Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
22-04-2022, 21:09
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Azərbaycan xalqının arasında bu deyim çox geniş yayılıb. Hər dəfə bu sözləri eşidəndə Ulu Öndər Heydər Əliyevin məşhur deyimi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” yada düşür.
Bəli, bu kəlməni hər bir azərbaycanlı ömründə bircə dəfə olsa belə söyləyib. Lakin, təbii ki, bir sual da doğur: Azərbaycan vətəndaşı olaraq biz bu nidanın fərqinə varırıqmı? Gəlin onun üstünü açaq. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, məhz Azərbaycanda doğulub boya-başa çatmışam. Bizə, azərbaycanlılara məxsus olan vətənpərvərlik, mərdlik, qonaqpərvərlik, mən deyərdim ki, bu dərəcədə dünyanın heç bir ölkəsində, xalqında yoxdur. Bu “xüsusiyyətlər siyahısı”nı sonsuza qədər davam etmək olar.
Fəxr edirəm ki, Azərbaycanın qədərinə başda Ali Komandan İlham Əliyev olmaqla, rəşadətli əsgərlərimiz və heç bir zaman unudulmayan şəhidlərimiz yazılıb. Məhz bu üçlük bizi -Azərbaycan xalqını, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, yumruq kimi birləşdirib, Zəfər Gününü görməyi və yaşamağı nəsib edib. Mən fəxr edirəm ki, mən Azərbaycan qadınıyam və gələcəkdə dünyaya daha çox Azərbaycan igidlərini bəxş edəcək, onları Azərbaycan adına layiq böyüdəcəyəm.
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!

Ülkər Babayeva
12-03-2022, 10:05
Gənclərin Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə karyera səfəri


Gənclərin Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə karyera səfəri

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə olub.
Görüş zamanı tələbələr Agentliyin rəhbəri və əməkdaşları ilə tanış olaraq qurumun fəaliyyəti və media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat əldə ediblər. İnteraktiv formada keçirilən görüşdə tələbələrin Agentliyin layihələri və fəaliyyət istiqamətləri, eyni zamanda media ilə bağlı digər mövzular ilə əlaqədar sualları cavablandırılıb. Sonda Agentliyin İcraçı direktoru Əhməd İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, fəal gənclərin qurumun müxtəlif layihələrində və təcrübə proqramlarında iştirakının nəzərə alınacağını deyib.
25-02-2022, 09:09
SEVİMLİ MÜƏLLİM

SEVİMLİ MÜƏLLİM

“Qəzənfər Paşayev – 85”


