“Soyuq əllər, isti ürək”də yanğın çıxdı .....                        Kəlbəcərdə atəşfəşanlıq .....                        Azərbaycanda hakimin səlahiyyətlərinə xitam verildi .....                        Ərdoğan Ukrayna ilə bağlı sammitdə iştirak edəcək .....                        Kəlbəcər stansiyalarında işlər yekunlaşır .....                        Putin Qırğızıstana gedib .....                        Kəlbəcərin Zar kəndinə də köç olacaq .....                        Kəlbəcərdə təhsil kompleksi tikilir .....                        Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır .....                       
31-05-2025, 15:48
MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA


MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA

Son vaxtlar ölkə ictimaiyyətində və təhsil çevrələrində geniş müzakirə olunan məsələlərdən biri də müəllimlərin işə qəbulu (MİQ) mexanizminin ali təhsil müəssisələrinə də tətbiq olunması ilə bağlı səsləndirilən təkliflərdir. İddia olunur ki, əgər universitetlərdə də MİQ formatına uyğun mərkəzləşdirilmiş imtahan keçirilsə, bu, ali məktəblərə müəllim qəbulu prosesində şəffaflığı və obyektivliyi artıra bilər.
Onların fikrincə, ali məktəblərdə müəllim seçimi bəzi hallarda qapalı qərarlarla, şəxsi tanışlıqlara və daxili təsirlərə əsaslanır. Bu səbəbdən də mərkəzləşdirilmiş bir sistemin tətbiqi şəxsi münasibətlərin rolunu azalda, tədris heyətinin formalaşdırılmasında ədalətli yarış mühiti yarada bilər. Eyni zamanda, belə bir sistem universitetlərdə də bilik və bacarıq əsasında kadr seçiminin aparılması üçün vahid meyar formalaşdıra bilər.
Digər arqumentlərə görə, ali məktəblərdə çalışan müəllimlərin böyük qismi uzun müddət dəyişmədən fəaliyyət göstərir və bu sahədə dövri yenilənmə yoxdur. MİQ tipli mexanizm isə həm yeni kadrların sistemə daxil olmasına, həm də tədrisin keyfiyyətinin ölçülə bilən formada qiymətləndirilməsinə imkan verə bilər.
Bununla belə, bu ideyaya qarşı çıxanlar da az deyil. Onlar bildirirlər ki, ali təhsil sistemi orta məktəblərdən fərqli olaraq ixtisaslaşmış, elmi-tədqiqat yönümlü və akademik azadlığa əsaslanan bir strukturdur. MİQ isə əsasən standart bilikləri ölçən test mərhələsinə və inzibati qərarlara söykəndiyi üçün universitet mühitinə uyğun gəlmir.

