Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
5-10-2026, 19:00
Onlar məndən,   mən onlardan öyrəndim…

Onlar məndən,

mən onlardan

öyrəndim…


Bəzi yollar var, insan o yola çıxanda hara gedəcəyini bilir, amma yolun ona nələr öyrədəcəyini bilmir. Mənim müəllimlik yolum da belə başladı. Qarşıda məni nə qədər gözəl anın, neçə-neçə səmimi gülüşün, neçə fərqli uşağın və neçə unudulmaz xatirənin gözlədiyini bilmədən sinfin qapısından ilk dəfə müəllim kimi içəri girdim.
O gün əlimdə dərs planım, ürəyimdə isə böyük bir həyəcan vardı. Qarşımda oturan uşaqlara baxanda onların hər birinin ayrı bir dünya olduğunu hələ bilmirdim. Biri danışmağı ilə, biri susmağı ilə, biri gülüşü ilə, digəri isə musiqiyə olan sevgisi ilə özünü göstərirdi.
Zaman keçdikcə başa düşdüm ki, müəllim üçün sinif sadəcə partalar, lövhə və dərs saatlarından ibarət deyil. Sinif - hər birinin içində başqa bir hekayə daşıyan uşaqların kiçik dünyasıdır.
Mən bu dünyaya musiqi ilə daxil oldum. Onlara notları, ritmi, musiqini hiss etməyi öyrətmək istəyirdim. Amma heç gözləmədiyim halda, bir müddət sonra anladım ki, mən də onlardan çox şey öyrənirəm. Bir şagirdin musiqini necə hiss etdiyini görürdüm, başqa birinin səsində özünəməxsus bir rəng kəşf edirdim. Kimsə ritmi hamıdan fərqli duyurdu, kimsə səhnəyə çıxanda tamam başqa bir insana çevrilirdi. Bəzən ən sakit görünən şagirdin içindən elə bir istedad çıxırdı ki, insan heyran qalırdı. Və mən hər dəfə eyni şeyi düşünürdüm:
“Deməli, istedad həmişə səs-küylə gəlmir. Bəzən sakitcə bir uşağın içində böyüyür və onu görəcək bir baxış gözləyir.”
Bu bir ildə mən şagirdlərimə yalnız musiqi öyrətməyə çalışmadım. Onların özlərinə inanmasına, bacardıqlarını görməsinə, səslərini eşitdirməsinə, istedadlarından çəkinməməsinə çalışdım. Çünki bəzən bir uşağa “Sən bunu bacara bilərsən” demək ona verilən ən böyük dərs olur. Bəzən dərsin ortasında bir şagirdin üzündə yaranan təbəssümə baxıb bütün yorğunluğumu unudurdum. Bəzən “Müəllim, baxın, mən artıq bacarıram” deyə sevinclə yanıma gələn bir şagirdin gözlərində öz zəhmətimin ən gözəl qarşılığını görürdüm.
Mənim üçün müəllimlik məhz o anlarda mənasını dəyişdi. Anladım ki, müəllim hər zaman böyük işlər görməklə iz qoymur. Bəzən bir uşağın sözünü dinləməklə, onun istedadını görməklə, ona inanmaqla və “sən bacararsan” deməklə onun həyatında kiçik, amma çox qiymətli bir iz buraxır.
Bu bir il ərzində mənim də içimdə nələrsə dəyişdi. Mən daha diqqətlə dinləməyi, hər uşağın fərqli olduğunu qəbul etməyi, eyni dərsi fərqli ürəklərə çatdırmağı öyrəndim. Öyrəndim ki, hər şagird eyni cür parlamır. Biri səhnədə, biri musiqidə, biri rəsm çəkərkən, biri fikirlərini ifadə edərkən, digəri isə sadəcə bir dostuna kömək edərkən öz işığını göstərir. Müəllimin işi isə həmin işığı görməkdir.
Mən onlara nələrsə öyrətdim, onlar isə mənə müəllimliyin ən gözəl dərslərini verdilər. Onlardan öyrəndim ki, saf sevinc çox kiçik şeylərdə gizlənir. Öyrəndim ki, bir uşağın uğuruna sevinmək üçün onun böyük bir şey etməsinə ehtiyac yoxdur. Bəzən dünən edə bilmədiyini bu gün bacarması kifayətdir.
Onlardan öyrəndim ki, müəllim də hər gün yenidən şagird ola bilər.
