Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim edilib. Butov.az Modern.az-a istinadən xəbər verir ki, loqo özündə Bakının dənizkənarı, tarixi və gözəlliyi ilə məşhur olan Bakı buxtası və ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını özündə birləşdirir.
100 ildən artıq yaşı olan Bakı bulvarı bu gün dünyanın ən böyük və gözəl dənizkənarı parkları sırasındadır. Bir vaxtlar “Mirvari” kafesi, “Venesiya” şəhərciyi, “Saat Qülləsi” ilə tanınan Bakı bulvarı bu gün həm də dəniz sahilində inşa olunan“Dövlət Bayrağı Meydanı”, “Bakı Kristal Zalı”, “Xalça Muzeyi”, “Beynəlxalq Muğam Mərkəzi” və s. ilə tanınır.
Müstəqil Azərbaycan bu gün tarixi keçmişi, müasir inkişafı, qüdrəti ilə dünyada tanınır. Azərbaycan vətəndaşların qürur yerinə, milyonlarla insanların və turistlərin sevimli məkanına çevrilmişdir. Bakı Bulvarının ən yüksək nöqtəsində- Dövlət Bayrağı Meydanında müstəqilliyin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.
Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Azərbaycan bayrağı, Xəzər dənizi, sahilyanı bulvar və Bakı buxtasını birləşdirməklə Azərbaycanın tarixini, qədimliyi həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, qeyd olunan idarələrin əsasında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
Dənizkənarı Bulvar İdarəsinin yeni loqosu təqdim olunmaqla, həm də bu vaxtadək mövcud loqosu qüvvədən düşmüş hesab edilir.