17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
30-05-2023, 11:03
Onlayn reseptlər pilot layihə kimi təqdim olundu


Onlayn reseptlər pilot layihə kimi təqdim olundu

Adətən həkimlərin yazdığı reseptləri oxumaq asan olmur. Sanki onların ayrıca əlifbaları var və bunu yalnız özləri və əczaçılar oxuya bilir. Amma bəzən onlar da belə reseptləri oxumaqda çətinlik çəkirlər. Əczaçılar da bəzən resepti oxuya bilmədiklərindən onu yazan həkimlə danışmaq məcburiyyətində qalırlar. Bu mümkün olmadıqda reseptin şəklini həmkarları ilə bölüşür, yazılan preparatların adlarını aydınlaşdırmağa çalışırlar. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi rəqəmsal resept layihəsini hazırlayır. Onlayn reseptlər artıq Bakı şəhər Narkoloji Dispanserində pilot layihə kimi təqdim olunub. İlin sonuna qədər onun bütün tibb müəssisələri və apteklərdə tətbiqi gözlənilir. Layihənin bir sıra digər üstünlükləri də var. Bu barədə Səhiyyə Nazirliyinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib. O qeyd edib ki, rəqəmsal resept kağız dövriyyəsini aradan qaldıracaq, həmçinin vətəndaşlara daha sürətli və elektronlaşdırlmış şəkildə xidmət göstəriləcək: "Reseptsiz satışına icazə verilməyən dərman preparatlarının qanunsuz satışının qarşısını alacaq. Yəni bu sahədə şəffaflığı təmin edəcək”. Bəzən pasiyentlər əl ilə yazılmış kağız resepti itirdiklərinə və ya həmin resept yarasız hala düşdüyünə görə həkimləri ilə yenidən görüş təyin etməli olurlar. Layihə bu cür halların aradan qaldırlmasında müsbət rol oynayacaq. Şöbə müdiri işi xeyli asanlaşdıracaq elektron reseptlərin istifadə qaydası barədə belə deyib: “Sistem həm fərdi kompüter, həm də mobil cihazlarda istifadə üçün nəzərdə tutulub. Belə ki, vətəndaşlar sistemə asan login vasitəsilə daxil ola biləcəklər. Eləcə də tibb müəssisəsində vətəndaşların fərdi identifikasiya nömrəsinə əsasən onlara elektron resept tərtib olunaraq mərkəzi uçot sistemi bazasına ötürüləcək. Vətəndaşlar onlara təqdim olunmuş elektron reseptin və ya fərdi identifikasiya nömrəsini, eləcə də QR kodunu əczaçılıq müəssisəsinə təqdim edərək lazım olan dərman preparatlarını ala biləcəklər”. Elektron reseptə yazılacaq preparatlar Taarif Şurasının qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələri bazası əsasında həyata keçiriləcək.
5-05-2023, 14:32
COVID-19 pandemiyası statusu ləğv edildi


COVID-19 pandemiyası statusu ləğv edildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası statusunu ləğv edib. Bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus məlumat verib. ÜST rəhbəri bildirib ki, pandemiyanın başlanğıcından bəri ən azı 20 milyon insan COVID-19 virusundan dünyasını dəyişib. Xatırladaq ki, təşkilat 30 yanvar 2020-ci ildə dünyada koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət, martın 11-də isə pandemiya elan etmişdi.
29-04-2023, 17:01
Mənalı yaşanmış ömür


