İranda evləri dağılan soydaşlarımız çətin vəziyyətdədir
İranda zəlzələ nəticəsində evləri dağılan azərbaycanlılar çətin vəziyyətdədir. Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb. Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib. Qeyd edək ki, bir neçə gün öncə İranda güclü zəlzələ olub. Yeraltı təkanlar zamanı 1200-ə yaxın şəxs yaralanıb. Onların arasında azərbaycanlılar da var.
31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb. Beş ildən sonra vətənə qayıdıb. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olub. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunub. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayıb. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirib, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirib. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışıb, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırıb. İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edib, almanlarla danışıqlar aparıb. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşıb. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdıb. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirib. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayıb. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verib, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edib. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.
Minatəmizləmə prosesində Macarıstanla əməkdaşlıq doğru seçimdir - İlham Əliyev
"Minatəmizləmə sahəsində Macarıstanla əməkdaşlıq üçün yaxşı imkanlar görürük". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qaz təchizatını ikiqat artırmaq planımız var - İlham Əliyev
"Biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı: “Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.
Ceyhun Bayramov macarıstanlı həmkarıyla əməkdaşlıq protokolu imzaladı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.
Azərbaycanla Macarıstan arasında təbii qazla bağlı memorandum imzalandı
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb. İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.
Orxan Əsgərov ikinci Şəhidlər xiyabanında dəfn olundu
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Səfirliyin bağlanması Təbrizdəki konsulluğun fəaliyyətinə şamil olunmur
“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.” Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - nazir müavini bildirib.
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırdı
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə XİN başçısının müavini qeyd edib.