Goranboyda "Mercedes" aşdı - 5 yaralı .....                        Təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq? - Nazirlikdən cavab .....                        Təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq? - Nazirlikdən cavab .....                        Bakıda klinika 20 min manat cərimələndi .....                        Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır .....                        Azərbaycanın veteran gimnastı vəfat etdi .....                        Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı .....                        Azərbaycan təyyarəsinin vurulduğunu sübut edən yeni FOTOLAR .....                        Marketdə yanğın 8 nəfərin həyatına son qoydu .....                       
18-02-2022, 08:44
"Şərq" ailəsinin cəfakeş başçısı


"Şərq" ailəsinin cəfakeş başçısı

Akif müəllim- "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Akif Aşırlı haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, təxminən üç il rəhbərliyi altında çalışmışam. Demək olar, hər gün üz- üzə gəlir, danışırdıq. Yəni xarakterinə az- çox bələdəm. Çətindir ona görə ki, mən Akif müəllimin sözə, üsluba necə qiymət verdiyinin, yazıları necə diqqətlə oxuduğunun şəxsən şahidiyəm. Ona görə də daha diqqətli olmaq lazım olduğunu bilirəm.
Ümumiyyətlə, indiyə qədər qazandığım təcrübədə, bu gün özümü jurnalistikada daha inamlı hiss etməyimdə bütün "Şərq" qəzeti kollektivi kimi, Akif Aşırlının da xüsusi rolu var.
Bir- birimizi xeyli əvvəldən- mən universitetin birinci kursunda oxuyandan tanıyırdıq. Bir müəllimimizin dəvəti ilə mühazirə oxumağa gəlmişdi. Sonralar fərqli vaxtlarda bir neçə dəfə də görüşmüşdük.
... Bir gün Akif müəllimdən zəng gəldi. Təəccübləndim. Həm nə deyəcəyini düşünür, həm də nömrəmi kimdən aldığını fikirləşirdim. Çünki bu vaxtadək telefonla danışmamışdıq. Zəngi qəbul etdim, "Bəli, Akif müəllim" dedim. Dərslərimlə maraqlandı, harda işlədiyimi soruşdu, sonra da "Redaksiyaya gəl, gözləyirəm" söylədi. Beləcə, bir neçə gün sonra "Şərq"in əməkdaşına, bu ailənin üzvünə çevrildim.
Yadımdadır, "Şərq"dəki ilk həftələrim idi. Bir məsələ ilə bağlı o biri otağa getdim. Ancaq qapının kandarında dayandım. Tərəddüd etdim. Foyedeki kresloda oturub, məni izləyən baş redaktorum ayağa qalxdı, yanıma gəldi, qapını açdı və özünəxas formada "Niyə utanırsan? Keç" dedi.
Yuxarıda bildirdiyim kimi, Akif müəllim yazıları diqqətlə oxuyur. Dəfələrlə xəbərlərimə, müsahibələrimə, reportajlarıma irad tutub. Lakin bu tənqidlərdən hər biri islahedici xarakter daşıyıb, öyrətməyə hesablanıb. Akif Aşırlı onu tanıdığım ilk gündən "Kənan mənim tələbəmdir" deyir. Mən də elə o gündən həmişə baş redaktorumu özümə müəllimlərdən biri hesab edirəm. Onun dərsləri "Şərq" in o qədər də böyük olmayan, fəqət yaradıcılıq, müzakirə dolu redaksiyasında, otağındakı iclaslarda, "planirovka"larda davam edir. Bəzən praktik qəzetçilik haqqında danışmaqla da kifayətlənmir, həm də Üzeyir bəydən, Mirzə Cəlildən, Ceyhun Hacıbəylidən... danışır. Və bu dərslər heç vaxt bitmir.
Akif müəllim öyrətməyi, izah etməyi sevən insandır. Əlbəttə, bu, eyni zamanda onun pedaqoji fəaliyyətindən irəli gəlir. Belə ki, o, bir müddət müxtəlif ali məktəblər, o cümlədən BDU- da dərs deyib. Alimdir. Mətbuatımızın banilərinin irsini, jurnalistikamızın indiyədək gəlib keçdiyi yolu araşdırıb. Və özünün qəzetçilik təcrübəsində onların irsindən də yararlanıb. Əlbəttə, belə olmasa, qəzetçiliyin getdikcə öləzidiyi bir vaxtda "Şərq" 30 ilə yaxındır fəaliyyət göstərməyi, oxucuları ilə görüşməyi bacarmazdı. Təsadüfi deyil ki, Akif Aşırlı həmişə müstəqil mətbuatın, azad sözün tərəfdarı olub. O, Məhəmməd Əmin Rəsulzadənin "O millət azad və xoşbəxtdir ki, onun mətbuatı azad və xoşbəxt olsun" fikrini, bəlkə də, peşə kredosuna çevirib.
Təxminən üç ildən sonra "Şərq" dən ayrılanda Akif müəllimin yanına getdim, halallıq istədim. "Yolun açıq olsun" dedi, uğurlar arzuladı.
"Şərq" mənim yaddaşımda daim isti ocaq olaraq qalacaq. Redaksiyadan ayrılarkən yazdığım ""Şərq"dəki son sözüm" yazısında göstərdiyim kimi, yəqin, jurnalistika karyeramın ən maraqlı, yaddaqalan dövrü məhz “Şərq”lə əməkdaşlıq illərinə təsadüf etdi: " Əvvəl dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə tanış olduq. İctimaiyyətə SOS siqnalı verdik. Hətta gündə bir insanın, o cümlədən yaxınlarımızın, əzizlərimizin ölüm xəbərini eşitsək belə, özümüzü yox, oxucularımızı düşündük. Auditoriyanı xəbərsiz qoymadıq. Sərt karantin rejiminə, hər cür çətinliyə müqavimət göstərdik. Nə vaxtsa, “Gözünüz aydın, pandemiya bitdi” başlığı ilə hər kəsi sevindirəcəyimiz ümidindən təsəlli tapdıq. Və həmin ümidimizdən ikiəlli yapışdıq...İşə əvvəlkindən daha tez getdik, daha gec çıxdıq. Əksəriyyətini bircə dəfə belə görmədiyimiz oxucularımız üçün ailə üzvlərimizin üzünü az görməyə razı olduq". Çətin olsa da, öhdəsindən gəldik. Çünki "Şərq" təkcə redaksiya deyil, həm də ailədir. Akif müəllim isə bu ailənin cəfakeş, yorulmaz başçısıdır.
Ad gününüz, yeni yaşınız mübarək, əziz müəllim!

