COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        YENI ÖZBEKISTANDA GENÇLERE SUNULAN FIRSATLAR: BAŞARILARIM VE DENEYIMIM .....                        AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                       
Tarix : 11-09-2015, 10:23
Demokratiyanın miqrant balaları...


Butov.az Milli.az-a istinadən nəzərinizə çatdırır ki, siyasi və cinayət xarakterli motivləri kənara qoysaq, deyə bilərik ki, insanlar heç zaman xoş gündən daimi yaşayış yerlərini və evlərini atıb getmirlər.

Bunu kim bilməsə də, iki yüz min soydaşı Ermənistanı tərk edərək Azərbaycana pənah gətirən bizlər hamıdan yaxşı bilirik.
İllər boyu tikib qurduğun ev-eşiyini, bağ-bağatını, əzizlərinin uyuduğu qəbiristanlığı qoyub bir yüngül bağlama və bəzən körpə uşaqlarla sərhəd keçmək, yüz kilometrlərlə məsafə qət etmək çox ağır və ağrıdıcı prosesdir.
Yolda başına nələr gələcək, naməlum ünvana sağ-salamat çata biləcəksənmi, getdiyin yerdə səni nələr gözləyir, geriyə nə zaman qayıdacaqsan və ümumiyyətlə, qayıda biləcəksənmi - bu əzabverici sualların heç birinə cavab tapmamış səfərə çıxmağın özü də çox çətindir.
Bəs seçim yoxdursa nə etməli?
Əksər hallarda belə seçim mahiyyətcə həyatla ölüm arasında olur.
Elə mənzil başına yetişmək də bəzən həyatla ölüm arasında həll olunur və təəssüf ki, heç də həmişə həyatın xeyrinə baş vermir!

Bəs insanların özlərini, övladlarını, bütövlükdə ailələrini real ölüm qarşısında qoymaqla köç (miqrasiya) etmələrinin səbəbi nədir?
Niyə dövlət öz vətəndaşını qorumaqda, ona sahiblik etməkdə acizlik göstərir?
Bu, qəsdən törədilir, yoxsa imkansızlıqdan baş verir?


SƏN KİMSƏN, MİQRANT?

Miqrant kimlərə deyilir?
Bu kateqoriyadan olan insanların tərifi təqribən belədir: uzun müddət (adətən, bir ildən artıq) yad ölkədə yaşayan insan miqrant hesab olunur. Bəzən mövsümi qazanc dalınca gedən insanlara da (məsələn, kənd təsərrüfatı məhsullarının yığımında iştirak etmək üçün və s.) miqrant deyilir. Amma, tutaq ki, turistlər, zəvvarlar, müalicə dalınca xaricə səfər edənlər miqrant sayılmır. Göründüyü kimi, miqrantlığın səbəbi getdiyin yerdə çox yaşamaq və orada işləyərək ailəni dolandırmaqdır.
Bəs miqrantlarla qaçqınların, yaxud məcburi köçkünlərin fərqi nədir?
Hər üç insan qrupu daimi yaşayış yerini uzun müddətə tərk edir. Onlardan ikisi (miqrant və qaçqın) dövlət sərhədini keçir, məcburi köçkünlər isə cəbhə xəttini!
Qaçqın və məcburi köçkün ölümdən, girov düşmək qorxusundan canını götürüb qaçır.
Miqrant isə iş dalınca, güzəranını yaxşılaşdırmaq ümidi ilə qəribliyə üz tutur.
Qaçqın və məcburi köçkünün ev-eşiyi, əmlakı dağıdılaraq yağmalanır. Miqrantlar isə istədikləri vaxt geriyə, doğma ocağa qayıda bilərlər.
Bunların arasındakı ümumi və fərqli cəhətlərə baxmayaraq, insanların məcburi yerdəyişməsinin, sakit və təhlükəsiz yaşayaraq normal dolanmaq üçün qürbətə getməsinin səbəbi eynidir:
Dünyanın məkrli və qəddar siyasəti!
Bir vaxtlar buna imperialist siyasəti də deyirdilər.