Bəlkə də müəllimliyi bu qədər sevməyimin səbəbi də budur: bu peşədə öyrətməklə öyrənmək heç vaxt bir-birindən ayrılmır.
Bir il…
Cəmi bir il.
Amma bu bir ilin içində nə qədər xatirə sığdı. İlk dərslər, ilk “Müəllim!” səsləri, səmimi gülüşlər, kiçik məktublar, gözlənilməz sözlər, musiqi ilə dolu dərslər, bir-birinin ardınca kəşf olunan istedadlar…
İndi geriyə baxanda anlayıram ki, mən bu bir ildə sadəcə dərs keçməmişəm. Mən bir hekayənin içində olmuşam. Hər şagirdim bu hekayənin ayrı bir səhifəsidir. Bəzisinin səhifəsi rəngarəngdir, bəzisinin musiqisi var, bəzisinin cümlələri qısadır, amma hər birinin özünəməxsus gözəlliyi var.
Və mən bu hekayənin ən gözəl tərəfini bilirəm:
Bir gün onlar böyüyəcəklər. Bəlkə başqa məktəblərdə, başqa şəhərlərdə, başqa həyatların içində olacaqlar. Bəlkə illər keçəcək və bu günləri xatırlayacaqlar. Bəlkə də hansısa musiqini eşidəndə bir anlıq sinif otağımız, birlikdə keçirdiyimiz dərslər, gülüşlərimiz yadlarına düşəcək. Mən isə onları xatırlayanda yalnız bir şeyi düşünəcəyəm:
“Kaş ki, hər birinin içindəki o gözəl işığı görə bilmiş olum.”
Çünki müəllim üçün ən böyük uğur şagirdinin onun dediklərini əzbərləməsi deyil. Ən böyük uğur onun özünü tanımasına, bacarığına inanmasına və öz yolunu tapmasına bir səbəb ola bilməkdir.
Bu gün Müəllimlər Günündə öz müəllimlik yoluma baxanda anlayıram ki, mən hələ yolun başlanğıcındayam. Qarşıda məni daha çox şagird, daha çox istedad, daha çox musiqi, daha çox xatirə gözləyir.
Amma bu ilk il mənə ən qiymətli dərsi artıq verib:
Müəllimlik bir insanın həyatına toxunmaq, bəzən özündən xəbərsiz bir istedadı üzə çıxarmaq və bir uşağın “mən bacarıram” deməsinə səbəb olmaqdır.
Mən onlara musiqini öyrətdim.
Onlar mənə insanı öyrətdilər.
Mən onlara ritmi öyrətdim.
Onlar mənə həyatın hər kəsdə fərqli səsləndiyini göstərdilər.
Mən onlara öz səslərini tapmağa kömək etdim.
Onlar isə mənə müəllimlikdə ən gözəl səsin şagirdinin uğuruna sevinən ürəyin səsi olduğunu öyrətdilər.
Və bir gün yollarımız ayrılsa belə, mən inanıram ki, müəllimlə şagird arasındakı bəzi bağlar zamanla itmir. Çünki bəzi insanlar həyatımıza uzun müddət qalmaq üçün yox, qəlbimizdə iz buraxmaq üçün gəlirlər.
Mənim ilk müəllimlik ilim də məhz belə insanlarla -şagirdlərimlə yadda qalacaq. Bu gün onlara baxıb bir daha anlayıram:
Mən onların həyatında kiçik bir iz buraxmaq üçün müəllim oldum. Onlar isə mənim həyatımda böyük bir iz buraxdılar. Və əgər illər sonra onlardan biri öz arzularına çatıb, sevdiyi işlə məşğul olarkən bir anlıq keçmişə boylanıb “Mənim bir müəllimim vardı, mənə inanırdı” deyərsə…
Mənim üçün bütün müəllimlik yolunun ən gözəl mükafatı elə bu olacaq.
Çünki müəllimlik bəzən bir dərsin içində başlayır, amma bir insanın yaddaşında illərlə davam edir. Bu gün mən yalnız müəllim olduğum üçün deyil, müəllimliyi hiss etdiyim üçün xoşbəxtəm.
Qoy illər keçsin, onlar böyüsün, öz yollarını tapsınlar. Mən isə haradasa bir yerdə onların uğurunu eşidəndə içimdə səssizcə sevinim və düşünüm:
“Bir vaxtlar onlar mənim sinfimdə idilər… Mən onların həyatına bir az toxundum, onlar isə mənim ömrümə bir dünya qədər gözəl xatirə qoydular.”
Aysu ABBAS,