Mənalı yaşanmış ömür

İnsan var qələmi ilə, insan var əməli ilə xalqına xidmət göstərir. Hər insan ömrü bir nağıla bənzəyir. Nağıllar məna və məzmunca fərqli olduğu kimi, insan ömrü də fərqli olur. Elə insan var ki, sağ ikən ömrü əbədiyyətə unvanlanır və qəlblərdə özünə bir ümid ocağı yandırır ki, o, dünyada olmayanda da nağıla çevrilmiş həyatı onu yaşatsın. Axı bu dünyada heç kim təkcə özü üçün yaşamır.
Mən sizə 87 illik həyatında insanlara sağlıqlı ömür bəxş edən, öz işindən zövq alan bir zəka, şəfa sahibindən- həkimdən söhbət açacağam. O, mənalı ömrünün günlərini bir qığılcım kimi közərdən Səfixan Gəncəliyevdir. Qafan rayonunun Gığı kəndində dünyaya göz açan həkim orta təhsilini də öz kəndlərində almış, orta məktəbi əla qiymətlərlə bitirib hərbi xidmətə yollanmışdır. Əsgəri xidmətini Rusiyanın Omsk vilayətində başa vurub vətənə dönəndən sonra təhsil almaq üçün Qafan şəhərində fəaliyyət göstərən tibb texnikumuna daxil olur. Tədris erməni dilində olsa da, o, yaxşı oxuyur, ictimai işlərdə fəallıq göstərirdi. Oxuduğu müddətdə Rayon Komsomol Təşkilatının katibi işləməklə yanaşı, rayonda yaradılmış sanitar- maarif şöbəsində təlimatçı da işləmişdir. Bir azərbaycanlı gəncinə olan bu yanaşma onun gələcək uğurlarının başlanğıcı idi. Axı insan dünyaya göz açdığı gündən görə-görə kamilləşir, əxlaqi-mənəvi keyfiyyətləri ilə də dəyişir. Texnikumu bitirən həyatsevər gəncin arzuları onu 1963-cü ildə Azərbaycan Tibb İnstitutuna gətirir. O, zəhmətsevərliyi, intizamlı və bilikli olması ilə bu təhsil ocağında da nümunəviliyi ilə seçilir. 1970-ci ildə institutu bitirən gənc təyinatını öz kəndlərinə alır. Rayon mərkəzindən uzaq olan, 24 kəndə xidmət göstərən 30 çarpayılıq bir xəstəxanaya baş həkim təyin olunur və işlədiyi müddətdə neçə-neçə insan həyatını ölümün caynağından qurtarır. Bəşər övladının ən gözəl xüsusiyyətlərindən biri onun insansevərliyidir ki, bu xüsusiyyət də Səfixan həkimin adını neçə-neçə ailənin qəlb ünvanına həkk edib.

Həkimlik peşəsi çox riskli sənətdir. Burada həyata qayıdış da var, ölüm də var.Amma bacarıqlı, savadlı, öz peşəsini sevən şəfalı əllərdən həyata qayıdış daha gözəldir. Bu cəsarətlilik öz ömründən başqalarının ömrünə ömür calamaq deməkdir. Niyə? Çünki hər ağır itkini yenidən həyata qaytarmaq çox çətindir, qurumuş ağacı göyərtməyin çətinliyi kimidir. Burada yuxusuz gecələr, təhlükə həyəcanı, qorxu qarışıq ümid hissi var. Ümid çırağını sönməyə qoymayan həkim ölümə qalib gəlir.
Haqqında söhbət açdığım aydın zəka sahibinin ömür kitabının bir neçə vərəqini sizinlə paylaşmaq istəyirəm. Bir gün Keypəşin kəndindən Səlim adlı bir gənci yüksək gərginlikli elektrik cərəyanı vurur. Rayon mərkəzindən gələn həkimlər, hətta ekspert-həkim də onun ölüm vəziyyətindən qurtulmağının mümkün olmadığını israrla söyləyirlər. Xəstəxananın baş həkimi Səfixan Gəncəliyev orada çalışan həkimlərlə: Quluev Vaqif və Babayev Məcnunla gecə-gündüz çalışaraq onu həyata qaytarırlar. Neçə bacının bir qardaşının ölümdən qurtulması həkimin nüfuzunu daha da artırır. Deyilənə görə, Səlimin anası oğlu xəstəxanadan çıxan gün xəstəxananın həyətində qurban kəsdirir.

Səfixan həkim mənim anamın da bu gün həyatda qalmasına səbəbkardır. Bakıda təhsil aldığım illər idi. Anamın çox ağır xəstə olduğunu, heç bir həkimin dərdinə əlac edə bilmədiyini eşitdim. Onu Bakıya gətirmək qərarına gəlsək də, atam razı olmadı və Səfixan həkimə göstərəcəyini bildirdi. Həkim 15 gün ərzində anamı sağaltdı.(Qızılyel deyilən xəstəlik anamın bütün üz-baş nahiyyəsinə yayılaraq iltihab vəziyyətinə salmışdı.)Xəstəxada çalışan tibb bacısı Rəfiqə xanımın da bu işdə böyük zəhməti danılmazdır. Belə nümunələri saydıqca qurtarmaz. Hər sənətin öz sehri, öz dünyası var, həkimlik sənəti isə insan ömrünə bir yaşamaq stimulu verir. İnsan ömrünün bu dolama yollarının əlacı yalnız həkimdədir. Xəstə həkimi görən kimi ağrılarını unudur, taleyini həkimin ixtiyarına buraxır.