Kənan Novruzov

12-02-2022, 22:13
]Qarabağda döyüşən Bülbüləlilər"


"Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.

Suraxanı rayonu Q. Abbasov adına Mədəniyyət Sarayında yazıçı-publisist Təranə Cəbiyeva və Qubad Bağırovun "Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xəzər Rayonu Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbin direktoru Rövşən Qasımov, Prezident mükafatçısı, şair-publisist, Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı Zərəngiz Dəmirçi Qayalı, Vətən müharibəsi iştirakçısı, "Cəsur döyüşçü", "Füzuli, Qubadlı, Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilən Hasil Hümmətov, şəhid ailələri, qazilər və digər hörmətli qonaqlar iştirak ediblər.



Təqdimat mərasimi Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad edildiyi gün söylədiyi və hər bir azərbaycanlının qəlbində əbədilik qazanan: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! - müqəddəs ifadəsi ilə başladı. Azərbaycanın varlığı, bütövlüyü yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər ensiklopedik xarakter daşıyan kitabın böyük mənəvi əhəmiyyətindən söz açdılar. Müəlliflərin şəhid və qazi adını uca tutaraq ərsəyə gətirdikləri işin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Ardınca tədbir bədii hissə ilə davam edib. 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin dilindən Yazıçı-publisist Təranə Cəbiyevanın şeirləri səsləndi. Həmçinin, həmin məktəbin şagirdi Nəzrin Dadaşova tarixi Qələbəmizə həsr olunan "Xarı bülbül" rəqsini ifa etdi. Vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında ruh yüksəkliyi yaratdı.

Sonda şəhid ailələrinə və tədbir iştirakçılarına "Qarabağda döyüşən Bülbüləlilər" kitabı hədiyyə edildi.

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
4-02-2022, 11:56
Ustadımızın Ustad yaşı


O, maarif və mədəniyyət məbədinin beşiyində böyüdü. Bu məbədin işığında müqəddəs amalı yolunda canını şamtək əritdi. Məbəd işığı onun varlığı ilə daha da nurlandı. Daxilində təmiz qəlbi, göylərdə saf ruhu bir-birinə dayaq oldu: həyatı və yaradıcılığı qəlb və ruh birliyi şəklində bugünədək mənəvi saflığını, mənəvi ucalığını qoruyub saxladı. İnsanlarla şəfqətlə davranması, həlim xasiyyəti, gözəl əxlaqı, saf qəlbi ona müqəddəs bir yol açdı. Bu, seçilmişlərin yolu idi. Bu yolda: qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, çətinliyə şükürlə, cəzaya bağışlamaqla cavab verdi.
Bu gün Yunus Əmrə kimi qəlbi Çələbin taxtı bilən, Nəsimitək Yaradanın nurunu əməllərində təcəlla etdirən Ustadımızın - BDU-nun Jurnalistika fakültəsinin Professoru Cahangir Məmmədlinin ömür təqviminin yeni ilidir. Bu gün qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan müəllimimizin xeyirxah əməllərilə Yaradana yar - bəndə olduğu gündür.
O günlər Azərbaycanın tarixi talehi ilə bərabər, həm də talehi tarixi - müqəddaratı həll olunurdu. Alman qoşununun Volqaya çıxması nəticəsində Bakı ilə əlaqə kəsilmişdi. Düşmən ordusunun Qafqaza yaxınlaşmasının acı xəbərini isə indi də sözlə ifadə etmək çətindir. İkinci dünya müharibəsinin ən qanlı-qadalı, xalqın sabaha ümidini itirdiyi bir zamanda Novruzlu kəndində öz sabahkı dərdi ilə birlikdə doğuldu Cahangir Məmmədli.
O, hər an öz dədə-baba yurduna bağlılığı, ruhunun dolaşdığı, qəlbinin xatırladığı və dilindən düşmədiyi elinə-obasına sonsuz sevgisi ilə seçildi. Hətta bu yaxında saytların birində bir daha böyük qürurla dedi: "Mənim dünyada ən əziz yerim Novruzlu kəndidir". Əlavə edərək: "Bu el Xudu Məmmədov, Rafiq Əliyev, Əli Əmirli və digər şəxsiyyətlər yetirib" - söylədi.
Bu, "mikro Vətən" (C.Məmmədli) həm də Sizi Azərbaycana yetirib, Ustad! Siz bu kəndə çörəyi yetirən torpağı, bu torpağa bərəkət gətirən yağışı, ("Beşinci fəsil" filmində doğma torpaqda Vətən yağışı altında təpədən-dırnağa qədər su içində öz fikirlərini tamaşaçıyla bölüşməyiniz yadımdan çıxmır) həmçinin göyün xoşbəxtlik və kədər damcılarını müqəddəs səmadan bizlərə bəxş edən Yaradanı sevdiniz və gördünüz. Bəli, gördünüz, bəsirət gözü ilə.
Novruzlu kəndinin kimsəsiz bir yerində böyüdünüz. Fəqət, Yaradanın sevgisi və nəzəri ilə. Atasız böyüməyinizə baxmayaraq, böyük məhəbbətlə "Ata Canı" kəlməsini Sizin dilinizdən eşitdik. Valideyn sevgisi görməsəniz belə, ancaq Vətənə, el-obaya, dosta, tələbəyə, doğma Bakı Dövlət Universitetinə olan sevginiz hər birimizə örnək oldu. Maddi-mənəvi dəstəkçiniz, Ağdamın sayılıb-seçilən ziyalılarından olan filosof Zeynal Məmmədli isminə sevginiz hər zaman qəlbinizdə yaşadı, dilinizdən xatırlandı. Heç bir zaman, hətta Ustad məqamınızda belə, bir vaxtlar Sizə dəstək olan müəllimlərin(m)izi: Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundovu… unutmadınız. Üstəlik, gənc jurnalist nəslinə də tanıtdınız.
Sizin Yaradan qarşısındakı əməlləriniz, həyatın ağrı-acısını qəlb və ruhunuzla Rəbbin qismət payı kimi qəbul etməyiniz, bizlər üçün örnəkdir. Siz Pərvərdigarın mətbuatımıza qismət etdiyi fikir, tələbələrinizə müəllim, cəmiyyətimizə isə ziyalı payısınız.
Mövlana Cəlaləddin Ruminin: "Aclığa səbr - oruc, ağrıya səbr - mətanət, insanlara səbr - xoşgörüş, istəyə səbr - dua, duyğulara səbr - gözyaşı, darıxmağa səbr - həsrət, sevgiyə səbr - eşq" fəlsəfəsini Ustad Cahangir Məmmədli ömrünün qısa xronologiyası kimi də qeyd etmək olar. Sual yarana bilər: "Nə üçün?" - Bu dəqiqə deyim. Çünki hər çətinliyə qatlaşan insanlar bədənində daşıdığı canı ilə, ərşi-gürşü xəlq edən Sübhanın öz ruhundan bəndəsinə üfürdüyü ruhu ilə, yeri - göyü Yaradana, Yaradanın yaratdığı yaradılışa - bəndəyə heç vaxt çınqır - çınqır qorranan qəlbinin göynəltisini hiss etdirməzlər. Torpaq dərd əlindən qayalaşsa da, ancaq bu böyük insanlar Yaradanın dərdini də dərman bilərlər: bu, səadət dərmanı adlanar.

