Daha bir İŞİD lideri öldürüldü .....                        İsrail Qəzzada əməliyyata başladı .....                        5 ay əvvəl itkin düşmüşdü: öldürülüb basdırılıbmış .....                        Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək .....                        Netanyahudan Makrona sərt sözlər .....                        Hövsanda cinayət - 31 yaşlı kişi öldürüldü .....                        Zəngəzur dəhlizi üçün önəmli gün .....                        Azərbaycan xalqına davamlı sülh və rifah arzulayıram - Mirziyoyev .....                        Daha iki ünvanda minib-düşmə yeri yaradıldı .....                       
2-05-2025, 22:15
Məzahir Pənahovun gəlini ilə bağlı rəsmilərdən AÇIQLAMA


Məzahir Pənahovun gəlini ilə bağlı rəsmilərdən AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Pənahovun oğlu işgəncələrdən Kalforniyadan Bakıya qaçan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Bundan əlavə, işə psixoloq və sosial işçi cəlb olunacaq və o, qadının mövcud vəziyyətdən çıxması üçün əlindən gələni edəcək.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, 38 yaşlı H.Pənahova birliyin sığınacağına yerləşdirilə bilər:
“Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edəcək”.
2-05-2025, 22:07
“Traktor”dan tarixi qələbə


“Traktor”dan tarixi qələbə

Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxıb.
Turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib.
Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Paralel keçirilən oyunda isə “Traktor”un ən yaxın izləyicisi “Sepahan” öz meydanında “Qol Qohar”a uduzub - 1:2. Bununla da Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdıraraq sona 2 tur qalmış tarixində ilk dəfə çempionluğu bayram edib.
2-05-2025, 21:45
"Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək" - FOTO


"Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək" - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 2-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və sualları cavablandırması ilə davam etdirilib.
Zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və s. barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.
“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin”, - deyə R.Quliyev qeyd edib.
O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu deyib.
R.Quliyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə “KamAZ”lara yığılaraq Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı” adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini bildirib.
Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. “Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər gün axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər”, - deyə o əlavə edib.
R.Quliyev yaralı ola-ola ona işgəncə verildiyini də vurğulayıb.
Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini Namik Hüseynov təqsirləndirilən şəxsləri televiziya vasitəsilə tanıdığını söyləyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o, vaxtilə Hadrutda kinomexanik işlədiyini, 1988-ci ildən Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə erməniəsilli əhali arasında təbliğatların başlandığını bildirib.
N.Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt yaralanması barədə də danışıb: “Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım. İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə döydülər. Bu barmağımı görürsünüz? Onu həmin vaxt sındırdılar. Başımı partlatmışdılar, sonradan 13 tikiş qoyuldu”.
Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışıb. Zərərçəkmiş bildirib: “İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir müharibə, münaqişə istəmirdilər”.
C.Hüseynov Qaradağlı kəndinin ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin erməniəsilli olduqlarını, 1990-cı ilin noyabrından başlayaraq Qaradağlıya giriş-çıxışda ciddi maneələrin yarandığını bildirib. Bu səbəbdən də Qaradağlıya ərzaq vertolyotlarla daşınırmış. Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Ermənistan silahlı qüvvələri vertolyotların da hərəkətinə imkan verməyib. 1992-ci il yanvarın 9-da o, Ağdamdan Qaradağlı kəndinə ərzaq gətirərkən vertolyot Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub.
C.Hüseynov kəndin “Alazan” raketləri, pulemyotlar və avtomatlar ilə mütəmadi şəkildə atəşə tutulduğunu, nəticədə ölənlərin və yaralananların olduğunu bildirib.
Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman 1992-ci il yanvarın məlumatlarına istinad edərək həmin vaxt Qaradağlı kənd sakinlərinin sayının 1166 nəfər olduğunu söyləyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan Xocavənd rayonunun işğalı ilə bağlı dövlət ittihamçılarının suallarını cavablandırıb. O, Xocavənd rayonunun Heşan kəndində dünyaya gəldiyini, həmin kənddə əhalinin 600-650 nəfər olduğunu bildirib. O, bacısının və Qriqori İşxanyan adlı qardaşının olduğunu vurğulayaraq deyib: “Qriqori təxminən 1988-1990-cı illərdə Levon Mirzoyan adına kolxozun mühasibi olub”.
O, suallara cavabında Emil Balayanı tanıdığını, onun kolxoz sədri olduğunu deyib və əlavə edib: “Amma qardaşım mühasib olanda rəhbər deyildi, sonradan kolxoza rəhbər təyin olundu”.
Növbəti suallara cavabında isə o, 1991-ci il iyunun 26-27-də Qaradağlı kəndində olmadığını iddia edərək bildirib: “İyunun 26-da gələcək həyat yoldaşımın ad gününü qeyd etmək üçün Xankəndiyə getmişdim”.
Bu zaman prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic, İşxaniyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduqlarını bildirib və əlavə edib: “Bütün bunlara başçılıq eləyən Valodiya Xaçaturyan idi”.
D.İşxanyan Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin ünvanladığı növbəti suallara cavabında 1992-ci ilin sentyabrında hərbi xidmətə çağırıldığını, daha sonra 28-ci “Xocavənd batalyonu”nda tabor komandiri təyin olunduğunu bildirib. Təqsirləndirilən şəxs “Xocavənd müdafiə rayonu”nun komandirinin Monte Melkonyan, müavininin isə Movses Akopyan olduğunu deyib.
“Taborumda 430-480 hərbçi var idi. Digər taborlarda say daha az və ya daha çox olurdu. Tapşırıqları qərargahdan alırdım. Taborun sərəncamında qumbaraatanlar, pulemyotlar, “Kalaşnikov” avtomatları var idi”, - deyə o əlavə edib.
D.İşxanyan Ağdərənin yuxarı hissəsinin işğalı əməliyyatında, Kəlbəcər rayonu istiqamətində Çərəkdarın və Xudavəngin, Füzuli rayonunun iki istiqamətində, o cümlədən Aşağı Veysəlli istiqamətində kiçik bir yüksəkliyin işğalında iştirak etdiyini bildirib.
Təqsirləndirilən şəxs “Emil Balayanın sizinlə ədavəti var idimi ki, sizin və qardaşınızın adını çəksin” sualına cavab verməkdən yayınaraq bildirib ki, o, şənbə və bazar günləri kənddə növbə çəkilməsi ilə məşğul olub.
Bu zaman dövlət ittihamçısı Vüsal Əliyev elan edib ki, digər erməniəsilli şəxslər (Aleksandr Qriqoryan və digərləri) də E.Balayanın ifadəsinə bənzər ifadələr verib, eyni adları çəkiblər.
Ardınca təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb. O, 2015-2018-ci illərdə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “müdafiə ordusunun komandanı” vəzifəsini, buna qədər isə hərbi sahədə bir sıra vəzifələr tutduğunu təsdiqləyib. O, qondarma rejimin “ordusu”nda xidmətə 1992-ci ilin sentyabrında başladığını bildirərək qeyd edib: “Motoatıcı taborun komandirinin müavini vəzifəsində başladım”.
O, Xocavənd əməliyyatlarında iştirak etmədiyini, Xocalıda isə ümumiyyətlə, ilk dəfə 1990-cı illərin ikinci yarısında olduğunu deyib.
Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il oktyabrın 2-də Şuşa rayonunun Şırlan kəndində yerləşən tabora gedərkən yaralanıb.
Levon Mnatsakanyan Azərbaycanın Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanı Ermənistanda xidmət etdiyi zaman tanıdığını deyib. Bildirib ki, həmin vaxt Arkadi Ter-Tadevosyan ordu üçün mütəxəssis hazırlayırdı.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarına cavabında Xocavəndin işğalında və Qaradağlıdakı qətliamlarda hansı qüvvələrin iştirak etməsi barədə məlumatsız olduğunu iddia edib.
O, Aşot Qulyan və Monte Melkonyan ilə şəxsən tanış olmadığını da iddia edib.
A.Qukasyan dövlət ittihamçısı Fuad Musayevin həmin adamları tanımadan onları qondarma rejimin “qəhrəmanı” adı ilə təltif etməsi barədə suala isə konkret cavab verə bilməyərək, bununla bağlı “komissiya”nın təqdimatının olduğunu söyləyib.
O, Artur Aqabekyanla təxminən 1994-1995-ci ildən sonra tanış olduğunu və onu 1999-cu ildə qondarma rejimin “daxili işlər naziri” “təyin” etdiyini bildirib.
“Bildiyim qədərilə Ermənistan Müdafiə Nazirliyində xidmət edirdi”, - deyə A.Qukasyan əlavə edib.
Xatırladaq ki, A.Aqabekyan 2000-2007-ci illərdə Ermənistan Respublikası müdafiə nazirinin müavini olub, habelə Ermənistanda bir sıra digər yüksək vəzifələrdə çalışıb.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.