1975-ci ildə Bakıya gələn həkimi Azərbaycan Rüspublikası Səhiyyə Nazirliyi Zabrat qəsəbəsindəki 21 nömrəli şəhər poliklinikasına terapevt-həkim təyin edir. Allahın insana bəxş etdiyi ömrü hər kəs bir cür yaşayır. Milyonların sevgisini qazanmış Səfixan Gəvcəliyev də öz peşəsinin vurğunu olduğu üçün tezliklə burada hörmət və nüfuz qazanır. Ona bu nüfuzu qazandıran eyni zamanda, savadlı və xeyirxah olmasıdır. 1 ildən sonra qüsursuz xidməti sayəsində baş həkimin müavini işləyən həkimin şöhrəti daha da artır. Doğulduğu ocaqda hər zaman dürüstlük görən həkim xırda cığırlara düşmür, geniş yolların sağlam duyğusu ilə yaşayır. 1986-cı ildə baş həkim təyin edilir və 2012-ci ilədək bu vəzifədə ləyaqətlə çalışır. 26 il bir müəssisəyə rəhbərlik etmək o qədər də asan iş deyildi. Onu bu vəzifədə uzun müddətli edən kiçik ürəyinin böyük duyğuları idi. Axı geniş ürəklərin duyğusu xəstə ürəklərin astanasında məskən salır. 76 yaşında təqaüdə könüllü çıxan həkim ”gənc nəslə də imkan yaratmalıyıq” deyə vəzifəsindən uzaqlaşsa da, öz peşəsinin mahir ustadı kimi qapısını ümidlə döyənlər bu gün də az deyil. O, ömrünün ixtiyar çağında da ümid qapısını bağlamır, ondan dərdinə əlac istəyənlərə kömək əlini əsirgəmir, mətbuatla maraqlanır, peşəsinə aid yeniliklərlə tanış olur, tibbə dair kitablar əlindən düşmür. Nəvələrinin “ bildiklərin bəsdir, nə üçün özünə əziyyət verirsən,ay baba?”sualına “zaman dəyişdiyi kimi təbiət də, təbabət də dəyişir, bala, insan həmişə oxumalıdır”-deyə elmə sevgi ilə yanaşma mesajını verir.

Səfixan Gəncəliyev istər sovet dönəmində, istərsə də Azərbaycan müstəqillik qazanandan sonra qüsursuz xidmətlərinə görə dövlət tərəfindən orden və medallarla, diplom, fəxri fərmanlarla təltif olunmuşdur. Haqqında 1973-cü ildə Qafan rayonunda çıxan “Mis uğrunda” (“Pğndzi hamar”) , 1998-ci və 2006-cı illərdə “Şəfqət”, 2011-ci ildə “Xalq Qəzeti”ndə məqalələr dərc olunmuş, özü “Nur” jurnalında Ulu Öndərə dair “Xilaskarlıq missiyası” adlı məqalə ilə çıxış edərək onu ”Əsrin böyük adamı, nadir siyasi xadimi “ deyə qiymətləndirmişdir. Dövlətini sevən bu böyük ürək sahibi Ulu Öndərin Lissabon sammitindən qayıdandan sonra Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına mədəniyyət sarayında (indi bu saray yoxdur) insanlarla görüşə gəldiyini belə xatırlayır:

“Yaxınlaşıb H,Əliyevlə görüşmək istədim, polislər buraxmadı. Bu, Heydər Əliyevin gözündən yayınmadı, özü mənə doğru yaxınlaşıb əl verdi və polisə “mən xalqımın hər bir nəfərini sevirəm, onları məndən uzaq tutmayın” deyərkən mən də onun siyasətini bəyəndiyimizi söylədim. O, bir daha isti münasibətlə mənimlə görüşüb ayrıldı. Mən bu gün də onun bu insani münasibətini unutmuram.”
Səfixan Gəncəliyev bu gün də gənc nəslə Ulu Öndərin xalqına sədaqətindən danışır, onun qurduğu dövlətin daha qüdrətli olmasına nail olmuş prezident İlham Əliyevlə fəxr etdiyini və onun milli müstəqilliyimizin tarix kitabına “Dəmir yumruq”la zəfər imzasını qoyduğunu söyləyir. O, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, Zabrat qəsəbə Ağsaqqallar Şurasının sədridir. O, həyat yoldaşı Şərqiyyə müəllimlə birlikdə övladlarına ali təhsil vermiş, onları vətənə, yurda sevgi ruhunda böyütmüşlər. Elə övladlar ki, ata ocağının yanan işığını sönməyə qoymayan, valideyn arzusunu zamanın nurlu günəşinə doğru aparan, ailə mənəviyyatına təmizlik, saflıq, ülvilik gətirən.