Hamının tədqiqatçı, dilçi, folklorçu kimi tanıdığı Qəzənfər Paşayev həm də gözəl müəllim kimi şöhrət qazanmışdır. On yeddi il M.F.Axundov adına Pedoqoji Dillər İnstitutunda ingilis dili müəllimi, xarici dillər kafedrasının müdiri kimi çalışan, on ilə yaxın Ali Təhsil Nazirliyi nəzdində Qərbi Avropa dilləri üzrə Elmi Şuranın elmi katibi olan, sonralar Bakı Dövlət Universitetində ingilis dilindən dərs deyən, işlədiyi müddətdə elmi kadrların hazırlanmasında səylə çalışan Qəzənfər Paşayevin müəllimliyi də tədqiqatçılığı kimi diqqəti çəkir.
Akademuk Teymur Bünyadov “Alim dünyasına bir baxış” adlı məqaləsində yazır: “Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev mənim aləmimdə hər şeydən əvvəl, müqəddəs sayılan sənət sahibi, müəllimdir. Bu şərəfi uca tutan, yüksək qiymətləndirən müəllim. Bu sahədə külüng çalan, ad qazanan, şərafətlənən müəllim. Təkcə onu demək kifayətdir ki, M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda ingilis dilindən dərs dediyi tələbələrindən Zeydulla Ağayev elmlər doktoru, Məlumat Nurəddinov, Məmməd Hüseynov və Güldanə Pamazanova elmlər namizədidir. Sevimli tələbəsi Ədalət Əsgərov uzun illər Cəlilabad rayonunda Maarif şöbəsinin müdiridir. Qəzənfər Paşayev respublikamızda ilk olaraq “Ölkəşünaslıq” fənnini ingiliscə hazırlayıb mühazirələr oxuyan, seminarlar aparan müəllimdir. Onun ingiliscə “İngiltərə haqqında” kitabı uzun illər Dillər İnstitutunda tələbələrin köməyinə gəlmişdir. O, ABŞ və İngiltərədə ixtisasartırma kurslarını bitirmiş, İngiltərədə sovet müəllimlərinin rəhbəri kimi xalqımızı tanıtmış, başımızı uca etmişdir.SSRİ Ali və Orta İxtisas Nazirliklərinin Fəxri Fərmanlarını almışdır...”.
Müəllimlik çox şərəfli vəzifədir. Hamımız şagird, tələbə olmuşuq. Həmişə hamının seçib-sevdiyi müəllimi olur. Sevimli müəllim olmaq doğrudan da gözəl şeydir və mən bunu həyatımda yaşamışam. Qarşısında tələbə kimi oturduğun, saatlarla dinlədiyin və bir gün ayrılmaq zorunda qaldığın müəllimin haqqında illər keçəndən sonra söz demək, onun kitabları haqqında məqalə yazmaq da hər tələbəyə qismət olmur. Uşaq kimi baxdığın, sonralar haqqında daim xoş sözlər eşitdiyin, uğurlarına sevindiyin, daxilən bir az da öz payın varmış kimi fərəhləndiyin bir tələbənin bir gün sənin hansı bir kitabın haqqındasa məqaləsini oxumaq da hər müəllimə qismət olmur.
Qəzənfər Paşayev xoş hissləri yaşamış müəllimlərdəndir. Tələbələrinin Qəzənfər müəllim haqqında yazdıqları məqalələrdə onun haqqında hərarətli, dəyərli fikirlərə rast gəlirik. Bu mənada filologiya elmləri doktoru Zeydulla Ağayevin müəllimi Qəzənfər Paşayev haqqında yazdığı məqalələr maraq doğurur. O, “Əlvida, Xəzər dənizi...” adlı məqaləsində müəlliminin elmi axtarışlarını qeyd edir, ədəbi əlaqələr sahəsində məhsuldar alim olduğunu bildirir və onun Həmid Abbasovla birlikdə tərcümə etdikləri və 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunan Aleksandr Dümanın “Qafqaz səfəri” kitabından söz açır. “Tanıdığım-tanımadığım insan” adlı məqaləsində isə həm bir insan kimi özündən, həm də müxtəlif əsərlərindən bəhs edərək yazır: “Elmi-pedoqoji fəaliyyəti, respublikamızın ədəbi mühitində fəal iştirakı (kiminə elmi rəhbər, kiminə opponent, kiminə rəyçi), məhdud imkanlarının müqabilində xeyriyyəçilik addımları Qəzənfər müəllimin mənə məlum olan tərəfləridir. Və yuxarıda haqqında danışdığım kitabın təqdimat mərasiminə gələnləri, ekspozisiya salonuna sığışmayan zəngin eksponatları görəndən, mötəbər şəxsiyyətlərin Qəzənfər müəllimin əməyinə verdikləri qiyməti eşidəndən sonra başa düşdüm ki, mən öz müəllimimi və həmkarımı heç də düşündüyüm qədər yaxşı tanımırmışam”.
Filologiya elmləri namizədi, dosent Məlumat Nurəddinov öz müəlliminin kitabı haqqında qələmə aldığı məqaləsi də diqqəti çəkir. “Sula Benetin kitabı” adlı məqaləsində kitab haqqında özünəməxsus fikirlərini bildirən müəllif Sula Benetin kitabından söz açsa da, sanki Qəzənfər müəllimin kitabını oxuyurmuş kimi danışır və səhifə-səhifə oxumağa təhrik edildiyini, bir məzmunlu və anadilli əsərin tilsiminə düşdüyünü vurğulayır və yazır: “Bu tilsimə bizi təkcə S.Benet deyil, həm də tərcüməçi Q.Paşayev salmışdır. Axı, təsadüfi deyildir ki, tıərcümə nəzəriyyəçiləri müəlliflə tərcüməçinin adlarının yanaşı çəkilməsinin tərəfdarıdırlar. Əsərdə xalq, yer və insanların adları oxucuya o qədər tanışdır, qafqaz koloriti o qədər güclüdür ki, əsər kitabın titul vərəqində tərçüməçinin adı göstərilməsəydi, S.Benetin bu kitabı Azərbaycan dilində yazdığına şübhə yeri qalmazdı. Bu, mütərcimin böyük müvəffəqiyyətidir”.
Qəzənfər müəllimin daha bir tələbəsi, filologiya elmləri doktoru, professor Şahin Xəlillinin müəllimi haqqında yazdığı olduqca maraqlı bir məqaləsini oxuyuruq. Hərarətli, səmimi fikirlərin yer aldığı “Qəzənfər Paşayev çırağı” adlı məqalədə sevimli müəlliminin “köhnə kişilərin keçdiyi yolun layiqli davamçısı” olduğunu, “gəzib gördüyü dünyanın xeyirxahlarının əlindən su içdiyini”, “imzasını unudulmazlar sırasına qatmağa özündə cəsarət tapdığını”, “özünün həyat amalını, yaxşılığa minnətdarlığını sözü və əməli ilə həyata keçirdiyini”, böyükləri, xüsusilə elmi rəhbəri Məmmədağa Şirəliyevi unutmadığını, xatirəsini ehtiramla yad etdiyini, pedaqoji və elmi kadrların hazırlanmasında da öz zəngin təcrübəsini əsirgəmədiyini qeyd edən müəllif yazır: “... Hələ ötən əsrin 70-ci illərində indiki Azərbaycan Dillər Universitetinin mühazirə salonlarında “Ölkəşünaslıq”dan şövq, gənclik ehtirası və məharəti ilə biz tələbələrin ürəyində gözəl alim, müəllim – ziyalının məftunedici portreti həkk olunmuşdu. O, uzaqdan uzağa həmin universitetdə çıxan çoxtirajlı “Bilik” qəzetinin səhifələrində görünən imzamla məni axtarıb özünün ən yaxın həmkarı kimi təbrik edib orijinaldan tərcüməmin nə qədər vacib və əhəmiyyətli, məsuliyyətli olduğunu xatırlatmışdı. Elə o vaxtdan mənim də içimdə “nə yaxşı bu dünyada Qəzənfər müəllim varıymış” deməyə bir dost nəğməsinin nəqəratı misralandı”.
Məqalələrdə vurğulandığı kimi, Qəzənfər Paşayev sadəcə auditoriyaya girib tələbələrə ölkəşünaslığın əsaslarından, predmetindən mühazirə oxumaqla, sonda tələbələri dinləyib qiymətləndirməklə işini bitmiş hesab edən müəllimlərdən olmamışdır. O, tələbə ordusunun ehtiyac hiss etdiyyi “İngiltərə barədə hər şey” adlı dəyərli bir əsərlə pedoqoji fəaliyyətində daha bir pillə qalxmışdır. Filologiya elmləri namizədi, dosent Səyyarə İmanovanın “İngiltərə və ingilislər barədə nə bilirik” adlı məqaləsini belə başlayır: “Qəzənfər Paşayevin bu yaxınlarda V.İ.Lenin adına APİ-nin nəşriyyatı tərəfindən çapdan buraxılmış “İngiltərə barədə hər şey” kitabı xarici dil öyrənənlərə gözəl töhfədir. Kitab ingilis xalqının tarixi, mədəniyyəti, həyat tərzi, adət-ənənələri və milli xüsusiyyətləri barədə geniş məlumat verir”.
Müəllif yeni dərs vəsaitinin ayrı-ayrı bölmələrindən danışır və pedoqoqun uzun illər Moskvada Xarici ədəbiyyat kitabxanasında gərgin axtarışlar apardığını, elmi əhəmiyyət kəsb edən materialları topladığını qeyd edir və əsərin linqvistik baxımda da maraqlı olduğunu, burada verilən linqlistik şərhlərin tələbələrin müstəqil iş aparmalarına yardımçı olduğunu bildirir. Bu kitabın ümumi oxucu kütləsinin tələbatını ödədiyini və ali məktəb müəllimləri və tələbələri üçün dəyərli elmi vəsait olduğunu vurğulayır.
Vahid Hacıyevin İlyas Əliyevlə bilikdə qələmə aldıqları “Bir ömrə sığmayan həyat və ya taledən gələn qismət” adlı məqalədə də tədqiqatçının ömür yoluna güzgü tutan müəlliflər onu qüdrətli zəka sahibi, müdrik insan, zəngin mənəviyyat sahibi, xalqın qeyrətli və ləyaqətli övladı, istedadlı şərqşünas, məhsuldar alim kimi təqdim etmiş, haqqında deyilmiş fikirlərə də istinad edərək gördüyü işlərdən, qiymətli tədqiqatlarından fəxarətlə söz açmış, onun elmi pedoqoji fəaliyyətini də qeyd etmiş və “...BDU-nun professoru kimi mənəviyyatlı, dərin elmi hazırlığı olan kadrların yetişdirilməsində öz əməyini əsirgəmədiyini” vurğulamışlar.
Qəzənfər Paşayevin kadr hazırlığı təkcə auditoriyalardakı fəaliyyəti ilə bitmir. Onun rəhbərliyi altında bir sıra gənc elm aləminə vəsiqə almışdır. Səbinə Məşədi-Məmmədova “Kərkük sevdası” adlı məqaləsində Qəzənfər Paşayevi görkəmli folklorşünas, İraq-türkman ədəbiyyatının tədqiqatçısı, bu sahədə qiymətli kitabların müəllifi kimi təqdim edir, onun tərcümeyi-halını qısa şəkildə diqqətə çatdırır, tədqiqatçının xarici səfərlərindən və bu səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlərdən bəhs edək yazır: “... Əmək fəaliyyətinə ingilis dili və ədəbiyyatı müəllimi kimi başlamışdır. M,F.Axundov adına Pedoqoji Dillər İnstitutunda işə başlamışdır. Qrammatika və tərcümə kafedralarında müəllim və xarici işə getməyə hazırlaşan mütəxəssislər üçün xüsusi kursların müdiri (1968-1970) olmuşdur...
Bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, dərslik və monoqrafiyaların müəllifi, rəyçisi və redaktoru olmuşdur. Gənc nəslin yetişməsində və elmi kadrların hazırlanmasında onun xüsusi xidmətləri vardır”.
Qəzənfər Paşayevin pedoqoji fəaliyyəti haqqında çox danışmaq olar, tələbələrinin və müəllim həmkarlarının onun haqqında dedikləri səmimi, dəyərli fikirlərdən və yazdıqları sanballı məqalələrdən əhatəli söz açmaq olar. Biz yazının həcmini nəzərə alıb, bəzi yazılar üzərində dayandıq. Qəzənfər müəllimi səmimi qəlbdən təbrik edir və ona uzun ömür, cansağlığı, yeni elmi nailiyyətlər arzulayırıq.
Sona Xəyal
18-02-2022, 09:37
Bir anın müqəddəs nişanəsi