Professor C.Məmmədli Jurnalistikaya, elmə, bədiiliyin yüksək mərhələsinə, hətta yazılarında boya-başa çatdığı Ağdama - Novruzluya, Vətəninə - Azərbaycana bir sözlə tüm yaradıcılığına, dünəninə və bu gününə, eləcə də sabahına fəaliyyətilə sədaqətli oldu - səadət günəşitək doğdu. Məişət xırdalıqlarından, dedi-qodulardan kənar gəzən, yaradıcılığı Vətən – xalq – el-oba idealları ilə mayalanan, məmləkətinin səadəti yolunda öz canını fəda etməkdən çəkinməyən vətəndaş - jurnalist Cahangir Məmmədli haqqında hələ o zaman "Anlamaq dərdini anlamaq səadətinə çevirən adam" başlıqlı yazı yazmışdım. Bilirik ki, Yaradana xitab şeirilə başlayan "Qutadqu Bilik" əsəri "səadət gətirən elm" mənasını verir. Bu əsəri zaman-zaman işıqlı ziyalılarımız Kamil Vəliyev, Ramiz Əsgər və Xəlil Rza Ulutürk tərcümə etmişlər. Xəlil Rza Ulutürk də xalqın səadət şairi idi. Məhz onun yazdığı "Anlamaq səadəti" şeirini də adını yuxarıda çəkdiyim yazıma əlavə edərək, Ustad müəllimimə xitab etmişdim. Sanki bu şeirdə Xəlil Rza Ulutürk Ustad müəllimimiz - Cahangir Məmmədli talehini yaratmışdı:
Mən səni duyuram, bilirəm, ustad,
İdrakın əlindən nələr çəkmisən.
Qələmdən kağıza söz yox, sətir yox,
Beyninə dağ basan odu tökmüsən.
Yaxud:
"Ən böyük dərd imiş anlamaq dərdi!" –
deyib…
İçin-için gizli yanmısan.
Dərk edə bilsəydi, dağ əriyərdi,
Sən dağdan-qayadan mərd dayanmısan.