Bu barədə söhbət açmazdan əvvəl daha bir neçə məqama diqqət yetirək.
Miqrantlar məcburiyyət qarşısında daimi yaşayış yerlərini tərk etsələr də, eyni zamanda illüziyaya qapılmış insanlar hesab olunurlar. Bu isə məqsədyönlü şəkildə aparılan məkrli təbliğatın nəticəsidir. Miqrantlar özlərini inandırmaq istəyirlər ki (həm də onları buna inandıran işbaz şirkətlər və insanlar da var), çatdıqları yerdə qalmağa yer, iş tapacaq, hətta ailələrini saxlamaqdan əlavə dar günə, geriyə dönməyə pul da yığa biləcəklər. Amma heç harada küçələrə nə pul tökülüb, nə də heç bir dövlət ona pənah gətirənləri yağ-bal içində bəsləyir. Bunu Azərbaycandan Avropaya "şirin arzularla" mühacirət edən "5-ci kolon" üzvləri hamıdan yaxşı bilir.
Təcrübə göstərir ki, gələcək miqrantlar əksər hallarda onları ünvana çatdıracaq vasitəçilərə pul ödəmək üçün ya əmlaklarını satır, ya da borc götürürlər. Lakin bəzən aldadılaraq üz tutduqları ölkəyə belə düşmürlər. "Mənzil başına" çatanda isə xülyaya qapıldıqlarını anlayırlar.
Miqrantlar, adətən, "aşağı qrup" insanlar sayılır. Hər bir ölkə əcnəbilərin onların ərazisində qalmaları və yaşamaları üçün bəzi prosedurlar və şərtlər müəyyənləşdirir. Belə qaydalara əməl etməyənlər isə qanunsuz miqrantlar sayılır. Məsələn, qanuni sənədləri olmadan, yaxud saxta sənədlərlə ölkəyə gələnlər və gizli yaşayanlar, habelə icazə verilən müddətdən artıq qalanlar, ölkədə yaşamaq qaydalarını pozanlar qanunsuz miqrantlar kateqoriyasına daxil edilir.

QƏRİBLİYƏ, YOXSA ÖLÜMƏ?

Bütün hallarda miqrantlıq xoşbəxtlikdən doğmur. Əksinə, bir sıra dövlətlərin və insan qruplarının faciəsidir. Hələ "miqrant" adını almaq üçün ölüm və fəlakət "imtahanlarından" da keçənlər olur. Həm də hamı məsafəni uğurla başa vurmur. Bununla bağlı müəyyən "statistika" da mövcuddur.
Faciələri əks etdirən rəqəmləri birlikdə nəzərdən keçirək: indiyədək 40 mindən çox insan qlobal səviyyədə miqrant kimi bir ölkədən digərinə keçərkən ölüb. Onlardan təkcə 22 mini Aralıq dənizində həyatını itirib. Ümumiyyətlə, 365 min 165 nəfər Aralıq dənizi, Balkan yarımadası və digər istiqamətlərdə Avropa sərhədlərini keçməyə cəhd edib, onlardan 2.664 nəfəri təkcə bu il ölüb. Aprelin 19-da Aralıq dənizində miqrantlarla dolu qayığın aşması nəticəsində 800-ə yaxın insan dənizdə batıb. Onların arasında uşaqlar da olub.