Bir anın müqəddəs nişanəsi
İlk dərs günü Jurnalistika fakültəsində çöhrəsində xoş təbəssümü, sevgi dolu səmimiyyəti ilə sanki tələbəyə: "Xoş gəlib, səfa gətirmisən" - deyən insanla qarşılaşdıq. Sözün əsl mənasında insanla! Sonra həmin insanı sevdik. Çox keçmədi ki, insanlığına da vurulduq. Bütün bunlar 2019 -cu ilə təsadüf edir. Oktyabr ayının tən ortası. Hər dəfə jurnalistika fakültəsinə daxil olanda sözü və özü bütöv olan bu insan özünün yüksək mədəni davranışı, xoş və səmimi münasibətilə payız havasının tutqunluğunu yaz günəşinə, fəslin soyuqluğunu isə yazın ilıq və isti havasına kökləyə bilirdi. Bu, Zaur Babayev idi. Şəxsi və iş həyatında hər zaman dəqiqliyi, səmimiyyəti sevən, düzgünlüyü və məsuliyyəti hər an həyat amalı hesab edən Zaur Babayev!
Zaur Babayevin məndə xüsusi maraq doğuran hekayələrindən biri haqqında danışacam, daha doğrusu yazacam. Uzun illər Bakı Dövlət Universitetində müəllim fəaliyyətilə məşğul olan Zaur Babayevin "Saat" hekayəsini oxuyarkən diqqətimi çəkən bir neçə fikir və mülahizələri bildirməyi özümə borc bildim.
Hələ yeniyetmə olarkən böyüklərin dilindən səslənən bir fikir mənim diqqətimi cəlb etmişdir. Nə idi o fikir? Eşidirdim: "Filankəs necə adamdır?" - sualına cavab olaraq deyərdilər ki, hələ onunla dostluq, yoldaşlıq etməmişəm. Bu deyimin fərqinə vardıqda, sözün dərinliyinə baş vurduqda, fikrin arxasında görünməyən tərəfləri araşdırdıqda ifadənin nə qədər öz dolğunluğu ilə yerində deyildiyini, özündə həyat həqiqətini, gerçəkliyini göstərdiyinin şahidi olmuş olursan. Bəzən adı - şanı - şöhrəti və müxtəlif titulu olan kəslər qarşısındakının qəlbinə toxunar, ciddi əsas olmadan qəlb qırar. Ancaq Zaur Babayevin "Saat" hekayəsini oxuyarkən gənc qəhrəmanın mənəvi bütövlüyünü, daxili dünyasının zənginliyini, qəlbinin böyüklüyünü sezmiş oluruq.
Hekayədə baş verən hadisələr demək olar ki, sanki hansısa bir dahinin fikirlərinin iqtibasıdır. Ancaq belə də bir fikir var ki, təsadüf zərurətdən doğur. Biz saatı adətən sol qolumuza - biləyimizə taxırıq. Sol qolumuz da qəlbimizə yaxındır. Hekayənin qəhrəmanı təmiz qəlbə sahib olan Zaur müəllimin qərib bir yerdə tələbəlik çağında başına gələn bu hadisə onun bütöv xarakterini, daha doğrusu iradəsinin gücünü, əzmini və daxilindəki gözlə görünən və görünməyən müsbət keyfiyyətlərini, çalarlarını oxucuya çatdırır.
Bu hekayədən hiss olunur ki, Zaur müəllim real həyat boyaları ilə yaxşı çəkilmiş mühitdə, müdrik əhatədə böyümüş, doğru tərbiyə almışdır. Ələlxüsus da ailə tərbiyəsi. O, mükəmməl ailə tərbiyəsi aldığı üçün daha erkən mərifət sahibi səviyyəsinə yüksəlməyə nail olub. Bu fikirlərimi oxucu, dinləyici, izləyici bəlkə hardasa çox da isti qəbul eləməsin. Yuxarıda da qeyd etdiyim kimi bu fikirlər Zaur müəllimi yaxşı tanıdığım üçün öz şəxsi yanaşmam və hekayədən gəldiyim qənaətimdir.
Belə bir misal var ki, "qərib ölkədə insanın nəinki dili, hətta boyu da qısıq olar".
Adi bir idman yarışmasına baxarkən rəqiblər arasındakı mübarizə kənardan asan görünər. Ancaq bu belə deyil. Əsla! Lakin "Saat" hekayəsindəki qəhrəmanın qərib ölkədə daxili məsuliyyəti, hadisələrə çevik yanaşması özünü çox aydın şəkildə göstərir. Hekayə qəhrəmanının yaddaşında təbii olaraq içkinin təsirindən "boşluq" yaranır. Daha sonra saatı qolunda görməyən hekayə qəhrəmanı elə zənn edir ki, səhər adəti üzrə qoluna taxdığı saatı dəhlizdə alışqan verdiyi həmin adam qarşısındakının düşdüyü vəziyyətdən sui-istifadə edərək götürmüşdür.
Müəllif özü də qeyd edir ki, bu saat müstəqil həyata qədəm qoyduğu anın müqəddəs nişanəsidir. Həm də bildiyim qədərilə o zamanlar "Luç" markalı saatı maddi tərəfdən hər biləyin daşımağa gücü çatmazdı. Atanın oğluna bu saatı əmanət etməsi bizlərə: "Zər qədrini zərgər bilər" - misalını xatırladır. Ancaq hər gənc ata əmanətini qoruya bilmir. Mövzudan uzaq düşmək istəməzdim, ancaq yeri gəlmişkən hekayədə ananın mənəvi böyüklüyü, ucalığını: "Əgər sənə qarşı hər hansı bir təcavüz, soyğunçuluq olarsa ən dəyərli əşyandan - saatdan keç" fikirlərini də görmüş - oxumuş oluruq. Bu da onu göstərir ki, ana təhsilli oldu-olmadı nə qədər müdrik, uzaqgörən xanım olub. Bütün bunlar, əlbəttə genlə gələn faktordu. Buradaca Famil Mehdi yaradıcılığına müraciət edək:

Bəs səni toxuyan? -
Kimdir o ana?
Yaşadı, yaratdı şöhrətsiz, adsız.
Dünyanın böyük bir sənətkarına,
Kimi müti dedi, kimi savadsız.


Bu məqamda hər kəsə maraqlı olacaq və bəlkə də çoxlarının bilmədiyi bir faktı söyləmək istəyirəm. Beləki, Azərbaycan qadınlarının sabahkı taleyində çox böyük rol oynamış Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım həm də Zaur müəllimin nənəsinə Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində dərs demişdir. Həmin məktəbin ilk məzunlarından biri məhz Zaur müəllimin nənəsi olmuşdur. (bax: Z.Babayev "Həyat Ağacım" kitabı)
Bəzən gözümüz qarşısında qiymətli sənət əsəri olan xalılarımıza baxarkən, oradakı əfsanələri, əsatirləri, orijinallığı, təbiətin sirli sehrini biz bir anlıq görürük.(sözsüz ki, bəsirət gözü açıq olanlar) Düşünək ki, heç bir akademiya, təhsil müəssisəsi görməyən nənələrimizin, analarımızın toxuduğu xalçada əsrlər boyu, hələ bu gün də elm aləmini düşündürən nə qədər sirlər var. Zaur müəllimin anasının fikrinin üzərində ona görə bu qədər dayandım ki, yalnız müdrik insanlar çox sonralar gələcək hadisələr haqqında əvvəlcədən xəbərdar olar.
Hekayənin sonu olduqca maraqlıdır. Zaur Babayev öz saatını yaşadığı mənzildə şkafın gözündə tapır. Ancaq dəhlizdə şübhələndiyi adamın da saatı hekayənin qəhrəmanının qolunda idi. Bu ona olduqca mənfi təsir edir. Səhərə qədər gözlərinə yuxu getmir. Bu anlaşılmazlıq və həmin vaxt baş verənlər qəhrəmanın rahatlığını pozur. Səhərə qədər gözünə yuxu getmir. Çaşqınlıq içində olması hekayə qəhrəmanını olduqca narahat edir. Qanunları mükəmməl bilməsi və ən əsas da daxili dünyasının saflığı, vicdanının səsi onu əsarət altına alır. İstəmədən yaranmış vəziyyətdən özgəsindən əldə etdiyi saat sanki onun bütün həyat zamanını dayandırır.
Hadisəyə baxanda qəhrəmanın keçirdiyi hissləri böyük rus klassiki Dostoyevskinin əsərlərindəki qəhrəmanların yaşadığı həyəcanla, təlatümlə müqayisə etmək mümkündür.
Hekayənin qəhrəmanı üçün soyuq Moskva havasında donmuş saatın buzu elə səhər Zaur Babayevin saatı milis (oxu: polis) bölməsinə aparması ilə əriyir.