Həqiqətən də, Ustad müəllimimiz zamanın çətinliklərinə mərdliklə, dəyanətlə sinə gərdi. Qəlbi və ruhu ilə Yaradana bağlandı. İnsanpərvərlik hissilə aşiqi-hürriyyət olmağı bacardı. Mükafatını da insanlığa hizmətdə arayaraq yüzlərlə, minlərlə tələbə sevgisini əbədi qazandı. Bütün bunların - müəllim-tələbə sevgisinin mayasında saf ruh və təmiz qəlb vəhdəti dayanır. Qəlb - mənəvi varlığın ifadəsi, ruh - müqəddəs ucalığın təzahürüdür. Bu iki cövhər Ustad Cahangir Məmmədlinin həyat kredosunu təşkil edir.
"Qəlb" və "Ruh" xeyirxahlığın, nəcibliyin... nüvəsidir. Sözlərin birliyi - ikilik, mənəvi birliyi - əkizlik yaradır.
Əziz oxucu, ürəkdən axan söz nəhrinin, fikir bəhrinin önünə sədd çəkmək istəməzdim, ancaq bu məqamda kiçik bir haşiyə çıxmağı özümə borc bildim, bunu mövzudan kənara çıxmaq kimi qəbul etməyin. Bu kiçik fikirlər oxucu və müəllif qəlbinə uzanan işığı zəiflətməyəcək, əksinə, daha da gurlaşdıracaq, çünki mövzumuza təkan verir. Təki anımız - təkanımız qəlb və ruh bağlılığı ilə keçsin.
Kolumbiya Universitetinin professoru Kelli Hardinq qeyd edirdi ki, iş yerində, məktəbdə və evdə şəfqətli olmaq insanın özünü və başqalarının xeyirxahlıq duyğusunu inkişaf etdirir. Beləcə, ali hissin toxumları ətrafa yayılaraq insanlara "yoluxur": İnsan daxilində var olan, ancaq varlığı bilinməyən insanlıq duyğusunu "oyadır".
Təbəddülatlı dünyada bəzi məqamlar birmənalı qarşılanmasa da, ancaq böyük bir dövlətə uzun illər başçılıq etmiş B.Obamanın sözləri yarımçıq insanlara, yarı yolda olanlara, yarım qalan fikirlərə tamlıq bütövlük gətirir: "Yaxşılığın, mərhəmətin, xeyirxahlığın zəifliklə heç bir əlaqəsi yoxdur".
Rus qələm adamlarından biri cəmiyyətin mənəvi və fiziki qeydinə qalan böyük (sözün hər mənasında) Anton Çexov haqqında yazırdı: "Xalqımızın ən gözəl oğulları təvəzökar olublar. Onlar özünü tərifləməklə, özgəyə gülməklə, özlərini başqa adamlara misal çəkməklə məşğul olmurdular".
Çexovun əsərləri, hekayə və yazıları ilə Cahangir Məmmədli yaradıcılığı arasında kəsişən bir xətt var. Bu kəsişmə: İnsan qəlbindəkiləri hiss etmək, ruhun ağrı-acılarını duymaq, yüksək alicənablıq, cəmiyyətdə barışdırıcı mövqe, bir sözlə mənəvi dərinliyə varmaq və bu dərinlikdə var olmaqdan irəli gəlir. Çexov bir həkim kimi, bir yazıçı kimi, Cahangir Məmmədli də bir vətəndaş kimi, bir jurnalist kimi bilirdi: Cəmiyyət daxilində mütləq barışıq olmalıdır. Hər iki insanın qələmi qarışıqlıqdan uzaq, qar işığı qədər parlaq idi.
Cahangir Məmmədli haqqında xoş sözlər çox eşitmişdim. Ancaq dahilərin bir sözü var ki, səmimiyyəti hiss etmək üçün mən öz gözlərimə inanıram, nəyinki eşitdiklərimə. Həqiqətən də Cahangir Məmmədlini tanımaq və onun nəcibliyinə, səmimiyyətinə bürünmək insanı bir ömür boyu xoşbəxt edir. Bu məqamdaca gəlin C.Məmmədlinin "Universitet yolumun ilk çırağı: professor Firidun Hüseynov" başlıqlı yazısından bir hissəyə nəzər salaq: "İnsan taleyinin qəribə anları olur. Bəzən bir anın, bir dəqiqənin hansısa hökmü bütöv bir ömrün, bütöv bir həyat yolunun dönüş nöqtəsi olur və bu nöqtə səni zamanın sınaqlarından çıxarıb, sonunda təmiz dünyaya qovuşdurur". Biz də Cahangir Məmmədlini tanımaqla, təmiz dünyanın xoşbəxt sakininə çevrildik. Bu xoşbəxtlik isə bir an deyil, bir ömür boyu bizimlədir.
Bu xoşbəxtliyə gedən yol 1 Avqust 2019 -cu ildə baş tutan qabiliyyət imtahanı ilə başladı. Düzü, mən də Cahangir Məmmədlinin "Jurnalistikanın müasir inkişaf meylləri" kitabı vardı. İmtahan zamanı "İnformasiyanın həyatımızda rolu" mövzusunu seçdim. Bundan iki gün öncə isə adın qeyd etdiyim kitabdan "İnformasiya janrları" haqqında oxumuşdum. Əlqərəz. Beləcə, bir neçə gündən sonra qabiliyyət imtahanının ən yüksək balla qalibiyyət sevincini yaşadım. Elə buradaca qara üzlüklü kitabımızın ağ səhifələrinə təşəkkür edirəm. C.Məmmədli demişkən: “Hər nə varsa kitabdan başlayır”- müəllimimin icazəsilə fikirlərinə əlavə edərək deyərdim: “Elə kitabla da davam edir”.
Elm adamlarından biri deyirdi ki, müəllim dərsə və ya auditoriyaya daxil olanda tərləyib çıxmalıdır. Bu fikir Cahangir Məmmədlinin dərs zamanı auditoriyada yorulmaq bilmədən ayaq üstə mühazirə deməsində, hər tələbə ilə fərdi işləməsində və dərsdən sonra da tələbələrə can yandırıb onlara zaman ayırmasında öz təsdiqini əyani şəkildə tapır. Ustad müəllimim dərsdən sonra yazılarımı oxuyur və düzəlişlərini edirdi. Hər dəfə mütləq mənə qəzet və kitab hədiyyə edirdi. İndi də o qəzetlərdən, kitablardan yararlanıram. Cahangir müəllimlə istər imtahan öncəsi, istərsə də hansısa bir yazı haqqında saatlarla telefonla danışırıq. Bir də heç zaman mənim sosial şəbəkədə yazdığım statusları - yazıları cavabsız qoymur.
Cahangir müəllim fikir adamıdır, həm də bu fikirlərini tanıdıqları ilə bölüşəcək qədər mərd adamdır. "Ən nadir mərdlik, fikir mərdliyidir." (Anatol Frans) Çalışır ki, tələbə öyrənsin. O, bu gün bütün canı və qanı ilə tələbələrə yorulmadan, usanmadan təhsil xəzinəsinin qapılarını elm açarı ilə açmağı öyrədir. Qəlbinin isti qanı ilə, ruhunun istiqanlığı ilə hər məsələyə doğma valideyn kimi, əziz dost kimi münasibətin bildirir. Yazı əsnasında dəfələrlə qeyd etdiyim kimi: Bütün bunlar ruh və qəlb işidir.
Verilişlərin birində sevimli şairimiz Nəriman Həsənzadə görkəmli yazıçı, alim, müəllim Mir Cəlal Paşayev haqqında belə bir fikir söylədi. Sitat: "Cəlal müəllim mənim kiçik bir şeirimə, mətbuatda çıxan yazıma elə qiymət, elə dəyərli fikirlər söyləyirdi ki, bu qiymət məni ruhlandırırdı". Bütün bu məziyyətləri Cahangir müəllimdə də görürük. O da eynilə böyük ədibin sevimli şairə göstərdiyi səmimiyyəti biz tələbələrinə göstərir. Səmimiyyət heç vaxt saxtalığı, riyakarlığı, bəsitliyi, natamamlığı, qəbul etmir. Səmimiyyət üzdən, gözdən göründüyü kimi əməldə də daim təzə libas kimidir.
Cahangir Məmmədli öz daxilində həmişə mənəvi ucalığı, ülfəti, saflığı hifz edib, qoruyub saxladı. Ani bir xoşbəxtliyi ruhunu və qəlbini uca tutan əzabdan üstün bilmədi. Belə olan halda insanın ruhu da, qəlbi də saflığa köklənir: Qəlbin sarı simi, ruhun ağ simi kökdən düşmür, həmahəngliyini… itirmir.
Əbdürrəhim bəy Haqverdiyevin məşhur hekayələrinin birində şeyda bülbül tardan çıxan səsdən ehtizasa gəlib özünü alətə çırpır. Bunlar hamısı ruhla, qəlblə bağlı məsələdir. İstənilən alimin, sənət adamının və ən sadə insanın belə qəlbi, mənəvi aləmi zəngin deyilsə, o heç vaxt istər yaradıcılıq əsərlərində, istərsə də özünü ifadə tərzində mənəvi ucalığa yüksələ bilmir. Hətta hürufiliyə görə kamil insanın bütün müsbət keyfiyyətlərini daşıyan Nəyimi də Həzrəti Adəmin ruhunun daşıyıcısıdır. Nəsiminin özü də böyük Ustadı Fəzlullah Nəyiminin saf mənəviyyatının daşıyıcısı idi. Nəsimi öz şeirlərilə əsrarəngiz böyük bir fəlsəfi, poetik, qeyri-adi səslənən fikirləri yaradıcılığına gətirdiyi kimi doğruluq, dürüstlük, saflıq kimi ruhi- mənəvi keyfiyyətlər ruhun daşıyıcısı olaraq müəllimdən tələbələrinə keçir, ötürülür. Əbəs yerə deyildi ki, Nəsimi müəllimi Fəzlullah Nəyimi haqqında deyirdi ki, o, "haqqın məzhəridir" – əlbəttə, özündə də ondan mütləq bir zərrə daşıyır.
Bir neçə il bundan öncə Şəkidə ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirildi. Açıq havada, güllü-çiçəkli məkanda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray”da nümayişi zamanı yerli, həbelə əcnəbi qonaqların diqqətini çəkən və hər kəsin marağına səbəb olan nadir hadisə baş verdi. Leylinin ifası zamanı ağ göyərçin səhnənin yaxınlığında dayanaraq dahi Nizami sözünün qüdrətinə, Üzeyir bəyin musiqisinin ruhuna sanki səcdə qılaraq ecazkar musiqini dinlədi və ifa tamam olandan sonra pərvazlanıb səmaya qalxdı. Bu az təsadüf olunan hadisə hamının diqqətinə, marağına və heyrətinə səbəb oldu. Baxın, bütün bunlar dəfələrlə qeyd etdiyimiz kimi, gözlə görünməyən ruhun daşıyıcısıdır.
Ədəbiyyatımızın söz mülkünün sultanı - Nizami, qiymətli gövhəri - Nəsimi, qəlb və ruh şairi isə Füzulidir. Yazının sonuna yaxın qəlb şairi Füzulinin adını heç də təsadüfi çəkmədik. Çünki dahi şairimizin yaradıcılığının qayəsi olan: pak hisslər, qəlblərə münəvvərlik, saf məhəbbət, yüksək mənəvi zövq, insani ləyaqət, etibarlılıq və ən əsası güclü əxlaq özünü məhz Cahangir Məmmədli həyatında və yaradıcılığında sözün tam mənası ilə təcəlli etdirir.
Qəlbi nurla nurlanan, ruhu saflıqla saflanan Ustadım - Cahangir Məmmədli, ustad yaşınız mübarək olsun. Bu yaşın 8 rəqəmi həm də sonsuzluğa işarədir. Bu, tələbənin müəlliminə olan sonsuz sevgisinin rəqəm təzahürüdür. Ustad, sizə sonsuz xoşbəxtlik, sonsuz sağlıq və ömrünüzə sonsuz bərəkət arzu edirəm.
Yaxşı ki varımızsınız! Varlığınız mübarək!
Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Redaksiyadan: Cahangir müəllim bizə ilk dərsi keçəndə indiki yaşının yarısındaydı. Elə onda da tələbələrinə eyni sevgi, eyni hörmətlə yanaşırdı. İlk gündəncə bizə tələbə kimi yox, həmkar kimi yanaşırdı və bu yanaşmanın cavabını daha çox sevgiylə alırdı. Müəllimimizi yaradıcı kollektivimiz adından da təbrik edirəm. Mən tanıdığım dövrdən sonrakı ömrünü səksənə çatdırmasını arzulayıram!
Dərin ehtiramla: Tamxil Ziyəddinoğlu
31-01-2022, 11:28
Paytaxtın bu məktəbində distant tədrisin müddəti UZADILDI

Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti 7 gün uzadılıb.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.

Bütöv.az
28-01-2022, 16:41
Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid

Azərbaycanda təhsilin zəif olması, müəllim-şagird davranışlarının düzgün qurulmaması, məktəblərdə pul yığılması, direktorların hegemonluğu, qəbul edilməsində validyenlərin çətinlik çəkdiyi “Valideyn, Müəllim Assosasiyaları” (VMA) və s. və ilaxır zaman-zaman sosial şəbəkələrin qınaq obyektinə çevrilib.

Misir Mərdanov dövründən ölkədəki təhsili nazirin acınacaqlı duruma saldığı iddia edilsə də, nazirlər dəyişdikcə vəziyyətin daha da ağırlaşması, elə ən yaxşısının Misir Mərdanov olduğunu sübut edirdi. Nazirlər dəyişdi, amma nə məktəblərdə pul yığımının qarşısı alındı, nə təhsilin səviyyəsi yüksəldi. Əksinə, məktəblərə elə əvvəldən naqis olan müəllim-şagird münasibətləri bir qədər də acınacaqlı vəziyyət aldı. Bu gün də həmin vəziyyətin şahidi oluruq.

Əvvəlcə məktəb direktorlarından danışaq. Bu vəzifəyə direktorlar təyin edilərkən təkcə savadı, iş təcrübəsi, ona himayədarlıq edən şəxslər və yaxud bu vəzifəyə təklif etdiyi vəsait deyil, insanlığı nəzərə alınmalıdır. Amma təəssüf olsun ki, bu gün məktəb direktorlarının necə təyin edilməsi cəmiyyət üçün sual altındadır. Məsələn, təqaüd yaşı çatmış, ömrünün qalan hissəsini nəvələri ilə keçirməli olan biri əsəblərinə necə sahib olub başqasının uşağının nazını çəkə bilər ki? Məktəb direktorları təyin edilməzdən öncə, onların psixikası da xüsusi komissiyalar tərəfindən yoxlanılmalıdır. Əks halda, vay o məktəbin də, uşaqların da halına.

Etiraf edək ki, bu gün məktəb direktorlarının bəziləri sanki “verdiyi pulu yığmaq” prinsipi ilə çalışır. Müəllimlərə pul yığımı ilə bağlı verilən əmr və tapşırıqlar, danışıq və davranış tonu bunu bir daha sübut edir. Bəzən məktəb direktorları həddi o qədər aşır ki, adi qonşuluq qaydalarında belə əmrlə danışır, sanki məktəbdə işçilərinə əmr edirlər. Şəxsən mən elə birisini tanıyıram. Direktorun dəfələrlə pul yığması barədə mətbuatda məlumatlar yer alsa da, təqaüd yaşını keçsə də, nazirlik direktora “gözün üstə qaşın var” deməyib. O da, sağ olsun, təkcə məktəbdə deyil, həyatda da özünü elə aparır ki, sanki “burda odur, Bağdatda kor xəlifə”...

Və yaxud VMA-lardan danışaq. Deyirlər ki, bu ictimai təşkilatdır və hər kəs bura könüllü şəkildə üzv ola bilər. Könüllü şəkildə üzv olanlar da, könüllü şəkildə pul ödəyirlər. Ancaq nədənsə, bu könüllülük prinsipi bəzi məktəblərə valideynlərin işgəncəsinə çevrilib.

Yığılan məbləğ il üçün böyük olmaya bilər (100-150 manat ). Amma bu məbləğin hara xərcləndiyi valideynlər üçün hər zaman sual olaraq qalıb. Məsələn, hər bir valideyn düşünür ki, ölkədə 9 illik tısil məcburidir və mənim övladım 9-cu sinifə qədər pulsuz oxumalıdır. Belə olan halda mən niyə pul ödəməliyəm? Hə, istədiyim müəllim üçün onun davranışına görə, kiçik hədiyyə ala bilərəm. Amma hara xərclədiyini bilmədiyim bir quruma niyə pul verməliyəm? Belə vəziyyətlə özüm də 3 il əvvəl qarşılaşmışdım.

