“Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyitlarının aparılması və aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi” mövzusunda taktiki təlimlər keçirilib.
Butov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.
Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və mü-dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.
Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mü-hafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olmasını vurğulayıb.
Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması istiqamətində hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən edilib.
Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçular təltifləndirilib.
Taktiki təlimləri baş nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.