaman da geriyə dolanır…
Rafael Hüseynov – Canəli müəllim, müəllimdən xahiş edirəm ki, Hacı müəllim haqqında düşüncələrini, xatirələrini bizimlə bölüşəsiniz.

Canəli Əkbərov –- Rafael müəllim, xahiş eləmə məndən, əmr elə. Mən özümə şərəf sayıram, qürur duyuram ki, mənə körpə vaxtımdan qidalandığım sənətkarlar haqqında danışmaq nəsib olur. Sizə qəlbən o qədər bağlı insanam, bu bağlılıq bir qədər də möhkəmlənir. Xanəndə oğlu olduğum üçün tar-kamanla böyümüşəm. Atamı tar, kamança xanəndəsi görmüşəm. 1940-cı illərin ortalarında artıq sənəti duymağa, dərk etməyə başlamışdım. Evimizdə radio vardı. O dövrün tanınmış xanəndələrinin səsi radiodan eşidilirdi. Hacı Məmmədovun çalğısını da radiodan eşitmişdim. 1963-cü ildə Bakıya gəldim. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim. Əvvəl məni filarmoniyada yoxladılar. Ömür yoluma işıq saçan Əhməd Bakıxanova hər zaman rəhmət oxuyuram. Məni filarmoniyaya yönləndirəndə tapşırdı ki, Əliağa Quliyevə onun sifarişini çatdırım. Əliağa Quliyev Əhməd müəllimin həm tələbəsi, həm də ansamblında konsertmeystr olmuşdu. Filarmoniyada məni hörmətlə, izzətlə qarşıladılar. Mübaliğə olmasın, bir göz qırpımında yoxlanışdan keçdim. Məni Rauf Hacıyevin otağına çağırdılar. Məlum oldu ki, ilk dəfə gənc xanəndələrin konserti təşkil olunur. Konsert avqustun 9-da baş tutdu. 23 yaşlı mən Canəli Əkbərov müqəddəs saydığım səhnədə tamaşaçılar qarşısında oxumalıydım. Böyük səhnədə “Rast” dəstgahı və “Qarabağ şikəstəsi” oxudum. Konserti mən yekunlaşdırmalı oldum. Yekunda oxumaq çox böyük şərafət sayılırdı. Konsertdə muğam sənətinin bütün tanınmışları gəlmişdi. Mənim gözlərim isə Xan Şuşinskini axtarırdı. Demə, Xan əmi həmin günlərdə Şuşada istirahətdə imiş. Konsert iştirak edən say-seçmə xanəndələrin hamısı məni təbrik etdi. Hacı Məmmədov isə məni qucaqladı, üzümdən öpdü. Dedi, oğul, haralısan? Dedim, Hacı müəllim, Lənkərandanam. Dedi, sən bu gündən daha yalnız lənkəranlı deyilsən, bütün Azərbaycankısan. Soruşdu, məni tanıyırsan? Dedim, Hacı müəllim, sizi tanımamaq cinayətə bərabərdir…