Hekayə real boyalarla, kəskin sujetlə necə deyərlər gün kimi aydın yazı üslubu ilə seçilir. Qələm sahibinin güclü bədii yaradıcılığı, səriştə və təcrübəsi oxucunu həyəcanlı saxladığı kimi arxasınca da aparmağı bacarır. Bu da Zaur Babayevin böyük təcrübəsindən, zəngin müşahidə qabiliyyətindən, yaddaşının iti və aydın olmasından irəli gəlir.
Göründüyü kimi, elmi işlə bağlı Saratova gedən hekayə qəhrəmanı elmi iş rəhbərilə səmimi söhbət edir. İş elə gətirir ki, illər bundan əvvəl saat ətrafında baş verən hadisənin o zamankı qaranlığına günəş doğur. Hər iki tərəfin daxili saflığının günəşi istənilmədən illər bundan öncə yaranmış xoşagəlməz hadisənin qaranlığını nura boyayır. Həmin zaman: "Qəhrəman olmaq üçün bir an belə bəs edər" - fikirləri özünü hekayə qəhrəmanının hərəkətində tamlığı ilə tapmış olur.
Zaur müəllimin soyadı Babayevdi. «Baba» sözü bizə çox mətləblərdən xəbər verir. Baba adətimizin ifadəsi, baba bu günün nəslinin səbəbkarı, baba müdriklik, ucalıq və təbiətin özü qədər zənginliyin ifadəsidir. Məhz bu soyadın baba olması da onun lap erkən yaşlarından qətiyyətli, məsuliyyətli hərəkəti və insanlarla rəftarı bir müdrik insanın davranış və xüsusiyyətlərini xatırladır. Deyirlər ki, o kəslərlə otur-dur ki, o gənc yaşda da belə ağsaqqal kimi davranmış ola.
Zaur müəllim Moskva təhsili alsa da, ancaq onun qəlbindəki kökümüzə bağlılıq, milli adət-ənənəni paylaşmaq və ünsiyyət mədəniyyətinin mərtəbəsinin yüksəkliyi, onun daxili azadlığını əlindən ala bilməmişdir. O, özgələşməyib, əksinə daha da milliləşib. Ancaq bu özümüzünküləşməkdə, milliləşməkdə böyük bəşərilik var. Bəşərilik də odur ki, Zaur Babayev hər zaman öyrəndikləri, qazandığı təcrübəsi ilə qarşı tərəfi zənginləşdirir.

"Saat" hekayəsi adi bir hekayə deyil. Elə hekayədəki bu saat da adi bir hədiyyə deyildi. Bu saat Zaur Babayevin həyat yolu ilə birgə onunla addımladı. Həyatının hər bir anın mənasız keçməməsi üçün onun qarşısını aldı. Saatın əqrəbinin təkin səsi Zaur Babayevin sol biləyində onun nəbzi ilə bir vurdu, ailəsinin onun yanında olmasını hər dəfə saat əqrəbinin döyüntüsündə bildirdi.
Əliağa Vahidin dediyi kimi vaxtını, anını boş sərf etməyibdir, Zaur Babayev.

Açıq, aydın bütün bunlar onun təhsil aldığı illərlə yanaşı, digər vaxtlarda da ölçülü-biçili, saat dəqiqliyi qədər həyatının da məzmunlu olduğunu görə bilərik. Biz tələbələr Zaur Babayevi hər bir anın gözəlliyini, qədrini bilən bir şəxs kimi görürük və sevirik.

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

18-02-2022, 08:44
"Şərq" ailəsinin cəfakeş başçısı


"Şərq" ailəsinin cəfakeş başçısı

Akif müəllim- "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Akif Aşırlı haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, təxminən üç il rəhbərliyi altında çalışmışam. Demək olar, hər gün üz- üzə gəlir, danışırdıq. Yəni xarakterinə az- çox bələdəm. Çətindir ona görə ki, mən Akif müəllimin sözə, üsluba necə qiymət verdiyinin, yazıları necə diqqətlə oxuduğunun şəxsən şahidiyəm. Ona görə də daha diqqətli olmaq lazım olduğunu bilirəm.
Ümumiyyətlə, indiyə qədər qazandığım təcrübədə, bu gün özümü jurnalistikada daha inamlı hiss etməyimdə bütün "Şərq" qəzeti kollektivi kimi, Akif Aşırlının da xüsusi rolu var.
Bir- birimizi xeyli əvvəldən- mən universitetin birinci kursunda oxuyandan tanıyırdıq. Bir müəllimimizin dəvəti ilə mühazirə oxumağa gəlmişdi. Sonralar fərqli vaxtlarda bir neçə dəfə də görüşmüşdük.
... Bir gün Akif müəllimdən zəng gəldi. Təəccübləndim. Həm nə deyəcəyini düşünür, həm də nömrəmi kimdən aldığını fikirləşirdim. Çünki bu vaxtadək telefonla danışmamışdıq. Zəngi qəbul etdim, "Bəli, Akif müəllim" dedim. Dərslərimlə maraqlandı, harda işlədiyimi soruşdu, sonra da "Redaksiyaya gəl, gözləyirəm" söylədi. Beləcə, bir neçə gün sonra "Şərq"in əməkdaşına, bu ailənin üzvünə çevrildim.
Yadımdadır, "Şərq"dəki ilk həftələrim idi. Bir məsələ ilə bağlı o biri otağa getdim. Ancaq qapının kandarında dayandım. Tərəddüd etdim. Foyedeki kresloda oturub, məni izləyən baş redaktorum ayağa qalxdı, yanıma gəldi, qapını açdı və özünəxas formada "Niyə utanırsan? Keç" dedi.
Yuxarıda bildirdiyim kimi, Akif müəllim yazıları diqqətlə oxuyur. Dəfələrlə xəbərlərimə, müsahibələrimə, reportajlarıma irad tutub. Lakin bu tənqidlərdən hər biri islahedici xarakter daşıyıb, öyrətməyə hesablanıb. Akif Aşırlı onu tanıdığım ilk gündən "Kənan mənim tələbəmdir" deyir. Mən də elə o gündən həmişə baş redaktorumu özümə müəllimlərdən biri hesab edirəm. Onun dərsləri "Şərq" in o qədər də böyük olmayan, fəqət yaradıcılıq, müzakirə dolu redaksiyasında, otağındakı iclaslarda, "planirovka"larda davam edir. Bəzən praktik qəzetçilik haqqında danışmaqla da kifayətlənmir, həm də Üzeyir bəydən, Mirzə Cəlildən, Ceyhun Hacıbəylidən... danışır. Və bu dərslər heç vaxt bitmir.
Akif müəllim öyrətməyi, izah etməyi sevən insandır. Əlbəttə, bu, eyni zamanda onun pedaqoji fəaliyyətindən irəli gəlir. Belə ki, o, bir müddət müxtəlif ali məktəblər, o cümlədən BDU- da dərs deyib. Alimdir. Mətbuatımızın banilərinin irsini, jurnalistikamızın indiyədək gəlib keçdiyi yolu araşdırıb. Və özünün qəzetçilik təcrübəsində onların irsindən də yararlanıb. Əlbəttə, belə olmasa, qəzetçiliyin getdikcə öləzidiyi bir vaxtda "Şərq" 30 ilə yaxındır fəaliyyət göstərməyi, oxucuları ilə görüşməyi bacarmazdı. Təsadüfi deyil ki, Akif Aşırlı həmişə müstəqil mətbuatın, azad sözün tərəfdarı olub. O, Məhəmməd Əmin Rəsulzadənin "O millət azad və xoşbəxtdir ki, onun mətbuatı azad və xoşbəxt olsun" fikrini, bəlkə də, peşə kredosuna çevirib.
Təxminən üç ildən sonra "Şərq" dən ayrılanda Akif müəllimin yanına getdim, halallıq istədim. "Yolun açıq olsun" dedi, uğurlar arzuladı.
"Şərq" mənim yaddaşımda daim isti ocaq olaraq qalacaq. Redaksiyadan ayrılarkən yazdığım ""Şərq"dəki son sözüm" yazısında göstərdiyim kimi, yəqin, jurnalistika karyeramın ən maraqlı, yaddaqalan dövrü məhz “Şərq”lə əməkdaşlıq illərinə təsadüf etdi: " Əvvəl dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə tanış olduq. İctimaiyyətə SOS siqnalı verdik. Hətta gündə bir insanın, o cümlədən yaxınlarımızın, əzizlərimizin ölüm xəbərini eşitsək belə, özümüzü yox, oxucularımızı düşündük. Auditoriyanı xəbərsiz qoymadıq. Sərt karantin rejiminə, hər cür çətinliyə müqavimət göstərdik. Nə vaxtsa, “Gözünüz aydın, pandemiya bitdi” başlığı ilə hər kəsi sevindirəcəyimiz ümidindən təsəlli tapdıq. Və həmin ümidimizdən ikiəlli yapışdıq...İşə əvvəlkindən daha tez getdik, daha gec çıxdıq. Əksəriyyətini bircə dəfə belə görmədiyimiz oxucularımız üçün ailə üzvlərimizin üzünü az görməyə razı olduq". Çətin olsa da, öhdəsindən gəldik. Çünki "Şərq" təkcə redaksiya deyil, həm də ailədir. Akif müəllim isə bu ailənin cəfakeş, yorulmaz başçısıdır.
Ad gününüz, yeni yaşınız mübarək, əziz müəllim!

