Şamaxıdan gələn səslər:
Bərdə nə gözəldir... Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Bərdə şəhərinə iki günlük səfərimiz qəlbimdə silinməz xatirəyə dönüb. Səfərimizin əsas məqsədi akademik Zərifə Əliyeva adına lisey-məktəblə bizim oxuduğumuz Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən A.Alxanov adına tam orta məktəbin qardaşlaşması idi.
Biz Bərdənin görməli yerləri və tarixi abidələri ilə tanış olduq, orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan 1322-ci ildə inşa edilmiş Bərdə türbəsində aparılan bərpa işlərini izlədik, özümüzə çoxlu dost tapdıq.İki məktəb şagirdlərinin bilik yarışını çoxlu qonaq da maraqla izlədi. Soyuqbulaqdakı musiqili tədbirdə rəqs etdik, yallı getdik, oxuduq, şeir söylədik. Hər şey səmimi, təbii idi. Tədbirdən qabaq Bərdə haqqında məlumatlarımızı zənginləşdirdik, internet məlumatları əldə etdik, Nüşabə qalasında,İmamzadə türbəsində,ulu öndərimiz Heydər Əliyevin adını daşıyan mərkəzdə olduq. Bərdə şəhəri çox xoşumuza gəldi. Gecələdiyimiz ailələrdə gördüyümüz qonaqpərvərlik də diqqətəlayiq idi. Günü-gündən gözəlləşən Bərdəyə yenə dönəcəyik, ancaq bərdəli dostlarımızı Şamaxıda qarşılayandan sonra.
Əhmədov Siracəddin X a sinif şagirdi
Bərdə səfəri haqqında təəssüratlarım
Bərdə çox gözəl yerdir. Oranın çox gözəl gəzməli yerləri var. Çox təəsüf ki, indiyədək Bərdənı görə bilməmişdim. Bərdənin hər şeyi mənim xoşuma geldi, yalniz İmamzadənin içindəki qəbir və adamların o qəbrin ətrafinda fırlanıb onun üstünə pul qoymaları hec də xoşuma gəlmədi. Nədənsə o qəbri müqəddəs sayırlar. Guya kim öləndə burada dəfn olunsa cənnətə düşər. Bərdə şəhərindəki abidələrdən danışan bir axund var idi. O, Bərdənin 2000-2300 yaşı olmağına razı olmurdu. Həmən şəxs Bərdənin 9000 yaşı olduğunu idda edirdi. Təəsüf ki, mən:
"Bərdə gözəl yerdi, gözəl şəhərdir
Bəs onu şişirtmək nəyə gərəkdir?"
deyə Bərdəni qədimləşdirən şəxsə sual verə bilmədim.
Axşam hərə bir ailənin evində qonaq qalmağa getdi. Məni də Əli adlı bir oğlan evlərinə apardı. O ailə o qədər mehriban, o qədər qonaqpərvər idi ki, onların qonaqpərvərliyi məni heyran etdi. Mən bilmədim ki, Bərdə xalqının hamısı həqiqətən bu qədər mehriban, bu qədər qonaqpərvərdir, ya da ki mənim qarşıma belə gözəl insanlar çıxmışdi. Həqiqətən də Bərdə çox gözəl şəhərdir və Bilik Fondunun sayəsində buna əyani şahid oldum...
Əhmədov Rauf IX a sinif şagirdi
Doğmalaşdıran layihə
"Qardaşlaşmış məktəblər" çox gözəl bir layihədir. Bu layihə bir çox məktəblər kimi Şamaxı və Bərdə məktəblilərini də birləşdirdi və doğmalaşdırdı. Bərdənin İcra Hakimiyyətinin başçısı Vidadi müəllimlə də görüşümüz oldu, bizə hədiyyələri özü təqdim etdi, ilk dəfə idi ki, Başçı ilə şəxsən tanış olduq. Təkcə Bərdə haqqında deyil, vətənimizin tarixi haqqında xeyli yeni biliklər öyrəndik. Hərbi hissədə əsgər və zabitlərimizin yeməkxanasında, əsgər kazarmasında olduq, onlarla xatirə şəkli çəkdirdik.
Bizə bu xoş təəssüratları yaşamağı bəxş etdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk.Bu layihənin həyata keçməsi nəticəsində Şamaxı və Bərdə məktəbliləri arasında sıx əlaqə yarandı. Həmçinin bu görüşün yaddaqalan, mənalı olması üçün
Bilik Fondunun nümayəndəsi Hacı müəllim mümkün olan hər şeyi etdi, bütün ixtiyarı bizə verdi, həm iştirakçı, həm aparıcı olduq, tədbirləri özümüz idarə etdik, müqaviləyə şagirdlər imza etdi. Biz inanırıq ki, "Qardaşlaşmış məktəblər" layihəsi əvvəlcə məktəbləri, sonra isə bütün Azərbaycanı birləşdirib möhkəmləndirəcəkdir.
Məmişova Aysel XI a sinif şagirdi
İki məktəbin görüşü
İlk növbədə mən bu layihənin ideya müəllifinə dərin minnətdarlıq hissimi bildirirəm. Heç birimiz Bərdədə olmamışdıq. Layihə məktəblər arasında qırılmaz,sarsılmaz bir bağlılıq yaratdı, şəhərin qədim abidələri ilə tanış olduq və ən əsası özümüzə doğma və əziz dostlar tapdıq, artıq onlarla məktublaşırıq.Onların bizə göstərdikləri qayğı, məhəbbət,dostluq sevgisi sidq ürəkdən idi. Biz də onların yolunu gözləyirik, yaza -ilk bahara nə qalıb ki... "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində qonaq qəbul etmək sırası isə artıq bizdədir.Biz öz dostlarımızı canımız qədər sevdiyimiz Şamaxıya gətirəcəyik.Onlara torpağımızın hər qarışının qızıl qədər möhtəşəm və qiymət biçilməyən qədər dəyərli olduğunu əyanı şəkildə göstərəcəyik
.Yeni görüşlərədək, dostlar!
Qəniyeva Gülüstan X a sinif şagirdi