MİQ özünün tam doğrultmur

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri bildirib ki, hazırda Azərbaycanda orta ümumi təhsil sistemində müəllimlərin işə qəbulu Müəllimlərin İşə Qəbulu mexanizmi vasitəsilə həyata keçirilir və bu sistemin müəyyən faydaları olsa da, onun ali təhsil müəssisələrinə tətbiqi doğru yanaşma deyil:
“Bu gün orta ümumi təhsil sektorunda işləmək istəyən müəllim kadrları MİQ imtahanına cəlb olunur. Bu proses 4 mərhələdən ibarətdir və yalnız bir hissəsi test imtahanıdır. Digər mərhələlər daha çox formal xarakter daşıyır, lakin ümumi nəticəyə müəyyən qədər təsir göstərir. Ən vacib və nəticəyə birbaşa təsir edən hissə isə vakant yer seçimi mərhələsidir. Bu sistem ideal olmasa da, hazırda mövcudluğu zəruridir və müəllimlərin böyük əksəriyyəti bu yolla işlə təmin olunur.”
Lakin Elmin Nuri qeyd edib ki, MİQ-in orta məktəblərdə tətbiq olunması, bu sistemin ali məktəblər üçün də uyğun olduğu anlamına gəlmir:
“MİQ heç də unikal və bütün təhsil pillələrinə tətbiq edilə biləcək bir model deyil. Onun universitetlərdə tətbiqi ilə bağlı təkliflər ciddi şəkildə nəzərdən keçirilməlidir. Universitetlərin strukturu, ixtisaslaşma səviyyəsi və tədris məqsədləri bir-birindən fərqləndiyinə görə, mərkəzləşdirilmiş imtahan sisteminin burada tətbiqi düzgün deyil.”
MİQ nazirlik tərəfindən keçirilməməlidir
O həmçinin qeyd edib ki, MİQ sisteminin özü də mübahisəli məqamlarla müşayiət olunur:
“Əslində, mərkəzləşdirilmiş işə qəbul imtahanı dünyada geniş yayılmış bir model deyil. Finlandiya, Estoniya, Sidney kimi ölkələrdə müəllimlərin işə qəbulu çox daha çətin və çoxşaxəli sistemlə həyata keçirilir. Amma həmin ölkələrdə bu prosesi ya məktəbin özü, ya da inzibati idarəetmə orqanı həyata keçirir. Bizdə isə MİQ bir qədər gözləmə rejimi yaradır – yəni çoxsaylı namizədin uzun müddət sistemdən kənarda qalması müşahidə olunur.”
Elmin Nuri yekunda bildirib ki, MİQ sistemi, müəyyən mənada ehtiyacdan doğsa da, faydalılıq baxımından ali təhsil sistemi üçün uyğun deyil:
“Universitetlər fərqli yönümlərə malik, elmi-tədris prioritetləri olan strukturlardır. Onların hamısına eyni imtahan modelini tətbiq etmək nə effektiv, nə də məqsədəuyğundur. Bu baxımdan, ali təhsil müəssisələrində MİQ-ə bənzər bir sistemin tətbiqi zəruri deyil və bu, əksinə, sistemin səmərəliliyinə zərər verə bilər.”
31-05-2025, 10:40
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ


Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib.
"Asan TV"də abituriyentlərin suallarını cavablayan Məleykə Abbaszadə qeyd edib ki, açıq sualların yoxlanılması prosesi uzun vaxt ala bilər. Bu səbəbdən də cavablar 4 həftədən sonra, təxminən iyunun 21-dən sonra açıqlanacaq.
Qeyd edək ki, mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 50 mindən çox abituriyent imtahan verib. 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.
31-05-2025, 10:05
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI


Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın hər iki cəhdin nəticələri tam şəkildə (esse nəticələri ilə birlikdə) elan olunub.
Ekspertlər qeyd edir ki, bu il keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi birinci ilə müqayisədə daha asan olub. İştirakçıların nəticələri yüksək qiymətləndirilib.
Bu halda magistratura üzrə ixtisaslara keçid balların artacağı da düşünülür.
Mövzu ilə bağlı DİM sədri Məleykə Abbaszadə vurğulayıb ki, keçən illə bu il balların paylanması diaqramına baxdıqda nəticələrin təxminən eyni səviyyədə olduğunu gördük.
“Biz bilmirik, hansı plan yerləri magistratura ilə əlaqədar təqdim olunacaqdır. Çünki nazirlər kabinetindən gələn yerlər hələ ki, bakalavriat və orta ixtisas məktəblərinə aiddir. Amma mən gözləyirəm ki, müsabiqə şərtləri ötənilki ilə eyni səviyyədə olacaq”. – deyə Asan TV-ə açıqlamasında DİM sədri bildirib.
30-05-2025, 21:56
Buraxılış imtahanının cavabları elan edildi


Buraxılış imtahanının cavabları elan edildi

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 53649 nəfərdən 447 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 17 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 iyun saat 10:00-dan 5 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
29-05-2025, 17:26
Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı


Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
Onunla imzalanan əmək müqaviləsinə xitam verilib.
Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) saytımıza təsdiqləyiblər.
"Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib",- deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.
Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
27-05-2025, 18:21
Qarabağ Universitetinin tələbələri Milli Məclisdə - FOTO