Konsertə gələnlərin hamısı dağılışıb getdi. Həmin axşam məni müşayiət edən tarzən Nadir Mansurov, Hacı müəllim və mən qaldıq. Atama tarıyla 25 il xidmət etmiş Nadir Mansurov Bakıda mənə ən doğma adam idi. Axşam onlarda qalacaqdım. Hacı müəllimin təkidiylə bağa getdik. Hacı müəllim mənə söylədi ki, Şamaxının Çarhan kəndindən toy danışmağa gəliblər. Başqa xanəndəylə danışacaqdılar. Sənin ifanı görəndən sonra fikirləri dəyişib, səni aparmaq istəyirlər. Get, özün danış…
Hacı müəllim olan yerdə toy danışmaq mənim üçün ağlasığmaz bir iş idi. Etirazlarıma baxmayaraq məni danışmağa məcbur etdi. Danışıb behləşdik. Toyun vaxtı çatanda Hacı müəllimin maşını ilə yola düşdük. İki gecə toy oldu. Bizə qədər bu kənddə toyları sazəndələr aparırmış. İlk dəfə xanəndəli toy oldu.
Hacının alqışlarla bitən ifaları bu gün də yadımdadır. Deyim ki, mən də Hacı müəllimin inamını doğrultdum. Sonralar da çox toylarda olduq.
Qardaşım Xəzailin toyunu Əbülfət Əliyevlə aparırdı. O gün Əbülfətin müşaiyətçisi Hacı Məmmədov idi və həmin toyda məşhur el xanəndəsi olan atam Xanəli Əkbərovla şəxsən tanış oldu və səsinə heyranlığını bildirdi.
Mən hələ Hacı Məmmədov qədər tarın ona, onun tara yaraşdığı ikinci bir insan görməmişəm.
Hacı Məmmədova qədər tar ifaçılığında Şərq üslubu üstünlük təşkil edirdi. Hacı müəllim tar üslubunu Avropaya yaxınlaşdırdı. Onun çalğı üslubunda texniki imkanlar, yeni boyalar göz önündən çəkilmirdi. Tarın 22 pərdəsində möcüzələr yaradırdı. Tarın çalğı diapazonunu genişləndirdi, onun tempinə yeni boyalar qatdı. İkinci tarçalan tanımıram ki, Hacının çalğı üslubundakı 11 simin harayında o tembri yaratsın. Hacı hər ifasında yeni dünya, yeni əsər yaradırdı. Onu təkrar etmək qeyri-mümkün idi. Hacı Məmmədovun böyüklüyündən biri də tarda notlu əsərlər çalmaq, bəstəkar mahnıları ifa etmək bacarığı idi.
Hacı müəllim Cahangir Cahangirovun “Ana” mahnısını elə çalırdı, sanki mizrabla portret yaradırdı.
Rafael Hüseynov – Hacı Məmmədov elə bir sənətkar, dərin insan idi ki, o, sağlığında da, özünün olmadığı vaxtlarda da millət onunla həmişə iftixar edib, eləyir, gələcək də edəcək. Çünki bu cür böyük insanlar, böyük şəxsiyyətlər iftixara layiqdir. Və biləndə ki, millətin belə layiqli övladları var, qürur duyursan, özünü bir az da güclü hiss edirsən. Hacı müəllim özü də özündən əvvəlki insanlarla iftixar duyub, fəxr edib. Onun xatirələri var. əlyazmaları məndədir. Yada salır ki, lap cavan yaşlarında İranda qastrol səfərində imiş. Əbülhəsən xan Azər İqbal Soltan ilə görüşürlər. Əbülhəsən xan Bakının, Azərbaycanın musiqi həyatı ilə bağlı suallar verir.
Əbülhəsən xan da qeyri-adi bir sənətkar idi.
Dahi adlanmalı, muğamatın sultanı sayılmağa layiq, adının yanındakı xanlığa yaraşan sənətkarlardan idi.
Əbülhəsən xanın hər hansı bir insan haqqında verdiyi qiyməsə qətiyyən sadə qiymət sayılmaz. Bu ali münsifin sözü, həddən artıq böyük qiymət idi.
Azərbaycan xanəndələri içərisindən bircə nəfəri soruşur: Seyid necədir?
