Bakıda “Gənc nəsil alkoqolizmə YOX deyir” adlı layihənin təqdimatı olub. Butov.az-ın SİA-ya istinadən məlumatına görə, layihə Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Avropaya İntqerasiyası Təşkilatı (AGAT), Etika Akademiyasının təşkilati dəstəyi ilə baş tutub. Layihə rəhbəri Fidan Əliyeva bildirib ki, əsas məqsəd gəncləri və yeniyetmələri bu zərərli vərdişdən çəkindirmək və onlara alkoqolun ziyanları haqda maarifləndirici məlumatlar verməkdir. O qeyd edib ki, layihə çərçivəsində bu tip görüşlər təşkil ediləcək: “Bu gün təəssüflər olsun ki, alkoqolun təsirinə düşərək ona meyl edən şəxslər var. Çox istərdim ki, bu tip gəncləri olduqları yanlış yoldan çəkindirək. Ümid edirəm layihəmiz tuşladığı hədəfə doğru nə isə edə biləcək”.
Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, daha yaxşı olardı ki, gənclər alkoqolun ziyanlarını maarifləndirici tədbirlər vasitəsilə də bilsinlər: “Hamımız çox yaxşı bilirik ki, alkoqol və içki aludəçisi olan insanlar özlərini həm də etik davranış cəhətdən arxa plana buraxırlar. Çünki, bu növ insanlar sanki cəmiyyətdən təcrid olurlar. Buna səbəb isə onları bu zərərli vərdişə qurşanmalarıdır. Çox istərdim ki, cəmiyyətdə bu cür gənclər olmasın. Bu cəhətdən, sözügedən layihə, fikrimcə, nə isə etməyə qadirdir”.
Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev qeyd edib ki, bu cür layihələr çox olarsa təbii ki, gənclik də zərəli vərdişlərin insanı uçuruma apardığının fərqinə varacaq: “Çünki, bunun haqda məlumatı olmayan gənclər var. Onlar hansısa problemdən yayınmaq üçün alkoqol qəbul edirlər. Ancaq bilmirlər ki, bu daha da onların problemini artırır. Biz də Fond olaraq, hər zaman bu tip layihələrin keçirilməsini dəstəkləyirik”.
Psixoloq Fidan Azərqızı isə alkoqolun psixi cəhətdən açdığı problemlərdən danışıb. Psixoloq fərz edir ki, bunun üçün ilk maarifləndirməni gənclərin və yeniyetmələrin ailələrindən, valideynlərindən başlamaq lazımdır: “Çünki, bəlkə valideyn də bu vərdişin onun övladını uçuruma aparacağını bilmir. Bəlkə də, düşünür ki, övladı bunu nə zamansa tərgizər. Ancaq insan alkoqola qurşandıqca ona daha da aludəçi olur. Bundan sonra isə o istəsə də bunu tərgizə bilmir. Həmçinin, yaddaş pozğunluqları və mənəvi böhran yaşamağa başlayır. Təbii ki, belə olan halda da, bunun müalicəsi çox çətinliklərə olur. Ancaq təbii ki, istədikdən sonra alkoqoldan qurtulmaq mümkündür”.
AGAT sədri Nərgiz Xələf isə deyib ki, çox zaman gənclik qərarlarını verməkdə ya tələsir ya da çaqınlıq içində qalır: “Bu zaman isə alkoqolun çıxış vasitəsi olduğunu sanırlar. Sözsüz ki, bu yanlış addımdır. Bizim ölkəmizdə təbii ki, bu tip gənclər azdır. Çünki, bu məsələ dövlətin də diqqət mərkəzindədir. Bu cəhətdən Gənclər Fondu məhz bu tip layihələrin dəstəklənməsinə görə ən öncül qurumlardandır. Fikrimcə layihə cəmiyyətə istədiyi mesajı verə biləcək”.
Gənclər Fondunun əməkdaşı Nural Səfərli isə ümid edib ki, layihə pilot layihəyə çevrilər və bu tip layihələrə cəmiyyətdə ehtiyac var: “Gənclər Fondu olaraq biz daim aktiv gənclərimizin yanındayıq. Çünki, məhz biz gənclər bir-birimizi zərərdən, ziyandan çəkindirməliyik”.