Qarabağ Universitetinin tələbələri Milli Məclisdə - FOTO


Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
Görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, konstitusion quruluşunun bərqərar olunmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət edilən təqdimat nümayiş olunub.
Azərbaycanın konstitusiya quruculuğunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vurğulanaraq, onun Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın milli mənlik, dövlətçilik şüurunun güclənməsi, tarixi ənənələrinin, mənəvi sərvətlərinin bərpası, iqtisadi, mədəni yüksəlişi dövrü kimi xarakterizə olunub.
Vurğulanıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır.
Diqqətə çatdırılıb ki, ölkəmizin əsas qanununda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali niyyət kimi bəyan edilib. Vurğulanıb ki, Ulu Öndərin o dövrdə verdiyi bəyanatlarından birində deyildiyi kimi, yeni Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verir, Azərbaycan ərazisinin bölünməzliyini bir daha bəyan edir.
Görüşdə deyilib ki, ötən dövrdə cənab Prezident möhtərəm İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı işlər layiqincə davam etdirilərək, Azərbaycan Konstitusiyada bəyan edilən suverenlik, müstəqillik, demokratiya, ədalət və qanunun aliliyi yolunda böyük uğurlar, misilsiz və qürurverici qələbələr dolu böyük inkişaf yolu keçib. Bildirilib ki, İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, şəhidlərimizin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Tədbirdə Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının təməlində cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb, Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağı bildirilib.
Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər. Rektor Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetində təhsil alan və fəaliyyət göstərən hər kəs tarixi zəfərin bir parçasıdır. O, Qarabağ Universitetinin açılışının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məhz 20 sentyabr 2024-cü il tarixində baş tutmasının rəmzi mənasından bəhs edib. Qeyd edib ki, suverenliyin tam şəkildə bərpa edildiyi torpaqlarda təhsil alan tələbələr üçün ali qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”ndə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş tədbir keçirilməsi əlamətdar və yaddaqalan hadisədir.
Tədbir çərçivəsində Qarabağ Universitetinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar.
Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib. Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.





25-05-2025, 14:21
Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ


Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.
Mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.
25-05-2025, 14:00
II və III qruplar imtahan verdi


II və III qruplar imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
Xankəndi şəhərində keçirilən imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçirilib. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib. Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını “Youtube”da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.
Mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.
Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

***

09:11

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə biliblər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4 018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5 014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 25 961, III ixtisas qrupu üzrə imtahanda isə 28 286 nəfər olmaqla, ümumilikdə 54 247 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
23-05-2025, 22:54
Nazirdən “Son zəng”lə bağlı yeni tapşırıq


Nazirdən “Son zəng”lə bağlı yeni tapşırıq

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Nazirlikdən bildirilib ki, iclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov təhsil sahəsində görülmüş işlər, uğurlu nəticələr və qarşıda duran məsələlər bağlı məlumat verib. Sonra isə şəhər, rayon Təhsil Şöbələrinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi ilə bağlı müzakirələr aparılaraq təsdiq olunub.
Kollegiya iclasında həmçinin seçmə yolla ümumi təhsil məktəblərində, həmçinin məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri müzakirə olunub, qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb.
Nazir müəssisə rəhbərlərinə tədris ilinin sonu ilə bağlı məktəb sənədlərinin qanunvericiliyin tələbləri gözlənilməklə işlənməsinə nəzarətin artırılması, ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin mütəşəkkil keçirilməsi, müəllimlərin işə qəbulu üzrə qeydiyyat prosesində namizədlərə məsləhətyönümlü dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.
22-05-2025, 17:59
500 müəllim imtahandan kəsildi


500 müəllim imtahandan kəsildi

Mayın 22-də attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə Bakı Xoreoqrafiya Akademiyasına növbəti infotur təşkil olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
İnfotur zamanı Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib. Qeyd edib ki, ilk mərhələ Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib:
"Fevral-mart aylarında keçirilən bu mərhələdə 1675 nəfər iştirak edib. Bu, attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimdən 650 nəfər, yəni 55 faiz bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib".
Xatırladaq ki, mayın 12-də attestasiyanın növbəti mərhələsinə start verilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib.
23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə ümumilikdə 568 müəllimi cəlb olunub.
Bakı və Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub. Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.
Mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!