Həyat bizim ən uzun yolumuz və ən etibarlı yol yoldaşımızdır. Biz təbiətcə yaxşı olmaq və yaxşı insanları, yaxşı əməlləri görmək üçün yaranmış xalqıq. Son ucu qəm karvanı olan bu dünyada insan ömrü vətən sevgisi ilə yoğrulursa, demək, bu ömür bitmir, hətta Adəm övladı özü bu həyatda olmayanda da. Mənə elə gəlir ki, həyat keçmişdən bu günə boylandığı kimi, bu gündən də gələcəyə əl edir.

Qələmə aldı:
Məryəm QABİLQIZI

"Bütöv Azərbaycan" qəzeti
28 aprel 2023
24-02-2023, 23:42
Balaca Damla mərhəmətə möhtacdır

Damla ailənin ilk övladıdır. 5 yaşı var. Başında aşkarlanan şiş səbəbiylə təcili əməliyyat olunmalıdır. Atası Araz Heybətov qızını bir çox həkimlərin müayinə etdiyini bildirərək, son nəticədə həkimlərin bu əməliyyatın Türkiyədə mümkün olduğunu bildirdi. Əməliyyatın məbləği 22 000 manat civarındadır. Lakin ailənin maddi vəziyyəti çox aşağıdır (valideynləri, daha iki körpə övladı və ailənin yükü tək bir atanın çiyinlərindədir. Stabil işi və məvacibi olmayan ata isə 3 körpənin və ailənin ehtiyaclarını ödəmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır). Damlanın əməliyyatı üçün lazım olan məbləğin toplanması məqsədilə onun adına hesab açılıb.
Hər birimiz bu qızcığazın yaşama ümidinə gücümüz çatdığı qədər dəstək olaq - hər 1 manat bir həyat deməkdir... Damlanın atası Araz Heybətovun əlaqə nömrəsi: (055) 292 75 13
20-01-2023, 08:39
Söz Abidəsi


Söz Abidəsi
Və ya Lənkəran Mərkəzi Xəstəxanasında ilk travmotologiya şöbəsini yaratnmış İlham Qubadov haqqında “Şəfalı Əllər” kitabından əxz etdiklərim

Günlərin birində tanımadığım nömrədən telefonuma zəng gəldi.
- Nuranə müəllimədir, - dedi.
- Tanımadım…
- Doktor Qubadovun qızı. Atam haqqında kitab yazmışam, məsləhətinizə ehtiyacım var…
Cənub bölgəsi tarixən hərb və tibb xadimlərilə məşhur olub. Alim səviyyəli elə həkimlər olub ki, paytaxta can atmayıb, bilik və təcrübəsini yaşadığı rayonun , eləcə də qonşu rayonların əhalisinin sağlamlığına həsr ediblər. Lənkəranın ilk travmotoloq həkimi İlham Qubadov da bu qəbildən olanlar sırasında idi.

Nuranə xanımla görüşdük. Atası haqqında faktlarla zəngin kitabı xoşuma gəldi. İxtisasca bioloq olan Nuranə Qubadovanın xatirələr kitabı yığcam və əhatəlidir. Atasının uşaqlığından tutmuş ömrünün son günlərinədək acılı-şirinli yaşantılarını hərarətli duyğularla qələmə alıb. Nəsil şəcərəsindən söhbət açsa da, nəslin yalnız həkim övladlarından-əmisi Xandadaş Qubadovdan, qardaşı Elşad, bacısı Sevincdən (İndi hər üçü haqq dünyasındadır. Ruhları şad olsun.) bəhs edir. Özü də qısa və yığcam, proloqu, epiloqu olan romanvari xatirələr.
İlham Qubadovun yarım əsrdən artıq həkimlik fəaliyyəti (Biləsuvarda qısamüddətli işini nəzərə almasaq) demək olar ki, Lənkəranla bağlıdır. Travmotoloq deyəndə bu gün də yaşlı və orta nəslin nümayəndələrinin gözləri önünə İlham Qubadov gəlir. Sonra bu işi oğlu Elşad Qubadov davam etdirməli oldu. Təəssüf ki, əcəl Elşad həkimə arzularını reallaşdırmağa macal vermədi, ömrü vaxtsız bitti.