Kənan Novruzov

12-02-2022, 22:13
]Qarabağda döyüşən Bülbüləlilər"


"Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.

Suraxanı rayonu Q. Abbasov adına Mədəniyyət Sarayında yazıçı-publisist Təranə Cəbiyeva və Qubad Bağırovun "Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xəzər Rayonu Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbin direktoru Rövşən Qasımov, Prezident mükafatçısı, şair-publisist, Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı Zərəngiz Dəmirçi Qayalı, Vətən müharibəsi iştirakçısı, "Cəsur döyüşçü", "Füzuli, Qubadlı, Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilən Hasil Hümmətov, şəhid ailələri, qazilər və digər hörmətli qonaqlar iştirak ediblər.



Təqdimat mərasimi Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad edildiyi gün söylədiyi və hər bir azərbaycanlının qəlbində əbədilik qazanan: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! - müqəddəs ifadəsi ilə başladı. Azərbaycanın varlığı, bütövlüyü yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər ensiklopedik xarakter daşıyan kitabın böyük mənəvi əhəmiyyətindən söz açdılar. Müəlliflərin şəhid və qazi adını uca tutaraq ərsəyə gətirdikləri işin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Ardınca tədbir bədii hissə ilə davam edib. 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin dilindən Yazıçı-publisist Təranə Cəbiyevanın şeirləri səsləndi. Həmçinin, həmin məktəbin şagirdi Nəzrin Dadaşova tarixi Qələbəmizə həsr olunan "Xarı bülbül" rəqsini ifa etdi. Vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında ruh yüksəkliyi yaratdı.

Sonda şəhid ailələrinə və tədbir iştirakçılarına "Qarabağda döyüşən Bülbüləlilər" kitabı hədiyyə edildi.

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
4-02-2022, 11:56
Ustadımızın Ustad yaşı


O, maarif və mədəniyyət məbədinin beşiyində böyüdü. Bu məbədin işığında müqəddəs amalı yolunda canını şamtək əritdi. Məbəd işığı onun varlığı ilə daha da nurlandı. Daxilində təmiz qəlbi, göylərdə saf ruhu bir-birinə dayaq oldu: həyatı və yaradıcılığı qəlb və ruh birliyi şəklində bugünədək mənəvi saflığını, mənəvi ucalığını qoruyub saxladı. İnsanlarla şəfqətlə davranması, həlim xasiyyəti, gözəl əxlaqı, saf qəlbi ona müqəddəs bir yol açdı. Bu, seçilmişlərin yolu idi. Bu yolda: qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, çətinliyə şükürlə, cəzaya bağışlamaqla cavab verdi.
Bu gün Yunus Əmrə kimi qəlbi Çələbin taxtı bilən, Nəsimitək Yaradanın nurunu əməllərində təcəlla etdirən Ustadımızın - BDU-nun Jurnalistika fakültəsinin Professoru Cahangir Məmmədlinin ömür təqviminin yeni ilidir. Bu gün qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan müəllimimizin xeyirxah əməllərilə Yaradana yar - bəndə olduğu gündür.
O günlər Azərbaycanın tarixi talehi ilə bərabər, həm də talehi tarixi - müqəddaratı həll olunurdu. Alman qoşununun Volqaya çıxması nəticəsində Bakı ilə əlaqə kəsilmişdi. Düşmən ordusunun Qafqaza yaxınlaşmasının acı xəbərini isə indi də sözlə ifadə etmək çətindir. İkinci dünya müharibəsinin ən qanlı-qadalı, xalqın sabaha ümidini itirdiyi bir zamanda Novruzlu kəndində öz sabahkı dərdi ilə birlikdə doğuldu Cahangir Məmmədli.
O, hər an öz dədə-baba yurduna bağlılığı, ruhunun dolaşdığı, qəlbinin xatırladığı və dilindən düşmədiyi elinə-obasına sonsuz sevgisi ilə seçildi. Hətta bu yaxında saytların birində bir daha böyük qürurla dedi: "Mənim dünyada ən əziz yerim Novruzlu kəndidir". Əlavə edərək: "Bu el Xudu Məmmədov, Rafiq Əliyev, Əli Əmirli və digər şəxsiyyətlər yetirib" - söylədi.
Bu, "mikro Vətən" (C.Məmmədli) həm də Sizi Azərbaycana yetirib, Ustad! Siz bu kəndə çörəyi yetirən torpağı, bu torpağa bərəkət gətirən yağışı, ("Beşinci fəsil" filmində doğma torpaqda Vətən yağışı altında təpədən-dırnağa qədər su içində öz fikirlərini tamaşaçıyla bölüşməyiniz yadımdan çıxmır) həmçinin göyün xoşbəxtlik və kədər damcılarını müqəddəs səmadan bizlərə bəxş edən Yaradanı sevdiniz və gördünüz. Bəli, gördünüz, bəsirət gözü ilə.
Novruzlu kəndinin kimsəsiz bir yerində böyüdünüz. Fəqət, Yaradanın sevgisi və nəzəri ilə. Atasız böyüməyinizə baxmayaraq, böyük məhəbbətlə "Ata Canı" kəlməsini Sizin dilinizdən eşitdik. Valideyn sevgisi görməsəniz belə, ancaq Vətənə, el-obaya, dosta, tələbəyə, doğma Bakı Dövlət Universitetinə olan sevginiz hər birimizə örnək oldu. Maddi-mənəvi dəstəkçiniz, Ağdamın sayılıb-seçilən ziyalılarından olan filosof Zeynal Məmmədli isminə sevginiz hər zaman qəlbinizdə yaşadı, dilinizdən xatırlandı. Heç bir zaman, hətta Ustad məqamınızda belə, bir vaxtlar Sizə dəstək olan müəllimlərin(m)izi: Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundovu… unutmadınız. Üstəlik, gənc jurnalist nəslinə də tanıtdınız.
Sizin Yaradan qarşısındakı əməlləriniz, həyatın ağrı-acısını qəlb və ruhunuzla Rəbbin qismət payı kimi qəbul etməyiniz, bizlər üçün örnəkdir. Siz Pərvərdigarın mətbuatımıza qismət etdiyi fikir, tələbələrinizə müəllim, cəmiyyətimizə isə ziyalı payısınız.
Mövlana Cəlaləddin Ruminin: "Aclığa səbr - oruc, ağrıya səbr - mətanət, insanlara səbr - xoşgörüş, istəyə səbr - dua, duyğulara səbr - gözyaşı, darıxmağa səbr - həsrət, sevgiyə səbr - eşq" fəlsəfəsini Ustad Cahangir Məmmədli ömrünün qısa xronologiyası kimi də qeyd etmək olar. Sual yarana bilər: "Nə üçün?" - Bu dəqiqə deyim. Çünki hər çətinliyə qatlaşan insanlar bədənində daşıdığı canı ilə, ərşi-gürşü xəlq edən Sübhanın öz ruhundan bəndəsinə üfürdüyü ruhu ilə, yeri - göyü Yaradana, Yaradanın yaratdığı yaradılışa - bəndəyə heç vaxt çınqır - çınqır qorranan qəlbinin göynəltisini hiss etdirməzlər. Torpaq dərd əlindən qayalaşsa da, ancaq bu böyük insanlar Yaradanın dərdini də dərman bilərlər: bu, səadət dərmanı adlanar.