İtaliyanın ANSA agentliyi xəbər verir ki, təşkilat ötən illə müqayisədə bu il daha çox sayda - 250 min miqrantın Avropaya gəldiyini bildirib. Qurum insan tələfatı ilə nəticələnən qəzaların miqrant probleminin ciddi olduğunu göstərdiyini vurğulayıb. Bütün bu təhlükələrə baxmayaraq, bu il 102 min miqrant İtaliyaya keçməyi bacarıb. Almaniyanın daxili işlər naziri Tomas de Meyer bildirib ki, ölkə bu il 800 mindən çox qaçqın gözləyir və onların sayı bir milyona qədər arta da bilər. Fransa Prezidenti Fransua Olland isə nəzərdə tutulan 120 min miqrantdan əlavə daha 24 mininin gələcəyini söyləyib.
Qərbi Avropa miqrantları sevməsə də, onları qəbul edir, həm də miqrantların sayı azalmır.
Əslində nə baş verir?
Qərbi Avropa dövlətləri binayi-qədimdən müstəmləkələr hesabına yaşayıb.
Müstəmləkəçiliyin isə mahiyyəti digər dövlətlərin və millətlərin qanını sormaq, onların təbii sərvətləri və qazancları hesabına öz xalqını və dövlətini firavan yaşatmaqdır.
Tarixdə müstəmləkəçiliyin bir neçə forması olub!
Afrikaya, Amerikaya gedən Qərbi Avropa dövlətləri üstün silahlar yaratmaq və öz dövrü üçün güclü ordu qurmaq hesabına ölkələr fəth edərək yerli xalqları köləyə çevirmişlər. Onların əməyini və sərvətini mənimsəmiş, öz ölkələrinə daşımış, xalqın özünü isə ac-yalavac əsarətdə saxlamışlar.
Bu, müstəmləkəçiliyin ilk forması sayılır.
Müəyyən dövr keçib, insanlar başqa dövlətlərin ağalığına, qaniçənliyinə dözməyərək mübarizəyə qalxıb, çoxsaylı toqquşmalar baş verib, qanlar axıdılıb. Daha xalqı qul edərək sərvətini daşımağın mümkünsüzlüyünü görənlər taktikanı dəyişmək məcburiyyətində qalıblar.
Beləliklə, müstəmləkəçiliyin yeni forması yaranıb.
Quldarlıq və feodalizm cəmiyyəti ömrünü başa vurduqdan sonra sərvəti bol, özü geridə qalan və hərbi gücü olmayan ölkələrdə istehsal sahələri yaratmaq, fabrik- zavodlar açmaq yolu tutulub. Xammalı daşımaq əvəzinə həmin dövlətin ərazisində məhsul istehsal etmək daha sərfəli sayılıb. Əvvəla, xammal bol olduğundan dəyər-dəyməzinə alınıb, ikincisi, işçi qüvvəsi ucuz başa gəldiyindən maya dəyəri aşağı düşüb, üstəlik öz ölkəsinin ekologiyasını da təmiz saxlaya biliblər.
Əsarətin bu forması isə yeni müstəmləkəçilik adlanır.

XX əsrdə baş verən inqilablar isə yeni müstəmləkəçilik siyasətini iflasa uğratdı. SSRİ-nin yaranmasından, kommunizm ideologiyasından ruhlanan yarımmüstəmləkə xalqlar inqilab edərək əcnəbilərə məxsus müəssisə, bank və şirkətləri özəlləşdirməyə, sosializm quruluşu yaratmağa başladılar. Bu işdə SSRİ də onlara yaxından kömək edirdi.
Zaman göstərdi ki, artıq yeni müstəmləkəçiliyin də vaxtı keçib. Qərbi Avropa nəsə icad etməli idi.
Elə etdi də!
Sərvət sahibi olan dövlətləri çapıb-talamağın ən müasir metodu isə "demokratiya" ixracıdır. Köhnə və yeni müstəmləkəçiliyin bütün "elementlərini" pərdələnmiş şəkildə özündə ehtiva edən Qərb "demokratiyası", əslində, dövlət səviyyəsində soyğunçuluğun ən müasir formasıdır.
Artıq "köhnə müstəmləkəçilik"də olduğu kimi, dövlətlərin daxilinə qoşun yeritməyə, yerli əhalini köləyə çevirərək işlədib əməyini mənimsəməyə ehtiyac qalmayıb. "Yeni müstəmləkəçilik" kimi xammalı zəngin ölkələrdə fabrik-zavodlar tikmək, ucuz işçi qüvvəsindən bəhrələnmək də geridə qalıb.
İndi "demokratiya" pərdəsi altında "ən yeni müstəmləkəçilik" siyasəti yürüdülür. Bu siyasətin mahiyyəti əvvəlkilərin eyni olsa da, tətbiqi forması, prinsip və detalları xeyli dərəcədə yenilənmişdir.
Gəlin son dövrlərdə baş verənlərə başqa fokus nöqtəsindən baxaq, hadisələri əsl mahiyyətinə uyğun şərh etməyə çalışaq.