Kitabdan öyrəndim ki, İlham Qubadovun ömür yaşantıları, xüsusilə uşaqlığı acılarla doludur. Dünyaya göz açdığı Lerikin Gədik kəndini Biləsuvarın ilan mələyən çöllərinə köçürürlər. Dağların saf havası, şırıltılı çaylar, diş göynədən bulaqlar, qədim kəhrizlər ömrü boyu yuxularına girirmiş. 12 yaşında dünyasını dəyişmiş qardaşı Bəhruza, eləcə də 8 yaşında dünyaya vida deyən sonbeşik qardaşı Nazimə kömək edə bilməməsi ömrü böyu ürəyini göynədir. Bəlkə, elə bunlara görə həkim olmağa qəti qərar verir?! Özü də uşaq həkimi. Sonra Leninqrada(Sankt-Peterburq) gedib ixtisasını dəyişir, travmotoloq kimi Lənkərana qayıdır. İ.Turner adına Leninqradın Ortopediya və Travmotologiya İnstitunun Klinik Ordinaturasında öyrəndiklərini Lənkəranda tətbiq etməyə başlayır. İlizarov aparatını dünya şöhrətli alim Qavril İlizarovun özündən alır. Lənkəran rayon mərkəzi xəstəxanasında ilk olararaq travmotologiya şöbəsi yaradır.

Bunca belə savadlı, təşəbbüskar həkimlərin elmdən kənarda qalması məni hər zaman düşündürüb. İlham Qubadovun hər əməliyyatı, travmotologiyaya gətirdiyi hər yenilik bir elmi işə bərabərdi. Bunun cavabını Nuranə xanımın kitabından öyrəndim. Oğlu Elşad uşaq yaşlarında ağır xəstəlik keçirir. Atası onu müalicə üçün Moskvaya aparır. İllər boyu yazdığı elmi işini də özüylə götürür. Elmi rəhbəri Moskvada yaşayıb işlədiyindən ona göstərib məsləhət almalı idi. Lakin elmi işini hardasa itirir, tapa bilmir. Daha bu işi davam etdirmir.
Yazılar da insan kimidir. Bir dəfə doğulurlar.

Kitabdan əxz etdiyim ən ağrılı və sevindirici məqamlardan biri anadangəlmə qüsuru olan və bu qüsura görə heç vaxt ayaqqabı geyinə bilməyən bir qadının ayağını sağaltmasıdır. Bu əməliyyat 1968-ci ildə baş tutub. Təsadüfən rastlaşdığı bir qadının ayağındakı qüsur cavan həkimin diqqətini çəkir və qadına onun ayağındakı qüsuru sağaltmaq istədiyini bildirir. Qadın isə ayaqlarının bərpa olunacağına ümidsiz olduğundan imtina edir. Lakin xeyli tərəddüddən sonra həkimin yanına gəlib əməliyyata razı olduğunu bildirir. Bilik və bacarığına güvənən həkim əməliyyata hazırlaşır. Təbii ki, səhiyyə, texniki avadanlıqlar bugünkü səviyyədə deyildi. Belə bir dövrdə hər bir əməliyyat risk və cəsarət tələb edirdi... Əməliyyat uğurla bitir və gözlənilən nəticə əldə olunur. Gips açılanda gözlərinə inanmayan qadın sevincindən hönkürərək ağlayır. Həkim isə - indi gəlirəm - deyib çıxır. Bir qədər sonra əlində içində ayaqqabı olan qutu ilə xəstəsinin yanına qayıdır. Ömründə ilk dəfə geyinəcəyi ayaqqabını görən qadın yenə sevincindən ağlıyır. Həkim şəfa verdiyi xəstəsinə ayaqqabını da özü hədiyyə edir. Təmənnasız sağaltdığı xəstə üçün bundan artıq nə etmək olardı?! Ömründə ayaqqabı geyinməyən qadını sağaldıb onu cəmiyyət üçün normal vəziyyətə gətirən həkim üçün öz əllərinin zəhmətindən böyük hansı mükafat ola bilərdi?!
Ayağının qüsuru aradan götürülən qadın əmək fəaliyyətinə də başlayır, ailə həyatı da qurur.