Və yaxud məktəblərdə müəllim-şagird davranışlarının düzgün qurulmaması məsələsi. Düzdür, müəllimin işi ağırdır, bu danılmazdır. Təsəvvür edin ki, bir sinifdə 30 şagird varsa, bu 30 müxtəlif ailə deməkdir. Və hər ailənin təlim-tərbiyəsi də müxtəlif olduğu üçün müəllim müxtəlif xarakterli uşaqlarla ünsiyyətdə olmaq çətinliyi ilə üz-üzə qalır. Və əgər müəllimin həyatında, şəxsi problemləri varsa, bu müxtəlifliyə dözüm nümayiş etdirə bilmir. Ya arsızlaşıb, hər şeyi buraxır, saatın keçməsini gözləyir, ya da zorakılığa əl atır. Şəxsi həyatında problemi olmayan bir qisim isə uşaqlarla normal davrana bilir.

Bu baxımdan müəllimlər də işə götürülərkən verdikləri imtahanlarla yanaşı, psxixoloji müayinədən keçirilməlidir. Psixi problemləri olan, zorakılıq nümayiş etdirən müəllimlərdən uşaq ancaq aqressiyanı öyrənə bilər.

İndi isə keçək, hörmətli nazir Emin Əmirullayev cənablarına... Gənc, potensiallı olduğu iddia edilən nazirin dəfələrlə brifinqlərinə, onun jurnalistlərlə davranışlarına nəzər salanda elə hiss edirsən ki, yuxarıda qeyd etdiyim məktəb direktorları bu nazirin “əlindən su içib”...

Hörmətli nazirimiz deyir ki, “onun vaxtında da məktəblərdə pul yığımı olub”. Yəni, bu problemi o da yaşayıb. Əvvəllər pul yığımı "pərdəli" aparılırdısa, nazirin bu açıqlamasından sonra təhsilimiz "örtülü bazardan açıq bazara" keçib.

Əgər bu problem nazir özü məktəbli olanda da görübsə, niyə qarşısını almır?
Məktəblərdə yaşanan problemlər yalnız sosial şəbəkələrə düşdükdən sonra həllini tapır. Axı, niyə nazirimiz şəffaf və xüsusilə qeyd edim ki, rüşvətxor olmayan insanlardan təşkil edilmiş bir komissiya yaradıb anidən məktəblərə göndərmir?
Niyə axı məktəblərə komissiya gələcəyi zaman hər kəs bir-birinə “bu yaxınlarda komissiya olacaq, diqqətli olun” deyə xəbərdarlıq edə bilir?
Niyə axı gələcək komissiyadan direktorlar xəbərdar olub, xüsusi "süfrə" açır və hətta gələn "qonaqların" cibinə doldurmaq üçün “nəsə də” hazırlayır?
Ən son isə nazirliyin mətbuat xidmətinə nəzər salaq... İllərdir ki, nazirlər dəyişilsə də, mətbuat xidmətində işçilər yenilənmir. Məsələn, əvvəllər biz deyirdik ki, Bayram Hüseynzadə suallarımıza cavab vermir, sanki nazir budur... İndi isə... Bayramlarda neçə manatlıq hədiyyə kartı və bir dəstə güllə jurnalist kütləsi yığan mətbuat katibi təhsildə olan çatışmazlıqları ört-basdır etməyə çalışır. Hər hansı bir neqativ hal olduğu zaman ancaq öz ətrafında olan jurnalistlərə açıqlamalar verib yazdırır. Əllərində olsa, Azərbaycan təhsilində baş verən neqativ hadisələrin hamısının Papua Yeni Qvineyada olduğunu iddia edərlər. Necə ki, nazirlik az əvvəl Xətai rayonu 165 saylı məktəbdə baş verənlərin "Azərbaycanda baş vermədiyini" bildirmişdi.
(Bizimyol.info)

Bütöv.az
28-01-2022, 11:26
Səs yazısı yayılan məktəb direktorundan açıqlama

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova müəllimdən rüşvət istədiyini sübut edən səs yazısı ilə bağlı açıqlama yayıb.

Direktorun "AzPolitika.info"-nun elektron poçtuna daxil olan açıqlamada deyilir: "Məktəb direktoru olaraq rüşvət istəməyimlə bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edirəm, neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm.

Məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib) “Facebook”da etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir.

Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət Məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır.

Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə, hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir, onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdır, qərəzdir”.

Xatırladaq ki, Təhsil Nazirliyi müəllimi təhdid edən və ondan rüşvət tələb edən direktoru hələ də cəzalandırmayıb.

Bütöv.az
26-01-2022, 13:58
Laçın təhsilində nə baş verir?

Azərbaycan təhsilində son illər ciddi islahatlar, struktur və kadr dəyişiklikləri aparılsa da bu sahədə təəssüflər olsun ki, hələ də ciddi problemlər qalmaqdadır. Təhsil sesitemini xərçəng kimi sarmış korrupsiya elementləri, nizam-intizamsızlıq hökumətin apardığı strateji siyasətə zidd olaraq bəzi müəssisələrdə tüğyan etməkdədir. Əfsuslar olsun ki, belə neqativ hallar daha çox əyalətlərdə, xüsusən də məcburi köçkün olan rayonlara aid təhsil ocaqlarında geniş yayılıb.

Bütöv.az AzFakt.com-a istinadən xəbər verir ki, korrupsiyanın inkişaf etdiyi təhsil müəssisələrindən biri də Laçın rayon Təhsil idarəsinin nəzdində fəaliyyət gösətərən İ.İ.Quliyev adına Fingə kənd tam orta məktəbidir.

2014-cü ildə o zamankı Təhsil naziri Mikayıl Cabbarovun “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın təsdiqi barədə imzaladığı 645 saylı əmrdən Laçın rayon Təhsil Şöbəsində öz məqsədləri üçün yararlanan qrup mövcuddur.

Belə ki, Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovla rayonun Fingə kənd tam orta məktəbinin direktoru Habil Abduləzimov "fərdi təhsil bazarı" yaradıblar.

Məlumata görə hazırda İ.İ.Quliyev adına Fingə kənd tam orta məktəbində saxta olaraq 40-dan artıq şagird təhsil alır.

Maraqlıdır ki, bu şagirdlərin fərdi təhsil almaqları üşün tələb edilən tibbi arayışlar isə qonşu rayonlardan alınıb.

Məktəbdə rəsmi sənədlər üzrə təhsil alan 40-dan artıq şagird üçün isə fövlət büdcəsindən hər ay ayrılan külli-miqdarda vəsaitlər isə rəhbərlik tərəfindən mənimsənilir.