MİLLİ SATQINLARA ARXALANANLAR

Heç kəsə sirr deyildir ki, ABŞ və Qərbi Avropa (əslində həm də onlar tərəfindən idarə olunan beynəlxalq qurum və təşkilatlar, kütləvi informasiya vasitələri və internet resursları) yalnız təbii sərvətlərlə zəngin olan və əlverişli geosiyasi məkanda yerləşən ölkələrdə "demokratiyanı inkişaf etdirməkdə" maraqlıdırlar və buna çalışırlar.
Sual olunur, niyə hamısında yox?
Cavab yuxarıda dediklərimizin təsdiqidir!
Onlar öz talançılıq maraqlarını güdürlər!
Hədəf kimi seçilən ölkədə "demokratiyanın bərqərar olması" prosesinə həmin dövlətin başçısından başlanılır.

Niyə?
XXI əsrdə müharibələr yolu ilə xalqları soymaq səs-küylü olduğundan (məsələn, İraqda olduğu tək) dəbdə deyil. Amma "demokratiya" xoşluqla alınmayanda buna da əl atırlar. Onların çaldığına oynayan, başqa sözlə, vəzifəyə (dövlət başçılığına) gəlmək naminə hər şeyə hazır olan milli satqınlardan "yeni lider" (bəzən "köhnələrin" də başını bəzəyərək yeniləndirirlər) düzəldərək "xalq inqilabı" vasitəsilə hakimiyyətə gətirirlər. Digər "milli satqın"ların vasitəsilə hakimiyyətə gələn "baş satqın" isə xalqın sərvətinin "qanuni formada" talanmasını təmin etmək yolu ilə ağalarının borcunu qaytarır. Belə halda isə dövləti və milli maraqlar tapdalanır, xalqa məxsus sərvət özgələrinə fayda gətirir.
"Demokratik inqilablar"ın (bunlar artıq dünyada "rəngli inqilablar" kimi tanınır) özləri də uzun sürən prosesdir. Bunun üçün hədəf seçilən ölkə daxilində milli xəyanətkarlardan ibarət "5-ci kolon" düzəldilir, vətəndaş cəmiyyəti təsisatları və siyasi partiyalar pərdəsi altında "dayaq nöqtələri" qurulur, çap və elektron media yaradılaraq məqsədyönlü təbliğat aparılır, ayrı-ayrı insanlar, xüsusən gənclər ələ alınaraq lazımi məqamda "narazı elektorat" toplamaq üçün pullar xərclənir. Paralel olaraq özlərini "demokratiya nümunəsi və atası" sayan dövlətlər, onların KİV-i və nəzarətlərində olan beynəlxalq "rəy təşkilatları" hədəf edilən ölkədə "mətbuat və söz azadlığının boğulduğu", "insan haqlarının tapdalandığı", "siyasi dustaq"ların mövcudluğu" və s. məsələlər barədə açıqlamalar verir, "narahatlıqlarını" bildirir, dövlətə bu yolla təsir və təzyiq göstərməyə çalışırlar. Məsələni yetişdirərək konkret "inqilab ssenarisi" hazırladıqdan sonra işarə verilən kimi əvvəlcədən hazırlanmış mövcud iqtidarın "xalqa qəsdi hadisəsi" (bu hadisə jurnalistin öldürülməsi, göyərtisatanın özünü yandırması və başqa formada ola bilər) törədilir, baş verən "fakt" şişirdilərək ölkədaxili, sonra beynəlxalq mətbuatın hədəfinə gətirilir, internet resursları yüksək fəallıq şəraitinə keçirilərək insanları meydanlara səsləyən çağırışlar başlayır.