Bir qədər sonra oxşar əməliyyat qonşu millətin nümayəndəsinin üzərində də aparılır və bu əməliyyat da İlham Qubadovu daha çox tanıdır və sevdirir.
Doktor İlham Qubadovun adını və soyadını ağlım kəsəndən eşitmişəm. Həkim kimi heç zaman qəbulunda olmamışam. Şəxsi tanışlığımız isə çox sonralar olub. Ötən əsrin doxsanıncı illərinin əvvəli idi. Respublikada akademik Böyükkişi Ağayevin rəhbərliyilə “Şəfqət və Mərhəmət” fondu yaradılmışdı. Cənub şöbəsinə İlham Qubadov təyin olunmuşdu. Həmin dövrdə “Lənkəran” qəzetində işləyirdim. 22 min tirajla çıxan qəzet ən oxunaqlı mətbu orqanlardan olaraq əl-əl gəzirdi. Həftəlik iş planı tutanda yeni yaranan fondun Cənub bölgəsi barəsində müsahibə yazmaq istədiyimi bildirdim. Unudulmaz redaktorumuz Şəkər Aslan təklifimi bəyəndi və müsahibəni həftənin planına saldı.
İlham Qubadovla zəngləşdik. Ertəsi gün redaksiyaya gəldi. Gördüyü işlərlə tanış oldum. Qısa müddətdə xeyli iş gördüyünün şahidi oldum. Suallara keçdim. Suallarımdan biri belə idi: “Lənkəranda 4 nəfər I qrup əlili olan ailə var. O ailə üçün nə etmisiniz?” Doktor belə bir ailədən xəbərsiz olduğunu bildirdi və həmin ailəyə gedib şəxsən tanış olmaq qərarına gəldi. Biz onlara birgə getməyi planlaşdırdıq. O zaman şəhər sovetinin sədri işləyən rəhmətlik Mirmehdi Əliyevi və polis rəisi Yusif Əliyevi də dəvət edib, əlillər ailəsinə getdik. Xəstəliklərilə uzun illər mübarizə aparan, lakin nəticəsiz qalanda bu dərdlə barışmalı olan, son dərəcə qürurlu görünən ailənin həyat tərzilə maraqlandıq. Məlum oldu ki, ailənin mənzil şəraiti nəinki əlillər üçün, heç normal insanlar üçün də yararlı deyil. Doktor Qubadovla birgə onları səbrlə dinlədik, bütün qayğı və problemlərilə maraqlandıq. Deyərdim ki, elə həmin görüşdən ailənin taleyinə sanki günəş doğdu. Ailənin illər uzunu ağrılı yaşantılarını, çabalarını əks etdirən “Ötən günlərimi qaytaraydılar” başlıqlı yazım böyük əks-səda doğurdu. Yazı mərkəzi mətbuatda da dərc olundu. Əlaqədar təşkilatların illərlə yatan vicdanı sanki oyandı. Belə ki, təzə ev tikdirmək üçün onlara əlavə torpaq sahəsi ayrıldı, yaşadıqları ev təmir olundu. Onları gəzdirən maşın üçün hər ay pulsuz benzin verildi, ərzaq talonları 4 dəfə artırıldı və s. Həmin ailənin sağ qalan üzvləri bu gün də doktor Qubadovun ruhuna dualar oxuyurlar.
Belə ailələrin sayı yüzlərlədir.
Fond yarananda ölkədə hərc-mərclik dövrü idi. Doktor Qubadovun dilinin əzbəri olan Bəxtiyar Vahabzadənin bu misraları sanki yerinə düşürdü:

Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə.