Laçın rayon Təhsil Şöbəsinin müdiri ilə Fingə kənd tam orta məktəbinin direktoru Habil Abduləzimovun təhsildə açdıqları "bazar" fərdi təhsillə bağlı etdikləri maxinasiya ilə yekunlaşmır.

Şöbə müdiri ilə mktəb direktorunun digər "proyektləri" dərnəklərlə bağlıdır. Burada da ciddi yeyintilərin olduğu iddia edilir.

Qeyd edək ki, Nicat Həsənob 2016-cı ildən Laçın rayon Təhsil şöbəsinin müdiridir.
25-01-2022, 13:07
10 MİNLƏRLƏ ŞAGİRDİ SAXTA MƏLUMATLARLA "ZƏHƏRLƏYƏNLƏR" KİMLƏRDİR?

“Sözügedən dərsliyin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Bundan sonra həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.

Bu iki cümləlik açıqlama Təhsil Nazirliyinin 4-cü siniflərin rus dili dərsliyindəki 20 yanvar faciəsinin saxtalaşdırılmasına verdiyi reaksiyadır. Dərsliyin hazırlanmasında iştirak edən Təhsil Nazirliyi, “Şərq-Qərb” nəşriyyatı və müəlliflər heç nə olmamış kimi, cəmiyyətin haqlı etirazına məhəl qoymurlar.

Xatırladaq ki, həmin kitabın 20 yanvar hadisələrinə aid hissəsində Sovet ordusunun Bakını işğal etməsi real işğal, təcavüz faktı yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib.

Şəhidlərinsə guya Sovet əsgərləri ilə AXC “döyüşçüləri” arasında gedən atışma nəticəsində həlak olduğu göstərilir: “Sovet ordusu Xalq Cəbhəsini dağıtmaq və hakim partiyanın hakimiyyətini xilas etmək üçün Bakıya hücum edib. Əsgərlərlə Xalq Cəbhəsinin döyüşçüləri arasındakı küçə döyüşlərinin gedişində dinc vətəndaşlar həlak olub…”

Hazırda ölkədə 340 rus məktəbində 130 minə yaxın şagird təhsil alır. Hər il 15 minə yaxın uşaq bu məktəblərdə 1-ci sinfə gedir. Kiçik bir hesablama nəticəsində bu kitabdakı saxta informasiyanın nə qədər şagird tərəfindən oxunduğunu bilmək olar.

Haqqında bəhs olunan kitab 2019-cu ildən tədris edilir. Hər il təqribən 15 min şagirdin 4-cü sinifdə təhsil aldığını nəzərə alsaq, 3 il ərzində 50 minə yaxın şagirdə 20 yanvar faciəsi ilə bağlı saxta, yalan bilgi verildiyi məlum olar. Təcrübədə sübut olunub ki, insanların uşaq vaxtlarında oxuduqları kitablar onların yaddaşına həkk olunur və həqiqət olaraq qəbul edilir.

Qeyd edək ki, təhsil müəssisələri üçün dərsliklərin hazırlanması, təsdiqlənməsi və nəşri qaydaları Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli qərarı ilə təsdiq olunub. Bu qərara əsasən, hazırlanan dərsliklər inkişafyönümlü, dəyəryönümlü, tərbiyəyönümlü olmalı və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini qarşılamalıdır.

Dərsliklərin ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün Təhsil Nazirliyi tərəfindən qrif verilməli, yəni təsdiqlənməlidir. Təhsil Nazirliyi dərsliyi yoxlamaq və qiymətləndirməni həyata keçirmək üçün bu sahədə ən azı 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan 3 nəfər mütəxəssis cəlb edir. Dərslik 2 ay ərzində yoxlanılır və 100 ballıq şkala əsasında, müxtəlif meyarlar üzrə qiymətləndirilir. Daha sonra Nazirlik tərəfindən təsdiq olunmuş dərsliklər 5 tədris ili ərzində istifadəyə yararlı hesab olunaraq təhsil müəssisələrinə göndərilir.

Burdan aydın olur ki, dərsliyi yoxlayan və təsdiqləyən Təhsil Nazirliyi olduğundan, əsas məsuliyyət də bu qurumun üzərinə düşür. Belə çıxır ki, bu 3 mütəxəssis ya dərsliyi oxumadan təsdiqləyiblər, ya da bu rüsvayçı nöqsana bilərəkdən göz yumublar.

“Şərq-Qərb” nəşriyyatına gəlincə, bu qurumun AMEA prezidenti Ramiz Mehdiyevə məxsus olduğu bildirilir. Burada Təhsil Nazirliyinin rus dilində dərsliyin hazırlanması üçün bu nəşriyyatı seçməsi də olduqca maraqlı faktdır.

Qeyd edək ki, dərsliklərdəki nöqsanlarla bağlı qanunvericilikdə heç bir cəza tədbiri, sanksiya nəzərdə tutulmayıb.

Hüquqşünas Ceyhun Yusifov “AzPolitika.info”-ya bildirib ki, burada əsas cəzalandırma mexanizmi ictimai qınaqdır: "Hesab edirəm ki, dərsliklər hazırlanan zaman xüsusi komissiya yaradılmalı və bu işə nəzarət olunmalıdır. Komissiyanın müsbət rəy vermədiyi dərslik nəşr edilməməlidir. Digər bir məqam odur ki, dərsiyi yazanların da gərək vətəndaşlıq mövqeyi, milli ənənələrə bağlılığı yüksək səviyyədə olsun”.

Dərsliyin müəlliflərinə gəlincə, Bela Nuriyeva və Nigar Mustafazadə Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli orta məktəbin ibtidai sinif müəllimləridir. Hər iki müəllim Təhsil Nazirliyinin böyük diqqət göstərdiyi, “əl üstündə tutduğu” müəlimlərdəndir.

1968-ci ildə Bakı şəhərində anadan olan Bela Nuriyeva 1994-cü ildə Rusiyanın Omsk şəhərindəki OMSK dövlət universitetinin ibtidai təhsilin metodikası fakultəsini bitirib.

O, 2008-2013-cü illərdə Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2009-cu ildə isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Nigar Mustafazadə də Təhsil Nazirliyi tərəfindən müxtəlif vaxtlarda mükafatlar, təşəkkürnamələr və hədiyyələr alıb. N.Mustafazadə 2013-2014-cü illərdə keçirilmiş “Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərindən olub və 5 min manat mükafat alıb.