Hadisələrin ikinci mərhələsində baş meydanda çadırlar qurulur, "dinc nümayişçilərə" zor tətbiq edilməməsi üçün "diplomatik kanallar" işə salınır. Əslində, qanun pozuntusu, iğtişaş və özbaşınalıqlar törədən "xüsusi təyinatlı kütlə" müdafiə olunaraq çevrilişə ruhlandırılır, qanuni iqtidarın isə müxtəlif (təbii ki, "demokratiya" adı altında) üsullarla əl-qolu "bağlanılır". "İnqilabın" böyüməsi, ölkənin hər tərəfini əhatə etməsi, etirazların qarşıdurmaya, dağıntı və silah tətbiqinədək inkişafı üçün hər iş görülür.
İnqilab ərəfəsi dünyada "məşhur inqilabçı texnoloqlar"ın ölkəyə gəlişi və hadisələrə lap yaxından rəhbərliyi də təmin edilir.
Çevrilişdən sonra üçüncü mərhələ başlayır. Bu mərhələ bulanıq suda balıq tutmağa bənzəyir. Dövlət idarəçiliyini iflic vəziyyətinə salan, xalqın başını küçə və meydanlarda, vətəndaş qarşıdurmalarında qatan "demokratiya ixracatçıları" dərhal fəaliyyətə başlayırlar.
Əvvəlcə "inqilaba" xərclədikləri pulu götürürlər. Həm də artıqlamasıyla: milyonların yerinə milyardlar! İraqda, Misirdə, Liviyada və digər yerlərdə olduğu kimi!
Rezervuarlardakı, mədənlərdəki neft ələ keçirilərək dərhal daşınır, banklardakı dövlətə və ayrı-ayrı məmurlara məxsus vəsaitlər yoxa çıxır...
Hanı inqilabdan dərhal sonra Səddam Hüseynin, Hüsni Mübarəkin, Müəmmər Qəddafinin KİV-də konkret rəqəmlərlə göstərilən milyardlarla dolları, tonlarla qızılları, xaricdəki bank hesablarındakı pulları, mülk və obyektləri?

İlk günlər dünya KİV-inin diqqətində olan bu varidat sonradan "unuduldu" (əslində, unutduruldu).
Əgər xalqdan oğurlanmışdırsa, onda niyə dövlətə, xalqa qaytarılmadı? Keçmiş dövlət başçılarının ailə üzvlərindən kimsə səsini çıxara, dövlətlərini tələb edə bilməzlər. Dərhal ya öldürülür, ya da mühakimə olunaraq... edam edilir. Səddam Hüseynin nəvəsinə qədər öldürdülər... Bu da demokratiyadır?
Miqrantların arasında "5-ci kolon"un üzvlərinin də olması şübhə doğurmur. Görəsən, heç o milli satqınlardan soruşan olubmu ki, əvvəlki "totalitar rejim" yaxşı idi, yoxsa indi Avropada keçirdiyiniz dilənçi miqrant həyatı?
Artıq "demokratiya"nın ixrac olunduğu ölkələr elə bir vəziyyətə salınıb ki, çətin bir də özünə gələ! Ərəb dövlətləri, adətən, tayfaların birliyindən yaranırdı. Yüz illərlə davam edən tayfa düşmənçiliyini aradan qaldıraraq sabitlik yaradan keçmiş liderləri rəngli inqilab yolu ilə yox etdilər. Yenidən tayfalar arasında düşmənçilik yaradaraq köhnə ədavətləri qızışdırdılar. Hazırda "demokratiya şəraitində" "yaşayan" Şimali Afrika, Yaxın və Orta Şərq ölkələrində iqtisadiyyat elə bir vəziyyətə salınıb ki, insanların yaxın dövrdə insan kimi yaşayacaqları böyük sual doğurur.
İqtisadiyyatı düzəltmək üçün sabitliyin yaranması vacibdir. "Demokratiya ixracatçıları isə var gücləri ilə dövlətdə sabitlik yaranmasına mane olmağa çalışırlar və hələ ki buna nail olurlar.