Bir növ həmin dövr gəlmişdi. Hərə öz hayında idi. Fond vaxtında yaranmışdı.
Sonralar, fondun fəaliyyət göstərmədiyi illərdə doktor Qubadovla rastlaşanda və ya zəngləşəndə həmin xeyirxahlıq yadımıza düşür və məmnunluq duyurduq.
70 illik yubileyində şair-publisist Ağamir Cavad “Söz” jurnalı üçün bir yazı da yazdı. Yazıda İlham Qubadovun həkimlik fəaliyyətilə yanaşı mərhəmətli işləri də əksini tapmışdı. Sözə, sənətə həssas olduğundan dost-tanışları ona şeirlər də həsr ediblər. Biz də cərrah şair Mirsalam Müasirin ona həsr etdiyi qəzəlini dərc elədik.
2004-cü ilin 29 Yanvarında Lənkəranda beşmərtəbəli binanın çökməsi yəqin ki, çoxlarının yadındadır. Dağıntı altında xeyli insan tələfatı ilə yanaşı ağır zədə alanlar da oldu. Ölkə Prezidenti İlham Əliyev cənabları Səhiyyə naziri və digər əlaqədar nümayəndələr ilə Lənkərana gəlib, dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verdi, sağ qalanların vəziyyətilə maraqlandı. Yaralıları Bakı xəstəxanalarına çatdırmağı tapşırdı. Lakin həkimlərin iş üsulu Prezidenti və əlaqədar təşkilatların nümayəndələrini razı saldığına görə yaralıların Lənkəranda müalicə almaları məsləhət görülür. Həkim İlham və Elşad Qubadovlara xüsusi təşəkkür bildirir.
Qeyd edək ki, Elşad Qubadov elmi işində professor Y.Əmiraslanov tərəfindən təklif olunan “İlik kanalının sümük-plastik trepanasiyası” metoduna əsaslanıb və bu metodu təkmilləşdirməklə respublikada ilk dəfə olaraq trepanasiya oyuğunun formasını dəyişdirmiş və təhlükəsiz osteotomiya üçün alətdən (iskənə) istifadə etmişdi. O, 2005-ci ildən etibarən “Bud sümüyünün xroniki esteomielitinin cərrahı müalicəsi” mövzusunda elmi-tədqiqat işi aparmış və 2009-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru olmuşdu. Azərbaycan Travmatoloq-Ortopedlər Assosiasiyasının Prezidenti, Amerika Ortopedik Cərrahiyyə Akademiyasının üzvü, tibb elmləri doktoru, professor Çingiz Əlizadənin rəhbərliyi altında apardığı bu tədqiqat işi öz aktuallığı ilə onun qeyd etdiyi bütün çətinliklərin aradan qaldırılmasına köməklik etmişdi. Elşad Qubadovun travmatologiya və ortopediya sahələri üzrə apardığı elmi araşdırmaları haqqında çoxlu elmi məqalələri və tezisləri vaxtaşırı yerli və xarici mətbuatda dərc olunurdu.

Elşad Qubadovun həyata keçirəsi arzu və planları çox idi. Həkimlik fəaliyyəti kimi elmi işləri də yarımçıq qaldı.
Yenə Nuranə xanımın kitabına qayıdıram. Nuranə xanım bilir ki, kitab nəsildən-nəsilə ötürülən əmanətdir, dünyada sözdən qiymətli heç nə yoxdur. Yazdıqlarında atasının şəfqətli əlləri görünür, nurlu siması canlanır. Doktor Qubadov bizə hələ çox yaxındır. Onu bizdən 7 illik zaman məsafəsi ayırır. Müəllif onu tanıyanlara, həyata qaytardıqlarına müraciət etsəydi, mübaliğə olmasın, hər biri bir kitablıq söz deyərdi. Lakin öz düşüncələrinə və o dövrün mətbuatına əsaslanıb. Qatı kəsilmiş qəzet-jurnal səhifələrində də atasının nurlu siması canlanır, şəfqətli əlləri görünür.
İlham Qubadovun bir həkim, bir ziyalı, bir xeyirxah insan olaraq yeri hər zaman ürəklərdə, ucalarda olacaq.
Hacı İlham Qubadovun ruhu şad olsun, məzarı nurla dolsun. Sözlə əbədiləşən ömrü mübarək!

