Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 8-10-2014, 13:41

 

Mübariz müəllimlə Səriyyə xanımın zəngi gələndə dan yeri yenicə sökülürdü. Tələsik geyinib küçə boyu vədələşdiyimiz yerə tələsirdim və ürəyimdə bu insanlara da, bir azdan "Koroglu" metrosunun yanında görüşəcəıyimiz digər iki dostuma-Əliqismət müəllimə və Svetlana xanıma da böyük bir minnətdalıq hissi vardı. Bircə kəlməmlə, bircə dəvətimlə işi-gücü başından aşan bu şəxslər səhər yuxusuna haram qatıb Könül ziyarətinə tələsmişdilər... sağ olsunlar!

 

... Qurbanlarımız kəsilmiş, neçə gün əvvəldən aldığımız hədiyyələr maşınlara yüklənmişdi, gedəcəyimiz yerdə yolumuzu gözləyirdilər. Amma o tanış ünvandaki sakinlərin bundan xəbəri yox idi, sadəcə Qətibə xanımla, Fəridə xanım bu gəlişimizdən agah idilər. Onlarla hər gün əlaqə saxlayır, məsləhətləşir, bəzi dəqiqləşdirmələr aparırdiq. Nəhayət təyin olunan gün biz ahıl, kimsəsiz, ürəyi qübar tutmuş 176 insanın könlünü Ziyarət etməyə gedirdik.

 

Bilgəhdəki Qocalar evi... Əslində rəsmi adı Müharibə və Əmək Əlilləri Pansionatı olan bu mərkəzin indi nə müharibəyə dəxli var, nə də iş yerində aldığı zədədən əlil olanlara...Bura sadəcə atılmış, unudulmuş, bu və ya digər səbəbdən kimsəsiz, baxımsız qalan, Allahın verdiyi ömrü bu müvəqqəti həyatın qonaq evində, birovuc əşyalarının, bir də dünənki xatirələrin əlçatmayan, gerçəkləşməsi namümkün xatirələri ilə baş-başa qalmaq məcburiyyətində olan 176 nəfərin sığındığı ünvandır.

İllər əvvəl, ilk dəfə buradan veriliş hazırlamağa gəldiyim günün bütün detallarını bu gün də xatırlayanda gözlərim yaşarır. Onda buranın sakinlərinin əksəriyyəti kamera qarşısına çıxmaq, "Doğmalarım, övladlarım məndən imtina ediblər! "-demək istəmirdilər, üzlərini kameradan gizlədirdilər. (Təəssüf ki, indi bir çox mənəvi dəyərlər kimi, adət-ənənələr kimi bu hisslər də yavaş-yavaş unudulur, bir çoxları bura gələnlərin hərəsinə fərqli bir həyat hekayəsi uydurub danışırlar.) İndisə hamısı çəkinmədən kamera və fotoaparat qarşısına həvəslə keçməyə başlayıb.

İndi burda hər şey dəyişilib demək, həqiqəti bütün dolğunluğu ilə əks etdirmir, çünki burada köhnədən qalma yalnız bu ərazini bələdləyən hasarlardı, bir də, fasadını dəyişib yeniləşən bir neçə köhnə tikili.. Bundan başqa demək olar ki, burada hər şey təzədir. Hətta Qocalar evinin indiki görkəmi ilə belə müqayisədə xeyli təmtəraqlı görünən hasarın o tayındakı şəxsi villa da...Pansionatın dənizə baxan tərəfində yeni korpus inşa olunub, həyət tanınmaz dərəcədə dəyişib. İndi bu ərazi dünyaının ən məşhur istirahət guşələri ilə bəhsə girəcək görkəmi ilə baxanların gözünü oxşayır. Əvvəllər iki-üç nəfərin birgə yaşadığı köhnə bina təmirdədir, əvəzində, müasir mehmanxana kompleksini xatırladan yeni korpus fəaliyyətdədir, sakinlərin hamısı bütün məişət və sanitar şəraiti olan bir nəfərlik otaqlarda yaşayir. Geniş, işiqlı, rahat yeməkxana və mətbəx də burada vəziyyətin yaxşı mənada dəyişdiyinə sübutdur. Mətbəx məsələlərinə cavabdeh olan Naibə xanım ürəklə bura gələnləri mətbəxlə üzbəüz otağa dəvət edib səliqə ilə rəflərə düzülmüş qida məhsullarına, dolu qutulara işarə ilə:

- Bura da mənim anbarımdır, istifadə etdiyimiz məhsulları burada saxlayiram,-deyir,-hər şey tərtəmiz, hər şey tər-təzə.

Qocalar evinin direktoru Qətibə xanımla söhbətimizə tez-tez fasilə vermək məcburiyyətində qalırıq. Vaxtaşırı bura baş çəkən vətəndaşlar gətirdikləri sovqatı Naibə xanımın "anbarına" daşıyır, çoxusu heç kimliyini belə söyləmədən, səssizcə uzaqlaşırlar.