2-05-2025, 19:13
Əmlakın müsadirəsi ilə bağlı mühüm qərar


Əmlakın müsadirəsi ilə bağlı mühüm qərar

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” müddəası hazırlanan cinayətdə alət və vasitələr kimi istifadə edilməsi nəzərdə tutulan əşyaları da əhatə edir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyən cinayət törətmiş şəxsə məxsus olan hər hansı əmlakı nəzərdə tutur.
Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” müddəası məhkəmənin yekun qərarı ilə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönələn, həmçinin cinayətin törədilməsindən əvvəl və ya törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilən əmlakı ehtiva edir.
Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə də Cinayət-Prosessual Məcəlləsinin 41.1-1, 346 və 353-cü maddələrinin tələblərindən irəli gələrək əmlakın xüsusi müsadirəsi ilə yanaşı, cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məsələləri məhkəmənin yekun qərarı ilə həll edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
2-05-2025, 18:44
Cüdoçumuz qızıl medal qazandı


Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevi yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.
2-05-2025, 18:20
Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ


Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ

Zaqatalada qanunsuz olaraq çoxsaylı ağac kəsməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, rayon ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.
İstintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.
İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4 və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda sözügedən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
2-05-2025, 17:50
Xocalıda qumbara partladı - Xəsarət alan var


Xocalıda qumbara partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", məlumatda deyilir.
2-05-2025, 17:43
Türk liderlərinin Azərbaycan toplantısı - Tarix məlum oldu


Türk liderlərinin Azərbaycan toplantısı - Tarix məlum oldu

Türk Dövlətləri Təşkilatının (TDT) bu il keçiriləcək rəsmi liderlər toplantısının tarixi məlum olub.
Görüşün oktyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır.
Görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib. Məlumatı TDT Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Şimali Kiprin Girne şəhərində bu gün keçirilən toplantıda açıqlayıb.
Yıldırım bildirib ki, təşkilatın son dövrlərdə keçirdiyi toplantılarda qəbul olunan qərarlar, xüsusilə 16-cı Ağsaqqallar Toplantısı və bugünkü iclasın nəticələri, payızda Azərbaycanda baş tutacaq rəsmi zirvədə Türk dünyasının dövlət başçılarına təqdim ediləcək.
Xatırladaq ki, TDT-nin qeyri-rəsmi liderlər zirvəsi 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Macarıstan ilk dəfə belə bir yüksək səviyyəli toplantıya ev sahibliyi edəcək. Zirvədə təşkilatın daimi üzvləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, müşahidəçi üzvlər – Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
TDT-nin liderlər səviyyəsində bir-birini tamamlayan iki vacib görüşü – mayda Macarıstanda qeyri-rəsmi, oktyabrda isə Azərbaycanda rəsmi Zirvə toplantısı – təşkilatın 2025-ci il üçün strateji gündəmini formalaşdırmaqda mühüm rol oynayacaq.
Bu görüşlərdə təkcə siyasi məsələlər deyil, həm də iqtisadi əməkdaşlıq, nəqliyyat şəbəkələri, enerji təhlükəsizliyi və mədəni-humanitar əlaqələrin inkişafı kimi sahələrin də müzakirə ediləcəyi gözlənilir.
2-05-2025, 17:20
İmtahan cavabları ELAN OLUNDU


İmtahan cavabları ELAN OLUNDU

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 aprel 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan edilib. Cavabları açıqlanan imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

İmtahan iştirakçıları nəticələrini öyrənmək üçün bu keçiddən istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 33382 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
2-05-2025, 16:51
Prezident məscidin təmirinə pul ayırdı


Prezident məscidin təmirinə pul ayırdı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!