Professor C.Məmmədli Jurnalistikaya, elmə, bədiiliyin yüksək mərhələsinə, hətta yazılarında boya-başa çatdığı Ağdama - Novruzluya, Vətəninə - Azərbaycana bir sözlə tüm yaradıcılığına, dünəninə və bu gününə, eləcə də sabahına fəaliyyətilə sədaqətli oldu - səadət günəşitək doğdu. Məişət xırdalıqlarından, dedi-qodulardan kənar gəzən, yaradıcılığı Vətən – xalq – el-oba idealları ilə mayalanan, məmləkətinin səadəti yolunda öz canını fəda etməkdən çəkinməyən vətəndaş - jurnalist Cahangir Məmmədli haqqında hələ o zaman "Anlamaq dərdini anlamaq səadətinə çevirən adam" başlıqlı yazı yazmışdım. Bilirik ki, Yaradana xitab şeirilə başlayan "Qutadqu Bilik" əsəri "səadət gətirən elm" mənasını verir. Bu əsəri zaman-zaman işıqlı ziyalılarımız Kamil Vəliyev, Ramiz Əsgər və Xəlil Rza Ulutürk tərcümə etmişlər. Xəlil Rza Ulutürk də xalqın səadət şairi idi. Məhz onun yazdığı "Anlamaq səadəti" şeirini də adını yuxarıda çəkdiyim yazıma əlavə edərək, Ustad müəllimimə xitab etmişdim. Sanki bu şeirdə Xəlil Rza Ulutürk Ustad müəllimimiz - Cahangir Məmmədli talehini yaratmışdı:
Mən səni duyuram, bilirəm, ustad,
İdrakın əlindən nələr çəkmisən.
Qələmdən kağıza söz yox, sətir yox,
Beyninə dağ basan odu tökmüsən.
Yaxud:
"Ən böyük dərd imiş anlamaq dərdi!" –
deyib…
İçin-için gizli yanmısan.
Dərk edə bilsəydi, dağ əriyərdi,
Sən dağdan-qayadan mərd dayanmısan.