P.S. Bu yazını oxuduqca bir gənc müəllimin şagirdlərinə, öz peşəsinə olan sevgisini, onun ürək döyüntülərini sətirlərindən duyduq. Sevindik. Sevindik ki, müəllimlik peşəsinin gözdən salındığı, urvatdan düşdüyü bir vaxtda bu cameədə bir ulduz parladı. O ulduz bu yazının müəllifi, özünü şam kimi şagirlərinin uğrunda əridib onların yollarına nur saçmaq istəyən Xırdalan şəhər 3 nömrəli məktəb – liseyin musiqi müəllimi Aysu Abbasdır. Aysunun şəxsində peşəsinin vurğunu, şagirdlərinin sevimlisi olan müəllimləri təbrik edirik. Müəllimlərə sayğı və sevgi ilə Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan Media Qrupu”nun rəhbəri
5-10-2026, 18:06
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Azərbaycan 2030-cu ilə qədər

tranzit hədəfini açıqladı


Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji və nəqliyyat potensialı, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem gələcək inkişaf üçün mühüm əsasdır. Onun sözlərinə görə, əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir.
Prezident qeyd edib ki, uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə olunmalıdır. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat və bağlantılar, mədənçilik, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı əsas istiqamətlər sırasında göstərilib.
İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyalarının artıq fəaliyyət göstərdiyini deyən Prezident qarşıdakı beş il ərzində ölkənin bütün ərazisində bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın əlavə enerji potensialından süni intellekt və data mərkəzlərinin inkişafı, eləcə də elektrik enerjisinin ixracı üçün istifadə imkanlarına da toxunub. Onun sözlərinə görə, yeni elektrikötürücü xətlərin inşası və mövcud xətlərin genişləndirilməsi gələcək iqtisadi inkişafın mühüm tərkib hissələrindən biri olacaq.
Prezident Azərbaycanın logistika və nəqliyyat sahəsində də mühüm imkanlara malik olduğunu bildirib. Qeyd olunub ki, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi tranzit imkanlarını artırır. Hazırda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artdığını deyən İlham Əliyev bu il göstəricinin 16 milyon tona çatacağını bildirib. Hədəfin isə 2030-cu ilədək daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaq olduğu qeyd edilib.
Prezident vurğulayıb ki, bu potensialın reallaşdırılması üçün dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb. Azərbaycanın dəmir yollarının 60 faizinin elektrikləşdirildiyi və bu prosesin davam etdiyi bildirilib.
İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə də diqqət çəkib. Dövlət başçısı Azərbaycanın coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsinə çevrildiyini qeyd edib.
Dövlət başçısı Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşmasının investorlar üçün mühüm amil olduğunu deyib. Onun sözlərinə görə, 30 il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinin dəyişdirilməməsi ölkənin tərəfdaşlıq və investisiya mühitinə yanaşmasının göstəricilərindən biridir.
Prezident enerji sektorunun yaxın perspektivdə də Azərbaycan iqtisadiyyatında mühüm rol oynayacağını bildirib. Onun sözlərinə görə, neft-qaz sahəsində yeni layihələr həyata keçirilir. Bu çərçivədə “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə müqavilənin, həmçinin “Total” şirkəti ilə “Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə müqavilənin imzalanacağı bildirilib.
İlham Əliyev elektrik enerjisinin ixracı və enerji bağlantılarının inkişafını da Azərbaycanın yeni iqtisadi imkanları sırasında göstərib. Azərbaycanın artıq 250 meqavatlıq ehtiyat gücünün olduğunu deyən Prezident bunun yalnız başlanğıc olduğunu vurğulayıb.
Azərbaycanın infrastruktur imkanlarından danışan Prezident ölkənin 96 faizinin qazlaşdırıldığını, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunduğunu bildirib. Azərbaycanda doqquz beynəlxalq hava limanının fəaliyyət göstərdiyi, dəniz limanının isə genişləndirildiyi qeyd olunub.
Dövlət başçısı rəqəmsal transformasiya və süni intellekt istiqamətində də geniş imkanların olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələlərdən biri peşəkar və ixtisaslı kadrların hazırlanmasıdır. Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qeyd edilib.
İlham Əliyev insan kapitalının inkişafının uzunmüddətli iqtisadi artım üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2003-cü ildə gənclərin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul edilib və ötən dövrdə minlərlə azərbaycanlı gənc xaricdə təhsil alıb.
Prezident Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə də toxunub. Qeyd edib ki, hazırda ÜDM-in 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, ixracda neft və qazın payının hələ də 90 faizdən çox olduğu vurğulanıb və bu göstəricinin dəyişdirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğu bildirilib.
Çıxışının sonunda Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini vurğulayaraq investorların Azərbaycanın iqtisadi imkanlarını və yaradılmış şəraiti birbaşa yerində görməsinin mühüm olduğunu bildirib. Dövlət başçısı xarici investorları Azərbaycanı daha yaxından tanımağa, ölkədə yaradılmış imkanları qiymətləndirməyə və yeni inkişaf yolunda əməkdaşlıq etməyə çağırıb.
Forum çərçivəsində Azərbaycanın investisiya imkanları ilə bağlı bir sıra mühüm sənədlərdə imzalanıb.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!