Qafqazda ondan böyük xanəndə yoxdur, deyir. Bu sadə sözlər deyil.
Hacı Məmmədov də Seyid Şuşinski ilə fəxr edib. Bu fikrini vaxtilə mənə də söyləyib.
Elə mən özümün də Azərbaycan musiqi tarixini onillərcə araşdırandan sonra gəldiyim ən vacib qənaətlərdən biridə budur ki, bizim Seyid Şuşinskidən nəhəng xanəndəmiz olmayıb.
Yəni, bütün tərəflərini nəzərə alanda – şəxsiyyətini də, səsindəki məlahəti də, ifasındakı misilsizliyi də, dərin bilgisini də Seyid zirvədir!
Bu günlərdə sizin hamınızın oxuduğunuz muğam yolu da onun məktəbi, onun yaratdığıdır.
Bir dəfə mənə Seyid Şuşinskinin dəfn mərasimi haqqında danışmısınız.
Onun hüzn məclisləri necə keçirdi?
Elə bunun özü maraqlı tarixçədir. Mənə söyləmisiniz, danışın hamı eşidib bilsin.
Elə Hacı Məmmədovun o günlər haqqında təəssüratlarını da bir zaman mənə söyləmişdiniz, o söhbətlər də çox maraqlıdır, lütfən, bölüşün.
Canəli Əkbərov – Hacı Məmmədov kəskin xarakterli, tez reaksiyalı insan idi. Tündməcaz olsa da, hər şeyi tez yaddan çıxarırdı. Bunlar onun çalğı üslubunda da özünü büruzə verirdi. Seyid Şuşinskinin ifasında isə xüsusi bir ləngərlik vardı. O ləngərlik xanəndəlik sənətimizdə heç kəsdə olmayıb. Ağa (ona hamı belə müraciət edirdi) səslə söz arasındakı vəhdəti çox gözəl bağlaya bilirdi. Hacı Məmmədov öz temprindən fərqli olaraq Ağanın ləngərliyini o qədər də xoşlamırdı. O, Ağanı dünyadan köçəndən sonra sanki kəşf etdi.
1965-ci ildə Seyid Şuşinski dünyasını dəyişdi. Mən dərsdə idim. Müəllimimiz hələ gəlməmişdi. Direktorumuz Azər Rzayev məni yanına çağırdı. Ağanın rəhmətə getdiyini həyəcanla bildirdi. Əlbəttə, ustad sənətkarın ölüm xəbəri məni də sarsıtdı. Ertəsi gün Dram Teatrında vida mərasimi oldu. Ağanın “Arazbari”si, “Mənsuriyyə”si, eləcə də digər ifaları səsləndirilirdi. Vida mərasimi bitdi. Ordan Fəxri Xiyabana yola düşdük. Mollaların tapşırıqlarını yerinə yetirərək Ağanı qəbrə mən qoydum.
Ağanın dəfnindən bir gün sonra filarmoniyanın bağında idik. Gördük Hacı Məmmədov damağında siqaret özünəxas yerişiylə gendən gəlir. Dalğın idi, özündə-sözündə deyildi. Dedi, mən dünənə qədər Ağanı tanımamışam. Onun dünənki ifaları məni dəli edib. Səhərə qədər yata bilməmişəm. Durub həyətdə var-gəl eləmişəm. Səhərin açılmasını gözləmişəm ki, bağa gəlim, fikirlərimi sizinlə bölüşüm. Ağa səslə möcüzələr yaradıb. Dünənki ifalarında bu səs ulduzlara gedib qayıdırdı. Oğul istərəm onun qabağında dayana, oğul istərəm onun qabağında meydan sulaya. Zildə nələr etməyib?! Bəmdə nələr etməyib?!
Hacı müəllimin Ağa haqqında ədalətli fikirləri əbədi yoldaş olaraq mənimlə qalacaq. Hər ikisinin ruhu şad olsun.
Üç-yeddi, cümə axşamı mərasimlərinə Azərbaycanın ziyalıları, elm və sənət adamları gəlirdilər. Cümə axşamlarında kiminsə təşəbbüsüylə Ağanın ifaları səsləndirilirdi. Ehsan, Quran surələri. Ağanın ifaları, sonda fatihə. Mən də elə məclislərin tərəfdarıyam. Belə məclislərin təşkili barədə musiqi rəhbərləri də düşünməlidirlər.