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

13-01-2023, 20:23
Azərbaycana yeni virusu müəyyən edən testlər gətirildi


Azərbaycana yeni virusu müəyyən edən testlər gətirildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanda COVID-19 virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test alınıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, testlər koronavirusun “Omicron” ştamının yeni altnövü olan “Kraken” ştamını müəyyən edə bilir.
6-01-2023, 16:05
Koronavirusun yeni növü aşkar edilib


Koronavirusun yeni növü aşkar edilib

Dünyanın 29 ölkəsində koronavirusun yeni XBB.1.5 alt növü aşkar edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib. Onun sözlərinə görə, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymaq mümkün ola bilər. Lakin ÜST rəhbəri deyib ki, hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə yayılması müşahidə olunur. Qebreyesus qeyd edib ki, omikron XBB.1.5 ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkarlanıb. İndiyədək dünyanın 29 ölkəsində yeni növə rast gəlinib. Hazırda bəzi regionlarda virusun yayılması sürətlə artır.
30-11-2022, 17:59
Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir

2 saylı Tibb Kollecində Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir keçirilib.

Butov.az-a xəbər verir ki, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihə çərçivəsində, 2saylı Bakı Baza Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında
məlumat verdi, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi və gəncləri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırdı.

Bakı Narkoloji Mərkəzinin psixoloq-həkimi Günay Babayeva, slaydlarla "Narkotik asılılığın psixoloji təsirləri" barədə ətraflı
çıxış etdi və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə çıxış edən Kollec müəllimləri və tələbələr, mövzu barədə fikirlərini bildirdilər və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.



Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri

28-11-2022, 21:02
"Narkomaniya və zərərli vərdişlərə qarşı"

Tibb Universitetində "Narkomaniya və zərərli vərdişlərə qarşı" tədbir keçirilib.

"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Tibb Universitetində həyata keçirilib. Layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə narkomaniyaya qarşı hüquqmühafizə orqanları tərəfindən aparılan mübarizə,bu sahədə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, habelə vətəndaşların sağlamlığının qorunması sahəsində aparılan islahatlar, narkotik vasitələr və zərərli vərdişlərin insan
sağlığı və cəmiyyətimiz üçün fəsadları barədə danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Tədbirdə çıxış edən Bakı Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva tələbələrə, Mərkəzin fəaliyyəti, narkotik və psixotrop maddələr, onların səbəb olduğu bulaşıcı xəstəliklər, narkoloji asılılıq, onun psixoloji təsirləri, narkomaniya ilə bağlı bir hadisə ilə qarşılaşdıqlarında atılması lazım olan addımlar barədə geniş məlumat verdi və onları maraqlandıran sualları
cavablandırdı. Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən tələbələr mövzu barədə öz fikirlərini səsləndirdilər, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı
səsləndirdiyi fikirlərin onlar üçün bir Şüar olduğunu bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Tibb Universiteti və Bakı Narkoloji Mərkəzin rəhbərliklərinə minnətdarlıqlarını
bildirdilər.


Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri
16-11-2022, 19:34
"Narkomaniya və zərərli vərdişlərə qarşı" maarifləndirmə tədbiri

Azərbaycan Tibb Universitetində "Narkomaniya və zərərli vərdişlərə qarşı" maarifləndirmə tədbiri keçirilib.
Bu tov.az Ordum.az-a istinad edərək xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetində, "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən yerli və əcnəbi tələbələrin iştirakı ilə maarifləndirici tədbir həyata keçirilib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlar, dövlət qurumlarının bu sahədə apardıqları mübarizə və narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı.QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliklərinə,tədbirin təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən QHT sədri, bütün tədbir iştirakçılarına uğurlar arzuladı.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev, Narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışdı, slaydlarla narkotik və psixotrop maddələr,onların səbəb olduğu bulaşıcı xəstəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verdi, 802 və 102 qaynar xəttlərinin bu istiqamətdə əhəmiyyətindən danışdı və narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini qeyd etdi.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin məsul əməkdaşı Adəm Salahov tərəfindən tədbirdə iştirak edən əcnəbi tələbələrə, qanuna zidd hərəkətlərə görə xarici ölkə vətəndaşları üçün Miqrasiya qanunvericiliyində nəzərdə tutulan müvafiq maddələrdən bəhs etdi və onlara, Azərbaycanda başqa ölkələrdən gələn tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitdən qanunlar çərçivəsində maksimum faydalanaraq, sağlam həyat tərzini seçmələrini tövsiyyə etdi.

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən Universitet nümayəndələri və iştirakçılar, ölkəmizdə gənclərin narkotik və zərərli vərdişlərdən uzaq durması üçün yaradılan şəraitdən razı olduqlarını,Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir Şüar olduğunu bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan bütün qurumlara minnətdarlıq etdilər.


Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!