Həqiqətən də, Ustad müəllimimiz zamanın çətinliklərinə mərdliklə, dəyanətlə sinə gərdi. Qəlbi və ruhu ilə Yaradana bağlandı. İnsanpərvərlik hissilə aşiqi-hürriyyət olmağı bacardı. Mükafatını da insanlığa hizmətdə arayaraq yüzlərlə, minlərlə tələbə sevgisini əbədi qazandı. Bütün bunların - müəllim-tələbə sevgisinin mayasında saf ruh və təmiz qəlb vəhdəti dayanır. Qəlb - mənəvi varlığın ifadəsi, ruh - müqəddəs ucalığın təzahürüdür. Bu iki cövhər Ustad Cahangir Məmmədlinin həyat kredosunu təşkil edir.
"Qəlb" və "Ruh" xeyirxahlığın, nəcibliyin... nüvəsidir. Sözlərin birliyi - ikilik, mənəvi birliyi - əkizlik yaradır.
Əziz oxucu, ürəkdən axan söz nəhrinin, fikir bəhrinin önünə sədd çəkmək istəməzdim, ancaq bu məqamda kiçik bir haşiyə çıxmağı özümə borc bildim, bunu mövzudan kənara çıxmaq kimi qəbul etməyin. Bu kiçik fikirlər oxucu və müəllif qəlbinə uzanan işığı zəiflətməyəcək, əksinə, daha da gurlaşdıracaq, çünki mövzumuza təkan verir. Təki anımız - təkanımız qəlb və ruh bağlılığı ilə keçsin.
Kolumbiya Universitetinin professoru Kelli Hardinq qeyd edirdi ki, iş yerində, məktəbdə və evdə şəfqətli olmaq insanın özünü və başqalarının xeyirxahlıq duyğusunu inkişaf etdirir. Beləcə, ali hissin toxumları ətrafa yayılaraq insanlara "yoluxur": İnsan daxilində var olan, ancaq varlığı bilinməyən insanlıq duyğusunu "oyadır".
Təbəddülatlı dünyada bəzi məqamlar birmənalı qarşılanmasa da, ancaq böyük bir dövlətə uzun illər başçılıq etmiş B.Obamanın sözləri yarımçıq insanlara, yarı yolda olanlara, yarım qalan fikirlərə tamlıq bütövlük gətirir: "Yaxşılığın, mərhəmətin, xeyirxahlığın zəifliklə heç bir əlaqəsi yoxdur".
Rus qələm adamlarından biri cəmiyyətin mənəvi və fiziki qeydinə qalan böyük (sözün hər mənasında) Anton Çexov haqqında yazırdı: "Xalqımızın ən gözəl oğulları təvəzökar olublar. Onlar özünü tərifləməklə, özgəyə gülməklə, özlərini başqa adamlara misal çəkməklə məşğul olmurdular".
Çexovun əsərləri, hekayə və yazıları ilə Cahangir Məmmədli yaradıcılığı arasında kəsişən bir xətt var. Bu kəsişmə: İnsan qəlbindəkiləri hiss etmək, ruhun ağrı-acılarını duymaq, yüksək alicənablıq, cəmiyyətdə barışdırıcı mövqe, bir sözlə mənəvi dərinliyə varmaq və bu dərinlikdə var olmaqdan irəli gəlir. Çexov bir həkim kimi, bir yazıçı kimi, Cahangir Məmmədli də bir vətəndaş kimi, bir jurnalist kimi bilirdi: Cəmiyyət daxilində mütləq barışıq olmalıdır. Hər iki insanın qələmi qarışıqlıqdan uzaq, qar işığı qədər parlaq idi.
Cahangir Məmmədli haqqında xoş sözlər çox eşitmişdim. Ancaq dahilərin bir sözü var ki, səmimiyyəti hiss etmək üçün mən öz gözlərimə inanıram, nəyinki eşitdiklərimə. Həqiqətən də Cahangir Məmmədlini tanımaq və onun nəcibliyinə, səmimiyyətinə bürünmək insanı bir ömür boyu xoşbəxt edir. Bu məqamdaca gəlin C.Məmmədlinin "Universitet yolumun ilk çırağı: professor Firidun Hüseynov" başlıqlı yazısından bir hissəyə nəzər salaq: "İnsan taleyinin qəribə anları olur. Bəzən bir anın, bir dəqiqənin hansısa hökmü bütöv bir ömrün, bütöv bir həyat yolunun dönüş nöqtəsi olur və bu nöqtə səni zamanın sınaqlarından çıxarıb, sonunda təmiz dünyaya qovuşdurur". Biz də Cahangir Məmmədlini tanımaqla, təmiz dünyanın xoşbəxt sakininə çevrildik. Bu xoşbəxtlik isə bir an deyil, bir ömür boyu bizimlədir.
Bu xoşbəxtliyə gedən yol 1 Avqust 2019 -cu ildə baş tutan qabiliyyət imtahanı ilə başladı. Düzü, mən də Cahangir Məmmədlinin "Jurnalistikanın müasir inkişaf meylləri" kitabı vardı. İmtahan zamanı "İnformasiyanın həyatımızda rolu" mövzusunu seçdim. Bundan iki gün öncə isə adın qeyd etdiyim kitabdan "İnformasiya janrları" haqqında oxumuşdum. Əlqərəz. Beləcə, bir neçə gündən sonra qabiliyyət imtahanının ən yüksək balla qalibiyyət sevincini yaşadım. Elə buradaca qara üzlüklü kitabımızın ağ səhifələrinə təşəkkür edirəm. C.Məmmədli demişkən: “Hər nə varsa kitabdan başlayır”- müəllimimin icazəsilə fikirlərinə əlavə edərək deyərdim: “Elə kitabla da davam edir”.
Elm adamlarından biri deyirdi ki, müəllim dərsə və ya auditoriyaya daxil olanda tərləyib çıxmalıdır. Bu fikir Cahangir Məmmədlinin dərs zamanı auditoriyada yorulmaq bilmədən ayaq üstə mühazirə deməsində, hər tələbə ilə fərdi işləməsində və dərsdən sonra da tələbələrə can yandırıb onlara zaman ayırmasında öz təsdiqini əyani şəkildə tapır. Ustad müəllimim dərsdən sonra yazılarımı oxuyur və düzəlişlərini edirdi. Hər dəfə mütləq mənə qəzet və kitab hədiyyə edirdi. İndi də o qəzetlərdən, kitablardan yararlanıram. Cahangir müəllimlə istər imtahan öncəsi, istərsə də hansısa bir yazı haqqında saatlarla telefonla danışırıq. Bir də heç zaman mənim sosial şəbəkədə yazdığım statusları - yazıları cavabsız qoymur.
Cahangir müəllim fikir adamıdır, həm də bu fikirlərini tanıdıqları ilə bölüşəcək qədər mərd adamdır. "Ən nadir mərdlik, fikir mərdliyidir." (Anatol Frans) Çalışır ki, tələbə öyrənsin. O, bu gün bütün canı və qanı ilə tələbələrə yorulmadan, usanmadan təhsil xəzinəsinin qapılarını elm açarı ilə açmağı öyrədir. Qəlbinin isti qanı ilə, ruhunun istiqanlığı ilə hər məsələyə doğma valideyn kimi, əziz dost kimi münasibətin bildirir. Yazı əsnasında dəfələrlə qeyd etdiyim kimi: Bütün bunlar ruh və qəlb işidir.
Verilişlərin birində sevimli şairimiz Nəriman Həsənzadə görkəmli yazıçı, alim, müəllim Mir Cəlal Paşayev haqqında belə bir fikir söylədi. Sitat: "Cəlal müəllim mənim kiçik bir şeirimə, mətbuatda çıxan yazıma elə qiymət, elə dəyərli fikirlər söyləyirdi ki, bu qiymət məni ruhlandırırdı". Bütün bu məziyyətləri Cahangir müəllimdə də görürük. O da eynilə böyük ədibin sevimli şairə göstərdiyi səmimiyyəti biz tələbələrinə göstərir. Səmimiyyət heç vaxt saxtalığı, riyakarlığı, bəsitliyi, natamamlığı, qəbul etmir. Səmimiyyət üzdən, gözdən göründüyü kimi əməldə də daim təzə libas kimidir.
Cahangir Məmmədli öz daxilində həmişə mənəvi ucalığı, ülfəti, saflığı hifz edib, qoruyub saxladı. Ani bir xoşbəxtliyi ruhunu və qəlbini uca tutan əzabdan üstün bilmədi. Belə olan halda insanın ruhu da, qəlbi də saflığa köklənir: Qəlbin sarı simi, ruhun ağ simi kökdən düşmür, həmahəngliyini… itirmir.
Əbdürrəhim bəy Haqverdiyevin məşhur hekayələrinin birində şeyda bülbül tardan çıxan səsdən ehtizasa gəlib özünü alətə çırpır. Bunlar hamısı ruhla, qəlblə bağlı məsələdir. İstənilən alimin, sənət adamının və ən sadə insanın belə qəlbi, mənəvi aləmi zəngin deyilsə, o heç vaxt istər yaradıcılıq əsərlərində, istərsə də özünü ifadə tərzində mənəvi ucalığa yüksələ bilmir. Hətta hürufiliyə görə kamil insanın bütün müsbət keyfiyyətlərini daşıyan Nəyimi də Həzrəti Adəmin ruhunun daşıyıcısıdır. Nəsiminin özü də böyük Ustadı Fəzlullah Nəyiminin saf mənəviyyatının daşıyıcısı idi. Nəsimi öz şeirlərilə əsrarəngiz böyük bir fəlsəfi, poetik, qeyri-adi səslənən fikirləri yaradıcılığına gətirdiyi kimi doğruluq, dürüstlük, saflıq kimi ruhi- mənəvi keyfiyyətlər ruhun daşıyıcısı olaraq müəllimdən tələbələrinə keçir, ötürülür. Əbəs yerə deyildi ki, Nəsimi müəllimi Fəzlullah Nəyimi haqqında deyirdi ki, o, "haqqın məzhəridir" – əlbəttə, özündə də ondan mütləq bir zərrə daşıyır.
Bir neçə il bundan öncə Şəkidə ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirildi. Açıq havada, güllü-çiçəkli məkanda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray”da nümayişi zamanı yerli, həbelə əcnəbi qonaqların diqqətini çəkən və hər kəsin marağına səbəb olan nadir hadisə baş verdi. Leylinin ifası zamanı ağ göyərçin səhnənin yaxınlığında dayanaraq dahi Nizami sözünün qüdrətinə, Üzeyir bəyin musiqisinin ruhuna sanki səcdə qılaraq ecazkar musiqini dinlədi və ifa tamam olandan sonra pərvazlanıb səmaya qalxdı. Bu az təsadüf olunan hadisə hamının diqqətinə, marağına və heyrətinə səbəb oldu. Baxın, bütün bunlar dəfələrlə qeyd etdiyimiz kimi, gözlə görünməyən ruhun daşıyıcısıdır.
Ədəbiyyatımızın söz mülkünün sultanı - Nizami, qiymətli gövhəri - Nəsimi, qəlb və ruh şairi isə Füzulidir. Yazının sonuna yaxın qəlb şairi Füzulinin adını heç də təsadüfi çəkmədik. Çünki dahi şairimizin yaradıcılığının qayəsi olan: pak hisslər, qəlblərə münəvvərlik, saf məhəbbət, yüksək mənəvi zövq, insani ləyaqət, etibarlılıq və ən əsası güclü əxlaq özünü məhz Cahangir Məmmədli həyatında və yaradıcılığında sözün tam mənası ilə təcəlli etdirir.
Qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan Ustadım - Cahangir Məmmədli, ustad yaşınız mübarək olsun. Bu yaşın 8 rəqəmi həm də sonsuzluğa işarədir. Bu, tələbənin müəlliminə olan sonsuz sevgisinin rəqəm təzahürüdür. Ustad, sizə sonsuz xoşbəxtlik, sonsuz sağlıq və ömrünüzə sonsuz bərəkət arzu edirəm.
Yaxşı ki varımızsınız! Varlığınız mübarək!
Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Redaksiyadan: Cahangir müəllim bizə ilk dərsi keçəndə indiki yaşının yarısındaydı. Elə onda da tələbələrinə eyni sevgi, eyni hörmətlə yanaşırdı. İlk gündəncə bizə tələbə kimi yox, həmkar kimi yanaşırdı və bu yanaşmanın cavabını daha çox sevgiylə alırdı. Müəllimimizi yaradıcı kollektivimiz adından da təbrik edirəm. Mən tanıdığım dövrdən sonrakı ömrünü səksənə çatdırmasını arzulayıram!
Dərin ehtiramla: Tamxil Ziyəddinoğlu
31-01-2022, 11:28
Paytaxtın bu məktəbində distant tədrisin müddəti UZADILDI

Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti 7 gün uzadılıb.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.

Bütöv.az
28-01-2022, 16:41
Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid

Azərbaycanda təhsilin zəif olması, müəllim-şagird davranışlarının düzgün qurulmaması, məktəblərdə pul yığılması, direktorların hegemonluğu, qəbul edilməsində validyenlərin çətinlik çəkdiyi “Valideyn, Müəllim Assosasiyaları” (VMA) və s. və ilaxır zaman-zaman sosial şəbəkələrin qınaq obyektinə çevrilib.

