Tıxacların aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir. Bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. M.Ağayev xatırladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub. "Bunlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır. Daha doğrusu 7 A müntəzəm marşrut xəttinin keçdiyi küçə və prospektlərdə əlavə avtobus zolaqlarının olmasıdır. Son aylar Bakının nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stress, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatı ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Dayanıqlı şəhər mobilliyi üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir", - M.Ağayev bildirib.
Son günlər ərzində İran mediasında Azərbaycana qarşı təxribatlar artıb. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov məsələ qaldırıb. “Xüsusilə qeyd edək ki, “Səhər” kanalı və digər radio qurumları Azərbaycana qarşı təxribat xarakterli məlumatlar verir. Hətta son vaxtlar İran sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif millətlərin adından istifadə edərək gərginlik yaratmaq istəyir. Həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir”,- deyə deputat vurğulayıb.
Evlərinə istilik verilmir, amma adlarına xeyli borc yazılıb. Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsindəki binanın sakinləri mövcud vəziyyətdən narazıdırlar. Sakinlərdən biri "Xəzər TV"yə bildirib ki, mənzilində 7-8 il istilik olmasa da adına 170 manat borc yazılıb. Sakinlər istiliyə olan borclarının silinməsi üçün adiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
"Əbədi Birlik” Gənclər İctimai Birliyi və Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının əməkdaşlıq görüşü keçirilib
Görüş zamanı hər iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Birgə layihələrin həyata keçirilməsinin perspektivlərindən danışan TAİB GT sədri Sübhan Xıdırzadə ortaq layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, TAİB-in Gənclər Təşkilatı ümumtürk coğrafiyasının fəal gənclərini bir araya gətirmək, ortaq layihələr işləmək, türk birliyinin inkişafı üçün bütün potensial gücünü ortaya qoymaq əzmilə ağsaqqalların xeyir-duasıyla yola çıxıb.
"Əbədi Birlik- Gənclər" İctimai Birliyinin sədri Şahin Əliyev çıxışında dövlətin gənclərə yaratdığı şəraitdən danışaraq, daha səmərəli, məhsuldar iş görmək üçün gənclərə hər cür dəstəyin verildiyini qeyd edib. Onu da vurğulayıb ki, TAİB yarandığı az bir müddətdə gənclərə böyük bir meydan açıb, bu meydanda gənclərin birliyi türk dünyasına daha çox töhfələr verə bilər.
[/center] Görüşdə iştirak edən TAİB-in İcra Aparatının rəhbəri Nicat Huseyn Daglar da öz növbəsində gənclərə uğur diləyərək, öz məsləhət və tövsiyyələrini verib.
Payız əkin mövsümü çərçivəsində ölkənin bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Şamaxı, Şabran, Sabirabad və Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 15 000-dən artıq müxtəlif növ ağac əkilib, 1 ton toxum səpilib.
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun yeni komandası bəlli olub. “Mançester Yunayted”dən ayrılan Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə 2,5 illik müqavilə imzalayıb. Yanvarın 1-dən etibarən “Əl-Nasr”ın formasını geyinəcək Ronaldo klubla 500 milyon avro dəyərində müqaviləyə imza atıb.
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər. Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çata bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Cari ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Hesab edirəm ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar rekord həddinə çata bilər”, - deyə Lavrov bildirib.
Ceyhun Bayramovdan Laçın dəhliziylə bağlı açıqlama
Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib. “Ermənistan Laçın dəhlizindən sui-istifadə ilə bağlı üçtərəfli bəyanatın şərtlərini pozmaqda davam edir. 2022-ci ilin avqust ayından etibarən Ermənistanda 2021-ci ildə istehsal olunan 2700-dən çox mina aşkar edilərək zərərsizləşdirilib. Bir həftədən bir qədər əvvəl minaların təmizləndiyi növbəti belə ərazi Rusiya sülhməramlı kontingentinin komandirinə, Rusiya-Türkiyə monitorinq mərkəzinin rəhbərlərinə, eləcə də səfirliklərin Azərbaycanda təmsil olunan bir sıra hərbi attaşelərinə təqdim edilib. Üçtərəfli bəyanatın pozulmasının davam etdirilməsi və faktiki olaraq Azərbaycana qarşı hərbi əməliyyatların davam etdirilməsi, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunması qadağandır”, - nazir qeyd edib.
İranın Kürdistan adlanan ərazisinə, Naxçıvanla sərhədə kürdlərin köçürülməsi prosesi intensiv şəkildə davam edir. Bunu Cənubi Azərbaycanın milli fəalı, “Günaz TV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində "İran yeni baxış bucağında" mövzusunda keçirilən ekspert müzakirəsində deyib. Onun sözlərinə görə, İran PKK yaranandan bəri bu terror təşkilatı ilə əlaqədə olub: "İranın daxilindəki dəyişiklikdən Türkiyə də nigarandır. Çünki İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bu gün Qərbi Azərbaycanda türk zolağı yaranmaqdadır". "Azərbaycanın qərb sərhədi Türkiyə, bir hissəsi İraq ilə sərhədədək uzanır. Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edir və bu sevindiricidir. Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa, tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq", - Əhməd Obalı qeyd edib.