Lent, o axşamkı söhbət burda bitir. Ancaq hər dəfə o lent də, Canəli Əkbərovdan bizə yadigar qalan digər oxular da beləcə tamamlanandan, sona çatandan sonar yenidən səsləndirilə, təkrar-təkrar dinlənilə bilər. Və hər dəfə də Canəli Əkbərov yenə canlanacaq, yenə məlahətli avazı ilə bizə qayıdacaq, yanımızda olacaq və bitməzyən səsi ilə həmişə də Azərbaycanla qalacaq.
Çox illər öncə Canəli Əkbərovun 60 yaşı tamam olanda alim, həm də şair olan, bir vaxtlar mənimlə Elmləer Akademiyamızın Şərqşünaslıq İnstitutunda bir yerdə, İran filologiyası şöbəsində işləmiş Maqsud Hacıyev ona uzun bir şeir həsr etmişdi. Həmin qoşquda belə misralar da var idi:

Evidir ürəklər, evidir hər ev,
Bir anda min evə yetişir hər gün,
Canəli sehirli səsi – sözüylə
Qurur neçə evdə hər gün toy-düyün.


Canəli Əkbərovun toy-düyün bəzəyi olduğu günlər qaldı keçmişdə. Ancaq məlahətli səslərə dünənlərdə qalmaq deyil, həmişə sabaha qanadlanmaq qismətdir.
Və unudulmaz sənətkarımız Canəli Əkbərov o xoşbəxtlərdəndir ki, yeri ürəklərdədir və bu əbədi yuvada o həmişə var olacaq.
17-10-2022, 08:19
14 maddəlik birgə mübarizə prinsipləri


Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi 14 maddəlik birgə mübarizə prinsiplərini qəbul etdi

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi ortaq prinsiplərin yayılması ilə bağlı açıqlama yayıb.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin 14 maddədən ibarət prinsipləri qəbul edilib.

Prinsiplər aşağıdakılardan ibarətdir:
1. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Türk milli düşüncəsinin təməl ilkələri (prinsipləri) üzərində qurulub.
2. GATİM Güney Azərbaycanda baş vermiş 100 illik Vətən işğalına qarşı bütün milli, tarixi, insani ayaqlanmaları özünün zəngin təcrübəsi hesab edir.
3. GATİM-in əsas fəaliyyət və amacı ”Azadlıq, Ədalət və Milli Hökumət”dir.
4. GATİM-in qəbul və ya himayə edəcəyi Güney Azərbaycanın milli-siyasi xəritəsi Vətən sınırları və toxunulmaz torpaq bütövlüyünü göstərir.
5. GATİM-ə üyə olan qurumlar Azərbaycan coğrafi sınırlarını Vətən sayır, onun topraq bütünlüyünə inanır və ”Güney Azərbaycan İran Deyil!” ilkəsinə dayanır.
6. GATİM-in təməl amacı Güney Azərbaycanda milli hakimiyyəti qurmaqdır. Güney Azərbaycanda yaşayan azınlıqların haqları milli hakimiyyətin güvəncəsi altındadır.
7. GATİM sekular ilkələrə dayanaraq, hər türlü irqçiliyə və ayrı-seçkiliyə qarşıdır.
8. GATİM-ə görə Güney Azərbaycanda olan milli, iqtisadi, ictimai, işçi, çevrə, eləcə də qadın, uşaq və insan haqları kimi qonular milli-qurtuluş mücadiləsinin ayrılmaz hissəsi olaraq, Güney Azərbaycan Milli Hərəkatı içində dəyərləndirilməlidir.
9. GATİM Güney Azərbaycanın varlığını danan, Türk düşmənçiliyi edən irançı və Güney Azərbaycanın torpaq bütünlüyünə iddia edən hər hansı terrorçu qruplarla işbirliyi aparmır.
Yalnız zaman və gəlişən şərtlər doğruntusunda silahlı terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurum-quruluşlarla rəsmi müzakirə gərəyi GATİM şərtləri altında incələnir və qərar alınır.
10. GATİM-ə üyə təşkilat və qurumlar İran işğalçı rejiminin Güney Azərbaycan Milli Hərəkatının əleyhinə yönəltdiyi çeşidli təxribatları nəzərə alaraq, İran rejimi ilə iş ortaqlığı hesab edilən hər hansı işbirliyini yolverilməz sayır.
11. GATİM-ə üyə olan qurumlar qəbul etdikləri bu ilkələrə bağlı qalmaq şərtilə öz fəaliyyətlərində müstəqildirlər.
12. GATİM milli birlik, ulusal dayanışma və uzlaşma ilkələrinə dayanaraq, Azərbaycan dövlətçiliyinə, ədalət və azadlığa doğru fəaliyyət göstərir.
13. GATİM öz fəaliyyətlərini zamanla demokratiya ilkələrinə uyğun gəlişdirməyi hədəfləyir.
14. GATİM üyələr tərəfindən qəbul olunan yuxarıdakı 13 maddəlik ilkələrə dayanaraq iş birliyi edir.
Qərar Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!