Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub. Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Bayram tətili günlərində Bakının bəzi ərazilərində qısamüddətli təmir işləri icra olunacaq. Qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması səbəbindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat 00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına kimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Məlumata görə, hərəkətin məhdudlaşdırılması işlər bitənədək, qısa müddət ərzində qüvvədə olacaq.
“Euronews” “Bakı Ağ Şəhər”dən reportaj hazırladı - VİDEO
“Euronews” telekanalı “Bakı Ağ Şəhər” (Baku White City) barədə reportaj hazırlayıb. Reportajda Bakı şəhərində inşası davam edən “Bakı Ağ Şəhər” layihəsi “insan mərkəzli şəhər planlaşdırması” konsepsiyasının uğurlu tətbiqi kimi təqdim edilib. Bildirilib ki, bu layihə keçmiş sənaye zonalarının modern, davamlı və piyadalar üçün əlverişli şəhər məhəlləsinə çevrilməsini əks etdirir. “Bakı Ağ Şəhər” göstərir ki, insan mərkəzli planlaşdırma, davamlılıq və piyadalar üçün əlverişli dizayn keçmiş sənaye zonasını gündəlik şəhər həyatına uyğun müasir məhəlləyə çevirə bilər. Layihə çərçivəsində tikilən məkanlar yalnız müasir yaşayış binaları deyil, həm də ticarət və ictimai funksiyaları birləşdirən məkandır”, - “Euronews”ün süjetində vurğulanır. Reportajda bildirilir ki, buradakı şəhərsalma yanaşması avtomobil mərkəzli dizayndan uzaqlaşaraq insan ehtiyaclarını önə çəkir və küçələr, parklar ilə ictimai məkanlar arasında harmoniya yaradır. Materialda qeyd edilir ki, bu tip planlaşdırma şəhər həyatının keyfiyyətini artırmağı, yaşayış mühitini daha əlverişli və rahat etməyi hədəfləyir. Reportajda layihənin tərtib olunmasında davamlı memarlıq, geniş yaşıl sahələr və mədəni məişət məkanlarının ön planda tutulduğu vurğulanır. Reportajda həmçinin vurğulanır ki, layihənin icrası şəhərdə daha sağlam və sosial baxımdan aktiv həyat tərzini təşviq edir və bu, Bakı şəhərini gələcəyə hazırlayan müasir şəhərsalma yanaşmasının nümunəsi kimi göstərilir. Sözügedən video dünya miqyasında tanınmış "World Urban Forum"un tərəfdaşlığı ilə yayımlanıb və "Baku White City"nin şəhərsalmanın inkişafı sahəsində qabaqcıl təcrübələrdən biri olaraq təqdim edilir.
Milli Məclisin payız sessiyasının yekunları AÇIQLANDI
Milli Məclisin nümayəndə heyətləri 17 ölkəyə səfər etmiş, bunlardan 4-ü rəsmi, 13-ü işgüzar xarakter daşıyır. Həm Milli Məclisin rəhbərliyinin, həm də deputatların bu səfərləri zamanı dövlətimizin xarici siyasətinin parlament səviyyəsində dəstəklənməsi məqsədilə parlament diplomatiyasının imkanlarından istifadə olunub. Bunu Milli Məclisin spikeri Sahibə Qafarova ilin və parlamentin payız sessiyasının sona çatması ilə bağlı çıxış edərkən bildirib Spiker bildirib ki, deputatlarımız Belarus və Rumıniyada keçirilmiş prezident seçkilərini, Tacikistan, Moldova və Qırğızıstanda keçirilmiş parlament seçkilərini müşahidə ediblər. Bildirilib ki, hesabat dövründə 61 ölkə və 20 beynəlxalq təşkilatın nümayəndə heyətləri olmaqla, ümumilikdə 1.283 xarici qonaq Milli Məclisdə olub. Milli Məclisin rəhbərliyi 4 ölkənin dövlət başçıları, 27 ölkənin parlament rəhbərləri və sədr müavinləri, 5 beynəlxalq təşkilatın rəhbərləri, 6 ölkənin icra hakimiyyəti nümayəndələri, 9 ölkənin ombudsmanları və 16 ölkənin Azərbaycandakı səfirləri ilə görüşlər keçirilib. Qeyd olunub ki, Qoşulmama Hərəkatının 4-cü Parlament Konfransında bu hərəkatın üzvü olan ölkələrin parlamentlərindən və beynəlxalq təşkilatlardan 48 nümayəndə heyəti, 280-dən çox iştirakçı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində isə 10 üzv ölkənin parlamenti və 8 beynəlxalq təşkilatdan 115 nəfərə yaxın nümayəndə iştirak edib. Sonda o da vurğulanıb ki, Milli Məclisin beynəlxalq fəaliyyəti və 2025-ci ildəki uğurları parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmli mərhələ olub.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Məlumata görə, müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dindirib. Buna səbəb isə onun səhhətindəki problemlər olub. Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib. Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Onun barəsində Səbael Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər”də olublar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış olublar. Vətən müharibəsindəki qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə “Soltan”, “Ürək”, “Sereyin”, “Aypara”, “Şöhrət”, “Ötqəm” və “İldırım” adlı ümumilikdə 7 Qarabağ atının heykəli var. Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla özbəkistanlı həmkarı Bəxtiyar Saidov arasında telefon danışığı aparılıb. Bu barədə Azərbyacan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar. Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər. Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.
Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi
Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Belə ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdı Faktla bağlı araşdırma başlanılıb.
Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumata görə, şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib. Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, mərkəzi meydanda coşqun abı-hava yaradıb. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.
Hökumət dövlət müəssisələrinin büdcəsini rüblük izləyəcək - YENİ QAYDALAR
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2025-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilən qaydalar dövlət maliyyəsinin səmərəli idarəedilməsi, dövlət müəssisələrinin büdcə planlaşdırılmasında və fəaliyyətində şəffaflığının artırılması, dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi, habelə dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin müəyyən edilməsi məqsədi daşıyır. Təsdiq edilən qaydalara əsasən, dövlət müəssisələrinin illik və ortamüddətli büdcə layihələri, proqnozları, eləcə də gəlir və xərc smetalarının icra vəziyyəti sistemli şəkildə monitorinq ediləcək, icra göstəriciləri təhlil olunacaqdır. Həmçinin dövlət müəssisələri tərəfindən dövlət büdcəsinə xalis mənfəətindən minimum 30 faiz məbləğində dividend ödəniləcəkdir. Dövlət müəssisələri 2026-cı il aprelin 1-dən etibarən müəyyən edilmiş forma və müddətlərdə büdcə göstəricilərini və İFRS-ə uyğun maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edəcək, Nazirlik illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək, habelə aparılmış təhlillərin nəticələri barədə 2026-cı ildən başlayaraq rübdə bir dəfə olmaqla ölkə başçısına məlumat təqdim edəcək. Sözügedən Fərmana əsasən dövlət müəssisələri əvvəlki illər üzrə maliyyə hesabatlarını və 2026-cı il üçün təsdiq edilmiş büdcələrini də 2026-cı il aprelin 30-dək Nazirliyə təqdim edəcəklər. Qaydaların təsdiqi ilə bağlı müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!