Bizsə, bu Qurban bayramının ilk gününü məhz bu insanlarla bir yerdə qeyd etməyə gəlmişik, bizim üçün nə qədər çətin və ağir olsa da!!!

Saat 14-də Qocalar evinin sakinləri yeməkxanaya toplaşır və mənim köhnə tanışlarım qollarını açıb üstümə gəlirlər. Səmimi görüşürük, ötən illərdə AzTV-də hazırladığımız verilişləri xatırlayırıq. Adını və tale hekayəsini unutmadıqlarımın bir çoxu gözümə dəymir...Görün bir aradan neçə il ötüb. Onlar səssiz-səmirsiz, qəlbləri nigaran, gözləri yolda, qulaqları səsdə, özgə çiyinlərdə son mənzilə köçüb...təəssüf!

Nahar yeməyi tamamlanan kimi aparıcılıq missiyasını etibar etdiyimiz Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimov salona toplaşanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Azərbaycan Dövlət Musiqi Teatrının direktoru Əliqismət Lalayev və çalışdığı kollektivin rəhbəri Mübariz Həmidovla birgə hər iki sənət məbədinin aktyorlarından bir qrupunun ahıllarla görüşə gəldiyini söyləyir, bura böyük həvəslə gələn hər bir gəncin onların övladı, nəvəsi olduğunu vurğulayır. Aparıcı ilk olaraq müğənni Mətanət İsgəndərlini dəvət edir. Dəfələrlə burada məskunlaşan insanların görüşünə gəldiyini vurğulayan Mətanət xanım öz nəğmələri ilə məclisə bir canlanma gətirir. Nigaran üzlərdə təbəssüm görünür, titrək, yorğun qollar açılır, gücdən düşmüş ayaqlar musiqinin ahənginə uyğun yavaş-yavaş hərəkət edir. Musiqi Teatrının rəqqasları da onlara qoşulur, ortalıq bir rəqs meydanına çevrilir, beləcə sükut və həyəcan buzu əriyir. Bayram əhval-ruhiyyəli konsertdə respublikanın əməkdar artistləri Gülüstan Əliyeva, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, vokalçi Şaban Cəfərov öz mahnıları ilə məclisə şuxluq gətirirlər. Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Əkbər Əliyev, aktyorlar Günel Məmmədova və Elnur Hüseynov tamaşalardan fraqmentlər göstərirlər. Salonun reaksiyasından bəlli olur ki, bütün yaşantılara rəğmən bu insanların daxilindəki həyat eşqi, yaşamaq həvəsi heç də tükənməyib.

Sonda Qocalar evinin direktoru Qətibə Əsədova qayğıya və diqqətə möhtac qalan bu insanlara bu müqəddəs gündə mənəvi dəstək göstərməyə gələn kollektivlərə, müğənni və ifaçılara, teatrların rəhbərlərinə və bu xeyirxah təşəbbüsə qoşulan ayrı-ayrı insanlara minnətdarlığını bildirir, yaşlılara göstərdikləri diqqət və qayğı üçün təşəkkür edir.

Görüş üçün nəzərdə tutulan proqram başa çatır. Bu bayram süfrəsində ahıllarla bərabər yediyimiz plovun dadı damağımızda (pansionatın baş aşpazı Validə xanıma da bir təşəkkür borcumuz var), baxdığımız səhnəciklərin təəssüratı yaddaşımızda, dinlədiyimiz mahnıların sədası qulaqlarımızda növbəti bir görüş arzusu ilə Qocalar evinin sakinlərindən ayrılırıq.

Bu görüşün gerçəkləşməsi üçün ən ufaq bir əməyi olanların da zəhmətini hörmətlə vurğulmağı özümə borc bilirəm.Səhərin alatoranında Əliqismət Lalayevlə və Mübariz Həmidovla görüşə tələsəndə ağlımdan keçən misralar yenə yaddaşımı döyəcləyir: Yüz Kəbədən yüyrəkdir, bir Könül ziyarəti...Allah ziyarətinizi qəbul eləsin, dəyərli dostlar!

... Maşına əyləşəndə Musiqili Teatrın əməkdaşı Hüseyni gözlərinin yaşını silən görürəm. Çox tanış mənzərədir. İllər boyu, hər dəfə verilişin çəklişi bitəndə rejissorumuz Elxan Məsumov da, operatorlarımız da, texniki işçilərimiz də beləcə göz yaşlarını bir-birindən gizlətməyə çalışıb evlərinə dağılışardı. Hər birimiz bu atılmış, unudulmuş insanların taleyində özümüzü günahkar sayardıq, evdə valideynlərimizə sarılmağa tələsərdik..

Hüseynin son kəlmələri qulaqlarımda Anamın divardan asılmış şəklini öpürəm: kaş quruca nəfəsin gələydi, amma səni bağrıma basıb ətrini ciyərlərimə çəkmək şansım olaydı, Ana, kaş.... 

 

TELLİ PƏNAHQIZI



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!