İT SÜMÜYÜ SEVİNƏ-SEVİNƏ YEYİR...

Bir vaxtlar "demokratiya" deyib "5-ci kolon" üzvlərinin arxasınca düşənlər indi demokratiyanın bətnindən çıxan miqranta çevrilərək Avropa demokratlarına əl açmağa - bir parça çörək qazanmağa gedirlər.
Arvad-uşağı da özləri ilə götürürlər...
Hələ getdikləri yerə çata bilsələr...
Hələ çatdıqları yerdə onları qəbul etsələr...
"Müasir demokratiya"nın əlavə rıçaqları da vardır. Başqa dövlətlərin milli sərvətlərini örtülü formada ələ keçirməyə imkan yaradan rıçaqlar.
Allah-təala nefti müsəlman dövlətlərinə verib. Lakin əksər ölkələrdə onun açarı xristian dövlətlərinin əlindədir. Odur ki, adətən, faydasını da onlar götürürlər.
Birinci üsul barədə yuxarıda danışdıq, "demokratiya ixracı" yolu ilə.
İkinci isə neftin qiymətini oynatmaqla, lazım gələndə onu aşağı salmaqla, ucuz qiymətə ələ keçirməklə (bu həm də bəzi dövlətlərə "qulaqburması" vermək üçün işlədilən sınanmış metoddur).
Dollar və avro talançılığı da ən yeni müstəmləkəçiliyin sınanmış üsullarındandır. Dünyada dollar hökmranlığına nail olanlar çox asanlıqla üzərinə müxtəlif şəkillər çəkilmiş və rəqəmlər yazılmış adi kağızları başqa dövlətlərin sərvətlərinə dəyişirlər. Bəli, arxasında ÜDM, qızıl dayanmayan pul vahidi, əslində, adi kağızdır. Amma ona qeyri-adiliyi verən hərbi qüdrət, zorakılığa söykənən siyasət və "demokratiya" adı ilə dövlətlərin daxili işlərinə qarışmaq imkanıdır.
Rəngli inqilabların həyata keçirilməsinin ən mühüm vasitələrindən biri internet şəbəkəsidir.
Demokratiyanın "mətbuat və söz azadlığı" prinsipinin qanadı altına verilmiş internet şəbəkəsi hadisələrin cərəyan etdiyi ölkədən kənarda oturaraq "inqilabi prosesləri" idarə etməkdə, olanlar barədə istənilən rəyi formalaşdırmaqda, milli satqınlara operativ tapşırıqlar verməkdə əvəzsiz vasitədir. Onun gücünü yüksək qiymətləndirən ABŞ internetin ağalığını və idarə olunmasını öz üzərinə götürərək bu şəbəkəni Qoçu Nəcəfqulunun keçisinə döndərib. Qəti surətdə əminik ki, dövlətlər yaxın zamanda ağıllanacaq və kənardan məkrli formada idarə olunan bu şəbəkənin antimilli fəaliyyətinə son qoymaqdan ötrü özlərində güc taparaq qanuni addımlar atacaqlar.
Hələlik isə internetə toxunanlar "demokratiya düşməni" (əslində ABŞ-ın düşməni) hesab edilir, bütün beynəlxalq qurum və təşkilatlar birağızdan belə addım atanların üzərinə cumurlar.
Dövlət başçısı cənab İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə müasir dünyada baş verən proseslər barədə ətraflı söhbət açdı.