Misir Mərdanov dövründən ölkədəki təhsili nazirin acınacaqlı duruma saldığı iddia edilsə də, nazirlər dəyişdikcə vəziyyətin daha da ağırlaşması, elə ən yaxşısının Misir Mərdanov olduğunu sübut edirdi. Nazirlər dəyişdi, amma nə məktəblərdə pul yığımının qarşısı alındı, nə təhsilin səviyyəsi yüksəldi. Əksinə, məktəblərə elə əvvəldən naqis olan müəllim-şagird münasibətləri bir qədər də acınacaqlı vəziyyət aldı. Bu gün də həmin vəziyyətin şahidi oluruq.

Əvvəlcə məktəb direktorlarından danışaq. Bu vəzifəyə direktorlar təyin edilərkən təkcə savadı, iş təcrübəsi, ona himayədarlıq edən şəxslər və yaxud bu vəzifəyə təklif etdiyi vəsait deyil, insanlığı nəzərə alınmalıdır. Amma təəssüf olsun ki, bu gün məktəb direktorlarının necə təyin edilməsi cəmiyyət üçün sual altındadır. Məsələn, təqaüd yaşı çatmış, ömrünün qalan hissəsini nəvələri ilə keçirməli olan biri əsəblərinə necə sahib olub başqasının uşağının nazını çəkə bilər ki? Məktəb direktorları təyin edilməzdən öncə, onların psixikası da xüsusi komissiyalar tərəfindən yoxlanılmalıdır. Əks halda, vay o məktəbin də, uşaqların da halına.

Etiraf edək ki, bu gün məktəb direktorlarının bəziləri sanki “verdiyi pulu yığmaq” prinsipi ilə çalışır. Müəllimlərə pul yığımı ilə bağlı verilən əmr və tapşırıqlar, danışıq və davranış tonu bunu bir daha sübut edir. Bəzən məktəb direktorları həddi o qədər aşır ki, adi qonşuluq qaydalarında belə əmrlə danışır, sanki məktəbdə işçilərinə əmr edirlər. Şəxsən mən elə birisini tanıyıram. Direktorun dəfələrlə pul yığması barədə mətbuatda məlumatlar yer alsa da, təqaüd yaşını keçsə də, nazirlik direktora “gözün üstə qaşın var” deməyib. O da, sağ olsun, təkcə məktəbdə deyil, həyatda da özünü elə aparır ki, sanki “burda odur, Bağdatda kor xəlifə”...

Və yaxud VMA-lardan danışaq. Deyirlər ki, bu ictimai təşkilatdır və hər kəs bura könüllü şəkildə üzv ola bilər. Könüllü şəkildə üzv olanlar da, könüllü şəkildə pul ödəyirlər. Ancaq nədənsə, bu könüllülük prinsipi bəzi məktəblərə valideynlərin işgəncəsinə çevrilib.

Yığılan məbləğ il üçün böyük olmaya bilər (100-150 manat ). Amma bu məbləğin hara xərcləndiyi valideynlər üçün hər zaman sual olaraq qalıb. Məsələn, hər bir valideyn düşünür ki, ölkədə 9 illik tısil məcburidir və mənim övladım 9-cu sinifə qədər pulsuz oxumalıdır. Belə olan halda mən niyə pul ödəməliyəm? Hə, istədiyim müəllim üçün onun davranışına görə, kiçik hədiyyə ala bilərəm. Amma hara xərclədiyini bilmədiyim bir quruma niyə pul verməliyəm? Belə vəziyyətlə özüm də 3 il əvvəl qarşılaşmışdım.

Və yaxud məktəblərdə müəllim-şagird davranışlarının düzgün qurulmaması məsələsi. Düzdür, müəllimin işi ağırdır, bu danılmazdır. Təsəvvür edin ki, bir sinifdə 30 şagird varsa, bu 30 müxtəlif ailə deməkdir. Və hər ailənin təlim-tərbiyəsi də müxtəlif olduğu üçün müəllim müxtəlif xarakterli uşaqlarla ünsiyyətdə olmaq çətinliyi ilə üz-üzə qalır. Və əgər müəllimin həyatında, şəxsi problemləri varsa, bu müxtəlifliyə dözüm nümayiş etdirə bilmir. Ya arsızlaşıb, hər şeyi buraxır, saatın keçməsini gözləyir, ya da zorakılığa əl atır. Şəxsi həyatında problemi olmayan bir qisim isə uşaqlarla normal davrana bilir.

Bu baxımdan müəllimlər də işə götürülərkən verdikləri imtahanlarla yanaşı, psxixoloji müayinədən keçirilməlidir. Psixi problemləri olan, zorakılıq nümayiş etdirən müəllimlərdən uşaq ancaq aqressiyanı öyrənə bilər.

İndi isə keçək, hörmətli nazir Emin Əmirullayev cənablarına... Gənc, potensiallı olduğu iddia edilən nazirin dəfələrlə brifinqlərinə, onun jurnalistlərlə davranışlarına nəzər salanda elə hiss edirsən ki, yuxarıda qeyd etdiyim məktəb direktorları bu nazirin “əlindən su içib”...

Hörmətli nazirimiz deyir ki, “onun vaxtında da məktəblərdə pul yığımı olub”. Yəni, bu problemi o da yaşayıb. Əvvəllər pul yığımı "pərdəli" aparılırdısa, nazirin bu açıqlamasından sonra təhsilimiz "örtülü bazardan açıq bazara" keçib.

Əgər bu problem nazir özü məktəbli olanda da görübsə, niyə qarşısını almır?
Məktəblərdə yaşanan problemlər yalnız sosial şəbəkələrə düşdükdən sonra həllini tapır. Axı, niyə nazirimiz şəffaf və xüsusilə qeyd edim ki, rüşvətxor olmayan insanlardan təşkil edilmiş bir komissiya yaradıb anidən məktəblərə göndərmir?
Niyə axı məktəblərə komissiya gələcəyi zaman hər kəs bir-birinə “bu yaxınlarda komissiya olacaq, diqqətli olun” deyə xəbərdarlıq edə bilir?
Niyə axı gələcək komissiyadan direktorlar xəbərdar olub, xüsusi "süfrə" açır və hətta gələn "qonaqların" cibinə doldurmaq üçün “nəsə də” hazırlayır?
Ən son isə nazirliyin mətbuat xidmətinə nəzər salaq... İllərdir ki, nazirlər dəyişilsə də, mətbuat xidmətində işçilər yenilənmir. Məsələn, əvvəllər biz deyirdik ki, Bayram Hüseynzadə suallarımıza cavab vermir, sanki nazir budur... İndi isə... Bayramlarda neçə manatlıq hədiyyə kartı və bir dəstə güllə jurnalist kütləsi yığan mətbuat katibi təhsildə olan çatışmazlıqları ört-basdır etməyə çalışır. Hər hansı bir neqativ hal olduğu zaman ancaq öz ətrafında olan jurnalistlərə açıqlamalar verib yazdırır. Əllərində olsa, Azərbaycan təhsilində baş verən neqativ hadisələrin hamısının Papua Yeni Qvineyada olduğunu iddia edərlər. Necə ki, nazirlik az əvvəl Xətai rayonu 165 saylı məktəbdə baş verənlərin "Azərbaycanda baş vermədiyini" bildirmişdi.
(Bizimyol.info)

Bütöv.az
28-01-2022, 11:26
Səs yazısı yayılan məktəb direktorundan açıqlama

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova müəllimdən rüşvət istədiyini sübut edən səs yazısı ilə bağlı açıqlama yayıb.

Direktorun "AzPolitika.info"-nun elektron poçtuna daxil olan açıqlamada deyilir: "Məktəb direktoru olaraq rüşvət istəməyimlə bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edirəm, neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm.

Məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib) “Facebook”da etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir.

Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət Məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır.

Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə, hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir, onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdır, qərəzdir”.

Xatırladaq ki, Təhsil Nazirliyi müəllimi təhdid edən və ondan rüşvət tələb edən direktoru hələ də cəzalandırmayıb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!