Ölkə Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 11-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul etdi.Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi, sonra mərkəzin ekspozisiyası ilə tanış oldu.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbula gələnlərin müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı idi.
Ucar rayonundan qəbula yazılan vətəndaşlar təzə istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində bədii tərtibat işlərinin yenidən qurulması, muzeyin direktoru Solmaz Ağalarovanın 60 illik yubileyi ilə əlaqədar əməyinin qiymətləndirilməsi, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanaların iqtisadiyyat və kənd təsərrüfatına dair ədəbiyyatla təmin olunması, kitaba marağın artırılması məqsədilə tanınmış yazıçı və şairlərlə görüşlərin keçirilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Ağdaş sakinləri tərəfindən Qarabağ döyüşlərində şəhid olmuş əsgər və zabitlər haqqında təbliğat işlərinin aparılması, rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnə rekvizitləri ilə təminatı və Ağdaş rayonunun ölkəmizdə mövcud olan turizm marşrutlarına daxil edilməsi barədə təklif və xahişlər səsləndirildi.
Göyçay rayonundan qəbula gələnlərin müraciətləri Heydər Əliyev Mərkəzinin ekspozisiyasının zənginləşdirilməsi, Alxasava kənd Diyarşünaslıq evinə əyani vəsaitlərin verilməsi, Qarabaqqal kənd Mədəniyyət evinin kukla teatrının müxtəlif kukla və digər vəsaitlərlə təmin edilməsi barədə idi.
Kürdəmir sakinləri Sığırlı kəndində yerləşən "Qaratəpə yaşayış yeri və qəbiristanlıq" arxeoloji abidəsinin ərazisində tədqiqat işlərinin aparılması, rayonda kino xidmətinin bərpası istiqamətində tədbirlərin görülməsi, ölkə başçısının sərəncamına uyğun olaraq nazirliyin yaradılacaq regional idarələrinə daxil olan rayonlar arasında daha sıx əməkdaşlığın qurulması ilə bağlı təkliflərini diqqətə çatdırdılar.
Zərdabdan qəbula yazılanların müraciətlərində rayon mədəniyyət işçilərinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdə konsert proqramlarının təşkili, mədəniyyət müəssisələrinin milli-mənəvi dəyərlərimizi əks etdirən milli bədii və uşaq filmləri ilə təminatı kimi məsələlər yer almışdı.
Bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verdi.
Nazir jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan belə görüşlərin əhəmiyyətini vurğuladı. Bildirdi ki, əhali ilə canlı ünsiyyət bir çox məsələlərin operativ həllinə imkan verir, həmçinin vətəndaşlar tərəfindən maraqlı təkliflər irəli sürülür.
Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu deyən Əbülfəs Qarayev mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, mədəniyyət ocaqlarının müvafiq vəsaitlərlə təmin olunması ilə bağlı təkliflərin vacibliyini qeyd etdi. Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini söyləyən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirdi.
(Medeniyyet.az)