Əslində, dünyanı humanitar fəlakət həddinə çatdıran mövcud siyasəti ifşa etdi.
Yaxın günlərə qədər istismarçı siyasət və ölkələrin daxili işlərinə müdaxilə yolu ilə sabitliyin pozulmasından yaranan miqrantlar ordusuna biganə və etinasız olan Qərb mediası artıq onları ittiham etməyə başlayıb. Çünki Avropa əməlinin bəhrəsini dadmağa, narahat olmağa başlayıb. Cənab İlham Əliyev isə taleyinin qara günlərini yaşayan bu insanların günahsız olduğunu göstərir: "Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə onların fəlakətidir".
Bəli, bu gün miqranta çevrilmiş dünənki sabit ölkənin vətəndaşının başqa yolu və çarəsi yoxdur!

ƏMƏLİNİN BƏHƏRİNİ YEYƏN AVROPA

Miqrant talanan sərvətinin dalınca Avropaya gəlir!
Miqrant onun həyatının nizamını pozan avropalının rahatlığını pozmağa gəlir!
Miqrant onu ölkədaxili sabitliyi pozmağa sövq etmiş Avropa siyasətindən öyrəndiklərini Avropada tətbiq etməyə gəlir!
Miqrant öz faciə və fəlakəti ilə Avropanın kefinə soğan doğramağa gəlir!
Amma ona qarşı nə qədər qəddar və amansız olsalar, daha çox ziyan çəkəcəklər! Çünki miqrantların itiriləsi heç nəyi qalmayıb...
Həm də daha gedəsi başqa yerləri də yoxdur!
Ac və ümidsiz insan küncə sıxılanda çox qorxulu olur!
Vaxtında ona öz evində sakit yaşamağa imkan verməli idiniz!
Onu da deyək ki, rəngli inqilab törədilməsi üçün Azərbaycan da hədəfə alınmış ölkələr sırasında olub. Ancaq cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti xalqımızı baş verə biləcək bəlalardan vaxtında qoruya bilib: "Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bax bu bəlalardan qorumuşuq. Bizə qarşı uzanan o çirkin əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik".
Buna qətiyyən şübhəmiz yoxdur!

HƏR BİRİMİZİN VƏTƏNDAŞLIQ BORCU

Azərbaycanın təcrübəsi göstərir ki, iqtidarla xalqın birliyi hər cür təhlükəni önləyə bilir. Odur ki, biz vətəndaşlar daim dövlətimizin yanında olmalı, milli maraqları qorumağı, hər cür təhdid və təhlükələrə üstün gəlməyi bacarmalıyıq.
Bunun üçün hər şeydən əvvəl:
* Müstəqilliyin qədrini bilməli, onu göz bəbəyi kimi qorumalıyıq;
* Ötən əsrin doxsanıncı illərinin dərslərini heç zaman unutmamalı, sabitliyin pozulmasına heç vəchlə yol verməməliyik;
* Demokratiya qanunun aliliyinə söykənməlidir, unutmayaq ki, zorakılığın, xaos və anarxiyanın ona heç bir aidiyyəti yoxdur!
* Hər bir vətəndaş milli və dövləti maraqları var gücü ilə qorumalı, milli-mənəvi dəyərlərə sadiq qalmalı, onu pozmaq istəyənlərin cavabını dərhal verməlidir;
* "Demokratiya" adı ilə xaricdən idxal olunan inqilablar yalnız fəlakət, qan, dağıntı və çoxsaylı insan ölümü törədir.
Nəhayət hamı miqrant selinin zəngin təbii sərvətlərə malik müsəlman ölkələrində baş verdiyinin və xristian dünyasının əliyalın qaçqınları necə qəzəb və qəddarlıqla qarşıladığının fərqində olmalı və heç zaman unutmamalıdır!
Vətəni sevmək azdır, onu xain niyyətlilərdən qorumağı da bacarmalıyıq!


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!