Qeyd edək ki, Bela Nuriyeva və Nigar Mustafazadə 2021-ci ilin iyunun 24-də adlarının ilk iki hərflərini birləşdirərək, “BENİ” tədris mərkəzi təsis ediblər. Bu mərkəzdə müəyyən məbləğ qarşılığında 5-7 və 8-11 yaşlı uşaqlara rus dili dərsindən hazırlıqlar keçirilir. Görəsən, dərslikdə ciddi nöqsana yol verən bu müəllimlər, tədris mərkəzində də 20 yanvar faciəsini uşaqlara təhrif edilmiş formada çatdırırlar?

Problemlə bağlı Təhsil Nazirliyinə bir daha müraciət edərək konkret suallar ünvanladıq: “Dərsliyin nəşri üçün müsbət rəy verən ekspertiza qrupu ilə səhvin necə baş verdiyi araşdırılıbmı? Pedaqoji qurum bu kitabı neçə balla qiymətləndirib?”

Qurumdan aldığımız cavab həmişəki kimi iki cümlədən ibarət oldu: "Dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir. Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar qiymət verir. Dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün tims.edu.az saytında yerləşdirilir. Sözügedən dərsliyin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.

Bütöv.az
20-01-2022, 13:49
Ramiya İmranqızının ədəbi dünyası

Məryəm İmanova,
BDU Jurnalistika fakültəsinin II kurs tələbəsi

Ramiyə İmranqızı (İskəndərzadə Ramiyə İmran qızı) 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetini (BDU) bitirib. Elm və mədəniyyətə çox böyük dəyər verən Ramiyə İmranqızı 2003-cü ildə "Azərbaycanın qadın aşıqları" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ramiyə xanım bir tədqiqatçı kimi apardığı dəyərli elmi araşdırmaları qadın aşıqlarımıza verilən ən böyük dəyərdir. Digər tərəfdən, Ramiyə xanımın özünün də satirik istedadı bu elmi tədqiqat işinin yüksək səviyyədə ərsəyə gəlməsinə təkan vermişdir. "Ömür bir karvandır" seçilmiş şeirlər kitabı ədibin yaradıcılığının bir hissəsini təşkil edir. Oxuculara təqdim olunan bu kitabda müəllifin qəlbləri oxşayan gözəl şeirlərlə birlikdə, onun topladığı və dahilərin dediyi müdrik kəlamlara da yer verilir.
Filoloqun şeirlərinin böyük hissəsini bizi dünyaya gətirən müqəddəs varlığa- anaya həsr edib.

Onun "Ana" şeirindən:

"Gəl, öpüm mən sənin o ağ saçından,
Mənə pay vermisən sən öz yaşından.
Gecələr yatmayıb böyütdün məni,
Gözlərim rəng aldı qara saçından"
O, öz anasının timsalında digər anaların övladları uğrunda çəkdiyi əziyyəti vurğulayır. Saçlarını övladı yolunda ağardan, öz varlığı ilə ümid olan, ömrünü ona həsr edən analar...
Onun "Anamı düşünərkən" şeirindən:
"Yəqin, görüşərik səninlə bir gün,
Sənsizlik ürəyimi üzdü büsbütün!
Onda sarılarıq bir-birimizə,
Allah da son qoyar həsrəti bizə!"

Hər misrası ürək ağrıdır. Xanım bu şeirləri ilə oxucuları valideynlərinə elə sağ vaxtı hörmət bəsləməyə çağırır. Bizi onların qədrini dünyadan getmədən bilməyə səsləyir. Çünki bu zalım zaman onları bizdən alanda insanın lap canından can ayrılır.
Özü kimi yetişdirdiyi övladları da ziyalı, öz sözünü demiş insanlardır. O, bütün əsgər analarının səsi kimi çıxış edərək mükəmməl şeirlər ərsəyə gətirmişdir.
"Oğul" şeirinə nəzər salaq:

''Tökülsə də, qanın o yurd yerinə,
Qoyma, Vətən oğlu, qəddin əyilə!
Düşmən məğlub olub məhv olan günə,
Ağ qoçu qurbanlıq bağlaram, oğul!"
Ramiyə xanımın bu misralarından aydın olur ki, sonu ölüm belə olsa, düşmən məhv edilməlidir.
"Namusun, qeyrətin qoy coşsun sənin,
Düşmən əlindədir neçə qız, gəlin.
Qanını almasan, sən şəhidlərin,
Axirət evində yanaram, oğul!"

Yuxarıda gətirdiyimiz nümunələrdən yola çıxaraq deyə bilərik ki, Ramiyə xanım bu gün müasir Azərbaycan ədəbiyyatında özünün orijinal üslubu ilə fərqlənən ədiblərdəndir. Düşünmək olar ki, müəllif gələcəkdə Azərbaycanda ədəbiyyatına daha böyük töhfələr verəcək.
Vətənpərvərlik mövzulu şeirləri ilə ictimai şüuru formalaşdıracaq.

Bütöv.az
18-01-2022, 10:24
Rektor Elçin Babayevin həyat yoldaşı üsyan etdi: "Fəsadlarını gizlədirlər"

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin həyat yoldaşı Yazgül Abdıyeva bəzi həkimlərin TV proqramlarına çıxmasına etiraz edib.

Y.Abdıyeva bu barədə öz feysbuk hesabında paylaşım edib. O, bəzi tibb mütəxəssislərinin televiziya proqramlarına çıxmamalı olduğunu qeyd edib:

“Hörmətli həmkarlar! Azərbaycanımızın çox dəyərli həkimləri var. Həkim adı ülvi və təmiz bir ziyalı adıdır. Bu dəyəri hər zaman qorumaq lazımdır !

Son illər (xüsusilə özəl sektorlarda) artıq bəzi təcrübəsi olmayan və xəstəsi olmayan həkimlər üz tuturlar şou tv proqramlarına. Yaxşı və dəyərli həkimlərin şou oyunlarında reklama ehtiyacı yoxdur!

Bu artıq dəb halını alıb. Bu şou reklam sayəsində bəzi həkimlərə çox xəstə sayı gəlir. Sonda nə qədər xəstələrdə fəsad törədərək təcrübə yığırlar. Sonra cəmiyyətdə belə insanlar özünə vurulma xəstəliyinə tutulurlar. “Məndən savadlı həkim yoxdur”, deyə özünə qarşı yüksək qiymətli ideya fikri ilə artıq şan şöhrət xəstəliyinə tutulurlar, digər həkimləri bəyənmirlər. Fəsadlarını gizlədirlər. Olmaz belə, onlar həm özlərini, həm də xəstələri aldadırlar(xüsusilə də bəzi təcrübəsiz göz həkimləri-oftalmoloqlar belə etməməlidirlər). Bu məsələləri Səhiyyə və TƏBİB rəhbərliyi ciddi nəzərdən keçirməlidir”, -deyə paylaşımda qeyd olunub.(Sfera.az)

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!